Üçüncü hissə, altıncı fəsil
Səhifə 1 / 2
Sən demə, bu cah-calallı imarətdə, gül-çiçəkli həyətdə bir gizli məhəbbət də yaşayırmış. Sən demə, zər-ziba içində süslənən, gözəlliyi ürəklər sızıldadan, gözlərinin dərinliyində bir günahsız körpə məsumluğu gizlənən Dünya etibarsız imiş, vəfasız imiş. Sən demə, həyatda qul kimi yaşamaq üçün yarananlar, məhəbbətdə hakim ola bilməzmişlər, eləcə qul olarmışlar... Sən demə...
...Nəcməddinin maşını tini burulub səsi eşidilməz olan kimi Dünya xanım eyvana çıxdı, əvvəl hasarın o tərəfindəki xanimana gözucu baxdı, kürən oğlanı görməyib öz həyətlərinə boylandı. Əbdül darvazanı içəridən bağlayırdı. Çönəndə onu elə bil ildırım vurdu: Dünya xanım eyvanın sütununa söykənmişdi. Heykələ oxşayırdı: ağ mərmərdən yonulmuş heykələ. Uzun saçının birini sol çiyni üstündən aşağı salmışdı, yaraşıqlı sifəti ağ paltarından seçilmirdi. Hərəkətsiz halda dayanıb Əbdülə tamaşa eləyirdi. - Əbdül onu şəfaxanadan çıxandan bəri, bu ay yarım ərzində hələ belə ağıllı-başlı görməmişdi. İmkan olmamışdı, çünki Nəcməddin evdən çıxmamışdı, dayə kimi arvadına, uşağına qulluq eləmişdi. Həsrət, gözəl Dünya ilə kəlmə kəsmək, onun məlahətli səsini doyunca eşitmək arzusu Əbdülün ürəyini titrədirdi; o, itiyi itmiş adam kimi, divanə kimi həyət-bacada gəzir, boğazından çörək ötmür, gözlərinə yuxu gəlmirdi. Gecələr, ərarvad öz otaqlarına çəkilib yatandan sonra o da öz hücrəsinə girib yatmaq əvəzinə, arxa hasarın dibinə çəkilir, tül pərdə çəkilmiş pəncərə dalında Dünyanın kölgəsini belə görmək ümidilə saatlarla oturub nəzərlərini o işıqlı pəncərədən ayırmırdı. Açıq havada olmasına baxmayaraq boğulub təngnəfəs olurdu; ürəyi az qalırdı partlasın. Elə əzabla yaşayırdı ki, ölmək bundan yaxşıdır. Qabaqlar, hələ Nəcməddinin evində işləməyə gəlməmişdən qabaq, ac qaldığı, soyuğa düşdüyü, ölümlə pəncələşdiyi vaxtlar az olmamışdı. Ancaq o əzablar bunun yanında toy-bayram imiş, heç əzab da deyilmiş. Görəsən, Dünya xanım da onun üçün belə darıxırdımı? Oxşamırdı, çünki o, heç bir təlaş keçirmir, sanki Əbdülü heç görmürdü. Elə bil o, heç bu həyətdə yox idi, yaşamırdı burda. Bircə dəfə də olsun onun halını soruşmağa, bir xoş söz deməyə can atmamışdı Dünya xanım. «O məndən çox-çox ağıllıdı, yəqin belə lazımdı» — deyə özünə günlərlə, həftələrlə təskinlik verən Əbdülün bu gün lap səbir kasası dolmuşdu, hövsələsi bir tikə olmuşdu.
İndi, yerinə mıxlanmış kimi dayanmış Əbdül kədərli gözlərini Dünyaya zilləyib yalvarış dolu bir nəzərlə baxırdı, onu gözlərinə həkk eləmək istəyirdi. Dünya isə heç nə demir, nə isə düşünur, saçının ucunu bururdu. Anlar əriyib gedirdi, bu anların hər biri Əbdül üçün illərə bərabər idi; həm də bu anlar, əgər Dünyanın yanında olardısa, onun üçün ömrə bərabər olardı. Görünür, bütün gözəl qadınlar kimi, Dünya da əzab verməyi xoşlayırdı. Onun fikrincə, əzab məhəbbəti daha da alovlandırır. Əzab və həsrət çox olanda məhəbbət daha küclü olur, — fikirləşirdi. Çətinliklə əldə edilən səadət və vüsal şirin olur, çox şirin olur, — düşünürdü. Dünyada çox az şey görüb-götürmüş, uşaq vaxtından onun-bunun qapısında bir qarın çörəyə möhtac olmuş, başıqapazlı Əbdül, qırx üç illik həyatında ilk dəfə rast gəldiyi bu qadının közəlliyindən çox, ağlına heyrət eləyirdi. İlahi, o, yeri gələndə öz istəyini də, ürəyinin arzusunu da necə məharətlə boğa bilirdi. Hisslərinin cilovunu ağlın əlinə tapşırmağı necə də gözəl bacarırdı, ilahi! Əbdül düşünürdü ki, indi də yəqin belədir o. Bax, dayanıb, fikirləşir. Yəqin onun da ürəyi Əbdülü istəyir, ancaq hələ düşünür, ağılla ürək hələ çırpışır — hansı hansını üstələsə...
Elə bu zaman Dünyanın ağ sifətində bir təbəssüm gəzdi, gözləri gülümsündü və o, astaca kirpik çalmaqla Əbdülü yanına çağırdı. Əbdülün ürəyi sudan çıxarılmış balıq kimi var kücü ilə çırpındı, o yerindən qopanda Dünya — bayaqdan heykələ oxşayan bu gözəl məxluq sütundan aralanıb evə keçdi. Əbdül oğurluğa gedən adam təki ayaqlarını yerə yavaş basa-basa pilləkənləri qalxdı, eyvandan sürüşüb Dünyanın otağına girdi. O özünü itirmişdi, boz üzü alışıb-yanırdı, gözləri ov üstünə atılmış pələnk gözü kimi parıldayırdı. Dünya xalçanın üstündə sütun kimi dayanmışdı, üzü qapıya sarı idi. Əbdül qapını örtdü, bir neçə saniyə Dünya xanıma baxıb birdən dizlərini yerə qoydu və demək olar ki, sürünə-sürünə gəlib Dünyanın xırda, nəleyinli ayaqlarını ikiəlli qucaqladı və tüklü üzünü onlara sürtüb öpməyə başladı... Elə hərarətlə, elə şövqlə öpürdü ki... nəsə deyirdi, nəsə pıçıldayırdı. Dünya onun sözlərini ayırd edə bilmirdi, ancaq səsini eşidirdi və bu səs, bu öpüşlər Dünyanı elə məst eləmişdi ki, o, ayaqlarına döşənmiş bu qüdrətli kişiyə baxmaqdan sonsuz ləzzət aldığını duyub sərxoş adam kimi gözlərini yumdu. Ayaqlarına isti göz yaşları düşürdü — bu ona ləzzət verirdi. Nəcməddin belə ağlaya bilmir, onun göz yaşı çoxdan quruyub... Nəcməddin belə ehtiraslı deyil, o, artıq qocalıb... Ani olaraq Dünya bu bihuşluq içində Nəcməddinlə Əbdülü müqayisə etdi və qəlbini dolduran fərəh hissindən yenidən bihuş oldu. Ona bu fərəhi, sevinci bəxş edən Əbdülə minnətdarlıq duyğusundan Dünya öz aləmində gül-çiçək içində uçan bir kəpənəyə döndü və qonduğu güldən şirə çəkmək həvəsi ilə əyilib ağ əlləri ilə Əbdülün çiyinlərindən tutaraq qaldırdı. Əbdül titrəyən vücudunu dikəldib Dünya ilə üzbəüz dayandı. Dünya məst nəzərlərlə ona fikir verdi və gördü ki, Əbdülün qara gözlərindən ağ mirvari damcıları düşür yanağına. Dünya o an fikkrləşdi ki, dünyada bu göz yaşlarından qiymətli mirvari, cavahirat yoxdur, hətta Nəcməddinin milyonlarından da qiymətlidir bu göz yaşları...
– Niyə ağlayırsan, dəli? — dedi və qolunu Əbdülün boynuna salıb onun yaşlı gözlərindən öpdü Dünya.
– Sənə qurban olum, sənə qurban olum... — Əbdülün pıçıltısı eşidildi və o, qüvvətli qollarını onun incə belinə dolayıb ayaqlarını yerdən üzdü, çarpayıya sarı apardı.
...Dünya gözlənilməz, təzadlı, bəzən ağlasığmaz hadisələrlə dolu imiş. O zəif günəşli payız gününəcən, çayda çimib evə qayıtdığı günəcən Əbdül bunu anlamamışdı. Həyatın bir qarın çörəkdən, bir dəst köhnə-kürüş, nimdaş paltardan, işləməkdən və sümükləri sızıldaya-sızıldaya yatmaqdan ibarət olduğunu görən və daha başqa heç nə haqda düşünməməyə adət eləmiş Əbdül gözləmədiyi, ağlına gətirmədiyi halda, birdən-birə səadətini, xoşbəxtliyin, doyulmaz və soyumaz məhəbbətin ləzzətini duyanda, kobud və qabarlı əllərini tanrısının dərgahına qaldırıb gözləri yaşara-yaşara, kövrək və titrək səslə dua eləməyə başladı: «Ədalətinə qurban olum, ey ulu, gözəgörünməz tanrım, məni də yaddan çıxarmayıbsan, mən də insan imişəm». Və Əbdül özünə kənar adamın gözü ilə baxıb görürdü ki, xoşbəxt olub, səsi də dəyişib, qəlbi də, ürəyi də. Gözəlləşib, güclü olub. Dünya da gözəlləşib gözündə, həyət-baca da, hətta gördüyü iş də. Göyərçinlər də gözəlləşib, toyuqlar da, ala köpək də. Əvvəllər əl-ayaq çəkiləndən sonra öz hücrəsinə çəkilib daş kimi yuxuya gedən o, indi yerinin içinə uzanıb şirin-şirin xəyallara dalır, dodaqaltı zümzümə eləyir, ləzzət ala-ala yaşayırdı. Bunu da tam aydınlığı ilə anlayırdı ki, indiyə qədər o, yaşamayıb, insan kimi yaşamayıb, elə-belə günlərini keçirib.
Dünya xanım — gözlənilmədən, qəfildən onun ömrünə gün kimi doğmuş Dünya xanım qəlbindəki sonsuz fərəhin, sevincin nə qədər böyük və qiymətsiz olduğunu təsəvvür eləyə bilməzdi. Əbdül onun üçün təkcə şəhvani ləzzət bəxş eləyən bir kişi kimi qiymətli idi, onun qiyməti Dünya xanım üçün ancaq və ancaq bundan ibarət idi. Əbdül üçün isə Dünya xanım bütün kainat idi, günəşi, ayı, ulduzu ilə güclü, çiçəyi ilə, sevinci və xoşbəxtliyi ilə göz qamaşdıran, onu yaşadan, fərəhləndirən bir dünya idi. Ona görə Əbdül Dünyanın üstündə kənardan-kənara əsim-əsim əsirdi, onun ayağına tikan batmasına, başının ağrımasına belə razı deyildi; həmişə öz-özünə pıçıldayırdı ki, ona gələn bütün qada-bala mənə gəlsin, mənim üçün onun hər əzabına dözmək xoşdur, bu da mənim üçün səadətdir, — deyirdi. Əvvəl məhəbbət yox idi. Əvvəl ağanın cavan, qəşəng xanımı vardı, həyətdə gəzərdi, danışardı, gülərdi. Əbdül onu görərdi, qulluğunda durardı. Ancaq hələ məhəbbət yox idi. Olmayacaqdı da, əgər o zəif günəşli payız günü olmasaydı. Əgər Əbdül çimmək, paltarlarını yuyub-qurutmaq üçün çaya getməsəydi, qayıdıb gələndən sonra, həyətdə Dünya xanıma rast gəlməsəydi, bu məhəbbət olmayacaqdı, bəlkə heç vaxt da olmayacaqdı.
...Uşaq — balaca Nəcməddin beşikdə qığıldadı, sonra yenə yatdı.
Əbdül ağ balışın üstündən başını qaldırıb boylandı və:
– Sənə qurban olum, oğul! — dedi. Dünya çılpaq qolunu qaldırıb Əbdülün başından aşağı basdı və ağ əlini onun dodaqlarının üstünə qoydu:
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-efsanesiz-iller-ucuncu-hisse-altinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qərib kabinetə girəndə, səsə başını qaldıran Nəzər, gözlərinə inanmadı; çünki oğlu, o, bu idarədə işləməyə başlayandan nəinki bura ayaq basmamışdı, heç onun həndəvərinə belə dolanmamışdı. Ona görə Nəzər qorxdu ki, yəqin nə isə olub. Qorxu içində, stoluna doğru inamsız addımlarla yaxınlaşan oğlunun salamını da almamış, tələsik dilləndi:⎯ Səndən nə əcəb, ay oğul? Yoxsa bir hadisə-zad olub?
İkinci hissə, on altıncı fəsilYüngül yay mehi əsirdi, tut ağacının yaşıl yarpaqları həzin gecə nəğməsi pıçıldayırdı. Budaqdan asılmış beşyüzlük elektrik lampasının həndəvərində cücülər, kəpənəklər, pərvanələr bir-birinə toxuna-toxuna uçurdular. Həyət qəribə bir sakitlik içində mürgü vururdu.Nəzər mizin arxasında, öz yerində oturmuşdu, qara telefonu qabağına qoymuşdu. Bikə xanım da, Qərib də qarşı tərəfdə əyləşmişdi. Dinib-danışan yox idi, lal-dinməz hər kəs öz çayını içirdi.
İkinci hissə, on yeddinci fəsilNəzər o gün günortayacan yatdı. Yuxudan ayılanda özünü çox gümrah və yüngül hiss eləyirdi. Elə bil dünyaya təzə gəlmişdi ⎯ hava gözəl idi, həyətdə hər şey göz oxşayırdı, yerində olmayan bir çöp belə tapmaq olmazdı ⎯ səliqə-sahmana, təmizliyə baxıb ciyər dolusu nəfəs alırdı Nəzər. Fikir vermişdi ⎯ haçan bir dələduzu yaxalayırdı, bir oğrunun, tamahkarın əlindən bir çöp saldırırdı, haqqıtapdanan bir adamın qabağına düşüb müdirin, lap katibin yanınacan gedərək ədaləti bərqərar elətdirirdi, bax, onda Nəzər belə rahat olurdu, onda Nəzər belə ciyərdolusu nəfəs alıb uşaq kimi sevinirdi.Axşamkı buğda əhvalatını gözü qabağına gətirdikcə gülümsünürdü, əlilə bığını sığallaya-sığallaya həyətdə gəzinirdi. Bir maşın buğdanı üç dəfə boşaldıb üç dəfə də yükləmiş Mürsəlin, Uzunun, Gödəyin tərli sifətləri, islanmış maykaları lap elə bil gözünün önündəydi, hətta onların töyşük səslərini də eşidirdi elə bil.
İkinci hissə, on səkkizinci fəsilRayonun lap mərkəzində, dörd yol ayrıcında qoyulmuş şlaqbaumun yanında iki «Jiquli» dayanmışdı. Balamirzə burdaydı, böyründə də qoluna qırmızı lent bağlamış drujinaçı ⎯ cavan bir oğlan dayanmışdı. Ucaboy, qolsuz köynək geymiş kişi, Balamirzənin qənşərində durub əl-qol ölçə-ölçə nəsə deyirdi. Maşındakılar söhbətin uzandığını görüb bir-bir yerə düşür, mübahisə eləyənlərin başına yığışırdılar. Səkkiz-on nəfərdilər. Altısı qadındı, bir uşaq da vardı.Nəzər qıraqlarına akasiya ağacları əkilmiş səki ilə ağır-ağır gəlirdi. Oğluyla olan bir az əvvəlki söhbətdən yaman dilxor olmuşdu. Qəribin, öz doğma oğlunun onunla belə danışması kişini pərt eləmişdi. Təəssüflə fikirləşirdi ki, bu uşaq ⎯ yəni Qərib onu hələ də yaxşı tanımır. Ürəyi sıxılmışdı, həyətə yenmişdi, bir adam axtarmışdı ki, dərdləşsin, danışsın, fikrini dağıtsın. Sürücü yox idi ⎯ hə, demişdi benzin doldurmağa gedəcək.