Əbdül bu gözlənilməz mənzərədən nə qədər çaşsa da uşağı beşiyinə qoymağı unutmadı. Sonra addım-addım irəli gəldi. Dünyanın tavana zillənmiş açıq gözlərinə heyrət içində bircə anlığına baxdı və Nəcməddinə sarı çevrildi:

– Sən neylədin, ağa?

– Öldürdüm... — dedi Nəcməddin. Süstəlmişdi, elə bil iri, az qala partlamaq dərəcəsinə gəlmiş tuluğun köpünü almışdın. İndi o, Əbdülün neçə illər boyu tanıdığı sakit, həlim, mehriban Nəcməddin olmuşdu. Birdən o, Əbdülün üstünə yeridi. — Əbdül qorxu içində azca geri çəkildi, — və onun çiynindən tutub alnından öpdü:

– Sağ ol, Əbdül. Minnətdaram sənə.

Əbdül çaşıb qalmışdı.

– Sağ ol, qardaşım, məni rüsvayçılıqdan xilas elədin, qardaşım. Sən deyənlər düz imiş. Dünya mənə xəyanət eləyirmiş... Sən məni vaxtında ayıq saldın. Bax, görürsən, o maqnitofona səslərini yazmışam... Vəlixanla onun səsini...

Əbdülün beynindəki düyün sanki indi açıldı və birdən-birə hər şeyi xatırladı — o sərxoş olan gecə dediyi sözlər gəlib yadına düşdü, on beş gün kənddə kişinin dostunun evində göz dustağı qalmağının, Nəcməddinin ev-eşiyi ona vəsiyyət eləməyinin səsəbini anladı və sarsıldı... «Sənin qatilin mən oldum, Dünya» deyib inlədi ürəyində. Ev təzədən başına fırlandı. Keçən günlər, birər-birər gəlib gözlərinin önündən keçdi... Və bu günlərin içində Dünyanın o kürənə həsrətlə, məhəbbət dolu baxışlarla baxması, gözəgörünməz gizli telefon danışıqları, son vaxtlar isə ondan tamamilə üz döndərmək dərəcəsinə gəlməsi də yadına düşdü: bu isə onu azca toxtatdı və Dünyaya daha yazığı gəlmədi.

– Sən özünü itirmə, Əbdül. Biz kişiyik, gərək, mətanətli, dəyanətli olaq. Xəyanətin cəzası budur və həmişə də, əsl kişilər belə eləyib! Kişinin papağı və təmiz adı — dünyada hər şeydən müqəddəs olmalıdır. İndi dayanmaq, ah-uf eləmək vaxtı deyil, bel götür, bağın o başında, ərik ağacının yanında, hasarın dibində onun üçün yaxşı bir qəbir qazı və Dünyanı elə bu qanlı xalçaya büküb basdır orda.. Yerini də hamarla. Qorxma, onu axtaran olmayacaq, soruşub-eləyən olsa da, «qaçıb gedib» deyəcəyik — bilmirik hara gedib... Di haydı, tərpən. Ancaq aparanda boyun-boğazının qızıllarını çıxartmağı unutma.

Nəcməddin piyaləsinə viski süzdü, içdi. Əbdül heç nə demədən boyun-boğazının qızıllarını açmaq üçün meyidə yaxınlaşdı, əvvəlcə onun açıq gözlərini sığayıb qapadı, sonra zinət şeylərini açıb stolun üstünə atdı.

– Bura atma, onlar hamısı sənindi. Mənə onun heç nəyi lazım deyil.

– Mənə də lazım deyil, ağa.

– Sənindi dedim, vəssalam.

Əbdül xalçanın ucundan tutub qatladı, bükdü və az sonra Dünyanın bədəni xalça lüləsinin içində itib-batdı...

O, bükülünü qolları arasına alıb ehmal addımlarla həyətə düşdü və bağın o başına getdi...

...Nəcməddin eyvana çıxdı, qonşu binadan ağlaşma səsi gəlirdi. Kimsə, — yəqin anası idi, — ürəkyaxan bir səslə ağlayırdı. Nədənsə bu yanıqlı səs Nəcməddinə heç bir təsir eləmirdi. Əksinə onun ürəyinə nə isə rahatlıq, toxtaqlıq bəxş edirdi. Vəlixanın Dünyaya dediyi və lentə yazılmış sözləri qulağının dibində səslənirdi: «Sən onu yaxşı tanımırsan, mən səndən yaxşı tanıyıram. Adamın başını pambıqla elə kəsir ki, heç xəbəri də olmur... Bəli, düz deyirsən, Vəlixan... Mənim, ağayi Nəcməddinin bostanına daş atan oğulun anası belə mələr qalar. Bunu bilə-bilə, sən nahaq öz başını çobanın çomağına sürtürdün, namərd!» — Vəlixanın sözlərinə sanki cavab verirdi. İçəridə balaca Nəcməddin ağladı. Kişi özünü otağa saldı, beşikdən uşağı qucağına götürdü. Oğlan kiridi. Mat-mat atasına baxdı. Çox qəribə idi, göz qırpmadan xeyli baxdı. Və bu baxışdan Nəcməddinin ürəyi üşürgələndi.

– Niyə mənə elə baxırsan, bala? Mənə nifrət eləyirsən? Sən hələ körpəsən, oğul, belə şeyləri başa düşməzsən, oğul. O sənin anan idi — ancaq pis ana idi, oğul. Yaxşı ki, ölüb getdi. Sən sonralar böyüyüb cavan olanda — əgər o, indi ölməsəydi və yaşasaydı — el-oba içində gözükölgəli olacaqdın, oğul. Adamlar tapılacaqdı ki, səni uzaqdan barmaqla göstərib deyəcəkdilər: «mən onun anasıyla...» Düzdü, bunu heç kəs sənin üzünə deməyəcəkdi, ancaq daldada deyəcəkdilər və sən, mənim kimi bir kişinin oğlu, camaatın gözü qabağında, özünün də xəbəri olmadan şüşə kimi çilik-çilik olub töküləcəkdin, sınacaqdın, oğul. Onda mənim gorum da od tutub yanardı. Mən tək öz adımı, namusumu xilas eləməmişəm bu bəladan, səni də xilas eləmişəm, can bala! İndi sənə çətin olacaq, düzdü. Anasız uşaq olmaq müsibətdi— bilirəm. Sən böyüdükcə onun yeri görünəcək, onun üçün ağlayacaqsan, darıxacaqsan, anasının əlindən tutub gəzməyə gedən uşaq görəndə ürəyinin başı göynəyəcək. Amma döz bunlara, oğul. Sən mənim oğlumsan, dözümlü olacaqsan, bilirəm. Əbdül — bax bu rüsvayçılıqdan bizi xilas eləyən kişi səni yaxşı saxlayacaq, anan kimi yaxşı saxlayacaq. Mən buna inanıram. Yaxşı ki, səni axırıncı dəfə doyunca əmizdirdi. Bu sənin əmdiyin axırıncı ana südü idi, bala. O tamı, o dadı yadında saxla. Yox, saxlama, heç o da lazım deyil. O süd də haram imiş, can bala.

Nəcməddin belə danışa-danışa uşağı öpüb beşiyinə qoydu və beşiyi yırğalamağa başladı...

...Əbdül qəbir qazırdı. Kecə aydınlıqdı. Seyrək buludların arasından ay sanki düz bura — Dünyanın dəfn ediləcəyi yerə baxırdı. Əbdülün üzündən, alnından axan tər damcıları gözünün yaşına qarışırdı. «Bu da mənim cəzamdı, tanrı mənə verir. Öz əzizimi öz əlimlə basdırıram. Eh, Dünya, Dünya... Sən niyə belə elədin? Hamımızı bədbəxt elədin, Dünya. Ağamı da, məni də, oğlunu da, Vəlixandınədi — onu da. Hamıdan pis özünü bədbəxt elədin, Dünya...» — deyə-deyə Əbdül qəbir qazırdı...

Nəhayət, qəbir hazır oldu. Əbdül beli yaş torpağa sancıb bir az dincini aldıqdan sonra, evə sarı boylandı, Nəcməddinin gəlib-gəlmədiyini bilmək istədi… Bəlkə son dəfə görüşmək üçün gəldi?... «Yox, gəlməz. Nəcməddin gəlməz...» — dedi öz-özünə. Birdən qəlbində xalça bükülüsünü açmaq, axırıncı kərə Dünyaya baxmaq arzusu baş qaldırdı. Və cəld hərəkətlə xalçanın ucundan tutub qatı açdı. Ay işığında Dünyanın artıq soyuyub buza dönmüş bədəni canlı imiş kimi Əbdülün gözü önündə cilvələndi. Elə bil o, pallı-paltarlı şirin bir yuxuya getmişdi. Çağırsan, oyanacaqdı. Yox, bəs bu ləkə nədi? Hə, qan ləkəsidi. Güllə düz sol döşünün üstündən, ürəyinin başına atılmışdı. Ayrı yerindən də vura bilərdi, zalım. Ancaq görünür, qəsdən ürəyinin başından vurub... Yəqin düşünüb ki, bütün bu müsibətlərə səbəb sənin ürəyindi, Dünya. Yəqin sənə demək istəyib ki, bax xəyanətkar ürək belə parçalanmalıdı, Dünya! Sənin də qəribə ürəyin vardı, yazıq. Bəzən ipək kimi idi, bəzən daş kimi idi. Gah ağladırdın, gah güldürürdün. Gah dirildirdin, gah öldürürdün, Dünya. Eh, nə bilim, görünür, sənin də taleyin belə imiş, alnına belə yazılıbmış, Dünya...»—deyə o, birdən dizlərini yaş torpağa qoydu, əyilib onun gözlərindən, soyuq dodaqlarından öpdü, öpdü...

Sonra qəddini düzəldib meyidi yenə xalçaya səliqə ilə bükdü, ehmallıca çəkib qəbrə saldı. Üstünü torpaqlamağa əvvəlcə ürəyi gəlmədi. Ancaq sonra ağır-ağır torpağı belləyib qəbri doldurdu... «Mən səni unutmayacağam, Dünya Sənin üzün məndən dönmüşdüsə də, mən səndən ömrümün axırınacan üz döndərməyəcəyəm. Mən bu fani dünyada səadətin nə olduğunu səninlə bildim, əzizim. Sənin qəbrinin üstünə güllər əkəcəyəm. Sən gülü çox xoşlayırdın. Oğlumuzla hər gün gəlib sənə baş çəkəcəyik, Dünya. Balaca Nəcməddindən nigaran olma, onu göz bəbəyim kimi qoruyacağam, böyüdəcəyəm... Və öləndə də vəsiyyət eləyəcəyəm ki, məni bax burada, sənin yanında basdırsın... Sənin ölümünə mən bais oldum, Dünya. Bu günahı ömrüm boyu özümə bağışlamayacağam. Allah da bağışlamayacaq, bilirəm. Amma gərək... sən məni belə... ağlar qoymayaydın, Dünyam mənim...».

Əbdül torpağı hamarlayıb qurtardı və üzü üstə qəbrin üstünə yıxılıb hönkürdü... Elə bu zaman... qar yağmağa başladı... İri, quşbaşı qar...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İkinci hissə, on dördüncü fəsil

Gülmirə yaman pərişan olmuşdu. İltifatın onunla bu cür sırtıq rəftarı — eşq elan eləmək istəməsi, hələ üstəlik Orxanın da adını çəkməsi, onu — Gülmirənin əzizini ölü adlandırması ürəyini alt-üst eləmişdi. Evə gəlmişdi. Soyunub duş qəbul eləmişdi, ancaq aram ola bilməmişdi. Elə bil kimsə öz murdar əllərilə onun təmiz vücuduna toxunmuşdu, soyuq suyun altında çiməndən sonra da o, özünü pak hesab eləyə bilmirdi. İndi, eyvanda oturub qarşısında mürgü vuran dənizə baxa-baxa ürəyində İltifata dərin bir nifrət hissi qaynadığını duyurdu. «Məni tək, kimsəsiz görüb gör nə ağız bəhəm eləyir bu yaramaz!? «Sənə şer yazmışam!» Sənin şerin təpənə dəysin, dombagöz vicdansız! Simasız adam!» — Qəlbi hövlündən az qalırdı partlamaq dərəcəsinə gəlsin. Bu, Gülmirə üçün qeyri-adi hal idi. Əqdəm, Orxan dünyadan köçəndən sonra indiyəcən heç bir başı papaqlı cürət eləyib ona güldən ağır bir söz söyləməmişdi, pis gözlə baxmamışdı. Sadəcə, o özünü elə aparmışdı ki, kimsə buna cəsarət eləməmişdi. İndi İltifat... Birdən o, xatırladı ki, İltifat eyni sözləri Ümmügülsümə də, Faziləyə də söyləyib. Onlar İltifatın dediklərini heç veclərinə də almayıblar. «Sən niyə pərt olursan, Gülmirə! heç əhəmiyyət vermə. Sayma onu, qoy qalsın yana-yana. İt hürər, karvan keçər! Yox, ölünü özbaşına qoymaq olmaz. Bir də belə cəsarət eləsə, onu biabır eləyəcəyəm — bütün kollektivin içində üzünə tüpürəcəyəm. Baxmayacağam akademik oğludu, şairdi, nə zibildi!» — deyə o, nəhayət bu gün ona ağır, təhqiramiz sözlər demiş — Gülmirə bunu məhz təhqir hesab eləyirdi — İltifatın xəyalını yaddan çıxarmaq üçün qalxıb eyvanda gəzindi, daş məhəccərə dirsəklənib aşağıya — küçəyə, Bəhram-Gurun əjdaha ilə vuruşmasına, dayanan maşınlara, gəzişən adamlara tamaşa eləməyə başladı. Köhnə İnturistin qabağında ağappaq, uzun «Zim» maşını diqqətini cəlb elədi. Maşın qırmızı lentlərlə, qərənfillə bəzənmişdi. İçərisindən dümağ geyinmiş bəstəboylu bir gəlin düşdü. Görünür toy idi. Qara kostyum geymiş oğlan qızın qoluna girib o biri maşınlardan da düşən adamların — bəzənib-düzənmiş qızların, gəlinlərin müşaiyəti ilə yavaş-yavaş pillələri çıxıb içəri keçdilər.Gülmirə ürəyindən keçirtdi:

7 dəq
İkinci hissə, on beşinci fəsil

Xəzangülün kolyaskası evdəydi, divanın yanındaydı — qarşı divara sarıydı və o, həmişəki kimi hərəkətsiz televizora baxırdı. Əsəd onu bir az əvvəl gətirmişdi dəniz qırağından. Sahildə də hava isti idi, həyətdə lap bürküydü. Otaqda isə heç nəfəs almaq olmurdu. Sahilə küçəyə baxan pəncərələrin hər ikisini açmışdısa da, içərinin nəfəsi azalmamışdı.Xəzangül fikirli-fikirlr kinoya tamaşa eləyirdi. Sahilə anasının yanında olmasa da, yan otaqda paltarını dəyişməklə məşğul olsa da, bilirdi ki, o, ekrana elə-belə baxır, fikri Əsədin yanındadı. Arzulayır ki, gecə tez gəlib gedəydi, səhər tez açılaydı və Əsəd yenə gəlib onu dəniz qırağına aparaydı. Kim bilir, bəlkə də Xəzangül belə düşünmürdü, ancaq Sahiləyə elə gəlirdi ki, anası məhz bundan başqa heç bir arzu ilə yaşaya bilməz indi.

4 dəq
Birinci hissə, birinci fəsil

Ayrılıq var — sonu şirin vüsaldı.Ayrılıq var — sonu yoxmuş, ay aman.

34 dəq
Birinci hissə, üçüncü fəsil

Şəfi, həbsxanadan çıxandan sonra, xeyli müddət özünə gələ bilməsə də, dostlarının ürək-dirək verməsi, Məleykə xanımın fədakar qulluğu sayəsində, nəhayət, dirçəlmişdi, kökəlmişdi. Dişlərini düzəltdirmiş, zarafatla hərdən dediyi kimi, daha adam içinə çıxan olmuşdu. Onu tanıyanlar görürdülər ki, Şəfi zahirən əvvəlki Şəfi idi: ancaq tək o özü bilirdi ki, batində, içərisində nə isə qırılmışdı, onu sındırmışdılar — təkcə dişlərini yox, mənliyini də, şəxsiyyətini də sındırmışdılar. Qəlbində yıxmağa, uçurtmağa, məhv etməyə çalışdığı bu mənfur dünyaya qarşı bəslədiyi nifrət, qəzəb daha da çoxalırdı — yaşamaq, mübarizə aparmaq üçün bu nifrət bütün ömrü boyu bəsi idi. İndi, o, başa düşürdü ki, dünyada təkcə məhəbbətlə yaşamaq mümkün deyil — yaşamaq və qalib gəlmək üçün nifrət etməyi də bacarmaq gərəkdir. Məhəbbət kimi, nifrət də insanı güclü və qüdrətli eləyə bilər. Qəzetini yenə nəşr edirdi. Cəmiyyətdə, həyatda gördüyü qüsurları, yaramazlıqları qorxmadan, çəkinmədən qələmə alır, sözünü deyir, hezbin məramını oxucularına çatdırırdı. Doğrudur, o, indi bu işləri, qabaqlarda olan kimi, birbaşa, açıq-saçıq yazmırdı, düşünüb-daşınıb yeni formalar tapır, böyük mətləbləri az sözlə, kiçik işarələrlə bəyan eləyirdi. Bəbir, Ziyaülhəqq, Elməddin bu işdə onun ən yaxın köməkçiləri, məsləhətçiləri idi. Onlar bütün qüvvələrini qəzetin vaxtlı-vaxtında və sanballı çıxmasına sərf edir, gecə-gündüz işləyir, yoruldum demirdilər. Bəbir gizli iclaslarda, görüşlərində dönə-dönə tapşırırdı ki, son dərəcə ehtiyatlı olmaq lazımdır, nəyin bahasına olursa-olsun, ruznaməni yaşatmaq gərəkdir, çünki hələlik bizim yeganə silahımız odur. Onu itirmək, hər şeyi itirmək deməkdir, kütlələrlə əlaqəni kəsmək deməkdir. Bu isə bizim üçün ölümə bərabərdir.Buna görə də Şəfi bütün imkanlarını, bacarığını ancaq və ancaq qəzetin yaşamasına sərf edirdi və bundan xüsusi bir zövq alırdı. Yorğunluq, yuxusuzluq, işin çoxluğu onu əsla qorxuzmurdu. O, təkcə Elməddindən nigaran idi — çünki son vaxtlar Elməddin gözünə birtəhər görünürdü—fikirli, qayğılı, qanıqara. Evdə Məleykə ilə bu barədə dəfələrlə söhbət olmuşdu. Məleykə qadın həssaslığı ilə Elməddinin qanıqaralığını evlə, ailə ilə bağlamışdı.

6 dəq

Başqa şairlərin şeirləri