Xəzangülün kolyaskası evdəydi, divanın yanındaydı — qarşı divara sarıydı və o, həmişəki kimi hərəkətsiz televizora baxırdı. Əsəd onu bir az əvvəl gətirmişdi dəniz qırağından. Sahildə də hava isti idi, həyətdə lap bürküydü. Otaqda isə heç nəfəs almaq olmurdu. Sahilə küçəyə baxan pəncərələrin hər ikisini açmışdısa da, içərinin nəfəsi azalmamışdı.

Xəzangül fikirli-fikirlr kinoya tamaşa eləyirdi. Sahilə anasının yanında olmasa da, yan otaqda paltarını dəyişməklə məşğul olsa da, bilirdi ki, o, ekrana elə-belə baxır, fikri Əsədin yanındadı. Arzulayır ki, gecə tez gəlib gedəydi, səhər tez açılaydı və Əsəd yenə gəlib onu dəniz qırağına aparaydı. Kim bilir, bəlkə də Xəzangül belə düşünmürdü, ancaq Sahiləyə elə gəlirdi ki, anası məhz bundan başqa heç bir arzu ilə yaşaya bilməz indi.

Aralıq qapı cırıltı ilə açıldı, Sahilə ağappaq parçadan tikilmiş uzun ətəkli donda, ağ ayaqqabıda kolyaskanın qabağına keçdi, anasının önündə fırlandı—donunun uzun ətəyi yuxarı qalxdı. O, dayanıb anasına nəzər saldı və sevinc dolu bir səslə:

– Hə, necədi, ana? Yaraşır mənə? — söylədi. Xəzangülün uzun kirpikli gözləri geniş açıldı, solğun sifətində təəccüb qarışıq bir fərəh ifadəsi gəzib dolaşdı. Xəzangülün qaşları yuxarı dartıldı; bu, o demək idi ki, hardandı o paltar, o ayaqqabı? — Sahilə ömründə bu cür gözəl don geyməmişdi və bayaq, yan otaqda, güzgüdə özünə baxarkən fikirləşmişdi ki, o, heç vaxt belə gözəl olmayıb.

– Yaraşır mənə? Yaraşır? — deyə təkrar soruşanda yadına düşdü ki, bu sorğu-sual əbəsdi, Xəzangül ona onsuz da cavab verə bilməyəcək.

Xəzangülün gözləri səyridi və yanaqlarında iki damla yaş göründü. Sahilə kəsdirə bilmədi ki, o, niyə ağlayır, sevincdənmi, kədərdənmi? Fərəhinin üstünə su çiləndi elə bil, taqətsiz halda divara söykəndi. Xəzangülün dili söz tutsaydı, söylərdi ki, mübarəkdi, qızım. Sənə necə də yaxşı yaraşır — lap gəlin paltarındasan elə bil. Təəssüf ki, Xəzangül heç nə demirdi. Və Sahilə də başa düşmürdü ki, o iyirmi il əvvəl, onuncu sinfi bitirərkən geydiyi ağ paltarı xatırlayıb belə kövrəlib. Buraxılış gecəsi o da belə geyinmişdi. Yoldaşları və müəllimləri ilə son vida gecəsinə gedəcəkdi... Ancaq getmədi, gedə bilmədi — onu qoymadılar. Və o, ağlaya-ağlaya təzə paltarını soyunmalı oldu.

Xəzangül, deyəsən, məhz o günü xatırlamışdı. Yəqin bir də bu ona əzab verirdi ki, Sahilə bu paltarı, ayaqqabını, hardan, hansı pula alıb?!

Sahilə Xəzangülün qaşlarının tez-tez yuxarı dartmasının mənasını bildiyindən, arvadı sakitləşdirmək üçün, divardan ayrılıb iki pəncərənin arasına qoyulmuş stola yaxınlaşdı, qələm, kağız götürdü, oturmamış, elə ayaq üstə, iri hərflərlə yazdı: «Ana, bu paltarı, ayaqqabını Əsəd müəllim buraxılış gecəsi üçün mənə alıb. Götürmürdüm» dedi: «Götürməsən inciyərəm, qızım, küsərəm səndən». Mən də məcbur olub qəbul elədim. Pis iş körmüşəm? Əgər acığın gəlirsə, de, qaytarım. Bu saat qaytarım!» Sahilə kağızı anasının gözü önünə tutdu; Xəzangül tələsə-tələsə yazılanları oxuyub xırıltılı bir nəfəs aldı. Elə bil arvad nigarançılıqdan qurtardı, rahatlandı, qaşları əvvəlki yerinə gəldi. Sahilə Xəzangülün nəmli gözlərində yalnız Əsədi görərkən hiss elədiyi sevinc parıltısını duyub bir qədər sakitləşdi... Sahilə təzədən ayrı bir vərəqə yazdı:

– Qaytarım?

Xəzangülün qaşları dartıldı:

– Yox.

Sahilə yazdı:

– Sən mənə buraxılış gecəsinə getməyə icazə verəcəksən?

Xəzangül qaşlarını, kirpiklərini endirdi:

– Hə.

Sahilə kağızı, qələmi stolun üstünə atıb anasına yaxın gəldi, əyilib üzündən öpdü:

– Sağ ol, ana! — Sonra əlinin içiylə Xəzangülün yanaqlarının yaşını sildi. Ortalıqda bir-iki dəfə də fırlanıb anasını sevindirdi — Doğrudan da Xəzangülün sifəti işıqlanmışdı, gözlərindən nur tökülürdü. Sahilə yenə fırlanıb yan otağa keçdi, az sonra özünün saya çitdən tikilmiş paltarında geri qayıdanda Xəzangülün tez-tez yuxarı qalxan qaşlarını görüb təəccübləndi. Sual, nigarançılıq dolu nəzərlərlə:

– Nədi, nə olub? — deyə soruşdu. Xəzangül yenə qaşlarını qaldırıb qapıya sarı işarə elədi. Qız dönüb qapıya boylandı. Qapı açıq idi, gedib bağladı. Anasının üzünə baxanda dediyini düz başa düşmədiyini yəqin eləyib çaşqın-çaşqın döyükdü. Neçə an onun nə söyləyə biləcəyini götür-qoy eləyib ağlına gələn fikirdən sevindi və tezcənə kağıza sözləri yazıb ona göstərdi:

«— Əsəd müəllimi istəyirsən?» — Xəzangül vərəqə baxan kimi kirpiklərini razılıqla endirdi. Bayaqdan aramsız dəbərişən, nə isə demək istəyən o gözlər toxdadı. Anasını düzgün başa düşdüyünə sevinən Sahilə otaqda bir anlıqa ora-bura vurnuxdu və özünü güllə kimi bayıra atdı.

…Yarım saat keçməmiş Əsəd qabaqda, Sahilə də dalınca içəri girəndə... Xəzangül gözlərini qapıya zilləmişdi. Əsəd ev paltarında idi, səndəllərini corabsız geymişdi, qolsuz köynəyinin üst düymələri açıq idi. Qaça-qaça gəlmişdilər deyə hər ikisi tövşüyürdü. Əsədin iri alnında tər damcıları görünürdü. Sahilə çiyinlərindən nəfəs ala-ala anasına qorxu içində baxırdı. Əsəd sağ əlini Xəzangülün alnına qoyduqda Sahilə həyəcanla soruşdu:

– Deyəsən, halı pisdi, Əsəd müəllim? Qızdırması var?

Əsəd ağır-ağır dindi:

– Yox. Qızdırması yoxdu, qızım.

Xəzangül altdan-yuxarı geniş açılmış gözlərini Əsədin ağarmış saçlarında, alnında muncuq-muncuq dayanan tər damcılarında gəzdirdi və sonra gözlərinin içinə baxmağa başladı. Bu baxış davamlı baxış idi, sözlə, hisslə dolu baxış idi —onda yazılanları oxumaq üçün bəlkə də bir ömür lazım idi. Əsəd qeyri-ixtiyari kirpiklərini qırpdı: sanki Xəzangül elə bunu gözləyirmiş — o da iyirmi il əvvəlki kimi uzun kirpiklərini endirdi və elə bunun dalınca da bütün vücudu ilə dartındı, heç kəsin ağlına gətirmədiyi bir söz onun illərdə tərpənməyə həsrət solğun dodaqları arasında çırpınıb düşdü:

– Bağışla!..

Elə bil otaqda şimşək çaxdı. Divarlar Əsədin, Sahilənin başına dolandı. Sahilə dəhşət içində qışqırdı:

– Səsinə qurban olum, ana. Sən danışırsan? Əsəd də özünü saxlaya bilməyib çığırdı:

– Xəzangül! Xəzangül?!

Bakı, 1975—1980-ci illər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Birinci hissə, on dördüncü fəsil

Havalar tez-tez dəyişir; gah istidən adamın nəfəsi qaralır, gah elə sərin düşürdü ki, istər-istəməz pencəyi geyinməli olurdun. Qızmar yay günəşinin altında bərq vurub gümüş kimi parlayan Xəzərin və bürküdən nəfəsi tıncıxan şəhərin başı üzərinə nəhəng, ucu-bucağı görünməyən bulud çətir tutdu, hər yeri tutqun bir kölgə bürüdü. Elə bil, hava da azca soyudu. Aralıq otaqda, üstündə qara telefon aparatı olan mizin arxasında oturan pırpız saçlı katibə qız kimin üçünsə yazıb hazırladığı ezamiyyə vərəqəsini qeyd dəftərçəsinin arasına qoyub pəncərədən qaralmış göylərə baxdı və qeyri-iradi düşündü: «Günortadan o qədər də çox keçməyib, amma elə bil axşamçağıdı hava...» Telefonun cingiltili səsi onun fikrini qırdı. O, uzun, manikürlü dırnaqları olan əlini könülsüz halda dəstəyə uzadıb cır səslə dilləndi:– Bəli, institutdu... Akademik Aslanzadə? Bəli, burdadı... «Bilik» cəmiyyətinin iclasına ?.. Haçandı?.. Yaxşı, çatdıraram. Sağ olun.

12 dəq
Birinci hissə, on beşinci fəsil

Gülmirə Orxandan ayrılandan sonra idarəyə getmədi. «Birdən əlimdə məqaləni görən olar, xətti tanıyar», — deyə düşünüb birbaş evə sarı yollandı. Küçələrdə adam azdı. Hava isti olsa da, o, canında bir yüngüllük və rahatlıq duyurdu...Məqaləni salıb itirəcəyindən qorxurmuş təki, qəzeti sol döşünə bərk-bərk sıxmışdı. Nədənsə qəflətən ona elə gəldi ki, Orxanın əli burda, qəzetin arasındadır, bir anlığa o əlin hərarətini hiss eləyən kimi oldu. Və səksənərək qəzeti sinəsindən ayırdı...

5 dəq
Birinci hissə, on altıncı fəsil

Başı dümağ ağarsa da, gümrahlığını, çevikliyini itirməmiş, gündən-günə artan bir həvəslə elmi işə girişən, kitabxanaların köhnə, toz basmış künclərini, əlyazmalarını araşdıran Cəfər sevincdən dili söz tuta bilmədiyi halda Salmanın otağına girəndə professor uzun illərin sövqi-təbiisi ilə anlamışdı ki, burada nəsə mühüm bir məsələ var. İkicə saniyə sonra zənninin doğru olduğunu görüb özünün indi də məəttəl qaldığı ustalıqla Cəfəri sakitləşdirib onu ətraflı danışmağa qoymamış, əlindəki fotosurəti, əlyazmasını alıb stolun üstünə atmış və demək olar ki, zorla Cəfəri də itələyib bayıra çıxarmış:– İndi çox təcili işim var, prezident çağırıb,— deyərək qapını qıfıllayıb mərtəbələri aşağı enmişdi. Əslində o özü də sevindiyindən nə edəcəyini bilmədiyi üçün və ələ düşən yağlı tikəni itirməmək məqsədi ilə yollar aramaq üçün belə eləmişdi.

10 dəq
Birinci hissə, on yeddinci fəsil

Gülmirə professorun kabinetindən çıxanda artıq axşam düşmüşdü: içəridə, Salman Qurbanzadə ilə üzbəüz oturub onun tələm-tələsik diktə elədiyi sözləri təntiyə-təntiyə yazdığından, bu gözlənilməz təklifin əsil mahiyyətini anlamadığı üçün xəyalında min yerə at çapdığından qız yamanca həyəcanlanmışdı, deyəsən hələ tərləmişdi də. Yaz axşamının yüngül mehi alnında, yanaqlarında gəzdikcə bədənini sərinlədir, bayaqdan naməlum hisslər əlində çırpınan ürəyini toxtadırdı.Kommunist küçəsi ilə azca üzüyuxarı qalxmışdı ki, qeyri-iradi dönüb institutun pəncərələrinə nəzər saldı: Salman Qurbanzadənin dördüncü mərtəbədə yerləşən otağından hələ də işıq gəlirdi, azacıq o tərəfdə, içəri şəhərin qala divarlarının iri «daş dişləri» alaqaranlıq içində güclə seçilirdi. Gülmirə küçədə olsa da, o, işıq gələn pəncərənin arxasında, pardaxlanmış mizin dalında oturub işgüzar bir görkəmlə nə isə yazıb-pozan, əlini iri alnına qoyub tez-tez xəyala dalan Salman Qurbanzadəni təsəvvürünün gözləri ilə görür və Gülmirədə— elm aləminə təzə qədəm qoymuş, onun enişləri-yoxuşları, çəkişmələribərkişmələri, büdrəmələri, yüksəlişləri barədə tam təsəvvürü olmayan, ancaq hələlik zahiri parıltılarını, şan-şöhrətini, gurultu ilə səslənən «elmlər namizədi», «elmlər doktoru», «professor», «akademik» kimi ibarələrin doğurduğu məstedici həzzi uzaqdan-uzağa duyan Gülmirədə professor Salman Qurbanzadənin qeyri-adiliyi, nadirliyi, qadirliyi barədəki fikirlər getdikcə qüvvətlənir və gözlərini qamaşdırırdı. O, bir uşaq sadəlövhlüyü ilə atasının belə bir dostu olması ilə fəxr edir, küçəyə sığışmırdı. Onun nəzərində institutda işlədiyi bu iki-üç il ərzində Salman doğrudan da özünü çox, lap çox ucaltmağa nail olmuşdu — adicə laborant idi Gülmirə, beş ay keçməmiş kiçik elmi işçi keçirtmişdi, mövzu vermişdi, indi də elmi əsərinin vəziyyəti ilə maraqlanır, hətta vaxtilə özünün kəşf etdiyi Füzuli avtoqrafını da könüllü surətdə onun adına çap elətdirmək istəyirdi. Hələ bu nə idi ki, professor Gülmirənin tənbəlliyini bildiyi üçün bu çox vacib işi təxirə salmamaq, başqalarının, məsələn Cəfərin həmin məsələdə qabağa düşməyinin qarşısını almaq xatirinə, məqalənin mətnini də özü diktə eləmiş, yazdırmışdı, Bu yaxşılıq deyildi, bəs nə idi? Kim kim üçün belə edərdi? Heç kəs! «Nadirə mənim xatirimi — özünün dediyinə görə — kiçik bacı kimi çox istəyir. Ancaq o belə eləməzdi. Yox, eləməzdi. O, elə tələb eləməyi bilir, bir partkom kimi ancaq tələb eləməyi bilir. İşləmək lazımdır! Vəssalam, onun sənə qayğısı bundan ibarətdir. Amma Salman əmim... Yoxdur ondan, bir dənədir Salman əmimdən»—deyə Gülmirə ailəvi yaxın olduğu bu ər-arvadı fikrən müqayisə edirdi, istər-istəməz və belə müqayisələr zamanı öz «yaxşılığı», «xeyirxahlığı» ilə Salman onu—arvadı Nadirəni həmişə kölgədə qoyurdu. Gülmirə özünü Salmanla güclü hesab edirdi. Son günlər isə o, Orxanın «əyani» köməyini görəndən sonra büsbütün arxayınlaşmış, keçəcəkdə çətin, dolaşıq, basırıq yollarda həmişə onun üçün yaşıl işıq yanacağını düşünüb rahatlanmış, indiyə qədər qəlbini üzən ümidsizlikdən, inamsızlıqdan yaxasını qurtarmışdı. Demək, iki nəhəng — elmin iki böyük nəhəngi onun arxasında dayanmışdı. Orxan ona dəlicəsinə vurulmuşdu, düzdü, ürəyini hələ açmamışdı, güman ki, heç aça da bilməyəcəkdi— ancaq o bu məhəbbəti xatirinə Gülmirənin bir sözünü iki eləməzdi, deməmiş belə onun «əsərlərini» yazardı — özü də tək birini yox, ömrü boyu yazardı, özü üçün yazmasaydı da, Gülmirə üçün yazardı. Orxanın dilsiz baxışları, yana-yana köks ötürməsi, son yazısını aparıb təzədən yazması və o gün də «mən sirr saxlamağı bacaran oğlanam!»— deməsi bu fikri ona möhkəmcə təlqin eləmişdi. Orxan bu münasibətilə, bu məhəbbəti ilə Gülmirə üçün son dərəcə maraqlı, oxunmamış, ləzzəti bihuşedici bir romana bənzəyirdi və cavan gəlini öz şirinliyi ilə hər gün bir az özünə cəlb eləyirdi. Gülmirə təmkinli, ağıllı olsa da, bu şirinlikdən, o həzzdən imtina edə biləcəkdimi?..

14 dəq

Başqa şairlərin şeirləri