Birinci hissə, dördüncü fəsil
Artıq günün şaxı sınmışdı: bozumtul yarpaqlı iydə ağacının kölgəsi sürünüb yerini dəyişmişdi. Hava azca sərinimişdi. Səbihənin iki saat qabaq yoğurduğu xəmir «gəlmişdi». Arvad dizlərini yerə qoyub gündələyirdi. Hasarın dibindəki təndirin qırmızı, tüstüqarışıq alov dilləri burula-burula yuxarı qalxır, yanan çör-çöpün, ot-əncərin qaralmış-bozarmış xırda gülləri havada oynaşırdı.
Elməddin təzəcə payalarını basdırdığı çardağın üstündə dayanıb (elə bil, bu saat uçacaqdı) qamış döşəyirdi — altına odun-ocaq, tir-tikan yığmaq üçün. Yanacaq qışın yağışı-qarı altında qalıb çürüməsin deyə. Əfsanə tövlənin böyründə qalaqlanmış tikanı çardağın altına daşıyırdı. Heç kəs ona belə göstəriş verməmişdi — özü işləmək, evin işinə kömək etmək istəyirdi. Tikanların əlinin nazik dərisinə batdığı yerdən xırda-xırda qan qətrələri pırtlayıb çıxırdı. Göynərtisi ürəyini sızıldadırdı. Sanki əllərinin ikisini də biləkdən aşağı isti suyun içinə basıb pörşələmişdin — od tutub yanırdı. Dirəyin üstündən baxan Elməddinin gözü Əfsanənin qızarmış əllərinə sataşanda canıyananlıqla söylədi:
– Əllərin gör nə hala düşüb, Əfsanə?
Əfsanə əllərinin ikisini də irəli uzadıb diqqətlə baxdı, ancaq heç nə demədi.
– Göynədir, hə?!
– Göynədir...
– Sən daha dəymə, qalanını özüm daşıyaram...
– Az qalıb...
– Sənin üçün ağır olar!
– Olmaz.
– Dedim ki, əl vurmayacaqsan! — deyə Elməddin uşağına xeyirxah məsləhət verən ata kimi ərklə səsini qaldırdı. Əfsanə başını yuxarı qaldırıb tor örtük arxasından Elməddinə diqqətlə baxdı: Elməddin onun üzünü, gözlərini torun deşiyi boyda — parça-parça gördü və gəlin ciddi bir tərzdə soruşdu:
– Mənə yazığın gəlir?!
Elməddin dərhal cavab vermədi. «Mənə yazığın gəlir?» sözlərini ani olaraq götür-qoy elədi və ona elə gəldi ki, bu cümlənin əsl mənası söyləndiyi kimi deyil, bəlkə də, «məni çox istəyirsən?» — mənasına daha yaxındır?! Elməddin özü üçün mühüm bir nöqtəni aydınlaşdırıbmış kimi, əhvali-ruhiyyəsinə uyuşmayan tərzdə gülümsündü:
– Hə. Sənə... yazığım... gəlir!!
Əfsanə başını aşağı salaraq köksünü ötürdü və iti addımlarla tikan tayasına sarı yollandı. Tayaya çatanda susadığını hiss eləyib iydənin altına getdi, yarımçıq kasanı başına çəkib qurtaqurtla artıq isinmiş ayrandan içdi. Ayran xırda-nazik ağ sap kimi cəhənglərindən çənəsinə, ordan da boğazı aşağı axdı. Qayıdıb tikan tayasının yanına gəldi.
Elməddin düşündü: «İnadcıldır. Sözündən dönən deyil». Zahirən Elməddinə elə gəlirdi ki, onu düşündürən məsələlər barədə, məsələn, öz taleyi barədə Əfsanə əsla fikirləşmir. Ancaq Elməddin yanılırdı. Yusif onu almışdı. İnəyi, qoyunu necə sövdələşib alardılarsa, onu da eləcə almışdı. Həzrətgül isə dilsiz-ağızsız heyvandan satılmaq istəyib-istəmədiyini soruşmaq lazım olmadığı kimi, ondan da heç nə soruşmadan satmışdı. Sevmədiyi, xasiyyətini bilmədiyi Yusifə... Yusif zabitəli adam idi. Sözü bir dəfə deyərdi, — təkrar etməyi sevməzdi. Əfsanəyə olan mehribanlığını, səmimiyyətini gizli saxlardı. Ürəyində bəlkə də onu sevirdi, ancaq bunu büruzə verməməyə çalışırdı. Amma qəzəbi, hirsi o dəqiqə üzə çıxardı. Keçən müddət ərzində ərinin üzünü az-az görsə də xasiyyətinə xeyli bələd olmuşdu və bilirdi ki, onları ancaq ər-arvadlıq münasibətləri bir-birinə bağlayıb və bundan başqa arada heç nə yoxdur. Əgər sabah Əfsanənin başına bir fəlakət gəlsə... Yusif ah-uf eləmədən, göz yaşı tökmədən aparıb dəfn edəcək, qəbrinin üstündə ot bitməmiş, bədəninin istisi söyumamış təzə arvad almaq eşqinə düşəcək. Çünki ona arvad lazımdı. Bəli, Elməddin yanılırdı — tikan, daşıyan Əfsanə öz taleyi barədə düşünür, düşünürdü. Növbəti tikan şələsini götürəndə Əfsanənin gözünə beş dənə xırda, uzunsov, üstü çil-çil yumurta dəydi. Ömründə belə yumurta görmədiyindən tikan şələsini yerə qoyub çömbəltmə oturdu, onlara diqqətlə baxdı. Toyuq yumurtası deyildi, quş yumurtasına da oxşamırdı. Dikəlib Səbihəni səslədi:
– Xala, ay xala.
– Nədi, qız?
– Bura gəl, gör bunlar nəmənədi? Səbihə gəldi, baxan kimi dedi:
– İlan yumurtasıdı, qız. Burada ilan var, özü də qızıl ilandı deyəsən.
Əfsanənin rəngi avazıdı:
– Mən qorxuram, xala.
– Nədən, qız?
– Gəlib bizi vurar!
– İlan deyib, sən mənə dəymə, mən də sənə dəymərəm. Ancaq rəhmətlik kişi deyərdi, ilanı görənə lənət, görüb öldürməyənə lənət, öldürüb basdırmayana lənət.
Araya sükut çökdü. Əfsanə tez-tez ətrafa baxınırdı. Sanki ilanın indncə haradansa gələcəyini, yuvasını dağıtdıqları üçün üstlərinə şığıyıb onlardan kimisə çalacağını gözləyirdi.
– Əzəkmi bu yumurtaları, xala?
– Yox, yox, qız. İstəyirsən yurdumuzu viran qoysun? Bircəciyimizi sağ qoymaz. Özü də qızıl ilan tək olmur, yeddi qardaş olur. Birini öldürdün, o biri intiqam alır. Gərək hamısını öldürəsən ki, bu dünyada arxayın yaşaya biləsən. Yoxsa gərək ömrün boyu səksəkədə olasan.
Səbihə seyrək qaşlarını çatıb ani fikirdən sonra:
– Bilirsən neylə? — dedi, — bunları ehmalca götür, apar qoy təzə tikan tayasının dibinə. Axtarıb tapar.
– Mən qorxuram.
– Ağciyər olma, qız.
– Vallah qorxuram, xala.
Qayınanasının təkidilə əti ürpəşə-ürpəşə Əfsanə yumurtaları ətəyinə yığıb tayanın dibinə qaçdı və Elməddinə heç nə demədən onları tikanın arasına qoydu. Əhvalatı sonra çardağın üstündə dayanıb işləyən Elməddinə söylədi. Əfsanənin daha əli işə yatmırdı. Canına qara-qorxu düşmüşdü.
Elməddin handan-hana dilləndi:
– Gərək əzəydiniz hamısını. Yumurtadakılar da çıxandan sonra ilan olacaq və həyətdə kəzib-dolanmaq olmayacaq. Onsuz da rahatlığımız yoxdu.
Son cümləsinin başqa məna verdiyinin fərqinə sonra vardı. Lakin gec idi — söz deyilmişdi. Əfsanə eyhamı dərhal başa düşdü. «Onsuz da rahatlığımız yoxdu.» Elməddin düz deyirdi. Əfsanə evə getdi, on dəqiqə keçməmiş eyvana çıxanda o, nagahani səslə:
– Ona bax, ona bax, — deyə az qala qışqırdı. Səsə Elməddin çöndü, Səbihə də boylandı. — İlana baxın, ilana...
O, əlini köhnə taya yerinə uzatmışdı.
Uzunluğu bir metrə çatan qırmızı ilan o tərəf, bu tərəfə çovuyurdu. Günəş altında kürədə yanıb qızarmış əyilib düzələn ox kimi parıldayırdı. İlan xırda, yaraşıqlı başını tez-tez yuxarı qaldırır, qara muncuğa oxşayan gözlərini geniş açaraq haça dilini çıxardıb fışıldayır, uçurulmuş yuvasını, aparılmış yumurtalarını axtarırdı. Boylanır, sonra yenə sinib ora-bura şütüyür, çalışıb-çapalayırdı. Hərəkətlərində, təlaşında itmiş balalarını axtaran ana həyəcanı vardı. İlan yəqin ki, onları görmürdü. Görsəydi, üstlərinə hücum çəkib çalar, hələ dünyaya gəlməmiş itkin düşən balalarının intiqamını alardı.
Sanki ilan dil bilirmiş.
Əfsanə deyirdi:
– Ay allahın heyvanı, yumurtaların ordadı, tikan tayasının dibindədi.
İlan eşitmir, anlamır, çırpınırdı: birdən iydə ağacının altına sürünməyə başladı. Süfrənin yığışdırılmadığını görəndə Səbihə özündən çıxdı:
– Min dəfə demişəm ki, çörəyi yediniz, süfrəni yığışdırın.
– Vaxt olmadı, — Əfsanə indicə bədbəxtlik üz verəcəkmiş kimi günahkarcasına astadan dilləndi.
İlan süfrənin qırağında toxdadı — ortalıqda olanları aydınca görmək istəyirmiş kimi, gündələnmiş quyruğunun üstündə mil durub başını qarmaq sayağı əyərək irəli uzatdı — baxdı, baxdı. Sonra qəti hərəkətlə yerə sinib içində ayran olan kasaya sarı süründü. Yenə başını azca qaldırıb kasaya boylandı. Və birdən ağzını kasanın qırağına atıb qəribə tərzdə çevrildi. Ağ qarnının altı göründü.
Zəhərini tökdü, — Səbihə dedi.
– Nə kinli şeymiş, şoqərib. — Əfsanə astadan dilləndi. Sonra ilan sürünə-sürünə, rahat olmuş təki süfrədən uzaqlaşdı. Ancaq yenə axtarırdı. Xeyli vurnuxandan sonra təzə tayaya sarı süründü.
– Tapacaq indi, — Əfsanənin üstündən elə bil, dağ götürüldü.
– Hə. Tapacaq. — Səbihə təsdiq elədi.
Axır ki ilanın gözü yumurtalarına sataşdı — onları salamat görəndə sevindiyindən rəqs edirmiş kimi, düyülmüş quyruğu üstə qalxıb sağa-sola yelləndi və sonra özünü havadan yumurtalarının üstünə atdı. Toxdadı.
Əfsanənin, Səbihənin və Elməddinin də ürəklərinin döyüntüsü azaldı. Sanki, böyük bir xata-baladan xilas olmuşdular.
İki-üç dəqiqə keçməmiş gözlənilməz bir hadisə də baş verdi. İlan yenə süfrəyə sarı süründü. Yenə hamı intizarla ilanın hərəkətlərinə göz qoymağa başladı. İlan bayaq zəhərini tökdüyü kasaya tələsik yanaşdı, ona dolanıb güclü bir təkanla kasanı aşırdı. Zəhərli ayran həsirin üstünə dağıldı. Sonra arxayın-arxayın öz təzə yuvasına sarı süründü.
Bu qəribə hadisə hamını düşündürdü. Çardaqdan düşüb anasıgilin yanına gəlmiş Elməddin fikirli-fikirli deyirdi:
– Sən demə, ilanın da ürəyi varmış! İlan da sevə bilirmiş, ilan də nifrət eləyə bilirmiş, ilan da intiqam hissi ilə yaşaya bilirmiş.
Əfsanə Elməddinin sözlərini eşidib içəri keçdi: birdən-birə ürəyini qəribə bir sıxıntı bürüdü. Təklik hissi...
Elməddin sanki onun dalınca içəri girib sözlərini təkrar edirdi:
«İlanın da ürəyi varmış. İlan da sevə bilirmiş, ilan da nifrət edə bilirmiş, ilan da intiqam hissilə yaşaya bilirmiş!!».
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-itkin-gelin-birinci-hisse-dorduncu-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qapı astaca döyüldü. Elməddin yazı masasının arxasından çıxdı və mil-mil xalatının yaxasını düymələyə-düymələyə irəli yeriyib cəftəni çəkdi. Qapının ağzında Siminbəri görəndə gözlərinə inanmadı. Xəyalın, düşüncənin belə həqiqət olacağını heç vaxt ağlına gətirməzdi. Qəribə idi, çünki elə həmin anlarda o, Siminbər haqqında düşünürdü. Onu neçə vaxtdı görmürdü. Elə bil, həyatında nə isə çatışmırdı. Əhədullagilə getməyə utanırdı. Onunla rastlaşanda tez-tez «uşaqlar necədir» — deyə ümumi halda soruşurdu və bu «uşaqlar» sözü altında da ən çox Siminbəri nəzərdə tutduğunu anlayıb öz aləmində gülümsünürdü. Əhədulla da «əlini öpürlər, ömrünə dua eləyirlər!» deyə ümumi cavab verirdi. Ancaq Elməddin hiss eləyirdi ki, Simin heç cür yadından çıxmır, getdikcə onu daha çox məşğul eləyir, düşüncələrinin ən şirin, ən ləzzətli parçasına çevrilir. Və tez-tez qızın divardan öz əlilə asdığı şəklinə baxırdı. Elə indi də onun haqqında fikirləşirdi — özü öz ayağı ilə gəlib çıxdı.– Salam, Simin, xoş gəlibsən!
İkinci hissə, birinci fəsilTopu yerə nə qədər bərk vursan, göyə o qədər çox qalxar» — bu həqiqət, ağıllı və müdrik adamların haçansa, haradasa söylədiyi bu hikmət, qolları qandallı halda dar, rütubətli, qaranlıq həbsxanaya düşəndən, dişləri vurulub sındırılandan, dırnaqları çıxarılandan sonra Məhəmməd Şəfi Rəhgüzər üçün inkaredilməz bir həqiqətə çevrilmişdi. Üstündə gəzdiyi, yaşadığı, hər qarışını müqəddəs sandığı şirin vətən torpağına, onun əsrlər boyu haqqı tapdanan, gecə-gündüz rahatlıq bilmədən çalışsa da, qarnı ac, əyni çılpaq, ayağı yalın övladlarına qəlbində doğulub pərvəriş tapmış məhəbbət nə qədər böyük və sonsuz idisə, bu torpağın, bu xalqın qədrini bilməyənlərə, adil adı ilə zalimlik eləyənlərə, vətənin taleyi ilə oynayanlara, əlinə düşən vəzifədən, məqamdan ancaq öz xeyri üçün istifadə edənlərə nifrəti bir o qədər artıq və nəhayətsiz idi. Bu qəzəb, nifrət günlər, aylar keçdikcə çoxalırdı. Şəfi həbsxanadan çıxandan sonra, elə bil qəflət yuxusundan ayılmışdı, keçən ömrünə heyfsilənirdi. Düzdür, o, qabaqlar da bu hisslərlə yaşamışdı. Qəlbində vətən eşqi yaşamışdı, onun düşmənlərinə nifrəti yaşamışdı — ancaq bu, necə də az imiş. O, əvvəllər də xalqının, doğma torpağının dərdlərindən yazmışdı — ancaq bu da az imiş, sən demə. Sən demə, məmləkətdə zülm ərşə dirənibmiş ədalətsizlikdən yer-göy qan ağlayırmış, haqq deyən ağızlar tikilirmiş, qapılar bağlanırmış!!!. Elin-obanın sevimlisi olan, məmləkətin hər guşəsində uşaqdan tutmuş böyüyə qədər hamının sevdiyi, pərəstiş etdiyi, adı gələndə fərəhdən göz yaşaran bir sənətkara hörmət edilməyəndə, adi, bəlkə də heç adını belə yaza bilməyən polis tərəfindən qoluna qandal vurulanda, çiyni çinli məmur tərəfindən dişləri vurulub salınanda daha hansı ədalətdən, haqdan danışmaq olardı? Şəfinin özünün içində elə bil nə isə sınmışdı: Zahirən süst, yorğun və küskün görünürdü: ancaq əvəzində qəlbində bir nifrət məşəli yanmışdı ki, daha onu heç nəylə söndürmək olmazdı. Hətta onu öldürsəydilər də, o məşəlin göylərə zəbanə çəkən qırmızı dilləri torpağın altında belə sönməzdi, yanardı, yandırardı. Və bu nifrət onu son dərəcə qorxusuz, cəsur bir adama çevirmişdi. Qəlbində sanki bulağın gözü daşdan, çınqıldan təmizlənmişdi. Şer qarşısıalınmaz sel kimi, ağ vərəqlar üstünə axırdı. Bu şerlərdən qan iyi gəlirdi — çünki şairin qəlbini qanatmışdılar. Həzinlikdən, kövrəklikdən əsər qalmamışdı o misralarda. Sevən aşiqin vüsal həsrəti, hicran əlindən şikayəti yox idi daha o misralarda. İnsan azad olmasa, məhəbbət də azad ola bilməz. «İnsan azad olmasa, məhəbbətin qisməti ayrılıqdı, göz yaşıdı, həsrətdi» — deyirdi şair. Siyasi-ictimai mövzular Şəfinin başını elə qatmışdı ki, son vaxtlar bircə dənə də lirik şer yazmamışdı. Qələmindən çıxanları aşkarda-xəlvətdə oxuyan Məleykə xanım da ərinin yazılarının büsbütün kəskin xarakter aldığını görür, bir tərəfdən sevinirdisə, bir yandan da kədərlənirdi. Sevinirdi ona görə ki, ərinin böyüklüyünün, əzəmətinin, sevilməyinin sirrinin bu cür əsərlərdə olduğunu yaxşı bilirdi: bu şerlərdə söylənilən həqiqətlər xalqın, elobanın dərdləri, qayğıları, faciəsi idi, bugünün həqiqətləri idi; o, həbsxanaya düşəndə məhz belə şerlər üstündə düşmüşdü, xalq, camaat onu azad etdirmək üçün əldə qırmızı bayraq küçələrə nümayişə çıxanda da onun məhz bu cür siyasi, kəskin şerlərini deyirdi. Ancaq Məleykə bu sevinclə bərabər gizli bir qorxu hissi də keçirirdi: — onu belə şerlər üstündə yenə apara bilərdilər.Məleykə kədərlənirdi, ona görə ki, bu qədər şerin içində bir misra da olsa, məhəbbət şeri yox idi. Heç olmasa Məleykəsinə də bircə şer yazmamışdı. Halbuki, qabaqlar həmişə ona şer həsr edərdi, onu şerin sehrli dili ilə əzizlər, öpüb oxşar, nəvaziş göstərərdi. Bu, Məleykədə gizli, daxili bir qürur doğurardı və o, bu qürurla özünü dünyanın ən xoşbəxt qadını sayardı. İndi isə... belə misralar tapmayanda... Məleykə yüngülcə köks ötürər, qüssəli gözlərini ərinin ağarmış saçlarında gəzdirər, «qocalır mənim əzizim!»—deyə xiffət eləyər, ancaq heç nə deməzdi.
İkinci hissə, ikinci fəsilGeneral Əziz xan öz otağında, üstündə kitablar, qovluqlar olan iri, dördkünc stolunun arxasında əyləşmişdi. Otaq çıraqban idi, qapının ağzında qoyulmuş dəmir buxarı asta-asta yanırdı. Bayırda dəli bir külək əsir, qapı-pəncərəni titrədirdi. Qış dörd gündü girmişdi. Ancaq hələ qar yağmamışdı.Qar hardasa yaxında idi, qar hardasa yavaş-yavaş yol gəlirdi — bunu havanın şaxtalı nəfəsindən, səhərlər damların, ağacların, kolların üstündə görünən qırovdan bilmək olurdu.
İkinci hissə, üçüncü fəsilƏbdül son vaxtlar təsəvvürə gətirilməz dərəcədə dəyişmişdi. Saqqalını qırxdırmış, özünə iki-üç dəst müxtəlif rəngli kostyum, köynək, ayaqqabı almışdı. Kostyumlarına münasib papaq və palto tikdirmişdi. Yeməyini özü hazırlamırdı, lazım olan şeyləri «spinzər» restoranına telefon vasitəsilə sifariş verirdi. Nəcməddin xəstələnəndən qarajda qalan maşını çıxarmışdı, əvvəl həyətdə, məhəllədə sürmüş, əl-ayağı öyrəşəndən sonra küçəyə, şəhərə belə çıxmağa cəsarət eləmişdi. Balaca Nəcməddin şən, qayğısız böyüyürdü, yavaş-yavaş danışır, yeriyirdi. Əbdül bir an da olsa ondan nəzərlərini çəkmir, qayğısından, əzabından yorulub usanmır, can-dildən ona qulluq eləyirdi. Böyük adam kimi uşaqla danışır, məsləhətləşirdi — onu taleyin verdiyi bir nemət hesab eləyir, varlığına güvənirdi. Uşaq Əbdülün başını qatır, darıxmağa qoymurdu, tez-tez öz cinayətini, Dünya xanımı xatırlatsa da, bu əzabı da qanuni bir şey sayıb yaşayırdı.Son günlər Əbdül Zərrintac xanımın zəhmi-zabitəsi barəsində düşünməyi unutmuşdu. İndi onun fikrini Heyran xanım zəbt eləmişdi. Gecə-gündüz yadından çıxmırdı Heyran, hər gün o gələn vaxt Əbdülün gözü yolda, qulağı səsdə olurdu. Gözləyirdi, gözləyirdi, o isə gəlmirdi. Vaxt-vədə keçəndə isə Əbdülün qəlbini anlaşılmaz bir kədər çulğalayırdı. Eyni intizarla səhər də gözləyirdi, birisi gün də. O isə gəlib çıxmırdı ki, çıxmırdı. Dəqiq ünvanını soruşmadığına görə özünü danlayırdı. Pul verdiyinə görə özünü danlayırdı. «Pul verməsəydim, bəlkə indiyə gəlmişdi. Ehtiyacı nə bilmisən». Sonra özünə təsəlli verirdi ki, pulu qurtaran kimi gələcək. Heç olmasa bacısının uşağına baş çəkmək üçün harda olsa gələcək!
Başqa şairlərin şeirləri
Yaş zindanlar yuvamız,Fəlakət aşinamız.
Keçər gedərDünya işində hər nə dutarsan keçər gedər,Hər nik ü bəd içində qılarsan keçər gedər.
Bəri baxAla gözlü, sərv boylu dilbərim,Həsrətin çəkdiyim canan, bəri bax.
Bu çöldə, bacı, möhnəti-hicran sənin olsunBu çöldə, bacı, möhnəti-hicran sənin olsun,Ağlar göz ilə zülfi-pərişan sənin olsun.