Əbdülün verdiyi yüzlük köz parçasına dönüb Heyranın əlini yandırırdı. Əvvəlləri yadına gəlmirdi, ancaq Cabbarla yaşadığı bu on beş-on altı ildə Heyran heç vaxt əlində yüzlük tutmamışdı, gördüyü pullar qəpik-quruş olmuşdu, ən çox dəmir pullar. Barmaqla sayıla biləcək qədər də onluq və iyirmilik görmüşdü. Cabbarın axşamlar şəhərdən — bazardan evə dönərkən gətirdiyi pullar arasında göy rəngli iyirmilik görəndə Heyran özünü xoşbəxt sayırdı, dövlətli hesab eləyirdi. Ancaq indi, birdən-birə yüzlüyü vardı və onu tanımadığı, birinci dəfə gördüyü bir şəxs vermişdi. Bacısının nökəri, indi Dünyanın uşağının dayəsi olan Əbdül. Pulu ovcunun içində bərk-bərk sıxmışdı, əlinin tərlədiyini də hiss eləmirdi. İti, tələsik addımlarla bazara tərəf gedə-gedə Allaha yalvarırdı ki, qan-qada bacısının başından uzaq olsun, qayıdıb balasının yanına gəlsin; o gəlsə, uşaq yetimçilik görməz, o gəlsə, Dünya Heyran xanıma da—xəstə əri ilə dörd divar arasında tək-tənha, köməksiz, ehtiyac içində çırpına-çırpına boğulan bacısına da əl tutar yəqin, bu qədər var-dövlətdən onlara da hərdən bir görüm-baxım eləyər. Ürəyində bacısından ötəri allah dərgahına əl qaldırıb dua-səna elədikdən sonra o, Əbdülü zahirən sakit, adicə bir nökər təsiri bağışlayan, əslində isə o cah-cəlallı ev-eşiyin sahibi olan, bacısının yeganə yadigarına öz doğma balası kimi baxan, ömrünün axırınacan da baxacağına and içən, nəhayət, yumşaq qəlbli, dar gündə başqasına əl tutmağı bacaran Əbdülü xatırlayır, ona uzun ömür arzulayırdı. Əbdül sadə idi, qayğıkeş idi, qonaqpərvər idi. O, necə də Heyranın danışığından vəziyyətlərinin ağır olduğunu başa düşmüşdü, minnətsiz-filansız ona yüz rupi gətirib vermişdi. Bunu indiki zamanada kim eləyərdi? Qonşunun evində axşamacan işləyəndə ona beş-on rupi pul verirdilər, onu da necə? Gecə yatanda da əlləri, ayaqları zoqquldayırdı, sümükləri sızıldayırdı? Ancaq Əbdül... yəqin bacısı Dünya evdə olsaydı, görüşübqucaqlaşıb ağlaşandan, sakitləşəndən, onun gününü-güzəranını öyrənəndən sonra lap çox pul verərdi. Yox, onun pulu da lazım deyil, təki özü sağ-salamat olsun, qayıdıb balasının üstünə, isti xanimanına qayıdıb gəlsin — ona, Heyran xanıma heç nə lazım deyildi.

Heyran bu qatmaqarışıq düşüncələr əlində çırpına-çırpına özünü Çaharrahi meydanındakı bazara yetirmiş, ət, pendir, yağ, meyvə, göy-göyərti almış, Daruləmana gedən avtobusa minərək evə gəlmişdi. Bir əlində tor zənbil, o birində pulun qalanını—altmış beş rupini tutmuşdu. Ürəyi sevinc-qarışıq bir həyacanla döyünürdü. Dayanacaqdan evə gələnəcən düşünmüşdü ki, gedən kimi isti xörək bişirəcək, son vaxtlar lap zəifləyib əldən düşmüş Cabbarı doyunca yedirdəcək, alma verəcək. Cabbar yeyəcək, gözlərinə işıq gələcək, Heyrana «çox sağ ol» deyəcək. Ondan sonra necə gedib bacısının evini tapdığını, bacısı balasını gördüyünü danışacaq və Cabbar da sevinəcək.

Bu, alçaq, dairəvi pəncərəli, palçıqdan hörülmüş bir daxma idi. Kiçik həyəti vardı. Onunla bir cərgədə tikilmiş evlərdən işıq gəlirdi, səs-küy eşidilirdi. Arvad-uşaq ucadan danışır, həyat qaynayırdı. Təkcə Heyrangilin evi sükut içində səssiz-səmirsiz mürgü vururdu. Bu, hər dəfə şər qarışan vaxtı qayıdanda olduğu kimi, indi də Heyranın qəlbini didib-parçaladı, qüssəli-qüssəli ah çəkdi. Qıfılsızcəftəsiz taxta qapını ayağı ilə itələyib açdı. Zülmət qaranlığına qərq olmuş otağın güncündən, quyu dibindən gəlirmiş kimi, zəif səs eşidildi:

– Heyran, sənsən?..

– Hə, mənəm, Cabbar! — dedi Heyran və bu səsi eşitdiyinə çox sevindi. Son vaxtlar belə bir qorxu heç vaxt onu tərk etmirdi ki, günlərin birində, qapını açıb içəri girəndə o zəif, taqətsiz səsi eşitməyəcək və elə o anda dəli olacaq. Ona görə hər dəfə evə girərkən ərinin səsini eşidəndə sevinirdi, rahat olurdu, üstündən elə bil, dağ götürülürdü. İndi də belə oldu. «Şükür, sağdı», — deyə düşünüb əlindəki zənbili yerə qoyaraq:

– Necəsən, əzizim? — söylədi.

– Nə gec gəldin, Heyran? Həmişə iki-üç kərə gəlib baş çəkərdin mənə, bu gün gəlmədin...

– Hə, bu gün gələ bilmədim, Cabbar. Uzağa getmişdim...

– Uzağa getmişdin?..

– Hə, — dedi Heyran və pəncərə taxçasındakı çırağı yandırdı. Otağın içi işıqlandı və qadın güncdəki taxta yaxınlaşıb əlini ərinin alnına qoydu və bayaq verdiyi sualı bir də təkrar elədi:

– Necəsən, əzizim? Gəl sənin yerini təzələyim. — O, qolunu Cabbarın nazik boynuna saldı, əriyib yumağa dönmüş vücudunu ehmalca qaldırdı, o biri təmiz taxtın üstünə qoydu. Üfunət iyi verən mələfəni açıq qapıdan çölə atdı. Təzədən qayıdıb Cabbarın başı üstə qayıtdı. Bu taxt çırağa yaxın idi deyə xəstənin düz üzünə işıq düşürdü. Cabbarın uzun, çatma qaşlarının altından çuxura düşmüş bir cüt qara göz baxırdı. Sivri burnunun ucu saralmışdı. Üzünü tük basmışdı. Saçlarında, saqqalında bircə dənə də ağ tük gözə dəymirdi. Həmişə arvadı gələn kimi zarıyan, ya su, ya yemək istəyən, ya da sorğu-sual eləyən Cabbar bu gün nədənsə danışmırdı, eləcə gözlərini Heyranın üzünə zilləyib sükut içində tamaşa edirdi. Elə bil sifətindən nə isə oxumağa çalışırdı.

– Sənə, nə olub, canın ağrıyır?

Cabbar qaşlarını yuxarı dartmaqla «yox!» —dedi.

– Acsan, hə?

Yenə eyni tərzdə «yox» söylədi.

– Gör sənə nələr almışam, kişi! Ət, yağ, alma... İndi bir yaxşı xörək bişirərəm, doyunca yeyərsən.

Heyran zənbilə tərəf gedəndə Cabbar başını yana əydi, həsirin üstəki şeylərə baxdı. Gözləri çuxurda dəbərişdi, qəribə bir parıltı yanıb-söndü o gözlərdə. Sinəsinin üstə çəkdiyi üzsüz yorğan körük kimi qalxıb-endi. Heyran bazardan çox şey almışdı. Onları bir-bir zənbildən çıxarıb həsirin üstünə düzdükcə Cabbar lal-dinməz bazar məzənnəsi ilə qiy-mətlərini hesablayırdı. Heyran eyni zamanda danışırdı bugünkü macərasını:

– Kişi, bacım Dünyanın — Səxavətin evini tapmışam...— o danışırdı, lakin qəribə idi ki, Cabbarın qulaqları guruldayırdı, heç nə eşitmirdi. Heyranın tərpənən dodaqlarını görürdü, ancaq sözlərini ayırd eləyə bilmirdi. Eləcə tutqun, keyləşmiş, küt baxışlarla Heyrana diqqət yetirir, heç nə demirdi.

– Kişi elə yaxşı adamdı ki, Cabbar. Dünyanın nökəri olub, qapısında işləyib. İndi Dünya xanım gedib, Ağayi Nəcməddin də ölüb, amma o, elə nökərliyində qalıb. Uşağa da, deyir, nə qədər sağam özüm baxacağam. Göz bəbəyim kimi saxlayacağam onu — deyir. Mən vəziyyətimizi ağızucu demişdim, elə-belə, söhbətarası. Bu pulları o verdi. Dedi xərcləyərsiz. Otuz beş rupisini xərclədim, qalanı da budur, iki-üç həftəmizə çatar. Allah ömrünü uzun eləsin o kişinin.

Heyran əti doğramışdı, ocağı yandırmışdı. Xörəyi asmışdı. Bu gün gördüklərinin hamısını, bircə nöqtəsini belə buraxmadan ərinə danışmışdı. Birdən ayıldı ki, Cabbar heç dinib-danışmır. Nə isə həmişəki Cabbar deyil elə bil. Heyran qorxu içində ona yaxın gəlib böyründə əyləşdi.

– Sənə nə olub, canım-ciyərim? Bu gün, deyəsən, özünü yaxşı hiss eləmirsən, hə?

Cabbarın gözləri Heyranın şadlıq, fərəh yağan üzündən yayındı, taxta səqfə dirəndi. Eyni nöqtəyə xeyli baxandan sonra sinədolusu ah çəkib:

– Ölmək istəyirəm, Heyran! — dedi.

– Allah eləməsin, bu nə sözdü danışırsan, Cabbar?..

– Ölmək istəyirəm, Allah!? — deyə təkrar etdi və bu dəfə Heyrana yox, Allaha üz tutdu sanki. Heyran qorxu, həyəcan içində Cabbarın solğun üzünə, nəmlənmiş gözlərinə baxdı. Sonra başını «yox» mənasında tərpədə-tərpədə düşündü ki, yazıq daha canından bezib. Adam da beş il, hə, düz beş il arxası üstə, qolsuz-qıçsız qala bilərmi? Biçarənin kürəyinin, yancaqlarının dərisi də gedib, qırmızı əti görünür. Bütün bu illər ərzində onun ancaq gözləri diri olub, bir də dili. Bədəni ölü olub bu beş ildə. Və Heyran da incimədən, qaşqabaq tökmədən, canla-başla onun qulluğunda dayanıb həmişə. Bir dəfə də olsa könlünə dəyməyib, bir sözünü iki eləməyib, ona vicdanla qulluq göstərib. Evin də işini görüb, onun-bunun da. Bir tikə çörək qazanıb gətirib, çox vaxt özü ac qalıb, «mən filankəsgildə indicə yemişəm, bunu sənin üçün gətirmişəm» — deyərək şamsız yatıb. Bunları Cabbar bilməsə də, hiss eləyib, duyub. Ona görə Cabbarın qəlbi həmişə Heyrana qarşı dərin minnətdarlıq hissilə dolu olub. Ölməyibsə, yaşayırsa — bu, ancaq və ancaq Heyranın fədakarlığının, sədaqətinin nəticəsidi. Bunu Cabbar hər gün azı beş-on dəfə ürəyindən keçirib və elə anlar olub ki, Cabbar onun bu dəyanətini qiymətləndirmək üçün:

– Səni bezdirdim lap! — deyib. O zaman Heyran əlini onun qansız dodaqlarının üstünə qoyaraq:

– Sus, sən allah. Bir də elə desən, inciyərəm səndən!— söyləyib.

Və onda Cabbarın qara gözlərində yaş gilələnib. Ancaq bu beş ildə o, bircə dəfə də indiki kimi ölmək istədiyini dilinə gətirməyib...

Bütün bunlar Heyranın beynində dolandı və ona çox yazığı gəldi. Qəlbi təmiz, vicdanı xəstə ərinin qabağında pak olan qadın ürəyinə heç nə gətirmədən:

– Ölmək nədi, ay dəli. Hələ sən sağalacaqsan, ayağa duracaqsan, işləyəcəksən! — söylədi və əyilib onun qanı qaçmış dodaqlarından öpmək istədi. Cabbar dodaqlarını yana qaçırtdı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İkinci hissə, on beşinci fəsil

Xəzangülün kolyaskası evdəydi, divanın yanındaydı — qarşı divara sarıydı və o, həmişəki kimi hərəkətsiz televizora baxırdı. Əsəd onu bir az əvvəl gətirmişdi dəniz qırağından. Sahildə də hava isti idi, həyətdə lap bürküydü. Otaqda isə heç nəfəs almaq olmurdu. Sahilə küçəyə baxan pəncərələrin hər ikisini açmışdısa da, içərinin nəfəsi azalmamışdı.Xəzangül fikirli-fikirlr kinoya tamaşa eləyirdi. Sahilə anasının yanında olmasa da, yan otaqda paltarını dəyişməklə məşğul olsa da, bilirdi ki, o, ekrana elə-belə baxır, fikri Əsədin yanındadı. Arzulayır ki, gecə tez gəlib gedəydi, səhər tez açılaydı və Əsəd yenə gəlib onu dəniz qırağına aparaydı. Kim bilir, bəlkə də Xəzangül belə düşünmürdü, ancaq Sahiləyə elə gəlirdi ki, anası məhz bundan başqa heç bir arzu ilə yaşaya bilməz indi.

4 dəq
Birinci hissə, birinci fəsil

Ayrılıq var — sonu şirin vüsaldı.Ayrılıq var — sonu yoxmuş, ay aman.

34 dəq
Birinci hissə, üçüncü fəsil

Şəfi, həbsxanadan çıxandan sonra, xeyli müddət özünə gələ bilməsə də, dostlarının ürək-dirək verməsi, Məleykə xanımın fədakar qulluğu sayəsində, nəhayət, dirçəlmişdi, kökəlmişdi. Dişlərini düzəltdirmiş, zarafatla hərdən dediyi kimi, daha adam içinə çıxan olmuşdu. Onu tanıyanlar görürdülər ki, Şəfi zahirən əvvəlki Şəfi idi: ancaq tək o özü bilirdi ki, batində, içərisində nə isə qırılmışdı, onu sındırmışdılar — təkcə dişlərini yox, mənliyini də, şəxsiyyətini də sındırmışdılar. Qəlbində yıxmağa, uçurtmağa, məhv etməyə çalışdığı bu mənfur dünyaya qarşı bəslədiyi nifrət, qəzəb daha da çoxalırdı — yaşamaq, mübarizə aparmaq üçün bu nifrət bütün ömrü boyu bəsi idi. İndi, o, başa düşürdü ki, dünyada təkcə məhəbbətlə yaşamaq mümkün deyil — yaşamaq və qalib gəlmək üçün nifrət etməyi də bacarmaq gərəkdir. Məhəbbət kimi, nifrət də insanı güclü və qüdrətli eləyə bilər. Qəzetini yenə nəşr edirdi. Cəmiyyətdə, həyatda gördüyü qüsurları, yaramazlıqları qorxmadan, çəkinmədən qələmə alır, sözünü deyir, hezbin məramını oxucularına çatdırırdı. Doğrudur, o, indi bu işləri, qabaqlarda olan kimi, birbaşa, açıq-saçıq yazmırdı, düşünüb-daşınıb yeni formalar tapır, böyük mətləbləri az sözlə, kiçik işarələrlə bəyan eləyirdi. Bəbir, Ziyaülhəqq, Elməddin bu işdə onun ən yaxın köməkçiləri, məsləhətçiləri idi. Onlar bütün qüvvələrini qəzetin vaxtlı-vaxtında və sanballı çıxmasına sərf edir, gecə-gündüz işləyir, yoruldum demirdilər. Bəbir gizli iclaslarda, görüşlərində dönə-dönə tapşırırdı ki, son dərəcə ehtiyatlı olmaq lazımdır, nəyin bahasına olursa-olsun, ruznaməni yaşatmaq gərəkdir, çünki hələlik bizim yeganə silahımız odur. Onu itirmək, hər şeyi itirmək deməkdir, kütlələrlə əlaqəni kəsmək deməkdir. Bu isə bizim üçün ölümə bərabərdir.Buna görə də Şəfi bütün imkanlarını, bacarığını ancaq və ancaq qəzetin yaşamasına sərf edirdi və bundan xüsusi bir zövq alırdı. Yorğunluq, yuxusuzluq, işin çoxluğu onu əsla qorxuzmurdu. O, təkcə Elməddindən nigaran idi — çünki son vaxtlar Elməddin gözünə birtəhər görünürdü—fikirli, qayğılı, qanıqara. Evdə Məleykə ilə bu barədə dəfələrlə söhbət olmuşdu. Məleykə qadın həssaslığı ilə Elməddinin qanıqaralığını evlə, ailə ilə bağlamışdı.

6 dəq
Birinci hissə, dördüncü fəsil

Oğlu ilə barışandan sonra sanki qıvraqlaşıb cavanlaşmış Əziz xan «Pərçəm» qəzetinin darmadağın edildiyi, Rəhgüzərin, Elməddinin həbs olunduğu o ağır günlərdə, həftələrdə, aylarda Bəbirin necə sarsıldığını, canını qoymağa yer tapmadığını, gecəli-gündüzlü ora-bura qaçdığını, yeməyini-içməyini, hətta şirin yuxusunu belə özünə haram etdiyini görüb bir ata kimi çox nigaran olmuşdu. Əvvəllər guşənişin olub oturan, keçmiş illərin xatirələrini qələmə almaqla, günlərini keçirən və bazneşəstə olandan sonra həyatında yaranmış boşluğu bununla doldurmağa çalışan qoca general, son aylarda özü də hiss etmədən məmləkətin siyasi hadisələrinə maraq göstərməyə, şəhərdə çıxan və bir-biri ilə ideya mübarizəsi aparan qəzetləri mütaliə etməyə, asudə vaxtlarında Bəbirlə bnr çox siyasiitcimai məsələlər barəsində fikir mübadiləsi eləməyə başlamışdı. Bu söhbətlərdə məmləkətin ümumi iqtisadi-ictimai həyatının bir çox dumanlı, pərdəli məsələləri qoca generala aydın olmuş və mövcud quruluşu saxlayan möhkəm zəncirin hansı həlqələrinin sürtülüb incəldiyini, qırılmaq üzrə olduğunu anlamışdı. Qoca general bunu da başa düşmüşdü ki, onun gözünün ağı-qarası olan tək balası necə də həssas bir təbib məharəti ilə bu xəstə bədənin dərdini düzgün müəyyən edir, onun kəsilib atılması üçün heç nəyini əsirgəmirdi. Şəhərdə nəşr olunan qəzetləri hər gün böyük diqqətlə oxuyan Əziz xan görürdü ki, «Pərçəm» məsələlərə tam başqa nəzərlə—ayıq və kəskin bir mövqedən yanaşır və camaatı düşündürən nöqtələri işıqlandırmağa çalışır. Məhz buna görə idi ki, «Pərçəm»in tərəfdarları getdikcə artırdı və məhz buna görə idi ki, hökumət, baş nazirin göstərişi ilə, ilk növbədə «Pərçəm»i yaxalamış, onun baş mühərriri Məhəmməd Şəfi Rəhgüzəri və rəssamı Elməddini həbs etmiş, neçə ay davam edən sorğu-sualdan sonra, xalqın tüğyana gəlmiş qəzəbindən çəkinərək, nəhayət, azad eləmişdi. Əziz xan oğlu Bəbirin gücünü, nüfuzunu və onun başçılıq etdiyi təşkilatın qüdrətini ancaq bu zaman layiqincə anlayıb qiymətləndirmişdi. Şəfi və Elməddin həbs olunan günlərdə, Bəbir qolu-qanadı sınmış qartala dönmüşdü elə bil. Fikirli gəzib-dolanmış, üzü gülməmişdi. Rahatlıq nə olduğunu unutmuşdu. Çox vaxt gecələr də evə dönməmiş, vaxtını iclasda, gizli yığıncaqlarda keçirmiş, dara düşmüş yoldaşlarını xilas etmək üçün, azadlıqda qalan həmkarları ilə birlikdə əlindən gələni əsirgəməmişdi. Bu fədakarlıqlarını görəndə Əziz xan həm sevinmişdi, həm də nədənsə qəlbinin dərinliklərində bir gizli qorxu hiss eləmişdi. Ona görə sevinmişdi ki, Bəbirdə öz xasiyyətlərini, ürəyinin bir parçasını görmüşdü — dost, yoldaşcanlı idi Bəbir də onun kimi. Dostunu, yoldaşını darda qoymurdu, onların dadına çatmaq üçün canından belə keçməyə hazır idi. Əziz xanın fikrincə, bu, indiki zamanda böyük kişilik idi, mərdanəlik idi və həmin sifətə malik adamlar hər cür şərəfə, təhsinə layiq idi. Ona görə qorxurdu ki, yuxarıdan üzüaşağıkükrəyib gələn bu siyasi tufan Məhəmməd Şəfi Rəhgüzər kimi şöhrətli, adı-sanı dillərdə gəzən bir şairi qabağına qatıb həbsxana güncünə ata bilmişdisə, Bəbir kimi cavan və hələ sən deyən bərkiyib bişməmiş bir adamı da öz qoynuna alıb daşa-qayaya çırparaq məhv edə bilər: burada zirək olmaq, çeviklik lazımdır ki, ələ keçməyəsən və dostlarını xilas eləmək üçün çarpışa biləsən. Bu qorxu son vaxtlar Əziz xanın qəlbində lap güclənmiş, kişinin rahatlığını pozmuşdu. Oğlu ilə görüşəndə, dərdləşməyə imkan tapanda qoca general tez-tez bu sözləri təkrar etməyi unutmurdu:

8 dəq

Başqa şairlərin şeirləri