Yenə fitnə alıb meydan,
Müftinlər sürür dövran.
Gözəl Qafqaz olur viran.
Qalır hər kəs buna heyran,
Tərəhhüm eylə ya sübhan,
Amandır, dada yet rəbbi!

Nədir bu qan, nədir möhnət?!
Ki tutmuş bizləri nükbət.
Yapır «şeytan» işi nüsrət.
Gedir əldən tamam qeyrət,
Xudaya! Et bizə rəhmət!
Amandır, dada yet rəbbi!

Hökumət mayeyi ifsad,
Ki qan içməklədir mötad.
Bu cəngi eylədi icad,
Ki etsin bizləri bərbad.
İlahi sən elə imdad!
Amandır, dada yet rəbbi!

Tökülmüş bu qədər qanlar.
Deyilmi bəs bu qurbanlar?
Nə vəhşilikdir, ixvanlar!
Tələf əmlak olur, canlar
Olub divanə insanlar.
Amandır, dada yet rəbbi!

Cəmaət hiylə qurbani,
Olub şad etdi «şeytani».
Fəramuş etdi imani.
Nəhayət sandi dünyanı.
Axıtdı nahəq al qani.
Amandır, dada yet rəbbi!

Qədim qonşu, iki millət,
Dolanmış mehrlə hər vəqt.
Nə üz verdi ki, bu hörmət,
Mübəddəl oldu bər xirəd?
Nə dövrandır bu, nə fürsət?!
Amandır, dada yet rəbbi!

Sözlük

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq