Neçə gün idi ki, Gülmirə canını qoymağa yer tapmırdı, qiymətli bir şey tapmış adam kimi ora-bura vurnuxur, nə edəcəyini bilmirdi. O qiymətli şey əlini, ürəyini yandırırdı — sahibi məlum idi — Cəfər idi, di gəl ki, onu, o ağsaçlı, nurani alimə, onsuz da, elm aləminə gec qayıtmış (özündən asılı olmayan səbəblərə görə), yaşına görə az yazıb yaratmış Cəfərə qaytarmağa imkanı yox idi, çünki, Salman Qurbanzadə belə tapşırmışdı. Gülmirə hər dəfə kişini görərkən sıxılıb yumağa dönür, şax yerişini itirir, onun gözlərinin içinə dik baxmağa utanırdı. O gün ilk kadrlarını gördüyü, hövlündən gerisinə baxmağa cürət etmədiyi «oğru» filmi Gülmirənin fikirlərini alt-üst eləmişdi, böhranlı hallara salmışdı. Uzun götür-qoydan sonra o, professorun yanına getməyi, hər şeyi açıq-aydın danışmağı, bu çirkin işdən imtina eləməyi qərara almışdı. Lakin üç gün idi ki, Salman Qurbanzadəni münasib şəraitdə tuta bilmirdi; kişi gah iclasda olurdu, gah direktorun kabinetinə girirdi, gah da universitetdə mühazirə oxumağa gedirdi. Vaxt keçdikcə Gülmirə lap təntiyir, az qalırdı dərdini institutun partkomu kimi Nadirə xanıma, yaxud da yaxın bir dost kimi Orxana açıb desin, ancaq Salmanın qəzəblənəcəyindən çəkinirdi, qınından çıxacağından — kəsib biçəcəyindən ehtiyat eləyirdi. Digər tərəfdən də, Gülmirə Salmangilin evinin adamı kimi, onun arvadı ilə elmi işlərdə çox da yaxşı münasibətdə olmadığını, bir sıra məsələlərdə tamamilə ayrı-ayrı mövqələr tutduğunu, Nadirənin həm alim kimi, həm də bir insan kimi son dərəcə prinsipiallığını, nəinki başqalarına, hətta ərinə, doğma balasına belə güzəştə getməyən adam olduğunu bildiyi üçün bu işi Nadirəyə qətiyyən demək istəmirdi. Düşünürdü ki, əgər Nadirə həmin əhvalatı bilərsə, kollektivin müzakirəsinə çıxartmasa belə, Salmana dişinin dibindən çıxanı deyəcək — kişi arvadının yanında olan-qalan hörmətini, etibarını da itirəcək və bu zaman o, şübhəsiz yenə qınından çıxacaq, «babam mənə kor dedi, hər yetənə vur dedi»— söyləyib qabağına keçəni biçib doğrayacaq. Kim bilir onda Gülmirənin özünün də halı necə olacaq?! Yox, əvvəl özü ilə danışmaq gərəkdi, məsələni isti-isti həll eləmək lazımdı. Bu fikirlə də Gülmirə, nəhayət, münasib fürsət düşən kimi Salmanın otağına girdi. Salman nahar eləyirdi — salafanın içindəki iki kotleti, iki fal çörəyi, göy-göyərtini stolunun üstünə yığıb iştahla yeyirdi. Qapı ağzında Gülmirəni görən təki ağzı dolu olduğundan əlinin işarəsi ilə onu içəri çağırdı, yer göstərdi. Gülmirə əyləşdi. Salman tikəsini udub:

– Hə, nə var, nə yox?—deyə xəbər aldıqdan sonra vəzəri qıçasını narın duza batırıb ağzına qoydu. Gülmirə bir anlığa nədən başlayacağını unudub döyükdü və axır özünü toplayıb söylədi:

– Professor, mən o məsələ ilə əlaqədar sizinlə danışmaq istəyirdim.

– Nə məsələ, qız?

– Füzulinin avtoqrafı...

– Hə, biz gərək ki, o məsələni həll eləmişik, Gülmirə.

– Yox, professor, mən razı deyiləm...

– Nə? Necə yəni razı deyiləm?— yemək Salmanın yadından çıxdı.— Bu nə deməkdir, qızım?..

– O deməkdir ki, mən... mən... başqasının... kəşfini... öz adıma çap elətdirə bilmərəm, Salman əmi... Vicdanım...

Salman ucadan güldü və ayağa qalxıb qapıya sarı gələrək onu kip örtdü — ehtiyat edirdi ki, bu söhbəti kənar adam eşidə bilər və gülüşünə ara verib asta səslə:

– Vicdan... hi, hi, hi... vicdan. Vicdan nədi, qız? — dedi. — Sən hələ uşaqsan, belə şeylər haqda düşünməyin hələ tezdi, bala. Rusların yaxşı bir məsəli var, deyirlər: «Dayut beri, biqot, beqi!» yəni «verirlər al, vururlar, qaç!» Səninlə o dəfə hər şeyi yaxşı-yaxşı müzakirə elədik, ölçdük, biçdik. Özün bilirsən ki, mən səni çox istəyirəm, sən mənim dostumun qızısan. Sənə hörmət eləmək, səni yetişdirib alim eləmək mənim həm dostluq borcumdu, həm də vətəndaşlıq borcumdu, qızım... Bu kəşf dediyimiz şey onsuz da Cəfərə heç nə verməyəcək, çünki onun ələyi ələnib, xəlbiri də göydə fırlanır. Amma sənin gələcəyin, karyerin, şöhrətin hələ qabaqdadır, Gülmirə. Sən hələ həyatda çox şeyi layiqincə başa düşmürsən, qiymətləndirə bilmirsən

– bilmirsən ki, bu sənin üçün nə boyda şöhrətdi, bala!

– Mən... mən istəmirəm, Salman əmi, başqasının şöhrətini...

– Bu, başqasının şöhrəti deyil, sənin öz şöhrətindi, qızım. Bunu bir sən, bir mən bilirəm ki...

– Elə mən özüm bildim, bəsdi, Salman əmi. Mən özümü mühakimə eləyə-eləyə, əzab içində yaşamaq istəmirəm. Cəfəri görəndə yer axtarıram ki, başımı soxam... Yox, istəmirəm, Salman əmi, çox xahiş edirəm...

Salman bir anlığına susdu, əlini arxasında daraqlayıb o baş-bu başa var-gəl elədi və çıxılmaz vəziyyətə düşmüş adam görkəmi alıb:

– Eh, sənə nə deyim,— dedi. — Bunu elə onda desəydin, bir ayrı tədbir görərdim...

– Hələ gec deyil, qaytarın o yazını mənə. Cırıb atım, ürəyim sakit olsun...

Salman keçib yerində oturdu.

– Məsələ burasındadı ki, artıq gecdi, qızım. Məqalə artıq çapdadır, mətbəədədir, Gülmirə.

– Siz nə danışırsınız, Salman əmi?

– Bəli, artıq çapdadır, qız. Al, bu da makinada yazılmış mətnin ikinci, üçüncü nüsxəsi...— deyə o, göy qovluğun içindən makinada çıxmış vərəqləri və əl yazmasını ona qaytardı. Gülmirə vərəqlərə ötəri nəzər salıb məqalənin altında öz imzasını görərək sustaldı və başını əllərinin arasına alıb gözlərini yumdu.

– Kim yazıb bunu makinada?

– Mən özüm.

– Bəs redaksiyaya kim aparıb?— Mən zəng elədim bizim Şamilə— axı o mənim tələbəm olub. Adam göndərdi, verdim apardı. Gülmirə çarəsiz-çarəsiz Salmana baxdı və gözləri yol çəkdi. Bu sükutdan istifadə eləyərək Salman harasa zəng çaldı, kiminləsə danışdı. Gülmirə təkcə bunu eşitdi ki, Salman deyir:

– Bugünkü nömrədə çıxır? Ay sağ ol, bala. Təşəkkür edirəm!— Sonra Salman dəstəyi yerinə qoyub güldü:

– Səni təbrik edirəm, qız. Məqalən çıxır bu gün!..

Gülmirə sevinmədi, əksinə, gözləri dolmuş halda Salmanın kabinetindən çıxmaq üçün ayağa qalxanda o, kotletdən iri bir dişdəm vurub çeynəməyə başladı...


... Cəfər kişi əlində bir dəstə qəzet şöbəyə qaranəfəs daxil oldu— o yaşda kişi liftlə də çıxmamışdı, dörd mərtəbənin pillələrini demək olar ki, qaça-qaça çıxmışdı. Tövşüyə-tövşüyə oturanlara göz gəzdirdi, nəzərləri ilə Gülmirəni axtardı.

– Hanı Gülmirə?

—Mən burdayam!

Cəfər ona sarı addımladı:

– Ay səni təbrik eləyirəm, qızım.

Orxan soruşdu:

– Nə olub ki Cəfər müəllim?

– Məqaləsi çıxıb. «Füzulinin avtoqrafı.»

– Hə?— Orxan sevinc içində ayağa qalxdı və ona tərəf gəlib əlini irəli uzadaraq təbrik etdi. — Nə yaxşı, nə yaxşı...

– Əşi, elə bir şey deyil,— deyə Gülmirə qızara-qızara Cəfərin onun qabağına qoyduğu qəzetlərdən birini götürüb nəzərdən keçirməyə başladı. Əslində o, heç nəyə baxa bilmirdi, hərflər bir-birinə qarışıb əriyirdi, qaçırdı. Əslində o, baxışlarını oturan yoldaşlarından, xüsusilə Cəfərdən gizləmək istəyirdi.

– Düz on dənə almışam, qızım hərəmiz üçün bir dənə. Mən öz payımı götürdüm, qalanlarını da özün payla!

– Çox sağ ol, Cəfər müəllim...- o, sıxıla-sıxıla dedi,— Ömrün uzun olsun.

– Dəyməz, qızım. Təki şöbəmizin əməkdaşlarının əsəri çıxsın, yerin deşiyində də olsa tapıb gətirərəm.

Gülalı mızıldana-mızıldana yaxın gəlib Gülmirənin stolunun üstündən bir qəzet götürdü, tələsik axtarıb onun yazısını tapdı və adəti üzrə kişnərtiyəbənzər bir səslə gülərək:

– Hi, hi.., ə kişi, sən burda, yenə bir balaca səhv eləyirsən, bu məqalə deyil ey, kiçik məlumatdı. Bu yaşa gəlmisən, hələ məqalə ilə məlumatı ayırd eləyə bilmirsən,—dedi.

– Fərqi yoxdur, Gülalı. Fakt budu ki, Gülmirə böyük Füzulimizin öz dəst-xəttini tapıb. Bu, çox böyük məsələdi, Gülalı. Bayaqdan əlindəki yazısını qurtarmağa can atan Nadirə nəhayət, fikrini tamamlayıb Gülmirənin yanına gəldi, onun əlini sıxdı:

– Afərin, Gülü. Bax, belə işləmək lazımdır.

Gülmirə qızara-qızara başını aşağı saldı və ürəyi qorxu içində fikirləşdi: «Görəsən Salman əmim buna açıb deməyib ki. Dedi, dedi də. Ondan nə desən gözləmək olar!» Ancaq Nadirənin təbiətinə bələd olduğundan bir az toxtadı. «Desəydi, indicə, bax elə bu qədər adamın içində sancmışdı, pərt eləmişdi. Deməyib, yox, deməz!» Nadirə Cəfərin Gülalıya dediyi son sözün üstünə qayıtdı:

– Cəfər kişi çox düz buyurur, Gülalı. Gülmirənin bu tapıntısı Füzulinin elm aləminə məlum olan onlarla divanlarının hansının onun öz dəst-xətti ilə yazıldığını müəyyən etməyə imkan verər. Bu xəttin, Füzulidən yadigar qalan bu bir-iki cümlənin kolliqrafik təhlili əsasında biz gələcəkdə də böyük sənətkarın öz avtoqrafı olan əsərlərini, azərbaycanca, farsca, ərəbcə divanlarının əlyazmasını axtarıb tapa bilərik. Və bu, əgər bizə müyəssər olsa, onda şairin əsərlərinin müxtəlif katiblər tərəfindən üzü köçürülərkən buraxdıqları səhvləri, yanlışlıqları, əlavələri islah edə bilərik və Füzuli kəlamını olduğu kimi oxucu kütləsinə, xalqımıza çatdırmağa müvəffəq olarıq. Bəli, Gülalı, Gülmirə xanım, bizə bu tapıntısı ilə böyük bir xəzinənin açarını vermiş olur.

– E... mən bir söz demirəm ki, Nadirə xanım, mən sadəcə bunu Cəfər kişinin hüzuruna ərz eləmək istəyirdim ki, məqalə ilə məlumatın fərqi var. Vəssalam...— Oturanların hərəsi bir nüsxə götürüb yerlərinə çəkilmişdi. Gülmirənin imzası ilə dərc olunan yazını oxuyurdu. Nadirə qəzeti tələsik oxuyub məsələni Salmana, Salman isə Aslanzadəyə çatdırmışdı. Bir sözlə, bütün institut, yəqin ki, başqa institutların əməkdaşları da indi ancaq bu barədə danışır, kimi Gülmirəni tanıdığını söyləyir, kimi isə: «O hansı Gülmirədi ey?» — deyə xatırlamağa çalışırdı.

Gülmirənin başı guruldayırdı, hələ də özünə gəlməmişdi, gözlərinə də inanmaq istəmirdi. Ancaq həqiqət həqiqət idi. Və indiyə qədər qəzetlərin əsil həqiqəti yazdığına, yazmalı olduğuna qəti surətdə inanan Gülmirə acı təəssüf hissilə düşünürdü ki, eh, Salmanlar səni də yalan danışmağa məcbur edə bilərmişlər!!.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İkinci hissə, altıncı fəsil

Gözəl bahar günü Dünya xanım halında xoş bir dəyişiklik hiss eləməyə başladı; ağzı sulanır, ürəyi bulanır, məcazı cürbəcür şeylər istəyirdi. Ancaq nə — bunu tapıb deyə bilmir. Bu dəyişikliyin səbəbi birdən-birə ona aydın olanda gözlərinə elə bil işıq gəldi — yenə içərisində o qəribə işıq şölə saçıb yandı, əslində əzgin, yorğun bədənində elə yüngüllük hiss elədi ki, sanki quş olmuşdu, kəpənək olmuşdu — bu dəqiqə istədiyi yerə uçacaqdı elə bil. Çünki bütün vücudunu sarmış o müxtəlif, adsız istəklərdən ancaq biri lap qabardı, adını dedi: o, turş şey istəyirdi!!Dünya xanım gəlib yataq otağında iki çarpayının ayaq ucunda qoyulmuş iri bədənnüma güzgünün qənşərində dayandı. Əvvəlcə üz-gözünə, sonra bədəninə tamaşa elədi. Yox, nəzərə çarpacaq elə bir dəyişiklik yox idi. Ancaq, xoş, məmnun bir hissiyyatla özünün daha da qəşəngləşdiyini görüb yerə-göyə sığmadı, qayğısız qız uşağı təki aynanın qabağında fırlandı...

9 dəq
İkinci hissə, yeddinci fəsil

Bu balaca bir daxma idi. Cəmi bircə pəncərəsi vardı, ona da qalın pərdə salınmışdı. İçəridəki girdə mizin üstünə qoyulmuş fənərin solğun, zəif işığı otağı güclə işıqlandırırdı. Bəbir, Məhəmməd Şəfi taxta çarpayının kənarında oturub siqaret çəkirdi. Vaxt keçirdi, ancaq Ziyaəddingil hələ gəlib çıxmamışdılar.Xeyli keçəndən sonra həyətdə maşın səsi eşidildi. Gəzinib keşik çəkən Elməddin qapını aralayıb başını uzatdı:

9 dəq
İkinci hissə, səkkizinci fəsil

Neçə gündü ki, Məhəmməd Şəfi özündə deyildi. Yaxşı yata bilmirdi, çörək yeyə bilmirdi. Fikrini cəmləşdirib masa arxasında oturmağa da qərarı gəlmirdi. Düşüncəli-qayğılı gəzib-dolanır, yuxulu, yaxud sarsıntı keçirmiş və bunun nəticəsində də keyləşmiş adama oxşayırdı. Möhsünün, — satqın, xəfiyyə olsa belə, — ölümü onu yamanca silkələmişdi. Bir yandan istexbaratın divarları arasında olmazın işkəncələrə məruz qalan, lakin mərdanə susub heç kəsin adını çəkməyən şeyx Əhmədin dərdi, o biri yandan da bu Möhsünün öldürülməsi, onun başsız-sahibsiz qalan ailəsinin dərdi Məhəmməd Şəfinin ürəyini alt-üst eləmişdi. «Həyatın qanunları necə sərtdi, aman allah!— deyə gəzib-dolanır, hər şeyi ürəyinə salıb dərd eləyirdi. — Həyat nə qədər təzadlıdı; şirindi həyat, əzablıdı həyat eyni zamanda. Bir yanda süslü saraylar, xanimanlar, harınlar, o biri yanda isə bir tikə çörək üçün şərəfini satmağa, başını bıçaq altına qoymağa hazır olanlar, aclar, yalavaclar... Yox, mənim ürəyim bu ağrılara, əzablara dözə bilmir... Bu zəiflikdir, nədir, heç bilmirəm. Amma Bəbir möhkəm adamdır. Ziyaülhəqq sərt adamdır. Mən belə ola bilmirəm, bacarmıram. Lakin dərindən fikirləşəndə bəlkə onlar haqlıdırlar? Hamının, böyük əksəriyyətin əzabla yaşamasına son qoymaq üçün bəlkə beş-on nəfər satqını, alçağı əyan-əşrəfi aradan qaldırmaq ən doğru yoldur? Mən Bəbirə inanıram — onun ağlına, müdrikliyinə inanıram».Məleykə ərindən yaman nigaran idi. Şəfinin neçə gündü bulud kimi tutulub açılmaması, öz-özünə danışa-danışa gəzib-dolanması Məleykəni demək olar ki, lap qorxutmuşdu. Şəfi işdə, çöldə-bayırda olan söz-söhbətin hamısını evdə arvadına danışırdı, çox şeydə onunla məsləhətləşərdi; Məleykə ən ağır anlarda ərinin qılığına girir, təsəlli verir, deyib-gülür, kişinin kefinn açırdı. Ancaq bu dəfə nə illah eləyirdisə, Şəfinin qırışığı açılmırdı. Məleykə şeyx Əhmədin tutulduğunu bilirdi, Möhsün adlı xəfiyyənin də ələ keçdiyini Şəfi demişdi ona. Ancaq Möhsünün öldürüldüyünü gizləmişdi, onun dörd uşağının yetim qaldığını gizləmişdi. Məleykənin ürəyini bilirdi, desəydi, bu ona dərd olacaqdı. Məhz buna görə söyləməməyi lazım bilmişdi. İşə getmək vaxtı idi. Şəfi gecəni səhərəcən yatmasa da, tezdən durmuş, üzünü təraş etmiş, çay-çörəyini də yemişdi, ancaq getməyə tələsmirdi. Pəncərənin qabağında dayanıb payızın xına çəkdiyi ağaclara tamaşa edir, siqaretini siqaretin oduna yandırırdı.

8 dəq
İkinci hissə, doqquzuncu fəsil

Möhsün düz deyirmiş; onun-evini tapmaq çətin oldu. Şəhərin ucqarlarının cikini-bikini əlinin içi kimi tanıyan Ziyaülhəqq Möhsünün ailəsinin yaşadığı yeri iki gün axtarandan sonra güc-bəla ilə tapdı.Gün günortadan əyilmişdi. Payızın boz-buludlu səmasında qızaran günəş qərbdəki dağların zirvəsinə tərəf meyllənmişdi. Soyuq külək əsirdi. Maşını aşağıda qoyan, plaşının yaxalığını qaldırmış Ziyaülhəqq ətəyi şəhərə toxunan dağın döşündə salınmış, yastı-yapalaq , alçaqlı-ucalı evciklərin arasından düşmüş dar, dolanbac çığırla üzüyuxarı qalxırdı. Əlləri plaşının cibində idi. Sol cibində pul bağlısı, var idi. Elə bil od aparırdı cibində. Hərdən barmaqları pula toxunanda kişinin əli yanırdı elə bil...

6 dəq

Başqa şairlərin şeirləri