İkinci hissə, on səkkizinci fəsil
Səhifə 1 / 2
Heyranın gəlişi ilə Nəcməddinin çoxdan bəri sükunətə qərq olmuş malikanəsində həyat əvvəlki qaydasına düşürdü yavaş-yavaş. Nə vaxtdan qadın nəfəsi, qadın əli dəyməyən ev-eşik indi isinmişdi, səliqə-sahman yaranmışdı. Ürək sıxan məhzunluq, kədər harasa uçub getmişdi. Tək qalıb çox zaman öz-özünə danışan, körpə ilə oynayan, başını qatmağa çalışan, ancaq bütün bunlarla da həyatında əmələ gəlmiş boşluğu doldura bilməyən, buna görə də son dərəcə üzüntülü günlər keçirməyə məcbur olan Əbdül, Heyranın gəlişini əvəzsiz bir nemət kimi qiymətləndirir, söhbət etməyə, dərdi-dil eləməyə, məsləhətləşməyə bir həmdəm, bir nəfəs tapdığından uşaq kimi sevinir, yerə-göyə sığışmırdı. O indi bu evin ağası, başıpapaqlısı, külli-ixtiyar sahibi olsa da, özünü lap Dünya xanımın, ağayi Nəcməddinin sağlığında olduğu kimi sadə, demək olar ki, nökər kimi aparır, qüdrətini, gücünü hiss etdirmir, mehribanlığı, qayğıkeşliyi, canıyananlığı ilə Heyranın xoşuna gəlməyə çalışır, burada özünü qərib, kənar adam kimi hiss eləməyə qoymurdu. Danışır, gülür, Heyranın sıxılmasına, çəkinməsinə qətiyyən imkan vermirdi. İstəyirdi ki, o, şad yaşasın, boş-bikar qalıb çox istədiyi mərhum ərinin yoxluğu barədə düşünməsin: unutsun onu da, dərdini də. Lap əvvəl gündən, burada qalacağının razılığını aldığı gündən Əbdül Heyranı yaxşıca yedirdib qonaq eləyəndən sonra yanına salıb otaqları bir-bir gəzdirmiş, evin üzdə olan bər-bəzəyini göstərmişdi. Heyran siftə gələndə bu otaqlara ötəri baş çəkmişdi, ancaq, həyəcanlı olduğundan, heç nəyə diqqətlə, doyunca baxa bilməmişdi, indi arxayın-arxayın hər şeyə tamaşa eləyir, zəngin, müzəyyən bir muzeyi xatırladan otaqlar, ömründə heç vaxt, heç yerdə belə bərbəzəkli ev-eşik görmədiyi üçün onun gözlərini qamaşdırır, könlünü oxşayır, fərəhləndirirdi. Dünya bacısının bu cah-calal sahibi olması ona qəribə, inanılması mümkün olmayan bir nağıl, əfsanə kimi görünürdü. Əbdülün dediyindən məlum olurdu ki, bu otaqlar elə beləcə, bax bu səliqə-sahmanda da qalmalıdı, çünki onu Dünya xanım belə düzəltmişdi, Əbdül istəmirdi ki, bu nizam pozulsun. Heyran evləri silib-süpürəcək, ancaq səliqə-sahman elə-belə, olduğu kimi qalacaq. Sonra Əbdül Heyranı həyət-bacada gəzdirmiş, qarajı, hamamı, anbarı, vaxtilə özünün yaşadığı hücrəni göstərmişdi. Hücrənin içinə baxanda Əbdül ona demişdi:
– Mən buranı sizin üçün nəzərdə tutmuşdum. Demişdim ikiniz yaşarsınız. Ancaq... qismət olmadı. Heyran kədərli-kədərli köks ötürüb:
– Hə, —demişdi və ani fikirdən sonra: — Mən elə burda yaşaram, — deyə əlavə etmişdi. Əbdül dönüb çəpəki nəzər salmışdı:
– Niyə? Sən yuxarıda, bizimlə bir yerdə qalarsan. Tək burda sənin üçün çətin olar, Heyran! — demişdi.
– Yox, elə bura yaxşıdı, çətin olmaz.
– Xeyr, sən uşaqla kəllə otaqda yaşarsan, mən də yan otaqda. Bilirsən, çox narahat yatır gecələr oğlan. Üstünü təpikləyib açır, bəzən durub ağlayır... Sən yanında olsan yaxşıdı...
Heyran susub dinləmişdi. Ürəyində Əbdülün bu sözlərinin mənasını götür-qoy eləmişdi. Kişinin ürəklə, səmimiyyətlə söylədiklərində pis heç nə tapa bilməyib razılıq əlaməti olaraq başını tərpətmişdi. Doğrudan da, əgər Əbdül onu yedirib-geydirirsə, rahat, arxayın yaşaması üçün hər cür şərait yaradırsa — bu, ancaq atasız-anasız qalmış uşağın xatirinə deyilmi? Uşaq isə özgənin balası deyil, doğma bacısının ciyərparasıdır — niyə də uşağın yanında yatmasın, niyə də ona əsl analıq eləməsin?.. Əbdülün uşağa bəslədiyi böyük məhəbbət Heyranı ilk günlərdən valeh etmişdi; o, balaca Nəcməddinə öz balası kimi baxırdı. Hər sözünün əvvəli də, axırı da onunla bağlı olurdu. Heyran başa düşürdü ki, Nəcməddin Əbdülün ürəyidi, nəfəsidi, həyatıdı. O, bu uşaq üçün yaşayır. Əbdülün oğlana bəslədiyi bu ilıq istək Heyrana da sirayət eləyirdi və Əbdülü onun gözlərində ucaldırdı. Heyranın vəzifəsi aydın idi. O, bu evin xidmətçi qadını idi. Uşağa baxmalı, ev-eşiyi təmiz saxlamalı, əskilərini, onun da, Əbdülün də alt paltarlarını yumalı, biş-düş işinə baxmalı idi. Bazarlıq Əbdülün boynunda qalırdı. Belə məsləhətləşmişdilər ki, daha restorandan yemək gətirmək lazım deyil. Heyranın dediyindən elə çıxırdı ki, o, yaxşı, dadlı xörəklər bişirə bilir, O belə söyləyəndə Əbdül də gülüb demişdi:
– Elə mən də pis bişirmirəm. Rəhmətlik ağayi Nəcməddin hərdən zarafata salıb deyərdi ki, anan səni qız doğacaqmış, çaşıb oğlan doğub.
Heyran sadəlövhlüklə deyilmiş bu sözlərə gülmüşdü.
Zahiri, ötəri tanışlıq, «vəzifə bölgüsü» qurtarandan sonra Əbdül özünəməxsus bir təmkin və səmimiyyətlə Heyranın əyin-başını təzələmişdi. Təzələmişdi deyəndə, gedib mağazadan, dükandan, xəyyatxanadan yeni paltar almamışdı: Dünya xanımın cəmi bir-iki dəfə əyninə alıb daha üzünə baxmadığı ipək, qanovuz, qumaşdan tikilmiş paltarlarından seçib bir yaxşı dəstini gətirmiş, ortalığa qoyub:
– Bu köhnə-küləni çıxart, at, bax, bu paltarları gey, — demişdi və özü uşağı da götürüb o biri otağa keçmişdi. Əbdül çıxandan sonra Heyran stolun üstəki ipək paltarlara, mavi rəngli alt paltarına, saçaqlı baş örpəyinə, gödək, yaxası pullu-naxışlı arxalığa baxmış, istər-istəməz yadına o qarlı gündə, təzə, isti geyimdə evə girərkən Cabbarın ona zillənmiş heyrətli, qəzəbli baxışlarını, sonsuz nifrət hissilə söylədiyi o acı sözlərini, ağlaya-ağlaya o paltarları çıxarıb yerə ataraq tapdaladığını xatırlamış, qəşəng, gözəlliyi ilə göz qamaşdıran geyimi görərkən qəlbinə axıb dolmuş fərəh bircə anda yoxa çıxmışdı: o, qəmgin-qəmgin ah çəkib: «yox, geyməyəcəyəm!» — söyləmişdi öz-özünə. Lakin nəzərləri əynindəki süzülmüş, çiyni, dirsəyi nazilib cırılmış donuna sataşanda bu fikrinin qarşısında dura bilməyəcəyini başa düşmüş: «Eh, nə olsun, özgə adamın deyil ki, bacımındır da!» söyləyib dəyişmişdi. Bu paltar da ona çox yaraşmışdı. Paltar sanki bədənindəki əzginliyi də, beynindəki ağır düşüncələri də yox eləmiş, ona gözəllik, təravət bəxş elədiyi kimi, qəribə bir quş yüngüllüyü də bəxş eləmişdi. Heyranın daş-qaş naminə nə barmağında, nə sinəsində, nə biləklərində, nə də qulaqlarında bircə dənə də şey yox idi. Heç əvvəldən olmamışdı, yaxşı paltar kimi, bu qızıl-gümüş, yaqut-mirvari məsələsi də onun ürəyində buza dönüb qalmışdı. Köhnə paltarda gəzəndə, oturub-duranda bu, Heyranın heç yadına düşməzdi haçandı. Ancaq indi... təzə, yaraşıqlı geyim-keçim özü o bəzək şeylərini çağırırdı.
Heyran gözü-könlü tox olduğundan ürəyindən keçən bu hissi dərhal boğmuş, elə bu günə min şükür eləmişdi. Şükranlıq duyğusu ona Cabbarı da, daş-qaşı da unutdurmuş, sevinc içində Əbdülgil olan otağa keçmişdi. Əbdül qucağında uşaq, qarşısında dayanan, paltarlarını geydiyindən daha çox Dünya xanıma oxşayan, solğun sifəti həyəcandanmı, utandığındanmı od tutub yanan, gözləri qəribə bir işıq saçan Heyranı görəndə mehriban-mehriban gülümsünmüşdü. Heyran başını aşağı salıb arxalığının düyməsini qurdalaya-qurdalaya bir qadın sövqi-təbiisi ilə Əbdüldən nə isə eşitmək istəmişdi. O da sanki Heyranın qəlbindən keçəni duyaraq gülə-gülə demişdi:
– Mübarəkdi, Heyran!
– Çox sağ ol... — O, Əbdülə o qədər minnətdarlıq hissi duydu ürəyində, az qala çaşıb Cabbara hər kəlmə başı söylədiyi «əzizim» sözünü işlədəcəkdi. Ancaq tez özünü ələ almış, elə sadəcə «çox sağ ol»u təkrar etməklə kifayətlənmişdi. Ancaq bu üç kəlmə sözü elə demişdi ki, onların axırında «əzizim» deməyə heç ehtiyac qalmırdı — bu söz əriyib həmin üç kəlmə sözün canına hopmuşdu. Və bunu hər ikisi duymamış deyildi. Heyranın gözlərinə, sifətinə yazılmış sevinc Əbdülün bəsi idi.
Bu mavi paltarı Əbdül əbəs seçməmişdi. Özünün də ondan xoşu gəlirdi. Dünya xanım da bu libasını ürəkdən bəyəndiyindən tez-tez geyinərdi. O, Dünyanın bədəninə kip oturardı, yaraşıqlı, qabarıq sinəsini, incə belini rəssam əlilə çəkilmiş bir tablodakı sayaq qəşəng və cazibədar göstərirdi. Əbdülün Dünya ilə bağlı xatirələrinin bircəciyi də yadından çıxmadığından çox yaxşı xatırlayırdı ki, bax indi Heyranın geydiyi o mavi libası iki dəfə Əbdül öz əllərilə Dünyanın əynindən çıxartmışdı, düz iki dəfə!
İndi qənşərində dayanan Heyrana baxırdı və gözləri dumanlanırdı Əbdülün: paltar o paltar idi, ancaq onu geyən Dünya deyildi, ona oxşayırdı, çox oxşayırdı, ancaq o deyildi, yox, o deyildi. Əbdülün kirpikləri ucunda gilələnmiş yaş damcılarını görən Heyran heyrət içində:
– Sənə nə oldu, ağam? — deyə soruşduqda Əbdül özünü ələ alıb:
– Heç — söyləmişdi.— Bu libası gördüm, Dünya xanım yadıma düşdü. Heyran. Bu, sənə yaraşan kimi, ona da gözəl yaraşırdı.
Heyran Əbdülə diqqətlə baxmış, sonra ciddi şəkildə xəbər almışdı:
– Mən fikir vermişəm, Dünyadan danışan kimi sən kövrəlirsən, ağam. Belə başa düşürəm ki, onun xatirini çox istəyirmişsən, hə?
Əbdül gözlərinin nəmini silmişdi:
– Hə, Heyran. Çox istəyirdim, lap çox. Amma heyf!!
– Nə heyf, ağa? — Bacısının təlaşdan həmişə nigaran olan, onun müəmmalı şəkildə yoxa çıxmasının səbəblərini daimi ürəyində götür-qoy eləyib axtaran Heyran, nə isə maraqlı bir şey eşidəcəyini kəsdirib tələsik ikinci dəfə sualını təkrar etmişdi: —Nə heyf, ağa, deyirsiz?
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-ayriligin-sonu-yoxmus-ikinci-hisse-on-sekkizinci
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Salman işdən çıxıb bağa getmişdi, şənbə, bazar günləri orada qalacaqdı: nə qədər təkid eləmişdisə, Nadirə xanım boyun qoymamışdı, evdə qalacağını, yır-yığışla məşğul olacağını bildirmişdi. Yır-yığış deyəndə o, otaqları silib-süpürməyi, səliqə-sahman yaratmağı nəzərdə tutmurdu, haçandı ürəyində gəzdirdiyi, Salmana da açıb demədiyi bir işi görmək istəyirdi; Ceyhunun otağının bütün dər-divarını şəkilləri ilə bəzəmişdi, çarpayısını düzəltmişdi, kitab-dəftərini mizin üstə qoymuşdu; elə bir şərait yaratmışdı ki, sanki Ceyhun harasa getmişdi, haçansa gələcəkdi və bu otağa baş çəkən hər kəs belə düşünə bilərdi ki, bu otağın sakini olduqca səliqəli, hər şeyinin öz yeri olan bir adamdı. Nadirə xanım bütün bu səliqə-sahmanlı otağa bir ziynət də vermək istəyirdi; Ceyhunun müxtəlif illərdə, lap dili təzə söz tutandan son günlərinə qədər maqnitofon lentlərinə yazılmış — özü bilən, özünün xəbəri olmadan səbt olunmuş — səsini, sözlərini az qala üç-dörd qutunu dolduran kasetlərdən axtarıb tapmaq, hamısını bir lentə köçürmək və yadigar saxlamaq istəyirdi. Qış vaxtı da, istirahət zamanı da, yuxularında da heç cür yadından çıxara bilmədiyi yeganə ciyərparasının bir növ «mənzil muzeyinə» çevirdiyi bu kiçik otağa, gələnlərə gözlərinin qorasını sıxa-sıxa danışan Nadirə xanım, Ceyhunun sözləri, gülüşləri, çox sevdiyi mahnılarla da bəzək vermək arzusunda idi. Əslində o, oğlu haqqında başqalarına yox, özü üçün danışırdı və hər şəkil, hər söz Ceyhunu onun gözündə yoxluq, heçlik aləmindən geri, həyata qaytarır, dirildib canlandırırdı; yalnız bu zaman o, qəlbinin atəşinə su çiləyə bilirdi.Ceyhun maqnitofon «xəstəsi» idi. İndiyə qədər çıxmış bütün maqnitofonların — istər yerli, istər xarici olsun — elə bir markasını göstərmək olmazdı ki, lap təzə yayılan vaxtı almasın, istifadə etməsin və bir az sonra, yenisi şəhərdə peyda olan kimi, dəyər-dəyməzinə yoldaşlarından birinə sataraq təzəsini almasın. Xüsusilə Yapon maqnitofonlarını çox xoşlardı. Anası bu «xəstəliyinə» görə onu danlayıb-dansayanda, «bunun əvəzinə dərslərinə baxsan, heç də pis olmaz» — deyəndə, Salman, «dəymə, Nadirə, hərə bir şeyin bazı olduğu kimi, o da maqnitofon bazıdı, qoy uşaq kefini çəksin!» — deyib oğluna qahmar çıxırdı və çox vaxt, təzə maqnitofon almaq istəyən, ancaq pulu çatmayan Ceyhuna Nadirədən gizlin pul da verərdi. Ceyhun sevinə-sevinə gedib həmin maqnitofonu alıb gətirəndə birinci Salmanın kabinetinə keçərək kişini işdən ayırar, onun texniki məziyyətlərindən, başqa maqnitofonlardan fərqli və üstün cəhətlərindən böyük həvəslə, özü ixtira edibmiş kimi, ən azı yarım saat danışardı, atasının, özünün səsini yazardı, lenti geri hərləyib yazdıqlarına təzədən qulaq asardı. Bu hal, Ceyhun hər dəfə təzə maqnatofon alanda təkrar olunardı. Nadirə xanım belə hallarda narazılıqla başını tərpədərək Salmana deyərdi: «Bunda texniki sahəyə böyük maraq var, Salman. Deyəsən injinerdən-zaddan olacaq». O zaman Salman adəti üzrə əlini sinəsində gəzdirə-gəzdirə: «Hələ bilmək olmaz, Nadirə. Adicə maraqdı bu. İndi texnika əsridi, belə-belə işlərlə indi hamı maraqlanır» — söylərdi.
İkinci hissə, on üçüncü fəsilİltifatın redaktoru olduğu «Zəka» divar qəzetinin yeni nömrəsi çıxmışdı. Əməkdaşlar ikibir-üçbir direktorun kabinetinin sol tərəfindəki taxta lövhədən asılmış dörd sütunluq, bir səhifəlik qəzetin qabağında ayaq saxlayır, oxuyub müzakirə edir, sonra danışa-danışa şöbələrə çəkilirdilər. Marağın səbəbi bu idi ki, İltifat üçüncü sütunda özünü Nurəddin Osmanzadəyə həsr elədiyi lirik poemasından bir parça vermişdi. Lap əvvəlində, iki-üç yağlı cümlə ilə Nurəddini dünyanın ən böyük alimləri ilə yanaşı qoyan bir ithaf da yazmışdı. Onun — Nurəddinin zəkası Günəşə bənzədilir, qələmi böyük qəhrəmanların qılıncından da üstün tutulurdu. Sözə, tərifə xəsislik eləməmişdi. Ürəyində, dilində nə qədər şirin və yağlı ifadə vardısa, səxavətlə işlətmiş, Nurəddini göyün yeddi qatına qaldırmışdı. Sütunun axırında isə mötərizə içərisində «ardı var» deyə qeyd olunan bu mədhiyyə, institut əməkdaşlarının böyük əksəriyyətində bir ikrah hissi doğurmuşdu. Bu gün, həftənin birinci günü, hamı başını aşağı salıb işləmək əvəzinə, İltifatın bu əttökən mədhiyyəsini müzakirə eləməklə məşğuldu. Şer, əgər bu adamların tanımadığı əfsanəvi bir qəhrəmana, alimə həsr edilmiş olsaydı, bəlkə də rəğbətlə qarşılanardı — çünki, insafən, misralar dolu idi, mənalı idi. Lakin məsələ bunda idi ki, üç-dörd nəfər dostunu, iki-üç yaltağı və simasızı çıxandan sonra, öz doğma oğlu da içində olmaq şərtilə institutun bütün kollektivi, hətta makinaçılar belə akademik Nurəddin Osmanzadə barəsində tamam ayrı fikirdə idilər və bu mədhiyyədə vəsf edilən cəhətlər, palçıq quru divarı tutmayan kimi, Nurəddinə də əsla yapışmırdı. Bir insan kimi zərrə qədər zərifliyi olmayan bu adam ən iti və duzlu bir qələmlə yazılmış felyeton qəhrəmanı ola bilərdi, ancaq şer qəhrəmanı yox. «Vallah, şer heyfdi, siz allah, şerə yazığınız gəlsin, onu namərd adamlarıa adı ilə ləkələyib öldürməyin, vallah, şer müqəddəsdi» — Sakit o «şeri» oxuyanda bayaq ürəyində belə demişdi. Kefinə soğan doğranmış Sakit gözlərini dördüncü sütunda gəzdirmişdi, bu iyrənc misraları unutmaq istəmişdi, lakin ovqatı daha da pozulmuşdu — çünki dördüncü sütunda yenə redaktorun adının baş hərfləri ilə — İ.A. — deyə imzalanmış bir neçə bənd şer parçası da gözünə dəymiş və istər-istəməz onları da oxumalı olmuşdu. Bu bəndlərdə dəhlizlərdə siqaret çəkib külünü (İltifat özü nə siqaret çəkən idi, nə də içki içən idi) gül dibçəklərinə tökənlər, işə gec gəlib tez gedənlər, pulla dissertasiya yazdırmaq xülyası ilə yaşayanlar (Yalan-gerçək camaat danışırdı ki, İltifat özü bu barədə zavod direktorunun qızı olan. Fazilə xanımla belə bir sövdələşmə eləyibmiş, hətta onun üçün bir məqalə də yazıbmış — bunu onun qələminə məxsus terminlərləçox asanlıqla təyin eləmək mümkünmüş — ancaq nəfsini saxlaya bilməyib qıza üstəlik eşq də elan eləyəndən sonra bu iş yarımçıq qalıb və İltifat, deyilənə görə, indi o qızın əlindən zəncir gəmirir) tənqid edilirdi. Bəndlərin biri isə, Sakitin ürəyinə damdı ki, onun özünə yazılmışdı. Sakit o zaman ona məsləhət verəndən sonra İltifatın üzü dönmüşdü, salamını da güclə alırdı. Qulağı çalırdı ki, guya Sakit onun paxıllığını çəkir. İltifat bu bənddə birini — çox güman ki, Sakit idi bu adam — paxıl adlandırmışdı və hələ üstəlik başının tükünün töküldüyünə də işarə eləmişdi. Sakit pərt olsa da, özünü o yerə qoymadı və İltifata bu barədə heç nə demədi.
İkinci hissə, on dördüncü fəsilGülmirə yaman pərişan olmuşdu. İltifatın onunla bu cür sırtıq rəftarı — eşq elan eləmək istəməsi, hələ üstəlik Orxanın da adını çəkməsi, onu — Gülmirənin əzizini ölü adlandırması ürəyini alt-üst eləmişdi. Evə gəlmişdi. Soyunub duş qəbul eləmişdi, ancaq aram ola bilməmişdi. Elə bil kimsə öz murdar əllərilə onun təmiz vücuduna toxunmuşdu, soyuq suyun altında çiməndən sonra da o, özünü pak hesab eləyə bilmirdi. İndi, eyvanda oturub qarşısında mürgü vuran dənizə baxa-baxa ürəyində İltifata dərin bir nifrət hissi qaynadığını duyurdu. «Məni tək, kimsəsiz görüb gör nə ağız bəhəm eləyir bu yaramaz!? «Sənə şer yazmışam!» Sənin şerin təpənə dəysin, dombagöz vicdansız! Simasız adam!» — Qəlbi hövlündən az qalırdı partlamaq dərəcəsinə gəlsin. Bu, Gülmirə üçün qeyri-adi hal idi. Əqdəm, Orxan dünyadan köçəndən sonra indiyəcən heç bir başı papaqlı cürət eləyib ona güldən ağır bir söz söyləməmişdi, pis gözlə baxmamışdı. Sadəcə, o özünü elə aparmışdı ki, kimsə buna cəsarət eləməmişdi. İndi İltifat... Birdən o, xatırladı ki, İltifat eyni sözləri Ümmügülsümə də, Faziləyə də söyləyib. Onlar İltifatın dediklərini heç veclərinə də almayıblar. «Sən niyə pərt olursan, Gülmirə! heç əhəmiyyət vermə. Sayma onu, qoy qalsın yana-yana. İt hürər, karvan keçər! Yox, ölünü özbaşına qoymaq olmaz. Bir də belə cəsarət eləsə, onu biabır eləyəcəyəm — bütün kollektivin içində üzünə tüpürəcəyəm. Baxmayacağam akademik oğludu, şairdi, nə zibildi!» — deyə o, nəhayət bu gün ona ağır, təhqiramiz sözlər demiş — Gülmirə bunu məhz təhqir hesab eləyirdi — İltifatın xəyalını yaddan çıxarmaq üçün qalxıb eyvanda gəzindi, daş məhəccərə dirsəklənib aşağıya — küçəyə, Bəhram-Gurun əjdaha ilə vuruşmasına, dayanan maşınlara, gəzişən adamlara tamaşa eləməyə başladı. Köhnə İnturistin qabağında ağappaq, uzun «Zim» maşını diqqətini cəlb elədi. Maşın qırmızı lentlərlə, qərənfillə bəzənmişdi. İçərisindən dümağ geyinmiş bəstəboylu bir gəlin düşdü. Görünür toy idi. Qara kostyum geymiş oğlan qızın qoluna girib o biri maşınlardan da düşən adamların — bəzənib-düzənmiş qızların, gəlinlərin müşaiyəti ilə yavaş-yavaş pillələri çıxıb içəri keçdilər.Gülmirə ürəyindən keçirtdi:
İkinci hissə, on beşinci fəsilXəzangülün kolyaskası evdəydi, divanın yanındaydı — qarşı divara sarıydı və o, həmişəki kimi hərəkətsiz televizora baxırdı. Əsəd onu bir az əvvəl gətirmişdi dəniz qırağından. Sahildə də hava isti idi, həyətdə lap bürküydü. Otaqda isə heç nəfəs almaq olmurdu. Sahilə küçəyə baxan pəncərələrin hər ikisini açmışdısa da, içərinin nəfəsi azalmamışdı.Xəzangül fikirli-fikirlr kinoya tamaşa eləyirdi. Sahilə anasının yanında olmasa da, yan otaqda paltarını dəyişməklə məşğul olsa da, bilirdi ki, o, ekrana elə-belə baxır, fikri Əsədin yanındadı. Arzulayır ki, gecə tez gəlib gedəydi, səhər tez açılaydı və Əsəd yenə gəlib onu dəniz qırağına aparaydı. Kim bilir, bəlkə də Xəzangül belə düşünmürdü, ancaq Sahiləyə elə gəlirdi ki, anası məhz bundan başqa heç bir arzu ilə yaşaya bilməz indi.
Başqa şairlərin şeirləri
Yarpaq, sən də budaqdanSolub qürbətə düşdün.
Cəfərqulu xanın Zakirə cavabıQasım bəy, adətdir, xan qulluğuna,Bir kəs atlı gələ, piyadə gedər.
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.
Qasım bəy ZakirəZakira, eşitdim təzə bir xəbərHəqiqətdə qoydu məni xeyli mat