Səhifə 2 / 2 · 50%

Uzun izə düşüb irəliləyəndə Valentinanın gözləri yumuldu. Ancaq xoşbəxtlikdən gödək nə üçünsə əlini atıb uzunun qolundan tutdu və geri çəkdi. Valentina azca nəfəs aldı. Ancaq bu uzun çəkmədi, uzun gödəyin sözünə baxmadı. İrəli addımladı. Gödək də onun dalınca gəlməyə məcbur oldu. Bütün bunları görən Valentina taqətsiz halda ağaca söykəndi. Uzun tüfəngi hazır tutmuşdu, gödək onunla dabanbasma gəlirdi.

Ağaca beş addım qalmış uzun Valentinanı gördü və qışqırdı:

– Əllər yuxarı.

O, bu sözləri elə dedi ki, təkcə Valya və Lyoşka deyil, ondan iki-üç addım geridə dayanmış gödək də səksəndi.

Valentina dikəldi, geniş açılmış gözlərini uzuna zilləyib ağır-ağır ağacdan aralandı, ancaq əllərini qaldırmadı, çünki uşaq yerə düşə bilərdi. Onun bu saymazyana hərəkəti uzunu acıqlandırdı. O, bir də qışqırdı:

– Əllər yuxarı – uzunun qabaqdan bir dişi düşmüşdü. O, ağzını açanda Valentina bunu gördü.

Valentina indiyəcən düşmənlə bu cür, üz-üzə, göz-gözə dayanmamışdı. Uzunun qışqırığına fikir vermədən o, bu iki nəfəri nəzərdən keçirirdi. Elə bil titrəməsi də dayanmışdı. Elə bil daha üşümürdü də…

Gödək dilləndi…

– Partizan? – Bu sözü o, rusca dedi.

Valentina heç nə demədi.

Uzun üçüncü dəfə əmr eləyəndə o, Lyoşkanı iki əlində yuxarı qaldırdı. Ədyal sürüşüb uşağın çiyninə düşəndə nemeslər təəccüblə bir-birinin üzünə baxdılar və sonra güldülər. Gülüş səsi meşədə beşaçılan gülləsi kimi şaqqıldadı. Bu səs onların özünü də qorxuzdu deyəsən. Daha gülmədilər. Lyoşka ağladı. Ana onu yenə şala büküb qucağına aldı və silkələyərək sakitləşdirməyə çalışdı. Ancaq uşaq qorxmuşdu deyəsən. Sakit olmaq bilmirdi.

Uzun irəli yeridi. Gödək də dalınca. Deyəsən onlar başa düşmüşdülər ki, qadının heç bir silahı yoxdur. Ancaq yenə ehtiyat elədilər. Uzun qabağa yeridi. Avtomatı Valentinaya tuşladı:

– Axtar, Hans! – dedi. – Hans gözlərini qadının üzündən çəkmədən lap yaxın gəldi. Qorxa-qorxa əlini pambıq jaketin ciblərinə vurdu. Sonra ədyalı açıb uşağa baxdı. Oğlan onu görən kimi səsini kəsdi. Gödək dönüb uzuna dedi:

– Heç nə yoxdur.

Arxayın-arxayın bir-birinin üzünə baxdılar. Gödək təzədən Valentinaya tərəf gəldi. Ət içində itib-batmış qonur gözlərini hərisliklə onun üzündə, bədənində gəzdirdi. Valentinanın üzü qəşəngdi, göy, işıqlı gözləri uzun, qatlama kirpiklər arasında gözəl görünürdü. Qorxu, soyuq üzünün sakit və gözəl ifadəsini çox az dəyişmişdi. Valentina kəndlərində birinci qəşəng qız sayılırdı. Cavanlar, bəzi evlilər-ailəlilər belə onun ürəyəyatımlılığı qarşısında ağzı açıla qalardılar: uzun hörükləri kimi heç kəsin hörüyü yox idi bu kənddə. Hətta, həmyaşıd qızlar belə onun hörüyünə qibtəylə baxardılar. Mütənasib bədəni, düz, ətli ayaqları, dolu, ağ dizləri gecələr çox cavanların yuxusuna girərdi. Ancaq o, öz kəndlərinin cavanlarından heç birinə könül verməmiş, Alekseylə – qədd-qamətli, gümüşü saçlı oğlanla ömür-gün yoldaşı olmağa razılıq vermişdi. Bunun da əsil səbəbi Alekseyin həssas təbiətli – şair ürəkli olması idi. Gözəllik üçün ürəyi gedərdi. Ən çirkin bir şeydə də bir gözəllik axtarardı. Axtarardı və tapardı da. Evləndiklərinin birinci günü, toya yığılmış qohum-əqraba, dost-tanış çəkilib gedəndən sonra iki sevgili tək qalanda Valentinanı alt paltarda görən Aleksey bihuş halda divanın üstündə xeyli oturub qalmışdı. Çünki Valentinanın bu əndazədə qəşəng olduğunu o, ağlına da gətirə bilməzdi. O gecə qəribə, əsrarlı bir gecə idi bu iki cavanın həyatında. O günlər harda qaldı? Nə xoş günlər idi o günlər?!

İndi budur, tumgözlü alman irişə-irişə əlini onun göbəyinin üstünə qoyub silkələyir. Valentinanın beyni uğuldayırdı. Kök əsgər uzuna baxıb deyirdi:

– Yaxşı candı.

Uzun sanki onun bu sözündən sonra ayıldı. Hərisliklə Valentinaya baxıb ac adam kimi udqundu. Bayaqdan elə bil onun qadın olduğu uzunun heç ağlına da gəlmirdi. Amma indi… O da irəli gəldi:

– Hans, deyirsən yaxşıdı?

– Hə, Henri, əsil rus gözəlidi. Bir buna bax – deyə o, yenə əlini dar qoftanın altında aydınlıqla seçilən budunun üstündə gəzdirdi. Elə bu zaman Valentina onun qarnına bir təpik ilişdirdi. Gödək arxası üstə qarın üstünə yıxılanda uzun qorxunu-filanı yaddan çıxarıb yenə güldü, yenə tez gülüşünə ara verdi… Gödək durub üstünü çırpa-çırpa uzuna və Valentinaya baxıb sırtıqcasına güldü. Uzun baş barmağını irəli uzadıb uşağı istədi. Uzun işarə ilə dedi ki, əgər istəyirsən uşağın sağ qalsın, qarın üstünə uzan.

Valentina onun niyyətini dərhal başa düşdü və təzədən titrəməyə başladı. Bu dəfə gödək qarın üstünə uzanmağı ona təklif elədi və işarə ilə ona başa saldı ki, əgər qarın üstünə uzansa, uşaq da, o da salamat qalacaq, yoxsa… - Uzun onun sözünü işarə ilə tamamladı – hər ikinizin başına fişt. Bir güllə!

Görünür, onların qərarı qəti idi. Gödək əlini uzadıb uşağı anasının qucağından qoparmaq istədi. Uşaq Valentinanın boynuna sarmaşıb qopmadı. Uzun avtomatı onun üstünə tuşladı:

– Ver uşağı.

– Vermirəm. İkimizi də bir öldürün.

Kök birdən ayağını Valentinanın baldırının dalına qoyub onu geri itələdi. Ana-bala ikisi də arxası üstə qarın üzərinə yıxıldı. Kök fürsətdən istifadə eləyib uşağı ciyə-ciylə anasından alıb uzunun yanına gətirdi. Bunu elə sürətlə elədi ki, Valentina eşələnib qarın içindən duranacan kök özünü onun üstünə atdı. Valentina qarın içində çabalayırdı. Əsgər o qədər kök və ağır idi ki, Valentina ancaq qıçlarını tərpədə bilirdi. Hər iki əli isə kökün əli altında qarın içinə sıxılmışdı. Uzun gülürdü. Gödək ona qanrılıb dedi:

– Henri, qayışını mənə.

Henri gülə-gülə şinelinin qayışını açıb ona sarı atdı.

– Özün də gəl kömək elə.

O, Lyoşkanı yerə qoydu, uşaq ağlayırdı.

– Mama, mama. – deyirdi.

– Əclaflar, buraxın, buraxın – deyə Valentina səsi gəldikcə qışqıranda uzun əvvəl bir ovuc qar basdı onun ağzına, qadın qarı tüpürdükdə gödək imkan tapıb dəsmalını Valentinanın ağzına tutdu. Uzun tüfəngini çıxarıb yanına qoydu. Artıq Valentinanın əli də bağlı idi, ağzı da. Boğuq inilti eşidilirdi.

Uzun gödəyə dedi:

– Sən get uşağı kirit, əvvəl mən…

Gödək töyşüyə-töyşüyə:

– Yox, Henri – dedi. – Bu ola bilməz. Səhərdən tər tökürəm. Əvvəl…

Gödək ovunun üstünə çökmüş qaraquş təki, ağzı qana dəymiş köpək kimi burdan çəkilmək istəmir:

– Yox, ola bilməz – deyirdi.

Onun qətiyyətlə bu sözlərini eşidən Henri dodaqaltı deyinə-deyinə geri çəkildi, uşağın yanına gedib onu qarın içindən götürdü. Əlilə ağzını tutdu və ona acıqlandı. Oğlan içində hıçqıra-hıçqıra qaldı. Ancaq barmağını anasına sarı uzadıb inildəyirdi.

Valentinanın səsi çıxmırdı. Ağzındakı dəsmal islanmışdı… Gödək Valentinanın yaş axan gözlərinə baxırdı. Qadın gözlərini yummuşdu. Birdən o, ağzındakı dəsmalı «xıx» eləyib havaya üfürdü. Gödəyin gözlədiyinin əksinə olaraq o, qışqırmadı. Bu, gödəyin xoşuna gəldi. Üzündə isti qadın nəfəsi gəzən gödək xoşallanıb onun bəyaz üzündən öpdü. Valentina yenə dinmədi. Gödək gözlərinə inanmırmış kimi döyükdü. Valentina nazik, ağarmış dodaqlarını gödəyin dodaqlarına sarı uzatmışdı. Gödək vəcdən özünü saxlaya bilməyib dodaqlarını qadının dodaqlarına yapışdırdı. Valentina gödəyin dodaqlarını sümürdü, yavaşc-alı dişlərini araladı. Gödəyin sümürülmüş dodaqları qadının dilinin dalınca içəri – ağzına getdi. Və elə bu anda gödəkdən qopan vəhşi səs bütün meşədə əks-səda verib dalğalandı. İlan vurmuş adam belə qışqırmazdı. Gödək durdu, sıçradı. Adam səsinə oxşamaz səslə bağırdı. Uzun uşağı yerə atıb ona sarı qaçdıqda gödəyin ağzı qan içində idi. Bir az da yaxın gəlib diqqət yetirəndə gördü ki, gödəyin nə alt dodağı var, nə üst. Qızıl qan axıb yaxasını, şinelini bulamışdı.

Valentina əlləri bağlı olduğu halda ayaq üstə dayanmışdı. Onun da ağzı qanla dolu idi. Gödək əyilib yerdən avtomatı götürdü. Çaxmağını şaqqıldatdı.

– Neyniyirsən, Hans?

– …

– Vurma… Bəs mən?!

Güllə açıldı. Hans düz onun qanlı ağzını nişan almışdı. Valentina səntirlədi, eşələnmiş qarın içinə düşüb hərəkətsiz qaldı…

Lyoşka dəhşətlə qışqırırdı.

Uzun gödəyin eybəcər sifətinə baxırdı. Gödək uşağı da nişan aldı.

– Neyniyirsən? – deyə Henri xəbər alanda o artıq tətiyi çəkdi. Ancaq möcüzə baş verdi. Avtomat açılmadı… Axırıncı güllələrini gödək Valentinanın ağzına sıxmışdı.

– Tüfəngini mənə.

– Yox. O körpədir, Hans. Onun günahı…

– Sən düşmənə rəhm edirsən? Bu xəyanət…

Onsuz da Hans onu bugünkü ləzzətdən məhrum eləmişdi. Bir də o, belə yaşamağın qeyri-mümkün olduğunu anlayıb tüfəngi öz yoldaşının qarnına boşaltdı. Hans yerə yıxıldı.

Bir müddət Henri hərəkətsiz dayandı. Sonra gözləri böyümüş, sifəti göyərmiş uşağı yerdən götürüb anasının meyidinin yanına qoydu. Şalı üstünə çəkməyi unutmadı.

Neçə addım getdi. Dayandı. Geri baxdı. «Qoy öldürüm, canı qurtarsın» – dedi. Avtomatı üzünə qaldırdı. Ancaq nə fikirləşdisə tüfəngi aşağı saldı, yoluna düzəldi.

Lyoşka ağaclar, qarlar səltənətində tək qaldı. Anasına sığınıb, baş barmağını ağzına salıb sümürməyə başladı. Gözü xumarlandı, yuxusu gəlirdi. Deyəsən çimir elədi, ancaq soyuq onu yatmağa qoymurdu. Beləcə çoxmu keçdi, azmı keçdi bilinmədi. Lyoşka gözünü başının üstündə eşidilən hənirtiyə açdı. Dişləri qıcımış, boz rəngli, şiş qulaqlı bir heyvanın başı üstündə dayandığını gördü.

– Ay ma.

– …

– Ay ma. İt gəlib.

– …

Ana Lyoşkanın səsini eşitmirdi.

– Ay ma, itdən qorxuram. Onu qov getsin.

… Lyoşka hələ balaca idi: itlə canavarı hələ biri-birindən ayıra bilmirdi.

20-27.01.1967, Kabil

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Üçüncü hissə, yeddinci fəsil

Hər şey yuxu kimi gəlirdi ona. Ağlı kəsəndən bəri çox yuxular görmüşdü, ancaq beləsini ⎯ bu cür qarmaqarışıq, əvvəli-axırı bilinməyən, baş-ayaq, heç yana, heç nəyə yozulmayanını gördüyünü xatırlamırdı Nəzər.Nitqi tutulmuşdu, idarəsindən milis şöbəsinə qədər olan yolda

11 dəq
Üçüncü hissə, səkkizinci fəsil

Süleymanın kefi kök idi. Üz-gözü gülürdü ⎯ az qala hər kəslə şən-şən danışır, hətta zarafat da eləyirdi, çünki planın dolması haqqında dünən Bakıya ⎯ lap kişinin özünə məlumat vermişdi və ondan çox xoş sözlər eşitmişdi: «Afərin! Bax belə! Sən mənim ümidlərimi doğrultdun! Görünür, səhv eləməmişəm, Süleyman. Sənin gələcəyin haqqında düşünməyinə dəyər! Öhdəliyi də yerinə yetirməlisən, ha!Birdən arxayınlaşarsan, ha! Onda aramız dəyər, Süleyman! Onda gərək… biletini qoyub, papağını götürüb gedəsən!..»

18 dəq
Dördüncü hissə, birinci fəsil

Xoşbəxtlər üçün zaman hiss olunmadan ötüb keçir, bədbəxtlər üçün isə… Bədbəxtlərin saatının əqrəbinin ucundan sanki ağır daş asılır, dəqiqələr saatlar, saatlar günlərə, günlər aylara, aylar illərə dönüncə yaddaşın az qala bağrı çatlayır, ürəyi çərləyir, həvəslər daralır, hətta ömür də yanıb-yanıb qurtarır bəzən.Nəzər bu gün altı il idi ki, burada-həbsxanadaydı və ona elə gəlirdi ki, altımış ildir buradadı, elə burada anadan olub, burada böyüyüb, burada qocalıb. Bu altı ildən o yana heç nə olmayıb-nə anası Səlminaz arvad olub, nə komsomol keçib, nə Əfzəl Əliyevlə qaçaq tutmağa gedib, nə universitetdə oxuyub, nə müharibədə olub; Bəlkə də xanım da olmayıb, uşaqları da olmayıb. Heç nə olmayıb. Yox imiş heç nə. Bütün bunları yuxuda görürmüş yəqin, yaxud xəyalında yaradıbmış…

4 dəq
Dördüncü hissə, ikinci fəsil

Nəzər altı il idi ki, burada – bu ağzıbirdəydi və bu altı ildə beş il universitetdə, altımış iki il o azad dünyada yaşaya-yaşaya öyrəndiklərindən, götürdüklərindən qat-qat çox şey görüb öyrənmişdir. Sən demə, o, heç nə bilmirmiş, dünya deyilən, bir gözü ağlayan, bir gözü gülən bu qəribə aləmi tanımırmış. Sən demə arvadı Bikə, oğlu Qərib: Sən kitablarla yaşayırsan, kişi həyat kitablarında yazılan, göstərilən kimi deyil, kişi! – deyəndə haqlıymışlar. Bir ömür özümü də, dərs dediyim o uşaqları da aldatmışam. Bu dünyanı olduğu kimi onlara tanıtdıra bilməmişəm. Hardan tanıtdıra bilərdim ki, heç özüm onu yaxşı tanımırmışam. Ədalətdən, insafdan, təmizlikdən, vicdandan, namusdan danışmışam ömrüm boyu, yeni insan tərbiyə eləməyə çalışmışam ömrüm boyu. Zülm, haqsızlıq, zorakılıq, ədalətsizlik, ağaqul qaldı iyirminci ildən o yana.» – demişəm, özüm inanmışam buna, başqalarını da inandırmağa çalışmışam. «Dünyanın ən ideal, ən təmiz cəmiyyətidi, sovet adamı isə dünyanın ən kamil insanıdı.» - demişəm və bu fikri başqalarına da aşılamaq üçün nə az, nə çox, düz qırx il boğaz yırtmışam, aman allah! Məgər Mikayıl, Şakir, Müseyib, İsrayıl, İsrafil, Ağayev, Süleyman, Xuduş, Hilalov və bax, bu hündür hasarlı həbsxanada oturanların çoxu mən bədbəxtin xəyalında yaratdığı, təsəvvüründə canlandırdığı, təbliğ elədiyi «Sovet adamı»dı?Bura – həbsxana o uca hasarın o üzündəki böyük və rəngarəng dünyanın daha maraqsız, daha çirkin və daha dəhşətli kiçik bir nümunəsi idi. Orada, heç olmasa bir gözəllik vardı, sevinc də olurdu hərdən-birdən, sən sərbəst idin, hara istəyirdin, kimin yanına istəyirdin, gedə bilərdin. Ancaq burada…Yox, burda nə sevinc var, nə sərbəstlik var, ola da bilməz olmamalıdır da. Bura düşənləri daha adam hesab eləmirlər, onlara adam olduqlarını unutdurmağa çalışırlar. Bu dörd divar arasında olan beş il, on il ömür sürməyə məcbur olanlar, burdan çıxandan sonra adam kimi yaşaya bilmirlər, tərcümeyi-hallarındakı, alınlarındakı ləkə, damğa onların tək özlərini yox, nəslini də oğul-uşağını gözü kölgəli eləyir, azad, sərbəst yaşamağa qoymur. Yəqin helə buna görədir ki. Bir çoxu o azad dünyada yaşaya bilmədiyindən təzədən qayıdıb o dörd divar arasına düşür. Bu altı ildə Nəzər neçə beləsini öz gözləri ilə görmüşdü və ürəyi ağrımışdı. Nəzər bunu da başa düşmürdü ki, o azad dünyada olduğu kimi, burada da pullular, qoluzorlular, zəiflər,pulsuzlar, vicdanlılar, vicdansızlar var. Qumar əxlaqsızlıq, morfi… hər şey var, hər şey… Nəzəri bu, hər şeydən çox təcübləndirirdi ki, orda adamlar rüşvət aldığına görə tuturlar, ora göndərirlər. Deməli, rüşvət pisdi. Amma burada da Nəzər rüşvətin ayaq tutub yeridiyini görəndə yer ayağının altından qaçırdı. Qapıçı rüşvət alır, nəzarətçi rüşvət alır. Pulun varsa, səni ağır işə göndərmirlər. Pulun varsa, sənə ayrıca otaq ayırırlar, rəngli televizor verirlər, arvadın gəlib yanında qala bilər. Pulun, adamın yoxsa, ümumi barakda, otuz-qırx adamın arasında, çirkin, üfunətin içində yaşa! Yaşa görüm necə yaşayırsan! Eşitmişdi ki, həbsxanaların, məhbusların özlərini xüsusi, yazılmamış qanunları var, amma inanmamışdı. İndi inanırdı.Buna elə o vaxt, altı il bundan qabaq, qarlı bir qış günü, şər qarışan vaxtı gətiriləndən az sonra, yekəpər nəzarətçi onu qabağına qatıb iyirmi birinci baraka salandan bir saat keçməmiş inanmışdır Nəzər.

16 dəq

Başqa şairlərin şeirləri