«Bakı-Moskva» qatarı ilə yazıçıların VII qurultayına gedirik.

Qəribədi, XX əsrin sürəti artdıqca qatarın da qiyməti və əhəmiyyəti artır: telefonlar, iclaslar, tələsikliklər, maşınlar, qayğılar aləmindən çıxıb iki gün qatar tələsməzliyində, zəngsizliyində, təmkinində sığınacaq tapırsan, gündəlik qayğıları özündən uzaqlaşdırırsan – onsuz da, bu iki gün ki, yol gedəcəksən, heç nə edə bilməyəcəksən: nə hansı bir işi isə qaydasına qoyacaqsan, nə kimisə kiməsə tapşıracaqsan, nə dərman axtaracaqsan, nə bazarlıq edəcəksən, nə görüşəcəksən, müzakirə edəcəksən, müdafiəyə tələsəcəksən, redaksiyaya material göndərəcəksən və s. və i. a.

Saatlar beləcə keçir.

Birdən güclü təkanlar bu qayğısızlıq idilliyasını titrədir, sonra qatar çölün düzündə dayanır, sonra həyəcanlı səs-küy başlayır, hay-həşir qopur.

Vaqon yanır.

Yox, bizim vaqon yox, 3-cü vaqon. Kimsə siqaret çəkib atıb, kimsə balonlarda spirt aparırmış və o balonlar partlayıb, uzun sözün qısası, 3-cü vaqon ocaq kimi alışıb-yanır.

– Yanan yoxdu ki?

– Hamı canını qurtara bilib?

– Hə, hə, hamı qurtarıb canını. Çoxusu hərbi kursantlardı. Cəld uşaqlardı, hamı sağ-salamatdı. – 3-cü vaqon tərəfdən gələn cavan oğlan gülə-gülə camaatı nigarançılıqdan qurtarır. – Vaqonu ayırıblar, yanır özüyçün...

Qalan vaqonların camaatı eşiyə axışıb və hamı bir kənarda tənha dayanıb ocaq kimi yanan 3-cü vaqona baxır.

Əlbəttə, bu mənzərədə bir xoşagəlməzlik, bir bədəməllik var, amma o cavan oğlanın gülüşü hamının nigarançılığına sərin su səpib və indi bütün qatarın camaatı o yanan 3-cü vaqona bir əyləncə kimi baxır. Bütün bu əhvalat dünən baş verib. Qatar Moskvaya gedir.

Düzdü, üç-dörd saat gecikmişik, amma əslinə baxsan, elə bu özü də bir qənimətdi, bu özü də üç-dörd saatlıq qayğısızlıqdı, zəngsizlikdə rahat-rahat fikirləşmək fürsətidi, arzulamaq, gələcəyi gözəl əsərlərlə, gözəl hadisələrlə dolu gözəl rənglər içinə girmək imkanıdı...

Mən pəncərədən sürətlə ötüb gedən və tükənmək bilməyən çölə baxıram.

Yamyaşıl düzlər, ağaclar, meşə zolaqları, gül-çiçək və... qara qarğalar.

Yenə qara qarğalar...

Yenə qara qarğalar...

Qara qarğalar ağacların budaqlarına, elektrik dirəklərinə, yerə qonublar.

Bu yekə qara qarğalar birdən-birə dünən yanıb qurtarıb skleti çöllərdə qalmış həmin vaqonu – bu gün tamam unutduğum 3-cü vaqonu yadıma salır. Birdən-birə bu yekə qara qarğalar adam kimi dil açıb qatar sürətilə deyir ki, o 3-cü vaqonda hərbi kursantlar yox, qocalar, qadınlar, uşaqlar, şikəstlər, xəstələr ola bilərdi və mən o uşaqların çığırtısını eşidirəm, o qocaların, qadınların ah-vayını eşidirəm, dəhşətdən bərəlib, az qala, hədəqəsindən çıxacaq gözləri görürəm, yanan insan ətinin qoxusunu hiss edirəm. Mən ömrümdə yanan insan ətinin qoxusunun nə olduğunu bilməmişəm, amma mənə elə gəlir ki, indi, bax, bu yekə qara qarğalara baxa-baxa hiss etdiyim qoxu dünən 3-cü vaqonda diri-diri yanan qoca, qadın, uşaq ətinin qoxusudu...

Sonra bu yekə qara qarğalar mənim bütün qayğılarımı bir-bir yadıma salır.

O gözəl rənglər əriyib gedir və hardasa o qara qarğaların rənginə boyanır.

Ölüb getmiş qohumlar, dostlar, tanışlar bir-bir yadıma düşür və onlar bir-bir bu vaqon pəncərəsindən mənə baxır.

Sonra bu yekə qara qarğalar yol boyu bütün dünyanın dərdindən, ələmindən söhbət açır.

Qatarlara qəmginlik gətirən yekə qara qarğalar...

26 iyun 1981.

«Bakı-Moskva» qatarı,

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

I fəsil

(Əncir ağacı)«–Aha!.. Ay bərəkallah! Ay maşallah! Odu he-e-e!.. Bəh-bəh-bəh... Aşiq-məşuq əhvalatıdı lap!.. Anası deyir qızım məktəbdədi, ay malades! Bunun da başı batmış məməsi deyir ki, oğlum uşaqdı hələ... Ay sən öləsən! Ona bax, əcəb uşaqdı! Ağəz, vay-vay-vay, qızın öpüş verməyinə bax... Aha, aha, bircə qol-boyun olmağuvuz çatmırdı, ay malades! Bəh-bəh-bəh!..»

3 dəq
II fəsil

Poçtalyon Nəcəfqulu deyirdi, guya, alimlər qəzetlərdə yazıblar ki,müharibədən sonra otuz ildi Abşeronda belə isti olmayıb. Əlbəttə, Zübeydə yaxşı bilirdi ki, hər deyilən sözə inanmayasan gərək, amma bu yerlərdə belə isti, doğrudan da, yadına gəlmirdi; heç müharibədən əvvəllər də belə isti yadına gəlmirdi. Bu, lap Aşqabadın o istisinə oxşayırdı, Aşqabadın o istisinə ki, Zübeydə gəmiyə minib,

8 dəq
III fəsil

Ağagül «aerodrom» papağını başından çıxarıb köhnə divanın üstünə çırpdı və ürəyində yer üzündəki bütün pis adamlarçun, o cümlədən də, təbii ki, Zübeydəyçün hansı söz lazımıydısa, o sözü də dedi.Ağabacı yerdən palazın üstə oturub qabağındakı bir böyük məcməyi sirkəlik üzümü balonlara doldururdu və indicə salamsız-kəlamsız içəri girən oğlunun

4 dəq
IV fəsil

Zübeydə miçətkənin altından çıxıb otağa girdi və tərdən tamam yaş olmuş pal-paltarını çıxarıb təzəsini geydi, özü də tez-tez, tələsik geydi ki, şifonerin qapısındakı yekə yumurtavarı güzgüyə gözü sataşdıqca, sallanmış döşlərini və yekə qarnını görməsin, sonra həyətə düşüb quyunun motorunu işə saldı, şlanqı əlinə alıb ağacların dibini, qızılgül kollarını (bu gülləri elə xoşlayırdı ki, dərib aparıb Bakı bazarında at qiymətinə satmırdı, güllər elə-eləcə kolun üstündə solub tökülürdü), evin arxasında əkdiyi pomidor, badımcan, bibər ləklərini, soğanı, vəzərini, kəvəri, şüyüdü sulamağa başladı. Ümumiyyətlə, bu bağ-bağçanı Zübeydə öz əllərilə salıb becərmişdi, təkcə o hasar boyu küknar ağaclarını yazıq Əbdül əkmişdi ki, küləyin qabağını kəssin.Düzdü, kənddə deyirdilər ki, Zübeydə səkkiz dəfə ərə gedib, amma, əslində, Zübeydə bircə dəfə, yəni rəsmi surətdə bircə dəfə ərə getmişdi, onda da Əbdülə. Əbdül müharibədən əvvəl bu kənddə faytonçu idi, tək adam idi, hamamın yanında bir daxması vardı, orda yaşayırdı (sonralar, müharibədən sonra, Zübeydə bu daxmaya bir balaca əl gəzdirib onu dördqat artıq qiymətə satmışdı) və Əbdül bülbül gülə aşiq olan kimi, Zübeydəyə aşiq olmuşdu. Onun bu aşiqliyi kənd camaatının dilinin əzbəri idi və hamı ona Qeysəbdül deyirdi, ən başlıcası isə Əbdül özü belə bir ləqəbdən incimirdi, əksinə, xeyli feyziyab olurdu və Zübeydə ona məhəl qoymayıb (faytonçu Qeysəbdül hara, iri qara gözləri sürməli, boyu sərv, beli incə, durna yerişli Zübeydə xatın hara!) onu ələ saldığı vaxtlar, yəni müharibədən əvvəl və müharibənin ilk çağlarında o boyda kişi eşqin dərdindən bəzən uşaq kimi ağlayırdı da. Məhəbbətin gücü o yerə gəlib çatmışdı ki, Əbdül yeganə atını satıb Zübeydəyə hədiyyələr almaq istəyirdi, qabirkot «demasezonnı», qabardin yubka, yun jaket və ilaxır bu kimi şeylər, amma at çox qoca idi və gəlib baxanlar bu atdan imtina edirdi. Müştərilər Qeysəbdülün qoca atına o qədər baxmışdılar, dişlərini o qədər yoxlamışdılar ki, yazıq at kim yaxınlaşırdısa, o saat özü dinməz-söyləməz dodaqlarını qaldırıb dişlərini ağardırdı.

23 dəq

Başqa şairlərin şeirləri