Birinci hissə, on yeddinci fəsil
Səhifə 1 / 2
Gülmirə professorun kabinetindən çıxanda artıq axşam düşmüşdü: içəridə, Salman Qurbanzadə ilə üzbəüz oturub onun tələm-tələsik diktə elədiyi sözləri təntiyə-təntiyə yazdığından, bu gözlənilməz təklifin əsil mahiyyətini anlamadığı üçün xəyalında min yerə at çapdığından qız yamanca həyəcanlanmışdı, deyəsən hələ tərləmişdi də. Yaz axşamının yüngül mehi alnında, yanaqlarında gəzdikcə bədənini sərinlədir, bayaqdan naməlum hisslər əlində çırpınan ürəyini toxtadırdı.
Kommunist küçəsi ilə azca üzüyuxarı qalxmışdı ki, qeyri-iradi dönüb institutun pəncərələrinə nəzər saldı: Salman Qurbanzadənin dördüncü mərtəbədə yerləşən otağından hələ də işıq gəlirdi, azacıq o tərəfdə, içəri şəhərin qala divarlarının iri «daş dişləri» alaqaranlıq içində güclə seçilirdi. Gülmirə küçədə olsa da, o, işıq gələn pəncərənin arxasında, pardaxlanmış mizin dalında oturub işgüzar bir görkəmlə nə isə yazıb-pozan, əlini iri alnına qoyub tez-tez xəyala dalan Salman Qurbanzadəni təsəvvürünün gözləri ilə görür və Gülmirədə— elm aləminə təzə qədəm qoymuş, onun enişləri-yoxuşları, çəkişmələribərkişmələri, büdrəmələri, yüksəlişləri barədə tam təsəvvürü olmayan, ancaq hələlik zahiri parıltılarını, şan-şöhrətini, gurultu ilə səslənən «elmlər namizədi», «elmlər doktoru», «professor», «akademik» kimi ibarələrin doğurduğu məstedici həzzi uzaqdan-uzağa duyan Gülmirədə professor Salman Qurbanzadənin qeyri-adiliyi, nadirliyi, qadirliyi barədəki fikirlər getdikcə qüvvətlənir və gözlərini qamaşdırırdı. O, bir uşaq sadəlövhlüyü ilə atasının belə bir dostu olması ilə fəxr edir, küçəyə sığışmırdı. Onun nəzərində institutda işlədiyi bu iki-üç il ərzində Salman doğrudan da özünü çox, lap çox ucaltmağa nail olmuşdu — adicə laborant idi Gülmirə, beş ay keçməmiş kiçik elmi işçi keçirtmişdi, mövzu vermişdi, indi də elmi əsərinin vəziyyəti ilə maraqlanır, hətta vaxtilə özünün kəşf etdiyi Füzuli avtoqrafını da könüllü surətdə onun adına çap elətdirmək istəyirdi. Hələ bu nə idi ki, professor Gülmirənin tənbəlliyini bildiyi üçün bu çox vacib işi təxirə salmamaq, başqalarının, məsələn Cəfərin həmin məsələdə qabağa düşməyinin qarşısını almaq xatirinə, məqalənin mətnini də özü diktə eləmiş, yazdırmışdı, Bu yaxşılıq deyildi, bəs nə idi? Kim kim üçün belə edərdi? Heç kəs! «Nadirə mənim xatirimi — özünün dediyinə görə — kiçik bacı kimi çox istəyir. Ancaq o belə eləməzdi. Yox, eləməzdi. O, elə tələb eləməyi bilir, bir partkom kimi ancaq tələb eləməyi bilir. İşləmək lazımdır! Vəssalam, onun sənə qayğısı bundan ibarətdir. Amma Salman əmim... Yoxdur ondan, bir dənədir Salman əmimdən»—deyə Gülmirə ailəvi yaxın olduğu bu ər-arvadı fikrən müqayisə edirdi, istər-istəməz və belə müqayisələr zamanı öz «yaxşılığı», «xeyirxahlığı» ilə Salman onu—arvadı Nadirəni həmişə kölgədə qoyurdu. Gülmirə özünü Salmanla güclü hesab edirdi. Son günlər isə o, Orxanın «əyani» köməyini görəndən sonra büsbütün arxayınlaşmış, keçəcəkdə çətin, dolaşıq, basırıq yollarda həmişə onun üçün yaşıl işıq yanacağını düşünüb rahatlanmış, indiyə qədər qəlbini üzən ümidsizlikdən, inamsızlıqdan yaxasını qurtarmışdı. Demək, iki nəhəng — elmin iki böyük nəhəngi onun arxasında dayanmışdı. Orxan ona dəlicəsinə vurulmuşdu, düzdü, ürəyini hələ açmamışdı, güman ki, heç aça da bilməyəcəkdi— ancaq o bu məhəbbəti xatirinə Gülmirənin bir sözünü iki eləməzdi, deməmiş belə onun «əsərlərini» yazardı — özü də tək birini yox, ömrü boyu yazardı, özü üçün yazmasaydı da, Gülmirə üçün yazardı. Orxanın dilsiz baxışları, yana-yana köks ötürməsi, son yazısını aparıb təzədən yazması və o gün də «mən sirr saxlamağı bacaran oğlanam!»— deməsi bu fikri ona möhkəmcə təlqin eləmişdi. Orxan bu münasibətilə, bu məhəbbəti ilə Gülmirə üçün son dərəcə maraqlı, oxunmamış, ləzzəti bihuşedici bir romana bənzəyirdi və cavan gəlini öz şirinliyi ilə hər gün bir az özünə cəlb eləyirdi. Gülmirə təmkinli, ağıllı olsa da, bu şirinlikdən, o həzzdən imtina edə biləcəkdimi?..
O biri dayaq — Salman idi. Füzuli avtoqrafı... Evə gələ-gələ Gülmirə düşünür və düşündükcə də istər-istəməz ayaqlarını yerə möhkəm basır, özündə bir qüdrət və təpər duyurdu. Füzulinin dəsti-xətti. Onu Gülmirə birinci tapıb. Elm aləmində Füzuli ilə neçə yüz ildi nəhənglər məşğul olub — divanlarını, əl yazmalarını dönə-dönə oxuyublar. Ancaq, bir təsəvvür edin, heç kəs onun öz əlilə yazdığı bir kəlməni belə tapa bilməyib. Amma budur, Gülmirə Əlibəyli və Füzulinin öz dəsti-xətti... Qəzetdə çıxacaq, hamı oxuyacaq və hamı biləcək ki, bunu Gülmirə Əlibəyli tapıb! Nə böyük sevinc. Nə böyük səadət! O biri məqalə də çıxacaq, bu da!!! Hamı onu təbrik eləyəcək. Qulağına təbrik səsləri gəlir, Gülmirə yerə-göyə sığışmayan bir fərəh içində gülümsünür, hərəyə bir cavab verirdi. Bu ara küçədə kimsə— tanışlardan biri ona rast gəldi:
– Salam, Gülmirə!
Xəyalında qurduğu təntənəli təbrik mərasimlərindən ayılmayan Gülmirə yuxu ilə ayıqlıq arasında imiş kimi:
– Çox sağ olun!— dedi. Qadın bu cavabdan bir şey başa düşməsə də, Gülümsünüb keçib getdi: «Yəqin elə başa düşdü ki, mən «necəsən, Gülmirə?»—soruşdum». Ancaq qadın soruşub gedəndən sonra Gülmirə xəyal aləmindən ayıldı, qanrılıb keçənin qonşu qadın olduğunu görərək yanıldığını başa düşdü. Amma gec idi. Qonşu qadın artıq uzaqlaşmışdı və onsuz da ona bu daxili sevinci — fərəhi izah eləyib anlatmaq Gülmirənin imkan xaricində idi.
Üç-dörd addım da gedib darvazalarına çatdı və əməlli-başlı xəyal aləmindən uzaqlaşıb real həyatla üz-üzə dayandı; burada onun isti bir bucağı vardı, bura o, gəlin gəlmişdi, burada Əqdəmlə ilk dəfə bir yastığa baş qoymuşdu. Burada onun xətrini çox istədiyi Maşa xalası vardı — bu evin sahibi. Nə yaxşı ki, bu qoca, mərifətli arvad varmış, yoxsa Gülmirə lap dəli olardı. Əqdəmsiz günlərində o, Maşa xala ilə söhbət edir, dərdləşir, tənhalığını unudurdu. Anasıgilə gedib qayıdandan sonra, qalan boş vaxtlarını arvadla bir yerdə keçirir, darıxmırdı. Əqdəm gələndə isə, Maşa xala gözə az-az dəyirdi, öz guşəsinə çəkilir, cavanlara mane olmurdu, gedəndən sonra isə yenidən «zühur» eləyirdi. Onlar ana-bala kimi bir-birinə isnişmişdilər...
İndi Gülmirə içəri girəndə Maşa xalanı ağlayan görüb təəccübləndi. Nə isə bədbəxt bir hadisə üz verdiyini düşünüb həyəcanla xəbər aldı:
– Nə olub, Maşa xala? Niyə ağlayırsan?
– Heç... qızım?— Arvad eynəyini çıxarıb yaşlı gözlərini silə-silə cavab verdi,— Heç...
– Necə yəni heç?— Gülmirə əl çantasını köhnə, ortası çökmüş kreslonun üstünə atdı. — Bəs niyə ağlamısan, Maşa xala?
Maşa xala uşaq kimi burnunu çəkdi, eynəyini gözünə taxıb əlini stolun üstəki kitaba toxunduraraq altdan yuxarı Gülmirəyə baxıb soruşdu:
– Sən heç dəvə görmüsən, qızım? Gülmirə çaşqın halda:
– Də... və?— deyə çiyinlərini çəkdi — Hə,necə ki?
– Lap canlı dəvəni deyirəm ha?
– Hə, Maşa xala. Axı mən səndən ayrı şey soruşuram, soruşuram niyə ağlamısan. Sən isə dəvədən danışırsan. Dəvənin bura nə dəxli var axı, mən bilmirəm. — Gülmirə divanda əyləşdi. Maşa xalanın kədərli, qırışlarla örtülmüş üzündə solğun, zəif bir təbəssüm gəzib dolaşdı:
– Dəxli var, qızım. Bax, bu kitabı görürsən? Sizin yazıçının kitabıdı. Moskvada buraxıblar. Burda bir hekayə var, o məni ağlatdı, qızım.
Gülmirə boylanıb mavi cildli kitaba baxdı — İsfəndiyar Məlikzadənin kitabı idi. Maşa xala davam etdi:
– Burda «Dəvə» adlı bir hekayə var. Kiçik bir hekayədir.
– Dəvədən danışır?
– Hə, yazır ki, keçmişdə bir kişinin bir dəvəsi varmış. Günlərin birində bu dəvə itir. Sahibi dəvəni çox axtarır. Kəndbəkənd, oba-oba gəzir, nəhayət, dəvəsini bir köçəri obasında tapır və yüz dəvənin içində tanıyır. Oba başçısına ərz eləyir ki, bu dəvə mənimdir, onu mənə qaytar. Obanın ağsaqqalı dəvəni vermək istəmədiyindən deyir ki, sən nəylə sübut eləyərsən ki, bu dəvə sənindi. Dəvələr hamısı bir-birinə oxşayır, səninkinin də nəmi-nişanı yoxdur. Dəvə sahibi deyir, xeyir ağa, mənim dəvəm elə budu ki, var.
– Axı sən nəyə əsasən deyirsən bunu?
– Bu dəvənin ürəyində iki xalı, iki dağı var, ağa.
Oba başçısı gülüb onu ələ salır:
– Xi, xa. Sən onun ürəyini harda görübsən, kişi? Boş-boş şeylər danışırsan, kişi.
– Xeyir, ağa. Mən sənə deyirəm ki, onun ürəyində iki xalı, iki dağı var. And içirəm, o dəvə mənimdi, dəvəmi ver, gedim.
Varlı-dövlətli olan oba başçısı maraqlı bir əyləncə tapmış adam kimi sevinə-sevinə deyir:
– Səninlə mərc gəlirəm, o dəvəni indi kəsdirəcəyəm, əgər ürəyində iki xalı olsa, sənə bu dəvə sürüsündən ürəyin istəyən bir dəvəni bağışlayacağam. Yox, əgər sən deyən olmasa, onda o dəvənin dərisini dalına şələləyəcəm, deyəcəyəm, apar, ətini də biz özümüz yeyəcəyik. Dəvə sahibi çox yalvarır ki, mən yalan demirəm, dəvəni nahaq yerə kəsdirmə, heyif eləmə. Oba başçısı sözündən dönmür, kişi çarəsiz qalıb razılıq verir. Dəvəni kəsirlər, ürəyini çıxarırlar, yuyub bir teştin içində başçının və dəvə sahibinin hüzuruna gətirirlər, görürlər ki, doğrudan da dəvənin ürəyində iki dənə abbasılıq boyda xalı var. Dəvə sahibi gözlərinin yaşını güclə boğub:
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-teyyare-kolgesi-birinci-hisse-on-yeddinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Havalar tez-tez dəyişir; gah istidən adamın nəfəsi qaralır, gah elə sərin düşürdü ki, istər-istəməz pencəyi geyinməli olurdun. Qızmar yay günəşinin altında bərq vurub gümüş kimi parlayan Xəzərin və bürküdən nəfəsi tıncıxan şəhərin başı üzərinə nəhəng, ucu-bucağı görünməyən bulud çətir tutdu, hər yeri tutqun bir kölgə bürüdü. Elə bil, hava da azca soyudu. Aralıq otaqda, üstündə qara telefon aparatı olan mizin arxasında oturan pırpız saçlı katibə qız kimin üçünsə yazıb hazırladığı ezamiyyə vərəqəsini qeyd dəftərçəsinin arasına qoyub pəncərədən qaralmış göylərə baxdı və qeyri-iradi düşündü: «Günortadan o qədər də çox keçməyib, amma elə bil axşamçağıdı hava...» Telefonun cingiltili səsi onun fikrini qırdı. O, uzun, manikürlü dırnaqları olan əlini könülsüz halda dəstəyə uzadıb cır səslə dilləndi:– Bəli, institutdu... Akademik Aslanzadə? Bəli, burdadı... «Bilik» cəmiyyətinin iclasına ?.. Haçandı?.. Yaxşı, çatdıraram. Sağ olun.
Birinci hissə, on beşinci fəsilGülmirə Orxandan ayrılandan sonra idarəyə getmədi. «Birdən əlimdə məqaləni görən olar, xətti tanıyar», — deyə düşünüb birbaş evə sarı yollandı. Küçələrdə adam azdı. Hava isti olsa da, o, canında bir yüngüllük və rahatlıq duyurdu...Məqaləni salıb itirəcəyindən qorxurmuş təki, qəzeti sol döşünə bərk-bərk sıxmışdı. Nədənsə qəflətən ona elə gəldi ki, Orxanın əli burda, qəzetin arasındadır, bir anlığa o əlin hərarətini hiss eləyən kimi oldu. Və səksənərək qəzeti sinəsindən ayırdı...
Birinci hissə, on altıncı fəsilBaşı dümağ ağarsa da, gümrahlığını, çevikliyini itirməmiş, gündən-günə artan bir həvəslə elmi işə girişən, kitabxanaların köhnə, toz basmış künclərini, əlyazmalarını araşdıran Cəfər sevincdən dili söz tuta bilmədiyi halda Salmanın otağına girəndə professor uzun illərin sövqi-təbiisi ilə anlamışdı ki, burada nəsə mühüm bir məsələ var. İkicə saniyə sonra zənninin doğru olduğunu görüb özünün indi də məəttəl qaldığı ustalıqla Cəfəri sakitləşdirib onu ətraflı danışmağa qoymamış, əlindəki fotosurəti, əlyazmasını alıb stolun üstünə atmış və demək olar ki, zorla Cəfəri də itələyib bayıra çıxarmış:– İndi çox təcili işim var, prezident çağırıb,— deyərək qapını qıfıllayıb mərtəbələri aşağı enmişdi. Əslində o özü də sevindiyindən nə edəcəyini bilmədiyi üçün və ələ düşən yağlı tikəni itirməmək məqsədi ilə yollar aramaq üçün belə eləmişdi.
Birinci hissə, on səkkizinci fəsilSəhəri günü özünü azca nasaz hiss elədiyi üçün Salman işə çıxmadı. Hıqqıldaya-hıqqıldaya, zarıya-zarıya telefona yaxınlaşıb Aslanzadəyə zəng çaldı, icazə alıb yerinə girərək əməlli-başlı uzandı. Ərini kefsiz görən, ümumən evdə xəstə görməkdənsə, özü xəstələnməyi üstün tutan Nadirə əl-ayağa düşüb doktor çağırmaq istəyəndə Salman qoymadı: «Əşi, yüngülvarı şeydi, keçib gedər»,— deyərək onu sakitləşdirdi; buna baxmayaraq Nadirə balaca ev aptekindən aspirin tapıb isti çayla ərinə içirtdikdən sonra nigaran-nigaran idarəyə getdi. Professor darıxacağını hiss eləyib əl ataraq çarpayısının baş tərəfindəki kitab rəfindən «Şərq ədəbiyyatında realizm» əsərini götürdü və mütaliəyə başladı. Ancaq sətirlər gözünün qabağından qaçdığına görə, cümlələr, fikirlər ona dolaşıq və anlaşılmaz görünürdü, buna görə oxuduğu bir cümləni qayıdıb ikinci dəfə də nəzərdən keçirməli olurdu. Çox keçməmiş belə mütaliənin heç bir fayda verməyəcəyini kəsdirib kitabı yorğanının üstünə atdı. Çünki onun diqqəti burada deyil, dünən müvəffəqiyyətlə keçirdiyi «əməliyyatın» yanında idi. Professorun diqtəsi ilə, Gülmirənin öz əlilə yazılan məqalə onun seyfində, köhnə kağızlar yığılmış qovluğun arasındaydı.Salman ehtiyatlı tərpənib Gülmirəyə bəzi başqa məsləhətlər də vermişdi. Bütün bunlara baxmayaraq, Salman gecəni səhərəcən yerində qurcuxmuş, ilan vuran yatmışdısa da, o, çimir belə eləyə bilməmişdi. Bir tərəfdən qurduğu, o biri yandan da belə mühüm məsələnin ümumən əldən çıxması onu yamanca dilxor eləmişdi. Burda şəxsən o heç nə qazanmırdı. Arada əzab-əziyyət çəkən Cəfər, «nə yoğurub, nə yapan, hazırca kökə tapan» isə Gülmirə olurdu. Paxıl adamlar, bərk ayaqda, bununla da təsəlli tapmağı bacarırlar; Salmanın da təsəllisi bu idi. Ötən gecə yerində çalıxıb-çapalayan təkcə Salman deyildi, Gülmirə daha böyük və daha anlaşılmaz bir təlatümə düşmüşdü. Elə bir təlatümə ki, o, bu qurğunun əsil mahiyyətini tam aydınlığı və dərinliyi ilə hələ də anlaya bilmirdi. Bu, nə idi? Professor ona köməklik etmək istəyirdi. Belə köməklik olar? Bəlkə bu, Cəfərə qurulmuş bir tələdir. Elə isə bəs Gülmirə nə üçün onun «çörəyinə» mane olmalıdır? Axı onlar yoldaşdılar, eyni şöbədə işləyirlər. Kimə bu dərdi-sirri açmalı, kimdən məsləhət almalı? Orxana? Yox, axı, o heç kəsə sirr açmayacağına söz verib.
Başqa şairlərin şeirləri
Və nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
Bilin sizQohum-qardaş, dost-müsahib yanında,Günahkaram, günahkara bilin siz.
Ağrın alımSöz vermişdin canbir qəlb olmağa,Eyləmə bu qədər naz, ağrın alım.
GedirəmSeyr elədim İstambulun elini,Qədəm basıb İsfahana gedirəm.