Birinci hissə, on beşinci fəsil
Gülmirə Orxandan ayrılandan sonra idarəyə getmədi. «Birdən əlimdə məqaləni görən olar, xətti tanıyar», — deyə düşünüb birbaş evə sarı yollandı. Küçələrdə adam azdı. Hava isti olsa da, o, canında bir yüngüllük və rahatlıq duyurdu...
Məqaləni salıb itirəcəyindən qorxurmuş təki, qəzeti sol döşünə bərk-bərk sıxmışdı. Nədənsə qəflətən ona elə gəldi ki, Orxanın əli burda, qəzetin arasındadır, bir anlığa o əlin hərarətini hiss eləyən kimi oldu. Və səksənərək qəzeti sinəsindən ayırdı...
Həyətdə heç kim yox idi. Maşa xala harasa getmişdi. Qapını şıqqıltı ilə açıb içəri girdi. Tez-tez gəldiyindən tövşüyürdü. Nəfəsini dərdi, paltarını dəyişib üz-gözünə su çırpmamış, sərinləməmiş miz arxasına keçib məqaləni açdı, oxumağa başladı.
Səhifələr bir-bir çevrilirdi. Sərrast, aydın məntiqli cümlələrlə ifadə olunmuş fikirlər Gülmirəyə yeni və mənalı görünürdü. Sinəsi fərəhdən qabarır, gah Orxana minnətdarlıq edir, gah da indiyə qədər ona inamsızlıqla baxan, elmindən «gözləri su içməyən» Əqdəmin, Nadirənin, başqalarının qarasınca deyirdi: «Hə, baxın, oxuyun, görün necədir!..»
Gülmirə məqaləni oxuduqca Orxan onun nəzərində daha da böyüyür, - ona daha yaxın, daha doğma olurdu: «Qələminə qurban olum, ay Orxan, nə yaxşı yazmısan. Bax, bu heç mənim ağlıma gəlməyib, bunları özündən artırmısan... mənim dilim yoxdur, yazım yoxdur...» — deyə köks ötürə-ötürə oxumaqda davam eləyirdi
Qapı astaca döyüldü. Gülmirə oğurluq eləmiş adam təki, qəzetlə məqalənin üstünü tez örtdü və:
– Bəli!— dedi — Buyurun!..
Maşa xala başını içəri uzatdı, salam verib dedi:
– Gülya, Əqdəmçikdən məktub gəlib. — O, məktubu irəli uzatdı.
Gülmirə qapıya sarı yeridi, Maşa xalaya təşəkkür edib geri qayıtdı. Elə ayaq üstə məktubun ünvanına baxdı. Əqdəmin təkcə familiyası yazılmışdı: Həmişəki kimi ünvansızdı...
Ah çəkib oturdu. Məqaləni yenə qabağına qoydu. Bir gözü isə məktubda idi: «Nə yazacaq? Hər dəfə yazdığını...» Bu dəqiqə məqalə onu daha çox cəzb eləyirdi. Məqalə onun həyatında nəsə eləməli idi: ona qarşı olan ümidsizliyi qırmalı, daim qorxu, utancaqlıq hissi ilə gəzib dolanan Gülmirənin ürəyini, müvəqqəti də olsa, toxtatmalı idi. Bəs məktub? Bu ara Gülmirə başını qaldırıb Əqdəmin divardakı iri şəklinə baxdı. Əqdəm də ona baxırdı. Şəkil çəkdirəndə Əqdəmin üzündə bir təbəssüm var idi. Ancaq indi, deyəsən, bu təbəssüm Gülmirənin gözünə dəymirdi, elə bil o ciddiləşmişdi, amma bir söz demir, durub lal — dinməz baxırdı. Gülmirə onun bu ciddi baxışları altında sarsılan kimi oldu, ona elə gəldi ki, Əqdəm stolun üstündəki məqaləni görür, ona görə belə ciddiyyətlə baxır. Gülmirə məqaləni qatlayıb kənara qoydu.Zərfi cırıb dəftər vərəqinə yazılmış sözləri nəzərdən keçirməyə başladı.
«Mənim şəgərim, qolum, qanadım!»— sözləri ilə başlayan bu kiçik kağızında Əqdəm ondan sarı bərk darıxdığından, yaxın vaxtlarda görüşəcəklərindən söhbət açır, nigarançılığından danışırdı: «Səni yuxuda tez-tez görürəm. Bilmirəm başında nə var? Bu axşam da yuxuma girmişdin. Görürəm bir sıldırım qayanın üstündəsən, aşağı baxanda adamın gözü qaralır. Sən başını açıbsan, külək saçlarını sifətinə dağıdıb oynadır. Acıqlısan, ağlayırsan. Deyirsən ki, sənin acığına özümü bu uçuruma atacağam... Mən sənə yalvarıram ki, atma! Ancaq sən mənim sözümə baxmırsan... qışqırıb ayıldım... Qan-tər içindəydim. Anamın sözü yadıma düşdü: pis yuxunu o, həmişə tərsinə yozardı...»
Əqdəm məktubun başqa yerində Gülmirəyə ayrı bir xəbər yazmışdı: «Mağazada yaxşı şuba vardı. Qarasından birini götürdüm sənə. Axı, sənin qaradan xoşun gəlir. Gələndə gətirəcəyəm». Nə vaxt gələcəyi barədə bir söz yazmamışdı.
Gülmirə məktubu oxuyub qurtardı. «Bilmirəm başında nə var?» «Uçurum», «Şuba» sözləri beynində dolaşırdı. O, kağızı zərfin içinə qoyaraq başını ağır-ağır qaldırıb Əqdəmin şəklinə baxdı və canlı adamla danışırmış kimi:
– Başımda heç nə yoxdur. Şubasız da qışdan çıxaram,— dedi.
– Sən özün mənə lazımsan. Əqdəm, şuban yox!:— Qəhər Gülmirəni boğdu. O, elə oturduğu yerdəcə başını mizin üstündəki məktubun, məqalənin üstünə qoyub gözlərini yumdu: «Ürək dolusu sevinmək mənə qismət olmayacaq deyəsən... həmişə belə olub: elə yenicə sevinməyə başlayanda...» Fikrini tamamlaya bilmədi, gözlərinin isti yaşı axıb kağızların üstünə töküldü. «Mən bədbəxtəm!..— deyə səyriyən dodaqları ilə pıçıldadı. — Romantika məni məhv elədi.
Təyyarə, göylər, hərbi geyim... Zahiri pırıltılarmış! Məktubla, şuba ilə arvad saxlamaq olmaz!..»
Başının altındakı kağızdan Əqdəmin səsi gəlirdi:
«— Mənim şəkərim, qolum, qanadım». Başının altındakı qəzetə bükülü məqalədən Orxanın səsi eşidilirdi: «Mən sənin əziyyətini ömrüm boyu çəkməyə hazıram...»
Gülmirə başını qaldırdı.
Stolun üstündəki stəkanda bir gül saralıb—solmuşdu. Bu, o gün Orxanın idarəyə Gülmirə üçün gətirdiyi gül idi.
Gülmirə gözünün yaşını silib ah çəkdi və məqalənin ardını oxumağa başladı.
İyirmi dəqiqə sonra məqaləni oxuyub qurtardı. O qədər xoşuna gəldi ki, sevindiyindən heç bilmədi neyləsin. Əvvəllər öz məqaləsinin pis olduğu onu qorxudurdusa, indi üzərində onun adı yazılmış məqalənin bu qədər dərin və elmi olması Gülmirəni narahat eləməyə başladı: «Yəni inanarlarmı ki, mən bu cür dərin və savadlı bir məqalə yazmışam? Şübhələnərlər! Yox, niyə şübhələnərlər, axı? Mən lap başımı itirmişəm a! Sağ ol, Orxan, sənə heç bilmirəm necə təşəkkür eləyim,— deyə yenə onun haqqında fikirləşdi. — Qəribə oğlandır... Heç indiyəcən bir qıznan, qadınnan oturub-durduğunu görməmişəm. Deyəsən, elə ilk vurulduğu mənəm. Eh, Orxan, Orxan!...»
Gülmirə məqalənin üzünü ağartdı. Bu onun üç-dörd saat vaxtını aldı. Qurtarandan sonra Orxanın yazdığını xəlvət bir yerə qoyub gizlətmək istədi. Ancaq fikrini dəyişdi: «Yox, ələ keçə bilər. Əqdəm mənim yazı-pozumla maraqlanır»,— deyə düşündü. Ürəyi istəməsə də, heyfi gəlsə də, o, məqaləni tikə-tikə eləyib zibil yeşiyinə atdı:— «İzi-tozu da qalmasın...»
Gülmirə telefona yanaşıb dəstəyi götürdü. Ani tərəddüddən sonra Orxangilə zəng elədi, təşəkkürünü bildirmək üçün.
– Alo... Orxan?..
– Sənsən, Gülmirə?!— deyə Orxan dəstəyi götürən kimi onu səsindən tanıyıb çaşqın halda xəbər aldı.
– Nə bildin mənəm, Orxan?
– Telefonda səsini çıxarmasan da, nəfəsindən tanıyıram səni! Gülmirə Orxanın bu sözləri müqabilində heç nə tapıb deyə bilmədi.
– Səndən nə əcəb, Gülü?
– Orxan, məqaləni oxudum, o qədər xoşuma gəldi ki!.. Necə deyim, heç bilmirəm. Çox sağ ol, Orxan. Sənə ömrüm boyu minnətdar olacağam.
– Bu mənim üçün ən böyük səadətdir, Gülü!
Gülmirə özünü itirdiyindən «sağ ol» deyib dəstəyi yerinə asdı. Aradan iki həftə keçdisə də, Gülmirə məqaləni üzə çıxartmadı. Orxan bir dəfə pillələrin başında Gülmirədən soruşdu:
– Bəs məqalə hanı?
– Evdə.
– Niyə ortalığa çıxartmırsan, çap elətdirmirsən? Gülmirə tərəddüdlə dilləndi:
– Düzü, ehtiyat eləyirəm.
– Nədən, Gülmirə?
– Qorxuram, bir adama deyərsən, sonra biabır olaram,— deyə qız neçə gündən bəri onu rahat buraxmayan qorxusunu Orxana açıb dedi.
– Deməli, sən mənə inanmırsan, eləmi?— Orxan incik-incik soruşdu.
– Yox, yox. İnanıram. Ancaq...
– Uşaqlıq eləmə, get yazdır, Gülmirə. Sənə bu saat məqalə su kimi, hava kimi lazımdır,— deyə Orxan qıza bərk-bərk tapşırdı və axırda da həlim səslə:
– Məndən arxayın ol, Gülü, mən sirr saxlamağı bacarıram. — dedi.
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-teyyare-kolgesi-birinci-hisse-on-besinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
«Dünyada heç kəsin inamını öldürüb, əl-qolunu yanına salma. İnam öldürmək insan
II fəsilBirdən Bəhruzun bütün bədəni gizildədi, tükləri ürpəşdi. Çaşmış halda sükanı gah sağa, gah sola burdu. Gözlərini geniş açaraq irəli boylandı. Yeddi-səkkiz addım qabaqda daş dirəyin yanında bir adam çırpınırdı.– Qulam, Qulam, – deyə o, azca bundan qabaq onu ötüb keçən maşının ardınca qışqırdı, öz sürücü yoldaşını köməyə çağırdı. Ancaq Bəhruzun səsi eşidilə bilməzdi, maşın xeyli aralanmışdı. Bəhruz maşını nə vaxt yolun qırağına verdi, nə vaxt əyləyib yerə atıldı – özü də bilmədi. Bircə dəqiqə keçməmiş artıq o, yerdə çırpınan adamın başının üstündə idi.
III fəsilKişinin huşu özündə deyildi. Nə gözlərini açır, nə də bir söz deyə bilirdi. Qanı dayanmırdı. Şəfqət bacıları onun qanlı paltarlarını dəyişdirib ağ tuman-köynək geydirmiş, cərrahiyyə otağındakı divana uzatmışdılar. Baş həkim Rasim Sultanzadə yaralını müayinə edirdi. Sol əlini dizinin üstünə qoyub xəstənin nəbzini yoxlayan həkimin çal qaşları altından baxan iri, ala gözləri yaralının qabarlı əllərinə dikilib qalmışdı. Ürəyi zəif vururdu. Çoxlu qan itirmişdi. Sultanzadə kişinin başını da diqqətlə yoxladı. Arxa tərəfdən, sıx qara tükün içindən qan sızırdı.– Balaxanım!.. – deyə o, təkərli xərəyin sağ tərəfində dayanmış qadına müraciət etdi.
IV fəsilBəhruzun gözü pillələrdə idi. Bəlkə bir xəbər gətirən oldu. Gələn yoxdu. Səbirsiz halda durub gəzinməyə başladı.Narıngül xala Bəhruzu görüb:
Başqa şairlərin şeirləri
Ey səba, qıl bir güzər ol bivəfa sarisinə,Ərzə qıl miskinligim yoldaşların varisinə.
TəcnisQəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,
Sevimli adamları tez aparır TanrıSevdiyi adamlarıtez aparır Tanrı,
Dilim fəğan iləvü, didə qan ilən doludurDilim fəğan ilədü, didə qan ilən doludur,Könül səhifəsi şərhü bəyan ilən doludur.