İlk simfoniya
1
Təpələrin başından,
Qayaların qaşından
Keçib gedən bir cığır
Göylərə sanki çıxır.
Uşaq gedir baş açıq,
Əlində bir yaş çubuq
Qara gözlü bu uşaq
Gedir mızıldayaraq,
Gedir mal qabağına,
Görənlər gülür ona...
Uşaq yıxıldı birdən,
Uşaq gördü gələn var,
Uşaq sıçradı yerdən:
"Yoxsa baxıb gülən var?!"
Göz yaşını gizlədib,
Toza batan qoluyla,
Şax dayanıb, düz gedib,
Yenə də öz yoluyla
Durdu, birdən ağladı,
Amma gözəl təbiət,
Uşağı təskin etdi,
Uşağı qucaqladı.
Uşağı alcaq heyrət,
Dərdini qoydu getdi...
Dağ başında günə bax,
Aşağıda yağışdır.
Dağın güneyi yaydır,
Dağın qüzeyi qışdır.
Göz zilləyib baxanda
Görünməyən saf sular!
Dərin dərə, əyri yol!
O ahular, ahular!
Quzeydə az deyildir
Topa-topa qar hələ.
Kolların altında da
Orda, burda var hələ.
Uşaq, gözdə intizar,
Yeriməyə başlayır.
Dağ döşündə qalan qar
Əriməyə başlayır.
Yarpaqların ucundan
Damcılar axdı bu an,
Axdı, yerə tələsdi;
Damcı yarpağa düşdü;
Yarpaq oynadı əsdi,
Damcı torpağa düşdü.
Damcı qaçdı damcıdan,
Damcı onu haqladı,
Damcı onu bircə an
Sanki göydə saxladı.
Sonra ikisi də bir,
Axıb gəldi aşağı.
Uşaqsa donmuş, nədir,
Heyrət alıb uşağı.
Damcılar axdı, getdi,
Süzüldü daşdan-daşa.
Uşaq da baxdı, getdi
Bu xırda çayla qoşa.
Uşaq gedirdi çoxdan
Düşmüşdü əl-ayaqdan.
Naxır isə gəlirdi.
Elə bu dəm uzaqdan,
Bir nəğmə yüksəlirdi,
Haradansa o taydan
Nəğməyə səs verdilər,
Dağları dindirdilər.
Səs gəlmədi bu taydan,
Elə səs də gəldi ki,
İkinci səs də batdı.
O elə yüksəldi ki,
Sanki üfüqə çatdı.
Başqa səs də ucaldı,
Nəğməni aldı, getdi.
Qayalar fikrə daldı,
Quş qanad saldı getdi.
Bu nəğmə qanadlanıb,
Dağdan dağa atlanıb,
gah getdi, gah qayıtdı,
Gah bulandı, pis oldu,
Damcı-damcı yığılan,
Uşağa yoldaş olan,
Bu çay kimi, nəhayət,
Durulub təmiz oldu,
Nəğmə axdı, çay axdı,
Nəğmədə vusal, həsrət,
Çayda ulduz, Ay axdı.
Uşaq, gözündə heyrət,
Əksini çayda gördü,
Arzusunu nəğmədə;
Çox istədi ucadan
Bu arzunu nəql edə.
Səs verdi o taydakı
Ən uzaq, gözəl səsə,
Oxuduqca oxudu,
Düşdü min bir həvəsə.
Amma səsi çatmadı,
Uzaq dağlar başına.
Bayaqkı səs batmadı,
Aldı kəndi başına.
Uşaq necə dözərdi,
Uşaq yaman xar oldu.
Onun bu sirli dərdi
Nəğmədə xallar oldu.
Evə dönəndə uşaq,
Həyətdəydi boz inək,
Bir səs gəldi: "Ay axmaq,
De, haradaydın görək?"
Bu onun xalasıydı,
Uşaq, yetim uşaqdı.
Sözdən ağlayasıydı,
Xala uşağa baxdı:
-Soyuq dəyər, ay balam,
Gəl, çörək ye, ay ilham.
Bir gün xalayla uşaq
Bakıya gəldi qonaq.
Qəribsəyib arabir
Uşaq oxudu pəsdən.
Qonşular gəldi bir-bir,
Ayrılmadı bu səsdən.
Bir gün, bir axşamcağı,
Gəldi başqa qonaq da.
Xala süzüb qonağı,
Saldı kimisə yada.
Xala çoxunu andı,
Xala birdən tanıdı:
Dəcəl uşaqdı o da,
Bu ki Eyvazdır, Eyvaz,
Hələ xalaya bir az
Çatır qohumluğu da.
Tanış olub güldülər,
Üzrlər, vədlər, nələr...
Bu vaxt həyətdə uşaq
Oxuyurdu astadan.
Kişi susub bu zaman,
Birdən dedi: - Ora bax!
-O ki bizim gədədir!
-Bura çağır oğlunu...
...Bala, bayaqkı nədir?
Oxu görək bir onu...
Olmasa da uşağın
Yaxşı səsi, zil səsi,
Amma çox maraqlıdır
Oxuduğu nəğməsi.
Uşaqsa anlamadı
Kişi ona nə dedi,
Kişinin fikri nəydi,
-Bayaq həyətdə, bəs, sən,
Oxumurdunmu pəsdən?
Sən bəstəkarsan, oğlan!
Bunu lağlağı bildi,
İlham incidi ondan:
-Bəstəkar sən özünsən!
-Nə olar, mən ölüm, mən.
Güldü pərt olan xala:
-Nə dediki, ay bala?!
Yamanca kəc uşaqsan,
Kişi güldü mehriban:
-Musiqi şünasam mən,
Nə üçün inciyirsən?
Bayaq oxuduğunu
Haradan öyrənmisən?
-Hamı oxuyur onu,
Sonra oxuyuram mən.
-Bayaq oxuduğuntək,
Oxu, ay oğlum, görək.
Uşaq indi başqa cür
Xallar vurdu, oxudu.
-Bacı, oğlun oğuldur,
Musiqi təbi vardır.
Sənətkar olacaq bu,
Oğlunuz bəxtiyardır.
Bacı, inanın mənə,
Musiqi məktəbinə
Göndəriniz uşağı.
Musiqi məktəbi ki,
Rayonumuzda vardır.
Könlüm dilə gəldi ki,
Bu uşaq bəstəkardır.
Gələrkən də Bakıya
Köməyi məndən, - deyə,
Kişi bunu arvada
Məsləhət gördü getdi.
Ünvanmı arada
Xalaya verdi getdi.
2
Musiqi məktəbini İlham əla bitirdi,
Xala satdı kənddəki həyətini, evini.
Özü Bakıya köçdü, İlhamı da gətirdi,
Bacısının gətirdi bu əziz-xələfini.
Xala: - Yola gəl - dedi, - gedək, - dedi, - ay bala,
Professor kişinin qohumunun yanına.
Qışqıracaqdı İlham qəzəbindən az qala:
-Getmərəm, and içirəm xalamın da canına.
Heç kimə yalvarmaram, imtahan da verərəm.
Konservatoriyaya öz gücümə girərəm.
Konservatoriyada bəyəndilər İlhamın
Hələ kənddə yazdığı "Bir damcı" əsərini.
İlham birdən diksinib həmin o dost adamın
Tanıyanda mehriban, mənalı gözlərini,
Maraqla bir də baxdı, bir də, iki də baxdı;
Kişi qocalmışdı çox, yox tanımayacaqdı.
-Yaxşı əsərdir, - deyə, qoca qərq oldu fikrə,
Başını əydi yana, gözünü dikdi yerə.
İlham uşaq olduğu nə vaxtdır, nə zamandır;
İndi boylu-buxunlu, qarayanız cavandır.
Qaşında bir çapıq var - dəcəllik yadigarı,
Vüqarlıdır, itidir azca sərt baxışları.
Qoca açdı, danışdı fikrini, xəyalını,
Barmağıyla tərpədib gümüşü saqqalını,
-Mən, - dedi, - nə vaxtdısa, yadımda da qalmayıb,
Bilmirəm heç belə şey olub, ya da olmayıb,
Bir uşaq görmüş idim, bir az dəcəl, birtəhər,
Gözlərinə oxşayır gözləriniz bir qədər.
Az deyil xalq içində yaxşı oxuyan, çalan,
Eh, kim bilir ki, indi haradadır o oğlan.
Gülə-gülə o axşam
Evə qayıtdı İlham.
Qocadan danışanda, uğundu getdi xala:
-Bildim gizlədəcəksən, yaman tərssən, ay bala!
3
Yay günüdür, çox istidir,
Sahil boyu adama bax!
Neçə-neçə
Maşın gəlir, maşın gedir,
Haray salıb keçə-keçə,
Özünü gur dalğalarını
Qucağına atan da var.
Üzünə bir qəzet salıb,
Qum üstündə yatan da var.
Dalğa qalxır uzaqlarda;
Gah qabarıb, köpüklənir,
Gah da yatıb birdən enir.
Su gəldikcə üzü bəri,
Dənizdəki yaş qayalar
Elə bil ki, üzüb gedir,
Gedib, gedib birdən vurur
Dalğalara baş qayalar.
Dalğa gedib bir də dönür,
İndi daha gur görünür.
Gəlir dalğa, gəlir qaya,
Gör necə baş-başa dəyir.
Öz dilində nəsə deyir,
Coşur dalğa,
Aşır dalğa,
Uçur dalğa, birdən göyə,
Səpələnir parça-parça,
gilə-gilə.
Yenə gedir, yenə gəlir
gülə-gülə...
Fikirliydi o, bu gün də,
Uzanmışdı qum üstündə.
Çatılmışdı qara qaşı,
Qucaqlayıb bir sal daşı;
Seyr edirdi ağ papaqlı,
Göy sinəli, ağ ayaqlı,
Qalxıb-enən dalğaları...
Eh, bu nədir, yenə bu nə?
Birdən onun üzərinə,
Elə bil ki, yağış yağır.
Osa qalxır ağır-ağır...
Sola baxır, sağa baxır.
Yoxdu yaxın, tanış bir kəs,
Səpən kimdi bu suyu bəs?
Eh, bu nədir, eh, bu nədir?
Sular bir də səpələnir?
Bir qız baxıb birdən gülür:
Yanağından od tökülür.
Bu, qonşudur, bu, qonşudur,
Nə yaxşı ki, elə odur.
O keçən il kiçik idi,
Gör necə də tez böyüdü.
-Bu tezliklə hara, Nigar?
-Eh, nə qədər çimmək olar?
"İlham, niyə indiyəcən,
Görməmisən Nigarı sən!"
Birdən baxdı, o qız hanı?
O şeytan qız,
Mehriban qız,
İlham qaldı yalqız, hanı?
O qız getdi, nə tez getdi,
Ən sevimli bir an kimi.
Dalğalandı ağ ətəyi,
Uzaqlarda gözdən itdi,
Bir parça ağ duman kimi.
Bir gün yenə
Həmin yerə,
Birdən-birə,
İkisi də bir zamanda,
Birdən gəlib dayananda,
O bu yanda, bu o yanda
Birdən-birə dəyişdi
Halları,
əhvalları...
Susub, susub bir qədər,
Gözlərində intizar,
Onlar salam verdilər,
Onlar salam aldılar.
İlhamın salamını
Özü eşitdi ancaq.
Özünü danladı ki,
"Bir buna bax, buna bax,
Bir söz de barı, bir söz!"
Dedi: - Hava sərindir,
"Bunlar ki, köhnə sözdür,
O günkü sözlərindir".
Gedirdilər? Hara bəs?
Harayadır yolları?
Bir-birindən aralı,
Gedirdilər, mehriban...
Xeyli zaman keçirdi,
Gəlib aralarından
Qoca, cavan keçirdi.
Qız görmür oğlanları,
Qızları görmür oğlan,
Keçsələr də yanından.
Nə göy vardır, nə yer var,
Nə də cərgə ağaclar.
Bütün dünyada yalnız,
Bir İlhamdır, bir o qız.
Hərdən pıçıldaşırlar,
Söz tapıb danışırlar.
Bir-birindən utanıb,
Qızarırlar, çaşırlar,
Çaşırlar, qımışırlar.
Nədən danışdığını
Nə o bilir, nədə bu.
Bu nədir, birdən-birə
Göydən səpələndi su?
Bu ki yağışdır, yağış,
Bu ki çoxdan yağırmış...
Hamı qaçır, tələsir,
Tələsir, ora-bura:
Eh, nə yağış onlara!
Onlar evə gələndə
Su içində gəldilər.
Danlandılar bir qədər.
Bir-birindən uzaqda,
Hərəsi bir otaqda
Qımışdılar, güldülər.
Xəyallar dünyasında!
Nə mənalar gördülər,
Bu günün mənasında.
O günlər, atlı günlər,
Sevinc qanadlı günlər,
Başdan-başa məhəbbət,
Vüsal, intizar, həsrət,
Dadlı-büsatlı günlər,
Hardadırlar?..
Üçüncü kursa da keçdi İlham
Ah, bir axşam, o axşam,
Toy oldu, büsat oldu,
Evində İlhamgilin.
Mübarək qədəmilə
Gəldi, nə gəldi gəlin!
Ömür bayrama döndü,
Sevinc ilhama döndü.
O, bir az yorulanda
önündə pianonun
Xəlvət gəlir arxadan,
Nigar gülür, mehriban,
Oturarlar üz-üzə,
Dayanırlar bir saat,
İki saat göz-gözə,
Nigar tutur İlhamın
Biləyindən, əlindən.
Deyir: - Bu mənimkidir,
Öz əlini tanı sən.
Növboylə gah bu yumdu,
Gah da o, gözlərini.
Həyatı seyr etdilər,
Bir-birinin yerinə.
Dindi ikisi birdən:
– Ya sən baxdın, ya da mən,
Mənası nə, fərqi nə...
İlham alnına sarı
Qaldıranda əlini,
Ağ, yumşaq əllərilə
Evin təzə gəlini
Ovxaladı, oxşadı
İlhamının alnını.
İlham da tez anladı
Onun hər xəyalını.
Nələr deyəcəyini
Oxuyaraq gözündən,
Öpdü dodağındakı
deyilməmiş sözündən.
Gözəl Nigar necə şən,
Gözəl Nigar sevincdən
Kövrələrək ağladı,
Yar yarı qucaqladı.
İki ürək döyündü
Onların sinəsində,
İki ürəyi oldu
Bu vaxt ikisinin də.
"İlham, İlham, ay İlham,
Belə qurbanın ollam.
Durum yemək verimmi,
Durum çay gətirimmi?"
Nigar çıxıb birtəhər
İlhamın əllərindən,
Birdən durur yerindən
İlhamın zarafatca
Saçından çəkir Nigar,
Qaçır qonşu otağa.
Durur İlham ayağa,
Nigarı axtarmağa.
Nigar sıçrayır qəfil,
Şkafın arxasından.
Bu mənəm, Nigar deyil,
Dəymə, dəymə, ay İlham.
Bir şey etdim elə bil.
Qurban olub, di burax,
Bıy, buna bax, buna bax.
Küsürlər, barışırlar.
Barışıb qımışırlar.
Birdən gülürlər yenə,
Vurulurlar yüz kərə
Cavanlar bir-birinə.
4
Xala yenə büzüşüb yatır qonşu otaqda,
Nigarı da divanda yuxu aparmış yenə.
Nigar qəmli, pərişan, sol əli də yanaqda.
Dağılmış qara saçlar qollarına, köksünə.
Yazdı, dikəldi İlham, bir də çaldı, dinlədi,
Ürəyinə yatmadı, ürək yenə inlədi.
Əzdi, atdı varağı, seyr elədi Nigarı.
"Azad kimi yaz, - dedi, - yazmışam, amma pisdir!
Nigar necə sadədil, Nigar necə təmizdir!"
Xala səhər divanda yatan gördü onları.
5
Professor çağırmışdı İlhamı bu gün
Nə haqdasa danışmaq üçün.
Yeridikcə düşünürdü: "Nə idi yazdım,
Ürəyimi dinləməyib yolumu azdım.
Xeyr! Nəğmə pis də deyil, amma elə bil
Baş vurmadı ürəyimin dərinliyinə,
Gəldi-gedər hisslərdən söz açdı mənə".
O, qapını döydü yavaş, gəlmədi bir səs,
O, qapını bir də döyüb girdi içəri.
Professor, axı, dönüb baxmayır da bəs,
Hey çevirir önündəki boz vərəqləri!
İlham bir də salam verdi, qoca dikəldi.
-Siz kimsiniz? - deyib durdu, yaxına gəldi.
-Siz özünüz demisiniz...
– Mənmi, nə zaman?
Qoca seyrək ağ saçını yatırtdı dala.
Saqqalına əl uzadıb getdi xəyala:
-Fikrinizi açıq deyin, ay cavan oğlan! -
Bu qocanın laübalı aləmi vardı,
Dediyini, gördüyünü tez unudardı.
Eynəyini taxdı. - Aha, bizim tələbə?
Salam, canım, əşi, bunu bayaqdan de də.
Buyur, otur. Yaddaşım da yaddaş deyil ki...
Otur, otur, İlham bala, yaxşıca bil ki,
Səhv etmisən, nə yazmısan, a zalım oğlu.
Məgər sənin yolundurmu Azadın yolu?
Eşitmişəm dostluğun da onunla vardır.
Bil ki, canım, Azad dayaz bir bəstəkardır.
Dünən Nigar çalan zaman təzə nəğməni,
Elə bü ki, dönə-dönə söydülər məni.
O "Bir damcı" yazmışdın ha, əsl yol odur,
O, məhəbbət alovudur, xalqın ruhudur.
Damcı-damcı bu dəryanı yığasan gərək,
Ondan sonra könül dolub, coşar dəryatək.
İlham bala, bu qüvvətlə səsin ucalsın,
Bütün dünya dinləyici salonun olsun.
Budur arzu, budur dilək, budur ideal.
İlhamını bu yurddan al, bu diyardan al.
Sözün varmı, əgər yoxsa, gedə bilərsən.
Uşaqsanmı, daha sənə nə söyləyim mən?!
6
...Bu gələn kimdi gəldi,
Bu axşam İlhamgilə?
O, niyə belə güldü?
O, niyə baxdı belə?
İlhamınmı dostudur,
Məşhur olan, tək olan
Həmin bəstəkarmıdır?
Bu gələn nə gözəldir:
O, ucadır, o, qıvraq.
Bu nə qoldur, nə əldir,
Uzun barmağına bax!
Baxışları xumardır,
Hey süzülür, hey axır.
Onun nə fikri vardır?
Nigara nə çox baxır?
Gəzir onun baxışı
Nigarın buxağında,
Belində, ayağında.
Nigar bir az oturub
Keçdi qonşu otağa.
O dözmədi Azadla
Üz-üzə oturmağa.
Amma bildi ki, əri
Sancacaqdı Azadı.
O, harada, nə zaman
Qəlbində söz saxladı?!
-Eh, a dostum, ay İlham,
Qalmasın gözündə kam!
Bu gözəllər, gözəllər,
Könlümü candan elər.
Demə, nə dərdim mənim.
Dərdim, bu gözəllərin
Sayı qədərdir mənim.
Bunlar - yaxşı bil ki, sən,
Olduğutək görünən,
Həqiqətdir, həyatdır.
Demə, cəfəngiyatdır.
Varmı sözümdə yalan?
-İstəsə, hər hissini
Boğub parçalar insan.
-Ehtiras ümman olur,
Qurbanı insan olur.
-Ehtiras insanındır,
Yoxsa insan onundur?
-Bir az toxta, bir az dur,
Beyninə qan vurmasın!
Ehtirasın - okean,
Aşıb-daşdığı zaman
Qoy səni batırmasın.
-Yaxşı hazırcavabsan,
Asan gəlməsin, asan
Ömür sənə, gün sənə.
-Böyük filosofa bax,
Səmimi ol, ay axmaq,
Nə deyir könül sənə?
-Son zaman sən,
Bilirsən,
Pis yazırsan,
Azad can!
-Eşit ki, çox yazmışam.
Yazdıqlarım var mənim,
Nə eləsəm, ay İlham,
İxtiyarım var mənim.
Sağ ol, a dost, çox sağ ol,
On beş il oxu, öyrən,
Axırda da axmaq ol.
Anlamıram səni mən.
Azad gülümsəyərək,
Uzun, şəvə saçını
Apardı bir əliylə
Boynunun ardınadək.
Dodağının ucunda
Gülümsədi, qımışdı.
O, İlhama baxmadan
Uzun-uzun danışdı,
İlham dedi: - Eşit, sən,
Dön bu yollardan, evlən,
Yığış evə, yaz, yarat!
Bu kefdə, bu damaqda,
Səni qoyarmı həyat!
Son zamanlar,
Nəyin var!
Görən deyir pis yazır
Sənin dostun bəstəkar!
Yazdığı da zəifdir
Köhnə əsərlərindən.
Azad birdən sıçrayır,
Oturduğu yerindən:
-Dünənki uşağa bax!
Bir dur şəhərə çıxaq,
İki adam dindirək,
Kimi tanıyır görək.
Başın işləyirmi heç
Barı, qanacağın var?
Ustadına baxma kəc,
Gözlərinə qan damar.
-Deməsəm həqiqəti,
Yeyər məni vicdanım,
Yaxşı başa düş, canım,
Əvvəl vardın, Azadcan,
Bəstəkardın, Azadcan.
Azad, mənə inan sən,
Altını çəkəcəksən.
Bir zaman verdiyini,
Alır bir zaman həyat.
Bir evlən, bir yaz, yarat:
Adın mənim adımdır, -
Evlən...
-Evlən!
Gözəllər hamısı arvadımdır...
-Yox, Azad.
-Bəli, İlham.
Mən buna qol qoymaram.
Evlənərəm, o yandan
Çıxar daha sevimli,
Başqa sevgili canan.
Bir də boşadın, aldın;
Niyə pis olsun adın?
-Sənə nə deyim... Ancaq
Axrın pis olacaq.
Bu vaxt çöldə bir uşaq
Azadın mahnısını
Fıştırıqla çalırdı.
Azad güldü: - Ora bax,
Nəğmə gah alçalırdı,
Nəğmə gah ucalırdı...
Nəğmə deyirdi: "Durun,
Hey gülüşün, gülüşün,
Durun, atılın, düşün!
Nə sevgi, nə məhəbbət!
Nə desələr yalandır.
Bir öpüşdür səadət,
İnsana bu qalandır".
-İlham, sözün varmı, de,
Azad bəstəkarmı, de!
-Xeyr, heç də bu hələ,
Qalibiyyət deyildir.
Musiqi oynaq olur,
Yadda saxlamaq olur,
Amma...
-Nə amma, balam,
Nə yazmısan, ay İlham!
-Mən heç nə... Amma sənin,
De, hansı bir nəğmənin
Elə mənası var ki,
İnsan heyrətdə qalsın.
Azad, hər nəğmən məni
Qoy haldan-hala salsın.
-Gəl, öyrətmə sən məni,
Bəs onda Ştraus? -
Məğlub olurmusunuz?
-Ah, o valslar, o valslar,
Rəngbərəng bir həyatdır,
Günəşi var, ayı var,
Bir böyük kainatdır.
Dostuq, istədiyimdən
Dediyimi dedim mən.
Sabah bir iclasda da
Açıq deyə bilərəm.
-Vallah, gedərsən bada,
Mən də baxıb gülərəm.
-Azad, sənin sənətin
Səsləyir eyş-işrətə,
Yaddır saf məhəbbətə,
Çətin duyursan, çətin.
Çıxarıb doğru yoldan
Şirin təriflər səni,
Edib birtəhər səni.
Aldan, nə deyim, aldan,
De, bu otaqda, a dost,
Neçə cür səs eşitdin?
-Nə üçün sual etdin?
A könlü dar sərsəri,
Səsmi? Bütün səsləri!..
Həm saatın, həm sənin,
O evdəki Nigarın,
Nigarın xışhaxışla,
Açdığı vərəqlərin...
Əl çəkərsənmi bizdən?
-Qaldı ki, öz səsin bəs,
Qaldı ki, könlümüzdən,
Gələn səda, gələn səs.
Sən dediyin səsləri
Hamı eşidə bilər.
Sənətkar üçün isə,
Sükutdan da səs gələr.
Hanı təzə boylanan
Çiçəklərin sədası?
Ürəyə ilk iz salan
Diləklərin sədası.
Sənsə nə düşdü yada
Tezcə bəstələyirsən,
Müvəqqəti olsa da,
Bizi üstələyirsən.
İlhamı düşmən görüb,
Azad çıxdı otaqdan.
Xəyal, fikir götürüb
Evdə onu bayaqdan.
"Azmıdır istedadım,
Hər vaxt baş olmuş adım.
Bəs indi? De, bu uşaq,
Birincimi olacaq?
Gözəl Nigar, o Nigar
Nə yaxından baxırdı,
Nə mehriban baxırdı.
O tanıyır, o duyur
Məni bəstəkar kimi.
Bir Nigar olarmı heç
Bu gözəl Nigar kimi?
Onu qucaqlar Azad,
İlhamı dağlar Azad,
Onda bilər ki, İlham,
Sevimli bəstəkaram".
Azad göy paltosunu
Geyib çıxdı şəhərə.
Tuş etdi şöhrət onu
Sevdalı gözəllərə.
Boy uca, qamət gözəl,
Vüqarlıdır görkəmi,
Hələ saçları da var
Onun Rac Kapur kimi.
O, vüqarla yeridi,
Yenə də baxdı göyə,
"Gözəl Azərbaycanın
Dahisi mənəm", - deyə.
Azad görüb yaxında
Tanış qıza göz etdi.
Gəzib sahil bağında
Onunla evə getdi.
Heyrət elədi yaman
Xumar adlı bu qıza,
-Nigar, - dediyi zaman...
7
Gedən İlhamdır, getdi.
Gələn Azaddır, gəldi.
O, niyə belə etdi?
O, niyə belə güldü?
Danışdı qəmli-qəmli
Bədbəxt doğulduğundan,
Gözəllərin əlindən
Yanıqlı olduğundan:
-İlham isə, doğrudan,
Doğrudan, bəxtiyardır;
Onun belə mehriban,
Gözəl Nigarı vardır.
Qəlbimi odlandırır,
Musiqini duyan qız.
Məncə, indi ən gözəl
Skripkaçısınız.
Paqanini kimi siz
Könlü inlədirsiniz.
Mənim yazdığım sizə
Xoş gəlirmi heç?
-Üzə
Desəm də qoy deyim mən
Sizin musiqinizdən,
Başqa ilham alıram.
Hər konsertdə çalıram.
-O İlham niyə sevmir?
Ona da bildirin bir.
Qız olsanız da, bir qız,
Yaxşı sənətkarsınız.
Axtarıram, gəzirəm
Sənintək Nigarı mən.
Varlığımdan bezirəm
Görməyəndə yarı mən.
Nigar dedi ki: - Eh, siz,
Niyə qəm yeyirsiniz?
Bir gözəl yoldaşım var.
İstəsəniz, o qıza
Deyib anlatmaq olar.
-O, sizə oxşayırmı?
Aladırmı gözləri?
Şirindirmi sözləri?
Ağlı, kamalı varmı?
Musiqini duyurmu?
Çalırmı, oxuyurmu?
Ucadırmı qaməti?
Çoxdurmu sədaqəti?
Sevərəmmi onu mən?
Susursunuz... Axı, siz...
-Bu iş ürək işidir,
Bəlkə də sevmədiniz.
Amma o sevər sizi,
Gözləyər gecə yarı,
Gözləyər səhər sizi...
-Yox, elədirsə əgər,
Sevərəmmi onu mən?
Mən istərəm bir qızın
Alışım həsrətindən.
Deyin nəyə gərəkdir.
Asan, ucuz bir vüsal?
Sorğusuz sevəcəkdir,
Azad, onu buyur, al.
Qəm olsun, bu yolda qəm.
Həsrətə dönsün aləm.
Sonradan bilsin o qız,
Nəkarəyəm, kiməm mən.
Məhəbbət yollarında
Ölərəm, dönmərəm mən.
Sevdiyim sevməyibdir
Heç zaman, heç vaxt məni.
Anam doğmayaydı kaş,
Doğunca bədbəxt məni.
Mən gedirəm, sağ olun.
Bu evə dayaq olun...
8
Sönmüş arzuların, ehtirasların
Külləri altında qalan bir közü
Közərtdi Azadın alovlu gözü.
Yadına gör nələr düşdü Nigarın:
Kefdə, qonaqlıqda qarışıq salıb,
Qaralan axşamı, doğan səhəri.
Adi nəfəsi də ədayla alıb,
Ömrü başa vuran ailələri.
Bir də ki, ilk sözü, ilk idealı:
Hamıdan şöhrətli, hamıdan
qəşəng
Hər zaman,
Hər yerdə,
Hər hünərdə tək
Gözəl bir oğlanı sevmək xəyalı.
Üzüb rəqslərin ümmanlarında,
Nə qədər üzsə də heç doymadığı,
Konservatoriya oğlanlarında
Ürək qoymadığı, can qoymadığı.
Amma o yanda da dostların, elin,
Onlarla bir yerdə keçən hər ilin
Gözəl romanların -
Qəhrəmanların
Mənalı təsiri...
Olub əsiri
Füzuli, Lermontov şeirlərinin...
Əli çənəsində düşündü dərin.
Birisi qüdrətli, o biri təmiz –
İki hiss
Yaşadı qəlbində mübahisəsiz:
Bir gün coşdu amma, tufan
qopardı,
Aldı qucağına Nigarı onlar,
Hərəsi bir yana çəkib apardı.
Çaşdı bu tufanda fırlanan
Nigar.
Basıb sinəsinə skripkanı,
Əydi bir qədər də başını yana,
Çaldı Azad yazan bir şən havanı,
İlham qulaq verdi kədərlə ona.
9
Nigarın gözlərində Azad ucaldı, getdi.
Nigarın ürəyinə Azad xal saldı, getdi.
Gecəyan...
Ay gəlib pəncərənin yanına...
Nigar yata bilməyir,
Od tökülüb canına...
"Azad özü qəşəngdir,
Xasiyyəti ipəkdir.
O, indi evdə təkdir,
Eh, bu gözdə, bu qaşda
İlham olaydı, İlham.
İlhama qurban ollam,
Nə deyirəm, ay aman.
Çıx, ey fikir, bəd fikir,
Qara fikir başımdan.
Əgər ərimdən əvvəl,
Ərimdən uca, gözəl
Azad görsəydi məni,
Sevdiyini bildirib,
Sevindirsəydi məni,
Bu, başqa söz, başqa iş!
Demək, xoşum gələrmiş?
Nə dedim, nə düşündüm,
Nə pis etdim, ay ana!
Sadiq idim, bəs, ona?
Bəs, könlümün ən əziz
Yarıydı İlham mənim,
Dünyada dünyam mənim.
Yoxsa, aldanıram mən
Rəngarənglik eşqinə?
Öl, deyərdim, deyimmi?
Ölüm də azdır mənə!
Bu necə bir duyğudur?
Bu necə ehtirasdır?
Məni kəssələr de az,
Doğrasalar da azdır.
Azad, uzaq ol, uzaq!
Niyə gözəl yaratmış,
Səni gözəl təbiət?
Bu, yaxşılıq deyildir,
Cinayətdir, cinayət!
Qoymayın yaxın gələ,
Bizə gələ Azadı.
Qoyma, İlham, o gülə,
Qoyma, gülə Azadı.
Azadım sənsən mənim,
Necə?
Azadım? Aman!
Alovlandı bədənim,
Ağrı qopdu başımdan.
Haradasan, ay İlham,
Sənin qurbanın ollam".
Nigar çarpayısında
Ayrı yatıb ərindən,
Ayrıla bilməyirdi,
Dərdindən, kədərindən.
O durdu yavaş-yavaş...
Qucaqladı İlhamı.
-Ay İlham, yatmısanmı?
-Sənə nə olmuş, Nigar?
Nigar, Nigar, de nə var?
-Bilirsənmi, ay İlham,
Üşüyürəm, qorxuram.
-Gəl, ay Nigar, gəl bəri,
Bu axmaq fikirləri
Bir yol başından çıxart.
Evdə deyilsən ki, tək..
-Məncə, sənsən ən qəşəng.
O, qəlbində ağladı,
İlhamı qucaqladı.
İlham onun gur, qara
Saçlarına oldu qərq.
– Xəstələnibsən, nədi?
Nigarın çılpaq
Dümağ
Titrəyən tərli çiyni
Ay nurunda titrədi.
Nigar çox istədi ki,
İstədi ki, anmasın,
Düşünməsin Azadı;
Necə oda yanmasın,
Olmadı ki, olmadı.
10
Üz-üzə oturan rəfiqələrdir,
Biri gözəl Nigar, biri Qəmərdir.
Nigarın saçı gur, yanağı aldır,
Qəmər bir pərişan, solğun xəyaldır.
Nigar Azad deyib, Azaddan çalır,
Qəmər qəmli-qəmli xəyala dalır.
Söyləyir: - Rayona gedəndən bəri,
Olubdur bir nəğmə dilim əzbəri:
O, kimə xoş gəlməz, söylə bir kimə?
Sən eşitməmisən?
Mənə tanışdır.
-Məncə, belə nəğmə az yaranmışdır.
Onu dinləyəndə adam düşünür,
Həyat başdan-başa mənaya dönür.
Amma Azadınkı birtəhərdir ey...
Bir az gurultulu nəğmələrdir ey...
-Çaldığım pisdirmi? Bilirsən,
Qəmər,
İstəsən rəfiqən tanış eləyər
Bunu yazan ilə...
– Gərək deyildir.
Mənim gözümdəsə İlham gözəldir.
Bir dəfə görmüşəm, təvazökardır,
Gözündə bir dərin düşüncə vardır.
-Ay qız, buna bax ey, buna bax ey bir,
Ay qız, o ki mənim, mənim ərimdir.
-Bir teleqrama da dəymədik, ay qız?
Ay toyu yoldaşsız edən vəfasız?
Demək ki, bəs belə...
İlham bu zaman
Fikirli-fikirli girir qapıdan.
Qəmər tez-tələsik ayağa qalxır,
-Hələlik, - söyləyib otaqdan çıxır.
-Ay bacı, nə oldu? Ay bacı,
hara?..
-İlham, o vurulub sən bəstəkara,
Deyir yaxşı yazır...
-Doğrudan? Bəs sən?
-Mən də çox sevirəm, düşmə həvəsdən.
-Bilirsən, bu axşam müşavirədir,
Mən də lap hazıram...
-Məqsədin nədir?
-Məqsədim odur ki, harayla, hayla,
O ucuz, o dayaz patetikayla...
-Yaxşı ey... Bəsdir ey... Bilirəm ki, sən,
Hay-haray deyəndə Azad deyirsən.
Bəs müşavirənin mövzusu nədir?
-Xalqın nəğməsindən istifadədir.
-Bilirsən, Azadın dalında dağ var,
Sən cavan, Azadsa məşhur bəstəkar...
Kəsər bircə sözlə səsini sənin,
Bilinməz sorağı bircə nəğmənin.
-Qoy olsun! Susmaram nə qədər sağam...
-Yox, səni, mən səni qoymayacağam.
11
-Söz indi İlhama verilir, - deyə
Salona boylandı sədri iclasın.
İlham susdu niyə, dinmədi niyə?
Bəlkə də gəlməyib, xəstə olmasın!
İşıqda parlayır sədrin daz başı,
Yenə də diqqətlə baxır salona,
Böyüyür gözləri, çatılır qaşı;
Azaddır "gəlməyib" söyləyən ona.
Azaddır! Rəyasət kürsüsündədir.
Çatmadır qaşları,
Gurdur saçları.
Gah sədri gözaltı süzür arabir,
Gah da üz çevirir salona sarı.
İlham axırıncı sıralardadır
Gözəl Nigarıyla çiyin-çiyinə.
Nigar: - Qalxma, - deyir, - ağlın
hardadır?!
Sən Allah, sən canın, qulaq as mənə!
İlhamsa dartınıb qalxır ayağa,
Çıxır pencəyinin ətəyi əldən.
Boylanır qabağa, gedir qabağa:
-Ay yoldaş, ay sədr, buradayam mən!
Bu yaxın kürsüyə çatana qədər
Titrəyir dizləri, yorulur İlham:
"Çox yollar keçmişəm bu ana qədər,
Amma indikitək yorulmamışam".
Özünü çatdırıb kürsüyə İlham,
Su içdi əvvəlcə, gülənlər oldu.
-Yoldaşlar, bu saat başlayacağam...
O, xeyli sussa da, danışdı birdən.
Azadın haqqında deyəndə İlham
Azad baş əsdirdi, söz atdı yerdən:
-Ay canım, bilirsən heç nədir muğam?
İlham çaşdı yenə, qızardı yenə,
Yenə sükut etdi başı aşağı.
Baxarkən Azadın göy gözlərinə
İtirdi özünü uşaq sayağı.
İlham su içəndə söz atdı Azad:
-Az iç, maestro, böyük istedad!
Su çoxdur onsuz da sözündə sənin,
Su yoxdur, hayıf ki, üzündə sənin.
İlham o gözlərdə istehza görcək,
Qəlbinə dalbadal köz yapışdı, köz,
Dedi: - Mədəni ol, səbr elə görək,
Soruş sədrdən ki, kiminkidir söz.
... Yoldaşlar, dediyim muğamat ki var,
Göy kimi, yer kimi dərindir, dərin.
Amma muğamatdan bəzən bəstəkar
Köçürür sadəcə çox nəğmələrin.
Muğam elə dərin bir dəryadır ki,
Muğamdan min dəfə söz salmaq olar.
O elə qəribə bir mənadır ki,
Onunla dünyaya səs salmaq olar.
Kimi bu dəryanın üzündən keçir,
Kimi də baş vurur incilər seçir.
Çırpınır illərlə inci seçənlər.
Amma bu dəryanı üzdən keçənlər
Köpüklə doldurub ağzını üzdən,
Deyir ki, ən gözəl sənətkaram mən.
Üzünü Azada çevirdi İlham:
– Bəli, bilməyirik nədir o muğam.
Siz onun kəfini xörək yerinə,
Dinləyicilərə yedirirsiniz.
Taxta sinənizdə ürək yerinə,
Lira nişanınmı gəzdirirsiniz.
Niyə deməyək ki, üzünə açıq,
Sənin yazdıqların dərinmi, dərin?
Sənətkar qəlbilə danışmalıyıq;
Meydanı çox dardır o nəğmələrin.
Aparmır uzağa onlar insanı,
Dar gündə, bəd gündə tutmur əlindən,
Hanı Üzeyirin dediyi, hanı?
Nələr eşitmişik onun dilindən?!
Nəhayət, sözünü qurtardı İlham,
Yerini axtarıb tapdı birtəhər.
Nigar acıq etdi: - Razı olmuram,
Ala gözlərində dondu bir kədər.
Kürsünün dalında göründü Azad,
Hər cümlə başında "yoldaşlar!"
– dedi, -
Onda nə savad var, nə də istedad,
Qoymuş adını da bəstəkar, - dedi.
Qoca professor söz aldı yerdən,
Dərin sükut çökdü salona birdən.
Qoca eynəyini taxtı gözünə:
-İlhamın sözündə həqiqət vardır.
Azad, qoy deyim ki, sənin üzünə,
İlham az yazsa da, bir sənətkardır.
-Sən qoca kişisən, get evində yat. -
Professor soruşdu: - Nə dedin, Azad? -
Qocanın sifəti ağardı birdən:
-Sənin atan yerdə bir kişiyəm mən.
Titrədi qocanın əli, ayağı,
Ömründə belə söz eşitməmişdi.
Çırpındı ürəyi, əsdi dodağı,
Əlləri titrəyib yanına düşdü:
– Çox sağ ol!.. - Toxtayıb danışdı yenə,
Bir qızartı çökdü solğun üzünə...
Azadın nə qədər dostları varmış,
Yamanca vurdular İlhamı yerə
Nigarsa qərq oldu düşüncələrə:
"Azad nə hörmətli bir bəstəkarmış!
Paxıllıq etmirmi İlham Azada?
O böyük şöhrətə, o böyük ada?!
O professor da qocalmış daha.
Sabaha baxasan gərək, sabaha.
Bəs, Qəmər? Deyirdi o axşam Qəmər
Gözəldir İlhamın yazdığı əsər.
Eh, Qəmər adicə müəllimədir,
Onun musiqidən qandığı nədir?
Azadın sədası tutmuş hər yanı,
Gəzir başdan-başa Azərbaycanı.
Bir də ki, mənim də qənaətim var,
Onun sənətinə məhəbbətim var".
12
Uçub gəlir dənizdən
Gərib ağ qanadını
Dalğalara bir səhər.
Yel vurduqca tərpənər,
Birər-birər
Ləpələr
Sahilə zər səpələr.
Dalğaların biri qızıl,
Biri boz, biri ağdır,
Dəniz zolaq-zolaqdır,
Dəniz pillə-pillədir.
Külək pəncərələrdə
Pərdələri yellədir.
Günəş sanki batıbmış
Dalğalarda bu gecə,
Yenə çıxır, közərir,
Alışacaq indicə
O yanır,
O ucalır.
Üfüqlərdən sahilə
Yanar bir körpü salır:
İşıqlanır. Elə bil
Buruqlar addım-addım
Yeriyir üzü bəri.
Yırğalanıb ayılır
Dünəndən lövbər atmış
Ağır-ağır gəmilər.
Açılır Bakımızın
Əzəmətli səhəri,
Doğma səhər, xoş səhər...
Azadın son zamanlar
Yazdığı bir nəğməni
Yadına saldı Nigar.
"Aşiqinin, ay gözəl,
Qəsd eləmə canına.
Səhər açılanda gəl
Pəncərənin yanına!"
Buna görəmi Nigar
Pəncərənin yanında
Gəlib dayandı bu gün;
Açdı qara saçları,
Tökdü çiyninə çin-çin.
Daramaq istəyirdi
Daraq əlində qaldı;
Gördüyü bir mənzərə
Onu heyrətə saldı.
Odur, bağda oturmuş
Bir skamyada Azad.
Elə bil ki, Azaddan
Üz döndərib kainat.
Aradan keçdi bir gün,
Azad yenə ordadır.
Nigar pəncərələrdən
Boylandı, baxdı hər gün,
Azad yenə ordadır.
Bir səhər
Belə keçir,
Bu beş gün, on gün olar.
Azadı burda hər gün,
Gördü hər səhər Nigar.
Bir gün əlində zənbil
Gedirdi asta-asta,
Baxmayırdı Azada,
Görməyirdi elə bil.
Yeridi ona sarı,
Yeridi birdən Azad.
Güldü Nigara onun
Gözlərində şöhrət, ad.
Cazlı,
Tanslı,
Ah, necə,
Ehtiraslı bir həyat,
Tamam başqa kainat,
Görüşdülər,
Keçdilər.
Dönüb baxanda dala,
Nigar öldü az qala!
Ürək payimal oldu.
Yanaq yandı, al oldu,
Təkcə kiçik bir çapıq
Qaralırdı üzündə.
Yaş göründü gözündə,
Sallandı kirpiyindən,
Elə bil o damlatək
Ürəyi də düşəcək.
Çünki Azad da dönüb sözlü, suallı baxdı,
Yoxsa çağıracaqdı?
Günlər belə ötmədi,
Azad çıxıb getmədi.
Nigarını görməmiş,
Şlyapanı götürüb,
Yerə əyib başını
Ona salam verməmiş.
Azad bu bağa gəldi
Səhər günəşlə birgə.
İndi gəl bu ürəkdən,
Bu sönməyən diləkdən
Sirr gizlə, can əsirgə.
13
Geniş səhnə... Ortada dümağ geyinmiş Nigar,
Burum-burum burulmuş çiyinlərində saçlar.
Qoynunda skripka, baş əyilibdir yana,
Gözlər yarı yumulmuş, süzgün baxır salona.
Lojadakı adamın baxışları itidir.
Nigar ona baxmayır, axı fikri qətidir.
Nəğmənin ahəngisə qoyur ki, dursun onu,
Əyir onun boynunu,
Yana əyir, o yana.
Nigar baxır yenə də bu nəğməni yazana.
Azadınsa baxışı deyir; "Sevirəm səni!"
Yaxasından ağ donun yandırır ağ sinəni.
Çıxışmı qurtarıb evə gedəndə Nigar,
Gördü tində adam var, Azad idi bu adam.
-Salam, Nigarcan, salam!
Tutdu onun əlindən: - Nə qədər ki, mən varam,
Bu ələ minnətdaram.
Sizin icazənizlə öpərdim bu əli mən...
Hərarətli, sorucu, uzun sürən öpüşdən
Nigar əlini çəkib düzələndə yoluna
Azad bir an içində girdi onun qoluna.
-Bir səbr elə, dayan sən,
De mənə nə istəsən,
Mən rəziləm, alçağam
Yeri gələrsə əgər,
Sən istəsən
Bil ki, mən
Yenə alçalacağam.
Sənsiz, demə, varam mən,
Axı, sənətkaram mən.
Bir-birindən aralı biz nəyik ki, ay Nigar,
Gərək duya, anlaya sənətkarı sənətkar.
Hər gün sahildə axşam,
Səni axtaracağam
Bağın girəcəyində.
Barı, bir insaf olsun, ay Nigar, ürəyində!
Saat doqquz tamamdan
Düz saat ona kimi
Oradayam hər zaman,
Lap qocalana kimi.
Vaxtın olarsa nə vaxt,
Keçsə bir il, iki il,
On il keçsə gec deyil.
Gözləyərəm, a xoşbəxt,
Yerim dəniz qırağı,
Nigar, xəbər al məni!
Bir gün, bir axşamçağı
Nigar, yada sal məni!
De, buna nə sözün var?
Gözləyirəm, gəl, Nigar!
Bağın girəcəyində...
Barı, bir insaf olsun,
Ay Nigar, ürəyində.
Nigar titrək əliylə
Qapamışdı üzünü.
Göz yaşı gilə-gilə
Axırdı, tökülürdü
Yumru yanaqlarından
İlham üçün aldığı
Not varağına bir-bir
Tıppa-tıp...
Azad gedir,
Onun ayaq səsləri
Birdən kəsildi nədən?
Eşidildi təzədən.
Kəsildi.
Eşidildi.
Nigar bircə söz tapıb
Ona deyəmi bildi?
14
Nigar oturmuş yenə
Pəncərənin yanında.
Əli çənəsindədir,
Həsrəti var canında.
"Bu idimi ailə?
Bu idimi məhəbbət?
Bu idimi xoş vusal?
Həsrət gözəldir, həsrət!
Məlal istərəm, məlal.
Gəncliyin qurtardımı
İntizarı, görüşü?
Xoş günlərim vardımı,
Bu nə işdi, nə işdi?
Adiləşdi bu həyat!
Ah, necə adiləşdi!
Görünməsəydi Azad!
Siz nə bəxtiyarsınız,
Ey azad rəfiqələr.
Od tutdu bağrım, ay qız,
Yanıram axşam-səhər".
15
Gün batdı, axşam oldu,
Bu gələn, İlham oldu.
Bir dəstə gül gətirdi.
Nigarına,
Yarına,
İlk baharına verdi.
Dedi: - Necə qəşəngdir!
-Eh, nəyimə gərəkdir.
-Sən ki gülü sevirsən.
-Sevmirəm, sevmirəm mən!
Öz güllərim solubdur,
Gör, bir necə olubdur.
İlham baxdı:
– Doğrudan,
Solub dibçəkdə güllər.
Ay Nigar can, Nigar can,
Heç bu da işdir məgər...
Güllərə bax, güllərə
Quruyub nahaq yerə.
Həsrətindən solubdur,
Sapsarı saralıbdır.
Nə olmuşdur, de, sənə
Sirr sözünü desənə?
-Sən mənim İlhamımsan.
Mənim mehribanımsan.
İstərəm pis olasan,
Nə qeydimə qalasan,
Nə oxşayasan məni,
Sevmə məni, sən məni.
Sənə yaraşmır Nigar.
-Nigar, dəlisən, nəsən?
Danış görüm bir nə var.
Nigar istəyirdi ki,
Doğrudan, pis olsun ər,
Ona acı söz desin,
İncitsin axşam-səhər.
Onun da olsun haqqı
Başqasını sevməyə.
İlhamsa mehribandır,
Nigar ona nə deyə?
İlham gəldi yaxına,
Diqqətlə baxdı ona,
Qucaqlayıb oturdu
Yanındakı divana,
Bir daha baxdı ona.
Əyib onun başını
Öpdü, qoydu köksünə:
-Nigar, o nəydi dedin?
Nigar, nə olmuş sənə?
Nigar, danış, Nigar, din!
16
Gün niyə batdı yenə?
Ah, niyə düşdü axşam?
Yenə - dəniz seyrinə
Gedək, - söylədi İlham.
-Yox, getmirəm, getmirəm.
İxtiyar mənimkisə
Dənizi seyr etmirəm.
-Sən o deyilsən... Nəsə...
İlham çıxıb gəzdi tək,
Nigar evdə bezdi tək,
Sahil ona - gəl! - dedi.
O, yox! - deyib ağladı.
O, dənizə açılan,
Pəncərəni bağladı.
Bağlı pəncərədən də
Göründü sahil ona.
-Tez ol, - dedi, - gəl, - ona, -
Azad gedir, qayıdır,
Azad gəlir yenidən,
İnsafın olsun, ay qız,
Ürəyi daşsan ki, sən!
17
Bir duyan varmı onu?
Kim anlaya, kim bilə?
Nigar ömrü uzunu
Çıxmasınmı sahilə?
Nigar da öz-özünə
Baxıb güzgüdə bir gün
And içdi, dad çəkdi ki,
"Sahilə gəzmək üçün,
Gəzmək üçün gedirəm.
Elə-belə gedirəm.
Yoxsa bir məqsədim var?
Bilə-bilə gedirəm?"
O, arxası düyməli
Yaşıl donunu geydi.
Bu ən yaxşısıdır ki,
Nə üçün onu geydi?
Ürəyində həyəcan
Evdən çıxdığı zaman
Səs gəldi dörd tərəfdən.
– Ana, - dedi, - ay ana,
Mən hara gedirəm, bəs?
Kimin səsidir bu səs,
Kimdir, mənə nə deyir?
Sahilin işıqları
Niyə belə titrəyir?
Yox, bu başqa səs idi,
Lap nəfəsim kəsildi.
Lap boğazım qurudu,
Bir içim su, bir az su.
Su içdi bircə qurtum.
İçib düzəldi yola.
Bir az gedib dayandı,
Daldı fikrə, xəyala.
Bu vaxt uca buruqdan
Paraşütlə bir oğlan
Uçub gəldi aşağı.
Hiss elədi ki, Nigar
Ucalardan alçağa
Enir bu oğlan kimi.
Nigar indi havada,
Nigar indi göydədir.
Qapqaradır hava da,
Yer haradır, göy nədir?
Yaralı bir quş kimi
Qanad çalır nə vaxtdır,
Dənizəmi,
Yerəmi,
Hara yıxılacaqdır?
Nigar yeriyib asta,
Baxmadı da Azada.
"Axı, dəniz seyrinə
Elə-belə gəlibdir,
Bilə-bilə gəlibdir?"
Azad gəldi yaxına,
Salam da verdi ona.
Yeridilər fikirli,
Yeridilər aralı.
Ürəyi gəldi dilə:
Söylədi: - Ey vəfasız,
İlhamla bir vaxt belə
Gəzərdin, ay qız, ay qız?
Ah, nə üçün bu Azad
Çəkdi qolundan onu?
Etdi yolundan onu?
Onlar keçdiyi zaman
Dəniz qırağındakı
Sulanmış asfalt yolu
Sıçrayıb balıq kimi
Azadın əllərindən
Çıxdı Nigarın qolu.
Adamların içindən
Birdən ona çox tanış,
Yaxın adam göründü.
"Bax, bu odur, özüdür,
Nigar, İlham göründü".
Əllərini apardı
Alovlanmış üzünə,
Bilmədi qatar-qatar
Maşın gəlir üstünə.
Azad qaçdı kənara,
– Səni basar maşınlar,
Tez ol, - dedi Nigara.
Dondu yerində Nigar.
Gələn maşınlar qəfil
Haray salıb dayandı.
Bütün dünya elə bil,
Yuxusundan oyandı.
Uzaqlarda hardasa,
Qıyya çəkdi bir gəmi.
Sədalar zilə gəldi,
Dindi orkestr kimi.
Səs bürüdü aləmi,
Səsə düşdü hər nə var,
Dondu yerində Nigar.
Həsəd çəkdi karlara,
Həsəd çəkdi korlara.
Düşünmək istəmədi
Adı nədir, nəçidir...
Burda niyə dayanmış,
Niyə burdan keçirdi.
Neçə cür çıxış yolu
Dolandı xəyalında.
İstədi ki, gizlənə
Redikülün dalında,
Əlindəki əzilmiş
Xırda gülün dalında.
İstədi ki, məhv olub,
Nə danışa, dinə o.
Dönə daşa, torpağa,
Bir heçliyə dönə o!
Dindar deyildisə də,
Dedi: - Allah, ay Allah,
Mənə də bax, ay Allah.
Allah, bu mən deyiləm,
Vallah, bu mən deyiləm.
İlham, bu mən deyiləm.
Anam, bu mən deyiləm.
Sonra səhv edərsiniz!
Mən məhv edərsiniz!
Doğrusunu deyirəm,
Məni deyiləm, deyiləm.
Niyə inanmırsınız?
Burda duran bu pis qız
Bir axmağın biridir.
Ölüm - onun muzdudur,
Qəbir - onun yeridir.
Mən deyiləm, bu - odur.
Baxma, baxma, ay İlham!..
Mənmi niyə baxıram?
Mən ki burda deyiləm.
Doğrusunu deyirəm,
Mən deyiləm, deyiləm.
Bu əl kimin əlidir?
Kim yapışdı, bu qızın
Biləyindən, qolundan?
Axı, bu başqa qızdır,
Nə istəyirlər ondan?..
...Açan zaman gözünü,
Azadın otağında,
Güzgünün qabağında
Gördü Nigar özünü...
Adam-adama bənzər,
O adam əriydimi?
O gözlər, odlu gözlər
Onun gözləriydimi?
Azad bir an içində
Aldı onu qoynuna.
İsti, odlu, dalğalı
Bir həyəcan içində,
– Xeyr, - söylədi ona, -
Gördüyün adam, - dedi, -
Deyildir İlham, - dedi, -
Can, - dedi, - yarım, - dedi,
Ey yoxluğum, varlığım,
Qəmim, bəxtiyarlığım,
Mənim Nigarım, - dedi.
Aradan xeyli keçdi,
Sükut çökdü otağa...
Nigar qalxdı ayağa.
Nigar istədi Azad
Onun könlünü alsın.
Qoy yenə də kainat
Gözlərində ucalsın.
Bunlar bir yana qalsın.
Nigarı dindirmədi,
Bir sual da vermədi,
Sanki onu görmədi.
Könlü nələr demədi
Nigara nələr, nələr...
Dedi: - Halın necədir,
A şirin dilli dilbər?
Dedi, dedi Nigara.
O, ağzından gələni.
Bura hara, sən hara?
Yaman sevir o səni!
Nigar saraldı, soldu,
Köks ötürdü dərindən.
Könül uçdu yerindən.
Üşürgələndi Nigar.
Sevda zirvələrindən
Bu əcayib, qəribə
Otağa endi Nigar,
Seyr eylədi otağı,
Yaydımı, yoxsa qışdır?
Təqvimin də varağı
Çoxdan cırılmamışdır.
Qırılmış qanadıdır
Elə bil ki, həyatın
Böyük gümüş kəfkiri
İşləməyən saatın.
Gözəllik, rəngbərənglik
Onu aldatmasaydı...
O, qapıdan çıxanda,
Qorxa-qorxa baxanda,
Könlü necə qan oldu.
Elə bil bütün şəhər,
Bütün gələn-gedənlər
Onu tanıyan oldu.
Könlü dərd ilə yüklü,
Hamıdan üz gizlədi.
Balacalı, böyüklü
Hamı onu izlədi.
Evə çatdı, nə çatdı,
Gördü qapı açıqdır.
Saçlarına əl atdı:
Bəlkə də pırtlaşıqdır?
Rediküldən çıxarıb
Balaca güzgüsünü,
Çaşdı tələsdiyindən
Onun dalına baxdı.
Görməyəndə özünü
Sanki yıxılacaqdı.
Belə ağır bir fikir:
Mən varammı, yoxammı?
Ah, bu nədir, bu nədir?...
18
Azad ilə Nigarı,
Görən adam, o adam,
Yoxsa İlhamdır, İlham!
Axı dinib-danışmır,
Nigara bir söz demir.
Nigardan da bircə söz,
Bircə kəlmə gözləmir.
Anlamışdır elə bil,
Nigar o Nigar deyil.
Amma birdən: - Ay Nigar,
Nə var, - dedi, - Ay Nigar.
Dərd eləmə, əzizim,
Vaxt gələcək ki, bizim,
Musiqi aləmində,
Xidmətimiz,
Yerimiz,
Əsərimiz olacaq.
Bir gülümsə, sən Allah,
Gülümsəmir, buna bax...
Qoy çalım pianoda
Yazdığım sonatanı.
O ilk məhəbbət haqda,
Söz haqda, söhbət haqda.
Yar haqda,
Nigar haqda.
Musiqi qurtardı...Dinmədi Nigar,
Əlləri qoynunda baxdı küçəyə.
Dedi: "Harda qaldı, harda o çağlar...
İlhamın qədrini bilmədim niyə?
Məni bu dərdlərə salan düşmənim
Azaddır, Azadın musiqisidir.
Daş olsun, kül olsun başıma mənim,
Ay aman, bu nə hal, bu əhval nədir?
Nədir həyatımın indi mənası,
Həyatım nə qədər nasiranədir!
De, o stul nədir, de, o rəf nədir?
Baş-başa vurulmuş üç şam taxtası.
Nədir bu küçələr, nədir bu yollar
Evə getmək üçün, gəlmək üçündür.
Orda nə vüsal var, nə də intizar,
Nə də ki, ağlamaq, gülmək üçündür,
Otağa bir sükut çökdü o axşam,
Nə Nigar dilləndi, nə də ki İlham..."
19
Bir gün Bəstəkarlar İttifaqında
Qəfilcə rast gəldi Azada Nigar.
"Keçən gün, qara gün, gəl, düşmə yada".
-Nigar, söylə görüm nə yenilik var?
Bu zaman arxadan İlham gəlirdi,
-Nigar, bu İlhamın inanmır mənə,
Özünü hər zaman dahi bilirdi...
Ordan evlərinə yüyürdü Nigar,
Yolda skripka düşdü, bilmədi.
Götürüb tələsik bircə dəst paltar,
Çıxıb gedən oldu, daha gəlmədi.
Dolandı həftələr, dolandı günlər,
Ay da başa çatdı, Nigar gəlmədi.
Günəş axşam batıb, göründü səhər,
Hər gedən qayıtdı, Nigar gəlmədi.
İnsafı harda qaldı,
Özü harda, gəlmədi,
Niyə Nigar gəlmədi?
Pəncərəni tutdu toz,
Tutdu qubar, gəlmədi:
Gündüz Günəş, axşam
Ay, Pəncərə qarşısında
Dayandı, fikrə daldı.
Açılmadı pəncərə,
Bu Nigar harda qaldı?
Yavaş-yavaş fikirli,
Ötdü Günəş, ötdü Ay;
Batdı Günəş, batdı Ay.
Dibçəkdəki çiçəklər
Saraldılar, gəlmədi.
Qaraldılar, gəlmədi...
Pişik çıxıb otaqdan
Pilləkənin başında
Yola baxır bayaqdan.
Xalanı fikir aldı,
Gözləri yolda qaldı.
İlhamın dağ dərdini
Gözəl Nigar bilmədi,
Gəlmədi ki, gəlmədi!
20
İlham demədiyi adam qalmadı,
Nigardan heç yerdə soraq olmadı.
Amma necə gəldi, gəldi bir səhər,
Gəldi tanışları həmin o Qəmər.
Söylədi İlhama olub-keçəni:
– Nigar, yazıq Nigar tez inanandı,
O, mürtəd Azadın oduna yandı...
(Dünən bir məktubla yad edib məni)
İlham xalaya baxdı,
Əydi başını xala.
İlham çıxdı otaqdan.
– Hara gedirsən, bala?
O görmədi ki, maşın
Süzüb gəlir uzaqdan.
Maşın birdən səslənib
Silkələndi, süründü.
Birdən dayandı, birdən.
Asfaltın üstdə qara,
Əyri izlər göründü.
Tüstü çıxdı daldakı
Təzə, qoşa təkərdən.
İlham baxdı, dinmədi.
Şofer: - Dəlidir, - dedi,
Əl eləyib, maşını
Sürdü getdi uzağa.
İlham bir az dayandı,
Yollandı yaxın bağa,
Oturdu sahildəki,
Sınıq bir skamyada.
Ah, keçən gün, keçən gün,
Sən niyə düşdün yada?!
Qonaq gəldi bircə an,
Ey ötən günlər, aylar.
Günəş, tərsinə fırlan,
Axın geriyə, çaylar!
Cavanlaşın, adamlar,
Bəlkə dönə o bahar.
Xəzri əsdi, nə əsdi,
Xəzri hara tələsdi?
Çiçəkləri, gülləri
Ələk-vələk elədi:
Nəyi aradı külək?
Coşdu haray çəkərək.
Döydü pəncərələri,
Külək,
şişirtdi, açdı,
Qaldırdı pərdələri,
Parçaladı Xəzəri;
Birdən şahə qaldırıb
Dindirdi dalğaları,
Endirdi dalğaları.
Nigarı axtardımı,
Coşan xəzri Nigarı?
Kiparisin, palmanın
Əyildi budaqları,
Çevrildi yarpaqları.
Neçə yarpaq da düşdü
Düşdü bir-bir, iki-bir,
Xışıltıyla sürüşdü...
Yarpaq oynadı keçdi,
Qalxdı təzədən göyə...
Çırpındı ki, elə bil
Doğma budağa düşsün.
Onu vurduqca külək,
İstərdimi qərib tək,
Uçsun uzağa düşsün...
Ağaclar da baş əydi
Uzaqlarda kiməsə
Qəmli adamlar kimi.
Aldı İlhamı sahil
Qucağına
Dözülməz,
Küləkli, soyuq, acı,
Qəmli
intizar kimi...
Bu göylərə nə oldu?
Dünyanın bu başında,
Dünyanın o başında.
Gurhagur guruldadı.
Yağış gücləndi, coşdu,
Şırhaşır şırıldadı.
Çoxu çatıb qaşım,
Çətirin açdı, qaçdı,
Nədir bunun mənası?
Yağışın titrək toru
Dəniz işıqlarını göstərdi
Xeyli tutqun,
Göstərdi xeyli uzaq.
İlham işığa baxdı,
Gözü qaraldı ancaq.
Nargində, Bayıldakı,
Haradasa közərib,
Yanan xırda bir işıq
Görünməz oldu artıq.
Evə gəldi... bir kağız...
Görən kimdəndir kağız?
Nigarın xəttidir bu,
Bu ki onun məktubu...
"Salam, könlü qan olan,
Məndən nigaran olan!
Vəfasızam,
Pis qızam,
Uzaqlarda yalqızam.
Gündüzüm qəm, gecəm qəm,
Yaşayıram hardasa,
Heç özüm də bilmirəm.
Yəqin deyirsən ölmüş!
Ölməmişəm mən ölmüş!
Canımı almaq üçün
Əcəli tap, əmr elə.
Mən bir heçəm, barı sən
Səadətlə ömr elə".
O titrədi...
O keçdi pianonun dalına.
Endirdi yumruğunu
İki dəfə alnına.
Pəncərəyə göz dikib
Durdu, çox belə durdu.
Əllərini qaldırıb
Birdən başının üstə,
O dil bilən dillərə
Bütün gücüylə vurdu.
Tez də qalxdı ayağa,
Göz gəzdirdi otağa;
Bu, Nigarın saatı,
Bu, Nigarın qolbağı,
Bura oturduğu yer,
Bura axır zamanlar
Köksünü qucaqlayıb
Boynunu burduğu yer!..
Kimə desin bu dərdi?
Dostlar da yaylaqdadır,
Hərəsi bir bağdadır,
Onlara zəng edərdi,
Bu necə bir qəmdi ki,
Tutmuş bütün otağı,
Tutmuş bütün şəhəri,
Bütün bağçanı, bağı.
Hara gedir nə xeyri,
Orda da qəm, yenə qəm.
Sən ki bir şəhər oldun
Ah, nə deyim sənə, qəm.
İlham getdi kurorta,
Getdi Leninqrada.
Getdi ata yurduna,
Qəm göründü yurd ona.
Getdi, yenə də qəmli,
Yenə də möhnətlidir.
Qəmdən qaçmaq olarmı?
Xeyr! O, təyyarədən,
Qatardan sürətlidir.
Gəldi Bakıya İlham,
Dedi, - İlham, ay İlham,
Yoxsa zəif adamam?
Boğa bilməyəcəyəm,
Kədərimi, hissimi?
Düşəcəyəm çöllərə
Zəif bir insan kimi?
21
Dil boğaza qoymadı, beş gün, altı gün xala:
-Bir get, ay oğul bala,
Get, o qocaya de ki, qohumunam mən sənin.
Nə vaxtdır ki, gəlməyir səsi də bir nəğmənin.
-Yox, xala, işləməkdən kor olsa da gözlərim,
Qoy özüm öz gücümlə öz gücümü göstərim.
-Allah görüm sabaha çıxartmasın Azadı.
-Yox, ay xala, olmadı.
Həkim de lazım olsa göndərərəm ki, ona
Qoy ölməyib sağ olsun, qoy sona baxsın, sona.
-Özün bilən yaxşıdır, gözünə qurban olum.
-Sənin də, bax, bu gözəl sözünə qurban olum.
-Bıy, Allah eləməsin, nə deyirsən, ay İlham,
Qaşının çapığına yüz dəfə qurban ollam.
Gecə yarı... Ay batıb... Sərin hava təmizdir,
Hamı yatıb... Yatmayan sənətkarla dənizdir.
Yenə qalın qaşları çatılıbdır İlhamın.
Qaşındakı o çapıq yenə də görünməyir.
Gözünə yuxu getmir yan otaqda xalanın,
Xəlvət açıb qapını çay gətirir arabir...
İlham yazır, yaradır "Damcılar" əsərini.
İlham susur, oxuyur, gen açır əllərini.
...Damcı damcıya çatdı,
Damcı dərya yaratdı,
Damcı coşdu, çağladı, Kür oldu, Araz oldu.
Damcı yenə susmadı, damcı dedi: - Az oldu.
O çağırdı dostluğa dənizləri, gölləri,
Uzaq səltənətləri, obaları, elləri.
O söz açdı, söz dedi bəşər səadətindən:
Dəryaya dərya axdı ellər məhəbbətindən.
Volqa-Kürə, Kür-Nilə, Nil-Araza qarışdı,
Damcı okeana çatdı, okean aşdı-daşdı.
Birləşdilər, axdılar, dənizlər, okeanlar.
Qucaqlaşdılar onlar,
Aşıb-daşdılar onlar.
22
Filarmoniyada az deyil adam,
Onun simfoniyası çalınacaqdır...
Durub xalasıyla arxada İlham
Sağına, soluna baxır nə vaxtdır.
Olardı bir zaman Nigar yanında;
Ağrılar, acılar gəzir canında.
Qoca professor qabaq sırada,
Boylanıb arxaya baxır arada.
– Gəl, gedək, axtarır, - söylədi xala, -
O, səni axtarır, səni ay bala!
Qocanın yanına gələndə onlar,
Xala açıb dedi qəlbində nə var.
Qoca fikrə getdi: - Yamanca tərssən,
Amma təəssüf də eləmirəm mən.
Bunu əzəldən də bilsəydim əgər,
Yaxşılıq edərdim elə bu qədər.
Mənə hər talantlı adam qohumdur,
Mən də bir qocayam, əqidəm budur,
Eşitdin səsimi müzakirədə?
Əsər gözləyirik səndən yenə də.
Qoca heyran-heyran baxdıqca ona,
Gözündən süzülüb damcı-damcı yaş,
Gümüş zolaq saldı ağ saqqalına.
– Gözəldir əsərin, gözəl, a qardaş.
Tutur orkestrdə yerini hərə,
Köklənir qaboylar, skripkalar.
Sanki bu dəqiqə gələcək Nigar.
Dirijor baş əyir ikinci kərə,
Çubuğu qaldırır, endirir qəfil.
Simfoniya elə bil
Qabardı, aşdı, daşdı.
Yayıldı radiodan,
Dağlar başından aşdı,
Şəhərləri dolaşdı.
Səda saldı hər yana,
Yetişdi Gürcüstana,
Çatdı Nigara bu səs,
O neyləsin indi, bəs?
Ömrə yaxşı bax dedi.
Qəbahətdir, ay Nigar,
Özünü asmaq dedi.
Qayıt, - dedi, - bu saat
Bu mənalı həyata,
Bu rəngarəng, narahat,
Dalğalı kainata.
Nigar sevdi bu səsi,
Könlünə damcı-damcı
Axdı həyat həvəsi.
Azad isə evində
Yaman mükəddər oldu,
Qəzəbindən boğuldu.
Əliylə tez-tez atdı
Uzun saçını dala.
Gah gəldi, gah dayandı,
Gah da getdi xəyala.
Bağladı radionu...
Qonşulardan gəldi səs,
Qonşudan xahiş etdi,
Kəsdilər radionu.
Götürdü heyrət onu:
"İndi hardan gəldi səs?"
O neyləsin indi, bəs?
Musiqi getməyirdi
Azadın yaddaşından,
Ürəyindən, başından...
Simfoniyanın şöhrəti
Tutdu Azərbaycanı,
Tutdu bütün dünyanı.
O, indi anladı ki,
Ondan yaxşısı varmış,
Azaddan dəfələrlə
Yaxşı yazmaq olarmış.
Azad iki əlilə
Saçlarından yapışdı.
Niyə belə istidir?
Niyə belə soyuqdur?
Həm yaydır, həm də qışdır.
Niyə bir kimsə yoxdur?
Bu simfoniya da susmur
Onun qulaqlarında,
Onun otaqlarında...
O əyildi, düzəldi,
Qucaqladı köksünü,
O ilk dəfə görürdü
Olduğutək özünü.
Dedi: - Bu mənəmmi, mən?
O istədi ayrılıb
Uzaq ola özündən,
Uzaq ola gözündən.
Yaman qəribə işdir!
Ömrü boyu özünü
Bir an düşünməmişdir.
Özünü dahi bilib,
Böyük yaradan bilib,
Ən böyük insan bilib.
Amma həqiqi Azad
Qalıbdır bir qıraqda,
Yaşamışdır uzaqda.
İndi o dahi hanı?
O, bu gün hara qaçdı?
Hansı dağlara qaçdı?
Anladı ki, özünü
Görməmiş illər boyu,
Azad budurmu, de, bu?
Anladı ki, o özü
Çıxıbdır öz yadından.
Alovlanır, yanır o,
Həyəcanın odundan.
Öz-özünü tanımır.
"Ah, bu nə hal, bu nə qəm,
Dəyişikmi düşmüşəm?
Verin məni özümə.
Kəsin bu simfoniyanı,
Alov yağır üstümə!
Azad mən deyiləmmi?
O məni oğlu kimi
Oğurlayıbdır tamam,
Adını qoymuş İlham!"
Simfoniya susmayır,
Simfoniya çağlayırdı.
Elə bu vaxt uzaqda
Yerə dikib gözünü,
Qucaqlayıb dizini
Bir gözəl ağlayırdı...
Bakı, 1956
Kitabxana.az · https://kitabxana.az/works/eli-kerim-ilk-simfoniya
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Əvvəl Allah – imdi qüvvətHind elinin saf ürəkli ərləri!
BilməzBir igid ki dərdə düşə,Dərd əlindən yata bilməz,
Dur uru, ey saqi, billah, xoşxiramDur uru, ey saqi, billah, xoşxiram,Cami-Cəmdən nuş edüb sərxoş həram.
Vəh, necə kəc gərdiş eylər cərxi-kəcrəftar kəcVəh, necə kəc gərdiş eylər cərxi-kəcrəftar kəc!Əsr gəcdir, dovr gəc, dovrani-bədkirdar kəc.