İkinci hissə, on ikinci fəsil
Şəhərdə görünməmiş istilər başlanmışdı. Günəş dənizdən baş qaldırıb çıxandan ta uzaqlarda gözdən itənəcən yeri-göyü yandırıb-yaxırdı. Qır döşənmiş yollar, səkilər elə yumşalmışdı ki, yeriyəndə adamın ayağının izi qalırdı. Axşam çağları suçiləyən maşınlar küçələri dolaşıb isladanda yerdən buğ qalxırdı.
Damların çardağı altında, navalçalarda, hündür ağaclarda yuva salmış boz sərçələr dalda yerə qonaraq ağızlarını taqətsiz-taqətsiz açıb yumurdular.
Şəhərdən adam xeyli azalmışdı; bəzi ailələr yaylaqlara, Abşeron bağlarına, dəniz kənarına axışıb getmişdilər.
Bu istilər Müseyibin vecinə deyildi, giley-güzarı yox idi, çünki o, yay-qış həmişə yük daşımışdı; camaat soyuqdan donanda o, barmağı ilə alnının tərini silərək yerə tökmüşdü. Onu narahat eləyən isti yox, Salman idi, qızı Nadirə idi.
Salmanın o günkü soyuqluğu, gözlərindəki istehza, dodaqlarındakı ikrah qarışıq təbəssüm vaxt ötüb sovuşduqca ona daha çox yer eləyirdi, yeddi qatından keçirdi.
«Demək, belə... Mənim yükçü olmağım bunun şəninə kəsir imiş. Böyüyüb. Alim olanda nə olar? Ağac bar verəndə başını aşağı dikər. Tfu! Mənim bəxtim belədi. Heç kəsdən yarımadım». Kişi ürəyinin lap dərinliyində kürəkənindən çox-çox incidiyini duyub kədərlənirdi. Əvvəllər belə deyildi. Əvvəllər gələndə Müseyibi ayrı cür qarşılardı. Nərd oynayardı. Qonaq çağırsaydılar, Müseyibi də özləri ilə aparardılar. Onda Müseyibin əlinin bütün qazancı təzəcə uyuşmuş, hələ bərkdən-boşdan çıxmamış bu kiçik ailənin cibində, əynində və süfrəsində idi. Ötən illərdə poçt işçiləri hər ay bir dəfə Salmanın qapısını döyüb pul kağızı gətirəndə o özü də, arvadı da hədsiz dərəcədə sevinirdilər, bu kişinin yaxşılığının əvəzini necə çıxacaqlarını düşünüb: «Sağlıq olsun, əlimiz bir yerə çatar, biz də adamlığımızı göstərərik» — deyirdilər. Çünki onda Salman adicə bir aspirant idi. Onda Müseyibin vağzalda onun-bunun yükünü daşımasının Salman üçün heç bir eybi-filanı yox idi. Bəli, onda belə idi. Amma indi... indi bu, Salmanın ad-sanına ləkə imiş. Hambal Müseyibin kürəkənidir. Bundan ehtiyat eləyir».
Sorğular-suallar çözələnir, kişi düşündükcə qızının da ona göstərdiyi canıyananlıq, qayğıkeşlik bir saxtakarlıq pərdəsinə bürünüb onun gözlərində əriyir, heç olub gedirdi.
«Al bu pulu, get özünə yaxşı bir kostyum al». İndi başa düşürəm bu nə demək imiş. Bu paltarda qapılarına gələcəyimdən utanırmışlar. Pəh!.. Sənə nə oldu, qızım? Axı sən mənim istəkli qızım idin. Gözümün yağını, əlimin qazancını sənə yedirtdim axı, bala, budumu mənim haqqım? İndi sən də öz doğma atanı bəyənmirsən? Əgər belədirsə, mən sizin qapını açıb girmərəm. Yox, heç vaxt. Axı, bizi bir-birimizdən ayıran nədi, bala, paltardı? Təkcə paltar?»
Saat beşdə Rəhim işdən gəldi, yorğun, halsız-taqətsizdi. Qara köynəyi tərdən islanmışdı. Babası taxtın üstündə balışa dirsəklənib uzanmışdı. Salamlaşdılar. Rəhim yuyundu, sərinləndi. Sədəf ertədən atılama hazırlayıb qoymuşdu. Rəhim süfrə salıb babasını da dəvət elədi. Ancaq kişi əl vurmadı: «İndicə yemişəm!» — dedi.
Rəhim çörəyini yeyib qurtarandan sonra Müseyib kişi damağına bir papiros yandırıb qoydu, sorğu-suala başladı:
– Ceyhunla yaşıdsan, heylədimi, Rəhim?
– Bəli, baba.
– O da bu il doqquzuncunu tamam elədi?
– Bəli, baba.
– Özü necə oğlandı, bala?
– Oğlandı da.
– Mən o gün göz qoydum. Deyəsən, aranız sərindi, heylədimi?
Rəhim dinmədi. Xalası oğlu haqqında giley eləməyi, onun soyuqluğunu, özünü çəkməyini babasına deməyi əskiklik sayıb, kişinin sualının üstündən ötmək istədisə də, mümkün olmadı. Baba israr edəndə dedi:
– Xalam oğlu olsa da, xoşum gəlmir, baba.
– Nə təhər yəni?
– Lovğadır, özünü dartır.
– Lovğalanırsa, heç. Lovğalıq çox yaman mərəzdir, bala. Kimi ki, cəngəlinə çaldı, ondan çətin adam çıxar.
– Bir dəfə mənim ürəyimə elə toxunub ki... — deyə Rəhim incik səslə davam elədi.
– Nə təhər yəni? Nə üstə, bala?
– Onda «Volqa»nı təzə almışdılar. Ceyhun maşında idi. O günəcən elə bilirdim ki, biz qardaşıq, bir evin oğluyuq. Elə bilirdim o maşın mənimdi də. Dedim, qapını aç, mən də minim. Başını pəncərədən çıxarıb ayaqlarıma baxdı: «Ayaqların palçıqlıdı, get o gölməçədə yu, sonra gəl min», — dedi. Bu söz mənə çox toxundu. Ayaqlarımda palçıq-zad yox idi. Olsaydı, əlbəttə, inciməzdim.
«Ağlına-kamalına qurban olum, bala!» —deyə Müseyib kişi heyran-heyran nəvəsinə baxıb susdu. Axşam Sədəf gələndə ikilikdə Nadirədən, Rəhimdən söhbət açdılar.
– Elə o vaxtı, — deyə Sədəf kədərli halda sözə bişladı. — Cahangir rəhmətə gedəndən sonra ev-eşik məni sıxdı, lələ. Otura bilmədim. İş yox, sənət yox.
Uşağı dərsə yola salandan sonra elə bilirdim divarlar üstümə gəlir. Onda Nadirəgilə gedib-gəlməyə başladım. Görürdüm ev-eşiyi tör-töküntü olur. Qonaqlı-qaralı evdi. Gələn var, gedən var... Əl uzatdım, kömək elədim. Yazıqdı bacım, dedim, həm idarədə işləyir, həm də evdə. Beş dəqiqə fürsət tapan kimi yenə kitab, qələm... Bəlkə sən bilmirsən, lələ böyük adamdı. Üç-dörd dənə, bax, bu qalınlıqda,
– O, baş barmağı ilə şəhadət barmağını maşa kimi ayırdı, — Kitabı çıxıb. Hərəsindən birinin də üstünü yazıb mənə bağışlayıb. Deyib, bunlarda sənin də əməyin var, bacı. Demişəm, bıy, mən heç yazı-pozu bilmirəm a, bacın ölsün. Deyib, heylə demə, sən olmasaydın, bunları yaza bilməzdim, ev-eşik, xırım-xırda iş qoymazdı, Sədəf. Mən, düzü, ay lələ, bacımdan yerdən göyə qədər razıyam. O olmasaydı... — Sədəf doluxsunub susdu...
Müseyibin eyni açıq idi. Bu gün təzə işə girmişdi. — Azneftin nəhəng binasının yanındakı dükanda gecələr kişik çəkəcəkdi.
– Xoruzunu qoltuğuna verimmi, balası?
– Verə bilirsən, ver. —Rəhim domino daşlarını qarışdıra-qarışdıra cavab verdi.
– Nədən oynayaq?
– Nədən deyirsən, ondan.
Müseyib bir az fikirləşib dedi:
—Əgər məni udsan, lazım olan bütün kitabları mən alaram. Əgər sən uduzsan, məni dəryada bir kəşti seyrinə çıxardarsan. Oldu?
– Kəşti nədi, baba?
– Kəşti? Bilmirsən kəşti nədi?
– Yox, baba, deyəsən, köhnə sözdür, hə?
– Kəşti, yəni gəmi. Hə, necədir, razısan?
– Razıyam.
Sədəf xəbər aldı:
– Bəs tamaşa eləyənə bir şey düşmür?
– Paho, səni lap yaddan çıxarmışıq, ana. Yaxşı, babam sənə də bir şey alar.
—Ədə, bura bax, sən elə danışırsan ki, elə bil, oyunu udub durubsan.
– Mən aparacağam, ana, buna şübhə eləməyə bilərsən.
Babası əlini Rəhimin çiyninə vurdu:
– Cücəni payızda sayarlar, quzu bala. Daşlar şaqqıltı ilə taxtaya dəyir, düzülürdü. Baba-nəvə deyib-gülürdü. Həyətdən eşidilən gülüş səsləri, domino daşlarının şaqqıltısı Sədəfin ürəyini dağa döndərir, onu fərəhləndirirdi. Neçə müddətdi ana-bala bu evdə səssiz-küysüz yaşamışdı. Heç kəs — nə yoldan keçənlər, nə də qonumqonşulardan biri bu evdən gülüş səsi eşitməmişdi. Sanki demək, izah eləmək, soruşmaq üçün heç nə qalmamışdı. Ən zəruri şeylər söylənərdi, o da astaca. Cahangirin ölümündən sonra Sədəf bu çoxcanlı, çoxnəfəsli şəhərdə, ancaq Nadirəyə sığınmışdı. Nadirə mehriban, qayğıkeş bacı təki Sədəfin dərdinə şərik olmuş, onun əlindən tutmuşdu. İllər keçib getmiş, vaxt sovuşduqca Sədəf hiss eləməyə başlamışdı ki, Nadirə nə qədər can yandırsa da o, təkdir, ruhən təkdir. Nadirəni hansı bir sehrli qüvvə isə getdikcə Sədəfdən, onun tanıdığı sevdiyi o sadə, gözəl, unudulmaz aləmdən ayırıb harasa aparır. Nadirə zahirən onun gözünün qabağında idi, yenə onunla danışır, deyir, dərdləşirdi, ancaq əslində o, hey Sədəfdən uzaqlaşır, uzaqlaşırdı. Əvvəllər ötənlərdən, uşaqlıq əyyamından, atalarından, mərhum analarından çox danışırdılar. Ancaq sonralar, elə bil, danışıb qurtardılar. Bir-birinə oxunmuş kitab kimi görünməyə başladılar. Ürək, can-ciyər söhbətləri adi ailə, dolanışıq-güzəran, bazar-dükan söhbətləri ilə əvəz olundu. Sehrli, nazik, adi gözlə çox çətin görünən, soyuqluğu ürək üşüdən bir pərdə onları bir-birindən ayırdı. Bax, o gün atası onu danışdıranda bunları demək lazım idi. Sədəf isə tamam ayrı şeylər danışmışdı, elə bil, bunların heç biri yadına düşməmişdi. Müseyibə isə hər şey gah aydın görünürdü, gah qaranlıq.
Nadirə Sədəfgilin darvazasının ağzında ayaq saxladı. Alçaq hasardan həyətə baxdı. Baba ilə nəvə domino oynayırdı. Onlar bir-birinə hərbə-zorba gəldikcə Sədəf şən-şən, şirin-şirin gülürdü. Nadirə onların bəxtiyarlığına həsəd aparıb köksünü ötürdü. Darvazanın balaca qapısını ehmalca açıb asta və səssiz addımlarla ürəyində «xoşbəxtlər» adlandırdığı bu adamlara sarı yeridi.
Sədəf başını qaldırıb bacısını qol-qanadı sınmış halda görəndə təşvişlə soruşdu:
– Nə olub, bacı?
Nadirə doluxsundu. Onun bu halı Müseyibi də, Rəhimi də şaxta kimi dondurdu.
– Niyə beləsən, qız? — deyə Müseyib ürək ağrısı ilə xəbər aldı. — Nə olub?
Nadirə zorla gülümsədi:
– Heç bir şey, ata! Sizi bir yerdə gördüyüm üçün sevinib qəhərləndim.
Sədəf qabağa keçib döşəkçəni onunçün rahladı. Otur, bacı.
– Yox oturmayacağam. — Nadirənin səsi titrədi. Bayaqdan bu gəlişə diqqət yetirən Müseyib təmkinini pozmadan əlindən daşı yerə ataraq sakit bir səslə:
– Otur, qız, — dedi. Müseyib bu sözləri elə dedi ki, Nadirə beş yaşında uşaq kimi, itaətlə, yanını taxtın qırağına qoyub əyləşdi və atasının səsindəki sakitlik də onu öz təbii halına qaytardı. Hələ arada heç nə yox ikən nahaqdan belə əsib-coşduğuna peşman oldu.
Bəlkə heç inciməyib? Bəlkə heç Salmanın nəyə görə elə dediyini başa düşməyib? Hə, olmazmı? Bəs kostyum? Onu niyə elə elədi? Özü hambal paltarında... «Lələmin ürəyi yumşaqdı. İstəyib Rəhimi sevindirsin». Bütün bu fikirlər bir anın içində beynində hərlənib onun hirs-hikkəsini xeyli azaltdı.
– Nə təhərsiz? — Nəhayət, zorla da olsa gülümsəməyə çalışaraq xəbər alanda Sədəf dedi:
– Yaxşıyıq, bacı. Səni görəndə qorxdum. Dilim-ağzım qurusun, dedim, görəsən, nə olub ki, bacım belə...
– Heç nə yoxdur, elə-belə gəldim. Gözlədim, gözlədim, gördüm daha bizə gəlmirsiniz, — deyə o, bir şey öyrənmək məqsədi ilə araya söz atdı və nəzərlərini döndərib atasının üstünə gətirdi.
Müseyib papirosunu yandırıb kibritin çöpünü havada yelləyərək keçirdi, çallaşmış qaşlarını yuxarı qaldırdı:
– Mən daha sizə gəlməyəcəyəm, bala!— O bu sözləri elə hüznlə dedi ki, Sədəf də, Rəhim də dönüb ona baxdılar.
– Niyə?
– Mətləb uzundur, qızım,
– Axı, nə olub, lələ?
Müseyib sinədolusu ah çəkdi; ağzından çıxan papiros tüstüsü idimi, ya yanan ürəyinin tüstüsü idimi?
– Üstümü unnu görüb elə bilirsiniz dəyirmançıyam? Yox, bala, mən siz deyən qədər də avam deyiləm.
– Ay lələ, qurban olum, yaxşı, heylə sözlər demə, — deyə Sədəf söhbətin hansı səmtə yönəldiyini başa düşüb atasına yalvarmağa başladı, — başına dönüm, ay lələ, ürəyimizi qana döndərmə.
– Mən heç kəsdən incimirəm. Öz bəxtimdən, taleyimdən inciyirəm.
– Axı nə olub sənin bəxtinə, taleyinə?
– Çox şey olub, qızım, Nadirə. İndi mən daha sizə yaraşmıram.
– Kim dedi bunu? — Nadirə səsini qaldırıb xəbər aldı.
– Elə sən. Nə olub mənim bu paltarıma? Cırığı yox, yamağı yox. — O, pencəyinin yaxasından tutub qeyzlə silkələdi. —Amma razı deyildiniz bu paltarda sizin qapını açım, içəri girim. «Get özünə kostyum al», — dedin.
– Axı sən özgə adam deyilsən, lələ. Mənim öz atamsan... Mən deməyəndə bəs kim deyəcək, lələ?
– Mən başa düşürəm. İndi ərin böyük adamdı. Şəninə sığışdırmır ki, arvadının atası hambaldı. Xata elədim o köpəyoğlundan sizə salam göndərdim. Mən ovcumun içini iyləməmişdim ki, onun sizlə arası yoxdur. Nə bilim? Deyirəm, vağzalda işləyim, deyir, yox. Birdən orda da tanıyarlar mən onun qaynatasıyam. Arxayın olun, mən bir də heç yerdə dilimə gətirməyəcəyəm ki, Salmanın qaynatasıyam, Nadirənin də atası... Yox, heç vaxt! Mən sizdən elə incimişəm ki, çətin bir də ürəyim düzələ... Gedin, böyüyün, daha yuxarılara çıxın. Mən indiyəcən sizlə quruca fəxr eləmişəm. Onu da çox görürsünüz, eybi yoxdur...
Nadirə atasının sözlərinə qulaq asırdı: bu sözlər adi sözlər deyildi, hərəsi bir tikan idi, batırdı, yerindən qan çıxır, göynərtisi göz yaşardırdı və o, doğrudan da dözə bilməyib:
– Siz məni yad hesab eləyirsiniz? — dedi və ağladı.
Sədəf dözə bilmədi:
– Ağlama, bacı. — Belə dedi və o an fikirləşdi ki, Nadirə uzun illər idi, harasa getmişdi; Sədəfin, Müseyibin tanıdığı, sevdiyi Nadirə... Getmişdi. Bax, indicə o ağ mirvarilər kirpiklərindən bir-bir qırılıb üzüaşağı töküləndə qayıdıb gəldi. Bəli, bu o Nadirə idi!
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-teyyare-kolgesi-ikinci-hisse-on-ikinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bəhruz axşam nə qədər pis yatsa da, tezdən durdu. Çay-çörəyini iştahsız yedi. Xatirə soruşdu:– Bu gün xəstəxanaya gedəcəksən?
XI fəsilDünya gözündə gülürdü. Güllər, çiçəklər içində nərgizdən xoşu gəlirdi. «Kaş, burda bir dəstə nərgiz olaydı!» Musiqi ölüsüydü. «Kaş «Karvan» çalınaydı»... Qəribə idi. Haradansa burnuna nərgiz ətri gəldi, qulaqlarında karvan zınqırovları səsləndi...Maşın xəstəxananın qabağından tərpəndi. Bəhruz kepkasını çıxarıb böyründəki «Qızıma məktublar» kitabının üstünə atdı. Fit çala-çala irəli baxır, ehtiyatı əldən vermirdi. Dənizdən sərin meh əsirdi. Enli asfalt küçə ilə maşınlar, trolleybuslar, dizellər şütüyüb gedir, şəhər öz həmişəki adi, qaynar həyatını yaşayırdı.
XII fəsilİdarənin geniş həyətində iki əzik-üzük olmuş «Moskviç», bir köhnə «Pobeda» vardı. Bəhruz maşını dolandırıb onların yanında saxladı. Aşağı düşüb Ziyadxanın yanına gəldi. Ziyadxan onun heç üzünə də baxmadı. Əlinin işarəsilə başa saldı ki, dalınca gəlsin. İkimərtəbəli binaya daxil olub sağa buruldular, sonra qədim, köhnə pillələrlə yuxarı qalxdılar. Ensiz, ancaq işıqlı dəhliz boyunca addımladılar.Ziyadxan qapını yavaşca açıb, başını içəri uzatdı.
XIII fəsilBəhruz başını qaldıranda özünü kitabxananın qabağında gördü. Xatirə burada işləyirdi. Bu kitabxana Bəhruz üçün nə qədər də əziz və unudulmazdı. Burada onun gənclik xatiratı yaşayırdı. hər dəfə bura gələndə o, Xatirənin eşqinə düşdüyü ilk günlərdə olduğu kimi, həyəcanlanır, o vaxt keçirdiyi halları yada salıb xoşbəxtliklə gülümsünürdü. Bəhruzu Xatirə ilə bir yerdə işləyən qızlar da yaxşı tanıyırdı; o bura gələndə qızlar başına yığışır, deyib-gülür: «Ey, bizim Xatirəii az incit ha, evdə. Yoxsa səni kitabxanamızın üzvlüyündən çıxardarıq», – deyə zarafat edirdilər.Ancaq bu gün Bəhruz həmişəki kimi şən və üzügülər deyildi. Qayğılı, fikirli olduğu o dəqiqə nəzərə çarpırdı. Oxu zalının qabağında qarşısına çıxan Xatirə onu belə pərişanhal görüb tez soruşdu:
Başqa şairlərin şeirləri
Yar-rəfiq xəbər alsa əhvalım,Deyə bilmən məni oda salan var.
MiçəkQurdum hər cür torumu, vermədi fayda miçəkə,Sataşır gündə gözüm xörəkdə, çayda miçəkə,
VarYenə gözüm düşdü bir mah cəmalə,Ağ üzündə qara müşki xalı var,
MünacatƏlay, cümlətən məzlum olub məhbus olan canlar,Xüsusən aliciahlar, hacılar, bəylər, müsəlmanlar,