Meşədə
Səhifə 1 / 2
ar altında nəfəs alan şam meşəsində sakitlikdi. Ağacların
Q yana əyilmiş budaqlarından asılmış sırsıralar bu yerlərdə
çox nadir hallarda görünən qış günəşinin zəif işığı altında qınından sıyrılıb çıxarılmış qılınc kimi bərq verib parıldayırdı. Torpağın üstünə qalın ağ yorğan kimi sərilmiş qarın üst qatı donmuşdu. Arabir budaqdan qopan xəncər – sırsıra şiş uclu ox kimi süzə-süzə başıaşağı yerə gəlir, nazik buz təbəqəsini deşib qarın içinə batırdı və yalnız ağaclardan atılan bu oxlar meşənin qış sükutunu pozurdu. Nazik pambıq şala bükdüyü uşağı qucağına möhkəm-möhkəm sıxmış Valentinanı əvvəl bu oxların uçuşu, şıqqıltısı səksəndirirdi. Topuqdan aşağı qara batan ayağını saxlayıb, dinləyir, tıncıxa-tıncıxa o yan, bu yana boylanır, qucağında qurcuxan uşağın ağzını əlilə tutmağa, səs çıxarmağa qoymamağa çalışır, bir kəs olmadığını görüncə yoluna davam edirdi. Ürəyi içəridə quş kimi çırpınırdı. Ac idi, neçə vaxtdan bəri doyunca qarnına çörək yeməyən Valentinanın sifəti ağarmış – saralmış olsa da, indi şaxta onun yanaqlarını qızartmışdı, soyuq ayaqlarını kötüyə döndərmişdi, çətinliklə yeriyirdi.
Ac olmağına, yorğun olmağına baxmayaraq o, özündə tükənməz bir qüvvə hiss eləyirdi. İnanırdı ki, bu qüvvə onu mənzilə – doğma kəndlərinə çatdıracaq. Dörd il bundan qabaq kənddən çıxmışdı. Anası ilə, atası ilə vidalaşıb on kilometr uzaqda yaşayan Alekseyə ərə getmişdi. Bu, elə bil dünən olmuşdu. Aleksey traktorçu idi. Valentina ilə mehriban, səmimi yaşayırdı. Ancaq bu xoş güzəran uzun çəkmədi. Valentina ayın-günün içində olanda Alekseyi əsgər çağırdılar. Əgər o, iki gün də gec getmiş olsaydı, indi anasının qucağında soyuqdan büzüşən Lyoşkanı - ilk övladını görərdi. Görə bilmədi. Uşaq dünyaya gələndə atası kim bilir harda əsgər paltarında düşmənlə vuruşurdu. Valentina ərinin bu tezliklə məhv olacağı fikrini ürəyinə gətirmirdi. O, hələ vuruşmalı idi, o, hələ sağ qalmalı idi. O, qayıtmalı, üzünü görmədiyi körpəsini bağrına basıb duz kimi yalamalı idi… Alekseyin qoca ata-anası o, əsgər getdikdən sonra Valentinanın ümidinə qalmışdı. Neçə dəfə onları qoyub öz kəndlərinə – ailəsinin yanına gəlmək istəmişdisə də ürəyi iki kimsəsiz qocanı damın altında tək qoyub gəlməyə icazə verməmişdi.
Almanlar üç gün irəli kəndə basqın elədilər. Evlər yandırıldı, uşaqlar, günahsız adamlar qızıl güllədən keçirildi. Kəndin ortasında qurulmuş dar ağaclarından asılmış adamların qaralmış sifətləri, hədəqəsindən çıxıb partlamış gözləri, qaralıb bir qarış sallanmış dilləri indi də, bu sakit meşədə də onun fikrindən çıxmırdı. Gördüyü vəhşiliklərdən dəli olmaq dərəcəsinə gələn Valentina ancaq üç yaşlı Lyoşkasını götürüb dan yeri qızaranda kənddən çıxmış, özünü meşəyə salmış, doğma kəndlərinə sarı üz tutmuşdu. Onun bu saat ürəyində bircə arzusu vardı. Lyoşkanı sağ-salamat babasına-nənəsinə çatdırsın, özü də bir uşaq kimi onların böyrünə qısılıb ağlasın, ağlasın. Bu az yaşında gördüyü dəhşətlər onun ürəyini daşa döndərmişdisə də, qadın zərifliyini, həlimliyini, həssaslığını əlindən ala bilməmişdi. Onun bundan sonrakı həyatının məqsədi, mənası ancaq Lyoşkaya sərf edilməli idi, onu böyütməyə. Heç olmasa atası gələnəcən saxlamağa yönəldilməli idi. Hər dəfə düşünəndə ki, Aleksey öz oğlunun üzünü görməyib – onu ağlamaq tuturdu.
Sıra ilə düzülmüş ağaclar bir-bir arxada qaldıqca Valentinanın qətiyyəti daha da artırdı. Ona nə üçünsə elə gəlirdi ki, hələ almanlar onların kəndinə gedib çıxmayıblar, hələ evlər, eşiklər viran olmayıb, adamlar öldürülməyib. Və bu ümid onu qüvvətli bir maqnit kimi çəkib irəli aparırdı.
Əyni yuxa idi. Canını qızdıran yeganə pambıq şalı açıb Lyoşkaya bürümüşdü. Ancaq deyəsən uşağın canını bu da isindirmirdi. Valentina qucağındakı uşağın bədəninin necə əsdiyini aydın hiss eləyirdi. Ana nəfəsini uşağın nəfəsinə verirdi. Uşağın göy gözləri məşəl kimi parıldayırdı, üzünün sarı tükləri biz-biz olmuşdu. Ana hiss eləyirdi ki, içəridə uşağın ürəyi tir-tir əsir və onun arıq, cılız bədənini beləcə titrədir. Valentina uşağı özünə sarı sıxmaqla da titrəməsini dayandıra bilmirdi. Qıçı qar altında qalmış kötüyə ilişdi və ana-bala üzü üstə qarın üstünə sərildilər.
Lyoşka zarıdı:
– Ma.
– Ağlama, bala – dedi. – Və ayağa qalxmağa cəhd eləyərək eşələndi. Uşağın əli qara batmışdı. Güc-bəla ilə qalxdı, uşağı da qaldırdı. Üstünü çırpıb yoluna düzəldi. Lap darıxmışdı. Bezmişdi. Bayaqdan dolmuş gözləri yıxılıb-durandan sonra boşaldı: yanaqları boyunca yaş axmağa başladı. O, səssiz-səmirsiz ağlayırdı. İki dəqiqə keçməmiş üzündə – yanaqlarında donmuş buz gilələri göründü, bir azdan isə buz çubuğu əmələ gəldi. Kənardan baxana elə gələ bilərdi ki, onun gözlərindən iki buz çubuğu çıxıb. Valentina əlini yanaqlarında gəzdirdi, çubuqlar sınıb yerə düşdülər. O, pambıq jaketinin sürtülüb getmiş qolu ilə gözlərinin yaşını sildi və dərin bir qorxu hissi ilə düşündü ki, ağlamaq olmaz, göz yaşları qətrə-qətrə donaraq ürəyinə qədər gedib çıxa bilər. Ürəyini dondura bilər. Yox, bu dəhşətdir. Amma bu qorxulu fikir onu tərk eləmədi. Əgər donsalar… Bəs uşaq? Bəs Aleksey? Ciyərparasını görməmiş kövrək ürəkli ata?
Qışda ölmək də insan üçün bir dərddir – deyə o ürəyindən keçirməyə başladı. Adam bu soyuq torpaq altında necə yata bilər?! Sonra özünün bu düşüncəsinə acı-acı gülümsündü: ey yazıq, kimdi səni basdıran? Bir də öləndən sonra sənin üçün nə fərqi? Ya torpağın altı olsun, ya üstü? Nə fərqi? Elə deyilmi?! – Bu fikirləri özündən kənar eləməyə çalışdı: xəyalən evə ata-anasının yanına gəldi. Budur, atası İvan Petroviç və anası Mariya Nikolayevna onu qapıda gülərüzlə qarşılayırlar. Qucaqlaşıb öpüşürlər. İvan Petroviç körpə vaxtı gördüyü Lyoşkanı anasından alıb öpür, sonra tez rus peçinin üstünə çıxarıb isindirir. Mariya Nikolayevna ağlaya-ağlaya qızını süzür:
– Nə sınıxmısan, ay bala! – deyir. «Mənim qumral saçlı körpəm, necə də dəyişmisən. Sənin üçün orada yəqin çox ağır keçib?»
«- Eybi yoxdur, ana, müharibədir. Neyləmək olar?»
Valentina xəyalən soyunur, o da yuxarı, peçin üstünə çıxır… Canı, ürəyi yavaş-yavaş isinməyə başlayır. Kaş təzədən uşaq olaydım. Qayğısız, dərdsiz… ah çəkir.
Birdən qulağına danışıq səsi dəydi. Qaşlarını yuxarı dartıb səksəkəli halda irəli baxdı. Heç kəs görünmürdü. Ancaq səs irəlidən gəlirdi. Dayanıb dinlədi, söhbət eləyənlər nemescə danışırdı. Bunu hiss eləyən təki boğazı qurudu, udqundu. Ağzını geniş açıb ciyər dolusu nəfəs almaq istəyirdi. Ancaq elə bil bu boyda meşədə hava yox idi. Ədyalın ucunu qaldırıb Lyoşkaya baxdı. O, gözlərini yummuşdu, üzünə işıq düşən kimi gözlərini açdı və namüəyyən bir ifadə ilə anasına baxdı. O, ancaq üşüyürdü. Sir-sifətində qorxu əlaməti yox idi.
Valentinanın beyninə gələn ilk fikir bu oldu ki, kənara çəkilib ağacların içində gizlənsin. Bəlkə xilas ola bildilər. Demək – o düşündü
– hər şey bitdi. Demək onların murdar ayağı bizim də kəndə dəyib. Görəsən bizimkilər necədir; salamatdılarmı barı?! – Valentinanı bu soyuqda, qarda kəndə sarı çəkib gətirən bu ümidin də üstünə su çiləndi. Ona elə gəldi ki, bu dəqiqə onlar – ana-bala bu dünyada tək-tənha qalıblar. Aleksey yox, ata yox, ana yox…
«Qoy elə öldürsünlər məni də!» – deyə birdən qəti qərara gəldi - heç yerə qaçmayacağam. Bu alçaqların qabağından qaçmayacağam». Yerindən tərpənib düz irəli – səs gələn səmtə irəlilədi. «Qaçmayacağam!» – öz-özünə təkrar eləyirdi. Dördüncü addımı atanda ana qucağındakı uşağın səsini eşitdi.
– Ma.
Ana elə bil ayıldı. Bayaqdan Lyoşkanı unutmuşdu. Bəs o?
– Nədi, bala?
– Üşüyürəm, ma.
– Az qalmışıq, döz, Lyoşkacan.
Uşaq kiridi.
«Yox, Lyoşkanı xilas eləməliyəm. Onu atasına… deyərək o, qəti bir hərəkətlə sola buruldu. Orada, səkkiz-doqquz addım aralıda – qalınlıqda gizlənmək olardı. Nemeslər keçib gedəndən sonra yola düzəlmək, bir təhər kəndə çatmaq olardı.
Valentina yenicə özünü kolluğa salmışdı ki, iki nəfər alman ağacların arasından çıxdı. Biri gödək, kök, yumrusifət əsgər idi. O biri ucaboy və arıq bir adamdı. Gödək tüfəngini çiynindən asmışdı, amma uzun avtomatın qayışını boynuna keçirib hər ehtimala qarşı əlini qundağın üstünə qoymuşdu. Ağır-ağır yeriyirdilər. Hərdənbir dayanıb ətrafa baxır, səs-səmiri dinləyir, sonra yollarına davam eləyirdilər. Danışıqları və qarın xırıltısı aydın eşidilirdi. Valentina nəfəs belə almadan yoğun şam ağacının dalına sığınıb baxırdı. Kaş Lyoşka səsini çıxarmayaydı. Əgər o, ağlasa, ya qışqırsa demək hər şey bitdi. Ana hər ehtimala qarşı əlini uşağın ağzına yaxın tutmuşdu.
Nemeslər Valentinagilin tuşuna çatanda dayandılar. Yerə baxmağa başladılar. Valentinanın ürəyi qopdu. Onlar Valentinanın qar üzərində qalmış izini görmüşdülər. Bu, heç onun ağlına da gəlməmişdi. Hər şey məhv oldu, hər şey bitdi. Valentinanın alnında tər damcıları göründü… Gözlərini geniş açaraq nemeslərə baxmaqda davam elədi. Nemes dilini bilmirdi, ancaq onların hərəkətlərindən bir şey anlamaq istəyirdi. Uzun sağ əlini avtomatın tətiyindən çəkmədən sol əlilə Valentinanın izini göstərirdi. Yəni deyirdi ki, bax, bu tərəfdən gəlib. Gödək izi diqqətlə nəzərdən keçirib şəhadət barmağını uzuna sarı uzatdı. Yəni dedi ki, bir nəfərdi. İkisi də üzünü Valentinanın gizləndiyi səmtə döndərdi.
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-mesede
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hər şey yuxu kimi gəlirdi ona. Ağlı kəsəndən bəri çox yuxular görmüşdü, ancaq beləsini ⎯ bu cür qarmaqarışıq, əvvəli-axırı bilinməyən, baş-ayaq, heç yana, heç nəyə yozulmayanını gördüyünü xatırlamırdı Nəzər.Nitqi tutulmuşdu, idarəsindən milis şöbəsinə qədər olan yolda
Üçüncü hissə, səkkizinci fəsilSüleymanın kefi kök idi. Üz-gözü gülürdü ⎯ az qala hər kəslə şən-şən danışır, hətta zarafat da eləyirdi, çünki planın dolması haqqında dünən Bakıya ⎯ lap kişinin özünə məlumat vermişdi və ondan çox xoş sözlər eşitmişdi: «Afərin! Bax belə! Sən mənim ümidlərimi doğrultdun! Görünür, səhv eləməmişəm, Süleyman. Sənin gələcəyin haqqında düşünməyinə dəyər! Öhdəliyi də yerinə yetirməlisən, ha!Birdən arxayınlaşarsan, ha! Onda aramız dəyər, Süleyman! Onda gərək… biletini qoyub, papağını götürüb gedəsən!..»
Dördüncü hissə, birinci fəsilXoşbəxtlər üçün zaman hiss olunmadan ötüb keçir, bədbəxtlər üçün isə… Bədbəxtlərin saatının əqrəbinin ucundan sanki ağır daş asılır, dəqiqələr saatlar, saatlar günlərə, günlər aylara, aylar illərə dönüncə yaddaşın az qala bağrı çatlayır, ürəyi çərləyir, həvəslər daralır, hətta ömür də yanıb-yanıb qurtarır bəzən.Nəzər bu gün altı il idi ki, burada-həbsxanadaydı və ona elə gəlirdi ki, altımış ildir buradadı, elə burada anadan olub, burada böyüyüb, burada qocalıb. Bu altı ildən o yana heç nə olmayıb-nə anası Səlminaz arvad olub, nə komsomol keçib, nə Əfzəl Əliyevlə qaçaq tutmağa gedib, nə universitetdə oxuyub, nə müharibədə olub; Bəlkə də xanım da olmayıb, uşaqları da olmayıb. Heç nə olmayıb. Yox imiş heç nə. Bütün bunları yuxuda görürmüş yəqin, yaxud xəyalında yaradıbmış…
Dördüncü hissə, ikinci fəsilNəzər altı il idi ki, burada – bu ağzıbirdəydi və bu altı ildə beş il universitetdə, altımış iki il o azad dünyada yaşaya-yaşaya öyrəndiklərindən, götürdüklərindən qat-qat çox şey görüb öyrənmişdir. Sən demə, o, heç nə bilmirmiş, dünya deyilən, bir gözü ağlayan, bir gözü gülən bu qəribə aləmi tanımırmış. Sən demə arvadı Bikə, oğlu Qərib: Sən kitablarla yaşayırsan, kişi həyat kitablarında yazılan, göstərilən kimi deyil, kişi! – deyəndə haqlıymışlar. Bir ömür özümü də, dərs dediyim o uşaqları da aldatmışam. Bu dünyanı olduğu kimi onlara tanıtdıra bilməmişəm. Hardan tanıtdıra bilərdim ki, heç özüm onu yaxşı tanımırmışam. Ədalətdən, insafdan, təmizlikdən, vicdandan, namusdan danışmışam ömrüm boyu, yeni insan tərbiyə eləməyə çalışmışam ömrüm boyu. Zülm, haqsızlıq, zorakılıq, ədalətsizlik, ağaqul qaldı iyirminci ildən o yana.» – demişəm, özüm inanmışam buna, başqalarını da inandırmağa çalışmışam. «Dünyanın ən ideal, ən təmiz cəmiyyətidi, sovet adamı isə dünyanın ən kamil insanıdı.» - demişəm və bu fikri başqalarına da aşılamaq üçün nə az, nə çox, düz qırx il boğaz yırtmışam, aman allah! Məgər Mikayıl, Şakir, Müseyib, İsrayıl, İsrafil, Ağayev, Süleyman, Xuduş, Hilalov və bax, bu hündür hasarlı həbsxanada oturanların çoxu mən bədbəxtin xəyalında yaratdığı, təsəvvüründə canlandırdığı, təbliğ elədiyi «Sovet adamı»dı?Bura – həbsxana o uca hasarın o üzündəki böyük və rəngarəng dünyanın daha maraqsız, daha çirkin və daha dəhşətli kiçik bir nümunəsi idi. Orada, heç olmasa bir gözəllik vardı, sevinc də olurdu hərdən-birdən, sən sərbəst idin, hara istəyirdin, kimin yanına istəyirdin, gedə bilərdin. Ancaq burada…Yox, burda nə sevinc var, nə sərbəstlik var, ola da bilməz olmamalıdır da. Bura düşənləri daha adam hesab eləmirlər, onlara adam olduqlarını unutdurmağa çalışırlar. Bu dörd divar arasında olan beş il, on il ömür sürməyə məcbur olanlar, burdan çıxandan sonra adam kimi yaşaya bilmirlər, tərcümeyi-hallarındakı, alınlarındakı ləkə, damğa onların tək özlərini yox, nəslini də oğul-uşağını gözü kölgəli eləyir, azad, sərbəst yaşamağa qoymur. Yəqin helə buna görədir ki. Bir çoxu o azad dünyada yaşaya bilmədiyindən təzədən qayıdıb o dörd divar arasına düşür. Bu altı ildə Nəzər neçə beləsini öz gözləri ilə görmüşdü və ürəyi ağrımışdı. Nəzər bunu da başa düşmürdü ki, o azad dünyada olduğu kimi, burada da pullular, qoluzorlular, zəiflər,pulsuzlar, vicdanlılar, vicdansızlar var. Qumar əxlaqsızlıq, morfi… hər şey var, hər şey… Nəzəri bu, hər şeydən çox təcübləndirirdi ki, orda adamlar rüşvət aldığına görə tuturlar, ora göndərirlər. Deməli, rüşvət pisdi. Amma burada da Nəzər rüşvətin ayaq tutub yeridiyini görəndə yer ayağının altından qaçırdı. Qapıçı rüşvət alır, nəzarətçi rüşvət alır. Pulun varsa, səni ağır işə göndərmirlər. Pulun varsa, sənə ayrıca otaq ayırırlar, rəngli televizor verirlər, arvadın gəlib yanında qala bilər. Pulun, adamın yoxsa, ümumi barakda, otuz-qırx adamın arasında, çirkin, üfunətin içində yaşa! Yaşa görüm necə yaşayırsan! Eşitmişdi ki, həbsxanaların, məhbusların özlərini xüsusi, yazılmamış qanunları var, amma inanmamışdı. İndi inanırdı.Buna elə o vaxt, altı il bundan qabaq, qarlı bir qış günü, şər qarışan vaxtı gətiriləndən az sonra, yekəpər nəzarətçi onu qabağına qatıb iyirmi birinci baraka salandan bir saat keçməmiş inanmışdır Nəzər.