Səhifə 1 / 2

Avqustun axırına az qalırdı və Ağabacı indi günləri yox, saatları sayırdı, həm də Ağabacı nəsə bir nigarançılıq içində idi, elə bil inana bilmirdi ki, bu adamlar buradan çıxıb gedəcəklər, yenə bu həyətdə özlərindən başqa heç kim olmayacaq; elə bil Ağabacı inana bilmirdi ki, haçansa bu kabab iyi, cürbəcür xörəklərin ətri buralardan yox olub gedəçək, o yoğun səsli qız başıbatmış, daha Məcnunu çağırmayacaq və Məcnun da ona çavab verməyəcək, Qəninin başına daş düşəcək və səsi kəsiləcək.

Və elə bil bütün bunlar azmış kimi, bir gün elə bir əhvalat baş verdi ki, Ağabacı bilmədi başına nə çarə qılsın, bilmədi dərdini kimə desin və özünü necə aparsın.

Həmin gün səhərdən bir az keçmiş Bəşir müəllim həmişəki kimi, getdi ki, klubun yanında taksi tutsun və Bakıya işə getsin, bir azdan Kələntər müəllimin qırmızı «Jiquli»si gəlib darvazanın yanında dayandı və Kələntər müəllim Adili maşına mindirib həmişəki kimi Bakıya apardı; Əminə xanım şüşəbəndin pəncərəsindən başını çıxarıb ala gözləri ilə qırmızı «Jiquli»ni yola saldı, sonra yenə də həmişəki kimi, Ofelya günorta payını yatmaq üçün şüşəbəndə qalxdı, amma Əminə xanım özü açma-yığma çarpayını şüşəbənddən aşağı düşürüb Ofelyanın yerini tüt ağacının altında saldı və dedi ki, bundan sonra günortalar Ofelya burda yatacaq, çünki hava qəbul eləmək lazımdı və Ofelya bu təzə fikirdən çox razı qalıb, həvəslə tut ağacının altında yatdı. Çox çəkmədi ki, Kələntər müəllimin qırmızı «Jiquli»si yenə gəlib darvazanın qabağında dayandı və şüşəbəndin altında ləyəni taxta kətilin üstünə qoyub Nuhbalanın köynəklərini yuyan Ağabacı (qızlar öz paltarlarını özləri yuyurdu) əvvəlcə buna fikir vermədi. Adil maşında yox idi, Kələntər müəllim tək idi və Kələntər müəllim qırmızı «Jiquli»dən düşüb suçlu adamlar kimi o tərəf-bu tərəfə baxanda Ağabacı, nədənsə, özünü narahat hiss etdi, bir şübhə bürüdü ürəyini, sonra Kələntər müəllim tut ağacının altında günorta yuxusuna getmiş Ofelyanın yanından ötüb-keçəndə Dolça damından çıxıb bu arıq, uzun kişinin qabağına yüyürdü, amma Kələntər müəllim yavaşcadan acıqla «– Rədd ol! Rədd ol!» pıçıldadı və tələsik şüşəbəndə qalxdı, bundan sonra Əminə xanım başını şüşəbəndin pəncərəsindən çıxarıb o tərəf-bu tərəfə baxdı və bundan da sonra şüşəbənddən Əminə xanımın gülməyinin səsi gəldi, sonra sükut çökdü, özü də bu elə bir sükut idi ki, çox şeydən xəbər verirdi.

Ağabacının iki əli də ləyənin içində qalmışdı, qolları titrəyirdi və Ağabacı bütün içini, bütün bədənini bürümüş həyəcandan belini düzəldə bilmirdi.

Dolça damın yanına gəldi və başını qaldırıb bir müddət şüşəbəndə baxdı, amma bu dəfə şüşəbənddən bişmiş iyi gəlmirdi, sonra Dolça tut ağacının altında yatan Ofelyaya baxdı və Dolça da damın yanında yerə uzanıb mürgü döyməyə başladı.

Şüşəbənddən pıçıltı səsləri gəldi, sonra bir hənirti eşidilməyə başladı, sonra da şüşəbəndin pilləkənə açılan qapısının cəftəsi bağlandı.

Ağabacı şüşəbəndin altında ürəyi uçuna-uçuna öz-özünə: «– Vay, ciyərüvüz yansın sizün! Yansun ciyərüvüz! Köpək uşağı! Əclaf uşağı, əclaf! Qəhbəymiş ki, bu qancıq!..» – dedi və istədi ki, şüşəbəndə qalxıb bu dalı yekə arvadı biabır eləsin, amma Ağabacı bu rüsvayçı əhvalata görə özünü elə itirmişdi ki, yerindən tərpənə bilmirdi, təkcə buna şükür eləyirdi ki, nə yaxşı ki, uşaqlardan heç kim evdə yoxdu, qızlardan evdə olanı olsaydı, bu rüsvayçılığa dözmək olmazdı.

Ağabacı bu əhvalatı heç kimə demədi və bu əhvalat Ağabacının içini yandıra-yandıra özündə qaldı.

Sabahkı gün Bəşir müəllim yenə taksi tutub Bakıya getdi, bir azdan yenə

qırmızı «Jiquli» gəlib darvazanın yanında dayandı və Kələntər müəllim yenə Adili maşına mindirib apardı, Əminə xanım yenə günorta yatmaq üçün Ofelyanın yerini tut aqacının altında saldı və Ağabacı təcili surətdə qızların hamısını dənizdə

çimməyə göndərdi (qızlar başa düşmədi ki, nə olub belə və Ağabacı niyə belə cidd-cəhd edir?), çünki, doğrudan da, bir azdan qırmızı «Jiquli» təzədən gəlib darvazanın qabağında dayandı və Kələntər müəllim yenə oğrun-oğrun, o tərəf-bu tərəfə baxa-baxa şüşəbəndə qalxdı, yenə şüşəbəndin qapısının cəftəsi bağlandı və yenə də

şüşəbənddən o abırsız hənirtilər eşidilməyə başladı.

Dolça bu dəfə Kələntər müəllimin qabağına qaçmadı, elə bil Dolça da başa düşmüşdü ki, əhvalat nə yerdədi; bir-iki dəfə gözaltı şüşəbəndə tərəf baxdı, özü də elə bil ki, bir balaca rişxəndlə baxdı, sonra dama girdi.

Kələntər müəllimlə Əminə xanımın əhvalatı bu minval ilə bir neçə gün davam etdi və Ağabacının əlindən, ancaq o gəldi ki, Əminə xanıma salam vermədi, Əminə xanımın sözlərinə çavab vermədi, amma Ağabacının belə bir münasibəti Əminə xanıma qətiyyən təsir eləmədi, vallarını oxuda-oxuda gilasını yedi. Günortalar da Ofelyanı tut ağacının altında yatırtdı, qırmızı «Jiquli» ikinci dəfə Adilsiz qayıdandan sonra şüşəbəndin qapısının cəftəsini bağladı, axşamlar Kələntər müəllim təzədən gələndə və özü ilə birlikdə qonaqlar gətirəndə, qonaqlara süfrə açdı.

Ağabacı hər gün bir bəhanə tapıb qızları ora-bura göndərirdi (Nuhbala, onsuz da, səhər çıxıb, gecə qayıdırdı). Kələntər müəllim oğrun-oğrun şüşəbəndə qalxanda özünü görməməzliyə vururdu, tez-tez Əmirqulugilin küçə eyvanına tərəf boylanırdı ki, görsün Əmirqulunun arvadı Xeyransa pənçərədən baxır, yoxsa yox; Ağabacı qorxurdu ki, bu rüsvayçılığın xəbəri kəndə yayılar.

Tərs kimi, necə oldusa, həmin günlərdən birində darvazanın bala qapısı açıldı və kəndin birinci qeybətçisi və xəbərçisi dəllal Zübeydə həyətə girdi, həm də elə bir vaxtda ki, Ofelya tut ağacının altında günorta yuxusuna getmişdi, qırmızı «Jiquli» darvazanın qabağında dayanmışdı və şüşəbəndin qapısının da cəftəsi bağlanmışdı (elə bil ki, dəllal Zübeydə belə şeylərin iyini çəkirdi, pişik kimi axtarıb gəlib tapırdı). Dəllal Zübeydə şüşəbəndə tərəf baxdı, sonra şüşəbəndin altına, Ağabacının yanına gəldi və əvvəllərdə yazdığımız səbəbə görə Ağabacının onunla danışmamağına baxmayaraq soruşdu:

– Noldu, ağəz, girdi bunların uşağı instuta?

– Bilmirəm, – dedi Ağabacı; qıpqırmızı qızarmışdı və tamam tərin içində idi.

Dəllal Zübeydə Ağabacının bu vəziyyətini özü bilən kimi yozdu:

– A-a... hamama getmüşdün, ağəz?

Ağabacı:

– Hə, – dedi.

Dəllal Zübeydə:

– A-a-a... – dedi. – Bu nə vaxtın hamama getməgüdü, ağəz?

Ağabacı daha cavab vermədi və işi ilə məşğul olmağa başladı (Ağababanın şalvarının düymələrini tikirdi).

Kəndin arvadları, adətən, şənbə və yaxud bazar günləri axşamçağı gedərdi hamama və yaxşı ki, dəllal Zübeydə, ancaq bu təəccübü ilə kifayətləndi, daha Ağabacını sorğu-suala tutmadı.

– Xəbərün var? Kulturnu itsaxlayan Həsənullanın iti yenə ölüb!

(Kəndin camaatı qarovulçu Həsənullaya «kulturnu itsaxlayan Həsənulla» da deyirdi, çünki qarovulçu Həsənulla evdə balaca it saxlayırdı, bu iti çimizdirirdi, öz boğazından kəsib onu yedirdirdi; dörd il bundan əvvəl qarovulçu Həsənullanın

saxladığı it xəstələnib ölmüşdü və qarovulçu Həsənulla kəndin kişilərindən

utanmayıb hönkür-hönkür ağlamışdı, sonra gedib özünə təzə bir it almışdı: balaca qıvrım qara tüklü bir it idi və bu itin adını kənddə qarovulçu Həsənulladan və axır vaxtlar da kitabxanaçı Nəcəfdən başqa, heç kim yadında saxlaya bilmirdi – Skoçteryer və indi belə məlum olurdu dəllal Zübeydənin dediyindən ki, yazıq

qarovulçu Həsənullanın bu iti də ölüb.)

Dəllal Zübeydə dedi:

– Kişilər yığışıb gedib kulturnu itsaxlayan Həsənullaya başsağlığı verecəylər e, ağəz! – Dəllal Zübeydə bərkdən güldü, amma Ağabacının qətiyyən danışmaq həvəsi olmadığını görüb: – Xudahafiz – dedi və həyətdən çıxdı ki, gedib özünə başqa bir arvad tapsın ki, söhbətləri tutsun.

Ağabacının əli elə əsirdi ki, iynə iki-üç dəfə barmağına batdı.

Və beləcə gəlib həmin gün çatdı ki, o gün Ağababanın iş günü deyildi və Ağababa bütün günü evdə olacaqdı.

Ağabacı neçə gün idi ki, bu günü gözləyirdi və bu gündən qorxurdu; Ağabacı bu günün xəcalətindən qorxurdu, çünki bu rüsvayçılığın xəcalətindən Ağabacı Ağababanın üzünə baxa bilməzdi.

Gecə Ağabacı yuxuya gedə bilmirdi, bilmirdi ki, sabah nə eləsin. Əvvəlcə bu qərara gəldi ki, özü də qızları ilə bərabər baş götürüb getsin bir yerə və özünü elə tutsun ki, guya heç bir şeydən xəbəri yoxdu, sonra fikirləşdi ki, bəlkə Ağababanı bir bəhanə ilə bir yerə göndərsin, amma başa düşdü ki, belə də eləyə bilməyəcək, çünki belə eləsə, ya elə eləsə, nəsə pis bir iş eləyəcək, nəsə ört-basdır eləyəcək, gizlədəcək Ağababadan; axırda Ağabacı bu fikrə gəldi ki, bu dinsiz-imansızlar da adamdı axı və adam da abrı-həyanı bu dərəcədə itirə bilməz axı, yəqin görəcəklər ki, Ağababa kimi dağdan ağır bir kişi evdədi, nəfslərini saxlayacaqlar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Sətirlərin ölümü

Dünən Moskvadan yaslı və gözlənilməz bir xəbər gəldi: Saşa Orlov vəfat edib.Birdən-birə elə bildim ki, yazılarımda sətirlər öldü.

1 dəq
Qara qarğalar

«Bakı-Moskva» qatarı ilə yazıçıların VII qurultayına gedirik.Qəribədi, XX əsrin sürəti artdıqca qatarın da qiyməti və əhəmiyyəti artır: telefonlar, iclaslar, tələsikliklər, maşınlar, qayğılar aləmindən çıxıb iki gün qatar tələsməzliyində, zəngsizliyində, təmkinində sığınacaq tapırsan, gündəlik qayğıları özündən uzaqlaşdırırsan – onsuz da, bu iki gün ki, yol gedəcəksən, heç nə edə bilməyəcəksən: nə hansı bir işi isə qaydasına qoyacaqsan, nə kimisə kiməsə tapşıracaqsan, nə dərman axtaracaqsan, nə bazarlıq edəcəksən, nə görüşəcəksən, müzakirə edəcəksən, müdafiəyə tələsəcəksən, redaksiyaya material göndərəcəksən və s. və i. a.

3 dəq
Yazıqlıq

Moskvada yazıçıların VII qurultayı gedir və Moskvada dözümsüz bir isti var. Qəzetlərin yazdığına görə iyun ayında Moskvada belə isti axırıncı dəfə 1901-ci ildə olub.Gecə mehmanxanada yatmaq mümkün deyil, nəfəs almaq olmur və bu gün bu gecə havasızlığı birdən-birə Bakıdakı kiçik bir hadisəni mənim yadıma saldı.

2 dəq
Qaratoyuqlar

Həyətimizdə bir armud ağacı var idi. Meyvələri hələ kal idi, amma vaxtından əvvəl yetişmiş tək-tük armud hərdən yerə düşürdü.Mən həyətdə, böyük alma ağacının altında həmişəki yerimdə oturub gün çıxandan gün batana qədər «Mahmud və Məryəm» romanını yazırdım.

2 dəq

Başqa şairlərin şeirləri