Səhifə 5 / 6 · 67%

Nora fransız mahnısı oxuyurdu və fransızca oxuyanda hər dəfə «R» hərfini elə «r-r-r-r-r» deyib uzadırdı ki, qara qarğa qələt eləyərdi, amma Əlifağa hamıya deyirdi ki, Nora düz oxuyur, çünki ən məşhur fransız oxuyanları «r»nı beləcə uzadırlar, bu da, bir növ, fransız muğamıdır.

Bayırda külək elə bərkimişdi ki, hərdənbir qıy vurub Əlifağanın orkestrinin gurultusu arasından da eşidilirdi və o səsi eşidəndə indi Bəbirə elə gəlirdi ki, bayırın küləyi əslində Bəbirin adını çəkir, Bəbiri çağırır, amma daha Bəbiri qucağına alıb aparmağa yox, Bəbiri döyməyə çağırır, ağzını-burnunu əməlli-başlı əzişdirməyə çağırır və ən qəribəsi də bu idi ki, bu dəm Bəbirin bütün varlığı beləcə döyülməyin həsrətində idi.

Bəbir çalışırdı ki, Pakizə xanımla, o biri ofisiantlarla göz-gözə gəlməsin və tələm-tələsik o biri müştərilərinə qulluq edirdi, amma əlləri titrəyirdi, qılçı sözünə baxmırdı və müştərilər də təəccüblə Bəbirin qızarmış nəm gözlərinə, titrəyən əllərinə baxırdı.

Bəbir əvvəlcə hər şeyi atıb restorandan qaçmaq, bayırda bir taksiyə oturub yataqxanaya getmək, üzü üstə çarpayıya düşüb doyunca ağlamaq, sonra da yatmaq istədi və Bəbir bilirdi ki, indicə belə eləsə, bayıra qaçıb taksiyə minsə, sabah yenə də hər şey qaydasına düşəcəkdi, bu gecə Zibayla Poqosov Pakizə xanımın rəhbərliyi ilə birtəhər Bəbirin müştərilərinin haqq-hesabını çəkəcəkdilər, onları yola verəcəkdilər, sonra iclasda Bəbiri bir az danlayacaqdılar, uzaqbaşı bir töhmət verəcəkdilər, vəssalam. Bəbir də yalandan bir əhvalat uydurub danışacaqdı, nə bilim, anamdan pis xəbər gətirmişdilər, yaxud restorana gələn o sarı pişik rəhmətlik bacımın sevdiyi oğlan idi və s. Sonra da üzr istəyəcəkdi və hər şey də düzələcəkdi, amma bütün bunların hamısını ağıl deyirdi, beyin deyirdi, görək ürək də bunu deyirdimi? Ürək başqa söz deyirdi, ürəyin nə dediyi düzdü, tamam məlum deyildi, amma Bəbir hiss edirdi ki, ürək başqa söz deyir, ürək başqa yerə çəkir, elə bir yerə ki, bol işığı olsun və o bol işıq beləcə kərpic-kərpic buz bağlamasın.

Zakirgilin süfrəsi yarımçıq və tamam boşalmış araq, çaxır şüşələri ilə dolmuşdu və Zakirgil Bəbirin aşığın sözüylə söylədiyi sağlıqdan sonra ağlayıb özlərinə gəlmişdilər və Sarı Zakir ayağa qalxdı, yanından ötən Bəbirin qolundan tutub saxladı, dostlarına:

– Tökün! – dedi. – Siz tökün, mənim sözüm var! Bunu qaldıraq, bax, bizim bu Bəbirin sağlığına.» A Bəbir, a qadan alım sənin, sən ki, beləcə geyinib-kecinməyinə baxmayaraq, belə bir hörmətli restoranın gözü olmağına baxmayaraq, bizi belə ürəkdolusu qarşıladın, bizimlə oturub yüz qram araq içməyi özünə ayıb bilmədin, sən ki, bizim ürəyimizdən söz deyib bizi... – Sarı Zakir yenə kövrəldi, – bizi... bizi ağlatdın, səni min yaşa!

Zakirgil araq içdilər, amma Bəbir çaxır içdi, çünki, əslində, Bəbirin ürəyi içmək istəmirdi, amma Bəbir baxıb gördü ki, Pakizə xanımın rəngi-rufu tamam ağarıb və Pakizə xanım qəzəblə düz Bəbirin gözlərinin içinə baxır, onda Bəbir bircə anın içində özündən çıxdı və bu ilan gözlü Pakizə xanımın acığına Zakirgilin yanındakı boş kürsüdə oturub dedi:

– Birin də tök!

– Ə, tez eləyin, birin də süzün! – Sarı Zakir Bəbirin qabağına öz boşqabını, çəngəl-bıçağını qoydu, elə bil ki, səhərdən bəri Bəbirin onlara qulluq eləməyinin əvəzini çıxmaq istəyirdi.

– Qarğa köpək qızı, qarıldayıb qurtarmır! – Bəbir nifrətlə Noraya baxdı və Noranın təbii ki, Bəbirin sözlərindən xəbəri yox idi, «r»ları uzada-uzada yenə də fransız mahnısı oxuyurdu.

Sarı Zakir bilmədi ki, Bəbirin bu oxuyan arvadı söyməyinə nə desin, özü də Bəbirə qoşulub söysün, ya neyləsin?

Pakizə xanım qəzəbdən alışıb-yanan gözləriylə, hirsdən-hikkədən ağappaq ağarmış sifətiylə Bəbirə nəsə him-cim eləyirdi və Bəbir başa düşürdü ki, Pakizə xanım him-cimiylə Bəbiri mizin arxasından qaldırmaq istəyir, amma bu him-cimlər daha Bəbirin vecinə deyildi, çünki aşıq yaxşı demişdi, könül həris deyil dünya malına... və bu dünyada ki, kərpic kimi buz işıqlar var idi və bu kərpic kimi buz işıqlar ki, adamın ürəyini beləcə üşüdürdü, onda o çarpayının altındakı çamadana adamın yazığı gəlirdi, o çamadan çamadanların ən havasızı idi, ən yöndəmsizi idi, köməksizi idi və o çamadan sahibinə də adamın yazığı gəlirdi.

Sarı Zakirin dostlarından birinin başı pırpızaqlı, sifəti sızanaqlı idi, əyninə bir az böyük olan göy kostyum və qırmızı neylon köynək geymişdi, boynuna da yaşıl qalstuk bağlamışdı və Bəbirin gözü bu qalstuka sataşanda birdən-birə həmin qalstukun yaşılı Bəbirin gözlərində əriyib yayılmağa başladı və bu yaşıl çoxdan unudulub getmiş o dağın yaşılına çevrildi; onda Bəbir lap balaca uşaq idi və Bəbir bilməzdi ki, indiyə qədər o yaşılı beynində saxlayıb, ürəyində saxlayıb; Poylu stansiyası bomboz aran idi və bataqlıq qamışından başqa bir yaşıllığı yox idi, amma o uzaq uşaqlıq çağında bir dəfə anası Bəbiri də maşına mindirib harasa apardı, xeyli yol getdilər, maşın dolama yollarla dağa qalxdı və o dağda, o yolların kənarında, o evlərin arasında Bəbirin heç vaxt görmədiyi və təsəvvürünə gətirmədiyi bir yaşıllıq var idi və həmin yaşıl otlar, yaşıl ağaclar, yaşıl kollar, bu yaşıllıq içində adama gülümsəyən qırmızı, bənövşəyi, narıncı, mavi, ağ, qəhvəyi gül-çiçək o balaca Bəbiri elə bir heyrət və sevinc aləminə salmışdı ki, Poylu stansiyasına qayıdandan sonra da bir neçə ay o gözəl aləmdən çıxmadı, gecələr yuxuya getməzdən əvvəl gözlərini yumub həmin yaşılı, həmin yaşıl içindəki qırmızını, bənövşəyini, narıncını, mavini, ağı, qəhvəyini gördü və Bəbirin yetimliyi o görümün qabağından gedirdi.

Əriyib hər tərəfə yayılmış o yaşıl yenə qurudu, sıxıldı və qalstuk olub başı pırpızaqlı, sifəti sızanaqlı bu oğlanın boynundan asıldı və Bəbir ürəyinin giziltisi ilə fikirləşdi ki, uşaq vaxtındakı o səfərdən sonra heç vaxt elə yaşıllıq görməyib, yaşıl içində gülən elə qırmızı, elə bənövşəyi, narıncı, mavi, ağ, qəhvəyi görməyib və ümumiyyətlə, Bəbir heç nə görməyib.

Bəbir:

– Yaxşı yeyin-için, – dedi. – Bu gün mənim qonağımsız!

Sarı Zakir tamam özündün çıxdı:

– Ə, gördünüz?! Gördünüz, yoxsa yox?! Demədim sizə ki, Bəbir qoymayacaq əlimizi cibimizə salaq? Ə, mən sizə dedim bunu, yoxsa demədim?

Pakizə xanım isə him-cimində idi.

Sarı Zakirin başı pırpızaqlı dostu da Bəbirə him-cim eləyən Pakizə xanıma baxırdı və birdən üzünü Bəbirə tutub udquna-udquna dedi:

– Onu...

– Nə?

– Onu də...

– Nə onu?

– Bişir də mənim üçün onu...

Bəbir pırpızaqlı oğlanın bu xahişinə cəmi bircə an təəccüb etdi, sonra Bəbiri gülmək tutdu və Bəbir Pakizə xanıma baxa-baxa az qaldı gülüb özündən getsin. Bəbir heç vaxt ağlına gətirməzdi ki, Pakizə xanıma da başqa gözlə baxmaq olar və Bəbir indi Pakizə xanıma baxa-baxa onu çox biədəb vəziyyətlərdə təsəvvür etdi və daha da bərkdən gülməyə başladı.

Əlbəttə, nə Sarı Zakir, nə dostları Bəbirin birdən-birə beləcə gülməyindən bir mətləb anlamadılar və bu vaxt ətrafındakı mizlərin arxasındakı müştərilər Bəbirin qarasına deyinməyə başladılar.

– Su noldu?

– Limon demişdik axı!

– Tabaka qızarmadı?

– Şampan hanı?

Pakizə xanım qəti addımlarla Bəbirə yaxınlaşdı və düz Bəbirin başının üstündə dayanıb hirsindən dodaqları səyriyə-səyriyə:

– Yoldaş ofisiant! – dedi və bilmədi ki, sözünün dalını necə davam etdirsin, belə bir vəziyyətində Bəbirə əmr eləsin ki, dur işinlə məşğul ol, yoxsa hələlik xahiş eləsin, amma Pakizə xanımın çox götür-qoy eləməyə vaxtı qalmadı.

Bəbirin müştəriləri arasında iki cavan oğlandan biri ayağa qalxıb bərkdən qışqırdı:

– Özün oturub orda kef eləyirsən, biz də səhərdən burda şampanski gözləyirik!..

Bəbir bığ yeri təzəcə tərləyən bu oğlana altdan-yuxarı baxdı və özü də bilmədi ki, necə yerindən durdu, qolu ilə Pakizə xanımı necə özündən kənar elədi və necə bağırdı:

– Gedin özünüz gətirin! Gedin! Hamınız gedin nə istəyirsiniz özünüz gətirin! O siz, o sizin xosrəngi mətbəxiniz, o da julik Ağacəfər! Brilyant!

Elə bil ki, səhərdən bəri bütün bu əhvalatı lentə çəkirdilər və bu yerdə lenti saxladılar, elə bil bir anlıq restoranda həyat dondu, sonra yenə lent çəkilməyə başladı, Pakizə xanım alışıb-yanan qıpqırmızı qulaqlarına inanmadı, Poqosov təkcə elə öz-özünə «–Vax!» – deməklə kifayətləndi, Ziba birdən-birə gizli məhəbbət dolmuş gözlərilə Bəbirə baxdı, elə bil ki, əsl qəhrəmana baxırdı, Əbülfət burnunu çəkə-çəkə, gözlərini qırpa-qırpa yerində bonub qaldı, Əlifağaya isə elə gəldi ki, dünyanın axırıdı, az qaldı ayıla, çünki dünyanın axırı olmasaydı, Bəbir kimisinin biri bu qədər camaatın içində o boyda kişi haqqında belə qələt eləməzdi və onsuz da, ürəyi həmişə səksəkədə olan Əlifağa burasını da fikirləşdi ki, bəlkə, bu Bəbirdi-nədi, bunun qulağına söz çatıb, Ağacəfərin başında bir iş var, amma sonra Ağacəfərin təmiz qırxılmış, dolu və hamar sifəti, çal bığı, qızıl dişləri Əlifağanın gözlərinin qabağına gəldi və Əlifağa bir az toxtadı, amma çalmağına daha çalmadılar və gözlədi ki, bu mərəkənin axırı nə olacaq.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri