Səhifə 1 / 2

Murad İldırımlı dörd illik tələbəliyi ərzində yalnız bir dəfə şəhər qəbiristanlığına gəlmişdi (onda «Hər şey keçib gedir...» adlı bir hekayə yazırdı – indiyə qədər Muxtar Xudavəndənin yeşiyindədi, – buna görə də qəbiristanlığı görmək lazım idi), bir küncdə dayanıb hansı bir dəfn mərasimini isə müşahidə etmişdi və o zaman qəbiristanlığı belə nəhəng, belə ucsuz-bucaqsız görməmişdi. Həmin aprel günü isə tələbə, Xosrov müəllimlə birlikdə Qəbiristanlıq İdarəsində oturub müdiri gözləyə-gözləyə Tülkü Gəldi Qəbiristanlığı barədə fikirləşirdi; tələbəyə elə gəlirdi ki, bu balaca gözləmə otağının havası da cürbəcür qazlardan yox, kiçicik qəbir daşlarından ibarətdir. Onuncu sinfi ki, bitirəndən sonra birinci dəfə kənddən çıxıb gəlib Bakını görmüşdü, o zaman bu şəhərin böyüklüyü, bu şəhərin soyuqqanlığı, bir-birini tanımayan, elə hey harasa tələsən adamların çoxluğu, avtobuslardakı, trolleybuslardakı, basa-bas Murad İldırımlını necə sarsıtmışdısa, necə təsir etmişdisə, Tülkü Gəldi Qəbiristanlığının da böyüklüyü, yan-yana düzülmüş və ucu-bucağı görünməyən qəbir daşlarının lal sükutu indi onu eləcə sarsıtmışdı, ona eləcə təsir etmişdi.

Qəbiristanlıq İdarəsinin yolunu tanımadıqları üçün, Xosrov müəllimlə avtobusdan Tülkü Gəldi Qəbiristanlığının aşağı başında düşmüşdülər və qəbirlərin arası ilə də xeyli yol getdilər. Bütün qəbiristanlıq bomboş idi və Xosrov müəllimlə tələbə Murad İldırımlı Qəbiristanlıq İdarəsinin yerini heç kimdən soruşa bilmirdilər. Biri arıq, uzun və iri addımlı, o biri gödək, yöndəmsiz və yanındakı ilə ayaqlaşmaqdan ötrü, az qala, yüyürən bu iki nəfəri – bu cavanı və qocanı nimdaş əyin-başlarının kasıbçılığı eyniləşdirirdi, ikisinin də baxışında, sifətində, hərəkətlərində bir köməksizlik, əlacsızlıq, acizlik var idi və bu da onları o bomboş Tülkü Gəldi Qəbiristanlığında daha artıq miskin göstərirdi və bu dəm onların o miskinliyi ilə o qəbirlərin də arasında, elə bil ki, bir oxşarlıq var idi.

Xosrov müəllim həmişəki kimi, sükut edirdi, amma birdən-birə tələbənin bütün bədənindən bir qorxu hissi keçdi: tələbəyə elə gəldi ki, Xosrov müəllim Qəbiristanlıq İdarəsinin yolunu indicə bu qəbir daşlarından soruşacaq...

Qəbirlərin arası ilə dolaşdıqca, o saysız-hesabsız qəbir daşlarına həkk olunmuş qocaların, cavanların, uşaqların, qadınların, kişilərin, oğlanların, qızların şəkillərinə baxdıqca, tələbəyə elə gəlirdi ki, bütün dünya, əslində, bu cür soyuq şəkillərdən ibarətdir və özü də, yəni tələbə Murad İldırımlı da bu cür bir şəkildir və indi gedib Qəbiristanlıq İdarəsini tapmağının da, orada o yazıq Xədicə arvad üçün yer götürməyinin, məhəllə kişilərini, məhəllə arvadlarını sevindirməyinin də heç bir mənası yoxdur və ümumiyyətlə, o dəm tələbə üçün yalnız öz yaşayışı, yalnız öz hissləri, öz düşüncələri, öz iztirabları yox, bütün həyat tamam lazımsız bir şey görünürdü.

Xosrov müəllimin uzun qara plaşının, tünd göy şalvarının, böyürlərinə səliqə ilə yamaq tikilmiş qara ayaqqabılarının, köhnə yaşıl şlyapasının içində indi o arıq vücud, elə bil, daha yox olub getmişdi, elə bil, o qara ayaqqıbılar, o tünd göy şalvarın adda-budda palçığa, toza-torpağa bulaşmış balaqları, o uzun qara plaş öz-özünə hərəkət edirdi, onlar canlı insan əynində deyildilər, içəriləri tamam boş idi...

Qəbiristanlıq müdirinin kabinetinin qarşısındakı balaca gözləmə otağında vaxtıyla, görünür, çox gözəl olmuş, amma daha yaşlaşmış, böyrəkləri xəstə olduğu üçün gözlərinin altı torba bağlamış bir qadın başını aşağı salıb makinada sürətlə yazırdı və makina dillərinin o sürətli səsi gəldikcə, içərisi boş o balaqlar, o ayaqqabılar, o plaş tələbə Murad İldırımlının təsəvvüründə eləcə bir sürətlə də qəbirlərin arasında dolaşmağa davam edirdi... Sonra tələbə tələsik sağ əlini ağzından çəkdi ki, baş barmağının dırnağını çeynəməsin.

Xosrov müəllim özü isə plaş əynində, şlyapa başında gözləmə otağının lap küncündəki kürsüdə oturub əllərini dizlərinin üstündə birləşdirmişdi, hərdənbir barmaqlarını sındırırdı və qımıldanmadan gözlərini müdirin otağının içi pambıq doldurulmuş qəhvəyi meşin qapısına zilləmişdi (... Şirinin isə iri gözlərinin rəngi uzaq və əbədi bir keçmişdə qalmış o nigarançılığa qara bir rəng çəkmişdi...).

Makinaçı qadın barmaqlarının sürətini dayandırmadan hərdənbir gözlərini makinadan çəkib Xosrov müəllimə baxırdı, sonra tələbəyə nəzər salırdı, təzədən başını çap elədiyi vərəqənin üzərinə əyirdi və onda makina dillərinin sürəti daha da artırdı, elə bir təəssürat yaranırdı ki, makinanın dilləri yalnız o ağ vərəqə dəymir, bu balaca gözləmə otağının bütün künc-bucağını döyəcləyir.

Gözəl və cavan katibə qızın qarşısındakı taxta mizin üstündə cəmi bir dənə qıpqırmızı telefon var idi və o telefon tez-tez zəng çaldıqca katibə dəstəyi götürüb hələ yeniyetməlik cırlığını saxlamış səsiylə tutuquşu kimi üç kəlmədən ibarət cavab verirdi:

– Yoldaş Qafarzadə yoxdur...

– Yoldaş Qafarzadə yoxdur...

– Yoldaş Qafarzadə yoxdur...

Katibə qız telefon zənginin səsini azaltmışdı və o qırmızı aparat hər dəfə ciyildədikcə tələbəyə elə gəlirdi ki, zəng eləyən, yoldaş Qafarzadəni axtaran bayaq araları ilə dolaşdıqları o qəbir daşlarıdı...

Hərdən telefonla nəsə deyirdilər, katibə qız hiss olunan bir ciddi-cəhdlə deyilənləri blaknota yazırdı və belə vaxtlarda makinaçı qadın katibə qıza baxırdı, güclə seziləcək bir təbəssümlə (istehza idi? paxıllıq idi? xəbislik idi? ya nə idi?) gülümsəyirdi.

Bu gözəl və cavan katibə qız hər dəfə Qafarzadənin familini çəkəndə Xosrov müəllim gözlərini müdirin meşin qapısından çəkib telefona baxırdı, sonra yenə gözlərini o qəhvəyi meşin qapıya zilləyirdi.

O telefonun qıpqırmızı rəngi elə bil ki, nəyə görəsə o meşin qapı ilə, makinanın o yeknəsəq səsiylə, Xosrov müəllimin cınqırını çəkmədən kürsüdə oturub gözlərini müdirin qapısına dikməyi ilə, ümumiyyətlə, bu balaca gözləmə otağının döşəməsinə sərilmiş köhnə xalça ilə də, tutqun boz rəngli divarları və eləcə də boz rəngli taxta tavanı ilə də gözə çarpan, istər-istəməz, diqqəti cəlb edən bir təzad təşkil edirdi.

Müdir içəridə yox idi. Bayaq gəlib kabinetinə girməyi ilə təzədən çıxıb getməyi bir oldu və tələbə ilə Xosrov müəllim macal tapıb müdirin yanına gedə bilmədilər. İndi müdirin qayıdıb gəlməyini gözləyirdilər, vaxt isə gedirdi və yazıq Xədicə arvadın həyətinə, küçə qapısının ağzına toplaşmış məhəllə kişiləri, Xədicə arvadın evində vurnuxan məhəllə arvadları yəqin Qəbiristanlıq İdarəsinin yox, tələbə ilə Xosrov müəllimin qarasına deyinə-deyinə onların yolunu gözləyirdi.

Tələbə döşəməyə salınmış o köhnə xalçaya baxırdı və ona elə gəlirdi ki, bu xalça illərdən bəri dəfn olunmağa aparılan meyitlərin (özü də kimsəsiz meyitlərin...) üstünə salınıb, beləcə süzülüb, köhnəlib və indi daha yararsız olduğu üçün gətirilib bura salınıb və tələbə ayaqlarının altındakı o xalçada bir lırtlıq hiss etdi, elə bil ki, bayaq Xədicə arvadın göyümtül adyala sərilmiş cansız qılçı indi bu xalçanın altında idi və ümumiyyətlə, tələbə Murad İldırımlı üçün bu balaca gözləmə otağındakı bütün əşyalarda bir qəbir soyuqluğu var idi, hətta o makinaçı qadın da, o cavan katibə qız da, hərdən elə bil ki, oturub makinada nəsə yazan, telefon zənglərinə cavab verən meyitlər idi, bir azdan yenə də gedib Tülkü Gəldi Qəbiristanlığındakı qəbirlərində uzanacaqdılar...

Xosrov müəllimin barmaqları hərdən bərk şaqqıldayırdı və həmin anlarda tələbə Murad İldırımlı o nazik, uzun tüklü və qırışlı barmaqlara baxırdı – bu barmaqlar özləri də döşəməyə salınmış bu köhnə xalça kimi, tabutdan, meyitdən, qəbirdən xəbər verirdi.

Tələbənin ürəyi qısılırdı.

Tələbə başa düşürdü ki, onun yerinə bir başqası olsaydı, güman ki, bu qədər oturub müdiri gözləməyəcəkdi, Qəbiristanlıq İdarəsində kimisə tapıb danışacaqdı, bazarlaşacaqdı və yazıq Xədicə arvad üçün bir yer düzəldəcəkdi; tələbə isə Qəbiristanlıq İdarəsində heç kimlə danışa bilmədi, kimə yaxınlaşırdısa: «– Bilmirəm... Bilmirəm...» – deyib heç üzünə də baxmırdılar. Xosrov müəllim isə sükutla yalnız tələbəni müşayiət edirdi, ağzını açıb bir kəlmə söz demirdi və belə anlarda tələbə birdən-birə daxilən Xosrov müəllimə qarşı qəzəblənib coşurdu, bu yaşlı adamın beləcə kölgə kimi dolaşmağına, əfəlliyinə hirslənirdi, amma qəribə idi, Xosrov müəllimdə tələbənin hələ özü üçün ayırd edə bilmədiyi nəsə elə bir cəhət vardı ki, ona uzun müddət hirslənmək mümkün deyildi və tələbənin içini dolduran o qəzəb birdən-birə də soyuyurdu, bu dəfə də tələbə Murad İldırımlı sıxılırdı ki, öz acizliyinin şahidi yalnız özü deyildi, Xosrov müəllim də bunun şahidi idi.

Qəbiristanlıq İdarəsinin bu balaca gözləmə otağından kənardakı həyatı qarışqa yuvasında qaynayan bir həyata bənzəyirdi, hamı ora-bura tələsirdi, heç kim bir-birilə heç nə danışmırdı. Hamı nəyləsə məşğul idi, «–Bilmirəm... Bilmirəm...» – deyə-deyə hamı tələbəylə Xosrov müəllimi başdan eləyirdi, heç kim qulaq asmaq istəmirdi ki, tələbə də, qara qiyafəli, yaşıl şlyapalı bu arıq və uzun kişi də bura nə üçün gəliblər və nə istəyirlər. Nəhayət, hər iki əlində ağzınacan palçıqla dolu iki vedrə aparan bir fəhlə Qəbiristanlıq İdarəsinin yuxarı tərəfində dayanıb daşyonan fəhlələrə nəsə göstərişlər verən bir rus oğlanı göstərib: «– Ode, gedün, danuşun oniynən... Vasilidi də... Oniynən danuşun...» – dedi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Baladadaşın ilk məhəbbəti

Abşeronda, dənizin lap kənarında bir kənd var idi və elə bil bu saat həmin kənd yer üzündə bircə kənd idi, çünki gün möhkəmcə şığıyırdı, hamı da gizlənmişdi evində-eşiyində, ins-cins yox idi və bu tənhalıq da daha təkcə bu kəndin tənhalığı deyildi, elə bil, günün beləcə qızmarında bütün yer üzünün, kürreyi-ərzin tənhalığı idi.Bu kəndin birmərtəbəli, ikimərtəbəli evlərindən, kol-kosdan çəpər çəkilmiş, taxtadan sürahi salınmış, daşdan hasar tikilmiş həyətlərindən, salxımları qoralamış meyvələrindən, qırmızı çiçəkli nar ağaclarından, tut ağaclarından, bolluca günəşindən başqa, bir də dənizi var idi və bu saat dənizin lap xırdaca ləpələri sahil qumlarına tərəf elə mülayim-mülayim gəlib-gedirdi ki, elə bil dəniz həmin kəndin tənhalığına layla deyirdi.

25 dəq
Günlərin bir günündə

1. Qarlı gəzinti həsrətiTülkü çoxbilmişliyindən tələyə düşər, deyiblər, amma bu Tülkü çox bilməyinə lap çox bilirdi, tələyə də düşmürdü ki, düşmürdü. Bic idi, fəndgir idi, kəmfürsət idi. Anasının əmcəyini kəsən Tülkü idi.

22 dəq
Qış nağılı

Novruz Cuvarlinskinin xatirəsinəBakıda qarlı-çovğunlu bir qış səhəri təzəcə açılırdı və həmin qış səhəri sübh tezdən yerindən qalxan Kərim kişi birinci növbədə uşaqlar yatan otağa girib qardan şüşələri tutulmuş pəncərədə bir balaca görümlü yer tapdı və gözünü ora zilləyib küçəyə baxdı: hər tərəfi basmış qardan başqa heç nə görünmürdü və bu gün qar dünənkindən də betər meydan oxuyurdu; qar idi, çovğunun vıyıltısı idi, bir də ki, külək bərkiyəndə heç eşidilməyən, sonra yenə də elə bil lap uzaqlardan gələn mahnı səsi – Marqarita Abramovna həmişəki kimi valı qoymuşdu patefonun üstünə.

23 dəq
Bu dünyada qatarlar gedər

Dünyada cürbəcür qatarlar var idi: «Bakı – Moskva», «Bakı – Novosibirsk», «Xarkov – Bakı», «Bakı – Odessa», «Mahaçqala – Bakı»... Yay başlayan kimi təzə qatarlar gəlib gedirdi: «Bakı – Kislovodsk», «Bakı – Soçi»...Qatarlar adamlarla dolu olardı. Adamlar cürbəcür olardı, cürbəcür geyinərdi.

13 dəq

Başqa şairlərin şeirləri