Səhifə 3 / 6 · 33%

Külək isə get-gedə bərkiyirdi.

Və həmin küləkli mart gecəsinin də əsas əhvalatı bundan sonra başladı.

Restoranın qapısı açıldı və üç nəfər cavan kişi içəri girdi və Poqosovun sərrast gözləri o saat bu oğlanların kimliyinin fotosunu çəkdi: rayondan gəlmişdilər, Bakıda yaşayana oxşamırdılar, tələbə də deyildilər, ticarət işçilərinə də oxşamırdılar, amma, hər halda, pulları var idi və belələri özlərini sındırmamaq üçün ciblərindəki qara qəpiyəcən Bakı restoranlarında geninə-boluna xərcləyirdilər ki, ofisiant elə bilməsin ki, restorandan başları çıxmır.

Təbii ki, Poqosov tez özünü bu oğlanların yanına verdi: düzdü, hələlik boş yeri yoxdu, amma bir az gözləsinlər, ode, orkestrin yanındakı miz indicə boşalacaq, nə hörmət lazımdısa eləyər onlar üçün, amma ortada dayanmış sarışın kişi ağzını açanda Poqosov təəccüb etdi, çünki bu sarışın kişi Bəbiri xəbər aldı və doğrusu, Bəbir özü də bu müştərilərin onu soruşduqlarını eşidib təəccübləndi, çünki Bəbir özü üçün xüsusi müştəri yığmırdı, çünki Bəbir acgöz deyildi, çünki, onsuz da, Allah Bəbirin gündəlik ruzisini yetirirdi və hər gecə yataqxanada çarpayının altındakı çamadanda saxladığı pulların üstünə pul gəlirdi – on manat, on beş manat, iyirmi manat, hər halda, ayda iki-üç ali təhsilli mühəndisin qazancı yığılırdı.

Bəbir sarışın kişini əvvəlcə tanımadı, amma sarışın kişi yeriyib camaatın içində Bəbiri qucaqlayanda, Bəbirlə öpüşəndə başa düşdü ki, bu, Sarı Zakirdi, uşaq vaxtı Poylu stansiyasında bir yerdə peyin eşirdilər və Bəbir əməlli-başlı dilxor oldu, çünki bu uzun illər boyu Poylu stansiyası ilə bu restoran arasında elə bir məsafə əmələ gəlmişdi ki, həmin məsafəyə daha nə qatarın gücü çatırdı, nə də maşının və Bəbir gözünün ucuyla burasını da gördü ki, Sarı Zakirin onu restoranın ortasında beləcə qucaqlayıb öpməyi Pakizə xanımın xoşuna gəlmədi və metrdotelin bir az qıyqacı baxan göy gözləri məzəmmətlə Bəbiri süzüb, o biri restoran işçilərinə baxdı ki, görsün onlar bu hadisəni necə qiymətləndirirlər.

Əlbəttə, Bəbir təxminən on-on iki il görmədiyi Sarı Zakiri restorandan qova bilməzdi, restoran Bəbirin restoranı deyildi, hökumətin restoranı idi və Bəbir qaşqabağını da nə qədər turşutsaydı, gönüqalın Sarı Zakir, onsuz da, heç nə başa düşməyəcəkdi və buna görə də Bəbirin əl verib Sarı Zakirin dostları ilə də tanış olmaqdan başqa əlacı qalmadı.

Sarı Zakirin dostları Bəbirlə xüsusi hörmətlə görüşdülər və burası da açıq-aşkar hiss olunurdu ki, Sarı Zakir Bəbirlə tanışlığı ilə fəxr edir, Bakı kimi yerdə, bu cür mədəni restoranda Bəbir kimi geyimli-kecimli uşaqlıq dostu olmaq, əlbəttə, zarafat deyildi.

Sarı Zakir dedi:

– Sənin canın üçün, Bəbir, eşikdə bir külək var, götür başını bu dünyadan qaç. Dedim, ə, bəri gəlin, Bəbir kimi əjdahamız var bu şəhərdə, haqq-say var aramızda! Yox, nəmxuda, lap yaxşısan! Mən də sağlığına pis dolanmıram!..

Bəbir onları restoranın ortasında, öz mizlərindən birinin arxasında əyləşdirdi və Sarı Zakirdən də soruşmadı ki, nə münasibətlə Bakıya gəliblər, nə bilib ki, Bəbir bu restoranda işləyir. Poyluda nə var, nə yox? Əvvəla ona görə ki, üz vermək istəmirdi, çünki çöl adamına ki, üz verdin, sonra dalında dayana bilməyəcəksən, ikincisi, onsuz da Sarı Zakir ağzını yummurdu, özü sual verib, özü də cavab verirdi, üçüncüsü də ona görə ki, bu saat Poylu stansiyasında nə varıydı, nə yoxuydu, bunun Bəbirə dəxli yoxuydu, bir anasıydı Poyluda, ona da ayda iyirmi beş manat pul göndərirdi, vəssalam, daha Poylu stansiyası ilə Bəbiri bağlayan başqa bir şey yox idi və Bəbir burasını da yaxşı bilirdi ki, o zaman ki, Bəbir özünü əməlli-başlı tutacaqdı, onda çox qohumu, çox ürəyi yananı peyda olacaqdı və bunların ayağını indidən kəsmək lazım idi; Bəbir qələmlə sifariş dəftərçəsini əlində hazır tutub:

– Nə yeyəcəksiniz? – soruşdu.

– Nə lazım bilirsən, özün gətir. Belə əntiqə şey nə varsa, hamısından gətir, a Bəbir. – Bunu da, təbii, Sarı Zakir dedi.

Bəbirin ürəyinə gəldi ki, Poylu stansiyasının camaatından nə desən çıxar, birdən bunlar Bəbirin hesabına müftə yeməyə gəlmiş olarlar və ona görə də dedi:

– Qiymətləri cürbəcürdü axı. Ucuzu var, bahası var, lap bahası var...

– Lap bahasından da bahalısı var, a Bəbir? – Sarı Zakir güldü. – Bax, onnan gətir. Pulumuz kefin istəyəndi! – Sonra Sarı Zakir yoldaşlarına baxdı ki, yəni necə dedim? Əla dedim, yoxsa yox? Və yoldaşları da razılıqla gülümsəyib başlarını tərpətdilər, yəni ki, lap yaxşı dedin.

Düzdü, Bəbir acgöz deyildi, amma, hər halda, o ofisiant deyildi ki, pullu müştəri ürəyincən olmasın və Bəbir də bir balaca toxtadı, əvvəlki gözəl ovqatı yavaş-yavaş özünə qayıtmağa başladı və mətbəxdə vəzndə ağır, çəkidə yüngül nə vardısa Sarı Zakirin adından sifariş dəftərçəsinə yazmağa başladı.

Noranın fasiləsi qurtarmışdı, yenə də estradaya qalxmışdı və bu dəfə hind dilində «Baycu Bavra» filmindən bir mahnı oxumağa başladı və Noranın həm görünüşü, həm səsi, həm də hərəkətləri Zakirgilə o dərəcədə təsir etdi ki, bir müddət susub bilmədilər ki, nə eləsinlər, Noranı və onun oxumağını tərif eləsinlər, tənqid eləsinlər, ya da zarafata salsınlar, axırda Sarı Zakir təkcə elə bunu dedi:

– Bu nədi ə, a Bəbir?

Bəbir Sarı Zakirin heyrət dolu bu sualına heç bir cavab vermədi və mətbəxdən daşıyıb gətirdiyini həmişəki qayda ilə mizə düzdü və Pakizə xanım da daha məzəmmətlə Bəbirə tərəf baxmırdı, çünki Bəbir yenə də həmişəki Bəbir idi və pullu müştərilərinə qulluq edirdi.

Zakirgil də daha Noraya fikir vermirdilər, çünki Bəbirin gətirib qabaqlarına düzdüyü bu yeməklər onlara Noradan da artıq təsir etmişdi və Sarı Zakir əlini atıb araq şüşəsinin ağzını açmaq istəyəndə Bəbir ona macal vermədi, özü araq şüşəsini götürüb ağzını açdı, sonra da şüşəni ağ dəsmalla tutub Sarı Zakirin də, dostlarının da qədəhini bir-bir doldurdu və Bəbirin bu hərəkəti Zakirgilə o qədər təsir etdi ki, Nora da, mizin üstündəki bər-bəzəkli yeməklər də yalan oldu və Sarı Zakir boğazını haqlamış qəhəri güclə boğub dedi:

– Mən ölüm, a Bəbir, tez-tez elə, özünə də süz görək.

Bu cür təklifləri çox eşitmiş Bəbir, təbii ki:

– Mənə olmaz, – dedi və Zakirgildən uzaqlaşıb o biri müştərilərinə baş çəkməyə başladı.

O biri müştərilər yenə də üç kişidən (ikisi, deyəsən, Moskvadan gəlmişdi, biri də azərbaycanlı idi, sifarişi də o verirdi, yeməkləri də tərifləyirdi və təbii ki, haqq-hesabı da o verəcəkdi), bir kişi ilə bir qadından (hiss olunurdu ki, ər-arvad deyillər və hələ ki, aralarında bir şey olmayıb və kişinin bütün ümidi bu gecəyədir), iki cavan oğlandan (bunlar atalarının hesabına vuranlardan idi və Bəbir belələrini yaxşı tanıyırdı və ürəyində onlardan zəhləsi gedirdi, amma müştəri müştəri idi və müştərinin kimin hesabına vurmasının ofisianta dəxli yox idi), üç cavan qadınla üç cavan kişidən (bunlar bir-birinə yaxın adamlar idi, ya da bir yerdə işləyirdilər, ya da qohum, yaxın dost idilər və Bəbirin belə xudmani məclislərdən xoşu gəlirdi, çünki ev qadınları olduğu üçün belə məclislər, adətən, dedi-qodusuz, dava-dalaşsız, mədəni keçirdi, kişilər də arvadlarının etirazına baxmayaraq yaxşıca içirdilər və hesabı da yaxşıca, artıqlaması ilə ödəyirdilər) ibarət idi və Bəbir bu müştərilərə xidmət etdikcə bayaqkı ovqatı tamam-kamal gəlib öz yerini tuturdu; hər şey öz qaydası ilə gedirdi və hər şey yenə də gözəl idi.

Bu Sarı Zakirin səsi restoranı başına götürdü:

– Bəbir, a Bəbir! Bəbir, mən ölüm, bir bura gəl!

Tərs kimi, Əlifağanın orkestri də əldən düşüb susmuşdu və əlbəttə, Pakizə xanımın qaşları çatıldı, məzəmmətlə dolu göy gözlərinin qıyqacı baxışı Bəbirin alışıb-yanmağa başlayan sifətinə sancıldı.

– Bəbir, a Bəbir!

Bəbir iti və sərt addımlarla Zakirgilin mizinə yaxınlaşdı ki, Sarı Zakir dana kimi böyürməyini kəssin və ümumiyyətlə, bir də Bəbirin adını çəkməsin, amma Sarı Zakir də Sarı Zakir idi, Bəbirə ağzını açmağa macal vermədi:

– A Bəbir, sən Əbdülkərim müəllimin qəbri, yüz qram vur bizimlə, a qansız, yüzcə qram, vəssalam!

Bəbirin ilk başa düşdüyü bu oldu ki, bircə anın içində halı xarablaşdı, ürəyi ağrıdı, ya mədəsi ağrıdı, ya nə oldusa, halı tamam xarablaşdı, elə bil, həmin bircə anda qulaqları kar oldu, niyə belə oldu? – özü də bilmədi, sonra narın bir tər gəldi bədəninə və o narın tərin soyuğunu Bəbir kürəklərinin arasında hiss etdi, niyə axı belə oldu? Yəni bu dərəcədə çox istəyirmiş Əbdülkərim müəllimi? Və hərgah Əbdülkərim müəllimi beləcə çox istəyirmişsə, niyə, ancaq indi, bu zırrama Sarı Zakir adını çəkəndə yadına düşdü? Amma di gəl ki, bu tər də əsl soyuq tər idi, bu döyüntü də Bəbirin ürəyinin döyüntüsü idi, başqasının deyildi və Bəbir təkcə bunu soruşdu:

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri