Birinci hissə, on dördüncü fəsil
Səhifə 1 / 2
Havalar tez-tez dəyişir; gah istidən adamın nəfəsi qaralır, gah elə sərin düşürdü ki, istər-istəməz pencəyi geyinməli olurdun. Qızmar yay günəşinin altında bərq vurub gümüş kimi parlayan Xəzərin və bürküdən nəfəsi tıncıxan şəhərin başı üzərinə nəhəng, ucu-bucağı görünməyən bulud çətir tutdu, hər yeri tutqun bir kölgə bürüdü. Elə bil, hava da azca soyudu. Aralıq otaqda, üstündə qara telefon aparatı olan mizin arxasında oturan pırpız saçlı katibə qız kimin üçünsə yazıb hazırladığı ezamiyyə vərəqəsini qeyd dəftərçəsinin arasına qoyub pəncərədən qaralmış göylərə baxdı və qeyri-iradi düşündü: «Günortadan o qədər də çox keçməyib, amma elə bil axşamçağıdı hava...» Telefonun cingiltili səsi onun fikrini qırdı. O, uzun, manikürlü dırnaqları olan əlini könülsüz halda dəstəyə uzadıb cır səslə dilləndi:
– Bəli, institutdu... Akademik Aslanzadə? Bəli, burdadı... «Bilik» cəmiyyətinin iclasına ?.. Haçandı?.. Yaxşı, çatdıraram. Sağ olun.
Elvira dəstəyi yerə qoydu. Stolunun siyirtməsini çəkib kiçik güzgüsünü çıxartdı. Üz-gözünə nəzər yetirib pırpız başını sahmana saldı, ayağa durandan sonra üst-başını gözdən keçirib direktorun otağının qapısını araladı və «Bilik» cəmiyyətindən zəng eləyən qızın xahişini Aslanzadəyə çatdırdı. Uca boylu, enli kürəkli, sıx, ağ gümüşü saçları boynunun ardına tökülmüş, üz-gözündən nuranilik yağan Aslanzadə katibəni dinləyib: «Yaxşı», — dedi. Yaşı əllini çoxdan adlamış bu adam bütün şüurlu ömrünü elmə— kitaba, oxuyub-yazmağa sərf eləmişdi. Adı, şöhrəti doğma şəhərindən çox-çox uzaqlarda məşhur olan bu alim insanın təsəvvür eləyə bilməyəcəyi dərəcədə sadə və mehriban idi. Səni elə şirin dindirərdi ki, deyərdin, bəs bu qədər də gözəl insan olar? Yaxından tanıyanlar onu psixoloq adlandırırdılar. Həqiqətən, onda psixoloqluq məharəti, psixoloqluq qabiliyyəti var idi. Onun üçün mübahisəli məsələ, dolaşıq iş, çətin, çıxılmaz vəziyyət deyilən şey yox idi. Hər kəsi öz dilində dindirər, uşaqla uşaq kimi, böyüklə böyük təki danışardı. Təkcə institutda yox, bütün Akademiyada o qədər hörməti vardı ki, adı çəkiləndə ürəklərdə rəğbət və ehtiram hissi baş qaldırardı: «Aslanzadə deyib». «Aslanzadənin fikri belədir» sözləri eşidilən elmi iclaslarda, məclislərdə qaytarıb ikinci bir söz deyən olmazdı.
Onuncu sinfi qurtarıb universitetə girə bilməyən Elvira burda Aslanzadə kimi məşhur bir alimin yanında işə düzəldiyinə görə imtahandan kəsiləndə duyduğu məyusluğu unutmuş, sevincindən nə edəcəyini bilməmişdi. Onun kitabını oxumuşdu və sanırdı ki, bu cür kitab yazan adam nəsə adi adamlardan çox fərqlənməlidi; onun danışığı da, yerişi-duruşu da ayrı cür olmalıdı. Amma üz-üzə gələndə onun düşüncələri alt-üst oldu: o, necə adi imiş, necə sadə imiş. Akademik Aslanzadə ona — dünənin uşağına bir qulluq buyuranda: «Xahiş eləyirəm, qızım» — deyir. Bütün bunlar Elviraya yuxu kimi görünürdü. Aslanzadə ona hər dəfə ata kimi həlim və mehriban səslə bir iş tapşıranda qız onu böyük həvəslə yerinə yetirirdi. İndi, o, sözünü deyib qurtarandan sonra, Aslanzadə əlindəki qalın kitabı büküb dedi:
– Qızım, xahiş eləyirəm, gör Salman otağındadı? Orda olsa denən mənə dəysin.
– Bu dəqiqə, — deyə Elvira dabanı üstə fırlanıb otaqdan çıxdı.
Dəhlizin o başında, balaca, xudmani otaqda Salmanın başı oxumağa elə qarışmışdı ki, Elviranın nə zaman içəri girdiyindən xəbəri olmamışdı. O, sinəsini stola söykəyib sol əlini alnına dayayaraq kiminsə makinada çap olunmuş əsərini oxuyurdu. Səhifələrin qıraqlarına gah sual, gah da nida işarəsi qoyur, gah da bütöv bir cümlənin altından xətt çəkib qızardırdı.
Elvira professorun başı üzərində azca dayanıb öz gəlişini ona bildirmək üçün boğazını arıtdı və:
– Professor...—dedi. Səsə qanrılıb yazıdan ayrılan Salman yanında Elviranı görüb yorğun-yorğun gülümsündü:
– Buyur, Elvira xanım.
Onun səsi yuxusuz adamların səsi kimi ilişikli idi. O, son vaxtlar özündə bir süstlük hiss eləməyə başlamışdı. Beyni də, ürəyi də, bütün bədəni də düşüncələri təki kütləşib ağırlaşırdı. Dərdi-səri çox idi. Özünün dediyinə görə o, öz yazı-pozusunun dərdini çəkməli idimi? Çəkməli idi! Şöbənin işlərinə cavab verməli idimi? Bəli! Bu yandan, — maşallah, — bu cavanlar əsərdi ha, yazıb tökürlər onun üstünə. Oxu, fikrini de. Oxu, rəy yaz. Oxu, oppanent ol. Bunlara dözmək, öhdəsindən gəlmək olardı? Əgər evdə, — özünün dediyinə görə, — işləri düz gətirsəydi... Nadirə ilə onun sözü son vaxtlar tez-tez çəp düşür, evdə vaxt-bivaxt söz-sov olurdu: onu yandıran bu idi ki, bütün bunların hamısı çox xırda və gərəksiz şeylərin üstündə baş verir, qan qaraldırdı: bu məqamlarda kimin haqlı, kimin haqsız olduğunu sübuta yetirmək göydən ulduz endirməyə bənzərdi. O biri yandan da Ceyhun məsələni bir az qəlizləşdirir. Doğrudur, üzdə Salman özünü sındırmır, oğlunun düzgün hərəkət elədiyini, həyat adamı olmağa can atdığını deyirdisə də, özlüyündə bunun gələcəkdə nə kimi nəticələr verə biləcəyini də düşünürdü.
Ancaq bu hiss tez ötüb keçirdi. Daha o, Nadirə kimi içini-ürəyini yemir, gözlərini səqfə dirəyib gecələri yuxusuz keçirmirdi. Salmanı narahat eləyən başqa mühüm bir məsələ də var idi: o, aydın görür və dərk eləyirdi ki, axır illər ədəbi mühitdə canlanma əmələ gəlməyə başlamış, cavan, istedadlı şairlər, nasir, münəqqidlər meydana çıxmış və nə isə onun kimi, onun yaşıdları olan qələm sahibləri kimi düşünmək, yazmaq istəmirlər: onlarda nəsə bir özünəməxsusluq meyli var. Qoy olsun, buna heç kəs etiraz eləmir. Ancaq onlar bir az, Salmanın dili ilə desək, böyük-kiçik məsələsinə, izzət — ehtiram məsələsinə az fikir verirlər. Hətta, iş o yerə gəlib çatıb ki, tələbə öz müəlliminə, ustadına meydan sulayır, onunla üz-üzə gəlib arxasını yerə qoymaq, onun ağarmış saçlarına, bükülmüş belinə belə ehtiram eləməmək istəyir. «Bizim vaxtımızda, — düşünürdü, — belə deyildi, əsla belə deyildi».
Bütün bu suallar, fikirlər Salmanı axır vaxtlar çox məşğul eləyirdi. Xüsusən Orxanın məqaləsi çap olunandan sonra o, lap xoflu adama oxşayırdı. Nə qədər qəribə olsa da, bu, bir həqiqət idi ki, Salman qəzetdə, jurnalda rast gəldiyi hər elmi-ədəbi, problematik məqaləni gizli bir qorxu hissi ilə oxuyur, sətirlərin arasında öz adını axtarır,üstüörtülü, eyhamla deyilmiş bəzi müddəaların özünə aid olub-olmadığı barədə saatlarla fikirləşirdi. Ona elə gəlirdi ki, indi bir təftiş dövrü başlanıb — vaxtilə yazılanlar, deyilənlər indi məhək daşına çəkilib yoxlanır, safçürük edilir. «Axı niyə də vaxtilə görülən işlər keçəndən sonra qaldırılıb yoxlandığı kimi, bu ədəbiyyat, elm sahəsində belə olmasın, — deyə bəzən öz-özünə zidd çıxıb belə eləyənlərə bəraət qazandırırdı: — Belə olarsa, məsuliyyət hissi qat-qat artar, hər kəs gecə yuxuda gördüyünü səhər kağıza köçürüb qəzetlərin, jurnalların səhifəsini doldurmaz». İki gün, ya iki həftə, bir ay keçəndən sonra beyninin hansı guşəsindəsə baş qaldırmış bu fikirlər unudulub gedir, Salman illər boyu adət elədiyinə xəyanət eləmədən yazıb-pozub «dostluğun, qohumbazlığın, «salaməleykümün» hələ də işə keçdiyi bir aləmdə elə belə də olacaq», — deyib istədiyi alimi, yazıçını göylərə qaldırır, xoşu gəlməyəni haqlı-haqsız sözlə isti aşına soyuq su qatıb keyfini bulandırırdı...
Elvira direktorun onu yanına çağırdığını deyib gedəndən üç dəqiqə sonra Salman Aslanzadənin yanında hazır oldu.
– Ay Salman, hardasan, balam? Görünüb eləmirsən heç. Çağırtdırsam gəlirsən, çağırtdırmasam yox — deyə Aslanzadə yumşaq kreslodan qalxıb iri pəncəli əlini ona sarı uzadıb böyründəki divanda yer göstərdi. Onların görüşü həmişə səmimi olurdu. Salman həm yaşda, həm adda-sanda özündən xeyli böyük olan Aslanzadə ilə necə davranmağı, necə danışmağı hər şeydən yaxşı bilirdi. Aslanzadə də öz adəti üzrə, Salmanla açıq danışar, institutun işi, yüksəlişi ilə əlaqədar olan məsələləri başqa şöbə müdirləri ilə olduğu kimi onunla da diz-dizə oturub məsləhətləşər, irəli sürülən təklifləri səbr və ağılla dinləyib yaxşısına yaxşı, pisinə də pis deyərdi. Salmanın işində, şöbəsində olan nöqsanları isə üzünə, dost kimi söyləməkdən çəkinməzdi. Salmanın ən çox xoşuna gələn cəhət bu idi ki, Aslanzadə onunla bir direktor kimi deyil, yaxın yoldaş kimi, bəzi hallarda onun öz şöbəsinin əməkdaşı kimi danışırdı. Belə şeyləri görəndə Salman fikirləşirdi ki, məsələn, mən bu qədər sadə olsaydım, mənim şöbəmdə əsla nə iş gedərdi, nə bir nizam-intizam olardı. Burada, bu institutda Aslanzadənin özündən çox, onun adı-sanı, hörməti və nüfuzu iş görür... Hər kəs ondan, onun əzəmətinə, sadəliyinə yaraşmayan bir söz eşitmək üçün əlindən gələni eləyir — təki onun könlü xoş olsun, təki o əsəbləşməsin...
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-teyyare-kolgesi-birinci-hisse-on-dorduncu-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Aylı-ulduzlu, ayazlı mart gecəsi idi. Qar ərimişdi, ancaq şaxtalar hələ sınmamışdı. Xüsusilə gecələr bərk soyuq olurdu, çuxurlarda, gölməçələrdə sular donur, damların üstündən axan damcılar səhərəcən şüşələnib iti, uzun buz parçası olurdu.Saat on ikidən keçmişdi. Həmişəki adəti üzrə, Şəfi öz otağında oturub işləyir, siqareti siqaretin oduna yandıraraq yazıb-pozurdu. Hərdən də yanındakı başıpapaqlı çaydandan piyaləyə çay süzür, bir-iki qurtum içir, ağzının acısını alırdı. Məleykə də, uşaqlar da çoxdan yatmışdı. Evdəki gecə sükunətini divardakı asma saatın yeknəsəq çıqqıltısından başqa heç nə pozmurdu. Şəfi təzə şer yazmışdı. Qaralama vərəqdən böyük, ümumi dəftərə köçürəndən sonra, «görüm necə səslənir?» — deyə son bəndi ucadan oxumağa başladı:
Üçüncü hissə, birinci fəsilGözlənilmədən, dalbadal gələn ağır və sarsıdıcı xəbərlər — Şəfinin öz qapısının ağzında vurulması, bir ay əvvəl evlənib yeni ailə həyatı qurmuş Elməddinin həbs olunması xəbərləri onsuz da gizli təşkilatın bütün ağırlıqlarını çiynində daşıyan, gecəni gündüzə qatıb işləyən, qarşıdakı parlament iclasında edəcəyi çıxışın mətnini yazıb-pozan, vaxtlı-vaxtında yeyib-içməyini belə yadından çıxaran Bəbirin ovqatını yamanca təlx eləmişdi. Xəbərin ikisi də ciddi düşünmək, siyasi vəziyyəti qiymətləndirmək və müəyyən nəticələrə gəlmək üçün kifayət qədər əsas verirdi.Bəbir Şəfini çox sevirdi, onun istedadını yüksək qiymətləndirirdi, sözünün, özünün şöhrətinin hezbə necə də gərəkli olduğunu çox yaxşı bilirdi. Şəfinii — bu qüdrətli sənətkarın, şəxsiyyəti bütöv, əqidəsi sarsılmaz olan bu insanın onların cəbhəsində olması böyük qüvvə idi. Onun el içində, camaat arasındakı nüfuzunu təkcə Bəbir və məslək yoldaşları deyil, onun irəlicədən də düzgün təyin etdiyi kimi, düşmənləri də görürmüşlər. Şairin həbsxanadan azad olunması üçün keçən dəfə Kabilin küçələrini tutmuş o güclü, izdihamlı nümayişlərdən sonra, əlahəzrətin ağıllı tərpənib başqa, daha təhlükəli xətt-hərəkət seçməsini Bəbir elə həmin gün — Şəfi «Ərkişahi»dəki qəbuldan çıxıb yanına gələndə hiss eləmişdi və bu qabulun nə demək olduğunu bütün incəliklərinə qədər başa düşmüşdü. Hadisələrin sonrakı gedişi Bəbirin yanılmadığını göstərirdi. Şairi vurmuşdular. Bu xəbəri eşidən kimi Ziyaülhəqqin polis idarəsinə gedərək hadisəni şəhər polis rəisinin nəzərinə çatdırmasına baxmayaraq, qatil hələ də tapılmamışdı. Belə qənaətə gəlmək olardı ki, tapılmayacaqdı da.
Üçüncü hissə, ikinci fəsilDünyanın işinə bax: bütün varlığı həyat eşqi ilə, gözəllik duyğusu ilə yoğrulmuş Şəfi çox sevdiyi bu dünyaya, günəşə, güllərə, Məleykəsinə, Elməddin şerində demişkən, gözəl-göyçək balalarına indi tək gözlə baxırdı. Kədərli, qaradinməz olmuşdu Şəfi. Əsəbləri sim kimi gərilmişdi, sinəsinin, gözünün yarası sağalmaq üzrə olsa da, qəlbinə vurulmuş yara sağalana oxşamırdı. Gecələrinin, demək olar ki, hamısı əzablı, üzücü düşüncələr içində keçirdi;—doyunca yatmağa həsrət idi. Çimir eləyəndə də quş yuxusunabənzər uyumalarında güllə səsi eşidir, səksənir, tək gözünü hərəsan-hərəsan ətrafa dolandırır, evdə olduğunu yəqin edəndən sonra yenə yatmaq istəyirdi, ancaq yuxu ondan qaçaq düşürdü. Xiffətdən, qüssədən, şikəstlik dərdindən arıqlamışdı, zəifləmişdi. Məleykənin bütün cidd-cəhətlərinə baxmayaraq, iştahsız, həvəssiz yeyib-içirdi. Fikrində gecəyarısı qapısını döyən, ona güllə atan adamın surəti, səsi dolanırdı. Tanımırdı, elə adam görməmişdi; bəs kim idi o? Niyə onu öldürmək istəyirdi? Və niyə öldürmədi? Axı öldürə bilərdi? Bəlkə?.!. — Bu suallar bir-birinə bənd olub çözələnir, şair onlara cavab tapa bilmirdi.Bəbirin qəbuldan sonra üstüörtülü olsa da işarə elədiyi şübhələr, nigarançılıqlar yadına düşürdü və bu fikirlər dolana-dolana gedib yuxarılara, saraya çatırdı. Əlahəzrətin qonaqlarının hüzurunda söylədiyi «Ağayi Rəhgüzərin qədrini bilin, o, bizim məmləkətin birinci dərəcəli şairidir! — sözlərini xatırlayırdı və onun əsl mənasını indi-indi anlayırdı. Və bu onu çox məyus eləyirdi. Bəbirin müdrikliyinə, uzaqgörənliyinə heyrət eləyirdi Şəfi və öz sadəlövhlüyündən utanırdı.
Üçüncü hissə, üçüncü fəsilElməddini aparanda elə bil, Siminin başına, ürəyinə ağır bir zərbə vurmuşdular. İlk anlarda, o, polis maşınına minənəcən sanki bunun nə demək olduğunu ağıllı-başlı dərk eləməmişdi, bu gedişə Elməddinin hərdən atasının maşınına minib işə, şəhərə getməsinə oxşar bir şey kimi baxmışdı. Polis apardığını görmüşdü, Elməddinin məsləhətlərini, təsəllisini eşitmişdi, bununla belə əsl həqiqəti tam çılpaqlığı ilə sonra anlamışdı və onda elə bil ürəyinə göz basmışdılar– yana-yana inləyib ağlamışdı. Bəli, Elməddini həbs eləmişdilər. O, axşamlar evə gəlməyəcəkdi, gələ bilməyəcəkdi. Və, ümumiyyətlə, haçan qayıdacaqdı! Qayıdacaqdımı? Bu suallar onu üzüb əldən salır, cavan gəlin ev-eşiyə sığışmır, o biri yandan da Məleykənin tanış, mehriban; «Ürəyimə damıb, sən xoşbəxt olacaqsan, qızım», — sözləri qulaqlarından çəkilib getmir, elə hey səslənir, səslənirdi. Cəmi bircə ay yaşamışdılar. Ancaq bu bir ay hər ikisinin həyatının elə şirin, dadlı, məhəbbət və nəvazişlə dolu günləri olmuşdu ki, bütöv ömrə dəyərdi, doymamışdılar, bezməmişdilər. Can deyib, can eşitmişdilər. Cavan ömründə çox fırtınalardan keçmiş, dünyanın acısını-ağrısını duymuş, heç yerdə əsl rahatlıq və səadət tapmamış Elməddin Siminlə yaşadığı o günlərin ləzzətindən, bəxtəvərliyindən məst olub hər şeyi unutmuşdu. Deyib-gülmüş, şer oxumuşdu — gülüşləri, şerlərinin istisi evin dər-divarına hopmuşdu, stolun üstündə büllur güldandakı qızıl güllərdə yaşayırdı, Siminin ürəyində, qulaqlarında həmişəlik məskən salmışdı. Simin isə o ötən bir ayı bəxtəvərlik uyğusunda, dünyanın isti-soyuğundan xəbərsiz məsum körpə kimi uyumuşdu—yuxu idi bu aləm onun üçün. Buraya — Elməddinin evinə düşməsi həqiqətdən çox yuxuya bənzəyirdi. Və buna görə də o, indiyəcən, Elməddin polislər tərəfindən aparılanacan bunu xəyal, nağıl, şirin röya hesab eləyib heç nə düşünməmişdi. Ancaq indi... onun bura gələn yolu fikrində canlanırdı. Onda ilk gənclik duyğuları təzəcə oyanmağa, ər, ailə həyatı barədə yenicə düşünməyə başlamış qız, uğurlu bir təsadüf üzündən Elməddinə rast gəlmiş, gözü ilə gördükləri, Zərrintac xanımın onun barəsində danışdıqları Simində güclü bir maraq oyatmışdı. Elməddinin qələm əhli, rəssam olması qızı lap valeh eləmişdi. O, şerin, sənətin nə demək olduğunu hələ tam mənası ilə, bütun incəliklərinə qədər anlamaqdan hələ uzaq idi; qəribə idi ki, qəlbində lap ağlı az-maz söz kəsəndən musiqi çalanlara, oxuyanlara, şer deyənlərə sonsuz maraq və qibtə çırağı şölələnmişdi və o, belə adamları xəyalının sehrli dünyasında ilahiləşdirmişdi, onları nə isə qeyri-adi adam kimi təsəvvür eləmişdi. Ömründə ilk gördüyü şair-rəssam Elməddin olmuşdu. O da belə xeyirxah, atasının dostu, hamisi, incəqəlbli, həssastəbiətli bir adam çıxmışdı. Atası hələ neçə il qabaq Elməddin haqqında anasına, uşaqlarına elə həvəslə, elə minnətdarlıq hissilə o qədər danışmışdı ki... Vətənyarın — onun əziz qardaşının adını da o qoymuşdu. Payı-hədiyyəsi... Bir dəfə də onlara gəlmişdi atası ilə. Onda Siminbər Elməddinə heç yaxşı baxa da bilməmişdi. Elməddini Siminbər Zərrintacgilə gələndən, daha doğrusu, o, həbsdən azad olunub qayıdandan sonra düz-əməlli görə bilmişdi, onun başqalarından zahirən heç nə ilə fərqlənmədiyini hiss eləyib buna əvvəlcə təəccüblənmiş, sonra isə, sevinmşidi.
Başqa şairlərin şeirləri
Xali-mişkinə baxın, arizi-cananə düşüb,Deyəsən bir həbəşi səfheyi-İranə düşüb.
Bu Leyli LeyliEy ağalar, mən bu dərdə düşməzdimMəni dərdə saldı bu Leyli Leyli
Ay hayıf, hayıfMehrü məhəbbətin oduna yandım,Yar məni unutdu, ay hayıf, hayıf!
FələkƏlindən eylərəm kimə şikayət,Axır məni xar etdin fələk,