Səhifə 1 / 2

Hər şey yuxu kimi gəlirdi ona. Ağlı kəsəndən bəri çox yuxular görmüşdü, ancaq beləsini ⎯ bu cür qarmaqarışıq, əvvəli-axırı bilinməyən, baş-ayaq, heç yana, heç nəyə yozulmayanını gördüyünü xatırlamırdı Nəzər.

Nitqi tutulmuşdu, idarəsindən milis şöbəsinə qədər olan yolda

⎯ maşında, maşından düşürüləndə, içəri gətiriləndə, üstü-başı axtarılıb qolundan qırx il ona sədaqətlə qulluq eləmiş köhnə «Pobeda» saatı açılıb stolun üstünə qoyulanda bircə kəlmə belə danışa bilməmişdi. Elə bil robota döndərmişdilər onu, nə demişdilər, müti qul kimi yerinə yetirmişdi. Elə bil, bütün bunlar onun yox, başqa, tamam kənar, yad bir adamın başına gətirilirdi və o da uzaqdan dayanıb səssiz kino kimi tamaşa eləyirdi.

İndiyəcən görmədiyi, tanımadığı, ya görüb fikir vermədiyi dolu bədənli, qara bığlı, ucaboy milis nəfəri onu qabağına salıb uzun dəhlizin o başındakı qapıya sarı aparanda da elə bilmişdi ki, kiminsə yanına aparır, orada danışdıracaqlar, sonra deyəcəklər: «Çıx get, Nəzər müəllim, adamı belə qorxuzarlar, ha. Zarafat üçün bağışla».

Dəhliz boyu, qıçını güclə çəkə-çəkə addımlayanda, bir ara ona nədənsə elə gəlmişdi ki, indi girəcəyi kabinetdə yəqin ki, Süleymanı oturmuş görəcək. Çünki, əgər bu zarafat idisə, bu rayonda Süleymandan başqa kimsə belə zarafat eləyə bilməzdi onunla. Əslində, heç Süleymanın da o cür eləməyə haqqı yoxdu. «Kefi gəlib də. Eliyir də. Neyniyəsən».

Ancaq milis nəfəri o qara dəmir qapılı otağı açıb, onu demək olar ki, içəri itələyəndə (çünki otaq boş idi, adamın üstünə vahimə axıb tökülürdü içəridən və bunu hiss eləyəndə Nəzər öz xoşuna daxil olmaq istəməmişdi) və həmin ağır qapı arxasınca şaqqıltı ilə çırpılıb bağlananda baş düşmüşdü ki, bura ağzıbirdi ⎯ kameradı. Gözə dəyən heç nə yox idi; üstünə haçansa qara rəngli olub indi artıq bozarmış, neçə yerdən partlamış müşəmbə çəkilmiş taxt idi, vəssalam. Əlçatmaz, çox hündür tavanın ortasında bir çıraq yanırdı, lap yuxarıda, yenə əlçatmaz sağ divarda dəmir şəbəkəli kiçik bir pəncərə vardı. Çırağın şüşəsi otuzluq ya da qırxlıq idi, otağı güclə işıqlandırırdı. Döşəmə sement idi və sement döşəmədən qəribə bir soyuqluq axıb vücudunu üşüdəndə sarsıldı. Bədəninin ⎯ qollarının, əllərinin tükləri biz-biz dursa da, sifətini, alnını tər basdı. Qıçları titrəməyə başladı. Başının fırlandığını, indicə yıxılacağını hiss eləyib özünü iki addımlığındakı taxta zorla yetirib oturdu. Taxt cırıldayıb silkələndi. Kürəyini və başını daş divara söykədi.

Bəli, bu kameradı, təkadamlıq kamera.

«Bircə bunu görməmişdin, bunu da gördün, Nəzər» ⎯ dedi öz-özünə. «Avrora»sını çıxarıb qutunun içinə nəzər saldı, gilələri saydı: on yeddi gilə siqaret qalmışdı. «Qaydasında çək, Nəzər» ⎯ tapşırdı özünə. Nəzər başqa bir adamla danışan kimi danışırdı, sözləri bərkdən deyirdi və qayıdıb təkrar soruşurdu: «Eşitdin?», «Başa düşdün?» Təbii ki, bu sualların cavabını verən yox idi və əslində heç lazım da deyildi.

Bir siqaret götürdü qutudan, baş və şəhadət barmaqları arasında yumşaltdı, lakin yandırmadı. «Yaxşı, deməli, sən o faşist oğlu faşistdən ⎯ Yunis deyilən o namərddən rüşvət almısan, hə?

⎯ …

⎯ Almamısan, Nəzər. O səndən yalvara-yalvara borc almışdı və bayaq da borcunu qaytarırdı. Yaxşı-yaxşı fikirləş. Elə deyil?

⎯ …

⎯ Elədi, elədi, Nəzər. Bəs onda… həmişə yazığın gələn, taleyinə acıdığın, ömründə heç bir pislik eləmədiyin o namərd köpəyoğlu sənin niyə elə qəsdinə dursun, Nəzər? Soruşuram da, niyə sənə böhtan, şər atsın, hə?

⎯ …

⎯ Burda bir səbəb olmalıdı axı. Elə bir səbəb ki, Yunis orqana müraciət eləməyə, oradan nömrələnmiş pul götürməyə məcbur olsun. Varmı elə səbəb? Xatırlayırsanmı, yadına salırsanmı?

⎯ …

⎯ Yoxdu elə səbəb, Nəzər. Bəs… onda o gədə… niyə elə həyəcanlıydı sənin yanına gələndə? Çaş-baş idi, elə bil… nə isə çox qəribə idi davranışı. Hətta sənə də birtəhər göründü… Bəlkə onu yoldan çıxaran, öyrədən var? Hə?

⎯ Yəqin ki, belədi. Amma kimdi o? Müseyib? Olmaz. Qohum olmaq, qızını oğluma vermək istəyir. O eləməz… Eləyərmi?

⎯ …

⎯ Yox, eləməz… Bəs onda… kim? Mən axı… Dayan, dayan… Sən axı… bu rayonun… böyük talançılarını rüsvay, ifşa eləmək istəyirdin? Siyahisini də tutmuşdun, Süleymana vermişdin. Yadına düşürmü?

⎯ …

⎯ Hə. Vermişdin, Nəzər. Başqa heç kəsə deməmisən. Hətta Xuramana da ⎯ o qorxmaz, ürəyi sənin ürəyi kimi yanan o qıza da deməmisən. Yəni Süleyman… bu mafiya dəstəsi ilə, bu quldurlarla əlbir olub?

⎯ …

⎯ Yox, yox. Sən nə danışırsan, Nəzər?

Amma ürəyinə axıb dolan şübhə elə bil çiyinlərindən tutub qaldırdı, durub gəzindi, bayaqdan saxladığı siqareti yandırdı və acgözlüklə sümürdu.

«⎯ O siyahidəki adamlar… İcrakom, məhkəmə sədri, prokuror, milis rəisi… Amma bu adamların Yunislə nə əlaqəsi ola bilər, hə?

⎯ …

⎯ Heç nə. O biri tərəfdən də… bu Yunis deyilən mərdimazar… Öz ağlı ilə… məni ləkələmək, bədbəxt eləmək, aradan götürmək fikrinə düşməz, qətiyyən düşməz. Bu, onun ağlının işi deyil. Onun arxasında dayanan olmalıdı, mütləq olmalıdı… Kimdi bu, ilahi? Ürəyim partladı, kimdi bu?

⎯ …

⎯ Yox, belə olmaz. Özünü ələ al, Nəzər. Tezliklə hər şey aydınlaşar. Təkcə sən dözümlü ol, sakit ol. Elə elə, ürəyin partlamasın. Sən gərək bu ütüdən-qurğudan tərtəmiz çıxasan, sübut eləyəsən ki, günahsızsan, böhtana düşmüsən. Sübut eləməsən, yaşamağa haqqın yoxdu, adamların, dərs dediyin cavanların, bu camaatın, arvad-uşağının üzünə baxmağa haqqın yoxdu, Nəzər».

Qayıdıb taxtda arxası üstə uzandı. «İndi yəqin bütün rayona yayıldı bu bəd xəbər. Nəzər müəllim rüşvət alıb. Dəhşətdi, müsibətdi. Sən bundan sonra necə yaşaya bilərsən, Nəzər?»

Gözlərini yumdu, çox keçmədi, tavanda yanan o tək çıraq da sanki söndü və bütün aləm qatı bir qaranlığa qərq oldu ⎯ divarlar da yox idi, o dəmir qapı da yox idi, çölün düzüydü sanki, ancaq yenə hər yan zülmət içindəydi. Ətrafında divar-hasar olmasa da, o qaranlıq içində hara üz tuturdusa, alnı, başı görünməz bir divara dəyirdi, geri qayıdırdı. Qaçırdı fikrində, xəyalında. Tövşüyürdü, nəfəsi çiyinlərindən çıxırdı. Ancaq heç yana gedib çata bilmirdi. Haçansa gözlərini açanda yenə özünü o qara tabuta bənzəyən o qara taxtın üstündə görüb… təzədən xatırladı: «Hə, bura kameradı».

Sol qolunu irəli uzadıb vaxtı bilmək istədi, saat qolunda yox idi. O kabinetdə açıb götürdüklərini xatırladı. «Düz eləyirsiz… Bura düşən adama saat lazım deyil. Bura düşən andan vaxt dayanır sənin üçün, ölür, donur vaxt. Bir də burdan çıxanda vaxt başlayacaq sənin üçün. Çıxmasan, heç…

«Amma görəsən… doğrudan saat neçədi? Yoxsa səni gətirib bura saldıqları yadlarından çıxıb? Axı səni dindirməlidilər, soruşmalıdılar, üzləşdirməlidirlər…»

Və birdən… yerindən sıçradı, irəli cumub sağ əlini yumruqlayaraq dəmir qapıya aramsız zərbələr endirməyə başladı. Əli ağrıyırdı, ancaq yenə döyəcləyirdi dəmir qapını. Hay verən isə… yox idi. Hövsələsi tükəndi və qışqırdı:

⎯ Eyy, orda kim var? Eşitmirsiz?

Dəhlizdə, cırıldayan döşəmədə ayaq səsləri eşidiləndə toxtadı və yalnız bu zaman gördü ki, o dəmir qapının düz ortasında düymə boyda bir gözlük də var. Əyilib sağ gözünü o deşiyin üstə qoydu. Dəhliz də alaqaranlıq idi. Kimsə yaxınlaşdı, qapını şaqqıltı ilə açdı. Qarşısında otuz beş-qırx yaşlı, arıq, burnunun ucu qartal dimdiyi kimi aşağı dartılmış bir milis peyda oldu və Nəzər anşıra bilmədi ki, bu, bayaq onu bura gətirəndi, ya ayrısıdı. Çünki qəzəbindən heç fikir də verməmişdi.

⎯ Ə, ögüz kimi nə bağırırsan? ⎯ Və Nəzəri təpədən-dırnağa süzdü. ⎯ Gecənin bu vaxtı nə olub, ə, heyvərə?

Bu sözləri eşidəndə Nəzər nə soruşacağını, keşikçini niyə çağırdığını yadından çıxardıb heyrətdən bərəlmiş gözlərini lap-lap döyərək matı-qutu qurumuş halda çaşıb qaldı. Yuxuydu bu? Bayaqkı qaranlıq aləmdə də belə şey görməmişdi Nəzər.

«Yox, görmürsən, yuxuludu, səni tanımadı, Nəzər. Tanısaydı, belə kobudluq eləməzdi». Hüznlü bir səslə:

⎯ Mən Nəzər müəlliməm, bala. ⎯ söylədi.

Milis başını yana əyib təəccüblə:

⎯ Doğrudan? ⎯ dedi.

⎯ …

⎯ Doğrudan sən Nəzər müəllimsən?

⎯ Doğrudan… ⎯ Nəzər sadəlövhlüklə cavab verdi.

⎯ De, sən öl, Nəzər müəlliməm?

«Faşist oğlu faşist, oxumuş adamdı. Əbdürrəhim bəyin hekayəsi yadına düşüb» ⎯ deyə ürəyində dolandırdı, acı bir təəssüf içini yandırıb qarsaladı, dili daha söz tutmadı, çünki o sözlərin dalıyca nə eşidəcəyini bilirdi:

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Üçüncü hissə, altıncı fəsil

Sən demə, bu cah-calallı imarətdə, gül-çiçəkli həyətdə bir gizli məhəbbət də yaşayırmış. Sən demə, zər-ziba içində süslənən, gözəlliyi ürəklər sızıldadan, gözlərinin dərinliyində bir günahsız körpə məsumluğu gizlənən Dünya etibarsız imiş, vəfasız imiş. Sən demə, həyatda qul kimi yaşamaq üçün yarananlar, məhəbbətdə hakim ola bilməzmişlər, eləcə qul olarmışlar... Sən demə......Nəcməddinin maşını tini burulub səsi eşidilməz olan kimi Dünya xanım eyvana çıxdı, əvvəl hasarın o tərəfindəki xanimana gözucu baxdı, kürən oğlanı görməyib öz həyətlərinə boylandı. Əbdül darvazanı içəridən bağlayırdı. Çönəndə onu elə bil ildırım vurdu: Dünya xanım eyvanın sütununa söykənmişdi. Heykələ oxşayırdı: ağ mərmərdən yonulmuş heykələ. Uzun saçının birini sol çiyni üstündən aşağı salmışdı, yaraşıqlı sifəti ağ paltarından seçilmirdi. Hərəkətsiz halda dayanıb Əbdülə tamaşa eləyirdi. - Əbdül onu şəfaxanadan çıxandan bəri, bu ay yarım ərzində hələ belə ağıllı-başlı görməmişdi. İmkan olmamışdı, çünki Nəcməddin evdən çıxmamışdı, dayə kimi arvadına, uşağına qulluq eləmişdi. Həsrət, gözəl Dünya ilə kəlmə kəsmək, onun məlahətli səsini doyunca eşitmək arzusu Əbdülün ürəyini titrədirdi; o, itiyi itmiş adam kimi, divanə kimi həyət-bacada gəzir, boğazından çörək ötmür, gözlərinə yuxu gəlmirdi. Gecələr, ərarvad öz otaqlarına çəkilib yatandan sonra o da öz hücrəsinə girib yatmaq əvəzinə, arxa hasarın dibinə çəkilir, tül pərdə çəkilmiş pəncərə dalında Dünyanın kölgəsini belə görmək ümidilə saatlarla oturub nəzərlərini o işıqlı pəncərədən ayırmırdı. Açıq havada olmasına baxmayaraq boğulub təngnəfəs olurdu; ürəyi az qalırdı partlasın. Elə əzabla yaşayırdı ki, ölmək bundan yaxşıdır. Qabaqlar, hələ Nəcməddinin evində işləməyə gəlməmişdən qabaq, ac qaldığı, soyuğa düşdüyü, ölümlə pəncələşdiyi vaxtlar az olmamışdı. Ancaq o əzablar bunun yanında toy-bayram imiş, heç əzab da deyilmiş. Görəsən, Dünya xanım da onun üçün belə darıxırdımı? Oxşamırdı, çünki o, heç bir təlaş keçirmir, sanki Əbdülü heç görmürdü. Elə bil o, heç bu həyətdə yox idi, yaşamırdı burda. Bircə dəfə də olsun onun halını soruşmağa, bir xoş söz deməyə can atmamışdı Dünya xanım. «O məndən çox-çox ağıllıdı, yəqin belə lazımdı» — deyə özünə günlərlə, həftələrlə təskinlik verən Əbdülün bu gün lap səbir kasası dolmuşdu, hövsələsi bir tikə olmuşdu.

14 dəq
Üçüncü hissə, yeddinci fəsil

Bir-birinin vüsalından sehrlənib məst olandan, Dünya xanım öz yatağında, Əbdül isə öz hücrəsində ikilikdə keçirdikləri o xoş anların xəyalatına dalandan sonra bütün həyətdə qəribə bir səssizlik yarandı. Hər şey — hərdən hürən it də, aramsız quruldaşan köyərçinlər də, ara-sıra qaqqıldaşan toyuq-xoruz da, qəfəsdəki dil-boğaza qoymayan bülbül də bu iki bəxtəvər adamın düşüncələrini, xəyallarını dağıtmamaq, pərən-pərən salmamaq üçün sanki qəsdən susmuşdu. Dünya xanım da, Əbdül də azca əvvəl yaşadıqları o sehrli, şeriyyət dolu aləmin gözəlliyinə dalıb bir-biri haqqında düşünürdü. Və bu düşüncələr gah təmiz niyyətlə sevən ürəyin çırpıntıları kimi səmimi, şirin olurdu, gah da hiylə və məkr donuna, qısqanclıq alovlarına bürünub əfi ilana dönür, gözəl duyğular üstündə qərar tutmuş bu məhəbbəti zəhərləyib boğmaq istəyirdi.Səmimiyyət olmayan yerdə məhəbbət yaşaya bilmir. Səmimiyyət məhəbbətə inam, qol-qanad verir, onu böyüdur, ülviləşdirir. Bu həqiqəti Dünya xanım, cavan olsa da, qadınlıq sövq-təbiisi ilə anlayırdı və bu hisslərini indiki yarıbihuş, yarıayıq halında götür-qoy edərək bu qənaətə gəlirdi ki, Əbdül onun üçün əzizdi, şirindi, ləzzətlidi. Ancaq nə olsun? İkisi də keçmişləri etibarilə eyni olsalar da, indi aralarında Nəcməddinin sayəsində dərin bir uçurum var. Dünya uca bir dağın başında dayanıb, Əbdül isə ətəyində. Əbdül hamının gözü qabağında öz ləyaqətilə, zəhmətilə, Dünyasının qərar tutduğu o dağın başına, sevgilisinin vüsalına qovuşmaq üçün çıxa bilməz — bu, onun imkanı xaricindədi. Əbdül ancaq gizlicə, oğrun-oğrun oraya dırmaşa bilər, qısamüddətli, qorxulu-təhlükəli bir görüşdən sonra, yenə gizlicə, heç kəs görməsin deyə sürünə-sürünə aşağılara, öz hücrəsinə qayıda bilər. Dünya milyoner xanımıdı, Əbdül nökərdi, quldu. Dünya xanım camaatın gözü qabağında, zahirdə onunla ancaq bir nökər kimi rəftar etməliydi. Əbdül də həmçinin — ona, onsuz da taleyin qəribə hökmü ilə qul olduğu Dünya xanıma ağa xanımı kimi baxmalıdı, ehtiramını saxlamalıdı. Ona açıq-aşkar bir sevgili kimi baxa bilməz, bu onun həyatı bahasına başa gələr.

16 dəq
Üçüncü hissə, səkkizinci fəsil

Və hərlənib yenə beşiyin yanına qayıtdı. Körpə Nəcməddin arxası üstə, şirincə uyumuşdu. Seyrək qaşlarını, böyüklərə məxsus bir ədayla, nəsə ciddi bir şey fikirləşirmiş kimi, çatmışdı. Xırdaca dodaqları, uzunsov çənəsi arabir tərpənir, ancaq gözlərini açıb baxmırdı. Nəcməddin ürəyinə sığışmayan qürurla uşağına tamaşa eləyir, doymaq bilmirdi. «Kaş tez böyüyəydin, əlindən tutub gəzdirə bileydim, məclislərə apara bileydim və hamıya deyə bileydim ki, baxın, bu mənim canım-ciyərim, arxam-dayağım, hurilər hurisindən olan oğlumdu, mənim canişinimdi!» — deyə düşünür, fərəh içində gah beşiyin bu böyründən, gah da o biri böyründən dünyadan xəbərsiz halda yatan çağaya baxmaqdan usanmırdı. Nəhayət, uşaq gözünü açdı, başının üstündə dayanan adama diqqətlə nəzər salıb nə üçünsə gülümsündü.– Niyə gülürsən, oğul? — Nəcməddin böyük adamla danışırmış kimi xəbər aldı, o isə təbii ki, cavabsız buraxdı bu sualı. Kişi şəhadət barmağını onun zənəxdanlı çənəsinə toxundurub dedi: — Demirsən niyə gülürsən? Daha maşallah yekə kişisən. Bu gün bu qoca dünyada düz qırx gündü yaşayırsan. Bizim uşaqlığımız ayrı zəmanəyə düşüb — avamlar zəmanəsinə. Amma indi dünya tamam dəyişib, oğul. Gərək bu qırx gündə sən çox şey öyrənmiş olaydın. Heç olmasa danışmaq öyrənəydin. Bax, bayaq xoşum gəldi səndən, filosof kimi qaşlarını düyüb fikirləşirdin. Fikirləşə bilirsən demək! Fikirləşə bilirsən, onda danışa da bilərsən demək. Heç olmasa mənim kimi adamın oğlu olduğun üçün gərək danışmağı bacarasan, bala. Gözlərini yaxşı aç, mənə — öz doğma atana yaxşı-yaxşı bax, məni tanı. Mən sənin arxanda dağ kimi dayanmışam. Sabah ölsəm belə, yenə sənin arxanda durmuşam, bala. Ad-sanımla, dostlarımla, var-dövlətimlə. Zirək ol, heç kəsdən utanma, heç kəsdən qorxma. Od parçası ol, odun içindən pul götürməyi bacar, bala. Aciz olsan, səni yeyəcəklər, ayaqlar altında tapdalayacaqlar. Bir fransız dahisinin yaxşı kəlamı var: «Ot olub yeyilməkdənsə, qoyun olub yemək yaxşıdır». — Bu zaman körpənin harası ağrıdısa, üz-gözünü turşutdu, başını buladı, ata buna ayrı məna verdi: — Hə, nədi? Razı deyilsən bu fikrimlə? Deyirsən yəni qoyunu da yeyərlər?.. Hə, düz deyirsən, afərin, oğul. Bax, burasını fransız dahisi düşünməyib…

12 dəq
Üçüncü hissə, doqquzuncu fəsil

Əbdül dünən Dünya xanımın gizli və oğurluq vüsalından nə qədər xoşbəxt və məst idisə, üstündən cəmi bircə gün keçməmiş, bu gün, yarımca saat bundan əvvəl bir o qədər, bəlkə də ondan on qat çox bədbəxt və miskin olmuşdu. Elə bil, Dünya xanım bircə gecənin içində tamam dəyişmişdi, keçən günkü mehribançılığından, nəvazişindən, məhəbbətindən bir zərrə də qalmamışdı, şən, bəxtəvər o qadından əsər-əlamət qalmamışdı; sanki Əbdülün qabağında Dünya xanımın qiyafəsində, libasında olan, onu əsla tanımayan yad və şübhəli bir qadın dayanmışdı. Qaş-göz, saçlar, dodaqlar Dünya xanımın idi, amma ürək yox; Əbdül heyrət içində idi.Bu gün səhər ağayi Nəcməddini yola salıb darvazanı möhkəm bağlayan Əbdül, aranı xəlvət görüb dünənki səadəti bir də, təzədən yaşamaq, ləzzət almaq üçün yuxarı qalxmaq istəyəndə Dünya xanım pilləkən başında, gözlənilmədən əlinin işarəsi ilə onu saxlayıb üstünə çımxırmışdı:

28 dəq

Başqa şairlərin şeirləri