Gözəl bahar günü Dünya xanım halında xoş bir dəyişiklik hiss eləməyə başladı; ağzı sulanır, ürəyi bulanır, məcazı cürbəcür şeylər istəyirdi. Ancaq nə — bunu tapıb deyə bilmir. Bu dəyişikliyin səbəbi birdən-birə ona aydın olanda gözlərinə elə bil işıq gəldi — yenə içərisində o qəribə işıq şölə saçıb yandı, əslində əzgin, yorğun bədənində elə yüngüllük hiss elədi ki, sanki quş olmuşdu, kəpənək olmuşdu — bu dəqiqə istədiyi yerə uçacaqdı elə bil. Çünki bütün vücudunu sarmış o müxtəlif, adsız istəklərdən ancaq biri lap qabardı, adını dedi: o, turş şey istəyirdi!!

Dünya xanım gəlib yataq otağında iki çarpayının ayaq ucunda qoyulmuş iri bədənnüma güzgünün qənşərində dayandı. Əvvəlcə üz-gözünə, sonra bədəninə tamaşa elədi. Yox, nəzərə çarpacaq elə bir dəyişiklik yox idi. Ancaq, xoş, məmnun bir hissiyyatla özünün daha da qəşəngləşdiyini görüb yerə-göyə sığmadı, qayğısız qız uşağı təki aynanın qabağında fırlandı...

Nə xoş günü idi Dünyanın, ilahi? İyirmi üç illik həyatında hələ belə sevindiyi yadına gəlmirdi. Hətta onu Nəcməddin bu cah-calallı evə gətirəndə də duyduğu sevinc bunun yanında çox kiçik və qanadsız göründü ona. Halbuki Dünyaya o zaman elə gəlmişdi ki, ömründə bundan böyük fərəhi ola bilməz, heç vaxt ola bilməz. Amma indi anlayırdı ki, yanılıb. Ola bilərmiş, tale onun üçün hələ çox belə sevinclər, fərəhlər göndərəcəkmiş!

Eyvana çıxdı, Zərrintac evdə yox idi — ona deyərdi sevincini, həyətə düşdü, dolandı, Əbdül də yox idi — onu qəfildən qucaqlayıb öpərdi Dünya!..

Dodaqaltı şən və oynaq bir mahnı zümzümə edərək yuxarı qalxdı, soyunub yerinə girməmişdən əvvəl yenə güzgüdə öz gözəlliyindən doymurmuş kimi bir də tamaşa elədi, nazla dilini çıxarıb güzgüdəki əksinin ağzını əydi. Güzgüdəki Dünya da eyni hərəkətlə ona cavab verdikdə o, gülüb ipək yorğan-döşəyinə uzandı.

Nəcməddini közləyirdi, o isə gəlib çıxmırdı. Sevindirmək istəyirdi qocanı Dünya.

Nəhayət, qapı yavaşca açıldı. Xəyal aləminə qapılmış Dünya gözlərini açanda Nəcməddini görərək cəld hərəkətlə qalxıb elə yerindəcə oturdu. Yorğanı sinəsindən aşağı düşmüşdü. Ağappaq sinəsi, yaraşıqlı qolları açıq qalmışdı, Nəcməddin irəli gəlib onun sinəsindən öpdü və şadlıq içində əlini cibinə atıb qatlanmış bir kağız çıxartdı. Nəcməddin doğrudan da məhəbbətin adamı dəli eləyə biləcəyi barədə ömrü boyu çox əfsanələr eşitmişdi, ancaq, düzü, heç birinə o qədər də inanmamışdı. Amma indi, ömrünün bu xəzan çağında düşdüyü məhəbbətin böyüklüyünü, əzabını, ləzzətini duyub eşq haqqında deyilənlərə inanmağa başlamışdı. Nəcməddin sehrlənmişdi elə bil. Dünyadan doymurdu, istəyirdi sinəsini yarıb onu ürəyinin içində gizlətsin, hara getsə özü ilə aparsın, gözünün bəbəklərinə qoysun, duz kimi yalasın. Dünyada hər şey başından, ürəyindən, hafizəsindən silinib getmişdi — təkcə Dünya xanım qalmışdı onlarda; o, Nəcməddinin özünə çevrilmişdi. Bəzən ona elə gəlirdi ki, bədəninin hansı bir hissəsini kəsib atsalar, o parçası da «Dünya» deyə çırpına-çırpına fəryad qoparar. Qabaqlar Nəcməddin ölüm haqda tez-tez düşünər, o məşum fikir kişinin əl-ayağını hər şeydən soyudar, bədənini buza döndərərdi. Lakin indi ölüm barədə fikirləşmirdi — vaxtı hardaydı?

Dünyaya yer üzündə deyilməsi mümkün olan hər sözü — əzizləyici, nəvazişli, məhəbbətli sözlərin hamısını demişdi. Dünya da bunlardan əvəzsiz bir zövq, nəşə ala-ala xumarlanmışdı, bəxtəvərlənmişdi . Ancaq ürəyi sonsuz məhəbbət duyğuları ilə coşub-daşan Nəcməddin hiss eləyirdi ki, bu sözlər onun qəlbindəki gözəlliyi, şirinliyi tam şəkildə ifadə edə bilmir, sönük görünür, kücsüz görünür; onun Dünyaya bəslədiyi istək, doymamazlıq o sözlərə sığışmır...

Odur ki, Nəcməddin axır vaxtlar köhnə divanlardan axtarıb tapdığı və yaxud tanıdığı, bildiyi şairlərin ən gözəl məhəbbət şerlərinin üzünü köçürüb sevinə-sevinə Dünyasına oxuyurdu. O isə — şerpərəst olduğundan bundan son dərəcə böyük bir zövq alırdı...

İndi, Dünyanın çarpayısı qırağında oturarkən cibindən çıxartdığı qatlanmış kağızda şer vardı — onu Elməddinin iş stolunun üstündən götürüb köçürmüşdü və ac halına uyğun olduğunu görüb lap sevinmişdi. Hər halda şair şairdi — nahaq Yerə ona «lisanül qeybiyyə» deməyiblər köhnə sənət xiridarları. Şair ən gizli, ən ülvi, əlçatmaz hissləri, mətləbləri, sözə çevrilə biləcək hər duyğunu bəyan etməyə qadir bir məxluqdur — buna Nəcməddinin şübhəsi yox idi. Ancaq yenə duyurdu ki, şəxsən onun ürəyində elə hisslər var ki, sözə çevrilə bilməz. Kim bilir, bəlkə də o, şair olmadığına görə, belə düşünürdü. Bəlkə də şair olsaydı, həmin sözə çevrilməz duyğuları dilə gətirib Dünyasına çatdırardı. Bəli, nə qədər qəribə görünsə də, Nəcməddinin məhəbbəti hər cür bəyandan, izhardan yüksək idi və o, bununla da fəxr eləyirdi, bununla yaşayırdı.

– Yenə şer gətirmisən mənim üçün?

– Hə, Dünyam mənim. Sən elə bir varlıqsan ki, sənin hər zərrən, hər tükün sevilmək istəyir, gülüm. Hərəsi bir aşiq istəyir sənin hər zərrənin, mehribanım. İndi gör mən nə aşiqəm ki, səni bütöv, təpədən dırnağa sevirəm, gülüm.

– Yaxşı-yaxşı, özünü tərifləmə. Şeri oxu. Nəcməddin vərəqin qatını açıb oxumağa başladı:

Ürəyimə od salıbdı bir gözəl,
Odu deyir, közü deyir: «Sev məni».
Dilində «get» deyir, ürəyində «gəl!»
Qaşı deyir, gözü deyir: «Sev məni».


Mən sevirəm, məhəbbətim min aləm.
Qismətimiz gah sevincdi, gah da qəm,

Qədəmləri dəyən yerdən öpürəm,
Ayağının tozu deyir: «Sev məni».


Yer üzündə gözəllikdə o birdi,
Sevən könlüm zülflərinə əsirdi,
Yaram üstə duz bassa da, nə sirdi
Şirin olur duzu, deyir: «Sev məni».


Ondan başqa bir kimsədə yox gözüm.
Gül adıdır əzəl sözüm, son sözüm —
O tanrıya qul olmuşam mən özüm,
Tanrım gəlib özü deyir: «Sev məni».

Nəcməddin şeri qurtarıb susdu, Dünyanın məst gözlərinə baxdı. O, şer dinləyərkən şərab içdiyi vaxtdakından daha gözəl məst olurdu. Elə bil, qız qeybdən səs dinləyirdi, elə bil, yenə içərisinə o sehrli-sirli nur axıb dolurdu. Ətrafındakıları, hər şeyi, hətta Nəcməddinin özünü də unudub yalnız o səsi (kim olur olsun) eşidirdi — o səsdə misilsiz bir qüvvət, qüdrət həzinlik və gözəllik duyurdu Dünya.

– Hə, necədi, əzizim? — Nəcməddinin sualı onu o sehrli aləmdən ayırıb bura — otağa qaytardı və o, başını balışın üstünə ataraq: — indiyə qədər mənə oxuduğun bütün şerlərdən ən gözəlidi, Nəcmi. — dedi. — Sevilmək arzusu ilə yanan bir gözəlin (qadın isə həmişə sevilmək, əzizlənmək istəyir — bunu yadından çıxartma) ürək çırpıntılarıdı bu şer. Çox qəribə deyib: Sənin ürəyinə od salmış bir pərizadənin— özü bir yana qalsın — odu da, közü də, qaşı da, ayağının tozu da, hərdən səni incidərkən yaranın üstünə basdığı duz da (yara üstünə basılmış duz yaman göynədir, Nəcmi — sən bunu bilmirsən yəqin. Gör necə sevəndi ki, o yandıran duz da dönüb şirin olur, aman allah) deyir ki, sev məni. Çünki onların hamısı bilir ki, sən necə sevirsən, sevirsənsə demək onları da sevməlisən, onlar da ərköyün, arxayın bir təmənna ilə deyirlər «sev məni», çünki biz onün — sənin sevdiyinin zərrələriyik Nəcmi. Sən özünü onun qulu hesab edirsən, ayaqları altından öpməyə razısan.. Eyni zamanda xoşbəxtsən ki, o, sənin tanrı deyə tanıdığın gözəl özü də sənə sığınıb səni əzizləyə-əzizləyə: «sev məni!» deyir, Nəcmi...

– Xoşuna gəldi deyəsən, mələyim?—deyə sevinclə Nəcməddin dilləndi. Doğrudan da indiyəcən hələ Dünya heç bir şerə belə aludəçiliklə qulaq asmamış, dinləyəndən sonra belə izah etməmişdi — xoşun gəldisə, bir də oxuyum?!

– Yox, indi sən qulaq as, mən oxuyum.

Nəcməddin kağızı ona uzatdı, ancaq Dünya almadı:

– Lazım deyil. Qulaq as!.. Və o, şeri məlahətli ahənginə, dərdinə uyğun bir səslə əzbərdən söyləyəndə Nəcməddinin gözləri kəlləsinə çıxdı:

– Sən bu şeri əvvəldən bilirdin?

– Yox. Elə səndən eşitdim indicə...

– Elə şey olmaz, canım?

– Vallah...

Nəcməddin fikrə getdi. «Bəlkə... Elməddin... o şeri buna verib, bu da əzbərləyib, hə? Heç ola bilməz ki, bircə dəfə oxumaqla şer beləcə adamın yadında qalsın. Heç ola bilməz!» İnanmadı:

– De sənii əziz canın üçün?

– Sənin əziz canın üçün!..

– İndi birini də oxusam, yenə əzbərdən qaytarıb mənə deyə bilərsən?

– Yaxşı şer olsa, hə!

Nəcməddin bayaq Elməddinin stolunun üstündən iki şer götürmüşdü. Əvvəl oxuduğunu dünən yazmışdı, ikincisini — hələ Dünyaya oxumadığını bu gün. Elməddin nə dünən, nə də bu gün onlara ayaq basmamışdı. Və ikinci şeri Nəcməddin ehtiyat üçün saxlamışdı. Ancaq indi o, Dünyanın yalan deyib-demədiyini yoxlamaq üçün həmin şeri də oxumalı oldu:

Yaxşı, birini də oxuyuram. Dünya güldü:

– Oxu, oxu...

Nəcməddin əlləri əsə-əsə ikinci şeri də çıxardıb oxudu:

Gah ağlatdın, gah güldürdün sən məni,
Hikmətini bilmək olmur, nədəndi?
Selə-suya qərq elədim cahanı —
Göz yaşımı silmək olmur, nədəndi?


Nə biləydim, xəzan vurmuş gülmüşəm,
Öz ömrümü sənin ömrün bilmişəm,
Fələk məni ağladanda gülmüşəm —
Sən ağlatsan, gülmək olmur, nədəndi?


Yaşamağa nə inam var, nə güman.
Başım üstdən heç əskilmir sis-duman.
İstəyirəm həsrətinlə verim can,
Həsrətindən ölmək olmur, nədəndi?

Nəcməddin şeri oxuyan kimi büküb cibinə qoydu. Sanki qorxurdu ki, o, sehrli bir tərzdə, uzaqdan, kağıza baxmadan şeri oxuya bilər.

– Hə, de görək?!

Dünya Nəcməddinə baxa-baxa, — elə bil şer onun gözlərinə həkk olunmuşdu, — bir sözünün yerini belə dəyişmədən, çaşmadan təkrar söyləyəndə... Nəcməddin çarəsiz qalıb güldü:

– Əcəb hafizən varmış, gülüm! — dedi.

– Hm... Sən bilmirdin?

– Yox... hardan biləydim, Dünyam mənim?!

– Şerlər üçün çox sağ ol, əzizim. Bu gün ruhum elə qanadlıdı ki, elə şer istəyirdi könlüm.

– Onda lap yerinə düşüb. Mən sənin arzularını gözündən oxuyuram, gülüm.

– Minnətdaram... — Sonra Dünya ani olaraq nə düşündüsə gülə-gülə dedi, — inanmıram, əzizim. Ancaq... sən məni yoxlayan kimi, istəyirəm mən də səni yoxlayam.

Yoxla! — Nəcməddin arxayın-arxayın cavab verdi.

– İndi ki mənim arzumu gözümdən oxuyursan, onda de görüm ürəyim indi nə istəyir?!

Nəcməddin duruxdu, çətin yerdə ilişdiyini anlayaraq başını qaşıyıb Dünyanın bic-bic gülümsəyən gözlərinə baxdı, baxdı və birdən itirdiyini tapmış adam sevinci ilə əyilib Dünyanın şerdə deyilən kimi, qaşından, gözündən, balaca qəşəng ayağının altından öpdü. Sonra təntimiş halda dikəlib:

Hə, düz tapdım? — deyə xəbər alanda Dünya gülə-gülə başını silkələdi:

– Yox...

– Yox?

– Yox!

– Pul istəyirsən?

– Yox. Özünü yorma, Nəcmi. Tapa bilməzsən!

– Hə?

– Hə, tapa bilməzsən. Düz yüz gün də axtarsan, tapa bilməzsən.

Nəcməddin susub təslim oldu:

– Yaxşı... Mən təslim... Nə istəyirsən?

Dünya birdən-birə cavab vermədi, bir anlığa gözünün qabağına gətirdi ki, bu sözü deyəndə Nəcməddin nə hala düşəcək, necə sevinəcək — həyəcanlandı.

– Nə istəyirsən axı, mənim mələyim? Dünya nazla gülümsündü:

– Tur... şu... istəyirəm, Nəcmi!

– Nə? — Nəcməddinin qulaqları guruldadı, ev başına dolandı, elə bil, gözləri də qaranlıq çaldı — Nəəə? Turşu?..

– Hə, Nəcmi... Turş şeydən ötrü ölürəm lap, Nəcmi.

– Demək?..

– Hə, demək...

Nəcməddin dəli kimi özünü Dünyanın üstünə atdı, saysızhesabsız öpüşlərə qərq elədi onu. Nəfəsi tıncıxa-tıncıxa:

– Sənə qurban olum, sənə qurban olum... — deyirdi və elə bil başqa söz bilmirdi, elə hey bu üç sözü təkrar eləyirdi.

– Ədə, yavaş, boğdun məni, qabırğalarımı sındırdın, yavaş!.. — deyə Dünya az qala sevincindən vəhşiyə dönmüş Nəcməddini özündən kənar eləməyə çalışır, ancaq bacarmırdı... Nəhayət, kişi yorulub əldən düşərək kənara çəkiləndə, qulaqlarına inanmırmış təki təzədən soruşdu:

– Sən allah, düz deyirsən?

– Vallah, hə. Evi ələk-vələk eləmişəm, bir dənə turş şey yoxdu. Əbdülü tap, göndər bazara, bir az turş xiyardan, badımcandan alıb gətirsin. Ağzımın suyunu saxlaya bilmirəm.

– Bu dəqiqə... —deyə Nəcməddin təzədən onun gözlərindən öpüb özünü bayıra atdı və iki dəqiqə sonra qayıdıb gəldi. - Əbdülü göndərdim, indi alıb gətirər, əzizim. Ey Allahım mənim, məni də xoşbəxt elədin sən, sənə qurban olum.

Dünya gözlərini yummuşdu, ancaq tələsə-tələsə bazara gedən Əbdülü elə gözüyumulu görürdü...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Dördüncü hissə, on üçüncü fəsil

Əbdül bu gözlənilməz mənzərədən nə qədər çaşsa da uşağı beşiyinə qoymağı unutmadı. Sonra addım-addım irəli gəldi. Dünyanın tavana zillənmiş açıq gözlərinə heyrət içində bircə anlığına baxdı və Nəcməddinə sarı çevrildi:– Sən neylədin, ağa?

6 dəq
Dördüncü hissə, on dördüncü fəsil

Yerin-yurdun qalın qarla örtülməsinə baxmayaraq, ertəsi günü, gözlənilmədən öldürülmüş Vəlixanın təziyə mərasiminə çox adam gəlmişdi. Mərhum atasının dostları, özünün iş yoldaşları, tay-tuşları, qohum-əqrəbası... Otaqlar adamla dolmuşdu, həyətdə dayanıb söhbət edənlər də çoxdu. Meyit iri dəhlizdə, ortalıqda qoyulmuşdu. Üzünə qara örtük çəkilmişdi. Kişilər dövrə vurub oturmuşdular. Qadınlar isə deyəsən yan otaqda idilər — çünki ordan qadın ağlaşması, «Can bala», «Dünyadan nakam gedən oğul!» — deyən ana iniltisi eşidilirdi. Ağayi Nəcməddin içəri girəndə hamı yerindən tərpəndi: hörmət, ehtiram əlaməti olaraq ona yuxarı başda, xalça üstündə yer göstərdilər. O, razılıqla başını tərpədib göstərilən yerdə bardaş qurub oturdu. Mərhumun kiçik qardaşı, boyda-buxunda, şəkildə-şəmayildə eynən Vəlixana oxşayan Əlixan meyidin sağ tərəfində əlləri qoynunda, ayaq üstə dayanmışdı. Nəcməddin sakit idi. Ürəyində zərrəcə qorxu, həyəcan hiss eləmirdi. Elə bil, bu qanlı müsibətin ona zərrəcə də dəxli yox idi. Hələ öz daxili aləminə bir az dərindən nüfuz eləyəndə, bəzən bu işindən məmnun olduğunu da duyurdu. Onun dünyasında, haqq-ədalət öz yerini tutmuşdu—namərd, namus oğrusu cəzasına çatmış, qanına qəltan olmuşdu. O, intiqamını almış, toxtamışdı. Bəlkə elə buna görə idi ki, iki cavan öldürülmüş bu ötən qanlı gecədə, on beş gündən bəri bircə an da göz qırpmayan, çimir eləməyən o, beləcə şirin-şirin, demək olar ki, ölü kimi yatmışdı və hətta yuxu da görməmişdi. Bəlkə elə buna görə idi ki, indi çox gümrahdı, arxayın və sakit idi. Nəcməddin oturanlara ötəri nəzər salıb üzünü Əlixana tutdu:– Bu nə müsibətdi sizin başınıza gəldi, ay oğul? Əlixan ağlamaqdan qızarmış gözlərini Nəcməddinə sarı çevirdi:

6 dəq
Dördüncü hissə, on beşinci fəsil

Elməddin ağayi Nəcməddinin çarpayısı yanında oturmuşdu. Kişi yenə yumağa dönüb balacalaşmışdı, yorğan-döşəyin içində itirdi az qala. Çox arıqlamışdı, gözləri çuxura düşmüşdü. Elməddinin bu vəziyyətdə ona yazığı gəlirdi. Nəcməddin isə bunu sanki onun üz-gözündən oxudu və incik-incik dedi:– Görürəm mənə yazığın gəlir. Yox, oğul. Mənə yazığın gəlməsin. Mən xoşlayıram ki, başqalarına mənim ürəyim yansın, halına acıyım. Amma mənə yox. Mən onda özümü çox pis hiss edirəm, Elməddin. Mən həyatımı yaxşı yaşamışam, ürəyim necə istəyib, nə istəyib onu da eləmişəm. Bu dünyanın heç bir nemətində, ləzzətində gözüm qalmayıb. Dünyanın qanunudur: bir gün yaranan bir gün də öləcək. Mən o dəhşətli hesab edilən ölümdən də qorxmuram. Onunla görüş — çoxunun qorxduğu və dizlərini titrətdiyi görüş cəmi bircə andır. O anı ləyaqətlə qarşılamağı hər kişi bacarmır, amma sənin bu qoca Nəcməddinin ondan da qorxmur.

6 dəq
Dördüncü hissə, on altıncı fəsil

İnsan həyatının bəzən elə günləri olur ki, bir ömrə bəs eləyə biləcək sevinci də yaşayır, kədəri də. Elə sevinir ki, özünü dünyanın ən bəxtəvər adamı hesab eləyir, yerə-göyə sığışmır, şadlığından gözləri yaşarır. Elə həmin gün də elə kədərlənir ki, özünü dünyanın ən bədbəxt adamı sayır, bir az əvvəlki xoşbəxtliyindən əsər-əlamət qalmır, unudulur, gözləri kədər yaşları ilə dolur. Bəli, insan həyatında belə təzadlı gün də ola bilər.... Elməddinin ilk kitabı bu gün çapdan çıxıb satışa buraxılmışdı. Həcmcə çox da böyük olmayan göy cildli məcmuəyə onun şerləri və hekayələri toplanmışdı. Müəllifi də özü idi, rəssamı da. Redaktoru Məhəmməd Şəfi Rəhgüzər — onun ustadı, böyük şair, qardaşı idi. Əslində kitabı nəşr etmək məsələsini də ustad özü ortalığa atmışdı, əsərlərini alıb saf-çürük etmiş, seçib yaxşılarını, xoşuna gələni saxlamışdı. Elməddin etiraz eləyib «hələ tezdi, ustad!» — demişdisə də, Şəfi razı olmamışdı; «Vaxtındı, Elməddin. Şairdə təvazökarlıq yaxşı şeydi, bəyənirəm, ancaq yaxşı əsərləri çap etməmək özü də bir günahdı, qardaş!» — demişdi. Elməddin naçar qalıb yazılarını vermişdi, lakin qəribə idi ki, sonra kitabının çıxmasını çox böyük bir intizarla gözləməyə başlamışdı. Bu intizar ilk körpəsinin dünyaya gəlməsini közləyən ana intizarına bənzəyirdi — həm şirin idi, həm əzablı idi, həm də... bir az qorxulu idi. O bilirdi ki, sənət yolu uzun, çətin, daşlı-kəsəkli, eyni zamanda gül-çiçəkli, şan-şöhrətli bir yoldu. Ağrısı da var, sevinci də var, qanadından vurulmuş kimi torpağa — ayaqlar altına düşməyi də var. Ucalmağın — şirinlikdi, səadətdi, şöhrətdi, ən uca zirvən — ölməzlikdi. İlhamın, qismətin olmasa, ürəklərə, beyinlərə yol tapa bilməsən, kimsənin sevimlisi ola bilməzsən. Bu isə adını şair, sənətkar qoyan adam üçün bədbəxtlikdi, ölümdü — diri ikən ölü olmaq deməkdi, demək, sənin ikinci ömrün yoxdu, öləndən sonra yaşaya bilməzsən.

10 dəq

Başqa şairlərin şeirləri