XV fəsil
Gündüz Kərimbəyli kabinetə girəndə prokuror Dadaşlı oturduğu yerdə altdan-yuxarı ona baxıb bic-bic gülümsədi və təbii ki, bizimlə birlikdə mühüm işlər müstəntiqi bu baxışlarda nəsə təzə bir xəbər oxudu; həm də xeyir xəbər, çünki prokuror Dadaşlının ətli sifəti bu saat açıq-aşkar xeyir xəbərdən dəm vururdu.
Dadaşlı qarşısında oturmuş kiçik leytenant Həsənzadəyə işarə edib:
– Milissiz bir günümüz olmasın! – dedi və qarnını məhdud imkanları daxilində geri çəkib mizin yeşiyini özünə tərəf siyirdi.
– Sizi sürpriz gözləyir.
Kiçik leytenant qalxıb ayaq üstə dayandı. Gündüz Kərimbəyli isə mizə yaxınlaşıb:
– Saat? – soruşdu.
Dadaşlı gözlərini yeşikdən çəkib yaşından çox cavan görünən bu şəhərli oğlana baxdı və öz növbəsində soruşdu:
– Buna nə deyirlər? Telepatiya?
Gündüz Kərimbəyli öz məxsusi təbəssümüylə gülümsəyib:
– İnstinkt, – dedi.
Prokuror Dadaşlı kiçik leytenanta baxıb başını buladı, yəni ki, görürsən də, yoldaş kiçik leytenant, belə işlər var dünyada, sonra yeşikdən çıxartdığı qızıl qol saatını mizin üstünə qoydu.
Gündüz Kərimbəyli saatı götürüb ona elə maraqla baxdı ki, elə bil bu qızıl saat indicə dil açıb başına gələn qəza-qədərin hamısını bircə-bircə danışacaqdı.
Dadaşlı ayağa qalxıb əllərini şalvarının ciblərinə saldı və mizin arxasından keçib Gündüz Kərimbəylinin yanına gəldi, birinci dəfə görürmüş kimi, mühüm işlər müstəntiqinin başı üstündən saata baxdı, sonra sağ əlini cibindən çıxarıb kiçik leytenantın çiyninə qoydu.
– Sən otur, – dedi. – «Şahzadə və dilənçi»ni oxumusan?
Həsənzadə:
– Oxumuşam, yoldaş prokuror, – dedi.
– Mayls yadına gəlir orda?
Həsənzadə bir balaca tutulub:
– Çoxdan oxumuşam, yoldaş prokuror, – dedi.
– Həmin Maylsa ixtiyar verilmişdi ki, İngiltərə krallarının qarşısında istədiyi vaxt otura bilər. – Prokuror Dadaşlı öz sözlərindən ləzzət çəkib bərkdən güldü, – bu qızıl saatın tapılması kişini əməlli-başlı sevincək etmişdi – o yenə də əlini cibinə qoyub saata baxdı. – Bizim bu kiçik leytenantın adama elə yaxınlaşması var ki, heç xəbərin olmur, bir də görürsən ki, çıxdı böyürdən. Zibanın başının üstünü eləcə alıb. Gündüz Kərimbəyli saatı mizin üstünə qoyub kiçik leytenanta sarı çöndü:
– Eşidirəm sizi.
Onun ciddiliyi Dadaşlıya zərrə qədər də sirayət etmədi və prokuror kiçik leytenantın əvəzinə dedi:
– Bizim bu rayonda bir Zibamız var, vağzalda peraşki satır. Elə vağzalda da bu saatı qatardan düşmüş bir nəfərə sırımaq istəyirmiş. – Dadaşlı yenə kiçik leytenanta baxdı. – Sırımaq istəyirmiş, – amma bizim bu qoçaq Mayls qartal kimi alıb başının üstünü!
Gündüz Kərimbəyli eyni ciddiyyətlə soruşdu:
– İzahat verib?
Bu dəfə onun ahəngindəki ciddilik prokuror Dadaşlıya da sirayət etdi və o, mizin arxasına keçib yerində əyləşərək:
– Guya tapıb, – dedi.
Kiçik leytenant əyilib ayaqlarının yanına qoyduğu portfeldən bir vərəq çıxartdı və mühüm işlər müstəntiqinə tərəf uzatdı.
– Buyurun, – dedi. – Budu izahatı.
Gündüz Kərimbəyli:
– Lazım deyil, – dedi. – Ziba harada yaşayır?
Həsənzadə portfeli yerdən götürüb:
– İcazə versəniz mən sizi ötürərəm, – dedi.
Kitabxana.az · https://kitabxana.az/works/elcin-ox-kimi-bicaq-xv-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Cümünün (Qızıl Diş Cümşüdün) anası Güllü arvad Surxaygilin illərdən bəri solub bozarmış rəngbərəng qapısını döydü və cırıldaya-cırıldaya açılan qapıdan Gülzar arvada:– Az, düş aşağı, – dedi. – Humanitar yardım gətiriblər.
X fəsilƏhməd Ağayeviçin Bilgəhdəki bağını Abşeronun yaxşı bağlarından biri hesab eləmək olardı, düzdü, onun binasında son zamanlar Abşeronda tikilən villaların xarici təmtəraqı yox idi, amma əsaslı, böyük (iki mərtəbə, hər mərtəbədə vanna, səkkiz otaq, mətbəx, sauna) bina idi və o bina ilə üzbəüz qarovulçu üçün tikilmiş birotaqlı dam var idi, Vasili Kuzmiç də o otaqda yaşayırdı.Vasili Kuzmiç otağın divarına vaxtilə hansı bir jurnaldansa kəsdiyi Stalinin
XI fəsilKolxoz kişinin yaşı altmışı hələ keçməmişdi, saç-saqqalı isə ağappaq idi, amma məsələ saç-saqqalın ağlığında deyildi, onda idi ki, Kolxoz kişi cavan vaxtlarından özünü ağsaqqal kimi aparırdı, duruşunda, oturuşunda, danışığında elə o vaxtlardan ağsaqqallıq ədası var idi və elə ki, üzünə-başına dən düşməyə başladı, şəstlə özü özünə ağsaqqal dedi, az qala, özündən böyük kişilərə: «– Ə, a bala!..»– deyə müraciət etdi və Azərbaycanda, o cümlədən, gözəl Şuşada müstəqillik və ərazi bütövlüyü uğrunda xalq hərəkatı başlayanda, bu hərəkatın fəal üzvlərindən biri oldu, Kommunist partiyasının əleyhinə hansı sənəd yazılırdısa, Mixail Qorbaçovun Dağlıq Qarabağı Ermənistana vermək istəyinə hansı etiraz bəyanatı qəbul edilirdisə, özü öz adını çəkib:– Kolxoz kişinin adını birinci yaz! – deyirdi, boylanıb öz adını kağızda birinci görməyəndə də narazılıq edirdi: – Ə, adam ağsaqqalın sözünə baxar!
XII fəsilŞuşanın yuxarı hissəsində – Ağadədəli məhəlləsindən üzü-yoxuşa qalxırdın – Azərbaycan yazıçılarının dördmərtəbəli gözəl bir Yaradıcılıq Evi (şuşalılar ora «Yazıçılar Evi» deyirdi) var idi və elə ki, yay başlayırdı, yazıçılar Bakıdan ailələri ilə ora gəlirdilər, dincəlirdilər və yaradıcılıqla məşğul olurdular.Arsen Allahverdiyan uzun illər idi ki, o Yaradıcılıq Evinin həm komendantı idi, həm təsərrüfat müdiri, həm də gözətçisi, bir sözlə, yay-qış ailəsi ilə birlikdə o Evin birinci mərtəbəsində daimi yaşayan, həm Azərbaycan Yazıçılar İttifaqından aldığı maaşla, həm də Yaradıcılıq Evinin həyətində əkdiyi kartofun qazancı ilə ailəsini dolandıran bir erməni idi.