XVIII fəsil
Fəttah dayı bir ayağını altında büküb kürsüdə oturmuşdu və qəlyanını tüstülədə-tüstülədə deyirdi:
– Qoca nənəm vardı, Nabat qarı deyirdi ona böyük də, kiçik də, Nadiri taxtda görmüşdü, yüzü çoxdan keçmişdi! Qış vaxtı belə havalarda axşamlar yığılırdıq başına. Bilmirəm bu arvadın sinəsi dəryaydı-nəydi! Gecənin yarısına kimi nağıl danışardı. Məlikməmməddən tutmuş, ovçu Nəzərdən tutmuş, Şah Abbasın xalça toxumağınacan, danış ki, danışasan!.. Pəh...
Gündüz Kərimbəyli Fəttah dayı ilə üzbəüz oturub çay içirdi. Mürşüd də taxta kətildə oturub gözlərini dikmişdi dədəsinin ağzına və Fəttah dayının bu söhbətləri də onunçun yəqin elə Məlikməmməd nağılı kimi bir şey idi.
– Yaman da qorxaq idi arvad. Gecələr həyətə tək düşməyə qorxurdu. Qış keçirdi, yazda, yayda da axşamlar yığılırdıq başına ki, nağıl de. Nətər şeydisə, yazda-yayda nağıl deməklə arası yoxdu. Deyirdik ki, deməsən, gecələr çıxmarıq sənnən həyətə. Qalırdı naəlac, başlayırdı danışmağa... İndi fikirləşirəm ki, niyə heylə qorxudurduq o yazıq qarını... – Fəttah dayı gülümsəyib: – Ərə gedən qızın dili altda qənd gərək, qayınanası olan gəlinin dili altda fənd gərək, deyiblər!.. – dedi. – Dünyanın işləri belədi...
– O nağılları mən də bilirəm. – Bunu da Mürşüd dedi.
– Sən bilərsən də, sənə nə var ki!.. İndi hara baxırsan, Allaha şükür, nağıl kitabıdı!.. Hələ məktəbə getməmişdən oxumağı öyrənirsiz. Bəs bizə Nabat qocam danışmasaydı, nə biləcəydik?
– Mən də yaman nağılbazıydım uşaqlıqda. – Bunları da Gündüz Kərimbəyli dedi. – Bəzən səhərə kimi nağıl oxuyurdum. Atam acıqlanardı, gəlib otağın işığını keçirirdi ki, yatım, yorğanın altında əl fənərini yandırıb oxuyurdum...
Fəttah dayı:
– Eh!.. – dedi. – Keçər bu dövran, sənə də qalmaz, deyiblər... – Sonra soruşdu.
– Atan da sağdı, bacıoğlu?
Gündüz Kərimbəyli dedi:
– Hə, sağdı.
– Mənim kimi qocafəndidi, hə? O nə sənətin sahibidi?
– Bəstəkardı.
Fəttah dayı da, Mürşüd də təəccüblə Gündüz Kərimbəyliyə baxdı, guya ki, Bakıdan gələn bu qonağın atası bəstəkar ola bilməzmiş.
Fəttah dayı tənbəkidən sapsarı saralmış baş barmağı ilə qəlyanının odluğunu bir-iki dəfə basıb tüstülədə-tüstülədə soruşdu:
– Yəni mahnı yazandı də?
– Mahnı, opera, balet, nə istəyirsiz! – Mühüm işlər müstəntiqi gülümsədi.
Birdən Mürşüd tapdı ki, qonaqlarının atası kimdi:
– Fəzli Kərimbəyli?
– Özüdür ki, var. – Atasının belə bir məşhurluğu Gündüz Kərimbəyliyə açıq-aşkar ləzzət verdi.
Fəttah dayı başını buladı və özünü saxlaya bilməyib dedi:
– Balam, bəs, sən nə əcəb belə bir sənət seçmisən özünə?
– Özün demirsən ki, dünyanın işləri belədi, Fəttah dayı? On il musiqi məktəbində oxumuşam, amma musiqi, oxumaqla deyil, vergiynəndi.
– Bəs, sənin bu işin vergiynən deyil?
Gündüz Kərimbəyli çiyinlərini çəkdi:
– Çətin sual verirsən, Fəttah dayı.
– Çətinliyə düşmənin düşsün. Niyə çətin olur?
– Cinayət elə şeydi ki, Fəttah dayı, həmişə təsadüf axtarır ki, açılsın, çünki yenə də sən deyən kimi, dünyanın işləri belədi. Cinayət təbiətə ziddi. İnsan da təbiətin bir parçasıdı...
Fəttah dayı qəlyanını tüstülədə-tüstülədə bir müddət susdu, sonra sulu qarın döyəclədiyi pəncərəyə tərəf işarə etdi:
– Bizim bu rayon ki, var, bacıoğlu, balaca yerdi. Burda bir söz gizlətmək çətin işdi. Hamı indi sənnən danışır. Sözün də ki, bilirsən də, bacıoğlu, damarı olar, çəkərsən uzanar. İndi sən nə vaxt son qoyursan bu söz-söhbətə, inşallah?
Mühüm işlər müstəntiqi əlini ağzına aparıb əsnədi:
– Görək də, Fəttah dayı...
– Gec olsa yaxşıdı. – Bunu gözlərindən yuxu tökülən Mürşüd dedi.
Fəttah dayı təəccüblə oğluna baxdı.
Gündüz Kərimbəyli soruşdu:
– Niyə?
– Çünki siz də o qədər çox qalarsız burda.
Gündüz Kərimbəyli bərkdən güldü və ayağa qalxıb Mürşüdün qıvrım saçlarını qarışdırdı.
Fəttah dayı da ayağa qalxıb başını bulaya-bulaya:
– Yaman gimgəbazdı bizim bu gədə, – dedi. – Adama azarı var. Mən də elə beləydim uşaqlıqda. – Sonra Mürşüdə işarə elədi. – Dur, dur gedək, az qalıb gecə yarı ola.
Mürşüd ayağa qalxdı:
– Gecəniz xeyrə qalsın.
– Xeyrə qarşı get, Mürşüd kişi.
Fəttah dayı da qapıdan çıxı-çıxa:
– Yat, – dedi. – Bu gün heç öskürmədin, düzəlirsən deyəsən.
Gündüz Kərimbəyli:
– Qızılmış sənin əllərin, Fəttah dayı. – dedi.
– Eh, qızıldansa, çarıq yaxşıdı, bacıoğlu. Çünki qızıldan çarıq geysən, adı çarıqdı, qızıl deyil. Gecən xeyrə.
– Sağ ol, Fəttah dayı.
Fəttah dayı otaqdan çıxıb qapını ardınca örtdü.
Gündüz Kərimbəyli pəncərəyə yaxınlaşıb çölə baxdı.
Rayonun işıqları tamam sönmüşdü.
Kitabxana.az · https://kitabxana.az/works/elcin-ox-kimi-bicaq-xviii-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Valeh hər biri öz işi ilə məşğul olan qızıl əsgərlərin, gəlib-gedən, harda oldu oturub gözləyən yerli camaatın arasından keçib tələsik komissarın otağına girdi.Nicat yazı masasının arxasından başını qaldırıb yuxusuzluqdan, yorğunluqdan qıpqırmızı qızarmış gözlərilə cavan oğlana baxdı və soruşdu:
İkinci hissə, XIQızıl əsgərlər hücuma keçmişdi. Böyük bəyin adamlarının daldalandığı qayalıqda baş qaldırmaq mümkün deyildi, hər tərəfdən güllə dolu kimi yağırdı, əl qumbaraları partlayırdı.Başı sarıqlı, üstü-başı qanlı, çirkli Yunis bəy arxa tərəfdən çapa-çapa qaya dibinə sığınıb dalbadal güllə atan Böyük bəyin yanına gəldi.
İkinci hissə, XIIGecə idi və bu gecə qaranlığında Böyük bəyin keçmiş malikanəsi tamam kimsəsiz görünürdü, elə bil ki, bu son ayların vurhavuru, bu son ayların təlatümü bu daş divarlara, bu aynabəndlərə, bu qırmızı kirəmitli taxtapuşa da təsir etmişdi.Çarşablı bir arvad həyət darvazasının bala qapısını açıb tələsik içəri girdi, ehtiyatla ora-bura baxa-baxa binaya yaxınlaşdı, Şahnaz xanımın pəncərəsi ağzında dayanıb xısın-xısın:
İkinci hissə, XIIIElə həmin gecə idi.Fəxrəndə xanım, Hümmət, bir də bir başqa atlı yaraqlı-yasaqlı Qala həbsxanasının aşağı başında, uçurumun yanında dayanıb gözləyirdilər. Onların yanında dördüncü at da vardı, yəhərli, qayışı tüfəngli, amma yiyəsiz at. Bu at da öz yiyəsini gözləyirdi...
Başqa şairlərin şeirləri
Dənizdə bir qız çimirdiSaçı qara, özü gözəl.
Sona çatan əsrimizin mən sonuncu şairiyəmMən söz ilə görünərəm, ayrı donda görünmərəm,Onun,bunun ətəyində sürünmərəm.
Dərbəndə gəlSalam olsun sənə, ey aşiq Valeh,Hünərin var isə bu Dərbəndə gəl,
GəlmədinƏmim oğlu, məndən heç utanmadın,Üç ay keçdi bir yaylağa gəlmədin.