Səhifə 2 / 2 · 50%

Gümüş Malikin kababxanası kənddən xeyli aralıda, çimərliyin lap axır başında, qum təpəsinin üstündə idi. Bu kababxanada yay-qış kabab bişərdi və bütün bu tərəflərin yiyəsiz itləri Gümüş Malikin kababxanasının həndəvərində sülənərdi. Sümsük itlər bir tərəfdə durub müştərilərin yeyib-içdikləri süfrəni marıtlayardı və kefi kök müştərilərin onlara atdığı kabab sümüklərini göydə qapardı, təpiyə, söyüşə, atılan daşa, taxtaya məruz qalardı, amma kababxananın həndəvərindən itilib getməzdi. Kəndin itləri bu sümsük itləri yaxın buraxmazdı və bu itlər də ya qayalıqda avaralanardı, ya da qış-yay kababxananın ətrafında olardı. Yay çağları kabab xüsusən çox bişərdi, çünki Bakıdan gələn müştərilər çox olardı və yay çağları bu həndəvərdəki sümsük itlər gözgörəti kökələrdi.

Dolça səhəri hasarın üstündə beləcə açdı. Səhər Ağababa yerindən qalxıb işə gedəndə Ağabacıya:

– Dolçaya yaxşı bax, – dedi və hindən üç toyuq çıxarıb kəsdi.

Həmin gün Ağabacı da, Nuhbala da, Nailə, Firuzə, Kəmalə, Amalə, Dilşad, Böyükxanım da bildi ki, bu toyuqlar əslində Dolçaya görə kəsilib və buna görə də günorta toyuqların sümüklərini bir az üzdən yedilər, qığırdaqlar sümüklərin üstündə qaldı, boğazları fəqərə-fəqərə, qabırğa sümüklərini bir-bir təmizləmədilər və bütün bu ləzzətli sümüklərin hamısını Ağabacı xüsusi bir həvəslə dəmir nimçəyə yığıb Dolçaya apardı, nimçəni Dolçanın qabağına qoydu və bu dəm dünyanın ən gözlənilməz hadisəsi baş verdi: Dolça sevinə-sevinə toyuqların qığırdaqlı sümüklərinin üstünə atılmadı, bir müddət gözlərini təəccübdən matı-qutu qurumuş Ağabacının gözlərinin içinə zillədi, sonra könülsüz-könülsüz ayağa qalxdı, nimçəni iylədi və nimçədəki bud sümüklərindən birini götürüb, yuxarısını dişlədi.

Ağabacı bu işə məəttəl qaldı.

Bir azdan tavada qızaran ətin qoxusu həyəti bürüdü. Əminə xanım tavada quzu qabırğası qızardırdı; həm quzu qabırğası qızardırdı, həm də gilas yeyə-yeyə

şüşəbəndin pəncərəsindən həyətə baxırdı (Əminə xanım, demək olardı ki, otağa heç girmirdi, gününü elə şüşəbənddə keçirirdi və məsələ təkcə onda deyildi ki, şüşəbənd otağa nisbətən sərin olurdu – bu öz yerində, amma bir səbəb də var idi və o da

bundan ibarət idi ki, hərdən otağın divarındakı şirin xofu Əminə xanımı basırdı, «– Gör bir nə çəkiblər də, evin içində, elə bil heyvanxanadı!»).

Ofelya televizor əlində həyətdə ağacların arasında dolaşırdı və Ofelya gəlib iydə ağacının yanında dayananda Dolça qıza hürmədi, damın yanından ayağa qalxıb mırıldadı, o tərəf-bu tərəfə gəzişdi, sonra yenə damın yanında yerə çökdü. Ofelya gözlərinə inanmadı və Dolçanın ona hürməməyi Ofelyaya elə təsir etdi ki, qız

əvvəlcə bilmədi nə eləsin, sonra Dolçanın qara gözlərinə baxdı və bu gözlərdə bir biganəlik gördü; Ofelya belə hiss elədi, amma, əslində, bu dəm Dolçanın qara

gözlərində biganəlik yox, bir məğlubiyyət var idi; Ofelya əlindəki televizoru iydə ağacının dibinə atıb qaça-qaça şüşəbəndə çıxdı və Əminə xanımın boşqaba yığdığı qızarmış qabırğalardan üç-dördünü götürüb, əlləri yana-yana aşağı düşdü, iydə

ağacının yanına yüyürüb isti qabırğaları, yağı daman qızarmış quzu qabırğalarını

bir-bir Dolçaya tərəf atmağa başladı:

– Dolça! Ala! Ala! Dolça! Ala!

Birinci tikə Dolçanın qabaq ayaqlarının yanına düşdü və Dolça necə dayanmışdısa elə eləcə başını aşağı əyib qabırğa tikəsinə baxdı, sonra yenə başını qaldırıb Ofelyaya baxdı.

Dolça hürmədi.

Dolçanın ağzı açılmışdı, dili ağzından sallanmışdı və ağzından su axırdı.

Dolçanın qara gözlərində dərin bir kədər var idi.

İkinci tikə də Dolçanın sinəsinə toxunub yerə düşdü.

Üçüncü tikə havada yox oldu və Ofelya əvvəlcə başa düşmədi ki, məsələ nə yerdədi, amma görəndə ki, Dolça tez-tez ağzındakı ət parçasını yeyir, əlindəki axırıncı tikəni də atdı və Dolça bu axırıncı tikəni də göydə qapıb təpişdirməyə başladı.

Ofelya elə bil ki, ömründə belə sevinməmişdi və sevindiyindən Ofelya bilmədi atdana-atdana şüşəbəndə necə qaçıb çıxdı və qızarmış quzu qabırğasıyla dolu boşqabı necə götürdü.

Əminə xanım dedi:

– Az, dəli olmusan, hara aparırsan bunları?

Ofelya da dedi:

– İndi ağlayaram, onda bilərsən!

Ofelya dolu boşqabla yenə iydə ağacının yanına qaçıb gəldi və Ofelya bura gələnə qədər Dolça yerdəki iki tikəni də yemişdi. Dolça dal ayaqları üstə qalxdı və fürsəti fövtə verməyən Ofelyanın bir-bir atdığı isti quzu qabırğalarını göydə qapa-qapa, tələm-tələsik yeməyə başladı. Ofelya lap Dolçanın yanına gəldi və Dolça tikələri elə tez-tez, elə acgözlüklə təpişdirib yeyirdi ki, sümükləri elə tez-tez, elə xırçıldada-xırçıldada çeynəyib udurdu ki, ət qurtaranda Ofelya boşqabı Dolçanın qabağına qoydu və Dolça boş boşqabın dibindəki yağı yalamağa başladı.

Ağabacı şüşəbəndin altında oturub göy qutabı üçün xəmir yayırdı və Ağabacının gözləri Dolçaya sataşanda, bu dəfə də arvad gözlərinə inanmadı, oxlov əlində quruyub qaldı və Ağabacı bir müddət lal-dinməz oldu, tərpənmədi, kirayənişinlərinin boşqabının dibini yalayan Dolçaya tamaşa elədi, elədi, sonra ürəyi yana-yana öz-özünə: «– Yazıq heyvan!..»– dedi.

«Volqa»sı yaşıl oğ-ğ-ğlan, Qəni, Qəni!

Ağzı qızıldiş oğ-ğ-ğlan, Qəni, Qəni!

Gəl sən mənə sataş-ş-şma,

Çünki həyasızam mə-ə-ən, Qəni, Qəni!...

Sonra cır səsli oğlan həmişəki kimi, səsini zildə köklədi:

Dəm, dəm olmuşam, ay gözəl,

Gözləri xumar olmuşam, ay gözəl!..

Və həmin gündən sonra Dolça Ağabacının arpa unundan düzəltdiyi kütə, yala bir də heç vaxt toxunmadı, Ofelyanın bir ucdan daşıdığı kotletləri, tavakababları, küftələri, qızarmış ətləri göydə qapıb yeməyə başladı.

Həmin gündən Dolça Ofelyanın kölgəsi oldu və Ofelyanı görəndə həmişə əlinə baxdı.

Həmin gündən sonra Ofelya Dolça ilə oynadı, sonra Dolça ilə dalaşdı, sonra Dolçanı ələ saldı, qovdu, Dolçaya güldü, amma Dolça Ofelyadan əl çəkmədi, Ofelya acıqlananda Dolçaya yemək vermədi, Dolça qara gözləri ilə yalvardı, yalmandı, hər dəfə Ofelyanın ürəyini yumşaltdı və dadlı tikələri havada qapıb təpişdirdi.

Sonra Dolça daha Kələntər müəllimə də hürmədi, həyətdə kabab bişirən Kələntər müəllimin ayaqlarına dolaşmağa başladı. Kələntər müəllimə yalmandı və Kələntər müəllimin də hərdən ürəyi yumşaldı, şişin ucundan bir tikə çıxartdı, Dolçaya tulladı və Dolça da Kələntər müəllimin atdığı kabab tikəsini göydə qapıb ağzı yana-yana yedi.

Bir dəfə həm yay axşamının bürküsündən, həm də manqalın istisindən puçur-puçur tər tökən Kələntər müəllimin bu zırıltıda bir tərəfdən də ayaqlarına dolaşan Dolçaya açığı tutdu və təpiklə Dolçanın belindən vurub kənara atdı.

Bu vaxta qədər Dolçaya təpik dəyməmişdi və Dolça Kələntər müəllimin təpiyindən zingildəyə-zingildəyə öz damına tərəf qaçdı, bir müddət orda dayanıb Kələntər müəllimə baxdı, «Abış»ın şüşəbənddəki qonaqlara daşıdığı yağı axan şişlərə baxdı, sonra yenə Kələntər müəllimin yanına gəldi və ən nəhayət də Kələntər müəllimin ona atdığı iki tikəni göydə qapıb yeyə bildi.

Pişiklər daha Dolçanın qorxusundan cürət eləyib bu həyətə gələ bilmədi, hərdənbir gizlincə gələndə də yeməyə bir şey tapmadı, çünki nə olurdusa hamısını Dolça özü yeyirdi.

Dovşanlar Ağababanın bostanında kef çəkdi, çünki Dolça səhərlər, günortalar və axşamlar Əminə xanımın bişirdiklərindən, Kələntər müəllimin kabablarından o qədər yeyirdi ki, bütün geçəni ağırlaşırdı, damdan bayıra çıxmırdı.

Dolça bir neçə günün içində canlandı, ətə-qana doldu, əməlli-başlı kökəlməyə başladı.

Ağabacı özünü elə göstərirdi ki, guya bu işdən xəbəri yoxdu, amma daha arpa unundan yal çalmırdı, küt düzəltmirdi, çünki, onsuz da, Dolça bunları dilinə vurmurdu.

Nuhbala da, qızlar da özünü elə göstərirdi ki, elə bil heç nə olmayıb və bu barədə bir-birilərilə bir kəlmə də kəsmirdilər, amma Nuhbala ürəyində bu kirayənişinləri indi lap yeddimərtəbə söyürdü.

Düzdü, Ağababa günortalar, demək olar ki, evdə olmurdu və bütün bu işləri öz gözü ilə görmürdü, amma təfavütü yox idi, çünki Ağababa görmədiklərini başa düşürdü, hiss eləyirdi və Ağababa birinci dəfə Dolçanın kirayənişinlərə yalmanmasını görəndə kişinin ürəyindən elə bil yandıra-yandıra bir od parçası qopub gəldi: «– Gidi dünya!..» – dedi, sonra Ağababa fikirləşdi ki, axı, yazıq Ağabacı zahıdı, onuncu uşağı gözləyir Ağabacı və bu qədər ki, Ağabacı kabab iyi çəkir, kabab tüstüsü udur, bunun axırı heç yaxşı olmaz, gərək ət tapıb, manqal tapıb bir kabab bişirsin, yoxsa, doğrudan, yaxşı olmaz bunun axırı, amma Ağababa bilmirdi ki, Ağabacı fikirləşir ki, qarnındakı uşağın kababdan zəhləsi gedəcək, çünki bu qədər ki, bu uşaq yazıq, ana bətnində kabab iyi udur, iyrənəcək kababdan, yaxşı da eləyəcək elə; hər halda, Ağabacı belə təskinlik tapırdı.

Dolça gözgörəti kökəlirdi və Dolça da Əminə xanım kimi, demək olar ki, həyətdən eşiyə çıxmırdı, gecə-gündüz həyətdə olurdu, düzdü, Ofelya daha Dolçadan doymuşdu və daha Dolçaya tez-tez dadlı yeməklər, kotlet, tavakabab, küftə və sairə gətirmirdi, hərdən-birdən xətri istəyəndə və kefi gələndə öz artıqlarını, yemək istəmədiklərini Dolçanın qabağına atırdı, amma Dolça kökəlirdi, çünki axşamkı kababların bütün sümüklərini, şıntırlarını, yeyilməyib qabaqdan qalanların hamısını Dolça yeyirdi.

Bəşir müəllim hər dəfə içi dolu həsir zənbillərlə həyətə girəndə Dolça o saat Bəşir müəllimin qabağına yüyürürdu, elə bil Dolça başa düşürdü ki, bütün bu dəm-dəsgah, bu kabablar, bu çığırtmalar, bu qızartmalar əslində nə Ofelyanın, nə Əminə xanımın, nə də ki, Kələntər müəllimin səbəbinədir, bütün bunlar, bax, bu kök kişinin, qarasaçlı, qarabığlı bu kişinin səbəbinədir və axır vaxtlar Bəşir müəllimə xüsusi yalmanırdı.

Bir dəfə Bəşir müəllim içi ağzınacan dolu iki həsir zənbillə həyətə girəndə və Dolça da o saat Bəşir müəllimin qabağına qaçanda, Ofelya beş-altı gün bundan qabaq nazını çəkdiyi Dolça barədə qəti fikrini söylədi:

– Çox sırtıq itdi bu it!

Bəşir müəllim Dolçanın belə bir xüsusi diqqətindən elə bil ki, xoşhallanırdı və xeyli feyziyab olurdu; bu dəfə də Bəşir müəllim mərhəmətlə gülümsəyib:

– Allahın heyvanıdı da! – dedi. – Sonra həsir zənbillərdən birinin içindən bir yekə kolbasa parçası çıxarıb Dolçanın qabağına atdı.

Dolça elə bil qorxurdu ki, birdən-birə ikinci bir şəriki peyda ola bilər və tikələri az qala diri-diri udaraq həyətin qumuna bulaşmış yekə kolbasa parçasını yarım dəqiqənin içində yeyib qurtardı və şüşəbəndin altında oturub soğanbozbaşı üçün baş soğan təmizləyən Ağabacı bütün bunları gördü, eşitdi və hiss etdi ki, qəhər onu boğur, bu saat ağlayacaq, niyə ağlayacaq, bunu dəqiq deyə bilməzdi, amma gördü ki, bu saat ağlayacaq, əlindəki soğanı tələsik nimçənin içinə atıb ayağa qalxdı, şüşəbəndin altından çıxdı, sonra da həyətdən çıxdı, heç bilmədi ki, niyə çıxdı.

Dolça çalışırdı ki, Ağababanın gözünə görünməsin və Ağababa həyətə girən kimi, Dolça yox olurdu, hərdən də kənarda dayanıb oğrun-oğrun Ağababaya baxırdı və bu zaman Dolçanın qara gözlərinin lap dibindən bir kədər axıb gəlirdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Xxı fəsil

Binə aeroportunun qarşı tərəfində, Bakıdan gələn əsas şose yolun arxasında böyük bir yarmarka Sovet İttifaqı dağılandan sonra neçə il idi ki, şıdırğı alış-veriş yerinə çevrilmişdi və burada ayaqqabı mismarından tutmuş taxta fin evlərinə qədər nə istəsən tapıb almaq mümkün idi və qiymətlər də Bakıya, Bakıətrafı Abşeron kəndlərinə nisbətən xeyli ucuz idi.Əlbəttə, orda fransız ətrinin də müştərisi tapılacaqdı, onun puluna da Sonaya bir don almaq olacaqdı və elə bu vaxt tualetdəki o paslı güzgüdən baxan Sona qəfildən gəlib Cümünün gözlərinin qabağında dayandı və Binə Yarmarkasına sarı sürdüyü motoroller az qaldı yolundan çıxıb özünü qarşı tərəfdən gələn və içi sərnişinlə dolu mikroavtobusa çırpsın.

4 dəq
Xxıı fəsil

Qırmızı xoruz da, toyuqlar da həyətdən çıxanda, adətən, küçə qapısının ağzında olurdular, qoca xartut ağacının dibini, oranı-buranı dimdikləyirdilər, torpağı eşirdilər, sonra elə ki, küçəyə gün düşürdü, hinə isə kölgə gəlirdi, Qırmızı xoruz qabaqda, toyuqlar da onun ardınca hinə qayıdırdılar, amma bu dəfə qalan toyuqlar hində idi, Qırmızı xoruzdan və onunla itmiş iki toyuqdan isə xəbər yox idi, Balacaxanım bütün məhəlləni, hətta, o biri yaxın küçələri, keçmiş Pioner parkını, parkın arxasındakı köhnə stadionu nə qədər axtardı, nə qədər soraqlaşdı, Qırmızı xoruzu və iki toyuğu «gördüm» deyən olmadı.Gecə düşəndə Ağadadaş Qırmızı xoruzun qarasına:

1 dəq
Xxııı fəsil

İzabel Xanukoff Ali Komissarlığın növbəti illik məruzəsi üçün Azərbaycanla bağlı ona tapşırılmış materialları, bu qıza xas olan səliqə-sahmanla topladı, qeydlərini etdi, bir sözlə, bu ölkədəki işini bitirdi və Ali Komissarlığın Azərbaycandakı nümayəndəliyindən xahiş etdi ki, onu, heç olmasa, bir saatlığa Qubaya, Qırmızı Qəsəbəyə aparsınlar.Nümayəndəlikdə işləyən cavan və yaraşıqlı (həm də hündürboylu!) yerli – azərbaycanlı bir oğlan həvəslə razılıq verdi və onun maşınında söhbət edə-edə, zarafatlaşa-zaraftlaşa Bakıdan 160 kilometr kənarda yerləşən Qubaya, oradan da Qırmızı Qəsəbəyə getdilər, vaxt az olduğu, qohumlarını da tanımadığı üçün, İzabel xüsusi olaraq heç kimlə görüşmədi, təxminən qırx dəqiqə bu kiçik Qəsəbəni, onun ətrafını gəzdi, ayaqqabılarını çıxarıb Qudyalçayın dayaz sahili boyu bir az o tərəf-bu tərəfə qaçdı və bütün içi ilə hiss etdi ki, ürəyindəki o Ziba nostalgiyasına bir ilıqlıq, bir hərarət gəldi, hiss etdi ki, o, bu kiçik yaşayış məntəqəsini gəzdikcə, buranı hər tərəfdən əhatə edən dağların axşamın alatoranında qaralmağa başlayan ətəklərinə baxdıqca, Qudyalçayın suyunda qaçdıqca Zibanın ruhu şad olur.

2 dəq
Mənə niyə gülürlər?

Mənə niyə gülürlər? Heç bilmirəm...Mən Səliməm, özü də atamın oğluyam. Anamın da oğluyam. Bir də bacım Laləni çox istəyirəm...

1 dəq

Başqa şairlərin şeirləri