Səhifə 1 / 2

Aylı-ulduzlu, ayazlı mart gecəsi idi. Qar ərimişdi, ancaq şaxtalar hələ sınmamışdı. Xüsusilə gecələr bərk soyuq olurdu, çuxurlarda, gölməçələrdə sular donur, damların üstündən axan damcılar səhərəcən şüşələnib iti, uzun buz parçası olurdu.

Saat on ikidən keçmişdi. Həmişəki adəti üzrə, Şəfi öz otağında oturub işləyir, siqareti siqaretin oduna yandıraraq yazıb-pozurdu. Hərdən də yanındakı başıpapaqlı çaydandan piyaləyə çay süzür, bir-iki qurtum içir, ağzının acısını alırdı. Məleykə də, uşaqlar da çoxdan yatmışdı. Evdəki gecə sükunətini divardakı asma saatın yeknəsəq çıqqıltısından başqa heç nə pozmurdu. Şəfi təzə şer yazmışdı. Qaralama vərəqdən böyük, ümumi dəftərə köçürəndən sonra, «görüm necə səslənir?» — deyə son bəndi ucadan oxumağa başladı:

...Daha nə istərsən məndən, ay canım?

Başına dolanım, oduna yanım,

Qıyma yarı yolda durum, dayanım,

Çalış, zinət olaq zamana, ömrüm.

«Pis səslənmir!» — deyə Şəfi özündən razı qalmışdı, dəftəri büküb kənara qoydu. Sönmüş siqaretini alışdıranda, həyət darvazasının çaxçaxının döyüldüyünü eşitdi. Dinşədi. Bəli, onların qapısı idi döyülən. «Bu vaxt kim ola bilər?» — deyə düşünə-düşünə cəld qalxdı və pencəyini çiyninə salıb çölə çıxanda: «Ya Ziyaülhəqqdi, ya da Elməddin. Görəsən nə hadisə üz verib?» — dedi ürəyində və nigarançılıq içində darvazanın kiçik qapısını «kimsən, nə istəyirsən?»

– soruşmadan açdı. Qabağında şala bürünmüş, uzunsifətli tanımadığı kişini görəndə duruxdu. Kişi üşüyürmüş kimi titrəyirdi. Eyni titrək səslə:

– Ağayi Şəfi? — deyə xəbər aldı.

– Bəli, sizə nə lazımdı, ağa?

Cavab əvəzinə güllə açıldı. Sinəsini nə isə isitdi, o, qeyri-iradi qışqıranda ikinci güllə sifətini, daha doğrusu, sağ gözünü tutdu. Üçüncü güllə atılmadı — kişi, özü də güllə səsindən qorxmuş kimi yerindən qopub qaçmağa üz qoydu. Şəfi səndirləyib yıxıldı. Bir əli sinəsində, bir əli gözünün üstündə idi. Güllə səsinə Məleykə də, Bəbrək də oyanmışdı. Bəbrək köynəkdə — dizlikdə, əynində uzun gecə paltarı küçəyə qaçan anasının dalınca yüyürmüşdü. Darvaza ağzında Şəfini yıxılmış görən Məleykə özündən xəbərsiz dəli bir fəryad qoparmışdı. Var gücü ilə Şəfini yerindən qaldırıb Bəbrəkin köməkliyi ilə içəri gətirmişdi. Şəfinin sifəti qan içində idi, yun köynəyinin sinəsi qıpqırmızı qızarırdı. Məleykə ağlaya-ağlaya donub qalmış Bəbrəkə üz tutub:

– Tez qaç Elməddin əmini çağır. Denən qibləgahımı vurdular!

– dedi. Bəbrək alt paltarında qapıdan güllə kimi çıxdı. Yolda çılpaq, ayaqyalın olduğunu başa düşdüsə də, əhəmiyyət vermədi, qaçdı.

Qızlar oyanmışdı. Atalarını qan içində görüb qorxmuş və ağız-ağıza verib ağlamağa başlamışdılar.

– Can, Şəfi, səni hansı əli qurumuş bu günə saldı, sənə necə qıydılar? — deyib gah üzünün qanını silir, gah da sinəsinin yarasının gözünə əski tuturdu, qanın qarşısını almağa çalışırdı. Şəfinin rəngi ağarmışdı. Zarıyır, qorxmuş arvadına təsəlli vermək istəyirdi:

– Qorxma! — deyirdi.

– Necə qorxmayım, ay Şəfi?! Gözümün qabağında... — o, sözünün dalını deyə bilməyib hönkürürdü.

Əvvəl Elməddin özünü yetirdi, dalınca Ziyaülhəqq təngnəfəs içəri girdi. Ona Elməddin zəng eləmişdi. İlk sarsıntılı anlarda Elməddinin də, Ziyaülhəqqin də nə dedikləri heç kəsin yadında deyildi, heç özlərinin də. Məleykənin ağlaya-ağlaya söylədiklərindən başa düşdülər ki, kimsə çağırıb Şəfini, darvazanın ağzında vurub qaçıb. Vəssalam. Ziyaülhəqq arxası üstə uzanmış Şəfiyə baxan kimi anladı ki, sağ gözü çıxıb. Əgər beyni də zədələnibsə, onda heç. Sinəsindəki güllə yeri qorxulu deyildi. Güllə çəpəki dəymişdi, sol döşünün giləsini və qabırğa üstü dərini siyirib aparmışdı.

– Vaxt itirmək olmaz. Haydı, Elməddin, götür. Aparaq şəfaxanaya. — Elməddin nəmli gözlərini ondan gizləməyə çalışaraq aşağı əyildi. Şəfini qolları üstünə götürdü və həyətə çıxdı. Ziyaülhəqq divanın ortasındakı yorğançanı qapıb gedə-gedə:

– Sən qal uşaqların yanında, Məleykə! — dedi.

– Yox, mən də gedirəm.

– Olmaz!

Ziyaülhəqqin qətiyyətlə dediyi bu sözə o, tabe olub yerində dayandı.

Qara maşın gecənin qaranlığında gözdən itdi.

Ziyaülhəqq sükan arxasında idi, Elməddin arxa oturacaqda Şəfinin yanında oturmuşdu. Şəfi uzanmışdı, başı Elməddinin dizləri üstündəydi.

– Hara aparırsan, Ziya?

– Şurəvilərin səfərətxanasının şəfaxanasına. Bizimkilərin əlinə düşsə, öldürtdürəcəklər. Bu, sui-qəsddir, Elməddin.

...Şəfaxananın qapısının düyməsini Ziyaülhəqq basdı. Elməddin Şəfini qolları üstündə saxlamışdı. Şair ufuldayır, qırıq-kəsik sözlər deyirdi, Elməddin ona təsəlli verirdi. İki-üç dəqiqə keçməmiş ağ xalatlı, ucaboylu, çallaşmış sarı saçlarını yana daramış bir kişi qapını açaraq gecənin bu vaxtı gələn adamlara yuxulu nəzər saldı. Adamların əfqan olduğunu və nəsə ağır yaralı gətirdiklərini görən kimi ciddiləşdi, göy gözlərində həyəcan, təmiz əfqan dilində:

– Befarmayid! — söylədikdə Ziyaülhəqq səlis rus dilində: — O, siz nə yaxşı əfqanca bilirsiz, doktor! —dedi. Ağ xalatlı kişi də bu bığlı, kök əfqanın belə gözəl rusca danışa bilməsindən çox sevindi. Ziyaülhəqqin rusca bilməsi Elməddin üçün də yenilik idi. O, qolları üstündə zarıyan Şəfidən göz çəkməsə də, Ziyaülhəqqə heyrətlə baxmaqdan özünü saxlaya bilmədi. Sonra doktorla Ziyaülhəqq rus dilində nə isə tez-tez danışdılar, doktor onları içəri dəvət elədi. Şəfini dəhlizdəki ağ örtüklü arabanın üstünə qoymağını işarə elədi doktor və ona ötəri baxdı.

Ziyaülhəqq doktora söylədi:

– Onu xilas eləyin, doktor. O bizim böyük şairimizdi. Özü də burda qoymayacağıq, evə aparacağıq. Siz baxın, görün ağır deyil ki. İlk yardım eləyin, doktor.

Xəstə gətirildiyini bilən kimi iki-üç nəfər də ağ xalatlı arvad yığışdı. Heç beş dəqiqə çəkməmiş onu arabada içəri apardılar. Ziyaülhəqqə və Elməddinə burada gözləməyi tapşırdılar. Onlar uzun, gül dibçəkləri düzülmüş dəhlizdə qoyulmuş stullarda oturdular. Elməddinin üst-başı qan idi. Rəngi ağarmışdı. Görünür qorxmuşdu Elməddin. Ziyaülhəqq onun uçunduğunu görüb:

– Qorxma, ölməyəcək ustad!—dedi.

– Ölməyəcək? — deyə Elməddin sevinclə soruşdu.

– Hə, yarası o qədər də ağır deyil. Görünür, sinəsinə atəş açılacağını hiss eləyib özünü qaçırdıb, güllə çəpəki dəyib. Düzünə dəysəydi, ürəyini dərhal dağıdacaqdı. Başına atılan güllə də yanakı dəyib. Amma gözü tökülüb ustadın.

– Demək kor olacaq ustad?!

– Sağ gözsüz qaldı ustad.

Onlar asta-asta, kədərlə danışırdılar. Ustadın vurulması hər ikisinə ağır təsir eləmişdi.

– Gərək Bəbirə də xəbər verəydik, — deyə Elməddin köks ötürüb dillənəndə Ziyaülhəqq:

– Hələ yox. Səhər deyərik. Onsuz da heç nə eləyə bilməyəcəkdi. Nigarançılıq içində çapalaya-çapalaya qalacaqdı. Çünki o özü ciddi nəzarət altındadı.

– Mən onun üçün də qorxuram, Ziya!

– Daha qorxmaqdan keçib, Elməddin. Şəfinin vurulması artıq açıq hücumdu. Daha doğrusu, üstüörtülü açıq hücumdu,

– Yəni deyirsən bu sui-qəsdi yuxarıdan təşkil eləyiblər?

– Əlbəttə. Yoxsa Şəfi kimin toyuğuna daş atmışdı? Bu, ancaq siyasi sui-qəsddi. Şəfini susdurmaq istəyirlər.

– Bəs onda o həngamə nə idi —əlahəzrətin qəbulu, filan.

– Eh! Onlar hamısı siyasi hoqqabazlıq, camaatın, əfkaraümuminin gözündən pərdə asmaq üçün lazım idi, qardaş!..

– Bu, siyasi ikiüzlülükdü elə isə!

Bir az sonra Elməddin Ziyaülhəqqin səlis rusca danışdığını xatırlayıb:

– Yaxşı, siz rus dilini harda belə öyrənmisiniz, Ziya?

– Mən? — o, ömrünün xoş günlərini xatırlamış adam kimi gülümsündü və astadan:— Rusiyyətdə!

– Rusiyyətdə? Siz Rusiyyətdə olmusunuz?

– Hə. Düz iki il yaşamışam o gözəl məmləkətdə. Mən axı hərbçi idim — təyyarəçi idim. Bizi Rusiyyətdə təyyarəçilik məktəbində oxumağa göndərmişdilər. Rus dilini orada öyrəndim, Elməddin.

– Bəs niyə indi təyyarəçi deyilsiniz?

– Mən orada olarkən bir rus qızı ilə evlənmişdim. Lilya xanıma. Mən ona Leyli deyirdim həmişə. Cavan, ağıllı, gözəl bir qız idi. Məktəbi qurtardıqdan sonra Leylini də Kabilə gətirdim. Gələn kimi isə məni ordudan tərxis elədilər.

– Niyə?

– Hökumətin qərarı var: hərbçi zabit xarici millətin təbəəsi ilə evlənərsə, o, orduda xidmət edə bilməz. Guya etibarsızlıq yaranır. Guya o cəsus ola bilər, məni də öz devlətinin xeyrinə işləməyə sövq eləyə bilər. Mənim isə əvvəl heç elə fikrim yox idi. Amma onlar mərdi qova-qova namərd eləyənlərdi. Odur ki, mən bu yolu seçdim

– sən ki mənə etibar eləmirsən, mən sənin nəyinə qulluq eləyim. O vaxtdan — məni o quş qanadlı təyyarəmdən ayırandan bunlara nifrətim yaranıb, Bu dəstgah, bu rejim — insan arzusunun, insan şəxsiyyətinin adi hüquqlarının düşmənidir.

– Bəs Leyla necə oldu?

– Eh, Leyla adi bir faciənin qurbanı oldu. Bir gün Cəlalabada gedəndə maşınımız aşdı. Mən və oğlumuz sağ qaldıq, Leyla isə... Leyla isə öldü...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Birinci hissə, on birinci fəsil

İltifat bu gün instituta hamıdan tez gəlmişdi. Direktorun qara meşin qapılı otağının ağzında gəzinirdi. Sevincinin həddi-hüdudu yox idi. Əlində tutduğu «Ədəbiyyat və incəsənət» qəzetində iki şeri dərc olunmuşdu. Birinci şerini — «Fədai» adlandırdığı beş-altı bəndlik şeri Nurəddin Osmanzadəyə həsr etmişdi və sərlövhəsinin altından onun adını da yazmışdı. Burada o, elm fədaisi kimi çox yüksək və qanadlı sözlərlə vəsf edilmişdi. İkinci şer isə sevgiyə aid idi — adı bəlli olmayan durna boğazlı bir gözələ olan məhəbbətindən danışırdı.Çox gözlədi, direktor gəlib çıxmadı. Şöbəyə getdi. Hələ heç kəs yox idi. Təzədən qayıdanda katiblikdə Şərqiyyəni gördü.

14 dəq
Birinci hissə, on ikinci fəsil

Gülmirənin taleyinə yazılmış hər sevincin gözünə bir niskil qatılmalıymış! Qışın çıhxaçıx vaxtında günlərin birində «istitut həmkarlar təşkilatının sədri illərlə ev siyahısında birinci olan Gülmirəni kənara çağırıb sevindirmiş, ona ev verildiyini söyləmiş, order almaq üçün rayon icraiyyə komitəsinə getməyini tapşırmışdı. Gülmirənin bu xəbəri eşidəndən sonra uçmağa qanadı olmamışdı– bu günü o, neçə il gözləmişdi. Əqdəmin sağlığında gözləmişdi, Əqdəm öləndən sonra gözləmişdi. Ancaq son vaxtlar nədənsə bu barədə əsla heç nə düşünməmiş, demək olar ki, unutmuşdu. Həm də illərlə qayğı və mehribanlıq görüb az qala anası kimi isinişdiyi Maşa xaladan, təzə qonşularından — mehriban və sadə insanlar olan Sahibə ilə Mir Sahibdən ayrılıb uzaq düşəcəyini yadına salanda çox vaxt məyus olmuşdu. Xüsusilə Sahibədən heç ayrılmaq istəməzdi Gülmirə. İdarədəki qadınlarla — Ümmügülsümlə, Sarışınla, Fazilə ilə onu bağlayan tellər çox nazik idi, ancaq iş əlaqələri vardı aralarında. Təkcə Nadirə xanımla o, açıq idi, dərdini-sərini istədiyi vaxt açıb deyə bilirdi, onu özünə böyük bacı hesab eləyirdi. Salman — Mirzə Yanar məsələsini ortalığa atandan sonra Nadirə ilə münasibətinin də üstünə su çilənmiş, kölgə düşmüşdü, doğrudur, Nadirə xanım, ona əvvəlki münasibətini dəyişməmişdi, danışırdı, deyirdi-gülürdü, ancaq haradasa heç özü də hiss etmədən yəqin Gülmirənin onun ərinin ad-sanına, nüfuzuna balta çalan, ləkələyən o hərəkəti yadına düşən anlarda tutulurdu, dönürdü, laqeydləşirdi və bu, Gülmirənin qəlbini yaman incidirdi. Gülmirə bu barədə Nadirəyə heç nə söyləmir, onu qınamır, əksinə, özünü günahkar sayır, dərin peşmançılıq hissi keçirir və dərdini ürəyinə salıb susurdu. Bir həqiqət gün kimi aydın idi ki, aralarında qabaqkı səmimiyyət yox idi. Hər ikisi bunu aydın dərk edir, ancaq açıb-ağartmır, zahirdə hər şeyin əvvəlki kimi olduğuna biri-digərini inandırmağa çalışırdı. «İşdə münasibətlər haçalanır, hardasa mənafelər, mühakimələr toqquşur və bu şəxsi münasibətlərin də dəyişməsinə səbəb olur» — bu həqiqəti Gülmirə də, Nadirə xanım da çox yaxşı başa düşürdü. Amma Sahibə ilə onun arasında bu cür qeyd-şərtlər, çəpərlər, hasarlar yox idi, olmayacaqdı da. Ona görə Sahibə ilə dostluğu təmiz idi, bu dostluğun keçmişi yox idi, səhvləri, peşmanlıqları yox idi; bu dostluğun ancaq bugünkü vardı—xoş idi, təmiz idi bu günlər—gələcəyinin də təmiz olacağına inam, ümid çox idi. Sahibə xoşqılıq, şirindil, özünü istədən idi və aralarındakı yaş fərqi az olsa da, kiçik bacı kimi aparırdı özünü, Gülmirəyə, «alim bacısına» hörmətlə, ehtiramla baxırdı həmişə və bu hörmət, onun Sakit Aranlı ilə şəxsən tanış olduğunu, onunla bir yerdə

10 dəq
Birinci hissə, on üçüncü fəsil

Təzə direktorun iş başına gəlməsindən üç ay keçməsinə baxmayaraq, ağlına gələn, düzgün hesab elədiyi «islahatları»nın çoxunu həyata keçirə bilməmişdi. Gecə-gündüz düşünür, ölçüb-biçir, hara əlini atırdısa, müəyyən çətinliklərlə qarşılaşırdı, dayanmalı, təzədən götür-qoy eləməli olurdu. Səhər tezdən idarəyə gəlir, axşamacan ya direktor kabinetində oturur, ya da xüsusi səliqə ilə hələ Aslanzadənin vaxtında bəzətdirdiyi, mebelinəcən yeniləşdirdiyi ikinci kabinetində — artıq əməkdaşların xəlvətdə lağa qoyduğu «istirahət otağı»nda vurnuxurdu. Kənardan baxanlara elə gəlirdi ki, o, can yandırır, bütün fikri-zikri institutdur, onun dərdi-səri, qayğılarıdı. Hətta bəzilərində belə təəssürat da yaranmışdı ki, «kişi işləyən adamdır!»Həyata keçirə bilmədiyi planlarından biri İntiqamın məsələsi idi. Nurəddin özü də baş aça bilmirdi ki, İntiqam ona nə pislik eləyib — ancaq gözünə ox kimi batırdı. Yanına çağırmır, otağına getmir, heç nəydə onunla məsləhətləşmirdi. Bircə şey aşkar idi ki, o, İntiqamla işləməyəcəkdi, işləyə bilməyəcəkdi. Bəs kimi onun yerinə qoysun — institut adamlarının hamısını bir-bir gözünün qabağına gətirir, hərəsinə bir pürçüm qoyur, «yox, bu olmaz!» — deyib ürəyində hazırladığı siyahıdan adını elə qaralayırdı ki, daha fələk də gəlsə oxuya bilməzdi.

20 dəq
Birinci hissə, on dördüncü fəsil

Ana-bala üzbəüz oturmuşdu. Süfrədə təzə təndir çörəyi, kotlet, köy-köyərti vardı. Nadirə tənəffüsə gəlib hazırlamışdı. Ceyhun iştahasız yeyirdi. Bir gözü divar saatında idi.– Niyə belə yeyirsən, ay oğul? Yaman arıqlamısan. Lap hoqqurun çıxıb. Yetim uşaqlara oxşayırsan — elə bil yeməyin, içməyin yoxdur. Şükür allaha, hər şeyimiz var. Yox, gərək mən səni həkimə-zada aparam. Belə olmaz. Bax, işdən qaça-qaça gəlmişəm. Sənə yemək hazırlamışam, sən isə... sərçə kimi dimdikləyə-dimdikləyə yeyirsən.

30 dəq

Başqa şairlərin şeirləri