VII fəsil
Səhifə 1 / 2
Adil iki imtahan vermişdi və ikisindən də deyəsən yaxşı çıxmışdı, çünki Kələntər müəllimin kefi xeyli kök idi. Qırmızı «Jiquli» darvazanın qabağında dayanan kimi, Kələntər müəllim maşından düşüb pilləkənləri üç-üç yuxarı – şuşəbəndə qalxırdı və bir azdan Əminə xanımın kraxmallı köynək, ütülü şalvar geyindirdiyi, başını səliqə ilə daradığı «Abış»ı qabağına salıb maşına oturdurdu və fəxrlə «Abış»a baxa-baxa:
– İgiddi e, igid! – deyirdi. – Malades!
Sonra qırmızı «Jiquli» yerindən tərpənib gözdən itirdi və bir də axşam
qayıdırdı və maşının içində yenə də qonaqlar olurdu və bundan sonra başlanırdı
kabab dəsgahı.
Ağabacının qızları axşamlar daha şüşəbəndin altından baş götürüb hərə bir
tərəfə qaçmırdı; əvvəla, ona görə ki, onsuz da bunun mənası yox idi, çünki kababın iyi onsuz da həyət-bacadan çəkilib getmirdi; ikincisi də, qızlar öyrəşmişdi daha,
hətta, Əmirqulunun arvadı Xeyransa da axşamlar pəncərəni açıq qoyurdu və daha ondan bu barədə bir söz xəbər alan kənd arvadlarına deyirdi ki, varlığa nə darlıq,
mən də gündə gedib kabablıq ət ala bilsəydim ki, bütün külfəti görəcək, bollu
bişirərdim kababı, heç «uf» da deməzdim, heç fikirləşməzdim də ki, yaxşı düşməz qonşulardan, iyi gedir camaata, getsin də, neyləyim, mənə nə!.. Xeyransa belə
deyirdi, amma kəndin arvadları bilirdi ki, Xeyransa belə adam deyil və
ümumiyyətlə, bu kənddə belə adam tapılmazdı, heç dəllal Zübeydə də belə iş
eləməzdi; kənddə kim kabab bişirsəydi, onda gərək bütün yaxın qonşuların,
yaxşılığından, pisliyindən asılı olmayaraq, hamısına, azı, bir şiş-bir şiş pay
göndəriləydi, çünki bu kənddə uşağı olmayan təkcə qarovulçu Həsənullaydı, qalan hamının, azı, dörd-beş uşağı var idi və kabab da, məlum məsələdir, elə şey idi ki, iyi aləmi götürürdü.
Ağabacı ürəyində özünü söyüb-söyüb yorulmuşdu daha, amma hər dəfə Kələntər müəllim həyətdə manqalı qalayanda, Ağabacı, heç olmasa, deyinməkdən özünü saxlaya bilmirdi: «– İnsaf deyilən şey yoxdu bunlarda!...» – deyirdi öz-özünə və burası tamam dəqiq idi ki, bundan sonra Ağabacı özünün də, Ağababanın da, uşaqların da gündə bir tikə qara çörəklə acı çay içməyinə razı olardı, amma evini kirayə verməyə razı olmazdı. (Ağabacı guya ki, bütün təqsirlər dəllal Zübeydədəymiş kimi, daha dəllal Zübeydəyə salam vermirdi, dəllal Zübeydəni görəndə üzünü yana çevirirdi və dəllal Zübeydə yanıb-yaxılırdı ki, Ağababanın arvadı da acığını məndən çıxır, elə bil mən təqsirkaram ki, bunlar gündə kabab bişirir, mənə nə, balam, mən qanadıma baxmışdım bəyəm ki, görüm bunlar kabab bişirəcəklər gündə, ya yox? Kirayənişin istəmisən, mən də tapmışam da səninçün, anam, bacım, mən nöş pis oluram arada? O cür ki, Ağababa xoruldayır, kim gəlib qalacaq bunların evində?)
Ağababa hər şeyi ürəyinə salırdı, üzdə bir söz demirdi, çünki Ağababa görürdü ki, Ağabacı nə günə düşüb və buna görə bu kabab əhvalatına da dözürdü, Əminə xanımın oxutduğu mahnılara da dözürdü, həmişə sakit və təmiz-tariq həyətindəki bu səs-küyə, bu kağız qırıntılarına, kabab sümüklərinə, Bəşir müəllimin əskik işlərinə dözürdü. (Bir gün günün günorta çağı Bəşir müəllim özü həyətdə ocaq qalayıb beş-altı vedrə su qızdırdı ki, Əminə xanım çimmək istəyir, sonra Ağabacıdan böyük paltar ləyəni aldı, şüşəbəndə qaldırdı, vedrələri də bir-bir şüşəbəndə qaldırdı, həmin gün evdə olan Ağababadan iri parç istədi ki, suyu vedrədən götürüb Əminə xanımın başına töksün; Ağababa bir cavab vermədi, amma özünü də saxlaya bilmədi, darvazanın bala qapısını hirslə ardınca çırpıb həyətdən çıxdı; Bəşir müəllim Ağababanın bu hərəkətindən bir mətləb qanmadı və parçı Ağabacıdan istədi, Ağabacı da ürəyində «– Kül belə kişinin başına!» – dedi və həyadan qızara-qızara mis parçı Bəşir müəllimə verdi, Bəşir müəllim də şüşəbəndə qalxıb, soyunub paltar ləyəninin içində oturmuş Əminə xanımın başına su tökməyə başladı.)
Nə isə, hərə bir cür dözürdü, çünki atalar deyib ki, pis günün ömrü az olar.
Təkcə Dolça bu işlərə nə dözə bilirdi, nə də öyrəşə bilirdi.
Son on günün ərzində Dolça tamam arıqlamışdı. Dolçanın qabırğalarını
saymaq olardı. Dolçanın gözləri elə bil iriləşmişdi və bu gözlərdə bir işıltı əmələ
gəlmişdi, amma bu işıltı nəsə xəstə bir işıltı idi, ürək ağrısının, dərdin, qəmin işıltısı idi. Son on gündə Dolça demək olar ki, heç nə yeməmişdi və Ağabacının arpa
unundan düzəltdiyi kütlər, yal Dolçanın qabağına necə qoyulurdusa, elə eləcə də
qalırdı. Dolça bunlara demək olar ki, dilini də vurmurdu. Ortada bir Dolça həyət-bacada göy ot yeməyə başladı və Ağabacı başa düşdü ki, Dolçanın başı ağrıyır.
Dolça ayağa qalxıb bərkdən hürə-hürə Ofelyanı da dama yaxın buraxmırdı və
Ofelya daha heç iydə ağacının yanına da gələ bilmirdi; Ofelya şüşəbəndin
pəncərəsindən boylanıb:
– Dolça! Dolça! – qışqırırdı və elə şüşəbənddən də Dolçanın qabağına toyuq əti, tavakabab, kotlet atırdı.
Dolça ayağa qalxıb damın qabağında vurnuxa-vurnuxa bərkdən şüşəbəndə tərəf hürürdü və Əminə xanım da şüşəbənddən boylanıb:
– Qudurasan, qurbağa! – deyirdi və Ofelyanı şüşəbəndin qabağından çəkirdi.
Və bundan sonra Dolça səssiz-səmirsiz damda uzanırdı, başını damın açığından çölə çıxarırdı və heç nə ifadə eləməyən gözləri ilə naməlum bir nöqtəyə baxırdı və bu vaxt Dolçanın gözlərinin işıltısı da sönüb gedirdi; sonra Dolçanın qara gözləri yol çəkirdi, həm də o naməlum nöqtəyə Dolça bütün içindən qalxıb gələn bir qüssə ilə baxırdı.
Dolça Kələntər müəllimin qırmızı «Jiquli»sini səsindən tanıyırdı və axşamüstü bu səsi eşidən kimi, Dolçanın gözünün işıltısı birdən-birə artırdı, o saat ayağa qalxıb damın qabağında vurnuxmağa başlayırdı, ağzının suyu axırdı və Kələntər müəllim həyətə girən kimi Dolça bu kişini hürməklə qarşılayırdı, Kələntər müəllimin gətirdiyi qonaqların da üstünə bir-bir hürürdü, amma Dolçanın hürməyinə fikir verən olmurdu.
Kələntər müəllim şüşəbənddən aşağı boylanan Əminə xanıma baxa-baxa Gümüş Malikin manqalını yandıranda Dolçanın gözləri az qalırdı böyüyüb hədəqəsindən çıxsın və bu vaxt manqalın alovu Dolçanın qara gözlərində əks olunurdu. Dolça daha bərkdən hürürdü, boynunun zəncirini dartışdırıb qoparmaq istəyirdi və o zamanlar ki, Ağabacı bundan duyuq düşürdü, gəlib Dolçanın zəncirini boğazından açırdı, Dolça damın qabağından götürülüb manqalın yanına atılırdı, elə bil ki, Kələntər müəllimə yox, kababın aləmi basmış tüstüsünə hürürdü, sonra da baş götürüb həyətdən qaçırdı, kəndi dolanıb yenə də həyətə gəlirdi, yenə də həyətdən çıxıb qaçırdı; Dolça özünə yer tapa bilmirdi.
Ağababa, adətən, bu vaxtlar evdə olmurdu, amma bir dəfə Ağababa gecə işdən gələndə hamı yatmışdı, hətta, Ağabacı da istidən və əsəbilikdən yorulub əldən düşmüşdü və paltarlı-paltarlı yerində uzanmışdı ki, Ağababanı gözləsin, amma yuxu aparmışdı Ağabacını; Ağababa həyətə girdi və birdən-birə Ağababaya elə gəldi ki, bu həyət onun həyəti deyil, tamam başqa bir həyətdi; həmin ağaclar idi, həmin bina idi, həmin hasar idi, amma bütün bunlar elə bil ki, yad idi və Ağababa axır vaxtlarda birinci dəfə həyəti gəzib dolaşdı, hər ağacını, hər kolunu əli ilə əkib-becərdiyi, hər bir daşına, çöpünə bələd olduğu bu həyət niyə Ağababaya belə gəldi, başa düşmədi, sonra gəlib həyətin aşağı başına – hinin yanına çıxanda gördü ki, Dolça hasarın üstündə dayanıb ona baxır.
Həmin gecə ay çıxmışdı, ulduzlar çıxmışdı, göyün üzü tərtəmiz idi və bu aydınlıq gecədə Ağababa ilə Dolça bir müddət bir-birinə baxdı. Ağababa Dolçanın gözlərini ömründə bu cür görməmişdi, Dolçanın gözlərində bu qədər kədər, qəm, qüssə olmamışdı; Dolçanın gözlərində bir yazıqlıq, bir əlacsızlıq var idi və ən əsası, Ağababaya ən çox təsir edəni də bu idi ki, Dolçanın gözlərində bu dəm bir üzrxahlıq da var idi, elə bil Dolçanın qara gözləri həmin aydınlıq avqust gecəsində nəyə görəsə bağışlanmasını yalvarırdı, nəyinsə əvvəlcədən xəcalətini çəkirdi.
Ağababa səhərə kimi narahat yatdı və Ağababa səhərə kimi ona görə narahat yatdı ki, Dolçanın bu baxışları gözlərinin qabağından getmirdi və Dolçanın bu baxışları Ağababanın ürəyini sıxırdı, kişini darıxdırırdı, ürəyinə bir nigarançılıq salırdı; bu qara gözlər qara rənglərdən, qara daşlardan, qara məktublardan, qara göydən, qara dənizdən xəbər verirdi.
Və o gecə Dolça hamı yatandan sonra hasarın üstündə uzanıb gözlərini dəniz kənarına, o tərəflərə ki, orada Gümüş Malikin kababxanası var idi, oralara dikmişdi.
Kitabxana.az · https://kitabxana.az/works/elcin-dolca-vii-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Binə aeroportunun qarşı tərəfində, Bakıdan gələn əsas şose yolun arxasında böyük bir yarmarka Sovet İttifaqı dağılandan sonra neçə il idi ki, şıdırğı alış-veriş yerinə çevrilmişdi və burada ayaqqabı mismarından tutmuş taxta fin evlərinə qədər nə istəsən tapıb almaq mümkün idi və qiymətlər də Bakıya, Bakıətrafı Abşeron kəndlərinə nisbətən xeyli ucuz idi.Əlbəttə, orda fransız ətrinin də müştərisi tapılacaqdı, onun puluna da Sonaya bir don almaq olacaqdı və elə bu vaxt tualetdəki o paslı güzgüdən baxan Sona qəfildən gəlib Cümünün gözlərinin qabağında dayandı və Binə Yarmarkasına sarı sürdüyü motoroller az qaldı yolundan çıxıb özünü qarşı tərəfdən gələn və içi sərnişinlə dolu mikroavtobusa çırpsın.
Xxıı fəsilQırmızı xoruz da, toyuqlar da həyətdən çıxanda, adətən, küçə qapısının ağzında olurdular, qoca xartut ağacının dibini, oranı-buranı dimdikləyirdilər, torpağı eşirdilər, sonra elə ki, küçəyə gün düşürdü, hinə isə kölgə gəlirdi, Qırmızı xoruz qabaqda, toyuqlar da onun ardınca hinə qayıdırdılar, amma bu dəfə qalan toyuqlar hində idi, Qırmızı xoruzdan və onunla itmiş iki toyuqdan isə xəbər yox idi, Balacaxanım bütün məhəlləni, hətta, o biri yaxın küçələri, keçmiş Pioner parkını, parkın arxasındakı köhnə stadionu nə qədər axtardı, nə qədər soraqlaşdı, Qırmızı xoruzu və iki toyuğu «gördüm» deyən olmadı.Gecə düşəndə Ağadadaş Qırmızı xoruzun qarasına:
Xxııı fəsilİzabel Xanukoff Ali Komissarlığın növbəti illik məruzəsi üçün Azərbaycanla bağlı ona tapşırılmış materialları, bu qıza xas olan səliqə-sahmanla topladı, qeydlərini etdi, bir sözlə, bu ölkədəki işini bitirdi və Ali Komissarlığın Azərbaycandakı nümayəndəliyindən xahiş etdi ki, onu, heç olmasa, bir saatlığa Qubaya, Qırmızı Qəsəbəyə aparsınlar.Nümayəndəlikdə işləyən cavan və yaraşıqlı (həm də hündürboylu!) yerli – azərbaycanlı bir oğlan həvəslə razılıq verdi və onun maşınında söhbət edə-edə, zarafatlaşa-zaraftlaşa Bakıdan 160 kilometr kənarda yerləşən Qubaya, oradan da Qırmızı Qəsəbəyə getdilər, vaxt az olduğu, qohumlarını da tanımadığı üçün, İzabel xüsusi olaraq heç kimlə görüşmədi, təxminən qırx dəqiqə bu kiçik Qəsəbəni, onun ətrafını gəzdi, ayaqqabılarını çıxarıb Qudyalçayın dayaz sahili boyu bir az o tərəf-bu tərəfə qaçdı və bütün içi ilə hiss etdi ki, ürəyindəki o Ziba nostalgiyasına bir ilıqlıq, bir hərarət gəldi, hiss etdi ki, o, bu kiçik yaşayış məntəqəsini gəzdikcə, buranı hər tərəfdən əhatə edən dağların axşamın alatoranında qaralmağa başlayan ətəklərinə baxdıqca, Qudyalçayın suyunda qaçdıqca Zibanın ruhu şad olur.
Mənə niyə gülürlər?Mənə niyə gülürlər? Heç bilmirəm...Mən Səliməm, özü də atamın oğluyam. Anamın da oğluyam. Bir də bacım Laləni çox istəyirəm...