Birinci hissə, beşinci fəsil
Kəndin kənarındakı düzənlikdə qırmızı lalələr açılmışdı. Göz işlədikcə hər yan sanki alışıb-yanırdı, sakit bir atəşlə yanırdı. Hərdən çırpınan bahar mehi çöllərin allı-güllü xalısını dalğalandırırdı.
Kömgöy çəmənlikdə ağır-ağır, tələsmədən addımlayan Elməddinin ayaqqabıları səhər şehindən islanmışdı. Ağ dağın zirvəsindən yenicə qalxmış Günəş hələ lalələrin xallı piyalələrindəki ağ mirvari danələrini ilıq nəfəsi ilə qurutmağa macal tapmamışdı.
Hava ətir qoxuyurdu — çöllərdən yaşıl ot, çiçək iyi gəlirdi; təbiət adamın üzünə gülürdü. Ancaq ürəyindən sanki daş asılmış Elməddin məst adamlar kimi hər şsyə biganə nəzərlərlə baxırdı. Arabir ayağı altında pırıltı ilə uçan torağaylar, meynələr onu səksəndirir, fikirdən ayırırdı. Dünənki ilanı unuda bilmirdi. İlanın cəsarəti, fədakarlığı, kini və məhəbbəti barədə başqaları danışsaydı, bəlkə də inanmazdı, bunu uydurma, ya da nağıl — əfsanə hesab eləyərdi. Lakin özü görmüşdü və buna görə də inanmaya bilmirdi. İstər-istəməz Elməddin özünü o dilsiz-aqızsız ilanla müqayisə eləyirdi. İlan yuvasının dağıdıldığını görəndə əsl ilana dönmüşdü; yorulub-usanmadan yumurtalarını axtarırdı, tapandan sonra rahatlandı, kasaya tökdüyü zəhəri də dağıtdı. Bəs o, Elməddin, ya Əfsanə? Onlar ki insan idilər? Onlar səadətə qovuşmaq, məhəbbətlərini qoruyub saxlamaq, xoşbəxt olmaq üçün nə etdilər!?
«Əlimizi yanımıza salıb oturduq, ah-uf eləməklə, xəlvətə çəkilib göz yaşı tökməklə kifayətləndik. Amma atalar deyib ki, «ağlamayan uşağa süd verməzlər!» Uşağın yaşamaq üçün əlindən gələn yeganə vasitəsi—ağlamaq, südünü, çörəyini tələb etməkdir. Əgər o bunu etməzsə, acından ölə bilər. Gərək insan öz xoşbəxtliyini, səadətini əldə etmək üçün çalışsın, çəkinmədən, qorxmadan vuruşsun! Bu yolda ölsən də eybi yoxdur, məqsəd yolunda can vermək özü də şərəfdir. Amma biz... of... Yusif, mənim doğma qardaşım, məni sevə-sevə, əzizləyə-əzizləyə öldürdü, bədbəxt elədi! Lakin... onun nə günahı var?».
Quş adıdır.
Elməddin ağır fikirləri özündən uzaqlaşdırmaq, fikrini dağıtmaq məqsədilə əyilib bir lalə dərdi, qızıl qanla sulanmış kimi görünən ləçəklər arasında qara xala baxdı, sinəsi dağlı lalənin vəsfinə yazılmış şerləri bir-bir xatırladı. Bütün şairlər onun bağrındakı hicran dağından söhbət açırdı. Bəlkə lalənin gözəlliyi elə onun o qara xalında idi. Onsuz bəlkə də o, qələm, zövq əhlinin diqqətini bu qədər cəlb eləməzdi?!
Elməddinin ürəyi dolu idi, hissləri təlatümə gəlmişdi. Lakin bu təlatümdə şadlıq, sevinc yox idi, bu təlatümdə heç vaxt silinib-getməyəcək bir məyusluq və nisgil vardı.
Əlindəki laləyə baxa-baxa yaddaşının hansı səhifəsindəsə həkk olunub qalmış misraları dodaqaltı pıçıldamağa başladı:
Adın düşüb dillərə,
Tək bircə dağla, lalə.
Mənim milyon dağım var—
Halıma ağla, lalə.
Həmdəm oldum səninlə,
Ürək sözümü dinlə.
Məlhəm ləçəklərinlə
Yaramı bağla, lalə.
Taleyim necə döndü,
Bəxt ulduzum da söndü.
Dağlar da ağ büründü—
Çəkdiyim ahla, lalə.
Eşit ahu-zarımı,
İtirmişəm yarımı.
Mənim göz yaşlarımı
Əmanət saxla, lalə.
Elməddin ayaqları altında qalan lalələrə baxır və görürdü ki, hər lalənin ürəyi üstündə bir qətrə saf şeh damcısı — göz yaşı var. Və ona elə gəlirdi ki, onlar şeh damcıları deyil, nakam aşiqlərin, onun özünün göz yaşlarıdır.
Şerin son misralarını təkrar eləyirdi:
...Mənim göz yaşlarımı,
Əmanət saxla, lalə.
Düşünürdü ki, min il sonra da bu çöllərə çıxan olsa, onun göz yaşları belə, almaz danələri kimi parıl-parıl parıldayacaq, çünki lalələr vəfalıdırlar, onun əmanətini qərinələr boyu yaşadacaqlar...
Uzaqdan qulağına gələn yanıqlı tütək səsi Elməddini xəyaldan ayırdı—Zümrəy idi; qoyun-quzusunu yamacın döşünə verib çomağını yerə ataraq tütəyini mələdirdi. Zümrəy Elməddinlə həmyaş idi. Bir kənddə böyümüşdülər. Məktəb açılanda Elməddin dərsə, o isə xəstə anasını acından ölməyə qoymamaq üçün qoyun-quzu otarmağa getmişdi. O vaxtdan Elməddin bircə dəfə də olsa Zümrəyi gündüz kənddə görməmişdi. Onun üçün bayram, istirahət günü olmamışdı. Xəstələnsə də örüşə getmiş, mərəzini çöllərdə keçirmişdi. Beləliklə o, qoyun-quzu dalında böyümüş, həddi-büluğa çatmış, kişiləşmişdi.
Zümrəygil beş qardaş idilər. Hamısı kənddə kimsəyə məlum olmayan bir xəstəlikdən ataları ilə bir gündə ölmüşdülər. Onların balaca daxmalarından bir gündə beş meyit çıxarılmışdı. Anası Cahan uzun müddət xəstə yatıb hansı bnr möcüzə iləsə nəhayət, dirçəlmişdi. Xəstəlikdən sonra qara hörükləri tamam tökülmüşdü, buna görə arvad kənd camaatı arasında «keçəl Cahan» adı ilə çağrılırdı. Əvvəllər bu adı heç cür sinirə bilməyən arvad sonralar öyrəşmiş, qulağı dolmuşdu.
İki nəfərdən ibarət olan bu ailə kənddə elə səssiz, sakit yaşamışdı ki, varlıqları, yoxluqları belə hiss olunmamışdı. Uşaqlıq dostluğu indi də davam eləyirdi. Elməddinlə Zümrəy bəzən axşamlar görüşər, dərdləşərdilər. Elməddin ona kənddə baş verən hadisələrdən, yeni xəbərlərdən danışır, o isə uzaqdan gəlmiş bir adam təki Elməddinin söhbətlərinə maraqla qulaq asardı.
Zümrəy başına iri motal papaq qoymuşdu. Elməddinin yaxınlaşdığını görüb tütəyi ağzından çıxardaraq suyunu çırpdı, çiynindən asdığı çantasında gizlədi.
– Çal, çal. Sənin tütəyinə qulaq asmağa gəlmişəm, — dedi, əl verib görüşdülər.
– Əşi, otur, görək. Daha tütək çalmaqdan da bezmişəm. Nə qədər tütək çalmaq olar? — O, əbasını çıxarıb yaşıl otların üstünə sərdi — otur, görək!!
Elməddin uzanıb sağ qoluna dirsəkləndi. Zümrəy də qabağında oturdu... Onun sağlam, qırmızı sifəti vardı. Çatma qaşları altında parıldayan nüfuzlu gözləri qayır-qayır qaynayırdı. Yaşıd olmalarına baxmayaraq, Zümrəy ondan canlı-cüssəli görünürdü. Əgər güləşsəydilər, şübhəsiz, Zümrəy asanlıqla onun kürəyini yerə qoya bilərdi.
– Səndən nə əcəb, Elməddin?
– Elə belə. Darıxdım, çıxdım, dedim bəlkə eynim açıldı.
– Yaxşı eləyibsən. Mən də yamanca darıxıram. Əlimə adam düşəndə elə sevinirəm ki... heç buraxmaq istəmirəm. Axı adam nə qədər çöl-biyabanda dilsiz-ağızsız heyvanlarla bir yerdə olar? İnsan olduğumu da bəzi vaxtlar yadımdan çıxarıram. Düz on beş ildi... beləcə çöldə-düzdəyəm. «Ehtiyacın üzü qara olsun, Zümrəy! —deyə Elməddin düşünürdü. — Ehtiyac adamın əl-qolunu zəncirdən də möhkəm bağlayır. Sən ömrünün axırınacan bu sürüdən çətin ayrılacaqsan. Ehtiyac qoymayacaq, bir tikə çörək ehtiyacı qoymayacaq, Zümrəy!!».
– Təzə nə var, nə yox?
– Sağlığın, elə bir yenilik yoxdur.
– Amma məndə var, Elməddin.
– Nədi? Yenə kimin qoyunu quzulayıb?!
– Yox ey. Qoyun-quzu söhbəti deyil...
– Hə?! Nə olub?!
Zümrəy tərəddüd elədi. Desinmi?! Ya... lazım deyil?
– Yox əşşi, zarafat eləyirdim. Bu çöl-biyabanda nə xəbər ola bilər?
Elməddin diqqətlə Zümrəyi süzüb:
– Vallah, sözlü adama oxşayırsan. Danış, gizləmə...— dedi. Zümrəy ha çalışdısa da sirrini dostundan kizləyə bilməyəcəyini hiss edib naçar sözə başladı:
– O keçə çadırları görürsən, Elməddin? — deyə əlini yamacın o tərəfində binə salmış alaçıqlara sarı uzatdı. Elməddin qanrıldı. Yamacın sağ ətəyində dörd-beş köçəri alaçığı yan-yana düzülmüşdü. Alaçıqların ətrafında yarıçılpaq uşaqlar dolanır, azca kənarda isə uzunqulaqlar, dəvəlör otlayırdı.
– Hə, gərürəm, necə bəyəm?! Zümrəy utana-utana söylədi:
– O ucqardakı alaçıqda bir su sonası yaşayır, Elməddin!
Elməddin gülümsündü:
– Yoxsa vurulmusan, Zümrəy?
– Vurulub-vurulmadığımı bilmirəm, amma səbrim-qərarım yoxdu. Çiynində səhəng gündə üç dəfə suya gedir. Dünən qoyunquzunu başsız qoyub çayın qırağına endim. Gəldi. Əvvəl məni görmədi. Necə gözəldi, ilahi. Yaxşı-yaxşı baxdım. Zalımın qızı ay parçası kimi işıq saçır. Məni görüb özünü itirdi. Nə qədər əlləşdimsə dilim açılmadı ki, açılmadı. Heç nə deyə bilmədim.
– Vurulubsan, dostum.
– Nə bilim.
– Uşaqlar bu tərəfə oynamağa-zada gəlmir?
– Yox. Ha vurnuxuram ki, birini tutum, soruşum. Mümkün olmur. Köpək uşağı bəri çıxmır. Onun haqqında hər kəs mənə səhih məlumat desə, vallah, bir quzu bağışlayaram.
Bu sözləri deyib Zümrəy alaçıqlara sarı boylandı. Elməddin onun baxışlarında sönməz bir həsrətin ifadəsinn görüb öz nakam məhəbbətini xatırlayaraq köks ötürdü.
– Mən sənə kömək eləyərəm, Zümrəy.
– Kömək eləyərsən?
– Hə.
– Nə təhər?
– Mən sabahda-biri gündə atlanıb gələrəm obaya, guya ki, məni qəryədar Qulam göndərib, bilim ki, oba kimindi, torpaq haqqını kim verəcək? Öyrənərəm, qız kimin qızıdı, adı nədi.
– Hə. Ağlabatan fikirdi. — Zümrəy uşaq kimi sevindi.
– Di yaxşı, bir çal, ürəyimiz ovunsun, Zümrəy. — Zümrəy çantasından tütəyi çıxarıb çalmağa başladı. Tütək inlədikcə yanıqlı səsi ətrafa yayılırdı. Elməddin bayaqkı fikirlərinin üstünə qayıtdı.
«Zümrəy də dərdli olduğuna görə belə yanıqlı çalır!»
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-itkin-gelin-birinci-hisse-besinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu balaca bir daxma idi. Cəmi bircə pəncərəsi vardı, ona da qalın pərdə salınmışdı. İçəridəki girdə mizin üstünə qoyulmuş fənərin solğun, zəif işığı otağı güclə işıqlandırırdı. Bəbir, Məhəmməd Şəfi taxta çarpayının kənarında oturub siqaret çəkirdi. Vaxt keçirdi, ancaq Ziyaəddingil hələ gəlib çıxmamışdılar.Xeyli keçəndən sonra həyətdə maşın səsi eşidildi. Gəzinib keşik çəkən Elməddin qapını aralayıb başını uzatdı:
İkinci hissə, səkkizinci fəsilNeçə gündü ki, Məhəmməd Şəfi özündə deyildi. Yaxşı yata bilmirdi, çörək yeyə bilmirdi. Fikrini cəmləşdirib masa arxasında oturmağa da qərarı gəlmirdi. Düşüncəli-qayğılı gəzib-dolanır, yuxulu, yaxud sarsıntı keçirmiş və bunun nəticəsində də keyləşmiş adama oxşayırdı. Möhsünün, — satqın, xəfiyyə olsa belə, — ölümü onu yamanca silkələmişdi. Bir yandan istexbaratın divarları arasında olmazın işkəncələrə məruz qalan, lakin mərdanə susub heç kəsin adını çəkməyən şeyx Əhmədin dərdi, o biri yandan da bu Möhsünün öldürülməsi, onun başsız-sahibsiz qalan ailəsinin dərdi Məhəmməd Şəfinin ürəyini alt-üst eləmişdi. «Həyatın qanunları necə sərtdi, aman allah!— deyə gəzib-dolanır, hər şeyi ürəyinə salıb dərd eləyirdi. — Həyat nə qədər təzadlıdı; şirindi həyat, əzablıdı həyat eyni zamanda. Bir yanda süslü saraylar, xanimanlar, harınlar, o biri yanda isə bir tikə çörək üçün şərəfini satmağa, başını bıçaq altına qoymağa hazır olanlar, aclar, yalavaclar... Yox, mənim ürəyim bu ağrılara, əzablara dözə bilmir... Bu zəiflikdir, nədir, heç bilmirəm. Amma Bəbir möhkəm adamdır. Ziyaülhəqq sərt adamdır. Mən belə ola bilmirəm, bacarmıram. Lakin dərindən fikirləşəndə bəlkə onlar haqlıdırlar? Hamının, böyük əksəriyyətin əzabla yaşamasına son qoymaq üçün bəlkə beş-on nəfər satqını, alçağı əyan-əşrəfi aradan qaldırmaq ən doğru yoldur? Mən Bəbirə inanıram — onun ağlına, müdrikliyinə inanıram».Məleykə ərindən yaman nigaran idi. Şəfinin neçə gündü bulud kimi tutulub açılmaması, öz-özünə danışa-danışa gəzib-dolanması Məleykəni demək olar ki, lap qorxutmuşdu. Şəfi işdə, çöldə-bayırda olan söz-söhbətin hamısını evdə arvadına danışırdı, çox şeydə onunla məsləhətləşərdi; Məleykə ən ağır anlarda ərinin qılığına girir, təsəlli verir, deyib-gülür, kişinin kefinn açırdı. Ancaq bu dəfə nə illah eləyirdisə, Şəfinin qırışığı açılmırdı. Məleykə şeyx Əhmədin tutulduğunu bilirdi, Möhsün adlı xəfiyyənin də ələ keçdiyini Şəfi demişdi ona. Ancaq Möhsünün öldürüldüyünü gizləmişdi, onun dörd uşağının yetim qaldığını gizləmişdi. Məleykənin ürəyini bilirdi, desəydi, bu ona dərd olacaqdı. Məhz buna görə söyləməməyi lazım bilmişdi. İşə getmək vaxtı idi. Şəfi gecəni səhərəcən yatmasa da, tezdən durmuş, üzünü təraş etmiş, çay-çörəyini də yemişdi, ancaq getməyə tələsmirdi. Pəncərənin qabağında dayanıb payızın xına çəkdiyi ağaclara tamaşa edir, siqaretini siqaretin oduna yandırırdı.
İkinci hissə, doqquzuncu fəsilMöhsün düz deyirmiş; onun-evini tapmaq çətin oldu. Şəhərin ucqarlarının cikini-bikini əlinin içi kimi tanıyan Ziyaülhəqq Möhsünün ailəsinin yaşadığı yeri iki gün axtarandan sonra güc-bəla ilə tapdı.Gün günortadan əyilmişdi. Payızın boz-buludlu səmasında qızaran günəş qərbdəki dağların zirvəsinə tərəf meyllənmişdi. Soyuq külək əsirdi. Maşını aşağıda qoyan, plaşının yaxalığını qaldırmış Ziyaülhəqq ətəyi şəhərə toxunan dağın döşündə salınmış, yastı-yapalaq , alçaqlı-ucalı evciklərin arasından düşmüş dar, dolanbac çığırla üzüyuxarı qalxırdı. Əlləri plaşının cibində idi. Sol cibində pul bağlısı, var idi. Elə bil od aparırdı cibində. Hərdən barmaqları pula toxunanda kişinin əli yanırdı elə bil...
İkinci hissə, onuncu fəsilGəlini — Zərrintac xanımı aparmağa gəlmişdilər. Darvazalar taybatay açılmışdı, həyət qonaq-qara ilə, qonum-qonşu ilə dolu idi. Camaat dövrə vurub dayanmışdı, hasarın dibində ayaq üstə durmuş çalğıçılar şıdırğı çalır, oynayanlar bir-birini əvəz edirdilər. Nökər Əbdül isə ortalıqdan çıxmaq bilmir, gələnə yoldaş, kedənə qardaş olub oynayırdı. Təzə paltar geymişdi — kostyumu, köynəyi, ayaqqabısı təzə idi. Nəcməddinin evinə gəl-gedi olmayanlar onun nökər olduğunu əsla ağıllarına belə gətirməzdilər.Məşşatələr, Dünya xanım, Məleykə xanım Zərrintacın otağına yığışmışdılar, gəlini bəzəyib-düzəyir, zər-zibalarını geyindirir, oxuyub oynayırdılar. Zərrintac gəlinlik paltarının içində alışıb-yanırdı, daş-qaş içində itib-batmışdı.
Başqa şairlərin şeirləri
Ətəmasım budur, ey şahlar şahı,Həzər elə biçarələr ahından,
İqbalnamə, fəsil 44Müğənni bir şirin nəğmə söylə sən,Bu ki, ilk ricamız deyildir səndən!
Rəhmət pir ustada, körpü tikənəthumb|Sayat Novanın "Rəhmət pir ustada körpü tikənə" şeiriRəhmət pir ustada, körpü tikənə.
BülbülQalxıb havadən gedirsənDolanırsan bağı, bülbül