Birinci hissə, on səkkizinci fəsil
Səhəri günü özünü azca nasaz hiss elədiyi üçün Salman işə çıxmadı. Hıqqıldaya-hıqqıldaya, zarıya-zarıya telefona yaxınlaşıb Aslanzadəyə zəng çaldı, icazə alıb yerinə girərək əməlli-başlı uzandı. Ərini kefsiz görən, ümumən evdə xəstə görməkdənsə, özü xəstələnməyi üstün tutan Nadirə əl-ayağa düşüb doktor çağırmaq istəyəndə Salman qoymadı: «Əşi, yüngülvarı şeydi, keçib gedər»,— deyərək onu sakitləşdirdi; buna baxmayaraq Nadirə balaca ev aptekindən aspirin tapıb isti çayla ərinə içirtdikdən sonra nigaran-nigaran idarəyə getdi. Professor darıxacağını hiss eləyib əl ataraq çarpayısının baş tərəfindəki kitab rəfindən «Şərq ədəbiyyatında realizm» əsərini götürdü və mütaliəyə başladı. Ancaq sətirlər gözünün qabağından qaçdığına görə, cümlələr, fikirlər ona dolaşıq və anlaşılmaz görünürdü, buna görə oxuduğu bir cümləni qayıdıb ikinci dəfə də nəzərdən keçirməli olurdu. Çox keçməmiş belə mütaliənin heç bir fayda verməyəcəyini kəsdirib kitabı yorğanının üstünə atdı. Çünki onun diqqəti burada deyil, dünən müvəffəqiyyətlə keçirdiyi «əməliyyatın» yanında idi. Professorun diqtəsi ilə, Gülmirənin öz əlilə yazılan məqalə onun seyfində, köhnə kağızlar yığılmış qovluğun arasındaydı.
Salman ehtiyatlı tərpənib Gülmirəyə bəzi başqa məsləhətlər də vermişdi. Bütün bunlara baxmayaraq, Salman gecəni səhərəcən yerində qurcuxmuş, ilan vuran yatmışdısa da, o, çimir belə eləyə bilməmişdi. Bir tərəfdən qurduğu, o biri yandan da belə mühüm məsələnin ümumən əldən çıxması onu yamanca dilxor eləmişdi. Burda şəxsən o heç nə qazanmırdı. Arada əzab-əziyyət çəkən Cəfər, «nə yoğurub, nə yapan, hazırca kökə tapan» isə Gülmirə olurdu. Paxıl adamlar, bərk ayaqda, bununla da təsəlli tapmağı bacarırlar; Salmanın da təsəllisi bu idi. Ötən gecə yerində çalıxıb-çapalayan təkcə Salman deyildi, Gülmirə daha böyük və daha anlaşılmaz bir təlatümə düşmüşdü. Elə bir təlatümə ki, o, bu qurğunun əsil mahiyyətini tam aydınlığı və dərinliyi ilə hələ də anlaya bilmirdi. Bu, nə idi? Professor ona köməklik etmək istəyirdi. Belə köməklik olar? Bəlkə bu, Cəfərə qurulmuş bir tələdir. Elə isə bəs Gülmirə nə üçün onun «çörəyinə» mane olmalıdır? Axı onlar yoldaşdılar, eyni şöbədə işləyirlər. Kimə bu dərdi-sirri açmalı, kimdən məsləhət almalı? Orxana? Yox, axı, o heç kəsə sirr açmayacağına söz verib.
Bu cavabsız suallar onu hövülləndirir, ancaq Gülmirə bu işin axırını bir yana çıxara bilmir, düşdüyü vəziyyətlə barışmalı olurdu. Belə anlarda o öz-özünə deyirdi: bəlkə üzümə bağlanan qapılar açılır? Bəlkə bu məqalələr məni bir yana çıxaracaq? Nə üçün mən gərək şadlığıma şitlik eləyim? Niyə də? Kim belə hazır tikədən qaçar? Sonra ürəyinin dərinliyindən gələn bir ayrı səs hökmlə, qəzəblə onun öz üstünə bağırırdı: «Vicdansız!» Bu zaman o, əlilə üzünü tutub ağlamaq istəyirdi, lakin bacarmırdı. Təkcə Cəfərin ürəyi sakit idi. Əslində o, sevincin qanadlarında uçurdu. Bu gecə professoru, Gülmirəni ayrı hisslər yatmağa qoymamışdı. Cəfəri isə sevinc. Hələ o, uzun illərdən bəri belə sevindiyini xatırlaya bilmirdi. Elə sevinirdi ki, ürəyi bu sevincə tab gətirməyib partlaya da bilərdi.
«Heyf ki, dünən professorun vaxtı olmadı. Yoxsa baxacaqdı. Yəqin, o da sevinəcəkdi»,— deyə düşünən Cəfər səhəri səbirsizliklə közləmiş, tezdən professorun başının üstünü almaq üçün hamıdan qabaq idarəyə gəlmişdi. Amma professorun kefsiz olduğunu və bu gün işə çıxmayacağını eşidəndə məyus oldu. Şöbəyə gəlib yerində oturdu, ancaq nə oxuya bildi, nə də yaza bildi. İri, lay pəncərədən diş-diş qala divarlarına baxıb, fikrə getdi. Professorun kabinetinin qapısı da bağlı idi. Cəfər dözməyib şöbədən çıxdı. Pillələri tələsik enib, özünü küçəyə saldı. Azərnəşrin binasının qabağında trolleybusa minib, on dəqiqə sonra Nərimanov prospektində, «Ceyran» kafesinin yanında düşdü.
Qapını zol-zol pijama geyinmiş professor özü açdı. Cəfəri görən kimi:
– O... sənsən?! Yaxşı ki, gəldin,—dedi və onu içəri dəvət elədi.
Cəfərin sıxıntısı keçib getdi. Professorun halını-əhvalını soruşdu.
– Azca canım ağrıyır, canına sağlıq,—deyə o, yenə çarpayısına sarı getdi və Cəfərə qənşərindəki kreslonu göstərdi. Cəfər əyləşdi. Professor üzr istəyib yorğan-döşəyə girdi. — Ürəyin düzdü,— deyə hər iki əlini daraqlayıb boynunun dalına qoydu, başını qaldırıb Cəfərə baxdı. — Bu dəqiqə elə sənin haqqında düşünürdüm.
– Çox sağ olun, professor.
– Dünən elə tələsirdim ki, heç yaxşı ayırd eləyə bilmədim də nə dedin. Füzuli haqqında, deyəsən, məqalə yazmışdın, ya nə idi?
– Belədi ki, bir balaca məqalə qaralamışdım. Füzulinin avtoqrafını tapmışam...
– Füzulinin avtoqrafını?
– Bəli. Öz dəst-xəttilə yazdığı... İndiyə qədər...
– Hə, bildim. Sən, yəqin, «Əsrarül-ədvar»dakı məsələni görübsən.
Cəfərin gözlərindəki sevinc qığılcımları öləziməyə başladı.
– Bəli... Sizin xəbəriniz...
– Hə, o barədə məqalə də yazılıb.
Professorun soyuqqanlıqla dediyi bu sözlər Cəfərin bütün sevincini alt-üst elədi. O, ağır zərbə almış adamlar kimi karıxıb gözlərini qırpa-qırpa qaldı.
– Məqalə də yazılıb?
– Bəli.
– Kim yazıb? Mənə rast gəlməyib.
Professor qımışıb daha inandırıcı bir üsul kəşf eləmiş adam kimi fərəhləndi və dikəlib yerində oturdu:
– Sənə bir əziyyət versəm, olar?
– Niyə olmur?— deyə Cəfər fikri dağınıq halda cavab verdi.
– Mənim o şalvarımın cibindən kabinetin və seyfin açarını götür, get idarəyə. Otağı aç, stolun üstündən öz məqaləni, seyfdən də göy papkanı götür, gəl.
Cəfər açarları götürüb çıxanda professor eşitdirdi:
– Sonra qapını və seyfi bağlamağı unutma!
– Yaxşı...
Cəfər yolu quş kimi gedib-gəldi. Özünü saxlaya bilməyib göy qovluğu açıb içindəki kağız-kuğuzu yoxlamaq istədisə də, trolleybusda adam çox olduğundan imkan tapmadı. Yol uzunu düşündü: «Bu nə haqq-hesabdı? Harda çıxıb məqalə ki, mən ona rast gəlməmişəm.
Bəlkə?.. Bəlkə nə? — Öz-özündən soruşdu. — Bəlkə bizim uşaqlardan biri tapıb? Yaxud professor özü?»
Cəfər lap cavanlıq illərindən Salmanın xasiyyətinə: özünü iki inəkli, qonşusunu bir inəkli istəyən adam olduğuna bələd idi. (Cəfər Bakıdan uzaqda yaşadığı illərdə Salmanın dəyişib qonşusunu bir inəkli də görmək istəməyən adama çevrildiyini hələ bilmirdi). Bununla belə ürəyinə ayrı şey gətirmək istəmirdi. «Axı o nə məqalədi?» deyə-deyə qapının zəngini basdı. İki dəqiqə keçmiş onlar - Salman və Cəfər üzbəsurət oturmuşdular. Cəfər eynəyinin altından qəribə parıltı ilə işıldayan gözlərini professora zilləmişdi,
– Hə, belə-belə işlər, yoldaş Cəfər. Sən elə bildin Füzulinin avtoqrafını sən birinci görübsən?
– Mənə elə gəldi ki...
– Hə, belə... Mənə elə gəldi ki..— O, danışa-danışa qovluğu açıb içərisindən, lap altdan bir-birinə sancaqlanmış iki səhifə çıxartdı. Ani nəzərdən keçirib Cəfərə işarə elədi:
– Stulunu yaxın çək. Bax, bu məqaləni görürsən? Adı nədi?
– Adı?— Cəfər irəli əyilib çətinliklə oxudu:— «Füzulinin avtoqrafı...»
– Kim yazıb?
– Gülmirə Əlibəyli.
– İndi bu tarixə bax. Nə vaxt yazılıb məqalə? Cəfər axırıncı səhifənin aşağısına — professorun barmağı ilə göstərdiyi nöqtəyə baxdı.
– Martda yazılıb.
– Demək, üç ay bundan irəli yazılıb, eləmi?
– Bəli.
– İndi bura bax. Bunu da mən yazmışam.
Cəfər dərkənarı da oxudu: «Mühüm bir məsələyə həsr olunmuş bu məqalənin çap olunmasını məsləhət bilirəm. Prof. S.Qurbanzadə». Altında da iki ay bundan qabağın tarixi...
– Bəs indiyəcən Gülmirə bunu niyə çap elətdirməyib?— deyə Cəfər burnunun ucuna enib düşmüş eynəyi barmağı ilə düzəldib xəbər aldı.
– Düzü, günah məndə olub. Vaxtımın azlığı üzündən ona verə bilməmişəm. Yazıq özü iki-üç dəfə də yanıma gəlib, imkanım olmayıb. Bilirsən, gah iclas, gah müşavirə, gah nə bilim nə. Qız, deyəsən, bir balaca məndən inciyib də. Cavanlar axı bir balaca dəymədüşər olurlar. — Bunu deyib Salman məqaləni Cəfərə sarı uzatdı. — Al, bax, tanış ol, bəlkə ayrı-ayrı avtoqrafları tapmısınız?
Cəfər alıb tələsik halda məqaləni nəzərdən keçirdi. Yox, buna heç şübhə ola bilməzdi, mənbə, avtoqraf eyni idi. Cəfər bu günə qədər zəngin bir xəzinəyə açar tapmış adama oxşadırdı özünü. Şad-xürrəm idi. Amma indi... O açarı onun əlindən aldılar, başqasına verdilər, sən demə, o gecikibmiş. Gecikibmiş, həyatda olduğu kimi...
– Bir Şeydi, professor...— deyən Cəfərin ümidsiz səsi eşidildi.
Gülmirə Cəfərin onun stoluna sarı gəldiyini görəndə özünü itirən kimi oldusa da, professorun möhkəm-möhkəm tapşırdığı sözləri yadına salıb özünü ələ aldı. Cəfər salam verib boş stulu Gülmirənin stoluna sarı çəkib əyləşdi.
– Sən, belə məlum olur ki, Füzulinin avtoqrafını tapmışmışsan.
Gülmirənin bu an nələr çəkdiyini dillə demək çətindi. Onun bu dəqiqə keçirdiyi ağrılı-acılı əzab ilk dəfə başqasının təhriki ilə günahsız insan öldürmüş ürəyi yumşaq bir adamın əzablarına çox oxşayırdı. hər şey keçici, ötəri olduğu kimi, belə əzablar da keçib gedən olur. Xüsusilə o zaman ki, tutulmaq, ifşa olunmaq qorxusu adamın bütün varlığına hakim kəsilir; o öz başını, canını xilas etmək barəsində düşünür. Bax, bu zaman sentimental hisslər yox olur, yerini başqa, daha real, daha həyati hisslərə verir. Gülmirə də belə oldu: Cəfərin solğun, yorğun üzünü görəndə əzab içində qovruldu, iki saniyə keçməmiş dəyişib tamam ayrı bir adama çevrildi:
– Hə, necə məgər? Tapmışam.
– Bəs niyə indiyəcən səsə salmırsan?
– Neyniyəcəm? Durub car çəkməyəcəm ki? Yazmışam, vermişəm kişiyə. Haçan verər, verər. Dedim hay-küy salaram, deyərlər ki, Gülmirə lovğalanır.
Cəfər bu sözlərin müqabilində heç nə deməyib başını aşağı saldı və düşündü: «Yaxşı ki, çox adama Füzulinin avtoqrafını tapdığımı deməmişəm. Yoxsa lap biabır olardım.»
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-teyyare-kolgesi-birinci-hisse-on-sekkizinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əbdül hasarın dibindəki qarajın qapısını açmışdı ki, maşına hava dəysin. Özü isə ortalıqda dayanıb göyərçinlərə dən səpirdi. Gün günorta yerində idi və istisi yandırıb-yaxırdı. Əbdül əyninə ağ köynək keymişdi, başıaçıq idi—günəşin hərarəti seyrək tüklü başını, kürəklərini xoş bir gizilti ilə qarsalayırdı. Boynu zəncirli, iri, hündür köpək, qabaq ayaqlarını irəli uzadaraq qırmızı dilini çıxarıb ləhləyirdi. Toyuq-cücə ağac, dam-divar dibində kölgələnirdi.Darvaza döyüləndə Əbdül geri qanrıldı. Kim idisə, nabələd adam idi, zəngi basmaq əvəzinə dəmir qapını əlilə, bir az da ehtiyatla döyəcləyirdi. Əbdül dən qabını yerə qoyub irəli gəldi. «Kimsən, nəçisən» deyə soruşmadan kiçik qapını açanda çarşablı-yaşmaqlı bir qadının dayandığını görüb təəccübləndi. Yalnız gözləri işıldayırdı, sifəti, burnu örtülü olan qadın çəkinə-çəkinə Əbdülə nəzər saldıqda o, soruşdu:
Birinci hissə, on beşinci fəsilZərrintac xanım gözlərini açdı—nəzərinə ilk sataşan şey tavan oldu. Pəncərənin açıq pərdəsindən içəri günəş şüası düşmüşdü, qızıl şərf kimi uzanıb döşəmədən keçərək çarpayısının baş ucuna dirənmişdi. Demək səhər çoxdan açılmışdı.Başı dumanlı idi, ağrıyırdı. «Nə bir tünd qəhvə içərdim!» — deyə ürəyindən keçirtdi. Köhnə adəti üzrə ya Elməddin, ya da Siminbəri səsləmək istədi, səslədi də. Ancaq kimsənin hay vermədiyini görüb xatırladı ki, onlar yoxdu. Ona qəhvə gətirən olmayacaq.
Birinci hissə, on altıncı fəsilƏbdülün verdiyi yüzlük köz parçasına dönüb Heyranın əlini yandırırdı. Əvvəlləri yadına gəlmirdi, ancaq Cabbarla yaşadığı bu on beş-on altı ildə Heyran heç vaxt əlində yüzlük tutmamışdı, gördüyü pullar qəpik-quruş olmuşdu, ən çox dəmir pullar. Barmaqla sayıla biləcək qədər də onluq və iyirmilik görmüşdü. Cabbarın axşamlar şəhərdən — bazardan evə dönərkən gətirdiyi pullar arasında göy rəngli iyirmilik görəndə Heyran özünü xoşbəxt sayırdı, dövlətli hesab eləyirdi. Ancaq indi, birdən-birə yüzlüyü vardı və onu tanımadığı, birinci dəfə gördüyü bir şəxs vermişdi. Bacısının nökəri, indi Dünyanın uşağının dayəsi olan Əbdül. Pulu ovcunun içində bərk-bərk sıxmışdı, əlinin tərlədiyini də hiss eləmirdi. İti, tələsik addımlarla bazara tərəf gedə-gedə Allaha yalvarırdı ki, qan-qada bacısının başından uzaq olsun, qayıdıb balasının yanına gəlsin; o gəlsə, uşaq yetimçilik görməz, o gəlsə, Dünya Heyran xanıma da—xəstə əri ilə dörd divar arasında tək-tənha, köməksiz, ehtiyac içində çırpına-çırpına boğulan bacısına da əl tutar yəqin, bu qədər var-dövlətdən onlara da hərdən bir görüm-baxım eləyər. Ürəyində bacısından ötəri allah dərgahına əl qaldırıb dua-səna elədikdən sonra o, Əbdülü zahirən sakit, adicə bir nökər təsiri bağışlayan, əslində isə o cah-cəlallı ev-eşiyin sahibi olan, bacısının yeganə yadigarına öz doğma balası kimi baxan, ömrünün axırınacan da baxacağına and içən, nəhayət, yumşaq qəlbli, dar gündə başqasına əl tutmağı bacaran Əbdülü xatırlayır, ona uzun ömür arzulayırdı. Əbdül sadə idi, qayğıkeş idi, qonaqpərvər idi. O, necə də Heyranın danışığından vəziyyətlərinin ağır olduğunu başa düşmüşdü, minnətsiz-filansız ona yüz rupi gətirib vermişdi. Bunu indiki zamanada kim eləyərdi? Qonşunun evində axşamacan işləyəndə ona beş-on rupi pul verirdilər, onu da necə? Gecə yatanda da əlləri, ayaqları zoqquldayırdı, sümükləri sızıldayırdı? Ancaq Əbdül... yəqin bacısı Dünya evdə olsaydı, görüşübqucaqlaşıb ağlaşandan, sakitləşəndən, onun gününü-güzəranını öyrənəndən sonra lap çox pul verərdi. Yox, onun pulu da lazım deyil, təki özü sağ-salamat olsun, qayıdıb balasının üstünə, isti xanimanına qayıdıb gəlsin — ona, Heyran xanıma heç nə lazım deyildi.Heyran bu qatmaqarışıq düşüncələr əlində çırpına-çırpına özünü Çaharrahi meydanındakı bazara yetirmiş, ət, pendir, yağ, meyvə, göy-göyərti almış, Daruləmana gedən avtobusa minərək evə gəlmişdi. Bir əlində tor zənbil, o birində pulun qalanını—altmış beş rupini tutmuşdu. Ürəyi sevinc-qarışıq bir həyacanla döyünürdü. Dayanacaqdan evə gələnəcən düşünmüşdü ki, gedən kimi isti xörək bişirəcək, son vaxtlar lap zəifləyib əldən düşmüş Cabbarı doyunca yedirdəcək, alma verəcək. Cabbar yeyəcək, gözlərinə işıq gələcək, Heyrana «çox sağ ol» deyəcək. Ondan sonra necə gedib bacısının evini tapdığını, bacısı balasını gördüyünü danışacaq və Cabbar da sevinəcək.
Birinci hissə, on yeddinci fəsilAğayi Siracəddin şəhərə «ova» çıxmışdı. Maşınsız idi. Ləbidərya ilə sırayla düzülmüş dükanların qabağından keçə-keçə küçəyə, gəlib ötənlərə göz yetirir, əlsiz-ayaqsız, yurdsuz-yuvasız, sahibsiz qız-gəlinə rast gələcəyi ümidilə addımlayırdı. Əlindəki sür təsbehin dənələrini şıqqıltı ilə çevirir, dodağaltı zümzümə edir, hərdən, tanış dükan sahibləri, tacirlərlə salamlaşırdı.Havanın nəfəsi soyumuşdu, hardansa uzaqlardan ağır-ağır gələn payızın hənirtisi duyulurdu. Kefi kök, damağı çağ ağayi Siracəddinin əlində təbiətə hökm eləmək iqtidarı olsaydı, yağışlı leysanlı payızın gəlişini daha da sürətləndirər, bacardıqca onu tez yola salar, qarlı-çovğunlu, qasırğalı-tufanlı qışı gətirər, dağların ovcunun içində yerləşən bu şəhərə soyuğun hökmü ilə hökmranlıq edərdi. Bunun da səbəbi vardı — səbəbi bu idi ki, məhz qışda ağayi Siracəddinin «ovu» uğurlu olurdu, yazda-yayda — isti havalarda özünə yüngülvarı sığınacaq yeri tapmış yetim qızlar, ehtiyacın küçələrə saldığı qadınlar soyuğun kəskin qılıncının küt zərbələrinə dözməyərək küçələrə, bazarlara, dükan qabaqlarına çıxır, sadəcə, sığınacaq üçün gəlib-gedənlərə əl açır, bir qarın çörəyə, bir isti bucağa hər cür təklifə razı olurdular. Məhz bu zaman ağayi Siracəddin yağlı dilini, pulunu, «xeyirxahlığını» işə salır, toruna düşənləri öz «müəssisəsinə» gətirirdi. Bu gün də o, bu məqsədlə şəhərə çıxmışdı. Qəlbində müvəffəqiyyətə o qədər də inamı yox idi, amma hər halda «gəzən ayağa daş dəyər» deyərək küçələri dolaşırdı. Qocanın ürəyində xoş bir əhvali-ruhiyyə vardı, nəzərləri orda-burda olsa da Zərrintac xanımla keçirdiyi o qəribə gecəni tez-tez xatırlayıb gülümsünür, onun ağ bədənini, sərxoş baxışlarını, üstündən aydan çox keçsə də, unuda bilmirdi. Zərrintacın telefonda qışqır-bağır salmağını yad eləyib öz-özünə deyirdi: «heç çapalama, quzum. Sən daha mənim əlimdəsən, heç yana qaça bilməzsən, quzum.»