İkinci hissə, on üçüncü fəsil
Səhifə 2 / 3 · 33%
«Ötəri hiss» kəlmələri qəlbinə gələn kimi, Gülmirə baxışlarını qaldırıb nədənsə İltifata nəzər saldı. İltifat arıq, iri əlini çənəsinə dayayıb nə isə yazırdı. Üzündə məmnun bir ifadə vardı. Gülmirə hiss eləyirdi ki, o, divar qəzetini bu gün — direktorun anadan olduğu gün asdığına, ona öz ürək sözlərini dediyinə görə belə şaddı. Və eyni zamanda Gülmirə İltifatın özünü bir insan kimi saf-çürük eləyirdi bu anlarda. Gülmirənin İltifatdan lap əvvəldən, bu idarəyə gələrək Orxanın stolu arxasında oturduğu gündən zəhləsi getməyə başlamışdı. Hərdən bu hiss lap ifrata varırdı. Orxanın stolunda hər dəfə onu görəndə içərisi, ürəyi, xatirələri uçulub dağılırdı. Sonralar, İltifatı daha yaxından və daha yaxşı tanımağa başlayandan sonra bu təəssüf hissi xeyli güclənmişdi. Xüsusilə onun əvvəlcə Ümmügülsümə və bir az keçmiş Faziləyə «könül» açması əhvalatını eşidəndə o, İltifatın mənən çürük adam olması qənaətinə gəlmişdi. Bu söhbəti Nadirə xanım da bilirdi və demək olar ki, institutun bütün qadınları da xəbərdar idi. İltifat isə elə düşünürdü ki, onun bu «eşq qırmaqlarından» kimsənin xəbəri yoxdu, ona görə şax-şax gəzir və yeni-yeni «obyektlər» axtarmaqda davam eləyirdi. İltifat gələndən az sonra gözünü açıb görmüşdü ki, Ümmügülsümdən də, Fazilədən də, Sarışından da gözəli Gülmirədi. Ordan-burdan, ağzını allah yoluna qoyub boş-boş danışanlardan Gülmirənin həyatını öyrənmişdi, sevdiyi Orxanın, az keçmiş isə ərinin öldüyünü, onun tək-tənha qaldığını eşitmişdi. Gülmirə qara paltarda gəzərdi həmişə və qara paltardan da İltifatın çox xoşu gələrdi. Hüznlü, matəmli olduğu üçün onunla ehtiyatla danışar, amma içəridə gizli-gizli Gülmirənin gözəlliyindən yanıb yaxılardı. Üzünə bir söz deməsə də, söhbət əsnasında, iclaslarda, qonaqlıqlarda iri, domba gözlərini ondan çəkməzdi. Amma Gülmirə bir qadın həssaslığı ilə İltifatın bu baxışlarının daimi, davamlı olmadığını aydınca dərk eləyirdi və qəlbində ona gülürdü. «Səni Allah vurmuşdu, yer üzündə bir tək sən qalasan, bir də mən, yenə sənin üzünə baxmaram. Sən niyə kişi olursan? Sən Əqdəmin dırnağı da ola bilməzsən, sən Orxanın çölə atılan tükünə də dəyməzsən, — deyirdi öz-özünə. — Orxan kişi idi, Orxanın o böyük, o şairanə məhəbbətindən sonra sən... Nəyimə gərəksən! Yaltağın biri yaltaq! Kişi də yaltaq olar?».
Ancaq son zamanlar, özü də Ümmügülsümdən və Fazilədən əli çıxandan, ağzı yanandan sonra, İltifat Gülmirəyə diqqətini artırmışdı. Aydın hiss eləsə də ki, bu hökmlü, məğrur, öz gözəlliyini dərk eləyən, lakin deyəsən, qiymətləndirməyən gəlinin ondan acığı gəlir. İltifat bunu başa düşməməzliyə vurur, hər vasitə ilə yaxınlaşmağa çalışır, gecə-gündüz onu necə ələ gətirmək, ram eləmək barədə düşünürdü. Bu yolda yeganə köməkçisi yalnız şer ola bilərdi. Bir-iki şer yazmışdı, amma ürək eləyib verə bilməmişdi. Çünki Gülmirə Ümmügülsümdən də, Fazilədən də boz qadın idi. İltifata bir gəliş gələ bilərdi ki, dəymişi dura-dura kalı tökülərdi və İltifat da məhz bundan qorxurdu. Lakin çox götür-qoydan sonra, nəhayət bir gün o, bütün cəsarətini toplayıb, otaqda heç kəs olmayanda çəkinə-çəkinə üzünü Gülmirəyə tutub:
– Təzə bir şer yazmışam, Gülmirə xanım, — demişdi, — icazə verirsən onu sənə oxuyum?
Gülmirə qələmini əlindən stolun üstə qoymuş, İltifatın hardan başlayıb hara gələcəyini əvvəlcədən duyduğundan mənalı-mənalı gülümsünmüş və:
– Niyə vermirəm, oxu! — söyləmişdi.
İltifat siyirməsindən üç-dörd vərəq yazılı kağız çıxartmış və burnunu çəkib oxumağa başlamışdı. Şerdə bir insafsız gözəldən, onu sevən aşiqinə gözünün ucuyla da baxmamağından danışılırdı. Gülmirə dərhal anlamışdı ki, İltifat üzünə deyə bilmədiyi sözləri kağıza köçürüb və indi ona söyləyir. Şer oxunanda yaxşı təsir bağışlamışdı, ancaq İltifatın səsi kəsilən kimi şer də yaddan çıxmışdı. Gülmirə ha istəmişdi heç olmasa bir misrasını xatırlasın, mümkün olmamışdı. İltifat sual, intizar dolu domba gözlərini Gülmirənin qayğılı, azca allanıb qızarmış üzünə dikib fikrini bilmək istəmişdi. Bunu duyan Gülmirə ağızucu:
– Pis deyil — demişdi. — Bunu kimə yazmısan, İltifat?.. — Gülmirə bic-bic soruşmuşdu. Ancaq bu kinayəni İltifat tuta bilmədiyindən sevinmişdi, çünki özü elə fürsət axtarıb; «bu şeri sənə yazmışam Gülmirə xanım!» — demək istəyirdi. Ona görə İltifat sevincək;
– Sənə! — söyləmişdi və bu sözün ona necə təsir elədiyini yoxlamaq üçün gözünü Gülmirənin gözünə zilləmişdi. Gülmirə allanıb tutulmuş və:
– Çox nahaq yerə, İltifat! — deyə ayağa durmuşdu. — Mənim şer yazanım var, İltifat. Sən gecikmisən.
– Var? Gecikmişəm?
– Bəli.
– Kimdi o bəxtəvər? — Sakitdi?
Gülmirə yenə mənalı-mənalı gülümsünmüşdü:
– Sakit məgər şer də yazır?
– Sənin üçün yazar! — İltifatın bu sözlərindən Sakitə qarşı qəlbində bəslədiyi nifrəti duymaq çətin deyildi. Bunu Gülmirə çoxdan hiss eləmişdi. Gülmirə ilə Sakitin arasında qəribə bir mehribanlıq yaranmışdı son vaxtlar. Bu, təmiz bir ünsiyyət idi. Sadəcə Gülmirənin Sakitin yazılarından da, təbiətindən də xoşu gəlirdi. Mehriban adam idi, həssas idi, ürək qızdırıb dərdini-sərini demək olardı. Sakit Gülmirəyə dərdli bir qadın kimi çox ehtiramla, qayğı ilə yanaşırdı. Gülmirə fasilə zamanı hərdən-birdən özü üçün çay tökəndə Sakitin də armudu stəkanını doldurardı və Sakit ona təşəkkür eləyərdi. Səmimi danışardılar. İltifat bu dostanə münasibətdən darılırdı, buna başqa məna verirdi. Açıq-aşkar heç nə deməsə də, qəlbi gözlərinə yazılırdı İltifatın. Və bunu — o qara qəlbi və o qara fikirləri oxuyurdu Gülmirə. Hər yetənə eşq elan eləyən, «tutar qatıq, tutmaz ayran» fəlsəfəsi ilə yaşayan, «bu qızlar gəldi-gedərdi, onlara yazılan şerlər qalacaq mənə» söyləyən İltifatı sancmaq üçün yaxşı fürsət düşdüyünü görən Gülmirə Orxanın divardakı şəklinə baxıb canlı imiş kimi göz vurmuş və ciddi surətdə demişdi:
– Mənə elə gəlir ki, Sakit şer yazmaq istəsə, şair olmamağına baxmayaraq, səndən yaxşı yazar, İltifat.
– Hə?
– Bəli. Bilirsən, sənin şerlərinə baxıram, görürsən hər şey yerli-yerindədi, sözlər, qafiyələr. İlk oxunuşda da adama yaxşı təsir eləyir — ancaq bu təsir anidir, keçicidir, İltifat. Sonra ha axtarırsan, bir yaddaqalan misra tapa bilmirsən.
– Hə?
– Hə, İltifat. Bağışla ha. Bəlkə xətrinə dəyirəm, ancaq həqiqət belədi.
– Ola bilər, Gülmirə xanım. — İltifatın gözləri sağa-sola axmışdı — Bu sənin şəxsi fikrindi. Bununla razılaşmaq da olar, olmaz da. Ancaq Sakit haqqında dediyin sözlər lap ağ oldu. Görünür, burada simpatiya məsələsi birinci plandadır, Gülmirə xanım. Mənə qalsa, o nəinki şer yaza bilməz, hətta onun nəsrinə də mən aşağı səviyyəli, primitiv bir nəsr kimi baxıram. Dəhşətdi. Naturalizm var onda.
– Bəlkə realizm demək istəyirsən?
– Yox, yox, sırf naturalizm. Sən təsəvvür elə ki, mən onun kitablarını oxumağı arvadıma, qızıma qadağan eləmişəm.
– Yox, a?
– Vallah.
Gülmirə İltifatın Sakitin şöhrətinə, müvəffəqiyyətinə küsəndiyini, içini, ürəyini gəmirən paxıllıq, həsəd hissini başa düşdüyündən daha bu barədə danışıb mübahisə eləməyi yersiz sanmışdı. İltifat isə qulaqlarını, cırmaqlayan və Gülmirənin bir az əvvəl söylədiyi «Mənim şer yazanım var» sözlərini unuda bilmədiyindən, o «şer yazanın» kim olduğunu öyrənmək həvəsini boğmağı bacarmadığından sözü hərləyib soruşmuşdu:
– Deyirsən sənin şer yazanın var? Gülmirə İltifatın incə yerinə toxunduğunu başa düşüb rişxəndli bir təbəssümlə:
– Hə, var, İltifat. — demişdi.
– Kimdi o elə!
– Bunun sənə dəxli yoxdur!
Maraq və həsəd İltifatın ürəyini yandırmışdı:
– Sən allah, kimdi?
– Demərəm.
İltifat çarəsiz halda dodaqaltı nə isə mızıldanmış və yalvarıcı bir tərzdə;
– Bir şerini desən, bilərəm kimdi?.. — söyləmişdi — Yadında qalanı varsa, birini de.
– Onun mənə yazdıqlarının hamısını əzbər bilirəm, İltifat.
– Yaxşı, bircəciyini de.
Gülmirə otaqda fırlanıb pəncərənin qabağına gəlmişdi, həyətdəki yaşıllığa baxa-baxa əzbərdən bu şeri demişdi;
Səninçün gülüşəm, arzuyam, güləm,
Dadlı bir röyayam, səadətəm mən.
Səninçün xəyalam, şerəm, nəğməyəm,
Səninçün vəfayam, sədaqətəm mən.
Təşnə ürəyinçin sərin bulağam,
Sənin olacağam, nə qədər sağam.
Səninçün dünyada arxayam, dağam,
Səninçün şərəfəm, şərafətəm mən.
Sənin ürəyinəm, nurlu gözünəm,
İsti nəfəsinəm, şirin sözünəm,
Sənin varlığınam, sənin özünəm,
Səninçün ətirəm, təravətəm mən.
Sənə arzu dolu şirin cahanam,
İstərəm tək sənin oduna yanam.
Kim deyər, səninçün adi insanam —
Təpədən-dırnağa məhəbbətəm mən.
Şerin son misrasını söyləyəndə geri qanrılıb əli üzündə lal-dinməz qulaq asan İltifata baxmış və gülmüşdü:
– Hə, tapdın?
– Yoox. Tanış gəlmədi, heç yerdə oxumamışam belə şer.
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-vefalim-menim-ikinci-hisse-on-ucuncu-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Neçə gündü, Nəzər key təkiydi. Eynən təqaüdə çıxdığı ilk çağlarda olduğu kimi. Yuxusu qaçmışdı, iştahı pozulmuşdu. Deməyigülməyi yox idi. Qaşları həmişə düyünlüydü, elə bil nə isə çətin bir məsələnin həllini tapşırmışdılar, aciz qalmışdı, cavabını tapa bilmirdi. Sən demə, uzaqda yox, gözünün qabağında, bir zamanlar ⎯ komsomol vaxtlarında, cavan dəli-dolu çağlarında dostlarının, özünün gecə-gündüz bilmədən, yorulmadan qurub-yaratdığı, az sonra isə, döşünü irəli verərək yağıların tapdağı olmaqdan qorumaq üçün qızıl qanını axıtdığı bu əziz, doğma torpaqda, şirin, yaşadıqca yaşamaq istədiyin, heç cürə doymaq mümkün olmayan bu dünyada tamam ayrı cür, anlaşılmaz, nə istədikləri bilinməyən, acgöz, yedikcə «doydum» deməyən, verdikcə «yenə ver» deyən qəribə adamcıqlar və aləmlər yaranıbmış.Müharibədən sonra, uzun-uzun illər boy onun səhərlər gedib, axşamlar qayıtdığı, təmiz, müqəddəs sandığı o məktəb çox balaca bir dünyaymış və o dünyadan kənarda böyük, mürəkkəb, ucu-bucağı görünməyən başqa bir dünya da varmış. Nəzər bu dünyanı görürdü, sadəcə inanmaq istəmirdi, təsadüfi, ötəri hal hesab eləyirdi. «Keçib gedəcək, meşə çaqqalsız olmaz» ⎯ fəlsəfəsi neçə müddət onun düşüncələri ilə gördükləri arasına qalın bir pərdə çəkmişdi.
İkinci hissə, doqquzuncu fəsilMüseyib öz nazirinin ⎯ Ələmdar Qədirovun rayona gəlmək istədiyini və onu Süleymandan soruşduğunu, üstəlik «Ağ balığı var?» ⎯ deyə maraqlandığını eşidən kimi evə zəng eləmişdi. Dəstəyi Simuzər götürmüşdü.⎯ Sənsən, qız?! Bə anan hanı?
İkinci hissə, onuncu fəsilCura müəllim göy rəngli taxta qapısının üzərinə «Rayon Xalq Nəzarət komitəsinin sədri» yazılan lövhə vurulmuş otağın qabağındakı dörd adamlıq sarı oturacaqda əyləşib köhnə şlyapasını dizinin üstünə qoymuşdu. Dəhliz alaqaranlıq idi. Yarım saatdan çox idi ki, gözləyirdi, ancaq Nəzər gəlib çıxmaq bilmirdi.O, kənddən bura gələnəcən və bayaqdan da elə burda baş sındırırdı ki, Nəzər onu niyə çağırtdırmış olar? «Yəqin bazar əhvalatıdı. Xoşuna gəlməmişdi alver eləməyim. Guya mənim xoşuma gəlir. Bəlkə yazıblar? İndi gizli-aşkar, imzalı-imzasız yuxarı yazanların sayı çoxalıb! Yalan-doğru, kimin kimdən acığı gəlir, salamını vaxtında almır, ya bir gəlmə düz söz deyirsən, o saat tənbəllik eləmədən başını açıb yazır. Yoxlama da yoxlama dalınca gəlir, vaxtın gedir, əsəblərin korlanır, haqq olduğunu sübut eləyənəcən o qədər haqsızlıqlar görürsən, o qədər nahaq sözlər eşidirsən, dəli olmaq dərəcəsinə gəlirsən. O da ⎯ yazan da kənardan baxıb əllərini bir-birinə sürtərək «Hə, adamın anasını belə ağladarlar» ⎯ deyib için-için sənə gülür». Amma o, ⎯ Cura, adi kənd müəllimidi, ondan nə yaza bilərlər. Gedib dərsini deyir, uşaqları lazım olanda pambığa, üzümə aparır, bir kimsəynən işi yox, gücü yox. Nə yaza bilərlər ondan?
İkinci hissə, on birinci fəsilGünortadan sonraydı. Nahar fasiləsi yenicə qurtarmışdı. Nəzər səhər evdən gətirdiyi pendir-çörəyini yeyib üstündən də soyutmazından bir stəkan çay içib yanğısını yatırmışdı. Siyirməsini çəkib yarımçıq qoyduğu qalın kitabı açaraq oxumaq istəyirdi ⎯ kitab çox maraqlıydı. Xərçəng xəstəliyinə tutulmuş və bunu da çox yaxşı bilən bir insanın iztirablarından, ağrılarından, düşüncələrindən danışılırdı o kitabda. Rəssam idi o insan. Elə rəssamidi ki, hələ bu cür təbiət vurğunu, insan vurğunu olan bir sənətkar tanımırdı Nəzər. Kitabın o yerində qalmışdı ki, rəssam, doğma torpağın ətrini kətana köçürmək istəyirdi ⎯ elə eləməliydi ki, o tabloya baxan, gül ətri yox, çiçək ətri yox, məhz torpaq ətri duysun ⎯ doğma torpağın ətrini. Bunu necə eləmək olardı? Heç cür ağlına sığışdıra bilmirdi Nəzər. Ancaq o boyda sənətkar nə isə düşünmüşdü, rəngləri necə qarışdıracağını tapmışdı və ölüm qabağı, qalan bütün günlərini, saatlarını o əsrarəngiz ətri yaratmağa həsr eləməyi qərara almışdı və belə fikirləşmişdi ki, bu, onun şah əsəri olacaq. Ağrılara dözürdü, iynələrin əzabına dözürdü, bəzən huşunu itirirdi, ancaq özünə gəlib azca yaxşılaşan kimi, kətanın qabağına keçirdi…Kitabın bu yerindəydi və o, rəssamın iradəsinə heyrət eləyə-eləyə neçə gün idi ki, narahat-narahat gəzib-dolaşırdı, o ağrıları öz canında hiss eləyə-eləyə yaşayırdı; insanın adicə qara torpağa yox, vətən adlanan torpağa bəslədiyi o sonsuz sevgiyə, məftunluğa möcüzə kimi baxırdı. Yazıçının təsvirinə görə, o əsər, bir kətana sığışa biləcək torpaq idi, üstündə gülü də vardı, ağacı da vardı, o ağacın budağına bir sarıköynək qonmuşdu və baxan tamaşaçının qulağına o cansız kətanın üstündən bir bülbül fəryadı gəlirdi ⎯ o səs o qədər yanıqlı və cazibəliydi ki, kar insan belə eşitməyə qadir idi ⎯ qulağıyla yox, ürəyi ilə, gözləri ilə eşidirdi insan o səsi, bütün vücuduyla eşidirdi. Bunlar adi şeylər idi, rəssamın fikrincə, o kətanın üstündəki əlçim torpaqda başqa bir möcüzə vardı, o möcüzə səni heyrətə gətirirdi və bu heyrət ondan ibarət idi ki, o torpaqdan, o qara, güllü, ağaclı, bülbüllü torpaqdan sənə kədər dolu, məzhun, gah gülənə, gah ağlayana oxşayan iki göz baxırdı. Torpağın içində iki göz. Adamın tükləri qabarırdı, adamın içəridə ürəyi əsirdi və düşünürdün ki, o iki göz bu həyatın, bu gözəlliyin, bu torpağın hərarətindən yoğrulub və insan torpaq olandan sonra da bu dünyanın şirinliyinin dalınca bax o gözlər kimi həsrətlə, intizarla, sevinə-sevinə, ağlaya-ağlaya baxır. Ona görə sevinə-sevinə ki, o, bir zaman bu torpaq üstə yaşayıb,gəzib, sevib, sevilib; ona görə ağlaya-ağlaya ki, indi daha yoxdu o, bu dünya var, o gözəllik var, o təbiət var ⎯ ancaq o yoxdu… Və sən o tabloya baxanda ürəyini ilıq bir hiss, doğma bir duyğu isindirir ki, sən ölməzsən, sən bu torpağın üstündə də dirisən, çürüyüb o torpağa qarışandan sonra da dirisən ⎯ sən ölməzsən, ey insan…
Başqa şairlərin şeirləri
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
Agah et, ey bad, məndən ol vəfalı həmdəmiAgah et, ey bad, məndən ol vəfalı həmdəmi,Söylə, gəl gör əşkdən ruyimdə bəhri-əzəmi,
NövhəYenə fitnə alıb meydan,Müftinlər sürür dövran.
SüsəniEy nəzakət çəməni içrə xuraman Süsəni,Xublıq kişvərinin təxtinə sultan Süsəni,