Səhifə 1 / 8

Həyətdəki qoca armud ağacının budağına qonmuş o rəngbərəng, o zəhmli böyük xoruz qaz boğazı kimi, yoğun boğazını uzadıb qart səsiylə bir də banlayandan sonra, faytonçu Ovanes oturduğu yerdə qurcalandı, əlində tutduğu yüyəni oynada-oynada və qurumuş böyürtkən kollarından salınmış çəpərin üstündən həmin rəngbərəng xoruza da baxa-baxa həyətə tərəf qışqırdı:

– Gün günortanı keçdi ki, ara uçitel!.. Ara, tez elə də!.. – Sonra faytonçu Ovanes öz-özünə deyindi: – Ara musurman qonşu kəndə gedəndə də evdən elə ayrılır, elə bil, Amerikaya gedir!..

Faytona qoşulmuş o qoşa atın ikisi də başını aşağı salıb dincəlirdi, elə bil ki, uzun yolqabağı güc toplayırdı; o atlar da özlərindən əvvəlki atlar kimi, faytonçu Ovanesin öz-özünə beləcə deyinməyinə, danışmağına adət etmişdilər.

Hadrut orta məktəbində rus dilindən dərs deyən Xosrov müəllim 1929-cu ilin bir yaz səhəri Azərbaycan SSR Xalq Maarif Komissarlığının Şuşada keçirəcəyi biraylıq seminara gedirdi və otuz il idi ki, Şuşa ilə Hadrut arasında sərnişin-müştərilər daşıyan, özü də, faytonu da, söz-söhbəti də dolama yoxuşlar kimi, meşələr kimi, sıldırım qayalar kimi, o gözəl Hadrut – Şuşa yolunun bir hissəsinə çevrilmiş Ovaneslə axşamdan vədələşmişdi ki, sübh tezdən gəlib onu götürsün.

Qaba və güclü caynaqları ilə qoca armudun budağından yapışmış o zəhmli xoruz yenə qart səsiylə boğazını arıtladı və təzədən banlamağa macal tapmamış faytonçu Ovanes həyət tərəfə bir də qışqırdı:

– Ara, uçitel!.. Ara, günorta gəldi!..

O böyük xoruz armud ağacının üstündən faytonçu Ovanesə çəpəki və acıqlı bir nəzər saldı və qaqqıldaya-qaqqıldaya həyətə atıldı, sinəsini irəli verib, başını dik tutub eləcə narazılıqla da qaqqıldaya-qaqqıldaya toyuqların arası ilə ora-bura gəzişməyə başladı.

Sübh tezdən Hadrutdan Şuşaya çıxan və adətən, günün ikinci yarısı Şuşadan sərnişin götürüb təzədən Hadruta qayıdan faytonçu Ovanes Xosrov müəllimin həyət darvazasının qabağında beləcə vaxt itirməyindən dilxor olmuşdu və yenə də öz-özünə deyinirdi:

– Bunlarla doqovaritsa eləmək düzgün deyil, məzhəb haqqı!..

Beləcə deyinməyinə baxmayaraq, Ovanes Xosrov müəllimin xətrini istəyirdi, uzunboylu, arıq, heç kimlə işi olmayan, bütün fikri-zikri məktəblə, maariflə məşğul bu adam sakitliyi, xeyirxahlığı, mədəniyyəti ilə Hadrut camaatının, o cümlədən də faytonçu Ovanesin hörmətini qazanmışdı.

Yüz cürə dərdi-səri olan adamlar – birinin qohumunu nahaq yerə həbs etmişdilər, o birinin həyətyanı sahəsini düzgün müsadirə etməmişdilər, üçüncüsünün səsini almışdılar (bu, o deyən söz idi ki, səsi alınmış şəxs cəmiyyətdən kənar edilirdi, onun hansı bir səsvermədəsə iştirak etmək, harasa şikayət etmək ixtiyarı yox idi), camaatı heç nəyin üstündə tuturdular, sürgün edirdilər və sairə – Xosrov müəllimin yanına köməyə gəlirdilər, xahiş edirdilər ki, Xosrov müəllim rus dilində onların adından yoldaş Stalinə, yoldaş Rıkova, yoldaş Buxarinə şikayət ərizələri yazsın və Xosrov müəllim də bu xahişlərin, demək olar ki, heç birini yerdə qoymurdu, o adamın ki, haqlı olduğunu görürdü, əlindən gələni əsirgəmirdi, ərizələri də havayı yazırdı, pul almırdı, azərbaycanlıların gətirdiyi kərə yağını, motalı, əti, hətta diri qoyunu, ermənilərin gətirdiyi toyuğu, kolbasını, yumurtanı, cürbəcür gözəl şorabaları, tut arağını geri qaytarırdı, heç nə götürmürdü. Xosrov müəllimin fikrinə görə, müəllim əvvəla gərək özü təmizliyin timsalı olaydı, ikincisi də zəmanə mürəkkəb idi, yeni həyat qurulurdu və bu quruculuq dövründə nahaq incidilənlər olurdu– o adamlara kömək eləmək də, elə ilk növbədə müəllimin borcu idi; bir də ki, camaat pis yaşayırdı, çox pis yaşayırdı və belə bir məqamda camaatın ruzisinə şərik çıxmaq müəllimə yaraşmazdı.

Faytonçu Ovanes də elə buna görə, bu hörmətə görə razılıq verərək gəlib Xosrov müəllimi evlərinin qabağından götürürdü, yoxsa ki, həmişə bazar başında dayanıb faytona sərnişin mindirirdi. Faytonçu Ovanes burasını da fikirləşmişdi ki, Xosrov müəllimdən yol pulu almayacaq, ikiyerli açıq faytona ikinci adam da götürməyəcək ki, Xosrov müəllimin yeri rahat olsun, çünki Xosrov müəllim elə faytonçu Ovanesin özü üçün də rus dilində bir neçə müftə şikayət ərizəsi yazmışdı: rayon hökuməti kişinin faytonunu əlindən almaq istəyirdi və faytonçu Ovanes sonuncu ərizələrdən birini Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədri Q.Musabəyovun, o birini isə SSRİ Xalq Komissarları Sovetinin sədri A.İ.Rıkovun adına yazdırıb, savadı olmadığı üçün həmin ərizələrin altından da barmaq basmışdı.

Nəhayət ki, Xosrov müəllimgilin yaşadığı o balaca birmərtəbəli evin qapısı açıldı, əvvəlcə əlində kiçik çamadan tutmuş Xosrov müəllim içəridən çıxdı, sonra bir-birinin ardınca Xosrov müəllimin üç uşağı evdən çıxdı, sonra da Xosrov müəllimin cavan arvadı Şirin çıxdı.

Faytonçu Ovanes çəpərin üstündən Xosrov müəllimi görəndə səbri tamam tükənmiş halda öz-özünə:

– Ara, məzhəb haqqı, Allaxa şükür!.. – dedi, amma o balaca uşaqları görəndə, o balaca uşaqların da, o cavan gəlinin də evin kişisini necə bir ürəklə yola saldıqlarına tamaşa eləyəndə, ömrünü yollarda keçirmiş bu adamın hirsi o saat soyudu, hətta özü öz qarasına deyinməyə başladı: – Ara, məndən səbr deyən şey yoxdu ki!..

Xosrov müəllimin üç uşağı var idi, üçü də oğlan idi: altı yaşında Cəfər, dörd yaşında Aslan, iki yaşında Azər və indi bu üç uşağın üçü də ömürlərində birinci dəfə atalarını harasa yola salırdılar; indiyə qədər Xosrov müəllim həmişə ailəsi ilə bir yerdə olmuşdu və hara getmişdisə (əslində, getməli elə bir yerləri də yox idi), həmişə ailəsilə birlikdə getmişdi və bu uşaqlar da, Şirin də ona o qədər öyrəşmişdilər ki, o bir aylıq Şuşa seminarı xəbəri gələndən bu tərəfə, bir həftəydi ki, Xosrov müəllimi yola salmağa hazırlaşırdılar.

Şuşada milli məktəblərdə rus dilinin tədrisi üzrə çağırılan o seminara təkcə Bakıdan yox, Moskvadan da, Tiflisdən və Yerevandan da mütəxəssislər gələcəkdi və Xosrov müəllim Şuşaya həvəslə gedirdi, amma, eyni zamanda, ürəyində bir nigarançılıq da var idi: uşaqlar Şirinlə birlikdə bu bir ayı Hadrutda tək qalacaqdı. Düzdü, Hadrut camaatı hörmətcil və istiqanlı camaat idi, Xosrov müəllimin də xətrini istəyirdilər, amma, hər halda, düz bir ay müddətində Xosrov müəllim özü evdə olmayacaqdı, dünya da ki, qarışıq, bir tərəfdən bu kolxoz əhvalatı, bir tərəfdən çekistlər, bir tərəfdən də qıtlıq... Hətta Xosrov müəllim əvvəlcə fikirləşmişdi ki, uşaqları da, Şirini də özü ilə götürüb Şuşaya aparsın (kaş elə aparaydı!), amma sonra fikrindən daşındı: harda qalacaqdılar?

Yeddi il bundan əvvəl evləndikləri vaxtdan bəri birinci dəfə gedəcəyi bu səfərdən qabaq Xosrov müəllim uşaqların bir aylıq ununu,düyüsünü, qəndini, yağını – müəllimə hörmət edirdilər, tapırdı – alıb evə qoydu və 1929-cu ilin həmin yaz səhəri altı yaşlı Cəfər də, dörd yaşlı Aslan da, iki yaşlı Azər də Şirinlə birlikdə Xosrov müəllimi yola salmaq üçün eləcə həyətə çıxdılar.

Kimin ağlına gələ bilərdi ki, o vida – əslində əbədi bir ayrılıqdı və bu adamlar – Xosrov müəllimlə altı yaşlı Cəfər, dörd yaşlı Aslan, iki yaşlı Azər, bir də ki, Şirin bir daha heç vaxt görüşməyəcəklər?..

O böyük xoruz qart səsiylə qaqqıldaya-qaqqıldaya, qüvvətli ayaqlarını hirs-hikkə ilə irəli ata-ata həyətin ortasında o baş-bu başa gedirdi və toyuqlar da xoruzun nədənsə narazı qaldığını hiss edib, hərəsi bir tərəfə çəkilmişdi, xoruzla rastlaşmaq istəmirdi.

Uşaqlar səs-küy salmışdılar:

– Ata, sağ ol!..

– Ata, tez gəl!..

– Ata... Ata... – Bunu deyən iki yaşlı Azər idi, başqa söz deyə bilmirdi və balaca əlləri ilə şalvarın balağının üstündən atasının qılçını qucaqlamışdı.

Cəfər böyük idi və Cəfər hətta o dəm fəxr edirdi ki, atası belə uzaq (Hadrut ilə Şuşanın arası 41 km idi) səfərə gedir, amma sonralar – xeyli vaxt keçəndən sonra, qurtarmaq bilməyən tənha gecələr boyunca Xosrov müəllim həmişə bu son görüşü xatırlayanda, ilk növbədə, Aslanın dodağının qaçması, ağlamaq istəməsi gözlərinin qabağına gəlirdi, bir də ki, Şirinin iri, qara gözlərindəki o ifadə...

Şirin gülümsəyirdi, amma Şirinin o gülümsəyən gözlərində nəsə bir nigarançılıq var idi və elə bil ki, Şirinin gözlərinin rəngi o nigarançılığa keçmişdi, o nigarançılığa qara bir rəng çəkmişdi. Bəlkə Xosrov müəllimə sonralar belə gəlirdi?.. Hər halda, o son görüşdə bir nigarançılıq var idi və bu nigarançılıq yalnız səfərqabağı nigarançılıq deyildi, elə bil, Xosrov müəllim də, Şirin də, hətta Aslan da əvvəlcədən nəsə hiss eləyirdilər... Ya sonradan ona belə gəlirdi?..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Birinci hissə, IV

Böyük bəy qırx yaşlarında, saçı vaxtından əvvəl ağarmış, Avropasayağı və çox da zövqlə geyinmiş bir adamdı, indicə oxuyub qurtardığı qəzetləri bir tərəfə qoydu, oturduğu kreslodan ayağa qalxıb malikanənin həyətinə çıxdı və həyətdə Şahnaz xanımı görüb bacısına tərəf getdi və qızın əlindən tutub:– Mənim əziz bacımın kefi necədi? – soruşdu.

5 dəq
Birinci hissə, V

Gecənin qaranlığı idi, hər tərəfə dərin sükut çökmüşdü və yalnız harda isə İsaq-Musaq quşu aramla səslənirdi.Böyük bəyin malikanəsi də yuxu içində idi.

10 dəq
Birinci hissə, VI

İndi sizə kimdən xəbər verim, Böyük bəyin bacısı Şahnazdan. Şahnaz Böyük bəy imarətinin ikinci mərtəbəsindəki şüşəbənddə, yelləncək həsir kresloda oturub astaca-astaca yellənə-yellənə şüşəbəndin açıq pəncərəsindən səhər-səhər aydın görünən Xəznə qayasına baxırdı və bu cavan qızın yol çəkən gözlərində bu dəm bir kədər, bir həzinlik vardı.Böyük bəy sol əlinin baş barmağını jiletinin qızıl saat zənciri sallanan cibinə salıb şüşəbənd boyu var-gəl edirdi və bütün qəzəbini boğmağa, kin-küdurətini unutmağa çalışırdı.

3 dəq
Birinci hissə, VII

Yunis bəy tövlələrin qənşərində atın belinə sıçrayıb çapdı və Böyük bəyin həyət darvazasından çıxhaçıxda Fəxrəndə xanım hövlnak bacısı oğlunun qabağını kəsdi. Yunis bəyin cilovu çəkməyiylə ağ atın şahə qalxmağı bir oldu və az qaldı qabaq ayağı ilə Fəxrəndə xanımın döşündən vurub yerə sərsin.Fəxrəndə xanım buna məhəl qoymadı, iki əlini də uzadıb atın yalından yapışdı və qəzəbindən titrəyən bir səslə:

1 dəq

Başqa şairlərin şeirləri