Ayaqqabı
Səhifə 4 / 6 · 50%
– Əbdülkərim müəllim ölüb bəyəm?
– Bay... Əbdülkərim müəllim, Allah ona rəhmət eləsin, – və Sarı Zakir Əbdülkərim müəllimin xatirəsindən daha çox mizin üstündə boşalmış araq şüşələrinin təsirindən ağlamsındı. – Yeddi-səkkiz ildi ömrünü tapşırıb bizə, gedib, a Bəbir!..
Bəbir daha heç bir şey deməyib Zakirgilin mizindən aralandı və gedib restoranın pəncərəsinin qabağında dayandı: bu dəm Bakının bütün işıqlı pəncərələri gözünü dikmişdi Bəbirin sifətinə və Bəbir fikirləşdi ki, o uzaq pəncərələrin arxasında nə qədər müxtəlif talelər var, nə qədər qayğılar, iztirablar, faciələr var və Bəbir öz-özünə təəccüb etdi ki, gecə vaxtı Bakının işıqlı pəncərələrinə baxıb ömründə birinci dəfə belə şeylər fikirləşir.
Əbdülkərim müəllim məktəbdə Bəbirə dərs demişdi, fizikadan, ya da kimyadan? Deyəsən, fizikadan və indi bir möcüzə baş versəydi və Bəbirlə Əbdülkərim müəllim üzbəüz gəlsəydi, Bəbir bəlkə heç Əbdülkərim müəllimi tanımazdı da, Bəbirin Əbdülkərim müəllimlə bağlı elə bir xüsusi xatirəsi də yox idi, başqa müəllimlər necə, Əbdülkərim müəllim də o cür, amma olsun ki, Əbdülkərim müəllimin ürəyi bir balaca daha yumşaq idi, bir az daha mehriban idi. Bəbirə qarşı, nədənsə, bir az daha artıq istiqanlı idi və Bəbirin yaxşı yadına gəlirdi ki, o uzaq uşaqlıq çağlarında Poylu stansiyasının aşağı başındakı arxın qırağı ilə qamışlığa tərəf gedəndə (stansiyanın uşaqları və o cümlədən, bu Sarı Zakir də qamışlıq tərəfdə yığışıb oynayardı və o uşaqların hamısının atası var idi) hərdən sir-sifətini yadında saxlamadığı atası barədə fikirləşirdi və atasının sifətini Əbdülkərim müəllimin sifətində, atasının təbəssümünü Əbdülkərim müəllimin təbəssümündə görərdi, atasını başqa simada təsəvvür etmək istəyirdi, evlərində anasının saxladığı bir-iki şəkli gözlərinin qabağına gətirirdi, amma atasını yenə də Əbdülkərim müəllimin sifətində görürdi; Əbdülkərim müəllim barədə başqa nə edə bilərdi? Heç nə; iki-üç qızı var idi deyəsən, onlar da böyük idi, ərə getmişdi, sonra nə? Bəbir daha başqa bir şey fikirləşib tapa bilmədi, amma bu köpək oğlu Sarı Zakir yaman zərif yerdən tutmuşdu, hardan ağlına gəlmişdi ki, Əbdülkərim müəllimin qəbrinə and versin? Niyə belə təsir etdi bu and Bəbirə? Sehr idi bu, nə idi? Və burası tamam yəqin idi ki, Sarı Zakir Bəbirin anası Əfiqə arvadın canına and versəydi, Bəbir heç bir vicdan əzabı çəkmədən öz işi ilə məşğul olardı; Əfiqə arvad neçə illər idi ki, Poylu stansiyasında siroplu su sata-sata özünü dolandırırdı və Bəbir də hər ay anasına iyirmi beş manat pul göndərirdi. Bəbir pəncərənin qabağından çəkilə bilmirdi, gedib öz işi ilə məşğul ola bilmirdi, Bəbirə nə olmuşdu? Nəyin əzabını çəkirdi? Yəqin ki, bundan sonra bir də heç kim Əbdülkərim müəllimin qəbri naminə Bəbirdən heç nə xahiş etməyəcəkdi və doğrusu, həmin küləkli mart gecəsi restoranın pəncərəsi qabağında dayanmış Bəbir Əbdülkərim müəllimin qəbri naminə bu birinci və axırıncı xahişi yerinə yetirmədiyi üçün əməlli-başlı iztirab çəkirdi və Bəbir Bakının işıqlı pəncərələrinə baxa-baxa başa düşdü ki, indicə geriyə qayıdıb, Allahın bəlası olan bu Sarı Zakirin oturduğu mizə yaxınlaşacaq və Əbdülkərim müəllimin qəbrinin naminə onlarla bir qədəh araq vuracaq.
Sarı Zakir əlini şarappaşarap öz sinəsinə vururdu:
– Dedim də sizə, dedim, yoxsa demədim?! Ə, ürəyimin bir parçasıdı e, mənim bu Bəbir! Dedim vuracaq bizlə, yoxsa demədim?! Ə, necə olsa, biz qonağıq ey burda. Bəbir ev yiyəsidi. Nətər olar ə, bu bizi adam hesab eləməsin, bizimnən yüz qram araq vurmasın? Dedim sizə, yoxsa, demədim? – Sonra Sarı Zakir qalxıb Bəbiri öpmək istədi, amma bu lap ağ olardı və Bəbir bu dəfə sərt bir hərəkətlə Sarı Zakiri yerində oturtdu.
Bəbir Əbdülkərim müəllimin qəbrinin naminə Zakirgilə yaxınlaşıb bir qədəh arağı elə içdi ki, bunu nə Pakizə xanım, nə də restoranın başqa bir işçisi gördü, təkcə, deyəsən, Poqosov gördü, amma bunun eybi yox idi, çünki altmış üç illik ömrü ərzində dünyada Poqosovun görmədiyi çox az şey var idi.
Bəbir restoranda işlədiyi vaxtdan bəri birinci dəfə idi ki, iş vaxtı araq içirdi və qəribə idi, bu araq da elə bil həmişəki araq deyildi, elə bil birdən-birə Bəbirin qanına keçmişdi, Bəbiri almışdı və elə bil ki, Bəbirin ürəyində o qapıları açmağa başlamışdı ki, o qapılardan heç Bəbirin özünün xəbəri yox idi: yox, Bəbir Əbdülkərim müəllim barədə fikirləşirdi, amma birdən-birə uşaq vaxtı nədən ötrüsə için-için ağlamağı yadına düşmüşdü və indi müştərilərin qulluğunda dura-dura hiss edirdi ki, az qalır ağlasın, daha doğrusu, bütün bədəni, bütün varlığı ağlamaq istəyir; niyə belə dolmuşdu? Niyə bu günə düşmüşdü? Yəni o bir qədəh araqda bu boyda qüvvə var idi? Və Bəbir özü özünü, ürəyinin narahatlığını, hisslərinin nigarançılığını qabaqlamaq üçün daha cəld işləməyə başladı, Pakizə xanımın yan-yörəsində hərləndi ki, metrdotelin zabitəsindən bir az özünə gəlsin, özünü ələ alsın, amma ürək başqa bir şey deyirdi, ürək deyirdi ki, çıx bu saat bu restoranın adamın bədəninə, bütün vücuduna qızarmış yağ iyini, dağılmış çaxır, yanmış papiros iyini, Noranın ətriyyatının iyini yapışdıran yapışqan havasından bayırın küləkli halvasına, ver özünü küləyə, qoy külək götürüb aparsın səni, hara aparır aparsın, dünya geniş, külək də güclü, qoy burda qalsın bu restoran, o yataqxanadakı çarpayının altındakı çamadan da qoy elə orada qalsın, kooperativ mənzil də qoy başqasının olsun, qaç, qaç, ver özünü küləyə, qaç, qoçağım, qaç...
Birdən-birə kooperativ mənzilin hazır olacağı iki il, yəni yeddi yüz iyirmi gün Bəbirə heç vaxt sonu gəlib çıxmayacaq, heç vaxt bitib qurtarmayacaq bir əsr kimi gəldi və bu yeddi yüz iyirmi günlük məsafənin qaranlığı, ümidsizliyi Bəbirin içinə elə bir hönkürtü doldurdu ki, az qala, qaça-qaça Zakirgilin yanına gəldi və:
– Birini də tök! – dedi.
Doğrusu, Bəbirin bu hərəkətindən Sarı Zakir sidq-ürəkdən vəcdə gəldi və qədəhə araq doldura-doldura:
– Bütün dünyanın araqları qurbandı sənə, a Bəbir! – dedi. – Mən ölüm, qoy bir səni öpüm! Qoy ey, qoy, yoxsa dədəm Kələntərin göruna and olsun, ürəyim partdar!
– Və bu dəfə Sarı Zakir ayağa qalxıb camaatın gözü qabağında Bəbiri qucaqlayıb öpdü.
Bəbir yaxşı bilirdi ki, bu dəm Pakizə xanımın göy gözləri ondadı, bu dəm o biri ofisiantlar da yəqin dayanıb Bəbirə baxırdı, amma Bəbir əlindəki qədəhi yerə qoymadı, əksinə Sarı Zakirin və dostlarının qədəhləri ilə toqquşdurub başına çəkdi, çünki aşıq düz demişdi, dəli könül, məndən sənə əmanət, demə bu dünyada qalım yaxşıdı və Sarı Zakir tələm-tələsik qədəhləri bir də doldurub Bəbirin sinəbir sağlıq deməsini xahiş edəndə, elə bil ki, Bəbirin sinəsi bulaq kimi pıqqıldayıb aşığın sözləriylə axdı, axdı və Sarı Zakiri də, dostlarını da həmin küləkli mart gecəsində, Bakıdakı o restoranda, bir elə camaatın içində arvad kimi zır-zır ağlatdı: neçə qəhrəmanlar gəldi dünyaya, köç vaxtı yetişdi, tez oldu, getdi; Rüstəmin zərbindən titrədi dağlar, düşdü dastanlara söz oldu, getdi; hakimlik elədi çox uzun vaxtı, bütün kainata Süleyman baxtı, tərsinə döndü şah Cəmşidin taxtı, Firudinin dərdi yüz oldu, getdi; necə oldu Keykavus, hanı Keyqubad? Hansı bu dünyadan almışdı murad? Allahlıq elədi Fironla Şəddad, Nəmrudun qalası düz oldu, getdi; İsgəndər Daranı taxtından saldı, cahana şah gəldi, sonu nə oldu? yarı yolda öldü, Misirdə qaldı, Bəbir kimi yandı, köz oldu, getdi və Bəbir də söylədiyi bu sözlərdən sonra, aşığın adını öz adıyla əvəz eləyəndən sonra, özünü saxlaya bilmədi, Zakirgildən ayrılıb yenə restoranın pəncərəsinin qabağına gəldi və yenə də adamın ürəyini sıxan ağır boz pərdəni kənara eləyib şəhərin işıq gələn pəncərələrinə baxdı və bu pəncərə işıqları bu dəm, elə bil, buz laylarının o biri tərəfindən gəlirdi, heç bir istisi, hərarəti yox idi, elə bil ki, o pəncərə işıqlarının özü də donub buz bağlamışdı, kərpic-kərpic buz işıqlar idi.
Bəbir bilirdi ki, indi hamı ona baxır – camaatın, xüsusən də Pakizə xanımın qıyqacı baxışları kürəyini yandırırdı, amma bu baxışlar daha Bəbirə təsir etmirdi və Bəbir başa düşürdü ki, bunun səbəbi təkcə araq deyil, amma Bəbir heç cürə ağlına sığışdıra bilmirdi ki, nə vaxtdan beləcə dolubmuş və ümumiyyətlə, axı, nə istəyirdi Bəbirin ürəyi? Niyə beləcə ağlayıb sızıldayırdı? Bu aşıq sözləri haradandı belə? Necə olmuşdu yadında qalmışdı bunlar və aşığın adını niyə öz adıyla əvəz elədi? Yəni, doğrudan, aşığın bu sözlərinin hamısı Bəbirin ürəyinin sözləri idi? Və hərgah doğrudan da, beləydisə, onda niyə bu sözlər indiyə qədər üzə çıxmırdı?
Kitabxana.az · https://kitabxana.az/works/elcin-ayaqqabi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
1. Qarlı gəzinti həsrətiTülkü çoxbilmişliyindən tələyə düşər, deyiblər, amma bu Tülkü çox bilməyinə lap çox bilirdi, tələyə də düşmürdü ki, düşmürdü. Bic idi, fəndgir idi, kəmfürsət idi. Anasının əmcəyini kəsən Tülkü idi.
Qış nağılıNovruz Cuvarlinskinin xatirəsinəBakıda qarlı-çovğunlu bir qış səhəri təzəcə açılırdı və həmin qış səhəri sübh tezdən yerindən qalxan Kərim kişi birinci növbədə uşaqlar yatan otağa girib qardan şüşələri tutulmuş pəncərədə bir balaca görümlü yer tapdı və gözünü ora zilləyib küçəyə baxdı: hər tərəfi basmış qardan başqa heç nə görünmürdü və bu gün qar dünənkindən də betər meydan oxuyurdu; qar idi, çovğunun vıyıltısı idi, bir də ki, külək bərkiyəndə heç eşidilməyən, sonra yenə də elə bil lap uzaqlardan gələn mahnı səsi – Marqarita Abramovna həmişəki kimi valı qoymuşdu patefonun üstünə.
Bu dünyada qatarlar gedərDünyada cürbəcür qatarlar var idi: «Bakı – Moskva», «Bakı – Novosibirsk», «Xarkov – Bakı», «Bakı – Odessa», «Mahaçqala – Bakı»... Yay başlayan kimi təzə qatarlar gəlib gedirdi: «Bakı – Kislovodsk», «Bakı – Soçi»...Qatarlar adamlarla dolu olardı. Adamlar cürbəcür olardı, cürbəcür geyinərdi.
TalvarAkademik Məmməd Arif Dadaşzadəninxatirəsinə
Başqa şairlərin şeirləri
Qarabağ...Nə zaman çəkilsə bu ad
TəcnisMüshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,
Məndən — səndənNazlı dilbər, nə yaraşır qəddinə,Tirmə məndən, kəmər məndən, bel səndən,
Müxəmməs-tərcinüma: Ey şövqi-ruxun gün kimi əşyaya mücəllaEy şövqi-ruxun gün kimi əşyaya mücəlla,Üşşaqa təmaşayi-cəmalın fərəhəfza,