9. «Ölüm, ya ölüm?»
Səhifə 2 / 4 · 25%
Qapı açıldı və Şair də, Dramaturq da, Ədəbiyyatşünas da, Folklorçu da, Filosof da, Dilçi də, Nəşriyyat müdiri də, Məktəb müdiri də, Kitabxanaçı da, Redaktor da, Xosrov müəllim də, o Bir Nəfər də cırıltısına heç cürə alışa bilmədikləri bir nigarançılıqla qapıya tərəf baxdılar: indi kimin familiyasını çağıracaqdılar və familiyadan sonra nə deyəcəkdilər (deyəcəkdilərmi?)?
Amma heç kimin familini çağırmadılar, iki nəfər keşikçi on üçüncü yeni məhbusu qollarından tutub sürüyə-sürüyə bir kisə torpaq kimi kameranın ortasında sementin üstünə atdılar və həmin cırıltıyla da qapını örtdülər, qıfılını çəkib bağladılar və addımlarının əks-sədası həbsxananın dəhlizindən bütün kameralara yayıla-yayıla getdilər.
O on üçüncü məhbusu, görünür, əvvəlcə istintaqa aparıb, sonra bu kameraya gətirmişdilər və o adamı o qədər döymuşdülər, işgəncə vermişdilər ki, – ingilis casusu idi? yoxsa buxarinçi idi? bəlkə trotskiçi, yaxud maskalanmış müsavatçı idi, bəlkə qəddar pantürkist idi (bəlkə elə hamısından idi?) və bunları boynuna almaq istəmirdi?– elə bil, heç inildəməyə də halı yox idi, yaxınlaşıb onu qaldırmaq, ona kömək eləmək istəyən Şairə, Dramaturqa, Ədəbiyyatşünasa, Folklorçuya, Filosofa, Dilçiyə, Nəşriyyat müdirinə, Məktəb müdirinə, Kitabxanaçıya, Redaktora, Xosrov müəllimə və o Bir Nəfərə baxdı, sonra təzədən Dramaturqa baxdı və qançır olub şişmiş göz qapaqlarının altından gülümsədi.
Bu adamın sifəti elə bir gündə idi ki, onu tanımaq mümkün deyildi, amma bu sifət həm tanış idi, həm də təpiyin, yumruğun altında yadlaşmışdı, amma buna baxmayaraq, Şair onu tanıdı və həyəcanla:
– Hamletdir!.. – qışqırdı. – Hamletdir! Yavaş olun! Yavaş qaldırın! Bu, Hamletdir!..
Bu kameradakılar da o on üçüncü məhbusu yalnız indi tanıdı. Azərbaycanda bütün xalqın sevə-sevə Hamlet adlandırdığı (səhnədə Hamletin unudulmaz surətini yaratdığı üçün) o artistin əsl adı, əsl familiyası, elə bil ki, Bakının qərb hissəsindəki Keşlə həbsxanasının o kamerasında hamının yadından çıxdı, elə bil ki, o on üçüncü məhbusu, doğrudan da, orta əsrlərdən, Danimarkadakı Elsioner qəsrindən tutub gətirib bura atmışdılar.
Və bir müddətdən sonra, Hamlet yerində dikəldi, yenə də bir-bir Şairə, Dramaturqa, Ədəbiyyatşünasa, Folklorçuya, Filosofa, Dilçiyə, Nəşriyyat müdirinə, Məktəb müdirinə, Kitabxanaçıya, Redaktora, Xosrov müəllimə və o Bir Nəfərə – tamaşaçılarına baxdı, bu adama elə bil ki, hardansa bir qüvvə, bir şövq gəldi və o ayağa qalxmaq istədi, amma ayağa qalxa bilmədi, yerində dizlərinin üstündə oturdu, onun şişib qançır-qançır göyərmiş simasına, elə bil ki, birdən-birə bir işıq gəldi və Hamlet çox məhbuslar görmüş, çox ah-nalələr eşitmiş o kameranın belə yəqin ki, divarlarına həmişəlik hopacaq, hətta sement döşəməsini, tavanını da dəlib keçəcək bir səslə Cəfər Cabbarlının tərcüməsində öz şah monoloqunu söyləməyə başladı:
– Olum, ya ölüm... Budur məsələ! Hankı daha şərəflidir? Düşmən qəzanın bu ağır toqaqlarına dayanmaq və ya fəna silabinin coşğun dalğalarına qarşı qoyub onu qorutmaq, əzmək... Yer üzündən qaldırmaq, ölmək, uymaq, bu qədər... Qəlbin iztirablarını, yaranmışların nəsibi olan minlərlə əzabları bir yuxu ilə bitirmək... Belə bir son istənilməzmi?..
Hamlet o kamerada o monoloqu söylədikcə, Xosrov müəllim heç cürə özü ilə bacarmırdı; bütün dünyanı, bütün həyatını, bütün taleyini yadından çıxarmaq istəyirdi, hər şeyi – altı yaşlı Cəfəri də, dörd yaşlı Aslanı da, iki yaşlı Azəri də, Şuşaya gedən o faytonun ardınca bir dolu parç su atan Şirini də, o ölü xoruzu da, o tonqalı da, gecə yatanda qollarını geniş açan Gülzarı da – hər şeyi unutmaq, unutmaq istəyirdi, yalnız Hamletə qulaq asmaq, yalnız Hamletin o monoloqu ilə yaşamaq istəyirdi; yox idi, dünyada nə Əflatun müəllimlər, nə də Xıdır müəllimlər, yalnız Hamlet var idi... amma Xosrov müəllim heç nəyi unuda bilmirdi və fikir dəli bir ehtirasla onu istintaqda keçirdiyi saatlara çəkirdi, yenə də müstəntiq Ələkbərovla üz-üzə gətirirdi...
... Müstəntiq Məmmədağa Ələkbərov tez-tez ətli dodaqlarını yalayırdı və istintaq otağında kiçik yazı mizinin üstündəki elektrik lampasının işığını düz Xosrov müəllimin gözlərinin içinə salıb:
– Deməli, belə... – deyirdi, sonra hər biri kiçicik bir çəllək kimi ətli barmaqlarını bir-bir mizin üstündə oynada-oynada soruşurdu: – Hadrutda rus dilində ərizələr yazmağını boynuna alırsan?
Müstəntiq Ələkbərov Xosrov müəllimin bütün tərcümeyi-halına bələd idi və Xosrov müəllim təəccüb edirdi ki, bu adamlar ki, təkcə bir onun barəsində bu qədər məlumat toplayırlar, bəs yerdə qalan o saysız-hesabsız xalq düşmənlərini ifşa etməyə necə vaxt tapırlar?
– Hə, boynuna alırsan də ki, Hadrutda rus dilində ərizələr yazırdın?
Xosrov müəllim udqunurdu, gur işığa görə heç nə görməyən gözlərini yumurdu, yenə udqunurdu, uzun hülqumu nazik boğazında enib-qalxırdı, başı ilə dediklərini təsdiq edə-edə:
– Yazırdım... – deyirdi.
Müstəntiq Məmmədağa Ələkbərov Xosrov müəllimin bu etirafından ləzzət alırdı, ətli dodaqlarını yalaya-yalaya, üçqat buxağını qaşıya-qaşıya bərayi-ehtiyat bir də soruşurdu:
– Deməli, yazırdın?
– Yazırdım...
– Kimə yazırdın?
– Camaat gəlib xahiş edirdi, mən də yazırdım...
– Yox, yox, bir dəqiqə!.. – Müstəntiq Ələkbərov ətir iyi verən yumşaq və ətli barmağını Xosrov müəllimin uzun burnunun qabağında saxlayırdı. – Bir dəqiqə dayan!.. Bilirsən ki, məni azdırmaq mümkün deyil! Mən Ələkbərovam, başa düşdün? Müstəntiq Ələkbərov! Başa düşdün, yoxsa yox?! – Və müstəntiq Ələkbərov qadın kimi gülürdü. – Mən səndən soruşuram ki, o ərizələri kimin adına yazırdın? Sualıma cavab ver!
– Rəhbərlərin adına...
Müstəntiq Ələkbərov ciddiləşirdi və elə bil ki, bir sıçrayışla qarşısındakını məhv edəcəkdi, soruşurdu:
– Buxarinin adına yazırdın?
– Nə bilim?..
– Hə, yoxsa yox?
– Bəlkə də...
– Bəlkəni əkiblər, əvəzinə noxud bitib! – Müstəntiq Məmmədağa Ələkbərov çiyinlərini ata-ata gülürdü.– «Bəlkə» olmaz! Hə, yoxsa yox?! Cavab ver!
– Ola bilər!
– Deməli, hə! Rıkovun da adına ərizə yazırdın?
– Rıkov Xalq Komissarları Sovetinin sədri idi də...
– Aha! Deməli, yazırdın!
– Camaat xahiş edirdi... Hərənin bir dərdi-səri var idi... Xahiş edirdilər, mən də hökumətin sədrinə yazırdım də...
– Bax, belə... Gör nə açılır iç üzün sənin? Adamı belə danışdırarlar! Müstəntiq Ələkbərovdan heç nə gizlətmək mümkün deyil!.. Deməli, Buxarindən, Rıkovdan kömək istəyirdin, hə? Zəhmətkeşlər arasında təbliğat aparırdın ki, Buxarin, Rıkov sizə kömək edəcək, hə? Cavab ver, hə?
Xosrov müəllim susurdu, arıq boğazının uzun hülqumu enib-qalxırdı, birdən deyirdi:
– Axı... Axı, yoldaş Stalinin də adına ərizələr yazırdım! Ən çox yoldaş Stalinin adına yazırdım!
Yoldaş Stalinin adı hər dəfə belə anlarda Keşlə həbsxanasındakı o istintaq otağına gərgin bir sükut gətirirdi və o sükut içində Xosrov müəllim müstəntiq Ələkbərovun mütəkkə kimi yoğun bədənində ürəyinin, elə bil ki, birdən-birə narahat döyüntüsünü eşidirdi. O sükut davam edirdi, müstəntiq Ələkbərov nə deyəcəyini bilmirdi və qəflətən Xosrov müəllimin üzünə tüpürürdü..
– Əclaf oğlu, əclaf! Məni provakasiyaya çəkmək istəyirsən?!
O bir lopa tüpürcək Xosrov müəllimin üzündən süzülüb dizlərinə qoyduğu əlinin üstünə tökülürdü...
– Ölmək... Uymaq... Uymaq?.. Bəlkə də röyalar görmək? Budur, işdə məsələnin çətin yeri... Həyatın boranları keçdikdən sonra bu ölüm yuxusunda biz nələr görəcəyik? Budur yolun keçidini kəsdirən, budur bizi uzun həyatın sürüntülərinə məcbur edən!.. Buna görədir ki, fəlakət bu qədər sürəklidir...
O fəlakət, elə bil ki, Hamleti yenidən titrətdi və eyni zamanda, Hamletə daxili bir güc gəldi, Hamlet yerindən tərpəndi, dırnaqları gömgöy qançır bağlamış yalın ayaqlarını kameranın sement döşəməsinə qoydu, taxtın üstündən qalxdı və o dəm Hamletin sifətindəki o yaralar görünmürdü, o dəm gözlərinə gəlmiş işıq sifətinə yayılmışdı və həmin işıqlı gözləri ilə bir-bir Şairə, Dramaturqa, Ədəbiyyatşünasa, Folklorçuya, Filosofa, Dilçiyə, Nəşriyyat müdirinə, Məktəb müdirinə, Kitabxanaçıya, Redaktora, Xosrov müəllimə və o Bir Nəfərə baxdı, Hamletin o işıqlı gözləri elə bil ki, o quyunun dibində o adamların ürəyinə ilıq, hətta isti bir şüa saçdı, eyni zamanda, o ürəkləri qəhərlə doldurdu, o qəhər onların boğazına pərçim olub qaldı.
– Yoxsa dünyanın bu zülm fəsadına, hökmranların təkəbbürünə, güclülərin təhqirinə qaytarılmış, tapdanmış bir eşqin acı iztirablarına, qanunların boşluğuna, hakimlərin utanmazlığına, rəzillərin xidmətlərinə qarşı coşan nifrətlərə kim dayanmaq istərdi? Halbuki bir xəncər bizi bunların hamısından əbədilik qurtara bilər!..
... Müstəntiq Məmmədağa Ələkbərov ətli dodaqlarını yalayırdı, üçqat buxağını qaşıyırdı və ətli barmaqları ilə kiçik yazı mizinin üstündə qarşısına qoyduğu kitabı vərəqləyirdi. Bu, Veniamin Kaverinin «Konets xazı» kitabı idi, Xosrov müəllimi evdən aparanda axtarış zamanı Hadrutdan (həyatının Hadrut parçasından!) o yeganə yadigarı müsadirə etmişdilər və indi istintaq zamanı həmin kitab onun əksinqilabi fəaliyyəti ilə bağlı əşyayi-dəlil idi.
Kitabxana.az · https://kitabxana.az/works/elcin-olum-hokmu-9-olum-ya-olum
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Axşam düşmüşdü, Bakının aşağısından – Xəzər tərəfdən yüngül bir yaz mehi əsirdi və həmin meh o aprel axşamı Tülkü Gəldi Qəbiristanlığında Qəbiristanlıq İdarəsinin həyətindəki xartut, əncir, gilas ağaclarının təzə-tər yarpaqlarını güclə eşidiləcək bir xışıltıyla səsləndirirdi, o xışıltı həyətə yayılırdı və elə bil ki, o böyük həyətin həmin anlardakı müvəqqəti sakitliyinə, kimsəsizliyinə bir məhrəmlik gətirirdi.Əlbəttə, Gicbəsər o yarpaq xışıltısını eşidirdi, amma ağaclara tərəf baxmırdı; qarovulçu Əflatunun köşkünün damında dal ayaqlarını altına yığıb, qabaq ayaqlarını irəli uzadıb, o yüngül yaz mehinin əsdiyi səmtə – axşamüstü uzaqda qaralmağa başlayan dənizə tərəf baxırdı.
2. «Əzizimin cəfası» romanıElə ki, həmin aprel səhəri açıldı, elə ki, sübh tezdən məhəllənin qapıları cırıldadı, çayniklər su ilə doldurulub qazın üstünə qoyuldu, camaat həyətlərdəki ayaqyoluna girib-çıxmağa başladı, həyət adamları bir-birilə salamlaşdı, uşaqlar çörək dalınca Ağabalanın dükanına qaçdılar, o saat da bütün məhəlləyə xəbər yayıldı: gecə Xədicə arvad rəhmətə gedib və həmişə belə bəd xəbərli vaxtlarda olduğu kimi, arvadlar qara kəlağayılarını tələm-tələsik başlarına salıb Xədicə arvadın evinə getdilər, kişilər də yazıq Xədicə arvadın birmərtəbəli, üçotaqlı evinin qabağındakı balaca həyətə yığışmağa başladılar.Adamlar bir-bir o balaca həyətə doluşduqca Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin dördüncü kursunda təhsil alan tələbə Murad İldırımlı sentyabrın 1-dən bu tərəfə səkkiz ay yaşadığı bu məhəllənin gözə görünməyən teleqram sisteminə məəttəl qalırdı – elə bil ki, məhəllədəki dalanların, evlərin divarları, qapıları, pəncərələri, küçəyə düzülmüş qənbərlər bir-birinə xəbər verirdi və nə olurdusa, bütün bu ətrafda nə hadisə baş verirdisə, gecə, ya gündüz, fərqi yox idi, bircə anın içində bütün məhəlləyə yayılırdı. Tələbə Murad İldırımlı sağ əlinin baş barmağının dırnağını çeynəyə-çeynəyə, həyətə toplaşmış məhəllə kişilərinə baxırdı, sonra birdən yadına düşürdü ki, dırnağını çeynəyir, tez əlini ağzından çəkirdi.
3. Əbdül QafarzadəƏbdül Qafarzadənin çarpayısı yataq otağının küçə pəncərəsi ilə üzbəüz idi və o, adəti üzrə sübh tezdən yuxudan duranda ilk növbədə bayırın işığını görürdü, daha doğrusu, bayırın rəngini görürdü və həmin rəng çox zaman bu adamın bütün gününün rənginə çevrilirdi; çarpayıda gözünü açıb bayırın rəngini tutqun görürdü və elə olurdu ki, həmin gününü başdan-başa qayğıların içində keçirirdi, mənfi emosiyalar bir-birini əvəz edirdi, bircə dənə də olsun, ürəkaçan şey olmurdu ki, ürəyi açılsın, üzü gülsün. Bunu bəlkə də özünə təlqin etmişdi, bilmirdi, amma, hər halda, bu belə idi, hətta qış zamanı sübh tezdən hələ hava qaranlıq olanda da onun üçün o qaranlığın tutqunu – ürək sıxanı və aydını – ürək açanı var idi.Uşaq bu dünyadan köçəndən sonra düz altı il idi ki, Qaratel nəinki əriylə bir çarpayıda, hətta Əbdül Qafarzadə ilə bir otaqda da yatmırdı və bütün bu altı ildə gecələr Qaratel nə çəkirdi, bunu bir Allah bilirdi, bir də ki, Əbdül Qafarzadə görürdü, hiss edirdi və belə vaxtlar Əbdül Qafarzadə özü öz köməksizliyindən, dünyanın beləcə əlacsız işlərindən o qədər sarsılıb, bədbinləşirdi ki, doğrusu, heç yaşamaq istəmirdi, bütün həyatı, bütün əzab-əziyyəti ona yaşayışın özü kimi mənasız görünürdü.
4. Qanunla zarafat eləmək olmazMurad İldırımlı dörd illik tələbəliyi ərzində yalnız bir dəfə şəhər qəbiristanlığına gəlmişdi (onda «Hər şey keçib gedir...» adlı bir hekayə yazırdı – indiyə qədər Muxtar Xudavəndənin yeşiyindədi, – buna görə də qəbiristanlığı görmək lazım idi), bir küncdə dayanıb hansı bir dəfn mərasimini isə müşahidə etmişdi və o zaman qəbiristanlığı belə nəhəng, belə ucsuz-bucaqsız görməmişdi. Həmin aprel günü isə tələbə, Xosrov müəllimlə birlikdə Qəbiristanlıq İdarəsində oturub müdiri gözləyə-gözləyə Tülkü Gəldi Qəbiristanlığı barədə fikirləşirdi; tələbəyə elə gəlirdi ki, bu balaca gözləmə otağının havası da cürbəcür qazlardan yox, kiçicik qəbir daşlarından ibarətdir. Onuncu sinfi ki, bitirəndən sonra birinci dəfə kənddən çıxıb gəlib Bakını görmüşdü, o zaman bu şəhərin böyüklüyü, bu şəhərin soyuqqanlığı, bir-birini tanımayan, elə hey harasa tələsən adamların çoxluğu, avtobuslardakı, trolleybuslardakı, basa-bas Murad İldırımlını necə sarsıtmışdısa, necə təsir etmişdisə, Tülkü Gəldi Qəbiristanlığının da böyüklüyü, yan-yana düzülmüş və ucu-bucağı görünməyən qəbir daşlarının lal sükutu indi onu eləcə sarsıtmışdı, ona eləcə təsir etmişdi.Qəbiristanlıq İdarəsinin yolunu tanımadıqları üçün, Xosrov müəllimlə avtobusdan Tülkü Gəldi Qəbiristanlığının aşağı başında düşmüşdülər və qəbirlərin arası ilə də xeyli yol getdilər. Bütün qəbiristanlıq bomboş idi və Xosrov müəllimlə tələbə Murad İldırımlı Qəbiristanlıq İdarəsinin yerini heç kimdən soruşa bilmirdilər. Biri arıq, uzun və iri addımlı, o biri gödək, yöndəmsiz və yanındakı ilə ayaqlaşmaqdan ötrü, az qala, yüyürən bu iki nəfəri – bu cavanı və qocanı nimdaş əyin-başlarının kasıbçılığı eyniləşdirirdi, ikisinin də baxışında, sifətində, hərəkətlərində bir köməksizlik, əlacsızlıq, acizlik var idi və bu da onları o bomboş Tülkü Gəldi Qəbiristanlığında daha artıq miskin göstərirdi və bu dəm onların o miskinliyi ilə o qəbirlərin də arasında, elə bil ki, bir oxşarlıq var idi.
Başqa şairlərin şeirləri
Sizlərsiniz ey qövmi-Macar, bizlərə ixvanƏcdadımızın müştərəkən mənşəyi Turan.
SualAləm, səndən mən bir xəbər alayım,Cənnətin çırağı nə içindədir?
Cənab Cəfərqulu xan Aşıq Pəri Maralyaniyə, Pəri isə Cəfərqulu xana yazmışdırCəfər qulu xan:Sən, ey Pəri, mələk pərvərdəsisən,
BayatılarMən aşiqəm, Qarabağ,Şəki, Şirvan, Qarabağ.