Dördüncü hissə, on üçüncü fəsil
Vaxt dolanıb keçdikcə Sərdar Məhəmməd bir tərəfdən hakimiyyətin ona bəxş etdiyi səadətdən, geniş imkanlardan, hamının onun qarşısında ikiqat olub əyilməsindən, sahibi-ixtiyar olmasından əvəzsiz bir nəşə alırdısa, digər tərəfdən daimi qorxu içində yaşaması kefinə soğan doğrayırdı. Hakimiyyəti çox asan ələ almışdı, ancaq görünür, onu əldə saxlamaq o qədər də asan deyilmiş. Uzun illər yüksək dövlət vəzifələrində çalışan, məmləkətin həm iqtisadi, həm də siyasi vəziyyətini çox gözəl bilən rəisi-cümhur anlayırdı ki, şahı qovmaq, məmləkəti cümhuriyyət elan etməklə mövcud vəziyyəti dəyişmək, artıq oyanmış, öz haqqını-hüququnu az-çox dərk etmiş və daha yağlı vədlərə inanmadığından tez-tez küçələrə çıxan, müxtəlif tələblər irəli sürən camaatı sakitləşdirmək mümkün deyil. Məhz bu fikir Sərdar Məhəmmədin canına gizli bir qorxu salırdı. O, yaxın adamları ilə tez-tez məsləhətləşsə də, ağıllı bir tədbir söyləyən adama rast gəlməyib məyus olurdu, belə hallarda çox vaxt təkbaşına qərarlar qəbul edir və onun yerinə yetirilməsinə çalışırdı. Əlində olan məlumatları saf-çürük eləyəndən sonra bu qənaətə gəlmişdi ki, bütün bu nümayişlərin — müzahirələrin yeganə təşkilatçısı və ilhamvericisi hezbi-demokratexəlqi-Əfqanıstandır. Bu, gizli fəaliyyət göstərən, gözəgörünməz orduya, puhəntuna, müxtəlif müəssisələrə uzanan təşkilatın, onun rəhbərlərinin işidir və nəyin bahasına olursa-olsun onu tapmaq, məhv etmək, ocağını söndürmək gərəkdir. Belə olmasa məmləkətin nizamı pozulacaqdır. Odur ki, o, lap bu yaxınlarda vəzirə-ümure-daxiləni, rəisesazmane-əmniyyəni yanına çağırıb xeyli danladıqdan sonra, onları hezbin əsas başçılarını nə cür olursa-olsun, tapmaq, həbs etmək, cəmiyyətin müzür ünsürləri kimi xalqın gözü qabağında mühakimə edib güllələmək tapşırığı vermişdi. Daha başqa çıxış yolu yox idi — təşkilat getdikcə güclənir, nufuzu artırdı, əgər indi qarşısı alınmazdısa, sonra geç olacaqdı. Rəise-sazmane-əmniyyə general Əmir xan günortadan sonra rəisi-cümhurun qəbuluna gəlmişdi. Generalın yaşı altmışı haqlamışdı, başında bir dənə də qara tük yox idi, buna baxmayaraq,o, qəddini dik tutub həmişə şax yeriyərdi. Xırda, yanı qırışlarla örtülmüş gözlərində daim gizli bir təbəssüm gəzirdi. Tədbiri, ağlı, çevikliyi ilə adi zabitlikdən bu rütbəyə qalxmışdı. Sərdar Məhəmməd onu gəncliyindən tanıyırdı və təsadüfi deyildi ki, onun bacarığına inanıb bu işi əsasən ona həvalə etmişdi.
General Əmir xan iki gün geçə-gündüz evə də getməmişdi, elə idarədə yatmışdı, ancaq çox iş görmüşdü. Hezbin fəaliyyəti rəhbərləri, əsas nüfuzlu üzvləri barədə illərlə açıq-gizli xəfiyyələrin müxtəlif vaxtlarda yazıb təqdim etdiyi məlumatlar əsasında bir səhifədən ibarət siyahi tərtib etmişdi; bu siyahidə Nur Məhəmmədin, Bəbirin, Mir Əkbərin, Şəfinin, Süleyman Layiqin, Ziyaülhəqtin və başqalarının adı yazılmışdı, səhifənin lap axırında Elməddinin adı qeyd olunmuşdu. Başqa bir-kağızda isə onları ələ keçirmək planı xırda xətlə, təfsilatı ilə şərh olunmuşdu.
Rəisi-cümhur onun salamına, təzim etməsinə məhəl qoymadan iri, tüklü əlinin işarəsi ilə «otur» söylədikdən sonra daz başına əl çəkdi və çeşməyinin altından Əmir xana diqqətlə baxdı:
– Hə, Əmir xan, buyur, eşidirəm səni, — dedi. Onun bu cür başlamasından Əmir xan anladı ki, kişinin qanı çox qaradır, və o, indi deyəsən, bu işdən başqa heç nə barədə düşünmür. Ona görə nazik, dərin qovluğu dizinin üstünə qoyub birbaş mətləbə keçdi:
– Ağayi rəise-cümhure-möhtərəmin hüzuri-mübarəkinə ərz edim ki, sizin tapşırığınıza binaən hezbin əsas rəhbərlərinin, nüfuzlu nümayəndələrinin siyahisini hazırlamışam. Bax budur o siyahi. — Qovluğun içindən çıxartdığı vərəqi Sərdar Məhəmmədin qarşısına qoydu. — Bu adamlar təşkilatın düşünən beyni, görən gözü, vuran əlidir. Bunları aradan götürə bilsək, təşkilat pərən-pərən düşüb dağılacaq, zərərsizləşəcək.
Sərdar Məhəmməd qalın, çal, qaşlarını çatıb adları bir-bir ürəyində oxuduqdan sonra başını qaldırıb generalın üzünə baxdı:
– Yaxşı, bunları necə aradan götürmək barəsində... fikirləşibsənmi, general?
– Bəli, sahib,..
– Necə? Planın hanı?
– Budur, — o, ikinci kağızı onun qabağına qoydu. Ancaq o, kağızı kənara qoyub təkrarən generala müraciət etdi, görünür, oxumağa hövsələsi çatmadı.
– Şərh elə görüm, general!
General boğazını arıdıb dili ilə qurumuş dodaqlarını isladaraq sözə başladı:
– Mən elə fikirləşirəm ki, o siyahidə adlarını qırmızı dairəyə aldığım adamlardan — Nur Məhəmməd, Bəbir və Mir Əkbər — bax, bunlardan birini terror edib öldürmək lazımdır. Bu üç nəfər hezbin ən mötəbər adamıdır. Bəli, onlardan birini — hansı olur-olsun, öldürmək gərəkdir. Onun dəfn günündə, bunların hamısı, o siyahidə qeyd olunanların hamısı onu son mənzilə yola salmağa gələcək. O zaman bizim adamlar gizli kameralarla bütün mərasimin, əz on cümlə, ölənin başına yığışan bütün yoldaşlarının, dostlarının şəklini çəkəcək. Dəfn mərasimi qurtarandan iki-üç gün sonra, kecə bir-bir başlarının üstünü kəsdirib qollarını qandallayacaq, düz birbaş Poli-Çərxi həbsxanasına göndərəcəyik. Üç-dörd gün sonra isə xalqın, yeni cümhuriyyətimizin düşmənləri kimi güllələyəcəyik. Vəssalam. Ancaq, gərək radio və mətbuat bu işdə bizə çox ciddi kömək etsin. Yoxsa, cənabi-ali yaxşı bilir ki, onların nüfuzu xalq arasında son dərəcə böyükdür, camaatın qəzəbinin qabağına dura bilmərik. Bəndənin planı belədir!
Sərdar Məhəmməd ayağa qalxdı, mizin arxasından çıxıb xalçanın üstündə gəzindi, əllərini arxasında daraqlayıb geniş, yaşıl həyətə açılan böyük pəncərənin qarşısına gəldi. Xeyli nəsə fikirləşdikdən sonra cəld bir hərəkətlə geri döndü:
– Çox sadəlövh plandır, general. Mən sizi təcrübəli, görüb-götürmüş bir hərbçi kimi tanımışam. Ancaq bu indi ərz elədiyiniz, uşaqcasına düşünülmüş bir oyundur.
– Sahib...
– Amma daha vaxt yoxdur. Su boğaza çıxmaq üzrədir. «Xəlq»çilərlə «Pərçəm»çilər birləşəndən sonra onlar çox güclü və tədbirli olmuşlar. Ona görə nəyin bahasına olursa-olsun bu qorxulu dəstənin başçılarını məhv etməli, o təşkilatın yuvasını darmadağın etməliyik. Tez və böyük sürətlə. Başa düşdün, general!?
– Bəli, cənabi-ali.
– Bütün məsuliyyəti boynuna almaq şərti ilə işə başla, icazə verirəm, general. Əgər müvəffəqiyyətsizliyə uğrasan... səni... öz əllərimlə güllələyəcəyəm. Eşidirsənmi, general?!
– Bəli, eşidirəm. — O, ayağa qalxıb Sərdar Məhəmmədin qənşərində farağat dayandı. — Eşidirəm. Əmr yerinə yetiriləcəkdir!
– Gedə bilərsən!!
...General Əmir xanın əmri ertəsi gün, axşamüstü yerinə yetirilmişdi. Sən demə, Mir Əkbərin, necə deyərlər, qaraçuxası yatıbmış. Vaxtsız və nagahani ölüm onun alnına yazılıbmış! Həmin gün Mir Əkbər evlərinin yanında, Kabil təyyarə meydanına gedən asfalt yolun kənarında salınmış istirahət parkına başmaq seyrinə çıxarkən... naməlum bir adam tərəfindən, arxadan, düz ürək nayihəsinə çox ustalıqla atılmış bir bıçaq zərbəsindən öldürülmüşdü. Bıçaq atan adam mülki paltarda imiş. İti və ağır zərbə gözlənilməz olduğundan Mir Əkbər heç cınqırını da çıxara bilməmiş, kökündən qopan nəhəng bir ağac kimi yerə yıxılıb can vermiş, qatil isə... aradan çıxmışdı.
Bəli, Mir Əkbər elə oradaca, dərhal ölmüşdü. Ömrünün çoxunu həbsxanalarda, sürgünlərdə, qəm-möhnət içində, ehtiyac pəncəsində yaşamışdı, rahatlıq, xoş gün nə olduğunu bilməmişdi. Yana-yana yaşamışdı, uzun müddət yandığını da görən olmamışdı; görəndə isə.., həbs etmiş, sürgünə yollamış, nəhayət də, öldürmüşdülər, çünki başa düşmüşdülər ki, o, təkcə özü üçün yanmır!
...Ev kiçik olduğundan, mafə həyətdə qoyulmuşdu. Meyit Ləbi-dəryada yerləşən uzun minərəli came-Məscidində yuyulandan sonra, evə gətirilmişdi. Bu sarsıdıcı xəbəri eşitmiş bütün dostları, o cümlədən Nur Məhəmməd, Bəbir, Şəfi, Süleyman Layiq, Ziyaülhəqq, Elməddin... bütün gecəni yatmamış, lazımi işləri görmüşdülər. Bunu onlar böyük itki hesab edir, yanıb-yaxılırdılar. Mir Əkbər yaxşı insan, ağıllı dost və həmməslək kimi hamısının ürəyində özünə topdağıtmaz bir yuva qurmuşdu. O, canından da, səadətindən də keçməyə hazır olan bir fədai idi. İndi... onu düşmən susdurmuş, qanına qəltan eləmiş, əbədilik onlardan ayırmışdı. Gecə, cənazənin yanında qəmli-qəmli oturmuş mübarizə dostları, kənar adamlar çəkilib gedəndən sonra bu hadisənin səbəblərini təhlil etmiş və bu qənaətə gəlmişdilər ki, Mir Əkbəri ancaq və ancaq dövlətin, əmri və göstərişi ilə aradan götürüblər. Burada durub şəxsi qatil axtarmağın heç bir mənası yox idi. Ona görə öz qələm və mübarizə dostlarının dəfnini onun həyatına, ömrünə, işinə layiq bir şəkildə, cah-calalla keçirmək, həm də matəm mərasimini hökumət əleyhinə çevrilmiş nümayişə döndərmək qərarına gəlmişdilar. Mir Əkbərin böyüdülüb qara çərçivəyə salınmış neçə-neçə portreti elə gecə ikən hazırlanmışdı. Uzun, qırmızı parçaların üstünə düşünülmüş, mənalı şüarlar yazılmışdı. «Mir Əkbər Xeybərin—xalqımızın səadəti uğrunda mərd mübarizin xatirəsi qəlbimizdə əbədi yaşayacaq», «Mir Əkbər Xeybərin qatili mənfur Sərdar Məhəmməd hökumətidir!», «Qatillərə ölüm!» və s. və s. Cənazə dəfn olunmaq üçün şəhərin hansı küçələrindən aparılmalıdı — bunu da müəyyən etmişdilər; həyətdən çıxarıldıqdan sonra Mir Əkbərin cənazəsi dostların çiynində «Ərke- Şahi»nin qabağından keçməli, sonra Amerika səfarətxanasının qarşısında dayandırılmalı, şüarlar deyilməli idi. Natiqlər müəyyən edilmişdi. Sonra... qəbiristanda... böyük mitinq keçirilməli idi. Məzarının başında ən yaxın dostu Bəbir çıxış etməli, Şəfi, Süleyman Layiq elə bu gecə, ağlaya-ağlaya qələmə aldıqları şerlərini oxumalı idilər.
Sonra... Mir Əkbər çox sevdiyi, ağ günü üçün vuruşduğu və həyatını qurban verdiyi bu torpağa tapşırılmalı idi.
Kimlərdisə, çoxlu gül gətirmişdilər, cənazə, demək olar ki, qızılgül içində görünməz olmuşdu. Mərhumun iri, qara lentlə haşiyələnmiş şəklini cənazəniin baş ucuna, dikinə qoymuşdular. Çərçivədəki rəsmində qaşları düyünlü, baxışları sərt idi və o, bu sərt baxışların qabağında uzadılıb üstünə qara örtük çəkilmiş, güllər içində itib batmış adamın — özünün ayaqlarına zilləmişdi: elə bil, o da, başqaları kimi, kiminsə dəfn mərasiminə gəlmişdi.
Nur Məhəmməd, Bəbir, Şəfi, Süleyman Layiq, Ziyaülhəqq yanaşı dayanmışdılar. Elməddin qarşı tərəfdə, kürəyini damın divarına söykəyib siqaret çəkirdi. Şəfi ilə Nur Məhəmmədin gözlərindən yaş ixtiyarsız axırdı... Bəbir, Ziyaülhəqq, Süleyman Layiq bulud kimi dolub dayanmışdı.
İçəridə ağı deyib ağlayan arvadların yanıqlı fəryadı, oxşamaları ürək parçalayırdı.
Saat üçə qalmış kişilər həyətdən çıxdı, qadınlar vay – şivən qopara-qopara Mir Əkbərlə axırıncı dəfə vidalaşmaq üçün cənazəyə yaxınlaşdılar.
Mir Əkbərin cavan, ortaboylu arvadı Səlimə xatun üzünü cırmışdı, yanaqlarının dırnaq çəkdiyi yerlərindən şırım-şırım qan axırdı. O qədər ağı deyib ağlamışdı ki, səsi batmışdı. Əllərini irəli uzadıb xırıldaya-xırıldaya dizlərini isti torpağın üstünə qoyaraq başını ərinin örtülü üzünə söykəyib deyirdi:
– Bizi kimə tapşırıb gedirsən, Miri, qurban olum? Bu yetimləri kimin umuduna qoyub gedirsən, Miri can? Vay allah, öldüm, ay allah, yandım.
Dörd oğlu yan-yana dayanıb için-için ağlayırdı.
Arvadlardan kimsə Səlimə xatunun qolundan tutub qaldırdı:
– Daha bəsdi, Səlimə. Özünə, bu uşaqlara yazığın gəlsin, bacı.
– O uşaqlara Allahın yazığı gələydi gərək. Zalım fələyin yazığı gələydi gərək o uşaqlara.
Sonra... zənən-uşaq içəri çəkildi. Hardasa, lap yaxında, deyəsən damın üstündən verilən salatçının mükəddər səsi eşidildi.
Düz üç tamamda kişilər həyətə girdi. Bəbir, Nur Məhəmməd, Şəfi, Süleyman Layiq, Ziyaülhəqq, Elməddin:.. mafəni qaldırdılar.
Bir cavan oğlan Mir Əkbərin qara haşiyəli şəklini götürüb sinəsinə söykəyərək qabağa düşdü. Həyətdən çıxdılar. Adamlar... mafənin dalınca ağır-ağır addımlayırdılar. Aeroportdan şəhərə doğru uzanan asfalt yolla irəliləyən izdiham getdikcə böyüyürdü. Şəhərin içində... yoldan keçənlər dəstəyə qoşulur, izdiham daha da gurlaşırdı. Adamların xeyli hissəsinin əlində Mir Əkbərin portreti və şüarlar yazılmış transparantlar var idi. Küçələrdə maşın hərəkəti dayanmışdı. Polislər hər ehtimala qarşı, rəisin tapşırığına əsasən, yolların sağında və solunda ağac kimi bitib durmuşdular. Kabil hələ belə izdihamlı dəfn mərasimi görməmişdi. Otuz beş mindən çox adam Mir Əkbərin cənazəsinin dalınca ağır-ağır addımlayırdı.
Bu izdihamda nə isə qəribə bir təntənə və əzəmət vardı.
...Düz dörd gün sonra, çox məharətlə icra olunmuş əməliyyat nəticəsində, dəfn mərasimindən gizli surətdə əksləri alınmış adamlar,
– Nur Məhəmməd, Bəbir, Şəfi, Ziyaülhəqq, Süleyman Layiq, Anahita gecə, demək olar ki, eyni vaxtda, hərəsi öz evindən çıxarılaraq, qollarına qandal vurulub Poli-Çərxi həbsxanasına aparılmışdı. Şəkli çəkilənlərdən təkcə Elməddin, gizli bir tapşırıqla Bəhram şəhərinə getdiyindən və orada gecələməli olduğundan ələ keçməmişdi. Bu, onun xoşbəxtliyindəndimi, bədbəxtliyi idimi—hələ bilmək olmazdı.
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-ayriligin-sonu-yoxmus-dorduncu-hisse-on-ucuncu-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu kitabı sənə, sənin gəncliyinə, gözəlliyinə və böyük məhəbbətinə dərin minnətdarlıq duyğuları ilə həsr edirəm, mənim əvəzsiz ömür-gün dostum.*Müəllif*
Birinci hissə, ikinci fəsilBahar öz qaranquşları ilə gəlmişdi. Alça, ərik ağacının ağlı-qırmızılı tumurcuqları çırtlamışdı. Torpaqdan ağ duman qalxırdı. Elə bil, qışın şaxtası, soyuğu buxarlanıb yerin canından çıxır, gün adamın canını qızdırırdı.Camaat kəndin qırağına — düzənliyə axışmışdı. Yeniyetmələr yumurta döyüşdürür, aşıq atırdılar. Qoç vuruşduran, xoruz döyüşdürən, it boğuşduranların dövrəsinə dəstə-dəstə adam yığılmışdı. Bir yanda üç-dörd cavan güləşirdi.
Birinci hissə, üçüncü fəsilİydə sovulmuşdu. Ancaq qollu-budaqlı ağacın əl-ayaq çatmayan nazik şaxlarının ucunda qalmış beş-altı iydə yeri-yurdu yandıran isti Gülüstan günəşi altında sarı kəhrəba dənəsi kimi parıldayırdı. İki boz sərçə cikkildəşə-cikkildəşə budaqdan-budağa atılır, iydələri dimdikləyir, həyətdə hökm sürən sükutu pozurdu.Saplağından üzülmüş iydə dənəsi ağacın kölgəsində həsirin üstündə oturmuş, ovduq-doğrama düzəldən Əfsanənin qabağına tappıltı ilə düşəndə gəlin səksənən kimi oldu. Bıçağı kasanın içinə qoyub iydəni götürdü; iydənin göynəyini sərçələr yırtmışdı — qabığını soyub ağzına atdı. Yaxşı yetişmişdi, xarlanmışdı. Tumunu çıxartmamış biri də Əfsanənin önünə düşdü, gülümsünə-gülümsünə onu da götürüb yedi və başını qaldırıb iydə «göndərən» sərçələri görmək istədi, lakin sıx, bozumtul yarpaqlar arasında gözünə heç nə dəymədi. Həsirin üstünə süfrə salınmışdı. Göy soğan, üç-dörd göy xiyar, arpa unundan bişirilmiş təndir çörəyi, üç dənə kasa və qatıq küpəsindən qeyri ortalıqda bir şey yox idi.
Birinci hissə, dördüncü fəsilArtıq günün şaxı sınmışdı: bozumtul yarpaqlı iydə ağacının kölgəsi sürünüb yerini dəyişmişdi. Hava azca sərinimişdi. Səbihənin iki saat qabaq yoğurduğu xəmir «gəlmişdi». Arvad dizlərini yerə qoyub gündələyirdi. Hasarın dibindəki təndirin qırmızı, tüstüqarışıq alov dilləri burula-burula yuxarı qalxır, yanan çör-çöpün, ot-əncərin qaralmış-bozarmış xırda gülləri havada oynaşırdı.Elməddin təzəcə payalarını basdırdığı çardağın üstündə dayanıb (elə bil, bu saat uçacaqdı) qamış döşəyirdi — altına odun-ocaq, tir-tikan yığmaq üçün. Yanacaq qışın yağışı-qarı altında qalıb çürüməsin deyə. Əfsanə tövlənin böyründə qalaqlanmış tikanı çardağın altına daşıyırdı. Heç kəs ona belə göstəriş verməmişdi — özü işləmək, evin işinə kömək etmək istəyirdi. Tikanların əlinin nazik dərisinə batdığı yerdən xırda-xırda qan qətrələri pırtlayıb çıxırdı. Göynərtisi ürəyini sızıldadırdı. Sanki əllərinin ikisini də biləkdən aşağı isti suyun içinə basıb pörşələmişdin — od tutub yanırdı. Dirəyin üstündən baxan Elməddinin gözü Əfsanənin qızarmış əllərinə sataşanda canıyananlıqla söylədi: