Birinci hissə, iyirminci fəsil
Səhifə 1 / 2
Nəfəslik açıq olsa da, Salmanın pəncərəsi dənizə baxan iş otağı papiros tüstüsündən xəfə idi. Gecə yarısına az qalırdı, məhəllədəki evlərin işığı sönmüş, Ceyhun çoxdan yatmışdı. Salman yumşaq kresloda oturub əl boyda, göy üzlü bir kitabçanı mütaliə edir, ayrı-ayrı sözlərin, sətirlərin altından qırmızı qələmlə xətt çəkirdi. Bu, İlhamın ilk şerlər kitabçası idi. Professor onun bütün məmləkətdə məşhur olan akademik atasını da, özünü də yaxşı tanıyırdı. Keçən il yayda Salman ailəliklə onların Buzovnadakı bağına qonaq gedərkən həmin bax, bu kitabı çıxan İlham onlara yaxşı bir quzu kababı vermişdi.
Yeməkdən-içməkdən əvvəl Salman Qurbanzadə İlhamla qayaların üstündə dayanıb dənizə baxa-baxa xeyli söhbət eləmişdi. İlhamın savadı professoru açıqca heyrətləndirmişdi. Söz-söhbət dolanıb İlhamın şerlərinin üstünə gələndə professor demişdi:
– Sənin şerlərini oxuyuram...
İlham özü də hiss eləmədən professorun sözünü kəsmişdi:
– Ləzzət eləmir, Salman əmi?
– Nə?
– Mən özüm başa düşürəm ki, yüngül yolnan gedirəm.
Professor gözlərini dənizdən çəkib İlhamın küləkdən titrəyən qıvrım saçlarına, mavi gözlərinə baxmış və bu cavanın öz keçdiyi yola qiymət verməyi ona çox qəribə gəlmişdi; odur ki, İlhamın fikrini daha aydın başa düşmək üçün xəbər almışdı:
– Necə yəni yüngül yol?
– Açığı belədir ki, Salman əmi, mən müqavimətsiz çap olunuram. Hara gedirəm, hansı redaksiyanın qapısını açıram, məni, doğrusu, böyük hörmətlə qarşılayırlar. Orda oturma, burda otur. Əgər redaksiyada tanımadığım adam varsa, məmnuniyyətlə məni təqdim edirlər: akademik filankəsin oğludur. Öz adım yoxdur, üstümdə atamın adı var. Bəzən mənə elə gəlir ki, şerlərimi də atama görə çap edirlər. Mən dəfələrlə eşitmişəm ki, şer yazan cavanlar deyiblər: atasına görə... Mən sıxılıram. Belə şair olmaq istəmirəm. Mən istəyirəm ki, şerimi öz ləyaqətimə görə çap eləsinlər. Mən kölgədə bitən bir ağaca bənzəyirəm. Salman əmi, inanın ki, bəzən baş götürüb qaçmaq, elə bir yerə getmək istəyirəm ki, orda bilməsinlər mən kimin oğluyam. Yaxşı da, pis də, nə iş görsəm, desinlər, bunu İlham eləyib, filan akademikin oğlu yox... Orta məktəbdə oxuyanda atam üstümə kölgə salıb, ali məktəbdə də həmçinin... İndi mən müstəqil olmaq, o kölgə altından çıxmaq üçün can atıram; təəssüf ki, bu, mümkün deyil... Ona görə də şerim çap olunanda, radioda, televizorda oxunanda mənim ürəyimdə zərrə qədər də sevinc olmur, sevinə bilmirəm; elə bil, atamın kölgəsi mənim sevincimi də dondurub... Mən bir cavan şair tanıyıram, heç kəsi yoxdur. Fəhlə oğludur. Onun beş şerindən birini çap edirlər, ancaq bu, yaxşı şer olur, gözəl şer olur...
Oğlan şerini qəzetdə görəndə o qədər sevinir, o qədər sevinir ki, az qalır ağlasın. Mən onu başa düşürəm. O, məhz belə də sevinməlidir!..
Professor, İlhamın dediklərinə qulaq asıb:
– Sən nə qəribə oğlansan?— demişdi. — Demək, sən kölgə əleyhinəsən?
– Özü də necə, professor! Belə kölgələr adamı əsil sevincdən, əsil iftixar hissindən məhrum eləyir. Bu, dəhşətdir.
Bəli, indi İlhamın ilk şerlər kitabçası satışa çıxmışdı. Professor dünən kitab mağazasından aldığı balaca kitabçanı oxuyub qurtaran kimi; akademikə zəng çalıb, xoş-beşdən sonra onu oğlunun kitabı münasibəti ilə təbrik eləmiş, şerlərinin «çox əla!» olduğunu söyləmiş, hələ haqqında xüsusi məqalə yazacağını da vəd vermişdi.
Akademik də, öz növbəsində, ona dil-ağız eləmiş, professorun ədəbi həyatımızı dərindən və diqqətlə izlədiyini, «bir milçək uçuşunu belə o dəqiqə hiss elədiyini» söyləyib, öz minnətdarlığını bildirmişdi.
Bu axşam professor, İlhamın kitabı haqtında məqalə yazırdı. Məqalə çətin yazılırdı. «Ədəbiyyatımıza yeni istedad gəlir» adlanan məqalə yarıdan keçəndə professor qələmi yerə qoyub toxtadı, sağ əlinin barmaqlarını neçə dəfə açıb-yumdu və şaqqıldatdı...
Salman Qurbanzadə stoldan qalxıb bir papiros yandırdı. Var-gəl eləməyə başladı. Nadirənin otağından işıq gəldiyini görüb ayağının ucunda qapı ağzına gəldi. Nadirə işləyirdi. Uzun dirsəkli, qara stolüstü lampa başını aşağı əyib tək, işıqlı gözünü bərəldib sanki Nadirənin yazdığını oxumaq istəyirdi. Salman Nadirənin qələminə fikir verirdi. Qələm elə bil hazır bir mətni kağıza köçürürdü; Nadirə yazdığını sanki nə vaxtsa əzbərləmişdi.
«Yox, axır, su kimi axır». Professor ürəyində nəsə bir sıxıntı duyub geri qayıtdı. Pəncərədən tutqun dənizə baxdı. Yenə stol arxasına keçdi...
Saat birin yarısında o, məqaləni sona yetirib axırına nöqtə qoydu. İlhamı xatırladı: «Sevinə bilmirəm»,— deyir. Şadlığına şitlik eləyir. Mənim məqaləmi oxuyanda sevinərsən, qırışmal, hələ atan haqqında da heç belə məqalə yazan olmayıb!»
Professor papirosuna son qullabı vurub külqabına basdı, söndürdü. Nadirə içəri girəndə o, yazılı vərəqləri səliqəyə salırdı.
– Yorulmadın? — deyə Nadirə pəncərəni açdı. — Az çəksənə bu papirosu, ev tey tüstüdür.
Salman ona sarı çevrildi!
– Yaman işləyirdin, gəldim xeyli baxdım, heç xəbərin olmadı.
– Haçan?
– Bayaq!
– Hə. Mən işləyəndə ətrafımda heç nə görmürəm.
—Nə yazırdın ki?
– İlhamın kitabı haqqında yazmışam,— deyə Nadirə sakitcə cavab verəndə professor heyrətlə səsləndi.
– İlhamın?
– Hə, necə məgər?
– Mən də onun haqqında yazmışam ki.
– Doğrudan?
Professor məqalənin qaralamasını götürüb Nadirəyə göstərdi.
– Buyur.
Nadirə yaxın gəldi. Xeyli fikrə gedəndən sonra dedi:
—Əvvəllər məsləhətləşərdik, nə yazacağıq, necə yazacağıq... Amma indi sən məndən xəbərsiz yazırsan, mən səndən. Nəticədə də...
– Bunu özünə de, Nadirə!
– Yox, günah səndədir. Deyirsən ki, hamı gərək sənin kimi fikirləşsin, sənin kimi düşünsün, sənin kimi yazsın. Əgər belə olsaydı, bircə sən kifayət edərdin. Hər kəsin öz fikri, öz düşüncəsi var, Salman. Fikrimiz düz gəlməyəndən sonra məsləhətləşib boş yerə qan qaraltmaq, vaxt aparmaq nəyə lazımmış ki?
– Axır zamanlar səndə qəribə bir müştəbehlik müşahidə edirəm, Nadirə. Əvvəl belə deyildin. Mənim sözümlə razılaşardın. Ancaq indi nə deyirəm, haqq-nahaq inkar eləməyə, yanlış olduğunu sübuta çalışırsan. İclasda-zadda da sözümün qabağına söz çıxarırsan. Nəzərdən qaçırırsan ki, mən səndən yaşca böyüyəm, bu — bir. Professoram, bu — iki. Sənin ərinəm, bu — üç...
– Qəribə mühakimədir, Salman. Özün özünə zidd gedirsən. Gah sərbəstlikdən, müstəqillikdən danışırsan, gah da hamını müti olmağa məcbur etmək istəyirsən. Bunun hansına inanaq?
– Uşaq tərbiyəsi ayrı şeydir, ərarvadlıq, elmdə böyüklük-kiçiklik bir ayrı şey...
Nadirəyə elə gəlirdi ki, əri nə demək istədiyini özü də qarışdırır, yaxşı anlamır. Təəssüflə ah çəkib söhbəti dəyişmək məqsədilə irəli əyildi və məqaləni stolun üstündən götürüb sərlövhəsinə baxdı. Bayaqkından da təəccüblü bir səslə:
—«Ədəbiyyatımıza yeni istedad gəlir?»— deyə soruşdu. — Məqaləni belə adlandırmısan?
– Bəli!
– Yaxşı, İlham istedad kimi ədəbiyyatımıza gələndə, bəs əsil istedadlarımız hara gedər?
– Səncə, İlham istedad deyil?
– Yox, əsla yox, Salman! Sən belə yazmaqla İlhamı «əsil istedad» eləyə bilməyəcəksən, ancaq özünü rüsvay eləyə bilərsən...
– Nə üçün, Nadirə? Sən elə danışırsan ki...
– Ona görə ki, İlhamın istedadının məhsulu olan bax, bu kitabça, — o, kitabçanı götürüb havada yellədi, — göz qabağındadır. Şerlərinin çoxu orta səviyyəli, bir qismi isə, açığını deyək, çox zəifdir. Bu cür kitab görəndə mən əsəbiləşirəm. Düzü, belə şerlərə soyuqqanlı baxmaq mümkün deyil. Belə zəif kitabların meydana çıxması ancaq və ancaq təəccüb doğura bilər.
– Sənin hər şeyin üstündən çox asanlıqla xətt çəkmək qabiliyyətinə heyranam, Nadirə!
– Mən həqiqəti deyirəm, Salman!
– Sən bir zaman Gülmirə haqqında da bədgümanlıqla danışıb, «həqiqəti» deyirdin.
– Nə oldu? Yalanmı deyirdim? Mən o sözlərimi indi də təkrar eləyə bilərəm.
Salman kinayə ilə güldü:
– Xeyr, indi təkrar eləyə bilməzsən.
– Niyə?
– Çünki o, artıq elmi məhsul verməyə başlayıb. Bu adam,— o gün sənə dedim,— böyük Füzulinin indiyə qədər elm aləminə məlum olmayan avtoqrafını tapıb. Səncə, bu, balaca işdi?! Məncə, bu, böyük kəşfdir! Sonra bu gün ayrı bir məqalə gətirmişdi — dissertasiyasından idi. Heyf burada deyil, idarədədi. Oxudum, ağzım açıla qaldı. Elə gözəl yazıb, elə ağıllı yazıb ki...
Nadirə duruxdu, sonra ağır-ağır dedi:
– Sənin təriflədiyini özüm oxumamış, düzü, dediklərinə inanmaq istəmirəm, Salman!
Bu ağır cavab Salmanın yeddi qatından keçdi. Neçə saniyə söz tapa bilmirmiş kimi, tutqun və yorğun gözlərini arvadının sifətinə zilləyib dayandı. Nadirə onun pərt olduğunu görüb gülümsəməyə çalışdı və şuxluqla əl atıb Salmanın saçlarını qarışdırdı:
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-teyyare-kolgesi-birinci-hisse-iyirminci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Heyran çaşıb qalmışdı. Uzun illərin axtarışından, intizarından sonra doğma bacısının özünü də olmasa, yerini-yurdunu, ciyərparasını tapdığından nə qədər sevinmişdisə, toxtamışdısa da, əlidolu evə qayıtdıqdan sonra Cabbarın qara bulud kimi dolmasından, danışmaq istəməməsindən, uşaq kimi küsməsindən bir o qədər pərt olmuşdu. Qəribə idi ki, Cabbar açıq heç nə deməmişdi Heyrana. Eləcə, mənalı-mənalı arvadına baxmış, dərdli-dərdli köks ötürmüş, o, yaxın gəlib ərinin boynunu qucaqlamaq istəyəndə üzünü yana çevirmiş, «ölmək istəyirəm» demişdi. Arvadının gətirdiyi ərzaqı yeyəndə də elə bil ətini yemişdi! Bədəni, vücudu ac idi. O, bu aclığın qarşısına dura bilməmişdi, əgər buna iradəsi, gücü çatsaydı, Cabbar o yeməyə, o ətə, çörəyə dilini də vurmazdı. Heyranın gətirdiyi pul iki həftəyə çatmışdı — arvad o pulu qırdı-qısdı ilə xərcləmişdi, özü az yeyib ərini yedirtmişdi. Zorla da olsa yedirtmişdi. Ancaq bu iki həftə ərzində Cabbarın qırışığı açılmamışdı, Heyrana bir kəlmə də xoş söz deməmişdi, hətta ağrılarından belə şikayət eləməmişdi, ciyəri susuzluqdan yansa belə özü ondan su istəməmişdi, çörək istəməmişdi, Heyran gətirib verəndə isə onu da çox ləng qəbul eləmişdi. Neçə dəfə arvadı onun bu qəribə, anlaşılmaz hərəkətinin mənasını soruşmuşdusa da, o, gözünü Heyranın sifətindən çəkmədən, diqqətlə baxa-baxa susmuş, sonra köks ötürüb üzünü yana çevirmişdi.Cabbar özünə sığışdırıb ürəyinə axıb dolmuş şübhəsini dilinə gətirməsə də, içəridə yanıb-qovrulmuş, bəxtinə, taleyinə min lənət oxumuş, tanrının elədiyi haqsızlıq müqabilində öz gücsüzlüyünü, zəifliyini dərk edib yorğanının altında isti göz yaşları tökmüşdü. Cabbar şəhəri, şəhər camaatını yaxşı tanıyırdı: bilirdi ki, kimsə başqasına havayıdan, boş yerə bir tikə çörək, bir qran pul verməz. Onun arvadı isə, harasa gedib-gələndən sonra, filan qədər pul gətirmişdi. Kim bilir, bəlkə, o, yalan deyir, heç bacısını evini də tapmayıb. Lap tapsa da, bacısının nökəri, tanımadığı, bilmədiyi adama birdən-birə o qədər pulu verərdimi? Yox, verməz. Boş-boşuna verməz. Cabbarın ürəyinə gəlirdi ki, burda nə isə başqa bir məsələ var. Doğrudur, o, arvadından indiyə qədər əsla şübhələnməmişdi. Çünki Heyran ağırtəbiətli, başı aşağı, yad kişilərə gözünün ucuyla da baxmayan bir qadın idi. Birgə yaşadıqları bu uzun illər ərzində o, Heyranda zərrəcə şübhə doğuran bir hərəkət görməmişdi; məhz buna görə də yorğan-döşəyə düşdüyü bu beş ildə də Cabbar arxayın-arxayın, ancaq öz dərdini — çarəsiz dərdini çəkmişdi. Ancaq birdən-birə onun harasa gedib gec qayıtması, gələndə də əlidolu gəlməsi, hələ üstəlik nağılabənzər bir əhvalat da uydurub danışması Cabbarın ağrılı canına daha dözülməz, daha əzablı bir ağrı əlavə eləmiş, dərdini yaddan çıxartmışdı. Kaş o, ölmüş olaydı, Heyranın bu hərəkətini görməyəydi. Ona elə gəlirdi ki, ehtiyac qılıncdan itidir, ehtiyac ən iradəli, ən qorxmaz adamları da dəyişdirə, sındıra bilər, yolundan, əqidəsindən döndərə bilər. Heyran, hər necə olsa, qadındı, zəif məxluqdu, özü də gözəgəlimlidi. Qəsdinə duran olsa, yoldan çıxara bilər, aldada bilər. Bax, bu şübhələr Cabbarın xəstə, taqətsiz ürəyini, vücudunu gəmirir, ona cəhənnəm əzabı verirdi. Heyranın sözlərini, özünü yoxlamaq Cabbarın imkanı xaricində idi, hər şeydən çox onu sıxan da bu idi. Tale onu yıxıb, özü də həmişəlik yıxıb, bir də duracağına inamı yoxdu. Hiss edirdi ki, bu şübhə ölümünü daha da yaxınlaşdıracaq. Ancaq o, bu dərdlə ölmək istəmirdi. Bu, ona ikiqat zülm olardı.
İkinci hissə, altıncı fəsilElə həmin gün, səhər tezdən evdən çıxarkən Heyran qar yağdığını görüb üşümüş, kədərlənmişdisə, şəhərin bu başında, yataq otağının həyətə açılan pəncərəsindən qarladığını görən Məhəmməd Şəfi çox sevinmişdi. Şair qarı çox sevirdi — soyuğunu, şaxtasını yox, sadəcə sakit-sakit, lopa-lopa yağmasından olmazın ləzzət alırdı həmişə. Xüsusilə Kabilin küləksiz qış günləri gözəl olurdu, havada elə bil saysız-hesabsız ağ kəpənəklər uçurdu, bir-birini qovur, birləşir, fırlana-fırlana, ləngər vura-vura yerə, ağacların, adamların, damların, hasarların üstünə düşürdülər. Şəfi üçün qar havada uçarkən gözəldi — yerə düşdümü, olurdu adicə qar. Belə havalarda o, yaxşı işləyirdi: elə bil, ilham çeşməsinin gözü açılırdı, beynində, ürəyində qar dənələri kimi bir-birini təqib edən, dünyaya gəlməyə çan atan fikirlər ağ vərəqlər üstünə tökülür, yenicə doğulmuş körpəsinə baxıb sevinən ana kimi şair də onlara baxıb sevinirdi. Belə günlərdə, lap vacib işi olsaydı, o, evdən çıxmazdı!. Otağına çəkilib yazardı. Məleykə xanım uzun illərin təcrübəsindən bilirdi ki, Şəfi bu cür havada heç yerə getmir. Odur ki, onun çayını, çörəyini verir, özü isə çəkilib gedir, ev işləri ilə məşğul olurdu. Nahar vaxtı çatanda isə, Məleykə içəri girib onu stulundan qoparır, yemək otağında açdığı süfrə başında uşaqlarla birlikdə oturub xörəklərini yeyir, ordan-burdan danışır, deyib-gülürdülər. Şəfi özü üçün xüsusi rejim yaratmışdı; bu barədə Məleykəyə heç nə deməmişdi, çünki Məleykə təşvişə düşə bilər, nigarançılıq çəkərdi. Həbsxanaya düşəndən sonra Şəfi başa düşmüşdü ki, bir çoxlarınınkı kimi, onun da ömrü təkcə taleyindən asılı deyil; taleyindən başqa — əgər varsa — bir də «yuxarıda» əyləşən ağaların hökmündən asılıdır onun ömrü. Bilmək olmaz harda, haçan şairin ömür kəndirini kəsmək əmri veriləcək. Ona görə, qalan vaxtı-ömrü ağılnan, düşünə-düşünə yaşamaq gərəkdi. Şəfi indi, qalan pullarını ağıllı işlərə sərf etmək, mənfəət gətirə bilən şeylərə xərcləmək qərarına gəlmiş bir tacirə oxşayırdı. Hərdən özünə, bu fikirlərinə gülürdü. Neyləmək olardı, həyat belə qurulmuşdu. Şair qəlbində, beynində gəzdirdiyi, vaxtın azlığı, çatışmazlığı üzündən ildən-ilə adlatdığı əsərlərini kağız üzərinə köçürməklə yanaşı, başqa bir səhvini də düzəldirdi: o, bu çağa qədər evə, ailəyə, uşaqlarına az fikir vermişdi, lazım olduğundan az diqqət yetirmişdi. Evin dərd-səri Məleykənin boynunda idi, o, bu işləri böyük həvəslə görürdü, ancaq Şəfi başa düşürdü ki, hardasa o da əl yetirməlidi, kömək olmalıdı Məleykəyə. Uşaqlar da ata qayğısını tam mənası ilə hiss eləməmişdilər, onların tasəvvüründə ata həmişə yazı masası arxasında oturan, gündüzlər harasa gedən, kitab yazan, kimlərlə isə oturub saatlarla nəsə danışan bir adam kimi qalmışdı indiyəcən. Şəfi bilirdi ki, bu, düz deyil; onların da atalıq haqqını qaytarmalıdı Şəfi. Buna görə son vaxtlar Şəfi həftədə iki dəfə arvadını, uşaqlarını yanına salıb «Sinema-Kabul»a aparırdı, Bəbrəkin dərslərinə baxır,qızları Jaləni, Rəbiəni əyləndirir, onlara nağıl danışır, şer oxuyur, şer öyrədirdi. Qış aylarında onları qalın geyindirib bayıra çıxarır, qartopu oynayır, balaları üçün qar adamı düzəldirdi. Belə oyunlardan uşaqlar da ləzzət alırdı, o da. Elə bil təzədən özü də dönüb uşaq olurdu Şəfi. «Qoy məni tam varlıqları ilə hiss etsinlər balalarım, sevsinlər məni, sevə bilsinlər. Bir də gördün gözlənilmədən «getdim». Balalarımın yadında nə qalacaq? Heç nə? «Bu fikir Şəfini evə, ailəyə daha möhkəm bağlayırdı. Həmin qərara gəldiyi ilk günlərin birində Şəfi uşaqların otağına keçib onlara qoşularaq top-top oynayanda heç birisi gözünə inanmamış, təəccüblənmişdilər. Jalə heyrətlə Rəbiəyə baxıb:
İkinci hissə, yeddinci fəsilHeyran Darüləmanın mərkəzində, Kabil muzeyinin qabağında servisdən düşdü, əlindəki zənbili yelləyə-yelləyə, iti addımlarla evə tələsdi. Yüngülvarı bazarlıq eləmişdi, acından başının hərləndiyini, gözlərinin tor gətirdiyini görüb küçədə isti çuğundur satan oğlandan bir qıça qırmızı çuğundur alıb elə ayaq üstə yemiş, açlığını dəf eləmişdi. Uçmağa qanadı yox idi. Əynindəki paltar onun haçandan sevinməyən ürəyini hədsiz bir fərəhlə doldurmuşdu. Əbdül onun gözündə yox yerdən peyda olmuş bir xilaskara dönmüşdü. Necə də xeyirxah adamlar varmış bu dünyada?! Desəydilər, Heyran bəlkə də buna inanmazdı — nağıl, əfsanə hesab eləyərdi. «Ərini də götür, gəl. Burda yaşarsız. Yeməyinizi-yerinizi verərəm». — Bu sözləri o özü Əbdülün dilindən eşitmişdi. Necə inanmaya bilərdi?! «Görünür, zatən yaxşı adamdı. Həm də, deyəsən, Dünya bacım da ona yaxşı baxıb. Yoxsa... Mən onun nəyiyəm ki?» Heyran bütün yol boyu ürəyində beləcə danışmışdı, ancaq söz-söhbəti qurtarmamışdı. Fikri paltardan, Əbdüldən, cibindəki pullardan qopub Cabbarın üstündə qərar tutmuşdu: «İndi məni bu paltarda görəndə heç tanımayacaq Cabbar. Həmişə arzusu idi məni yaxşı geyindirib-keçindirsin. Axır görəcək məni gözəl paltarda, sevinəcək yazıq. Özü üçün də yaxşı olacaq — isti otağımız olacaq, yeməyimiz bol olacaq. Biçarə haçandı doyunca xörək yemir, yoxdur. Bəlkə əmələ gələr, Allah kərimdi. Yoxsa lap üzülüb, canı-cəsədi qalmayıb».Heyran Darüləmanın kənarındakı yastı-yapalaq evlərin arası ilə iti addımlarla yeriyirdi. Bura artıq öz məhəllələri idi. Qabağına tanış qadınlar, uşaqlar çıxırdı, ancaq salam verməmiş keçib gedirdilər. Deyəsən, təzə paltarda Heyranı tanımırdılar. Bunu o, evə lap az qalmış, qonşu arvadla üz-üzə gələndə müəyyən etdi. Kürəyində dəri su tuluğu olan, ağzı yaşmaqlı qadın qarşısına çatanda Heyran addımlarını yavaşıtdı, nəfəsini dərib:
İkinci hissə, səkkizinci fəsilZərrintac xanım boş və mənasız bir həyat keçirirdi. Günləri ağır-ağır, yeknəsəq və sevincsiz ötüşdükcə qəlbinə vahimə çökür. Doğrudanmı həyatının beləcə sıxıntı, təklik məngənəsində sovuşub gedəcəyini ağlına gətirdikcə məyuslaşırdı; hər şeyə biganə olmuşdu. Bir vaxt Elməddinin gördüyü işləri özü yerinə yetirirdi — xeyli müddət bu, onun başını qarışdırır, günlərin hardan gəlib hara getdiyindən xəbəri olmurdu. Ancaq az sonra bu da onu yorub usandırdı. Kinolar da, şirkətin sexlərini gəzmək də. hər şey, hər şey ona artıq bir yük-kimi görünməyə başladıqda o, «belə olmaz, bir çarə tapmaq gərəkdir!» — deyə qərara aldı. Lakin nə etməli? Günlərlə, həftələrlə götür-qoy elədi, ölçdü-biçdi, ancaq axırını bir yana çıxara bilmədi. Gah istədi bu ev-eşiyi satıb atasının xanimanına qayıtsın, Əbdülün yanına! Uşağı özü saxlayardı, Əbdülə isə Elməddinin vəzifəsini həvalə eləyərdi. Yox, bu mümkün deyildi. Əvvələn, ona görə ki, onun uşaq saxlamağa hövsələsi yox idi, ağlayanda, qışqıranda, sözünə baxmayanda vurub şikəst elərdi yazıq uşağı. O isə özgə deyildi, atasının yadigarı idi. İkincisi ona görə ki, Əbdülün qətiyyən savadı, yazı-pozusu yox idi, təbii ki, o, Elməddinin vəzifəsinin öhdəsindən gələ bilməzdi, yox, bu variant qətiyyən Zərrintac xanımı təmin eləmirdi. Məhz buna görə də iki-üç gün bu barədə düşünəndən sonra bir daha onun üstünə qayıtmamağı qərara aldı.Siracəddinin təklifini eşidəndə Zərrintac xanımın ayağı lap yerə yapışmışdı. O, yalnız bundan sonra bu kidi dünyanın son dərəcə mürəkkəb, baş çıxarmaq mümkün olmayan qəribə bir aləm olduğunu dərk edib həyata, insanlara çirkin, alçaq, murdar bir varlıq kimi baxmağa başladı. O dəhşətli, ağılsız gecədən — Siracəddin onun yanında olduğu gecədən iki ay sonra kişi qəribə bir həyasızlıqla, əslində isə heç bir şey olmamış kimi, Zərrintac xanıma təklif etmişdi ki, əgər razılıq versə, onu kiçik qardaşının böyük oğluna alardı. Tərifləyirdi qardaşı oğlunu: «Gözəldi, ağıllıdı, əsl sənin adamındı. Tək qalmaq sənə qətiyyən əl verməz, xanım, — deyirdi, — gözəlsən, həm də subaysan. Bu şəhərin yaman adamlarının dilinə-ağzına düşmək dəhşətdi. Sonra dünya dağıla o pis, ləkəli adı üstündən götürə bilməzsən, xanım. Həm sənə qulaq yoldaşı olar Sultan xan, həm də sənin işlərini görər. Bu iş ki, indi sən görürsən, qadın işi deyil, bala. Sən gəl razılıq ver, bu xeyir işi qurtaraq!» — deyirdi Siracəddin. O danışdıqca Zərrintac xanım dinləyir, utandığından kişinin üzünə baxa bilmir, ürəyində düşünürdü ki, bu necə alçaq kişidi, necə şəxsiyyətsiz-heysiyyətsiz insandı. İçərisində ona qarşı sonsuz bir qəzəb, kin qaynadı, bu söhbət küçədə olmasaydı, Zərrintac xanım bəlkə də onun üzünə tüpürərdi, bəlkə də qadın olduğuna baxmayaraq, Siracəddini
Başqa şairlərin şeirləri
Yeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.
Dünyada daraq, daş kimi versən fərmanLəlinlə desən bircə dəfə, ey canan,
GörəndəKönlüm tutulur hali-müsəlmanı görəndəBu növ övzai-pərişanı görəndə
Cığalı MüsəlləsDad əlindən sənin yaman həmsayəHaqq rəhmət eyləsin bədirnsayə