Heyran Darüləmanın mərkəzində, Kabil muzeyinin qabağında servisdən düşdü, əlindəki zənbili yelləyə-yelləyə, iti addımlarla evə tələsdi. Yüngülvarı bazarlıq eləmişdi, acından başının hərləndiyini, gözlərinin tor gətirdiyini görüb küçədə isti çuğundur satan oğlandan bir qıça qırmızı çuğundur alıb elə ayaq üstə yemiş, açlığını dəf eləmişdi. Uçmağa qanadı yox idi. Əynindəki paltar onun haçandan sevinməyən ürəyini hədsiz bir fərəhlə doldurmuşdu. Əbdül onun gözündə yox yerdən peyda olmuş bir xilaskara dönmüşdü. Necə də xeyirxah adamlar varmış bu dünyada?! Desəydilər, Heyran bəlkə də buna inanmazdı — nağıl, əfsanə hesab eləyərdi. «Ərini də götür, gəl. Burda yaşarsız. Yeməyinizi-yerinizi verərəm». — Bu sözləri o özü Əbdülün dilindən eşitmişdi. Necə inanmaya bilərdi?! «Görünür, zatən yaxşı adamdı. Həm də, deyəsən, Dünya bacım da ona yaxşı baxıb. Yoxsa... Mən onun nəyiyəm ki?» Heyran bütün yol boyu ürəyində beləcə danışmışdı, ancaq söz-söhbəti qurtarmamışdı. Fikri paltardan, Əbdüldən, cibindəki pullardan qopub Cabbarın üstündə qərar tutmuşdu: «İndi məni bu paltarda görəndə heç tanımayacaq Cabbar. Həmişə arzusu idi məni yaxşı geyindirib-keçindirsin. Axır görəcək məni gözəl paltarda, sevinəcək yazıq. Özü üçün də yaxşı olacaq — isti otağımız olacaq, yeməyimiz bol olacaq. Biçarə haçandı doyunca xörək yemir, yoxdur. Bəlkə əmələ gələr, Allah kərimdi. Yoxsa lap üzülüb, canı-cəsədi qalmayıb».

Heyran Darüləmanın kənarındakı yastı-yapalaq evlərin arası ilə iti addımlarla yeriyirdi. Bura artıq öz məhəllələri idi. Qabağına tanış qadınlar, uşaqlar çıxırdı, ancaq salam verməmiş keçib gedirdilər. Deyəsən, təzə paltarda Heyranı tanımırdılar. Bunu o, evə lap az qalmış, qonşu arvadla üz-üzə gələndə müəyyən etdi. Kürəyində dəri su tuluğu olan, ağzı yaşmaqlı qadın qarşısına çatanda Heyran addımlarını yavaşıtdı, nəfəsini dərib:

– Salam, ay Nisə xala, — dedikdə arvad ayaq saxlayıb gözlərini qıyaraq zənlə ona baxıb:

– Əleyküməssalam, — dedi və azca duruxdu. Tanımadığını anlayıb Heyran sevincini gizləyə bilməyərək gümrah səslə:

– Mənəm ey, Nisə xala, Heyranam, — dedi.—Tanımadın məni?

Nisə xala gözlərini geniş açaraq:

– Bıy, sənsən? And olsun allaha, tanımadım. Ağız, bu sənsən, Heyransan?.

– Hə, mənəm, Nisə xala!

Nisə xala yoxlayıcı-sınayıcı bir nəzərlə onu təpədən-dırnağacan süzüb qəribə şəkildə qımışdı:

– Dövlətli olacaqsan! — dedi, nə isə soruşmaq istədi, ancaq fikrini dəyişib yoluna düzəldi. Qalan məsafəni Heyran nədənsə sıxıla-sıxıla getdi, hətta qabağına çıxan adamların üzünə də baxmadan keçib həyətə girdi. Qapını necə örtmüşdüsə eləcə idi. Bura şəhərə nisbətən çox qar düşmüşdü, çünki yüksəkdə yerləşmişdi məhəllə. Evin görkəmi elə qərib və müztərib idi ki, istər-istəməz Heyranın qəlbindəki sevinci harasa qovdu bir anın içində və o, süst, əvvəlki kədərlə qapını açıb içəri girdi.

Balaca, böyür pəncərədən düz Cabbarın üzünə qonşu damın üstündən qar işığı düşürdü. Heyran zənbili yerə qoydu, əvvəlcə Cabbara baxdı. Cabbarın gözləri açıq idi. Heyran yaxın gəlib əlini onun alnına toxundurdu:

– Necəsən, əzizim?

Cabbarın səsi çıxmadı. Kətilin üstdəki kartoflar eləcə qalırdı. Heyran dəhşətli bir şey olubmuş kimi içini çəkdi:

– Vay, sən heç nə yeməmisən, kişi? Acından ölərsən sən belə getsə. Al, ye bunu — deyə o, tələsik kartofun birini götürüb Cabbarın ağzına yaxınlaşdırdı. Lakin Cabbar dodaqlarını aralamadı, etiraz əlaməti olaraq başını da yana çevirdi.

– Qurban olum, bax, heç olmasa bu bircə kaçalunu ye, canına qüvvət olsun. Ət almışam, indi bişirərəm doyunca yeyərsən. Hələlik bunuca ye!

Cabbar heç nə demədən çuxurdan qəribə bir parıltı ilə yanan gözlərini Heyranın başındakı yun şalda, əynindəki paltoda gəzdirdi, səssiz-səmirsiz xeyli baxdı. Onun belə təəccüblə baxmağından Heyranın ürəyinə gəldi ki, bəlkə o da qonşular kimi paltarına görə onu tanımır?! Ona görə dedi:

– Mənəm ey, Cabbar. Nə belə diqqətnən baxırsan? Dünyanın paltarlarıdır, bacımın paltarlarıdır. Əbdül gördü üşüyürəm, verdi geydim....

—…

– Pul da verdi Əbdül, Cabbar. Özü də dedi: «Köçün gəlin bizə. Bizdə yaşarsız». İsti evdi. Yeməyimizi də verəcək. Cabbar, eşidirsən? Sən orda Allah qoysa sağalacaqsan! Sənə yaxşı qulluq eləyəcəyəm, inşallah, lap tez sağalacaqsan. Əbdül çox yaxşı adamdı. Elə qayğıkeşdi, elə mehribandı, dilnən deməklə başa gəlməz... Allah qoysa, gedərik, özün görərsən. Xoşuna gələcək.... Canlara dəyən adamdı. Hə, hazırlaşaq?

—…

– Paltarıma baxırsan? Xoşuna gəlir Cabbar? Yadındadı, sən həmişə arzu eləyirdin ki, mənə gözəl-gözəl paltarlar geyindirəsən. Belə paltar istəyirdin mənim üçün? Ya bundan yaxşısını?

—…

– Niyə danışmırsan, Cabbar? Bay, sən ağlayırsan? Niyə ağlayırsan qadası? Nə olub sənə, bir yerin ağrıyır? Ağrıların mənə gəlsin sənin.

Bu zaman Cabbar dolmuş gözlərini geniş açaraq, Heyranın gözləmədiyi halda, birdən-birə vəhşi bir səslə:

– Rədd ol burdan, gözüm səni görməsin, fahişə!—deyə bağırdı. — Rədd ol l l l!!

Heyran qulaqlarına inanmadı. Elə bildi onu qara basır. Ömründə bircə dəfə də olsun Cabbar ona söz deyərkən səsini qaldırmamışdı. İndi çığırır, indi onu «fahişə» adlandırır?! Heyran təəccüb içində:

– Nəə? — deyə bildi və elə o anda sanki daxma başına uçdu, aləm bir-birinə qarışdı. İllərin məhrumiyyəti, acısı-ağrısı, o sözə bənd imiş kimi ürəyində tərpəndi, qövr elədi, nəinki paltarı, hətta həyatın özünü belə gözlərində heçə-puça döndərdi və o, ömründə ilk dəfə bax elə indicə, bax elə buradaca ölmək istədi, yerə girmək istədi. İndi ona hər şey aydın oldu: keçən dəfə o, bacısıgildən gələndə Cabbar köks ötürüb: «Elə ölmək istəyirəm!» demişdi — niyə? Bunu onda Heyran başa düşməmişdi. İndi də belə... Demək, Cabbar onun haqqında pis fikrə düşüb! Aman allah, bu nə dəhşətdi! Cabbar Heyranı heç ağlına gətirmədiyi iyrənc bir işdə ittiham eləyirdi! Bu, onun ürəyini parçaladı, mənliyini sıxıb əzdi. Beş il yox, iyirmi il də Cabbarın əzabını, əziyyətini çəksəydi, bu ağır təhqirin milyonda biri qədər onu incitməzdi, sıxmazdı. «Bəli, yəqin o fikirləşir ki, mən yalan danışıram, onu aldadıram. Fikirləşir ki, kimdi mənə havayı pul, paltar, isti sığınacaq verən? Bu zəmanədə kim əvəzsiz, təmənnasız yaxşılıq eləyir ki? Təmənnasız yaxşılıq eləyənlərə də kimsə inanmaq istəmir! Dəhşətdi!» Belə düşünə-düşünə hiss elədi ki, əynindəki paltar onun vücudunu sıxıb yandırır, başındakı şal boyun-boğazını qarsıb alovlandırır. Hirsindən-hikkəsindən, Cabbara cavab verib qəzəbləndirmədən, əl atıb şalı başından açdı, paltonu çıxartdı, döşəməyə atdı, murdar bir şey ayaqlayırmış kimi, tapdalamağa başladı. Gözlərindən gildir-gildir yaş axırdı; tor pərdə arxasından Cabbara nəzər saldı. Cabbarın kirpikləri enmişdi. Çənəsi sinəsinə yapışmışdı. Heyran paltarları ayaqlayırdı və istəyirdi ki, Cabbar da bunu görsün. Ancaq Cabbar baxmırdı. O, qeyri-iradi qışqırdı:

– Dincəl. İndi dincəl. Mənə heç kəsin heç şeyi lazım deyil. Eşidirsən, heç kəsin, heç kəsin!!

—…

– Sən məni Əbdülə qısqanırsan? Utanmırsan heç, Cabbar?!

—…

– Niyə dillənmirsən? Zəhərini töküb dincəldin, toxtadın?

—…

Cabbarın susduğunu, qımıldanmadığını görəndə Heyran səsini xırp kəsdi, hardansa qəlbinə müdhiş bir qorxu axıb doldu və bu qorxu içində o, Cabbarın taxta çarpayısına yanaşıb üstünə əyildi, nəfəsini dinşədi. hənirti gəlmirdi. Heyran əlini onun alnına qoydu və astaca silkələdi:

– Cabbar, Cabbar!..

Cabbardan səs çıxmadığını görəndə o, birdən-birə hər şeyi başa düşdü: o keçinmişdi. Heyran vəhşi bir səslə: «Cabbarım!»— deyə qışqıra-qışqıra özünü bayıra atdı...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Dördüncü hissə, səkkizinci fəsil

Məleykə Elməddini həyətdə görəndə özünü itirdi, əvvəl gözlərinə inanmadı. Sonra tanıyıb uşaq kimi qabağına qaçdı:– Xoş gəlibsən, ay qardaş! — dedi və gözləri ilə onun dalınca gəlməli olan Şəfini axtardı; o yox idi, Elməddin tək gəlmişdi.

7 dəq
Dördüncü hissə, doqquzuncu fəsil

Bəbrək hər gün məktəbdən saat birdə gəlirdi. Ancaq bu gün nədənsə gecikirdi. Saat üç olmuşdu, lakin o, hələ gəlib çıxmamışdı. Məleykə xanım bərk nigarançılıq hissi keçirirdi: «bu uşaq harda qaldı?»—deyə həyət-bacada vurnuxur, küçəyə çıxır, yollara baxırdı. Ananın ürəyinə cürbəcür qara fikirlər gəlir, qəlbini didib-parçalayırdı. «Qaraçuxamız yatıb. Dilim-ağzım qurusun, balam maşın-zad altına düşər birdən» — deyə aram ola bilmirdi.Nəhayət, saat beşdə Bəbrək çantasını yelləyə-yelləyə gəldi. Məleykə aynabənddən onun sağ-salamat gəldiyini göpəndə əvvəl çox sevindi: — «Şükür sənə, pərvərdigara!» — söylədi öz-özünə. Ancaq bir an sonra qəzəbi tüğyan elədi, Bəbrəkin qabağına çıxıb onu danlamaq, tənbeh eləmək istədi. Oğlan həmişəki kimi yorğun və əzgin deyildi, üzündə-gözündə işıqlı bir təbəssüm cilvələnirdi. Məleykəni bu, bir az təəccübləndirdi, arvad ani olaraq çaşıb əli ağzında qaldı. Buna baxmayaraq lap yaxın gəlmiş oğlunun yaxasından yapışıb qeyzlə silkələdi.

3 dəq
Dördüncü hissə, onuncu fəsil

Ağayi Nəcməddin Elməddinlə görüşəndən sonra dirçəlmişdi. Ayağa qalxmışdı. İlk sarsıntılar sovuşub keçmişdi. Bu sarsıntılar tufan kimi gəlmişdi, dağ kimi kişini vurub ayaqdan salmışdı; indi isə ağrıları qalmışdı. O, özündə səbir, dözüm tapıb gözləməyi qərara almışdı. Burda da — namus kimi ciddi məsələdə də o, tələsməməyi, hər şeyi ölçüb-biçməyi, dönə-dönə yoxlamağı üstün tutmuşdu. Düzdü, indi artıq gəzirdi, işə çıxırdı, deyib-gülürdü də bəzən. Ancaq heç kəs bilməsə də, o özü yaxşı bilirdi ki, bütün bunlar zahiri parıltılardı. Əslində, içində nə isə qırılmışdı, səadəti harasa uçub getmişdi, qüruru sınmışdı. Kölgə kimi gəzib-dolanırdı.Elməddin nə qədər israr eləmişdisə də, heç nə deməmişdi. «Əlahəzrətlə bir az aramız sərinləyib!» — söyləmişdi və bu sözləri Dünyanın yanında dilinə gətirmişdi. Və bununla da hər ikisinin ağzını yan salmışdı.

5 dəq
Dördüncü hissə, on birinci fəsil

Darvazanın qabağında bir taksi dayandı. Arxa tərəfdən Məhəmməd Şəfi düşdü. Zəif, xırıltılı səslə sürücüyə sözləri fışıldada-fışıldada söylədi:– Beş dəqiqə gözlə, pulunu gətirim, qardaş. Yanımda pulum yoxdu.

5 dəq

Başqa şairlərin şeirləri