O, qucağındakı qalın, toz basmış kitabları ömrünü kitabxanada keçirmiş Nigar xanımın yanında ehmallıca yerə qoyub, alnında muncuqlanan tər damcılarını siləndə qadın gödək burnunun az qala lap ucunda güclə bənd alıb qalan eynəyinin üstündən bu nimdaş paltarlı, utancaq oğlana zənlə fikir verdi. Oğlan ona çox tanış gəlirdi; bayaqdan zehnində götür-qoy eləyir, onu harda gördüyünü, yaxud kimə oxşatdığını ayırd eləyə bilmirdi.

Oğlan yarım saatın içində Nigar xanımın yanına iki dəfə kitab

– əlyazması gətirdi. Üçüncüsündə arvad burada təzəcə işə başlamış bu oğlanı əyləyib, xırıltılı səslə astadan soruşdu:

– Oğlum, sənin adın nədir?

– Rəhimdir.

Nigar xanım gözlərini qıyıb hafizəsinin, indi çox zəifləmiş yaddaşının səhifələrini vərəqlədi, sonra başını tərpədib təzədən xəbər aldı:

– Kimin oğlusan, a bala? — Nigar xanım astma xəstəliyi olan adamlar təki durduğu yerdəcə tövşüyür, çətin nəfəs alırdı. Başı çoxdan ağarmış olardı, ancaq, görünür, xına qoyduğuna görə saçları qırmızıya çalırdı.

Rəhim Nigar arvadın xınalı başına baxıb:

– Cahangirin oğluyam,— dedi. Onun səsindəki nisgil Nigar xanımın nəzərindən yayınmadı. O, «hansı Cahangirin?» sualını vermədən:

– Ah, bizim Cahangirin,— dedi. — Səmədzadə Cahangirin!

Rəhim başını aşağı saldı.

– Oy, oy!.. Bayaqdan fikirləşirəm, deyirəm, bu uşaq kimdir? Gözümə elə şirin gəlirdin ki!.. Sən demə, belə... Bizim — Cahangirin. Torpağı sanı yaşayasan, bala. Elə bil, özüsən ki, durubsan. Oğul da ataya bu qədər oxşarmış!..

Nigar xanımın, sevincdənmi, həyəcandanmı, yanları qırışmış gözləri yaşardı. Cahangir Nigar xanımla uzun illər bir yerdə üz-üzə, göz-gözə işləmişdi.

Bir dəfə söz-sözə gəlməmişdilər.

Nigar xanım Cahangirlə işlədiyi illərdə bir şeyə möhkəm inanmışdı: uşaqların hamısı dünyaya mələk kimi saf, günahsız gəlirlər. Amma gedəndə... Cahangir məhz o nadir adamlardan — dünyaya mələk kimi gəlib, mələk təki də gedənlərdən idi.

Bir dəfə,— eh, neçə il bundan qabağın sözüdür,— bir dəfə kiçik, lap kiçik bir hadisə olmuşdu. Nigar xanım isə bu kiçik əhvalatı heç cür unuda bilmirdi.

Fonddan evə kitab verilmir, bunu fondun işçiləri də, oraya gəlib gedənlər də yaxşı bilirlər. İşçilərdən kimsə məzuniyyətə getmişdi, müdiriyyət Cahangiri müvəqqəti o yerə qoymuşdu. Cahangir oxuculara kitab, əlyazması verirdi.

Günlərin birində, oxu zalı bağlananda Cahangir görür ki, bir elmi işçi, — indi o professordu, adı Möhsündür, — əlyazmasından ayrılmaq istəmir, elə hey oxuyur. Rəhmətlik ona yanaşıb deyir ki, vaxtdır, yoldaş, kitabxana bağlanır, iş vaxtı qurtarıb. Möhsün deyir ki, bilirsiniz, Cahangir, bu kitab mənə elə lazımdı ki, inanın, əgər onu bu gecə oxuyub qurtarmasam, bağrım çatlar. Sizdən çox xahiş edirəm, bunu bir gecəliyə mənə verin. Vaxt nə tez gedir? Mən deyirdim qurtararam.

Cahangir deyir, səhər oxuyarsan. Möhsün cavab verir ki, çox xahiş edirəm, əgər evə vermirsinizsə, qapıları bağlayın, məni qoyun içəridə, səhərəcən oxuyum. Yalvarıram!..

Daha bu Möhsünün sevincinin həddi-hüdudu olar?!

Cahangir naçar qalıb deyir: madam ki bu kitab sənə bu qədər vacibdir, hətta sən gecə də burada qalmağa razısan, apar, nə olacaq, qoy olsun!

Qərəz, kitabı aparır. Səhər tezdən gətirib verəndə tərs kimi fondun müdiri məsələni başa düşür. Bilir ki, Cahangir fondun kitabını evə verib. İndi gəl həngaməyə bax! İclas çağırıldı. Cahangirin məsələsi müzakirə olundu. Müdir bir yandan, işçilər o biri yandan Cahangiri o ki var, danladılar, de ki, deyəsən. Kitab itməmişdi, cırılmamışdı, sadəcə olaraq Cahangir bir elm adamının arzusunu yerinə yetirmişdi...

– Siz atamı tanıyırdız?— deyə Rəhim fikrə getmiş, ötən günlərin xatirələri ilə dumanlanmış gözlərini ona zilləyən Nigar xanımdan xəbər aldı.

– Necə ki tanıyırdın? Necə ki tanıyırdın? Neçə il bir yerdə işləmişik, bala! Bax, o stolu görürsən, o küncdəki stolu deyirəm, zəngli saatın yanındakını.

– Bəli.

– Bax, bu idarəyə girəndən rəhmətə gedənəcən o stol onun olub. Rəhmətlik canlara dəyən adam idi. Artıqtamah, vəzifəpərəst, gözəgirən deyildi.

Nigar xanım danışdıqca Rəhim qəmgin-qəmgin o stola sarı baxırdı. Orada indi iri, sallaq dodaqlı bir kişi oturmuşdu. Rəhim vaxtilə atasının işlədiyi yerdə çalışacağını bilsəydi, bəlkə də razılıq verməzdi. İmtahanları üç gün bundan qabaq qurtarmış, onuncu sinfə keçmişdi. O, tətil günlərində boş-bekar qalmaq istəmədiyini, işləmək istədiyini anasına söyləmişdi. Sədəf də Nadirədən xahiş eləmişdi ki, Rəhimə iki aylıq babat bir iş düzəltsin. Nadirə elə oradaca üç-dörd tanışa zəng çalmış, axırda əlyazmaları fondunda, «kitabdaşıyan» yeri olduğunu öyrənib Rəhimi ora işə qəbul elətdirmişdi. Sədəf özü Rəhimə qəsdən deməmişdi ki, atan da o idarədə işləyib. Uşağın ürəyini qana döndərməyin nə mənası vardı?!

Nigar xanım Rəhimlə xeyli söhbət elədi, dolanışıqları ilə maraqlandı, anasını xəbər aldı. Demək olar ki, bir saatdan sonra fondun bütün işçiləri təzə kitabdaşıyan oğlanın Cahangir Səmədzadənin oğlu olduğunu bildilər.

Rəhimin zəhmət həyatı belə başlandı.

Lap alt mərtəbədən — on minlərlə kitab, əlyazmaları saxlanan xəzinədən ağır kitabları götürüb pillələrlə yuxarı qalxanda nədənsə Rəhimə elə gəlirdi ki, indi atası haradansa qabağına çıxacaq, oğlunun tərli sifətinə baxıb: «Yoruldun, bala, ver bir az da mən götürüm»,— deyə onun əlindən tutacaq.

İşıqlı, geniş oxu zalına girəndə Rəhim küncdəki stola baxmaya bilmirdi; elə bil, orada ahənrüba vardı, onun baxışlarını, diqqətini ora çəkirdi. Hər dəfə içəri daxil olanda ona elə gəlirdi ki, atasını öz stolunda oturan görəcək. Ancaq atasının əvəzində orada sallaq dodaqlı kişi gözünə dəyəndə ürəyinin dərinliklərindən qopub gələn sızıltılı bir nisgil gözlərini göynədib az qala yaşardırdı. Bu cah-calallı binanın hər qarışında atasını görəcəyi ümidləri boşa çıxdıqca Rəhim təklənir, qüssələnirdi. Cahangir yox idi, Cahangir görünmürdü. Lakin onun köhnə iş yoldaşları Rəhimə həmişə atasını «göstərirdilər»— söhbətlərində, xatirələrində, xeyirxahlıqlarında...

Bir dəfə günortadan sonra Nigar xanım Rəhimə dedi:

– Rəhim, bala, get maaşını al.

– Axı, hələ on altı gündür...

Nigar xanım onun günlərin hesabını apardığına diqqət yetirib gülümsündü, üzü qızardı:

– Hər yarım aydan bir pul alırıq. Bu, avansdır — dedi. — Maaşının yarısını indi alırsan, yarısını da ayın axırında alacaqsan.

Mühasibat otağında ondan əvvəl iki adam dayanmışdı. Onlar siyahıya qol çəkib bir dəstə qırmızı onluq aldılar. Rəhimi tanımayan hesabdar arvad ona işarə ilə:

– Burada niyə durmusan?—deyə xəbər alanda, o, belə sual gözləmədiyindən sıxıldı, çətinliklə:

– Pul...— deyə bildi. Xəzinədar onun adını soruşdu.

– Rəhim Səmədzadə.

– Hə, var, bala.

Rəhim cədvələ qol çəkəndə əli əsirdi. Şax, ətrəngi təkliklər qanovuz paltar kimi işıldayırdı. Rəhim özündən əvvəl pul alanlar təki saymadı, büküb-bürmələyib cibinə qoydu və mühasibat otağından çıxdı.

O bu dəqiqə ancaq anasını düşünürdü: «Evə, birbaş evə! Anamın yanına!...» Cəbrdən imtahan zamanı ən çətin məsələni hamıdan əvvəl həll eləyib qurtaranda da Rəhim eynən belə sevinmişdi. «Sənə qurban olum, ay ana. O gün kostyumu geri qaytaranda sənin xəlvətə çəkilib ağladığını gördüm. Elə bilirsən mən uşağam, heç nə başa düşmürəm? Yox, ana, mən hər şeyi anlayıram: sənin dərdini də, arzularını da başa düşürəm, ana!»— deyə ürəyində danışa-danışa idarədən çıxdı, avtobusa minib evə gəldi.

Ancaq qapını qıfıllı görəndə qanı qaraldı, sevincinin üstünə elə bil su çilədilər: «Yenə onlara gedib...»— deyə məyus halda taxtın üstündə oturdu.

Sədəf axşam saat on birə işləyəndə gəlib çıxdı. Rəhim yatmamışdı. Gözünə yuxumu gedərdi?

– Haradasan, ay ana? Nə gec gəldin?— deyə Rəhim neçə saat intizarla gözlədiyini unudaraq mehriban bir səslə soruşdu.

– Vağzaldan indi gəlib çıxıblar!— deyə Sədəf yaylığını başından açıb taxtın üstünə atdı.

– Vağzaldan?

– Hə, Ceyhunu yola salırdılar. Krıma getdi... Gəliblər, mən qaçmışam, Can bala, yəqin acsan, bu saat...

– Yox, yemişəm, ana!

Sədəf bir az arxayınlaşdı. Ayaqqabısının sol tayını çıxardı, ayağını dizinin üstünə qoyub ovxalamağa başladı:

– Elə bil ayağım şişib.

– Axşamacan ayaq üstəsən, elə olar da.

Ana bir söz demədən ayaqlarını övkələyirdi.

Rəhim idarədən gələndən fikirləşirdi ki, anasını necə sevindirsin, ilk maaşını ona necə versin. Dəqiqələr, saatlar keçdikcə ilk əvvəl ona çox təsirli görünən bu iş adiləşdi, lap adiləşdi. İndi o, sadəcə olaraq, bayaqdan neçə dəfə saydığı pulu anasının qarşısına qoymağı qərara aldı. Elə də elədi:

– Maaş almışam, ama!..

Sədəf o biri ayağını da yerə qoyub qalxdı, addım-addım irəliləyib illərlə bu günün həsrətini çəkmiş adam təki:

– Hanı, — dedi, — Hanı?

– Budur! — Rəhim əl atıb yan cibindən xış-xış xışıldayan manatları anasının ovcuna basdı.

Sədəf pulu görəndə dodaqları əsdi, gözləri alacalanıb doldu. Manatları ovcunda xışmalaya-xışmalaya Rəhimin çiynindən tutub özünə sarı çəkdi, alnından, saçlarından öpdü, öpdü, öpdü...

– Evimə qazanc gətirən balama qurban olum, qurban olum, ay Allah! Kaş, Cahangir sağ olaydı, bu günü gözləri ilə görəydi!..— deyə o özünü saxlaya bilməyib hönkürdü.

Rəhim:

– Daha niyə ağlayırsan, ana,—dedisə də kövrəlməyə bilmədi.

Sədəf Aslan müəllimlə elədiyi söhbətdən sonra ciddi fikirləşmişdi, işləmək məsələsini götür-qoy eləmişdi. İşləmək lazım idi. Bunu Sədəf yaxşı başa düşürdü. Ancaq Nadirə onun, necə deyərlər, qabağını kəsmişdi. Sədəf ki, lap körpəliyindən Nadirənin, «anası» olmuşdu; bacısı indi də onun üçün bir uşaq idi. Alim də olsa, kitab da yazsa, yenə balaca Nadirə idi. Sədəf ha fikirləşdisə Nadirəni o boyda ev-eşikdə tək qoymağa ürəyi gəlmədi. Əgər Nadirə evin biş-düşünü, silsüpürünü, qonaq-qarasını da öz üzərinə götürsəydi, bəs yazı-pozu necə olardı?! ”Bir əldə iki qarpız” məsələsi Sədəfin yadına düşür, bacısının halına yanır, onun işlərinin (Sədəf bilirdi ki, o da böyük müdafiəyə hazırlaşır) bu qızğın vaxtında atıb iş-gücünə əl tutmamaq bacıya, özü də Sədəf kimi bacıya heç yaraşmazdı. Odur ki, bu məsələni hələlik təxirə salıb, yenə həmişə olduğu kimi tezdən Rəhimin çay-çörəyini verəndən sonra, Nadirəgilə gedir, axşam qayıdırdı...

... Həmin gün, işin axırına yaxın, Nigar xanım Rəhimi axtardı. Ancaq Rəhim tapılmadı. «Yəqin, maaşı alıb, sevindiyindən işi-zadı da yadından çıxardıb, evə qaçıb!»— deyə düşünən Nigar xanım qəmli-qəmli gülümsündü və sifariş kağızlarını özü götürüb ağır addımlarla pillələri aşağı endi, kitab gətirməyə getdi.

Səhəri Nigar xanım Rəhimi görəndə:

– Dünən, işin axırında hardaydın, bala?— deyə mehribanlıqla xəbər aldı.

– İşin axırında?— O udqundu. — İşin axırında pulu alıb getdim.

– Yaxşı, bala, bax, bu kitabları apar qoy yerinə, dünən mən özüm gedib gətirmişəm.

Rəhim səhvini indi anlayıb başını aşağı saldı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Üçüncü hissə, on beşinci fəsil

Salman Qurbanzadə ictimai elmlər bölməsinin iclasından çıxanda halı özündə deyildi; ayaq üstə güclə dururdu. Elə pörtmüşdü, elə qızarmışdı ki, sanki indicə hamamdan çıxmışdı, çırtma vursaydın, qanı damardı. Azca əvvəl, akademiyanın geniş, bu başından baxanda o başı görünməyən salonunda onunla bir yerdə, yanaşı oturmuş və necə çırpılıb döyüldüyünün şahidi olan adamların gözündə özünü nikbin, heç bir şey olmamış kimi göstərməyə çalışırdısa da, buna heç cür müvəffəq ola bilmirdi. Belini şax tutmaq istəyirdisə də bacarmırdı: elə bil, içəridən kimsə gözəgörünməz əlilə Salmanı çəkib əyir, uca boyunu balacalaşdırırdı. Baxışı, gülüşü, təbəssümü saxta və süni təsir bağışlayırdı. Bayaq, bölmənin bəzi üzvləri tərəfindən yaxşı-yaxşı «döyüləndə» ağzına su alıb susanların indi zalın qapısı ağzında yaxınlaşıb: «Əşşi, belə şeylərə fikir vermə, qanını qaraltma,» «Darıxma, Salman.», «Sənin də mənim kimi qədrini bilmədilər, ay Salman.» — deyənlərə, artıq əzik-üzük olmuş, ütüsü bu iki saatın içində pozulmuş dəsmalıyla alnının, üzünün tərini silə-silə cavab verəndə qeyri-iradi olaraq səsi tutulur, ilişikli çıxırdı. Bir çoxlarına heç cavab vermirdi, eləcə, mənalı-mənalı baxıb başını asta-asta tərpətməklə kifayətlənirdi.Yox, burada daha dayana bilmirdi: sanki bu boyda foyedə hava yox idi, nəfəsi təngiyirdi. Nəsə danışan, gülən alimlərin səsi onun beynini cırmaqlayır, ürəyinin içini ovurdu və ona elə gəlirdi ki, hamı ondan danışır. Od kimi yanan əlini ikinci mərtəbədən burulub birinci mərtəbəyə uzanan, üstünə uzun xalı salınmış mərmər pillənin soyuq sürahisinin üzərində sürüşdürə-sürüşdürə aşağı enərkən ürəyində, beynində bayaq iclasda «qılıncını siyirib üstünə düşənlərə» indi, daldan atılan daş kimi gecikmiş və mənasız olsa da, nifrətlə, acıqla cavab verir, orada camaatın qabağında ehtiyatdanmı, qorxudanmı deyə bilmədiyi sözləri dilinə gətirir, vaxtında ürəyini boşaltmadığına heyifsilənirdi. Ucaboy, enlikürək, çatma qaşları da qar kimi ağappaq ağarmış həyatında belə yığıncaqlarda başının tükü sanı iştirak etmiş Aslanzadənin özünə məxsus təmkin və yumorla, asta-asta Salmana «yedirtdiyi» sözlər beynində təzədən təkrar olunur, rəhmsizcəsinə vurulmuş zərbə kimi canını, ürəyini ağrıdırdı. Ay allah, bu pillələr niyə qurtarmaq bilmir? Nə uzun imiş bu pillələr? Aha. Şükür, qurtardı, qurtardı. Bu, böyük qapı. Bax, bu da geniş, işıqlı, gəl-gedi çox olan küçə. Ox, hava nə sərinmiş, aman allah. Əl atıb qalstukunu boşaltdı, köynəyinin düyməsini açdı. Və üzü aşağı, Nizami muzeyinə tərəf addımladı. Heç kəsi görmürdü, heç kəsi tanımırdı Salman. Beyni uğuldayırdı, uğuldayırdı: «Demək, belə». Demək Salman Qurbanzadə

7 dəq
Üçüncü hissə, on altıncı fəsil

Vəzifədən çıxarılmağından heç kəsin, hətta, Nadirə xanımın da təsəvvürünə gətirə bilməyəcəyi dərəcədə sarsılmış Salman Qurbanzadə elə həmin günün səhəri növbəti məzuniyyətə çıxmağı barədə ərizə yazaraq, incimiş, küsmüş olsa da, arvadını instituta göndərmiş, məzuniyyət pulunu da almağı ona həvalə eləyib bağa getmiş və bir də iki aydan sonra, vaxtı qurtaranda qayıdıb gəlmiş, içəridən əzilə-əzilə, sıxıla-sıxıla təzədən işə başlamışdı. İstirahət zamanı kökəlmək, yaxşılaşmaq əvəzinə, bir az da sınıxmış, hələ lap diqqətlə baxsan, xeyli də qocalmışdı. Bütün bu müddət ərzində Nadirə ilə də ağızucu danışmış, dindirsə dinmiş, dindirməsə, öz aləminə qapılıb yaşamışdı. Onun yaşına yaraşmayan bu hərəkəti Nadirəni incitsə də, yazıq qadın tənə-təhniz eləməmiş, «Bunu da anası belə doğub də, neyləyə bilərəm?» — deyə dözmüşdü. Salman, Aslanzadədən bərk incimişdi, direktoru olsa da, salam vermir, salamını da almırdı. Dünya görmüş Aslanzadə onun belə eləməyinə gülür, hərdən elə yanında zarafata salıb Nadirəyə deyirdi:– Ay Nadirə xanım, bu kişini bizimlə barışdırsana. Bir qurutlu xəngəl bişir, yığ bizi bu Salmanın başına, barışdır bizi. Belə xırda-xuruş şeylər üstündə bizim umu-küsü saxlayan vaxtımız çoxdan keçib.

5 dəq
Birinci fəsil

«Ey atəş, yandır, nə qədər bacarırsan yandır, ancaq onu da bil ki, yandırmaq istədiklərini və yandırdıqlarını yandırıb külə döndərəndən sonra sən özün də şölə çəkən vücudunu yerə-göyə çırpa-çırpa alovlu başını yandırdıqlarının külü üstünə qoyaraq yavaş-yavaş öləziyib sönəcək, nəhayət, məhv olacaqsan, çünki atəşin öz ömrü də yandırdıqlarının həyatı sona çatan kimi sönüb qurtarır».Yandırılmış bir məktubdan.

15 dəq
İkinci fəsil

Paşa üçün bu, son idi. Amma başlanğıc da var idi axı, başlanğıc da olmuşdu axı. Və o başlanğıc uzaq-uzaq illərin arxasında qalsa da, hafizəsi korşalıb yaddaşı kütəlsə də, hər şey xatırında qalmışdı, çünki onu kitablarda oxumamışdı, başqalarından eşitməmişdi, özü yaşamışdı; o, yaxşı-pis ömrünün bir parçası idi.O dəli-dolu çağlarında aktyorluq, şairlik, çalğıçılıq, rəssamlıq həvəsi beynindən, ürəyindən çıxandan sonra, Sultan kişinin bir dostunun məsləhəti və yaxından köməyi ilə Paşa bir də gözünü onda açıb görmüşdü ki, Darülfünunun biologiya fakültəsinin tələbəsidi və müəllimlərin ona başqa fənnlərlə yanaşı torpağın, bitkilərin, heyvanat aləminin də sirlərini öyrətməklə məşğuldu. Əvvəl heç həvəsi yox idi, bir fürsət və bəhanə axtarırdı ki, bu sənətin də dalından dəysin. Ancaq Sultan ona necə təpinmişdisə: «Bəsdi, ə, qodu-qodu gəzdirdin. Sənin tayların çoxdan sənət, ev-eşik sahibi olub, sən isə hələ də bir yerdə qərar tutub bir işin qulpundan yapışmamısan. Onu bil ki, gəzən şələ bağlamaz» ⎯ demişdisə, Paşa o fikri başından atmış, dərslərə girişmişdi. «Elə hesab elə ki, sən həkimlik oxuyursan. Yarımhəkim kimi bir sənətdi bu» ⎯ demişdi bir dostu da və bu da Paşanı oradan da qaçmaq fikrindən daşındırmışdı. Dördüncü kursu qurtaranda müharibə başlamışdı və sinif yoldaşları kimi onu da əsgər aparmışdılar. Qırx beşinci ildə cəbhədən qayıdan kimi beşinci kursda dərslərinə davam edib bir il sonra ali təhsilini bitirmiş və əvvəlcə Pedaqoji institutda, sonra isə Tibb institutunda biologiyafiziologiya kafedralarında laborant, assisent və nəhayət, müəllim işləmişdi. Böyür-başında bir çox cavan yoldaşlarının elmi iş, dissertasiya yazdığını görən Paşa, əslində daxili ehtiyac üzündən yox, sadəcə, dəstədən geri qalmamaq üçün fiziologiya sahəsinə meyl salıb mövzu götürmüş, o zaman məşhur fizioloq kimi məşhur olan professor Qaraxanovun rəhbərliyi altında, demək olar ki, zorla, kişini hövsələdən çıxarda-çıxarda namizədlik dissertasiyasını əllinci ildə müdafiə eləmişdi. Balacaboy, çevik, son dərəcə təvazökar və vicdanlı bir alim olan Qaraxanov, Paşanın elmi qabiliyyətindən çox təşkilatçılıq qabiliyyətinə inanıb onun alim olmasına qol qoymuşdu: çünki həqiqətən Paşa əvəzedilməz dərəcədə zirək idi, quru çaya su gətirməyə göndərsəydin, əliboş qayıtmazdı, kafedranın bütün tədbirləri, professorun məmləkət şəhərlərindən, xaricdən gələn qonaqlarını qarşılamaq, yedirib-içirtmək, mehmanxanalarda yerləşdirmək kimi vaxt, hövsələ, bir az da sırtıqlıq tələb eləyən işlərinin hamısını Paşa bir göz qırpımında həll edərdi və hamını razı yola salardı, nəticə etibarilə institutun, kafedranın və ən ümdəsi isə professor Qaraxanovun başını uca, üzünü ağ eləyərdi.

30 dəq

Başqa şairlərin şeirləri