4. Qanunla zarafat eləmək olmaz
Səhifə 2 / 2 · 50%
O rus oğlan təmiz azərbaycanca danışırdı, iri göy gözlərini daşyonan fəhlələrdən çəkməyərək tələbənin tələm-tələsik dediklərinə qulaq asdı, sonra: «– Bizdə yer yoxdur, – dedi və yalnız bu sözlərdən sonra iri göy gözlərini fəhlələrdən çəkib tələbəyə baxdı, Xosrov müəllimə sınayıcı bir nəzər saldı. – Bəlkə bir yer tapdım sizə... – dedi. Aşağı başda zeytunnarın yanında bir yer elədim bəlkə... Gedib baxarsuz... Qiyməti dörd yüz manat olacek».
Tələbənin cibində heç dörd yüz qəpik də yox idi və o iri göy gözlü rus oğlan bunu o saat başa düşdü: « – Yer yoxdu... – dedi. – Zeytunluqda da yer yoxdu... Gedün təzə qəbiristanlıqda basdurun...»
Tələbə yenə nəsə mızıldadı, amma o rus oğlan daha ona qulaq asmadı və daşyonan fəhlələrə göstərişlərini verməyə başladı.
İndi neçə saat idi ki, müdiri gözləyirdilər.
Həddən artıq kök, yanaqları alma kimi qıpqırmızı və hamar bir milis mayoru yenə də içəri girib katibə qızdan:
– Əbdül Orduxanoviç gəlmədi? – soruşdu.
Qız yenə də ayağa qalxdı və:
– Xeyr, hələ gəlməyib... – dedi.
Makinaçı qadın bayaqkı təbəssümüylə gülümsədi.
Bu kök milis mayoru üçüncü dəfə idi ki, gəlib müdiri soruşurdu və bu cavan qız da hər dəfə onu görəndə ayağa qalxırdı, görünür, o milis mayorunun paqonları bu cavan qızı eləcə yerindən qaldıran maqnit kimi bir şey idi, bu da dünyagörmüş o makinaçı qadının gözlərindən yayınmırdı, dodaqlarına eləcə bir təbəssüm gətirirdi.
Milis mayoru yenə də geri dönüb bu balaca gözləmə otağından çıxmaq istəyəndə müdir həyət qapısından içəri girdi və yerində oturmağa macal tapmamış katibə qız bədənini mil kimi tarım çəkib dayandı. Ən maraqlısı isə bu oldu ki, o kök mayorun da lırt bədəni, elə bil, birdən-birə bərkidi, çiyinləri qalxdı, qarnı nisbətən balacalaşdı.
Mayor:
– Salam Əbdül Orduxanoviç... – dedi.
Müdir çeşməyinin altından diqqətlə mayora baxdı:
– Sən də burdasan? – dedi. – Gəl görüm...
Müdir nə katibə qıza, nə makinaçı qadına, nə ayağa qalxmış tələbə Murad İldırımlıya, nə də eləcə küncdəki yerində oturmuş Xosrov müəllimə baxdı, gözləmə otağının ortasından keçib kabinetinə girdi, mayor da onun ardınca içəri girdi və qapını bağladı.
Tələbə içi pambıqla doldurulmuş o qəhvəyi rəngli meşin qapıya baxdı, sonra da Xosrov müəllimə baxdı.
Xosrov müəllim daha artıq bir cəhdlə barmaqlarını sındırırdı.
Tələbə bilmirdi ki, təzədən yerində otursun, ya nə eləsin...
Bu vaxt makinaçı qadın başını çap elədiyi vərəqin üstündən qaldırıb:
– Siz də gedin sözünüzü deyin, – dedi. – O birisi bizim sahə müvəkkilidir. Bir də gördün, iki saat oturdu içəridə... Gedin... – Sonra yerində qurcalanan katibə qıza baxdı: – İşin olmasın, qoy girsinlər içəri...
– Acıqlanar axı...
– Heç nə olmaz. Dörd saatdı gözləyirlər burda...
Gözəl və cavan katibə qız gözlərini döyə-döyə makinaçı qadına baxdı.
Xosrov müəllim ayağa qalxdı, tələbə irəlidə, Xosrov müəllim də onun ardınca qapını açıb müdirin kabinetinə girdilər və qarşısında oturmuş milis mayoruna nəsə deyən müdir təəccüblə onlara baxdı.
Tələbə:
– Salam... – dedi.
Müdir:
– Əleykümə... – deyə cavab verdi və bu cavab salam almaqdan daha artıq, elə bil ki, sual idi, yəni nə istəyirsiniz və özbaşına nə üçün bu otağa soxulmusunuz?
Tələbə tələsə-tələsə:
– Bizim... – dedi. – Bizim... Sizdən xahiş edirik... Qoca arvad vəfat edib... Onu burda basdırmaq... istəyirik... Lazımdı ki, onu burada basdıraq...
Müdir daha təəcüblə yox, maraqla bu balacaboylu, pırpızaq saçlı, qarabəniz sifətinin cizgiləri kobud oğlana baxa-baxa:
– Onu basdırmaq lazımdı? – soruşdu.
– Bəli...
– Basdır də... Bəs məndən nə istəyirsən?..
– Yer istəyirik də... Yer...
– Balam, mən yer bölənəm?.. Bəs bu kimdi belə? – Müdir Xosrov müəllimə tərəf işarə etdi.
– Bu da... Bu da mənimlə kirayənişindi...
– Ölən anondu?
– Yox... Ev sahibəsidi...
– Bala, lap yaxşı də... Ölüb, Allah rəhmət eləsin... Kim yapışıb qalacaq bu dünyada?.. Hamımız öləcəyik də... Bəs məndən nə istəyirsən?
– Yer istəyirik də... Arvadı basdırmaq üçün yer...
– Mən yer bölən döyüləm, başuva dönüm sənin... burda yer yoxdur... Hökumət gül kimi təzə qəbiristanlıq açıb, aparın o rəhmətliyi orda basdırın də...
Tələbə milis mayoruna baxdı və fikirləşdi ki, bu yerdə axıra qədər mübarizə aparmaq lazımdı. Hökumət idarəsindəki biabırçılıqları açıb tökmək lazımdı, lap elə bu müdirin özünü mayorun yanında ifşa etmək lazımdı.
– Yer var!.. Yer üçün bizdən pul istəyirlər!..
– Bəs, pulsuz yer olar?– Müdir bu dəfə Xosrov müəllimi təpədən dırnağacan süzdü və ya tələbənin beləcə ehtirasla, beləcə birbaşa dediyi sözlərə, ya da ki, Xosrov müəllimin qiyafəsinə gülümsədi.
Tələbə hirslə və ürəyi döyünə-döyünə müdirə yox, milis mayoruna baxdı və:
– Yox e!.. Bizdən rüşvət istəyirlər! – dedi.
– Rüşvət? – Müdir də milis mayoruna baxdı və bu dəfə açıq-aşkar bir ləzzətlə gülümsədi. – Ola bilməz.
– Dörd yüz manat pul istədilər bizdən! – Tələbə ürəkləndi və o rəqəmi bir də təkrar etdi. – Dörd yüz manat!
– Sən rüşvətə qarşı mübarizə aparırsan?
Tələbə bilmədi ki, bu suala necə cavab versin, amma müdir daha onun cavabını gözləmədi – maraq itmişdi – və bu uzunsifət çeşməkli kişinin sifətinin ifadəsi göz-görəti dəyişdi, sərt bir tərzdə:
– Get, – dedi. – Get ölünlə məşğul ol!Vaxtım yoxdu!
Müdirin sözləri, sifətinin ifadəsi və ümumiyyətlə, dünyanın işləri birdən-birə tələbə Murad İldırımlının bütün içini bir etiraz, bir üsyan ehtirası ilə doldurmuşdu və əsəbdən tələbənin çənəsi əsirdi, ürəyi uçunurdu; tələbə udquna-udquna:
– Qanunsuzluqdu bu!.. – dedi. – Qanunsuzluqdu!.. Sovet İttifaqında belə qanunsuzluq eləmək olmaz...
Müdir milis mayoruna baxdı, astadan, amma eyni sərt ifadə ilə:
– Dur Məmmədov, dur Sovet İttifaqının qanununu göstər buna!– dedi.
Milis mayoru o dəqiqə ayağa qalxdı, cəld yaxınlaşıb, tələbənin qolundan yapışdı və tələbə milis mayorunun barmaqlarında bu kök adamın lırt bədəninə yaraşmayan bir polad möhkəmliyi hiss etdi.
– Gəl!.. Gəl!.. – Milis mayoru bir əli ilə tələbə Murad İldırımlını, az qala, yerdən qaldırıb özüylə birlikdə kabinetdən çıxartdı, sürətli addımlarla gözləri bərələ qalmış katibə qızın yanından ötüb gözləmə otağının həyət qapısını açdı, amma tələbənin qolunu buraxmadı, özü də onunla birlikdə həyətə çıxdı və eyni sürətli addımlarla tələbəni həyətin ortasındakı darvazaya sarı dartdı.
Mayor qolundan yapışıb elə dartırdı ki, tələbə heç bir tərəfə çevrilə bilmirdi, mayorun sürətli addımları müqabilində, az qala, qaça-qaça gedirdi və hirs onu boğduğu üçün, heç nə deyə bilmirdi, hətta qışqıra da bilmirdi. Xosrov müəllim də əllərini qara plaşının ciblərinə soxub sürətlə onların ardınca gedirdi. Mayor sol əli ilə darvazanın bala qapısını açdı və sağ əli ilə tələbəni zərblə dişarı itələyib:
– Bir də səni buralarda görməyim!– dedi.
Xosrov müəllim də Qəbiristanlıq İdarəsinin həyətindən çıxdı, bir neçə an üzüaşağı, tələbə ilə yanaşı addımladılar və birdən-birə tələbə daha heç cür özünü saxlaya bilmədi, burnunu çəkə-çəkə, səsini boğmağa çalışa-çalışa ağlamağa başladı, yaş gözlərindən axıb dodaqlarına çatanda və Murad İldırımlı o göz yaşının şor təmini ağzında hiss edəndə daha da için-için ağladı. Xosrov müəllim isə eləcə sükut içində tələbə ilə yanaşı addımlayırdı...
... Avtobus gəlib çıxanda və onlar iş vaxtının sonu olmadığı üçün boş avtobusa minəndə tələbə Murad İldırımlı daha sakitləşmişdi və indi yenə də öz acizliyinin, öz kiçikliyinin xəcalətini çəkirdi, amma bu vaxt qarşıda oturub gözlərini naməlum bir nöqtəyə zilləmiş Xosrov müəllimə baxdı və Xosrov müəllimin gözlərində elə bir ağrı gördü ki, içini bürümüş xəcalət hissi yox olub getdi. Tələbə – müşahidə qabiliyyəti olan bu cavan adam – indiyə kimi heç vaxt heç kimdə Xosrov müəllimin gözlərindəki qədər bir ağrı görməmişdi.
Kitabxana.az · https://kitabxana.az/works/elcin-olum-hokmu-4-qanunla-zarafat-elemek-olmaz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Abşeronda, dənizin lap kənarında bir kənd var idi və elə bil bu saat həmin kənd yer üzündə bircə kənd idi, çünki gün möhkəmcə şığıyırdı, hamı da gizlənmişdi evində-eşiyində, ins-cins yox idi və bu tənhalıq da daha təkcə bu kəndin tənhalığı deyildi, elə bil, günün beləcə qızmarında bütün yer üzünün, kürreyi-ərzin tənhalığı idi.Bu kəndin birmərtəbəli, ikimərtəbəli evlərindən, kol-kosdan çəpər çəkilmiş, taxtadan sürahi salınmış, daşdan hasar tikilmiş həyətlərindən, salxımları qoralamış meyvələrindən, qırmızı çiçəkli nar ağaclarından, tut ağaclarından, bolluca günəşindən başqa, bir də dənizi var idi və bu saat dənizin lap xırdaca ləpələri sahil qumlarına tərəf elə mülayim-mülayim gəlib-gedirdi ki, elə bil dəniz həmin kəndin tənhalığına layla deyirdi.
Günlərin bir günündə1. Qarlı gəzinti həsrətiTülkü çoxbilmişliyindən tələyə düşər, deyiblər, amma bu Tülkü çox bilməyinə lap çox bilirdi, tələyə də düşmürdü ki, düşmürdü. Bic idi, fəndgir idi, kəmfürsət idi. Anasının əmcəyini kəsən Tülkü idi.
Qış nağılıNovruz Cuvarlinskinin xatirəsinəBakıda qarlı-çovğunlu bir qış səhəri təzəcə açılırdı və həmin qış səhəri sübh tezdən yerindən qalxan Kərim kişi birinci növbədə uşaqlar yatan otağa girib qardan şüşələri tutulmuş pəncərədə bir balaca görümlü yer tapdı və gözünü ora zilləyib küçəyə baxdı: hər tərəfi basmış qardan başqa heç nə görünmürdü və bu gün qar dünənkindən də betər meydan oxuyurdu; qar idi, çovğunun vıyıltısı idi, bir də ki, külək bərkiyəndə heç eşidilməyən, sonra yenə də elə bil lap uzaqlardan gələn mahnı səsi – Marqarita Abramovna həmişəki kimi valı qoymuşdu patefonun üstünə.
Bu dünyada qatarlar gedərDünyada cürbəcür qatarlar var idi: «Bakı – Moskva», «Bakı – Novosibirsk», «Xarkov – Bakı», «Bakı – Odessa», «Mahaçqala – Bakı»... Yay başlayan kimi təzə qatarlar gəlib gedirdi: «Bakı – Kislovodsk», «Bakı – Soçi»...Qatarlar adamlarla dolu olardı. Adamlar cürbəcür olardı, cürbəcür geyinərdi.