İkinci hissə, on üçüncü fəsil
Səhifə 1 / 3
İltifatın redaktoru olduğu «Zəka» divar qəzetinin yeni nömrəsi çıxmışdı. Əməkdaşlar ikibir-üçbir direktorun kabinetinin sol tərəfindəki taxta lövhədən asılmış dörd sütunluq, bir səhifəlik qəzetin qabağında ayaq saxlayır, oxuyub müzakirə edir, sonra danışa-danışa şöbələrə çəkilirdilər. Marağın səbəbi bu idi ki, İltifat üçüncü sütunda özünü Nurəddin Osmanzadəyə həsr elədiyi lirik poemasından bir parça vermişdi. Lap əvvəlində, iki-üç yağlı cümlə ilə Nurəddini dünyanın ən böyük alimləri ilə yanaşı qoyan bir ithaf da yazmışdı. Onun — Nurəddinin zəkası Günəşə bənzədilir, qələmi böyük qəhrəmanların qılıncından da üstün tutulurdu. Sözə, tərifə xəsislik eləməmişdi. Ürəyində, dilində nə qədər şirin və yağlı ifadə vardısa, səxavətlə işlətmiş, Nurəddini göyün yeddi qatına qaldırmışdı. Sütunun axırında isə mötərizə içərisində «ardı var» deyə qeyd olunan bu mədhiyyə, institut əməkdaşlarının böyük əksəriyyətində bir ikrah hissi doğurmuşdu. Bu gün, həftənin birinci günü, hamı başını aşağı salıb işləmək əvəzinə, İltifatın bu əttökən mədhiyyəsini müzakirə eləməklə məşğuldu. Şer, əgər bu adamların tanımadığı əfsanəvi bir qəhrəmana, alimə həsr edilmiş olsaydı, bəlkə də rəğbətlə qarşılanardı — çünki, insafən, misralar dolu idi, mənalı idi. Lakin məsələ bunda idi ki, üç-dörd nəfər dostunu, iki-üç yaltağı və simasızı çıxandan sonra, öz doğma oğlu da içində olmaq şərtilə institutun bütün kollektivi, hətta makinaçılar belə akademik Nurəddin Osmanzadə barəsində tamam ayrı fikirdə idilər və bu mədhiyyədə vəsf edilən cəhətlər, palçıq quru divarı tutmayan kimi, Nurəddinə də əsla yapışmırdı. Bir insan kimi zərrə qədər zərifliyi olmayan bu adam ən iti və duzlu bir qələmlə yazılmış felyeton qəhrəmanı ola bilərdi, ancaq şer qəhrəmanı yox. «Vallah, şer heyfdi, siz allah, şerə yazığınız gəlsin, onu namərd adamlarıa adı ilə ləkələyib öldürməyin, vallah, şer müqəddəsdi» — Sakit o «şeri» oxuyanda bayaq ürəyində belə demişdi. Kefinə soğan doğranmış Sakit gözlərini dördüncü sütunda gəzdirmişdi, bu iyrənc misraları unutmaq istəmişdi, lakin ovqatı daha da pozulmuşdu — çünki dördüncü sütunda yenə redaktorun adının baş hərfləri ilə — İ.A. — deyə imzalanmış bir neçə bənd şer parçası da gözünə dəymiş və istər-istəməz onları da oxumalı olmuşdu. Bu bəndlərdə dəhlizlərdə siqaret çəkib külünü (İltifat özü nə siqaret çəkən idi, nə də içki içən idi) gül dibçəklərinə tökənlər, işə gec gəlib tez gedənlər, pulla dissertasiya yazdırmaq xülyası ilə yaşayanlar (Yalan-gerçək camaat danışırdı ki, İltifat özü bu barədə zavod direktorunun qızı olan. Fazilə xanımla belə bir sövdələşmə eləyibmiş, hətta onun üçün bir məqalə də yazıbmış — bunu onun qələminə məxsus terminlərlə
çox asanlıqla təyin eləmək mümkünmüş — ancaq nəfsini saxlaya bilməyib qıza üstəlik eşq də elan eləyəndən sonra bu iş yarımçıq qalıb və İltifat, deyilənə görə, indi o qızın əlindən zəncir gəmirir) tənqid edilirdi. Bəndlərin biri isə, Sakitin ürəyinə damdı ki, onun özünə yazılmışdı. Sakit o zaman ona məsləhət verəndən sonra İltifatın üzü dönmüşdü, salamını da güclə alırdı. Qulağı çalırdı ki, guya Sakit onun paxıllığını çəkir. İltifat bu bənddə birini — çox güman ki, Sakit idi bu adam — paxıl adlandırmışdı və hələ üstəlik başının tükünün töküldüyünə də işarə eləmişdi. Sakit pərt olsa da, özünü o yerə qoymadı və İltifata bu barədə heç nə demədi.
Həmin gün İltifatı tez-tez divar qəzetinin qabağında görmək olardı. O, uzun saçlarını sığallaya-sığallaya, burnunu çəkə-çəkə qəzeti oxuyub gedənlərin üzünə sual dolu nəzərlə baxır, bir xoş söz eşitmək istəyirdi, ancaq çox qəribə idi ki, heç kəs heç nə demədən ötüb keçirdi. «Cəhənnəmə desinlər, onların fikri mənim nəyimə gərəkdi? Əsas Nurəddin müəllimdi — o isə oxuyub üzümə gülümsündü bayaq. Demək xoşuna gəlib!» — deyə düşünə-düşünə şöbəyə qayıtmışdı.
Otaqda sakitlik idi. Dalğa gəlib keçmişdi. İltifat dəhlizdə, qəzetinin qabağında onun-bunun ağzına baxa-baxa gəzəndə yoldaşları öz sözünü deyib qurtarmışdı. O içəri girəndə heç kəs üzünə baxmadı. Hamı başını mizinin üstə əyib nəsə oxuyur, nəsə yazırdı. Əslində isə, çoxu ürəyində İltifatın mədhiyyəsi haqqında fikirləşirdi.
Sakitdən sonra, ən çox qəzəblənən Salman idi. Salmanın əlacı olsaydı, «bu yaltaq gədəni» dişi-dırnağı ilə parçalardı, işdən qovardı, lap bu şəhərdən çıxarardı. Çünki hamıdan artıq Salmanın onun boynunda haqqı-sayı vardı və dünənəcən, Nurəddin direktor təyin edilənəcən İltifat Salmanın qoltuğunun altına sığınmışdı, ona «ustadım» deyirdi hər addımbaşı. Onda, İltifat axşamacan gözünün qabağında olan Nurəddinin böyük alimliyini, şəxsiyyət olduğunu görmürdü, görə bilmirdi. İndi isə... o, zəka sahibi idi, elmimizin ziyası olmuşdu. Nurəddini kim tərifləsəydi, Salmanın acığına gəlirdi, elə bil onun şöhrətindən kəsib Nurəddinə verirdilər. Bu zaman o, istər-istəməz dilxor olurdu. İndi gör İltifatın Nurəddinə mədhnamə yazması onu necə də yandırmışdı.
Hayıf, bu gün Elvira — Sarışın nə üçünsə işə gəlməmişdi, gəlsəydi, mütləq İltifatı təbrik eləyərdi, bir-iki kəlmə xoş söz deyərdi. Ax, İltifat necə də istəyirdi xoş söz eşitsin? Nadirə xanımın özü burdaydısa da, fikri milis idarəsində idi. Hacının yanındaydı. Hacı, srağagün Nadirə xanımın zəngini eşidən kimi, yarım saat keçməmiş onlara gəlmiş, lenti dinləmiş, kitabçasına Reyhanın adını yazmış, bulud kimi doluxsunub ağlamaq istəyən Nadirə xanıma təsəlli vermiş, «bu səs, bu ad, artıq kələfin ucudur, Nadirə xanım, səbirli olun, qatil tapılacaq, o, quş olub göyə də çıxsa, mənim əlimdən heç yana qaça bilməz daha!» — deyərək getmişdi. Dünən cavab almamışdı, bu günün də yarısı gedib, hələ bir səs-soraq yoxdu Hacıdan. Ona görə Nadirə xanımın gözü elə telefonda idi. Hərdən, telefon zəng çalanda, səksəkə içində dəstəyi götürür, başqa adam olduğunu bilincə məyus olub dəstəyi yerinə qoyurdu. Hər dəfə telefon səslənəndə Salman da başını qaldırıb nigaran-nigaran Nadirəyə baxırdı. Bununla belə hərdən, gözü İltifata sataşanda Nadirə xanım qəribə bir ikrah hissilə ürəyindən keçirirdi: «İlahi, belə adamlar yer üzündə niyə yaşayır, niyə bu havadan udur, niyə bu gözəl torpağımızın üstündə gəzir? Axı niyə, ilahi?»
Gülmirənin fikri Nadirə xanımla Salmandaydı. Nadirə xanım maqnitofondan tapılan «qızın» əhvalatını ona bu gün səhər danışmışdı və hər ikisi baş sındırmışdı ki, kim ola bilər o qadın? Bəstəkar Baharlının qızı ola bilməzdi, çünki Nadirə xanım eşitmişdi ki, o Moskvada, konservatoriyada oxuyur və elə orada da məşhur bir aktyorun oğluna ərə gedib, günü-güzaranı da çox yaxşıdı. Nadirə xanım, qəribə idi ki, o qadını yaman görmək istəyirdi, təkcə ona görə yox ki, ondan oğlunun bəlkə ölümünün səbəbini öyrənmək mümkün olaydı, həm də ona görə ki, lent yazısından məlum olduğu kimi, o, Ceyhunu çox istəyirmiş və Ceyhun da ona möhkəm tellərlə bağlıymış, özünü bədbəxt sanan Reyhan deyilən o qadını xoşbəxt eləmək istəyirmiş. Nadirə Reyhanı görmək, oğlunun sevdiyi qadının gözlərinin içinə baxmaq, onun son günlərini, saatlarını öyrənmək istəyirdi. Nadirə bir qadın kimi yaxşı başa düşürdü ki, bir-birini tapan, inanan, sevən adamlar bir-birinin ən məhrəm sirrlərini belə öyrənirlər. Yəqin idi ki, Reyhan da Ceyhun haqqında ondan çox bilir. Ancaq, bu məsələləri ətraflı müzakirə eləyən Nadirə və Gülmirə bir nöqtədə çaşıb qalmışdılar; niyə, nə səbəbə o qadın üzə çıxmadı, Ceyhun öləndə ortalığa gəlib onun cənazəsi üstə saçlarını yolub ürəyi boşalınca ağlamadı? Yaxşı, tutaq xəbəri olmayıb. Bəs sonra, Ceyhunun səsini-sorağını eşitməyəndə niyə bu qapıya ayaq basıb atasından-anasından soruşmadı ki, hanı Ceyhun? Neyçün mənim, zənglərimə cavab vermir, niyə məndən qaçır? Qapını, evi tanımır bəlkə? Yox, axı o bura gəlib! Onun səsi o lentə bax bu evdə yazılıb? Nadirə də, Gülmirə də çox götür-qoydan sonra bu qərara gəlmişdilər ki, bu Reyhan hər kimdisə, təsadüfi adamdı Ceyhunun həyatında — «sevirəm» desə də sevmirmiş Ceyhunu. Nadirə xanım ağlının, məntiqinin gücünə bu qənaətə gəlirdi, Gülmirə isə hissiyyatının, ürəyinin. Səhər-səhər Nadirə xanımla elədiyi bu söhbət onsuz da heç vaxt yadından çıxmayan Orxanı xatırlatmışdı ona və ürəyindən keçirmişdi ki, «sən, Nadirə xanım, bu cür zərif hissləri çətin başa düşə bilərsən. Deyirsən, Reyhanın əri var çox güman ki. Belə olan surətdə o, necə ortalığa çıxıb Ceyhunun cənazəsi üstə saç yolub ağlaya bilərdi? Yox, bu mümkün olan iş deyil, Nadirə xanım. Necə ki, mən o zaman Orxan öləndə hamı kimi, sənin kimi kənardan baxıb göz yaşı tökməkdən başqa bir şey eləyə bilmədim. Halbuki istəyirdim cənazə ətrafına yığılan adam çəpərini yara-yara irəli keçib dizlərimi yerə qoyaraq Orxanımın ağappaq ağarmış üzündən, yumulu gözlərindən öpəm, ağı deyib ağlayam! Eləyə bilməzdim, eləmədim. Çünki buna mənim ixtiyarım yox idi və heç kəs, o, cümlədən sən də — əgər eləmiş olsaydım — məni başa düşməzdin, qınayardın, qəlbinizə min cür bəd-bəd fikirlər gələrdi. O da — o Reyhan da elə, Nadirə xanım. Mən bilirəm, o indi hardasa matəm içindədi, Ceyhunu düşünür, onunla keçirdiyi xoş günləri, saatları yad eləyir. Əlbəttə, aralarındakı sevgi əsl sevgiymişsə, ötəri hiss deyilmişsə».
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-vefalim-menim-ikinci-hisse-on-ucuncu-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Neçə gündü, Nəzər key təkiydi. Eynən təqaüdə çıxdığı ilk çağlarda olduğu kimi. Yuxusu qaçmışdı, iştahı pozulmuşdu. Deməyigülməyi yox idi. Qaşları həmişə düyünlüydü, elə bil nə isə çətin bir məsələnin həllini tapşırmışdılar, aciz qalmışdı, cavabını tapa bilmirdi. Sən demə, uzaqda yox, gözünün qabağında, bir zamanlar ⎯ komsomol vaxtlarında, cavan dəli-dolu çağlarında dostlarının, özünün gecə-gündüz bilmədən, yorulmadan qurub-yaratdığı, az sonra isə, döşünü irəli verərək yağıların tapdağı olmaqdan qorumaq üçün qızıl qanını axıtdığı bu əziz, doğma torpaqda, şirin, yaşadıqca yaşamaq istədiyin, heç cürə doymaq mümkün olmayan bu dünyada tamam ayrı cür, anlaşılmaz, nə istədikləri bilinməyən, acgöz, yedikcə «doydum» deməyən, verdikcə «yenə ver» deyən qəribə adamcıqlar və aləmlər yaranıbmış.Müharibədən sonra, uzun-uzun illər boy onun səhərlər gedib, axşamlar qayıtdığı, təmiz, müqəddəs sandığı o məktəb çox balaca bir dünyaymış və o dünyadan kənarda böyük, mürəkkəb, ucu-bucağı görünməyən başqa bir dünya da varmış. Nəzər bu dünyanı görürdü, sadəcə inanmaq istəmirdi, təsadüfi, ötəri hal hesab eləyirdi. «Keçib gedəcək, meşə çaqqalsız olmaz» ⎯ fəlsəfəsi neçə müddət onun düşüncələri ilə gördükləri arasına qalın bir pərdə çəkmişdi.
İkinci hissə, doqquzuncu fəsilMüseyib öz nazirinin ⎯ Ələmdar Qədirovun rayona gəlmək istədiyini və onu Süleymandan soruşduğunu, üstəlik «Ağ balığı var?» ⎯ deyə maraqlandığını eşidən kimi evə zəng eləmişdi. Dəstəyi Simuzər götürmüşdü.⎯ Sənsən, qız?! Bə anan hanı?
İkinci hissə, onuncu fəsilCura müəllim göy rəngli taxta qapısının üzərinə «Rayon Xalq Nəzarət komitəsinin sədri» yazılan lövhə vurulmuş otağın qabağındakı dörd adamlıq sarı oturacaqda əyləşib köhnə şlyapasını dizinin üstünə qoymuşdu. Dəhliz alaqaranlıq idi. Yarım saatdan çox idi ki, gözləyirdi, ancaq Nəzər gəlib çıxmaq bilmirdi.O, kənddən bura gələnəcən və bayaqdan da elə burda baş sındırırdı ki, Nəzər onu niyə çağırtdırmış olar? «Yəqin bazar əhvalatıdı. Xoşuna gəlməmişdi alver eləməyim. Guya mənim xoşuma gəlir. Bəlkə yazıblar? İndi gizli-aşkar, imzalı-imzasız yuxarı yazanların sayı çoxalıb! Yalan-doğru, kimin kimdən acığı gəlir, salamını vaxtında almır, ya bir gəlmə düz söz deyirsən, o saat tənbəllik eləmədən başını açıb yazır. Yoxlama da yoxlama dalınca gəlir, vaxtın gedir, əsəblərin korlanır, haqq olduğunu sübut eləyənəcən o qədər haqsızlıqlar görürsən, o qədər nahaq sözlər eşidirsən, dəli olmaq dərəcəsinə gəlirsən. O da ⎯ yazan da kənardan baxıb əllərini bir-birinə sürtərək «Hə, adamın anasını belə ağladarlar» ⎯ deyib için-için sənə gülür». Amma o, ⎯ Cura, adi kənd müəllimidi, ondan nə yaza bilərlər. Gedib dərsini deyir, uşaqları lazım olanda pambığa, üzümə aparır, bir kimsəynən işi yox, gücü yox. Nə yaza bilərlər ondan?
İkinci hissə, on birinci fəsilGünortadan sonraydı. Nahar fasiləsi yenicə qurtarmışdı. Nəzər səhər evdən gətirdiyi pendir-çörəyini yeyib üstündən də soyutmazından bir stəkan çay içib yanğısını yatırmışdı. Siyirməsini çəkib yarımçıq qoyduğu qalın kitabı açaraq oxumaq istəyirdi ⎯ kitab çox maraqlıydı. Xərçəng xəstəliyinə tutulmuş və bunu da çox yaxşı bilən bir insanın iztirablarından, ağrılarından, düşüncələrindən danışılırdı o kitabda. Rəssam idi o insan. Elə rəssamidi ki, hələ bu cür təbiət vurğunu, insan vurğunu olan bir sənətkar tanımırdı Nəzər. Kitabın o yerində qalmışdı ki, rəssam, doğma torpağın ətrini kətana köçürmək istəyirdi ⎯ elə eləməliydi ki, o tabloya baxan, gül ətri yox, çiçək ətri yox, məhz torpaq ətri duysun ⎯ doğma torpağın ətrini. Bunu necə eləmək olardı? Heç cür ağlına sığışdıra bilmirdi Nəzər. Ancaq o boyda sənətkar nə isə düşünmüşdü, rəngləri necə qarışdıracağını tapmışdı və ölüm qabağı, qalan bütün günlərini, saatlarını o əsrarəngiz ətri yaratmağa həsr eləməyi qərara almışdı və belə fikirləşmişdi ki, bu, onun şah əsəri olacaq. Ağrılara dözürdü, iynələrin əzabına dözürdü, bəzən huşunu itirirdi, ancaq özünə gəlib azca yaxşılaşan kimi, kətanın qabağına keçirdi…Kitabın bu yerindəydi və o, rəssamın iradəsinə heyrət eləyə-eləyə neçə gün idi ki, narahat-narahat gəzib-dolaşırdı, o ağrıları öz canında hiss eləyə-eləyə yaşayırdı; insanın adicə qara torpağa yox, vətən adlanan torpağa bəslədiyi o sonsuz sevgiyə, məftunluğa möcüzə kimi baxırdı. Yazıçının təsvirinə görə, o əsər, bir kətana sığışa biləcək torpaq idi, üstündə gülü də vardı, ağacı da vardı, o ağacın budağına bir sarıköynək qonmuşdu və baxan tamaşaçının qulağına o cansız kətanın üstündən bir bülbül fəryadı gəlirdi ⎯ o səs o qədər yanıqlı və cazibəliydi ki, kar insan belə eşitməyə qadir idi ⎯ qulağıyla yox, ürəyi ilə, gözləri ilə eşidirdi insan o səsi, bütün vücuduyla eşidirdi. Bunlar adi şeylər idi, rəssamın fikrincə, o kətanın üstündəki əlçim torpaqda başqa bir möcüzə vardı, o möcüzə səni heyrətə gətirirdi və bu heyrət ondan ibarət idi ki, o torpaqdan, o qara, güllü, ağaclı, bülbüllü torpaqdan sənə kədər dolu, məzhun, gah gülənə, gah ağlayana oxşayan iki göz baxırdı. Torpağın içində iki göz. Adamın tükləri qabarırdı, adamın içəridə ürəyi əsirdi və düşünürdün ki, o iki göz bu həyatın, bu gözəlliyin, bu torpağın hərarətindən yoğrulub və insan torpaq olandan sonra da bu dünyanın şirinliyinin dalınca bax o gözlər kimi həsrətlə, intizarla, sevinə-sevinə, ağlaya-ağlaya baxır. Ona görə sevinə-sevinə ki, o, bir zaman bu torpaq üstə yaşayıb,gəzib, sevib, sevilib; ona görə ağlaya-ağlaya ki, indi daha yoxdu o, bu dünya var, o gözəllik var, o təbiət var ⎯ ancaq o yoxdu… Və sən o tabloya baxanda ürəyini ilıq bir hiss, doğma bir duyğu isindirir ki, sən ölməzsən, sən bu torpağın üstündə də dirisən, çürüyüb o torpağa qarışandan sonra da dirisən ⎯ sən ölməzsən, ey insan…
Başqa şairlərin şeirləri
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
Agah et, ey bad, məndən ol vəfalı həmdəmiAgah et, ey bad, məndən ol vəfalı həmdəmi,Söylə, gəl gör əşkdən ruyimdə bəhri-əzəmi,
NövhəYenə fitnə alıb meydan,Müftinlər sürür dövran.
SüsəniEy nəzakət çəməni içrə xuraman Süsəni,Xublıq kişvərinin təxtinə sultan Süsəni,