Səhifə 2 / 2 · 50%

– Yaxşı, yaxşı, xətrinə dəyməsin. Söhbətdi eləyirik də. Sən də uşaq kimisən lap...

Salmanın qırışığı azca açıldı:

– Demək, sən İlhamın kitabı haqqında bərk yazmısan, hə?

– Hə, çox bərk! İstər atasının xətrinə dəysin, istər dəyməsin, mən İlhama kömək eləmək istəyirəm. Mən onunla çox söhbət eləmişəm. Əgər o, düzgün istiqamətləndirilsə, doğrudan da, gələcəkdə istedadlı şair ola bilər. Sən onunla bir danış, gör nələr deyir. O özü də bilir ki, yazılarının belə zəif çıxmasının əsas səbəblərindən biri də qəzet-jurnal işçilərinin ona qarşı tələbkarlığının az olmasıdır. Bax, onun kitabını sən də oxumusan, mən də. Gəl, necə deyərlər, əyri oturaq, düz danışaq — ordakı şeylərin çoxu, mən cəsarətlə deyərdim, yarıdan çoxu bizim bugünkü intellektual poeziyamızın səviyyəsindən çox aşağıdır, zəifdir; mən redaktor olsaydım, onları qətiyyən o kitabçaya salmazdım, oxucuların zövqünü korlamazdım.

– Məsələn, hankı şeri? O şerlərdən birini göstərə bilərsənmi?

– Böyük məmnuniyyətlə, Salman. — O, əl atıb Salmanın stolunun üstündəki kitabçanı açıb varəqlədi və bir şerin üstündə barmaq saxladı. — Buyur, elə şerlərdən biri:

İçimdə bir raket mələdi;

«Necəsən, dost?»— söylədi.

Eşitdi yaxın, uzaq—

Eşitmədim mən ancaq...

– Vəssalam?

– Bəli, vəssalam. İndi buyur, ərz elə görək sən bu dörd misralıq şerdən nə başa düşdün?

Salman yerində qurcuxdu, saçlarını çəngələyib ani fikrə getdikdən sonra:

– Bilirsən, Nadirə xanım, məncə, bu çox dərin, fəlsəfi şerdir. Şair burada demək istəmişdir ki...— o, yenə duruxdu.

– Hə, nə demək istəmişdir?

– Demək istəmişdir ki, indi raketlər əsridir, sürətlə silahlanma əsridir — hər kəsin içində bir raket var və o, mələsə, yəni, atılsa, partlasa, onda, dost, sənin işin necə olar, heç bilirsənmi? O, partlasa «yaxın, uzaq» eşidəcək — yəni bütün dünya eşidəcək.

– Bəs son misranı—«Eşitmədim mən ancaq!»ı necə yozursan?—deyə Nadirə qımışa-qımışa, özünü gülməkdən güclə saxlayaraq xəbər alanda Salman sadəlövhlüklə:

– Bu da o deməkdi ki, raketi birinci atana heç nə olmayacaq, o, salamat qalacaq — yəni, şair demişkən, raketin şaraq-şuruqunu dünya eşitsə də, mən eşitməyəcəyəm, çünki, indi texniki inqilab əsrində ragetlərin sürəti çox böyükdür, mən deyərdim, işığın sürətindən də neçə dəfə çoxdur, mənzili də uzaqdır. Məsələn, Bakıdan atılan raketin Nyu-Yorkda partlamasının zırıltısını sən, mən hardan eşidə bilərik? Görürsən, şairin, dörd misralıq şeri haqqında nə qədər danışmaq olur

– hələ istəsən...

– Hələ istəsən iki saat da danışa bilərsən, hə?— deyə Nadirə Gülüşünü içində boğa-boğa sözünü kəsib soruşdu.

—Əlbəttə...

Ancaq artıq Nadirə özünü saxlaya bilmədi, şaqqanaq çəkib güldü. Elə güldü ki, gözləri yaşardı. Salman bu gülüşdən pərt oldu:

– Niyə gülürsən, hıy? Düz demirəm?

– Yox, Salman, əzizim. Sənin dediklərinin bu şerə əsla dəxli yoxdur. Əgər sənin bu dediklərinin azca bir qismi belə burada öz poetik ifadəsini tapsaydı, yenə dərd yarı idi — hələ onu demirəm ki, sənin dediklərin — daha doğrusu, özündən toqquşdurduqların özü də çox primitiv, poetik yükdən, mənadan məhrum, adi qəzet ifadələridir və şeri bu cür izah eləmək özü də ədəbi savadsızlıqdır — xətrinə dəyməsin, bəli, ədəbi savadsızlıqdır.

– Bəs yaxşı sən necə izah edərsən bu şeri?

– Mən... mən deyərdim ki, bu vəzni, qafiyəsi olan adi söz yığınıdır, oxucunun nə beyninə, nə ürəyinə, hisslərinə heç bir şey vermir, demir. Ərəblər belə (belə də yox, həqiqətən mənası dərində olan) şerlər haqqında yaxşı deyiblər: «Əlməni fibətni şairi»— yəni məna şairin bətnindədir — bacarırsan, axtar, tap...

– Demək, sən İlhamın bu və bu qəbil şerlərində heç bir məna görmürsən, eləmi?

– Yox, Salman. İndi oxucu çox ayıqdır — onu aldatmaq, gözünə kül üfürmək mümkün deyil — sənət meydanına girən və «mən də varam»— deyən oğlan, gərək səviyyəcə ondan heç olmasa bir boy, bir qarış yuxarıda durmalıdır. Yoxsa... yoxsa, gülünc vəziyyətə düşmək olar, qadası! Yaxud bax, bu şerdimi, insafla söylə:

Hayıf, bülbülün dili yoxdu,

Dili olsaydı insalara deyərdi;

Amandı, gülləri məhv etməyin,

Öldürdü məni güllərin dərdi.

Axı bülbül öz ürək yaxan mahnısı ilə bu fikrini, bu təmənnasını, dərdini İlhamdan gözəl deyir — bülbüldən gözəl deyə bilməyəcəksənsə, niyə əlinə qələm alırsan, şair oğlan. Sənət — hər şeydən əvvəl gözəllikdir: həyatdakı gözəlliyin ondan da gözəl və şairanə təcəssümüdür — buna qadirsənsə, buyur yaz — sənət — istər poeziya olsun, istər rəsm olsun, istərsə də musiqi — fərqi yoxdur — həyatdakı gözəllikləri, zəriflikləri olduğundan da qat-qat gözəl göstərməyi bacarmalıdır — məhz bu zaman gözəl, ölməz sənət əsəri yaranır. Nizamidə də belədir, Füzulidə də belədir, sən uşaq deyilsən, sənin həyat və elmi-təcrübən var, özü də az deyil. Sən bəzən elə primitiv mühakimələr yürüdürsən, istər-istəməz adam, şəxsən mən sənə şübhə ilə baxmağa başlayıram.

Salman pərtliyini gizləmək üçün siqaret yandırdı, tüstüsünü ciyərinə çəkib havaya üfürə-üfürə:

– Nəyimdən şübhələnirsən Nadirə xanım?!— deyə kinayə qarışıq acıqla xəbər aldı.

– Hərdən fikirləşirəm ki,— deyə Nadirə ciddi görkəm aldı — sən «Nəsiminin sənətkarlığı» kitabını necə yazmısan? Düzü, etiraf edirəm ki, o sənin ən gözəl, ən dərin tədqiqat əsərindir — orda böyük bir tədqiqatçı — filoloq zəhməti duyulur — orda elmi mühakimələr gözəldi, dərindi, əsaslıdı. Nəsimi kimi dərya təbiətli, təlatümlü, ziddiyyətli bir şairin yaradıcılığını ondan yaxşı açmaq, təhlil etmək bəlkə də mümkün deyil. Bu da təsadüfi deyil ki, səndən sonra iyirmi il ərzində bu mövzuda yazanların heç biri o səviyyəyə qalxa bilməyib və çətin də qalxa bilsin. Hətta, mən deyərdim ki, sənin «nəsimidən» sonralar yazdığın məqalələr də o səviyyəyə çata bilmir — o kitab bütün nəsimişünasların, tələbələrin, nəsimipərəstlərin stolüstü kitabıdı, Salman. Sən də qu quşu kimi, deyəsən ömründə bircə yaxşı nəğmə oxumusan — o da «Nəsiminin sənətkarlığı»dı. Bəli, sən o kitabla ədəbiyyatşünaslığımızda, xüsusilə nəsimişünaslığımızda elə bir zirvə yaradıbsan ki, indi özün də o zirvəyə altdan yuxarı həsrətlə baxa-baxa qalmısan... Bax, bu barədə düşünəndə məni şübhə caynaqları arasına alır hərdən...

Salman azca əvvəl Nadirənin dilindən «şübhə» sözünü eşidəndə acı istiot udmuş adam kimi içinin istilənib yandığını duymuşdusa da, bunu, bu sözü onun işlətməyini tamamilə təsadüf hesab edib özünü o yerə qoymamışdı.

Ancaq ikinci dəfə arvadı o qorxulu kəlməni ağzından qaçıranda Salmanın içəridə ürəyi titrədi və o, dumanlı, ehtiyatla, sınayıcı nəzərlərlə Nadirəni süzdü və bilmək istədi ki, o bunu nə mənada deyir:

Lakin Nadirə ona baxmırdı, İlhamın kitabçasını vərəqləyirdi — bu, Salmanı toxtatdı, çünki onun xasiyyətini bilirdi — əgər Nadirə «Nəsiminin sənətkarlığı» barədə bir şey bilsəydi, həqiqətən şübhələnmiş olsaydı, heç nədən çəkinmədən, düz gözlərinin içinə söylərdi həqiqəti. «Yox, bilmir!» — deyə Salman özünü təskin edirdi. — «Bilmir! Mən o vaxt nə ağıllı iş görmüşəm, xudaya, sirrimi ona deməmişəm. Afərin sənə, Salman! Bu sənin ən böyük sirrindir — sənin həyatın da, diriliyin də, şöhrətin də bu sirrə bağlıdı, Salman. Bunu bir sən bilirsən, bir də Allah!»— deyə az qala «şübhə» sözündən alt-üst olmuş qəlbini sakitləşdirməyə çalışdı.

Amma yadına düşmüşdü, yadına düşmüşdü ki, iyirmi beş-iyirmi altı il əvvəl, hər gecə özünü Buzovnadakı bağına verib latın əlifbası ilə səliqə ilə yazılmış o sahibsiz əlyazmasını necə hərisliklə, qapı-pəncərəni bağlayaraq ağ vərəqlərə köçürürdü — bu iş təxminən bir ay onun vaxtını aldı, nəhayət, küləkli bir payız axşamı, dənizdən əsən küləyin uğultusunu və dalğaların şaqqıltısını eşidə-eşidə o əl yazmasının kəsilmiş vərəqləri meynə çubuqlarından dilim-dilim alova çevrilib bir neçə an sonra qara külə döndü və külək onları qabağına qatıb harasa, sahibi kimi kola-kosa, daşa-qayaya çırpa-çırpa naməlum səmtə apardı — bu, çoxdan, lap çoxdan olmuşdu, ancaq hər dəfə Salman üstündə öz adı yazılmış o kitabı görəndə, əlinə götürəndə, ya onun haqqında bir söz eşidəndə qeyri-ixtiyari gözlərinin önündə bir tonqal yanırdı və o tonqalın alov dilləri göyə yüksəlirdi, istisi üzünü qarsırdı — üstündən uzun illər keçməsinə baxmayaraq hər dəfə bədəni sehirli —əsrarlı bir odun hərarətindən isinirdisə də ürəyi üşüyürdü.

Nadirə aradakı sükutu pozmasaydı, xəyal Salmanı hələ çox uzaqlara, o əlyazmasının əsil müəllifinin — Mirzə Yanarın yanına, onunla görüşdüyü, həmdəm olduğu günlərə aparacaqdı və onun əzabı bir az da artıq olacaqdı. — Nadirə nəhayət, kitabçanı yerə qoyub özünəməxsus bir təbəssümlə söylədi:

– Bəli, əzizim, o kitaba baxanda sevinirəm, fəxr edirəm, düzü. Amma bəzən elə yazılar yazırsan ki, nə sənin adına, - nə mövqeyinə, nə də şöhrətinə yaraşır, Salman. Bax, mən onda məyus oluram, yaman məyus oluram, Salman...

Salman Mirzə Yanarla bağlı «Xatirələr kitabının» açılmasının qarşısını aldığı, o uzaq illərdən yana-yana gəlib üz-gözünü isindirən o ocağın alovlarını söndürdüyü üçün arvadının bu sözlərindən incisə də, qəlbində bir növ xoşhal oldu, lakin arxasını yerə qoymadı.

– Nə isə, arvad, mən sənin nə elə sevinməyinə, nə belə məyus olmağına o qədər də inanmıram,— dedi.

– İnanmırsan?

– Yox, Nadirə...

Çox soyuq və quru səslənən bu sözlərdən Nadirənin ürəyini qəribə bir kədər hissi çulğadı və neçə illər yastıq, ömür-gün yoldaşı olmuş bu adama təəssüflə baxaraq dərindən köksünü ötürərək söylədi:

– Eh, Salman, Salman. Sən heç vaxt məni başa düşmədin, heç vaxt. Bu məni yaman ağrıdır, Salman!!.

Salman da Nadirəni sancmaqdan özünü saxlaya bilmədi:

– Sən xeyirxah adam deyilsən, Nadirə!

– Xeyirxahlıqla liberallıq,— o, son sözü xüsusi vurğu ilə dedi,— ayrı-ayrı şeylərdir, Salman!..

– Gəl sən daşı tök ətəyindən, Nadirə. O məqaləni qatla qoy yeşiyə; həm atasından ayıbdır, həm də ilk addımını atan bir cavanı öldürmək yaxşı deyil. Niyə Gülürsən, düz demirəm?

– Yox, Salman! Mən onu çap etdirəcəyəm. İlhamın, mən elə bilirəm, acığı gəlməz. Bu cavan öz yazıları haqqında hər cür riyadan, yaltaqlıqdan uzaq söz eşitmək istəyir; acı da olsa, həqiqəti bilmək istəyir. Nə üçün ona düz söz deməyək? Bəlkə doğrudan da o, gələcəkdə yaxşı bir şair olacaq? Mən «bəlkə» deyirəm, çünki sənət sahəsində peyğəmbərlik eləməyi xoşlamıram. Ancaq yaxşı olar ki, sən bu məqalə ilə çıxış etməyəsən, çünki özünü biabır...

– Bəsdir! Sən məni bilmirəm nə hesab edirsən burda? Mən yazmışam, bilirəm də nə yazmışam. Sən öz məqaləni çap elətdir, mən də öz məqaləmi,— deyə səbri tükənmiş Salman səsini qaldırdı.

– Axı, bu yaxşı deyil, Salman!

– Lap yaxşıdır! Qoy hamı bilsin ki, biz bir damın altında ayrı-ayrı hədəflərə atəş açırıq!

– Nə olar, qoy belə olsun!— deyə Nadirə əlini dizinə söykəyib ayağa durdu. — Gecə keçir, yatmaq lazımdır.

...Yanaşı uzanmışdılar. Salman üzünü divara çevirmişdi, Nadirə isə qolunu başının altına qoyub fikrə getmişdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İkinci hissə, beşinci fəsil

Heyran çaşıb qalmışdı. Uzun illərin axtarışından, intizarından sonra doğma bacısının özünü də olmasa, yerini-yurdunu, ciyərparasını tapdığından nə qədər sevinmişdisə, toxtamışdısa da, əlidolu evə qayıtdıqdan sonra Cabbarın qara bulud kimi dolmasından, danışmaq istəməməsindən, uşaq kimi küsməsindən bir o qədər pərt olmuşdu. Qəribə idi ki, Cabbar açıq heç nə deməmişdi Heyrana. Eləcə, mənalı-mənalı arvadına baxmış, dərdli-dərdli köks ötürmüş, o, yaxın gəlib ərinin boynunu qucaqlamaq istəyəndə üzünü yana çevirmiş, «ölmək istəyirəm» demişdi. Arvadının gətirdiyi ərzaqı yeyəndə də elə bil ətini yemişdi! Bədəni, vücudu ac idi. O, bu aclığın qarşısına dura bilməmişdi, əgər buna iradəsi, gücü çatsaydı, Cabbar o yeməyə, o ətə, çörəyə dilini də vurmazdı. Heyranın gətirdiyi pul iki həftəyə çatmışdı — arvad o pulu qırdı-qısdı ilə xərcləmişdi, özü az yeyib ərini yedirtmişdi. Zorla da olsa yedirtmişdi. Ancaq bu iki həftə ərzində Cabbarın qırışığı açılmamışdı, Heyrana bir kəlmə də xoş söz deməmişdi, hətta ağrılarından belə şikayət eləməmişdi, ciyəri susuzluqdan yansa belə özü ondan su istəməmişdi, çörək istəməmişdi, Heyran gətirib verəndə isə onu da çox ləng qəbul eləmişdi. Neçə dəfə arvadı onun bu qəribə, anlaşılmaz hərəkətinin mənasını soruşmuşdusa da, o, gözünü Heyranın sifətindən çəkmədən, diqqətlə baxa-baxa susmuş, sonra köks ötürüb üzünü yana çevirmişdi.Cabbar özünə sığışdırıb ürəyinə axıb dolmuş şübhəsini dilinə gətirməsə də, içəridə yanıb-qovrulmuş, bəxtinə, taleyinə min lənət oxumuş, tanrının elədiyi haqsızlıq müqabilində öz gücsüzlüyünü, zəifliyini dərk edib yorğanının altında isti göz yaşları tökmüşdü. Cabbar şəhəri, şəhər camaatını yaxşı tanıyırdı: bilirdi ki, kimsə başqasına havayıdan, boş yerə bir tikə çörək, bir qran pul verməz. Onun arvadı isə, harasa gedib-gələndən sonra, filan qədər pul gətirmişdi. Kim bilir, bəlkə, o, yalan deyir, heç bacısını evini də tapmayıb. Lap tapsa da, bacısının nökəri, tanımadığı, bilmədiyi adama birdən-birə o qədər pulu verərdimi? Yox, verməz. Boş-boşuna verməz. Cabbarın ürəyinə gəlirdi ki, burda nə isə başqa bir məsələ var. Doğrudur, o, arvadından indiyə qədər əsla şübhələnməmişdi. Çünki Heyran ağırtəbiətli, başı aşağı, yad kişilərə gözünün ucuyla da baxmayan bir qadın idi. Birgə yaşadıqları bu uzun illər ərzində o, Heyranda zərrəcə şübhə doğuran bir hərəkət görməmişdi; məhz buna görə də yorğan-döşəyə düşdüyü bu beş ildə də Cabbar arxayın-arxayın, ancaq öz dərdini — çarəsiz dərdini çəkmişdi. Ancaq birdən-birə onun harasa gedib gec qayıtması, gələndə də əlidolu gəlməsi, hələ üstəlik nağılabənzər bir əhvalat da uydurub danışması Cabbarın ağrılı canına daha dözülməz, daha əzablı bir ağrı əlavə eləmiş, dərdini yaddan çıxartmışdı. Kaş o, ölmüş olaydı, Heyranın bu hərəkətini görməyəydi. Ona elə gəlirdi ki, ehtiyac qılıncdan itidir, ehtiyac ən iradəli, ən qorxmaz adamları da dəyişdirə, sındıra bilər, yolundan, əqidəsindən döndərə bilər. Heyran, hər necə olsa, qadındı, zəif məxluqdu, özü də gözəgəlimlidi. Qəsdinə duran olsa, yoldan çıxara bilər, aldada bilər. Bax, bu şübhələr Cabbarın xəstə, taqətsiz ürəyini, vücudunu gəmirir, ona cəhənnəm əzabı verirdi. Heyranın sözlərini, özünü yoxlamaq Cabbarın imkanı xaricində idi, hər şeydən çox onu sıxan da bu idi. Tale onu yıxıb, özü də həmişəlik yıxıb, bir də duracağına inamı yoxdu. Hiss edirdi ki, bu şübhə ölümünü daha da yaxınlaşdıracaq. Ancaq o, bu dərdlə ölmək istəmirdi. Bu, ona ikiqat zülm olardı.

19 dəq
İkinci hissə, altıncı fəsil

Elə həmin gün, səhər tezdən evdən çıxarkən Heyran qar yağdığını görüb üşümüş, kədərlənmişdisə, şəhərin bu başında, yataq otağının həyətə açılan pəncərəsindən qarladığını görən Məhəmməd Şəfi çox sevinmişdi. Şair qarı çox sevirdi — soyuğunu, şaxtasını yox, sadəcə sakit-sakit, lopa-lopa yağmasından olmazın ləzzət alırdı həmişə. Xüsusilə Kabilin küləksiz qış günləri gözəl olurdu, havada elə bil saysız-hesabsız ağ kəpənəklər uçurdu, bir-birini qovur, birləşir, fırlana-fırlana, ləngər vura-vura yerə, ağacların, adamların, damların, hasarların üstünə düşürdülər. Şəfi üçün qar havada uçarkən gözəldi — yerə düşdümü, olurdu adicə qar. Belə havalarda o, yaxşı işləyirdi: elə bil, ilham çeşməsinin gözü açılırdı, beynində, ürəyində qar dənələri kimi bir-birini təqib edən, dünyaya gəlməyə çan atan fikirlər ağ vərəqlər üstünə tökülür, yenicə doğulmuş körpəsinə baxıb sevinən ana kimi şair də onlara baxıb sevinirdi. Belə günlərdə, lap vacib işi olsaydı, o, evdən çıxmazdı!. Otağına çəkilib yazardı. Məleykə xanım uzun illərin təcrübəsindən bilirdi ki, Şəfi bu cür havada heç yerə getmir. Odur ki, onun çayını, çörəyini verir, özü isə çəkilib gedir, ev işləri ilə məşğul olurdu. Nahar vaxtı çatanda isə, Məleykə içəri girib onu stulundan qoparır, yemək otağında açdığı süfrə başında uşaqlarla birlikdə oturub xörəklərini yeyir, ordan-burdan danışır, deyib-gülürdülər. Şəfi özü üçün xüsusi rejim yaratmışdı; bu barədə Məleykəyə heç nə deməmişdi, çünki Məleykə təşvişə düşə bilər, nigarançılıq çəkərdi. Həbsxanaya düşəndən sonra Şəfi başa düşmüşdü ki, bir çoxlarınınkı kimi, onun da ömrü təkcə taleyindən asılı deyil; taleyindən başqa — əgər varsa — bir də «yuxarıda» əyləşən ağaların hökmündən asılıdır onun ömrü. Bilmək olmaz harda, haçan şairin ömür kəndirini kəsmək əmri veriləcək. Ona görə, qalan vaxtı-ömrü ağılnan, düşünə-düşünə yaşamaq gərəkdi. Şəfi indi, qalan pullarını ağıllı işlərə sərf etmək, mənfəət gətirə bilən şeylərə xərcləmək qərarına gəlmiş bir tacirə oxşayırdı. Hərdən özünə, bu fikirlərinə gülürdü. Neyləmək olardı, həyat belə qurulmuşdu. Şair qəlbində, beynində gəzdirdiyi, vaxtın azlığı, çatışmazlığı üzündən ildən-ilə adlatdığı əsərlərini kağız üzərinə köçürməklə yanaşı, başqa bir səhvini də düzəldirdi: o, bu çağa qədər evə, ailəyə, uşaqlarına az fikir vermişdi, lazım olduğundan az diqqət yetirmişdi. Evin dərd-səri Məleykənin boynunda idi, o, bu işləri böyük həvəslə görürdü, ancaq Şəfi başa düşürdü ki, hardasa o da əl yetirməlidi, kömək olmalıdı Məleykəyə. Uşaqlar da ata qayğısını tam mənası ilə hiss eləməmişdilər, onların tasəvvüründə ata həmişə yazı masası arxasında oturan, gündüzlər harasa gedən, kitab yazan, kimlərlə isə oturub saatlarla nəsə danışan bir adam kimi qalmışdı indiyəcən. Şəfi bilirdi ki, bu, düz deyil; onların da atalıq haqqını qaytarmalıdı Şəfi. Buna görə son vaxtlar Şəfi həftədə iki dəfə arvadını, uşaqlarını yanına salıb «Sinema-Kabul»a aparırdı, Bəbrəkin dərslərinə baxır,qızları Jaləni, Rəbiəni əyləndirir, onlara nağıl danışır, şer oxuyur, şer öyrədirdi. Qış aylarında onları qalın geyindirib bayıra çıxarır, qartopu oynayır, balaları üçün qar adamı düzəldirdi. Belə oyunlardan uşaqlar da ləzzət alırdı, o da. Elə bil təzədən özü də dönüb uşaq olurdu Şəfi. «Qoy məni tam varlıqları ilə hiss etsinlər balalarım, sevsinlər məni, sevə bilsinlər. Bir də gördün gözlənilmədən «getdim». Balalarımın yadında nə qalacaq? Heç nə? «Bu fikir Şəfini evə, ailəyə daha möhkəm bağlayırdı. Həmin qərara gəldiyi ilk günlərin birində Şəfi uşaqların otağına keçib onlara qoşularaq top-top oynayanda heç birisi gözünə inanmamış, təəccüblənmişdilər. Jalə heyrətlə Rəbiəyə baxıb:

10 dəq
İkinci hissə, yeddinci fəsil

Heyran Darüləmanın mərkəzində, Kabil muzeyinin qabağında servisdən düşdü, əlindəki zənbili yelləyə-yelləyə, iti addımlarla evə tələsdi. Yüngülvarı bazarlıq eləmişdi, acından başının hərləndiyini, gözlərinin tor gətirdiyini görüb küçədə isti çuğundur satan oğlandan bir qıça qırmızı çuğundur alıb elə ayaq üstə yemiş, açlığını dəf eləmişdi. Uçmağa qanadı yox idi. Əynindəki paltar onun haçandan sevinməyən ürəyini hədsiz bir fərəhlə doldurmuşdu. Əbdül onun gözündə yox yerdən peyda olmuş bir xilaskara dönmüşdü. Necə də xeyirxah adamlar varmış bu dünyada?! Desəydilər, Heyran bəlkə də buna inanmazdı — nağıl, əfsanə hesab eləyərdi. «Ərini də götür, gəl. Burda yaşarsız. Yeməyinizi-yerinizi verərəm». — Bu sözləri o özü Əbdülün dilindən eşitmişdi. Necə inanmaya bilərdi?! «Görünür, zatən yaxşı adamdı. Həm də, deyəsən, Dünya bacım da ona yaxşı baxıb. Yoxsa... Mən onun nəyiyəm ki?» Heyran bütün yol boyu ürəyində beləcə danışmışdı, ancaq söz-söhbəti qurtarmamışdı. Fikri paltardan, Əbdüldən, cibindəki pullardan qopub Cabbarın üstündə qərar tutmuşdu: «İndi məni bu paltarda görəndə heç tanımayacaq Cabbar. Həmişə arzusu idi məni yaxşı geyindirib-keçindirsin. Axır görəcək məni gözəl paltarda, sevinəcək yazıq. Özü üçün də yaxşı olacaq — isti otağımız olacaq, yeməyimiz bol olacaq. Biçarə haçandı doyunca xörək yemir, yoxdur. Bəlkə əmələ gələr, Allah kərimdi. Yoxsa lap üzülüb, canı-cəsədi qalmayıb».Heyran Darüləmanın kənarındakı yastı-yapalaq evlərin arası ilə iti addımlarla yeriyirdi. Bura artıq öz məhəllələri idi. Qabağına tanış qadınlar, uşaqlar çıxırdı, ancaq salam verməmiş keçib gedirdilər. Deyəsən, təzə paltarda Heyranı tanımırdılar. Bunu o, evə lap az qalmış, qonşu arvadla üz-üzə gələndə müəyyən etdi. Kürəyində dəri su tuluğu olan, ağzı yaşmaqlı qadın qarşısına çatanda Heyran addımlarını yavaşıtdı, nəfəsini dərib:

6 dəq
İkinci hissə, səkkizinci fəsil

Zərrintac xanım boş və mənasız bir həyat keçirirdi. Günləri ağır-ağır, yeknəsəq və sevincsiz ötüşdükcə qəlbinə vahimə çökür. Doğrudanmı həyatının beləcə sıxıntı, təklik məngənəsində sovuşub gedəcəyini ağlına gətirdikcə məyuslaşırdı; hər şeyə biganə olmuşdu. Bir vaxt Elməddinin gördüyü işləri özü yerinə yetirirdi — xeyli müddət bu, onun başını qarışdırır, günlərin hardan gəlib hara getdiyindən xəbəri olmurdu. Ancaq az sonra bu da onu yorub usandırdı. Kinolar da, şirkətin sexlərini gəzmək də. hər şey, hər şey ona artıq bir yük-kimi görünməyə başladıqda o, «belə olmaz, bir çarə tapmaq gərəkdir!» — deyə qərara aldı. Lakin nə etməli? Günlərlə, həftələrlə götür-qoy elədi, ölçdü-biçdi, ancaq axırını bir yana çıxara bilmədi. Gah istədi bu ev-eşiyi satıb atasının xanimanına qayıtsın, Əbdülün yanına! Uşağı özü saxlayardı, Əbdülə isə Elməddinin vəzifəsini həvalə eləyərdi. Yox, bu mümkün deyildi. Əvvələn, ona görə ki, onun uşaq saxlamağa hövsələsi yox idi, ağlayanda, qışqıranda, sözünə baxmayanda vurub şikəst elərdi yazıq uşağı. O isə özgə deyildi, atasının yadigarı idi. İkincisi ona görə ki, Əbdülün qətiyyən savadı, yazı-pozusu yox idi, təbii ki, o, Elməddinin vəzifəsinin öhdəsindən gələ bilməzdi, yox, bu variant qətiyyən Zərrintac xanımı təmin eləmirdi. Məhz buna görə də iki-üç gün bu barədə düşünəndən sonra bir daha onun üstünə qayıtmamağı qərara aldı.Siracəddinin təklifini eşidəndə Zərrintac xanımın ayağı lap yerə yapışmışdı. O, yalnız bundan sonra bu kidi dünyanın son dərəcə mürəkkəb, baş çıxarmaq mümkün olmayan qəribə bir aləm olduğunu dərk edib həyata, insanlara çirkin, alçaq, murdar bir varlıq kimi baxmağa başladı. O dəhşətli, ağılsız gecədən — Siracəddin onun yanında olduğu gecədən iki ay sonra kişi qəribə bir həyasızlıqla, əslində isə heç bir şey olmamış kimi, Zərrintac xanıma təklif etmişdi ki, əgər razılıq versə, onu kiçik qardaşının böyük oğluna alardı. Tərifləyirdi qardaşı oğlunu: «Gözəldi, ağıllıdı, əsl sənin adamındı. Tək qalmaq sənə qətiyyən əl verməz, xanım, — deyirdi, — gözəlsən, həm də subaysan. Bu şəhərin yaman adamlarının dilinə-ağzına düşmək dəhşətdi. Sonra dünya dağıla o pis, ləkəli adı üstündən götürə bilməzsən, xanım. Həm sənə qulaq yoldaşı olar Sultan xan, həm də sənin işlərini görər. Bu iş ki, indi sən görürsən, qadın işi deyil, bala. Sən gəl razılıq ver, bu xeyir işi qurtaraq!» — deyirdi Siracəddin. O danışdıqca Zərrintac xanım dinləyir, utandığından kişinin üzünə baxa bilmir, ürəyində düşünürdü ki, bu necə alçaq kişidi, necə şəxsiyyətsiz-heysiyyətsiz insandı. İçərisində ona qarşı sonsuz bir qəzəb, kin qaynadı, bu söhbət küçədə olmasaydı, Zərrintac xanım bəlkə də onun üzünə tüpürərdi, bəlkə də qadın olduğuna baxmayaraq, Siracəddini

13 dəq

Başqa şairlərin şeirləri