Gəzdim qırğız ellərini doyunca,Bir dolaydan yüz yol keçdim mən azı.Dağa, düzə qədəmimi qoyuncaHər qarışda gördüm canlı Manası¹.

Dərə gördüm – adı Manas dərəsi,Bulaq gördüm – adı Manas bulağı.Palıd gördüm, yüz qulacdı hərəsi,Başı göydə, adı Manas çomağı.

Qaya gördüm – düz ortadan yarılıb,“Manas çapıb qılıncıyla” dedilər.Qala gördüm kömür kimi qaralıb,“O Manasdır yapıncıyla” dedilər.

Ay da onun köhləninin nalıdır,Qövsi-qüzeh qılıncına rəngli qın.Al günəş də Manasın tonqalıdır,Özü çatıb, döyüşçülər qızınsın.

¹ Manas qırğız xalqının əfsanəvi qəhrəmanıdır.

Burda qıza ad qoyurlar Kanıkey –Kanıkeydir Manasın da zövcəsi.Oğlanlara Manas, Seytek, Semetey –Adlara bax: özü, oğlu, nəvəsi.

Burda nə var ali, əziz, müqəddəs –Qırğız qardaş Manas deyir adına.Manas nə vaxt doğulub bəs, ölüb bəs? –Yox, bu gəlmir bir kimsənin yadına.

Yarananda Qırğızıstan kəlməsiO doğulub bir naməlum bətndən.Qırğızların yurdu, yeri, ləhcəsiQurtarmaqçün hər bəladan, çətindən.

Nə qədər ki, Qırğızıstan sözü var,Çaylarda su, süfrələrdə çörək var.İssık-göl var, geniş Talas düzü var –O xilaskar igid Manas, demək, var.

Gəzdim qırğız ellərini doyunca,Bir dolaydan yüz yol keçdim mən azı.Dağa, düzə qədəmimi qoyuncaHər qarışda gördüm canlı Manası.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən