Səhifə 1 / 2

«Dünyada heç kəsin inamını öldürüb, əl-

qolunu yanına salma. İnam öldürmək insan

öldürməyə bərabərdir, oğul!»

(Atamın məktublarından)

az yağışı yağdı da, kəsdi də. Seyrək bulud topaları,

dağılaraq cənuba sarı axıb getdi. Gün çıxdı, göyün üzü

Y

açıldı. Hava elə saflaşdı, elə yüngülləşdi ki...

Burula-burula şəhərə doğru uzanan asfalt yol indi qara ayna kimi parıldayırdı; üstündə yerisəydin şəklin düşərdi. O yanda, gündoğanda, üfüqlərin ətəyinə toxunan mavi dənizdə isə uzun bir zolaq əmələ gəlmişdi; elə bil qızıl pullu nəhəng bir balıq kürəyini sudan çıxardıb özünü günə verir, şirin-şirin xumarlanırdı. Qumlu sahildən azca aralı, suyun içində, dirəklər üzərində düzəldilmiş taxta mərələrə sığınıb yağışın keçməsini gözləyən həvəskar balıq ovçuları qalxıb gərnəşir, gəzişib qırışıqlarını açır, ancaq nəzərlərini sudan, tilovdan çəkmirdilər.

Motor uğultusu eşidildi. Dağın döşündəki daş karxanasından nərildəyə-nərildəyə bir maşın qalxırdı; yükü ağır, yolu yoxuş və sürüşkən olduğundan güclə irəliləyirdi. Kənardan baxana elə gəlirdi ki, radiatorun üzərində ayağını yerə bərk dirəyərək, boynunu irəli uzatmış vəziyyətdə təsvir olunmuş iribuynuzlu öküz də maşını bu sürüşkən yoxuşdan çıxarmaq üçün belə zor eləyir.

Çətin yol qurtardı. Maşın asfalta çıxıb şəhərə sarı döndüyündən adi qaydada işləməyə başlayan motorun səsi yaş asfalt üzərində qəribə qıjıltı ilə hərlənən təkərlərin səsinə qarışıb su şırıltısına bənzər qulaq oxşayan bir ahəng əmələ gətirdi. Tək motor yox, sükan arxasında oturmuş enlikürək oğlan da nəfəsini dərib rahatlandı. Sonra başını pəncərədən bayıra çıxartdı, qapının böyründə dəmir çubuğun ucuna bənd edilib azacıq yana əyilmiş balaca, girdə aynada arxaya figir verdi. Daldan maşın gəlmirdi. Nəzərlərini dolandırıb güzgüdə gözucu özünə baxdı. Külək qara, cod saçlarını oynadır, uzun kirpiklərini titrədir, qolsuz, mil-mil köynəyinin açıq yaxasından içəri dolub bədənini sərinlədirdi. Sol əlini qaldırıb adəti üzrə bığını sığallamaq istədi. Ancaq bığ yerinin tərtəmiz olduğunu görüb, əlini aşağı saldı, sükan çarxının üstünə qoydu.

«Bığımı yaxşı elədim vurdum, məni yaşlı adama oxşadırdı. Xatirə düz deyir, cavana bığ o qədər də yaraşmır. Amma Toğrul ay güldü ha!..».

Toğrul Bəhruzla Xatirənin ilki idi. İki yaşı üç həftə bundan irəli tamam olmuşdu. Şirincə danışırdı. Xatirə demişkən, lap yeməli vaxtı idi. Bəhruz hər gün axşamçağı işdən gələndə Toğrul atasının qabağına qaçıb qucağına atılır, o da aşağı əyilib uşağı yerdən üzür, bağrına basaraq üz-gözündən öpürdü. Bu vaxt onun «gürcü bığı» Toğrulun sifətini dalayır, uşaq özünü kənara çəkib üz-gözünü qırışdırırdı:

– Uuf, titan!..

O, bu sözü elə şirin deyirdi ki, Bəhruz da, Xatirə də istər-istəməz gülürdülər. Dünən Toğrul yenə bu sözü dilinə gətirəndə Xatirə onu atasının qucağından alıb:

– Ay Bəhruz, sən allah, bu bığını vurdur getsin. Uşağın-böyüyün üzünə tikan kimi batır, – dedi. – Nəyə lazımdır ey!

– Həə? Böyüklərin də şikayəti var imiş ki, mənim bığımdan. Yaxşı, onda vurduraram.

Bu gün səhər Toğrul yuxudan ayılanda atasını bığsız görüb təəccüblənmişdi. Anası bunu sezib:

– Toğrul, atanın bığı hanı? – dbyə soruşmuşdu. Toğrul əllərini yana açaraq:

– Hanı?– demişdi.

Xatirə də eyni hərəkətlə onu yamsılamışdı:

– Hanı?

– Qokqı

– Bəs necə oldu?

– Piş-piş apaldı.

Hər ikisini gülmək tutmuşdu.

İndi bu söhbət yadına düşəndə Bəhruzun dodağı qaçdı. Başını çöldən çəkib düz oturdu. Şüşəsi sınıb tökülmüş ampermetrin yerinə saldığı balaca şəklə – oğlunun şəklinə baxdı. Bunu o, Toğrulun ad günündə fotoaparatla özü çəkmişdi. Uşaq gülürdü. Xırda dişləri mirvari kimi ağarırdı. İri, qəşəng, qatlama kirpikli gözləri qıyılmışdı. Hiss eləmək olurdu ki, o, nəyəsə ürəkdən gülür. Həssas bir adam bu şəklə diqqət yetirsəydi, uşağın ürəkdən qopub gələn, sifətinə işıqlılıq, məsumluq bəxş edən o şaqraq gülüşünü açıq-aydın eşidə bilərdi – Bəhruz eşidən kimi..

Ata oğlunun şəklinə baxa-baxa qəlbində astaca bu sözləri pıçıldadı: «Gül, bala, gül. Qoy bu qayğısız gülüşlər ömrünün yaraşığı olsun. Dərd, qəm bilməyəsən. Bax, beləcə böyüyəsən, gülə-gülə böyüyəsən. Mənim gördüyüm o sıxıntılı günləri sən görməyəsən, oğul!»

Bəhruzun uşaqlığı ağır müharibə illərinə düşmüşdü. Neft mədənlərində fəhlə işləyən atası Rüstəm elə dava başlanan günü cəbhəyə getmiş, Umleyla öz körpəsi ilə İçəri şəhərdə, Xan sarayının yanındakı yarımzirzəmi evdə tək qalmışdı. Bəhruzun onda beş yaşı ancaq olardı. Çox çəkmədi ki, başsız qalan bu kiçik ailənin güzəranı ağırlaşdı. Umleyla qonum-qonşunun məsləhəti ilə maşınqayırma zavodunda işə girdi. O vaxt zavod cəbhə üçün hərbi sursat hazırlayırdı. Umleyla da kinini, qəzəbini, həsrət və intizar dolu göz yaşlarını qırmızı dillərini çıxardıb, gur-gur guruldayan marten sobalarında əridilib düzəldilən silahlara, mərmilərə qatıb cəbhələrə göndərdi. Bu iş Umleylaya o ağır illərdə nə qədər də böyük təsəlli verdi. Ancaq bununla belə Umleylanın çatma qaşlarının düyümünün açıldığını, ağ, əsmər üzünün güldüyünü görən olmadı. O, səhər tezdən gedir, axşam şər qarışandan sonra ancaq qayıda bilirdi. Bəhruz evdə tək qalırdı. Dörd divar və o. Oynamaq istəyirdi. Oyuncaq istəyirdi. Təzə paltar istəyirdi. Ürəyi çox şey istəyirdi. Ancaq o, bunların heç birini görmədi. Sanki quruca nəvazişi də ona qıymamışdılar. Bəs nəvaziş necə olmuşdu? O da əsgər getmişdi. Bəli, döyüş illərində tək adamlar yox, hisslər, duyğular da səfərbərliyə alınmışdı.

Məhəbbət də, nəvaziş də, qəzəb də, kin də müharibəyə getmişdi, düşmənlə vuruşa getmişdi.

İllər tarixdə, ürəklərdə silinməz izlər buraxaraq karvanını çəkib ağır-ağır getdi. Müharibə qurtardı, odun-alovun içindən çıxa bilənlər qayıtdı. Rüstəm də gəlib çıxdı. Sağ-salamat. Ailənin əl-ayağı bir yerə yığıldı, vəziyyət tezliklə yaxşılaşdı. Sevinc içində şad-xürrəm yaşamağa başladılar. Bəhruz nə istədisə, alındı. Təzə paltar, ayaqqabı... Ancaq onlar Bəhruz üçün tək bircə şey ala bilmədilər, tək bircə şey... Oyuncaq! Çünki o artıq uşaq deyildi, oyuncaq oynadan vaxtı keçmişdi...

Bəhruz özü indi ata idi. Ata nəvazişinin, ana qayğısının dadını, nəşəsini görmüşdü. Onda qəribə bir adət əmələ gəlmişdi; hər gün işdən qayıdanda hökmən yolunun üstündəki mağazalardan birinə dönər, Toğrula heç olmazsa kiçik bir oyuncaq alardı. Bəhruz vaxtı ilə məhrum olduğu öz oyuncaq payını oğluna gətirmək, onu sevindirmək, qayğısız gülüşlərindən zövq almaq, onun sevincində öz fərəhsiz uşaqlıq illərinin sevincini görmək istəyirdi.

Xatirə evdə oyuncaq yığışdırmaqdan bezmişdi:

– Ay Bəhruz, – deyirdi, – bu qədər oyuncağı neynirsən axı, bilmirəm. Ta oyuncaq əlindən tərpənmək olmur!..

Bəhruz başını mənalı-mənalı tərpədir:

– Yox, Xatirə, bunlar sadəcə oyuncaq deyil, əzizim, – deyirdi. – Bax. bunları görürsən? Bunların hərəsi bir dünya sevincdir. Xatirə, yerə-göyə sığışmayan sevincdir. Mən məhrum olmuşam, sən məhrum olmusan, bizim nəsil məhrum olub, barı qoy bunlar olmasın, Xatirə!..

– Düz deyirsən, Bəhruz! – deyə bu zaman Xatirə fərəhindən göyün yeddi qatına qalxır, belə həssas bir adamla ömür-gün yoldaşı olduğuna şadlanırdı.

...Onlar neçə il əvvəl, yaz vaxtı kitabxanada tanış olmuşdular. Xatirə o zaman kitabxanaçılıq texnikumunu yenicə bitirmiş, mərkəzi şəhər kitabxanasında işə girmişdi. Qabağına qalın-qalın kitablar töküb oxuyan, icmal tutan tələbələr, oxucular buraya – abonement şöbəsinə bəstəboylu, uzunhörüklü, qaşlarının qövsü azca yuxarı dartılmış ağ - paltarlı bir qızın gəldiyini görəndə maraqla, diqqətlə baxmağa başlamışdılar. Neçə gün şöbənin qabağında oxucu əlindən tərpənmək mümkün olmamışdı. Xatirə də, onunla işləyən qızlar da kitab daşımaqdan əldən düşmüşdülər. Xatirə bütün bu həngamələrin çoxusunun ancaq ona görə edildiyini duyurdu. O, bundan yamanca xəcalət çəkirdi. Hətta, bir dəfə onunla işləyən Səlimə adlı qız lap bərkdən demişdi:

– Xatirə gələndən oxucularımızın sayı, maşallah, xeyli artıb. Planı iki yüz faiz yerinə yetiririk. O qədər kitab dalınca gedib-gəlməli oluruq ki, gecə yatanda da ayaqlarımız gizildəyir. Mağıl sakitcə oturmuşduq yerimizdə.

O zaman Xatirə bu sözləri eşitməməzliyə vurmuşdu.

Günlər keçdikcə Xatirə də özündən əvvəlki qızlar kimi oxucuların gözündə adiləşmiş və bir qədər rahat olmuşdu. Daha gah həris, gah vurğun baxışları az görür, az hiss edirdi. Ancaq o, bu baxışlar arasında bir cavanın – göy satin pencək geyib qolunu çırmamış, gur saçlı, gülümsər sifətli Bəhruzun məftun baxışlarının sehrindən yaxa qurtara bilmədi. Onda Bəhruz orta məktəbi təzəcə bitirmişdi. Sənədlərini instituta verib, imtahanlara ciddi hazırlaşan Bəhruz soyuqdəymədən qəfil xəstələnib xəstəxanaya düşmüş və buna görə ali məktəbə girə bilməmişdi. Gələn il üçün o, indidən hazırlıq görür, saatlarla başını kitab-dəftər üstündən qaldırmırdı. Gözləri acışana, beyni yorulana qədər oxuyurdu.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İkinci hissə, onuncu fəsil

Salman bu ikicə gündə, demək olar ki, qocalmışdı. O boyda kişi büzüşüb-bükülüb yumağa dönmüş, şən, gülərüz çöhrəsi solub ağarmışdı. Deyib-danışmır, həmişə fikirli-düşüncəli gəzib dolanır, başını qaldırıb adamların gözünün içinə dik baxmağa utanırdı. Nadirənin məqaləsi Salmanın ürəyində sağalmaz bir yara açmışdı. Əgər o, arvadının yazdığını çap olunmamışdan əvvəl, əlyazması şəklində stolun üstündən götürüb oxumasaydı, bəlkə də ürəyi bu qəfil zərbəyə dözməyib partlardı. Onda Salman məqaləni cırıb yandırmaq istəmişdi, ancaq sonra fikrini dəyişib «Lənət sənə kor şeytan!» — demişdi. Həm də özü ondan qabağa düşüb məqaləsini çap etdirdiyinə görə Nadirənin təzədən bu məqaləni dərc etdirəcəyinə, o cavanın da, üstəlik Salmanın özünün də yazdığını heç-puç edəcəyinə o qədər də inanmamışdı.Lakin Nadirə, görünür, heç vaxt öz elmi prinsipiallığından əl çəkmök fikrində olmayacaqdı.

6 dəq
İkinci hissə, on birinci fəsil

Gülmirənin yanaqları pörtmüşdü, ürəyi şiddətlə döyünür, gözləri məst adamın gözlərinə oxşayırdı. Sifətinin qızartısı onu daha da qəşəngləşdirmişdi. O gördüyünə inanmaq istəməyənlər təki, hələ də mətbəə iyi verən boz cildli məcmuənin altmış beşinci səhifəsində iri, qara hərflərlə yazılmış adını, familiyasını təkrar-təkrar oxuyur, səhifələri dönə-dönə vərəqləyir və bundan indiyəcən heç vaxt, heç yerdə hiss eləmədiyi bir nəşə alırdı. Bu onun mətbuatda çap olunan ikinci məqaləsi idi. Birincisini hesaba almırdı; çünki göydəndüşmə bir şey kimi idi: necə yazıldığı, niyə yazıldığı, qəzetdə nə üçün Gülmirənin adına çap olunduğu ona yuxu kimi gəlirdi. Amma bu? Bunda onun az da olsa zəhməti vardı. O, əzab çəkə-çəkə günlər, aylarla həmin mövzu üzərində düşünmüşdü. Düzdür, Orxan onun «libasını» başdan-ayağa dəyişmişdi. Hər halda həmin məcmuədə akademiklərin, professorların, elmlər namizədlərinin adları ilə bir cərgədə onun da adı vardı. Məgər bu balaca işdi, kiçik müvəffəqiyyətdi? İndi ona «qabiliyyətsiz», «istedadsız» deyənlər öz sözlərini geri götürərlər. Biri bax, o Nadirə xanım, biri də elə əri Əqdəm...İnstitutda, şöbədə yoldaşları onu təbrik edir, əlini sıxırdılar. Gülmirə stolunun üstünə yığdığı müəllif nüsxələrinin üstünü yazır, dostlarına verirdi. Birini professora təqdim etmişdi. Nadirə xanımın payını aparıb stolunun üstünə qoydu və zəif səslə:

10 dəq
İkinci hissə, on ikinci fəsil

Şəhərdə görünməmiş istilər başlanmışdı. Günəş dənizdən baş qaldırıb çıxandan ta uzaqlarda gözdən itənəcən yeri-göyü yandırıb-yaxırdı. Qır döşənmiş yollar, səkilər elə yumşalmışdı ki, yeriyəndə adamın ayağının izi qalırdı. Axşam çağları suçiləyən maşınlar küçələri dolaşıb isladanda yerdən buğ qalxırdı.Damların çardağı altında, navalçalarda, hündür ağaclarda yuva salmış boz sərçələr dalda yerə qonaraq ağızlarını taqətsiz-taqətsiz açıb yumurdular.

9 dəq
İkinci hissə, on üçüncü fəsil

«Quş qanadla uçar; insan diləklə» deyiblər. Uzun müddət zəifliyin, inamsızlığın əzablı məngənəsində sıxılıb yumağa dönmüş Gülmirənin məqalə çıxandan sonra qırışığı açılmış, şax gəzməyə, şad görünməyə başlamışdı. O özündə olmazın güc-qüvvət hiss eləyir, arabir ürəyinin dərinliklərində oğrun-oğrun baş qaldıran mənfur qorxu, utancaqlıq, gücsüzlük duyğusunu boğur, həvəsə, inama sığınaraq onların qadir qanadlarında havalandıqca havalanırdı.Orxan da elə adam deyildi ki, elədiyi az-maz yaxşılığı hər dəqiqə xatırladıb baş qaxıncı eləsin. Orxan Gülmirənin qorxduğunu, əzab çəkdiyini duyurdu, nəinki yada salan bir şey demir, hətta son vaxtlar ona baxmağa, uzun-uzadı söhbət eləməyə belə çəkinirdi: «Qoy sıxılmasın, qoy o gözəl çiçək özünü şax tutsun, xırdalanıb balacalaşmasın!..» — deyən Orxan ürək çırpıntıları ilə onun gözəlliyini təkrar-təkrar yad edir, belə qəşəng bir qadını sevdiyinə görə özünü xoşbəxt sayırdı.

13 dəq

Başqa şairlərin şeirləri