İkinci hissə, yeddinci fəsil
Bu balaca bir daxma idi. Cəmi bircə pəncərəsi vardı, ona da qalın pərdə salınmışdı. İçəridəki girdə mizin üstünə qoyulmuş fənərin solğun, zəif işığı otağı güclə işıqlandırırdı. Bəbir, Məhəmməd Şəfi taxta çarpayının kənarında oturub siqaret çəkirdi. Vaxt keçirdi, ancaq Ziyaəddingil hələ gəlib çıxmamışdılar.
Xeyli keçəndən sonra həyətdə maşın səsi eşidildi. Gəzinib keşik çəkən Elməddin qapını aralayıb başını uzatdı:
– Gəldilər... — dedi və yenə çəkilib getdi. Ziyaülhəqq otağa təkcə girib salam verdi.
– Gətirdin? — Bəbir soruşdu:
– Bəli.
– Danışdı?
– Əlbəttə. Mən lalı da danışdıraram!
– Yaxşı. Gətir.
– Baş üstə. Ancaq... Səni görməsəydi, yaxşı olardı, məncə.
– Niyə?
– Bu, satqındı. Sizi tanıtdıra bilər başqalarına.
– Düz deyir Ziyaülhəqq, Bəbir. Gərək bizsiz həll edəydilər uşaqlar, — deyə Məhəmməd Şəfi bayaqdan bəri ilk dafə ağız açıb dilləndi — Sonrakı işlərimizi... korlaya bilərik...
Bəbir ani fikrə gedib Ziyaülhəqdən soruşdu:
– Xəyanətlərini boynuna aldımı?
– Bəli, aldı. Hər şeyi iqrar etdi.
– Onda gətir, — dedi qətiyyətlə Bəbir. — Satqınlar öləndən sonra şahidlik eləyə bilmirlər.
Otağa ani sükut çökdü. Çünki, Bəbir son cümləsində molla Qasım adlanan xainin ölüm hökmünü elan eləmişdi. Hər şey aydındı. Hökm qəti idi və yerinə yetirilməli idi bu gecə. Şəfi nəsə demək istədi, ancaq dillənmədi. Ziyaülhəqq başı ilə «oldu» işarəsi verib cəld addımlarla daxmadan çıxdı.
İki-üç dəqiqə keçmişdi ki, Ziyaülhəqq mollanı itələyib içəri saldı, özü də arxasında dayandı.
Bəbir də, Məhəmməd Şəfi də ilk dəfə gördükləri bu adama diqqətlə baxırdılar. O da qorxu dolu nəzərlərlə oturanları ötəri süzdü, heç birini tanıya bilmədi. Gözünün altı qaralmışdı, qara saqqalında qan laxtalanmışdı, qaşının üstündə çapıq yeri görünürdü. Məhəmməd Şəfi özünü saxlaya bilməyib Ziyaülhəqqə söylədi:
– Nahaq belə eləmisən! Ziyaülhəqq yerindən tərpənmədi:
– Yoxsa siz elə bilirsiniz orda, istexbarat zirzəmisində Şeyx Əhmədin başını sığallayıb ipək yorğan-döşəkdə yatırdırlar? Yox, mən düşmüşəm ora, cəhənnəm əzabı verirlər adama, ağa. Dirigözlü öldürürlər səni. Dirildinsə... Təzədən öldürürlər, dirilmədinsə... Allah rəhmət eləsin!! — dedi.
Bəbir Şəfiyə sarı döndü:
– Ürəyiyumşaqlığı qoy bir kənara, qardaş! Belələrinə rəhm eləmək ümumi işə xəyanət etmək deməkdir, zindanlarda bax bu alçaqların satqınlığı üzündən çürüyən oğullarımıza xəyanət etmək deməkdi. — sonra Bəbir Molla Qasıma üz tutdu, — otur o kətilin üstündə.
O, müti halda iki addım irəli yeridi, taxta kətili altına çəkib əyləşdi. Gözucu arxa tərəfində dayanmış Ziyaülhəqqə baxıb başını aşağı saldı! Ziyaülhəqq Bəbirə müraciət etdi:
– Başlayaq, ağa? Bəbir:
– Hə, başlayaq. — dedi.
– Ey, səninləyəm, mənə necə danışıbsan, eləcə də yerli-yataqlı bu ağaya danış hər şeyi. Çalış heç nə yadından çıxmasın, yoxsa... —deyə Ziyaülhəqq mollanı hədələdi. Onun səsi gələndə mollanın ürəyi əsirdi.
Sorğu-sual başlandı: Bəbir danışdırırdı, o, cavab verirdi, Şəfi isə bəzi şeyləri kağıza köçürürdü.
– Adın nədir?
– Molla... Yox, ağa, bağışlayın, bəndənizin əsl adı Möhsündür.
– Molla Qasım sənin ikinci adındı, eləmi?
– Bəli, qurban.
– Sən nə vaxtdan istexbarata qulluq göstərirsən?
– Doqquz ildi.
– Əslən haralısan?
– Elə buralıyam, ağa, bu şəhərdənəm.
– Necə oldu ki, onlara işləməyə başladın?
– Düzü, ağa, heç özüm də bilmədim necə oldu. Çoxdanın söhbəti idi, istexbaratdan yanıma bir nəfər gəldi, onda Qari Aman xanım mağazasında xidmətçi işləyirdim. Mənə təklif elədi ki, onun yanına gələn xaricilərə göz qoyum, kimdir, nəçidirlər, nə gətirirlər... nə aparırlar... Lüt qadın-kişi şəkilləri, tiryək, nə bilim nə...
– Sən də yazıb verirdin, eləmi?
– Hə, ağa. Müqabilində mənə səkkiz yüz rupi pul verirdi o kişi.
– Adı nə idi?
– Adını bilmədim, vallah. Sonra o getdi, başqası gəldi... İndi onun üçün işləyirəm. İsmi Qədirdir gərək ki... hara lazım olsa, göndərir, iş düzəldirdi.
– Bəs şeyx Əhmədin dəstəsinə necə düşdün?
– Bir gün çağırdı məni, dedi məscidə getməlisən, molla libası verdi, dedi qulaq asarsan, görərsən nə danışırlar. Xüsusən şeyx Əhmədə diqqət yetirməyimi tapşırdı. Şübhələnirmiş, nədi? Bilmirəm.
– Səndən başqa da şeyx Əhmədin dəstəsində adamları vardı?
– Mən bilən yox, ağa!
– Sən daha kimin haqqında ona — Qədirə məlumat vermisən?
– Heç kimin, ağa!
– Yaxşı fikirləş, bəlkə vermisən?
– Yox, heç kimin haqqında...
– Bəs molla Səxini necə, satmısan?
– Xeyr. O mənə çox yaxşılıqlar eləyib, ağa. Yer verib, yeməyimi verib...
– Elə çıxır ki, Şeyx Əhməd sənə çox pislik eləyib, hə?
– Xeyr, ağa.
– Bəs onu niyə satırdın?
– Nə bilim, ağa. Tapşırmışdı...
– Məlumatları yazılı verirdin, ya şifahi?
– Yazılı...
– Harda yazırdın bəs? Sən ki molla Səxidən ayrılmırdın heç?
– Təşnabda!
– Təşnabda yazırdın?
– Bəli.
– Bəs harda verirdin ona kağızı?
– Elə orda aftafanın altına yapışdırırdım, mən çıxandan sonra o gəlib götürürdü.
– Üsula bax ha. Bu sənin ağlına kəlmişdi, ya onun?
– O təklif eləmişdi, ağa.
– Şeyx Əhmədin sözarası elədiyi siyasi söhbətlər sənin xoşuna gəlmirdi? O düz demirdi?
– …
– Səninləyəm! Düz deyildi onun dedikləri? Ürəyincə deyildi?!
– Düz idi, ağa. Ürəyimcə idi...
– Bəs niyə yazırdın, ay şərəfsiz?! Axı şeyx Əhməd hamının dərdindən, ehtiyacından danışırdı, bütün xalqın xoş gələcəyi naminə görüləsi işlərdən, sizin bu mübarizədə vəzifələrinizdən, sizin ən qatı, ən qəddar düşmənlərinizdən danışırdı!?
– …
– Niyə susursan? — Nə deyim, ağa?!
– Sənin ailən var?
– Bəli, ağa. Bir arvadım, dörd də uşağım var.
– Neçə yaşındadı uşaqların?
– Böyüyü on, kiçiyi üç yaşındadı.
– Sən onları yaxşı dolandıra bilirsən?
– Yox, ağa. Yarıac, yarıtox. Qış düşəndə, qar yağanda oğlan məktəbə də gedə bilmir, çılpaq olduğu üçün.
Bəbir susdu. Təzə siqaret yandırdı, sümürüb tüstüsünü ağzının cəngindən havaya buraxaraq Şəfiyə nəzər saldı. Bayaqdan, o danışdıqca nəsə yazan Şəfi də əl saxladı. Görünür dörd uşaq məsələsi hər ikisini eyni dərəcədə narahat etmişdi. Şəfi Bəbirə qüssəli-qüssəli baxdı, astaca köks ötürdü. Bəbir onu anladı və ürəyində üzünü görmədiyi, bir-birindən balaca olan kərpələrə şəfqət hissi oyandı və onun əl-qolu boşaldı bir anlığa. Qabağında dayanan, bəlkə də dolanmaq üçün istexbaratın işçisi Qədirin toruna düşmüş bu biçarə adam gözündə satqınlıq libasını çıxarıb yazıq bir görkəm aldı. Ancaq bu, bir anlıq davam etdi. Möhsün yenidən əvvəlki halətilə nəzərlərində canlandı və Bəbir, nə qədər uzaq olsa da, indi Şeyx Əhmədin düşdüyü vəziyyəti, döyülməsini, işgəncələrini yanındaymış kimi apaydın görüb qəlbindəki tərəhhüm hissini boğmağa çalışdı, ani olaraq bir insan kimi öz zəif cəhətini həyatında bəlkə ilk dəfə dərk etdi və belə bir «xəstəliyi» olduğuna görə həm sevindi və həm də kədərləndi. Bəbir yaşadığı illər boyu təkcə cəmiyyətin deyil, özünün də gözəgörünməz, gümanedilməz halətlərini, mənəvi təbəddülatları hadisələr axınında, müxtəlif gərgin vəziyyətlərdə kəşf edə-edə ömür sürmüşdü. Ən çətin anlarında belə o, kənar, yad bir adam gözü ilə özünə baxmağı xoşlayırdı və yaxşı xüsusiyyətlərini görüb sevinir, zəif cəhətlərini bir cərrah soyuqqanlılığı ilə kəsib atmağa çalışırdı. İndi, Qasımla — Möhsünlə söhbət zamanı varlığına yol tapmış bu humanistlik hissini boğmaqda çox çətinlik çəkəcəkdi, lakin birdən-birə onun qulağına, haradansa uzaq, qaranlıq bir zirzəmidə işkəncələrə dözə bilməyib qışqıran, «ax, öldüm?» — deyən Şeyx Əhmədin səsi gəldi sanki. Yerin altından gəlirdi o səs elə bil. Fəryad, nalə dolu o səsi eşidən kimi olanda Bəbir o «xəstəliyinin» üstündən qələm çəkdi, o hissi öldürdü və ayaqları altına alıb tapdaladı. «Yox, — dedi öz-özünə,—belələri zatən satqındır. Onlar öz arvad-uşağı xatirinə məni, səni, hətta vətənn də satarlar, buna sənin heç şübhən olmasın, Bəbir!» Və o, aradakı gərgin sükutu parçalayıb quru, hökmlü səslə:
– Yaxın gəl! — dedi. Qasım — Möhsün əvvəl başa düşmürmüş kimi döyükdü, yerindən tərpənmədi. Ziyaülhəqq arxadan onu dümsükləyəndə sanki ayıldı və qorxa-qorxa irəli yeridi.
Bəbir Şəfiyə üz tutdu:
– Ona iki vərəq kağız və qələm ver, Şəfi!
Məhəmməd Şəfi bayaqdan bəri Bəbirə baxırdı və o sukutla keçən anlarda özünə xas həssaslıqla anlayırdı ki, Bəbirin içində indi iki hiss — rəhm və qanun üz-üzə gəlib çırpışır, vuruşur: Görəsən hansı üstün gələcəkdi? Şəfi intizar içində Bəbirə baxır və elə bil, o gizli döyüşü aşkar görürdü. Lakin Bəbir əlini üzünə çəkib Şəfiyə: «Ona iki vərəq və qələm ver!» — deyəndə anladı ki, dostunun ürəyində rəhm hissi öldü və daha artıq-əskik danışıb qan qaraltmağına dəyməzdi. Şəfinin ürəyindən soyuq bir uğultu keçdi, üşüdü elə bil. Bəbirin də, Qasımın da üzünə baxmadan iki səhifə kağızı və qələmi stolun o qırağına itələdi.
– Otur! — dedi Bəbir. — Otur yaz!
Möhsün sanki keyimişdi. Mütiliklə deyiləni icra elədi. Kətili çəkib əyləşdi və bayaqdan bəri ilk dəfə stolun o biri kənarında oturan və onu sorğu-suala tutan Bəbirə gözü dolusu fikir verdi. Və onun simasındakı sərtliyi, baxışlarındakı qəzəb qığılcımlarını görüb əməlli-başlı qorxuya düşdü.
– Yaz! — Bəbir azca səsini endirib dilləndi. Möhsün ölgün-ölgün:
– Nə yazım, ağa? — deyə xəbər aldı.
– Mən nə desəm, onu da yazacaqsan! — Bəbir siqaretinə son qullab vurub külqabına basaraq söndürəndən sonra diktə etdi. «Bəradəri-mükərrəm Molla Səxi. Mən daha təhsilimi davam etdirə bilmədim, çünki öz şəhərimizə getməli oldum: ailəm mənsiz dolanmır, bəradər. Mənə elədiyin yaxşılıqlar üçün sənə ömrüm boyu minnətdaram. Ba ehtiram: bəradərin molla Möhsün»... Yazdın?
– Bəli, ağa... Möhsün udqundu və kəsik-kəsik soruşdu — Ağa, başına dönüm, axı mən əvvəl ərz elədim ki, elə bu şəhərdənəm... Siz... məni... başqa şəhərə... göndərirsiniz?
– Hə, başqa... şəhərə göndəririk... Gedib satqınlığı orda eləyərsən, burda, bizim gözümüzün qabağında yox. — Qəzəblə baxdı ona Bəbir. Möhsün nə isə demək istədi, ancaq onun acıqlı baxışlarını görüb susdu. — İndi ikinci məktubu yaz. Arvadının adı nədir?
– Kənizinizin adı... Ənisədi, ağa.
– Yaz. «Əziz övrətim Ənisə!.. Mən məmuriyyətimlə əlaqədar olaraq bir ieçə illiyə başqa şəhərə getməli oldum. İş elə təcili oldu ki, gəlib sizinlə görüşə bilmədim. Sənə və uşaqlara... On beş min rupi göndərirəm». — Möhsün bu sözləri yazıb dayandı və Bəbirə baxdı:
– Ağa, nə deyirsiz siz? Mənim heç on beş rupim yoxdu... Birdən-birə on beş min rupi?..
– Uzun danışma. Nə deyirəm onu da yaz! — «On beş min rupi pul göndərirəm... Mürurla xərclə, ta uşaqlar və özün acından ölməyəsiniz. Qiyabən hamınızı öpürəm. Əlvida! Sizin Möhsün. Pulu dostum gətirəcəkdir sizə!» Yazdın?
– Bəli, ağa. Axı... mənim dostum... yoxdu...
Bəbir acı-acı gülümsündü:
– Sənin kimi adamların heç vaxt dostu olmur. Hətta övladların da, ağılları kəsəndən sonra sənə nifrət edəcəklər. O uşaqlar günahsızdırlar. Dediyim on beş min rupini də mən göndərəcəyəm onlara. Qoy onlar satqın çörəyi yeyə-yeyə böyüməsinlər...
Bəbir kağızları onun qabağından götürdü, nəzərdən keçirəndən sonra dörd qatlayıb cibinə qoymaq istəyəndə yadına nəsə düşdü, soruşdu:
– Bura ünvanını yazmamısan? Onu da yaz... Möhsün ünvanını yazdıqdan sonra dedi:
– Ancaq çətin taparsan mənim evimi, ağa!..
– Niyə? — Bəbir kinayə ilə söylədi — Aftafanın altına yapışdırarıq, Qədir gəlib aparar.
Möhsün başını aşağı salıb heç nə demədi. Yenə araya sükut çökdü. Məhəmməd Şəfi durub gəzinməyə başladı. Əllərini arxasına qoymuşdu, sifəti qapqara qaralmışdı. Bəbir ona müraciət etdi:
– Məncə, qurtaraq. Daha bəsdi... — Sonra üzünü Möhsünə çevirdi, başqa bir sözün yoxdur ki, bizə? Möhsün belini düzəltdi:
– Ağa, sizi and verirəm o bir olan allaha, icazə verin gedim uşaqlarımla görüşüm, xudahafizləşim. Bəbir başını «yox» mənasında buladı.
– Məni uzağa göndərirsiz, ağa?
– Bəli, çox uzağa.
– Nə vaxt qayıdacağam, ağa, mən uşaqlarımın yanına? Bəbir də ayağa qalxdı:
– Uşaqlarından nigaran qalma. O ki qaldı qayıtmağına... — o, sözünə ara verib istehzaqarışıq bir kədərlə əlavə etdi: — Əmmaməni açıb bağlamağı öyrənəndən sonra... qayıdacaqsan...
Bütün bu müsibətlərin onun başına bu zəhrimar əmmamənin üstündə gəldiyini indi lap yaxşı dərk eləyən Möhsün, əl atıb əmmaməni başından çıxartdı və ayaqları altına atıb əsəbi, çılğın bir hərarətlə tapdalamağa başladı...
– Apar!
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-efsanesiz-iller-ikinci-hisse-yeddinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
ar altında nəfəs alan şam meşəsində sakitlikdi. AğaclarınQ yana əyilmiş budaqlarından asılmış sırsıralar bu yerlərdə
Mərdlikvdə sakitlik idi; üçotaqlı, gur çilçıraqlı mənzildə işıqlaryansa da, içəridən səs-səmir eşidilmirdi, elə bil onun sa-
Xoş gəlmisən, Nərgizim(Dramatik roman)MƏN – İş saatı yenicə qurtarmışdı. Evə – ailəsinin, uşaqlarının yanına, dükana-bazara tələsən şöbə əməkdaşları beş-altı stol, iki şkaf qoyulmuş, iri lay pəncərələri şəhərin ən gözəl, axar-baxarlı küçələrindən birinə açılan otağı tərk edib getmişdilər. İdarədə təkcə Toğrul qalmışdı. Buna o, uzun illərdən bəri adət eləmişdi. Hamı çıxıb gedəndən, gəl-get azalandan sonra o, redaktə etdiyi əsərin əlyazmasını təzədən qabağına çəkər, səbrlə, təmkinlə, düşünə-düşünə oxuyar və düzəlişlərini edərdi. Yorulanda qələmini yerə qoyub siqaret yandırar, qızarmış, yorğun gözlərini qənşərində qoyulmuş stola ⎯ Nərgizin stoluna dikər, hər səhər hamıdan qabaq gəlib suladığı dibçəkdəki «aşdım-daşdım» gülünə baxar-baxar, xəyalında Nərgizi öz yerinə gətirib oturdar və ürəyində, səssiz-səmirsiz onunla dərdləşərdi.
Birinci hissə, birinci fəsilDünyadan köçəndən sonra daürəklərdə və xatirələrdə yaşamağa