Birinci hissə, on dördüncü fəsil
Səhifə 1 / 3
Əbdül hasarın dibindəki qarajın qapısını açmışdı ki, maşına hava dəysin. Özü isə ortalıqda dayanıb göyərçinlərə dən səpirdi. Gün günorta yerində idi və istisi yandırıb-yaxırdı. Əbdül əyninə ağ köynək keymişdi, başıaçıq idi—günəşin hərarəti seyrək tüklü başını, kürəklərini xoş bir gizilti ilə qarsalayırdı. Boynu zəncirli, iri, hündür köpək, qabaq ayaqlarını irəli uzadaraq qırmızı dilini çıxarıb ləhləyirdi. Toyuq-cücə ağac, dam-divar dibində kölgələnirdi.
Darvaza döyüləndə Əbdül geri qanrıldı. Kim idisə, nabələd adam idi, zəngi basmaq əvəzinə dəmir qapını əlilə, bir az da ehtiyatla döyəcləyirdi. Əbdül dən qabını yerə qoyub irəli gəldi. «Kimsən, nəçisən» deyə soruşmadan kiçik qapını açanda çarşablı-yaşmaqlı bir qadının dayandığını görüb təəccübləndi. Yalnız gözləri işıldayırdı, sifəti, burnu örtülü olan qadın çəkinə-çəkinə Əbdülə nəzər saldıqda o, soruşdu:
– Kimi istəyirsən, a bacı? Qadın azca irəli yeriyib:
– Bəradər, bu ev ağayi Nəcməddinin evidir? — deyə xəbər aldı.
– Bəli, onun evidir. — Sonra marağını boğa bilmədi,— siz kimsiniz, həmşirəm?
– Mən... Bilirsiz, bəradərim, mən... Dünyanın bacısıyam... Bu sözləri eşidəndə Əbdülün başı gicəlləndi, gözləri qaraldı. Və o, heyrətdən böyümüş nəzərlərini qadının gözlərinə zilləyib diqqətlə baxdı — aman allah, bu gözlər necə də Dünyanın gözlərinə oxşayırdı? Əbdülə bir anlığa elə gəldi ki, Nəcməddin gözünün qabağında Dünyanı öldürməyib, o, öz olilə onu aparıb basdırmayıb, yox, basdırmayıb. Yəqin basdırdığı adam tamam başqa adam imiş, Dünya deyilmiş. Budur Dünya, indi gəlib. Ağa da deyirdi axı, o, harasa gedib.
Gedibmiş, görünür. İndi qayıdıb gəlib. Aman allah. Əbdülün bədəni od tutub yandı və o, çaşqın halda:
– Sən... sən Dünyanın bacısısan? — dedi və ondan ağıllı-başlı bir cavab almamış qadını içəri dəvət elədi: — Gəl həyətə, gəl görüm.
Qadın arxaya, yan-yörəsinə baxmadan, lal-dinməz, ayağını darvazadan içəri qoydu və girən kimi həyət-bacaya ötəri nəzər salıb sinədolusu ah çəkdi, — bu, Əbdülün diqqətindən yayınmadı. Əbdül qapını içəridən bağlayıb qadının yerişinə, boy-buxununa baxa-baxa onu eyvana çıxartdı. Balaca Nəcməddin iç otaqda, çarpayıda yatmışdı, ona görə səs-küyü gəlmirdi. Qadın eyvana, qapıya tamaşa eləyə-eləyə ortalıqda dayanmışdı. Əbdül handan-hana özünə gəlib:
– Əyləş,— dedi,— ayaq üstə niyə durmusan? — və ona divanı göstərdi. Qadın oturdu. Əbdül arxasını eyvanın sütununa söykəyib elə ayaq üstə, qənşərində dayandı. Araya ağır bir sükut çökdü, Əbdül gözlərini naməlum arvaddan çəkmirdi; o isə, kişidən çox həyət-bacaya, ev-eşiyə diqqət yetirir, nəyisə axtarırdı sanki. Birdən Əbdülün ürəyinə hardansa qorxulu bir şübhə axdı; bəlkə bu, onun bacısı deyil, oğrudu-əyridi? Azmı olur şəhərdə belə hallar? Ancaq qadının gözlərinin eynən Dünya xanımın gözlərinə oxşaması bu fikri beynindən dərhal qovub çıxartdı və o gözlərə bir də baxanda, nə zamansa — ah, o bəxtəvər günlər hanı, ilahi? — Dünya ona qırıq-qırıq, ordan-burdan — öz həyatını nəql edərkən bir bacısı olduğunu da söylədiyini xatırladı, ancaq o ad yadına düşmədi ki, düşmədi. Bax bu qadın adını desə, xatırlardı. Təkcə desə bəsdi. Onda Əbdül qadının həqiqətən Dünya xanımın bacısı olub-olmadığını, yalan danışıbdanışmadığını dərhal bilər və nigarançılıqdan çıxardı. Yeganə çıxış yolunu bunda görən Əbdül gözlərini qıyaraq xəbər aldı:
– Deyirsən sən Dünyanın bacısısan, hə?
– Hə, ağa.
– Sənin... sənin adın nədi, qız?
Qadın ona şax baxdı və tərəddüd etmədən:
– Mənim adım Heyrandı, ağa, — dedi... «Heyran» sözünü eşidərkən Əbdülün qulaqları guruldadı və əhvalı yenə dəyişdi. Hə, o da — Dünya xanım da «Heyran» demişdi bacısının adını. Hə, o da demişdi. Demək, bu qadın yalan demirdi, o, həqiqətən Dünyanın bacısı idi. — Hə, düzdü, o da mənə Heyran adlı bacısının olduğunu söyləmişdi. — Bəli, ağa, biz dost-doğma bacıyıq. Mən onun böyük bacısıyam, ağa. Əbdül nigarançılıqdan qurtardığı üçün rahat nəfəs aldı və onu — hələ də bürüncəkdə oturan bu qadını ev-eşiyə, özünə məhrəm sandı. Demək o, balaca Nəcməddinin xalası idi, özgə adam deyildi. Belə olan surətdə, daha çəkinmək, hürkmək nəyə lazım idi? Əbdül onu yad adam kimi qarşılamışdı, ancaq qohum kimi yola salmalı, hörmət eləməli olduğunu anlayıb ehtiramla:
– Rahat oturun, Heyran xanım! — dedi. — Bura özgə yer deyil.
– Sağ olun, ağa.
– Mən... gözlərinizdən sizi Dünya xanıma oxşatdım o saat. Ancaq ürək eləmədim, inanmaq istəmədim. Siz əyləşin, mən bu dəqiqə çaydan-filandan təşkil eləyim...
– Yox, yox, mənə heç nə lazım deyil, ağa. Zəhmət. çəkməyin, siz allah. Mən eləcə gəldim ki, görüm... bacımdan bir xəbər-ətər öyrənə bilərəmmi? Siz allah, mənə danışın görüm... bacım hanı, başına nə qəzavü-qədər gəlib?..
Əbdül sanki indi ayıldı—başa düşdü ki, Heyran xanım bura təsadüfən gəlib çıxmayıb, o, yəqin bilirmiş ki, Dünya xanım bu evdə yaşayıb. Hələ bəlkə başqa şeylər də bilir... Və indi Əbdül ona nə deməli idi, necə deməli idi? Həqiqəti deməli idi, ya ağayi Nəcməddinin uydurduğu o yalanı söyləməli idi? Hansını? Dünya xanım onun əzizi olmuşdu, onun gizli şirin, unudulmaz, indi yuxu kimi görünən, nadanlığı ucundan məhv etdiyi məhəbbəti olmuşdu, yer üzündə yeganə yadigarının — balaca Nəcməddinin anası idi. Bunları Heyran xanıma deməkmi, susmaqmı? Yox, yox, bu sirr qəbir evinə qədər onun qəlbində qalmalı, kimsəyə bir kəlmə də olsa deməməlidi. Qərarı belə idi, belə də qalmalı idi. Ancaq Əbdül lap əvvəldən qəbul etdiyi bu qərarın Heyran xanımın qabağında laxladığını, uçulub dağıla biləcəyini — axı o, bacı idi, yad adam deyildi — hiss edib vaxt qazanmaq xatirinə qonaq üçün çay gətirməyə getdi, qayıdıb oturandan sonra, qəmini-nisgilini gizləməyə çalışaraq:
– Hə, — dedi, — Dünya xanıma çox oxşayırsız, Heyran xanım. Elə bil, bir almasınız — yarı bölünübsüz..
– Ağa, sizi and verirəm o bir olan Allaha, mənə ondan danışın, — bacımdan danışın, ağa. Mənim ürəyim partlayır, ağa. Deyin görüm hanı mənim bacım? Ölüb ya sağdı?
– Mən onu on beş ildən çoxdu görməmişəm, az qala şəklişəməyili də yadımdan çıxıb, ağa. Təkcə gözləri yadımda qalıb bədbəxtin. Mən «hurilər dərəsi»ndən çıxıb bu şəhərə gələndə, o, səkkiz-doqquz yaşında bir qız idi. Evimizin sonbeşiyi idi. Qibləgahım da, anam da, mən də o bədbəxti çox istəyirdik. Şeytan qız idi — deyən-gülən, atılıb-düşən şıltaq bir qız idi. Elə də gözəl idi ki, anam baxıb hərdən deyərdi: «Bu gözəl bir qız olacaq böyüyəndə. Allah eləsin bəxti də gözəl olsun!» Anadan olanda adını Səxavət qoymuşdular. Ancaq atam, onu çox istədiyindən «Dünya» deyə çağırırdı. Sonralar elə biz də Dünya deyirdik ona. Eləcə «Səxavət» adı unudulmuşdu, özü də biz də «Dünya» adına öyrənmişdik.
– Demək, onun əsl adı Səxavət imiş?
– Bəli, ağam. Səxavət idi. Mən qəryəmizə gedib öyrənəndən sonra ki, onu kimsə alıb şəhərə gətirib, neçə ildi burada axtarıram. Hər iki adla axtarmışam, ağa. Nəhayət, lap bu yaxınlarda onun ağayi Nəcməddin adlı bir kişinin evində yaşadığını öyrənmişəm...
– Hardan öyrəndiniz, Heyran xanım?
– Bilirsiz, ağa... Mən bu şəhərə düşəndən sonra dünyanın çox əcaibliklərini, qəribəliklərini, dəhşətlərini görüb eşitmişəm və başa düşmüşəm ki, insanlar vəhşiləşməyə doğru gedirlər; həyatda yaxşı adamlar olduğu kimi, pis adamlar da var. Pislər yaxşılardan da çoxdur və getdikcə də çoxalırlar. Bu da təəccüblüdü ki, pislərdən heç kəsin dönüb yaxşı olduğunu görmürəm, amma yaxşıların yavaş-yavaş dönüb dəyişdiyini, əclaf olduğunu çox görmüşəm, ağa.
Heyran xanım bura çatanda Əbdül yerində qurcuxdu, ona elə gəldi ki, qarşısındakı arvad onun özünü nəzərdə tutur. «Deyəsən bu arvad çox şey bilir axı?» — deyə düşündü və onu, sözünün axırını döndərməyə məcbur elədi:
– Onlar məlum şeylərdi, xanım. Siz mənə deyin görüm haradan bildiz ki, Dünya xanım — sizin bacınız, ağayi Nəcməddnnin arvadıdı?
– Hə, onu deyirəm də elə. Bizim məhəllədə ağayi Mumtaz adlı bir varlı kişi yaşayır. Onun Ətiqulla, adlı bir oğlu var. Kefcil, arvadbaz bir oğlandı. Oğlandı deyəndə ki, yəni yekə kişidi. Dörd arvadı var, pullu olduğuna görə, şəhərdə elə bir gözəl qız, gəlin tapa bilməzsən ki, o, ələ gətirməsin. Çox qızları bədbəxt eləyib, küçələrə salıb, çox evləri dağıdıb. Əlində o qədər qız-gəlin olduğuna baxmayaraq o şəhərin günc-bucağında saxlanan ümumxanalara da gedir. Hə, ağam, bu Ətiqulla dediyim belə bir kişidi. Bir dəfə kefinin kök vaxtında üzümə üz bağlayıb ona dedim ki, ağa, sizin tanış qadınlarınızın arasında Dünya adlı bir xanım olar birdən. «Dünya?» — deyib fikrə getdi, gözlərini yumub xəyalında nə isə araşdırdı və «yox» dedi. «Ağam, sizə yalvarıram, işdir, birdən sizə rast gəlsə, mənə deyin.» — dedim. «Yax...şı...ı» — deyib maşınını sürüb getdi. Neçə vaxt ondan səs-səmir çıxmadı. Mən daha ürək eləyib heç nə soruşmadım. Bu yazda, ağayi Nəcməddinin ölüm xəbəri şəhərə yayılandan az sonra bir gün o, məhəllədə məni görüb: «Sən Dünya xanımı soruşurdun deyəsən?» «Hə, ağam!» — dedim. «Tapmışam». O, elə deyəndə bilmirəm nədənsə ürəyim içəridə əsdi, halım dəyişdi... «hardadı, ağam» — deyə zorla soruşa bildim. «O, bu yaxınlarda özünü öldürmüş, ağayi Nəcməddinin arvadı imiş. Onu qoyub harasa qaçıb. Xa, xa. Qaçıb ey, bilirsən?».. Mən daha ondan heç nə soruşmayıb evə yüyürdüm.
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-ayriligin-sonu-yoxmus-birinci-hisse-on-dorduncu-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İnsan həyatının bəzən elə günləri olur ki, bir ömrə bəs eləyə biləcək sevinci də yaşayır, kədəri də. Elə sevinir ki, özünü dünyanın ən bəxtəvər adamı hesab eləyir, yerə-göyə sığışmır, şadlığından gözləri yaşarır. Elə həmin gün də elə kədərlənir ki, özünü dünyanın ən bədbəxt adamı sayır, bir az əvvəlki xoşbəxtliyindən əsər-əlamət qalmır, unudulur, gözləri kədər yaşları ilə dolur. Bəli, insan həyatında belə təzadlı gün də ola bilər.... Elməddinin ilk kitabı bu gün çapdan çıxıb satışa buraxılmışdı. Həcmcə çox da böyük olmayan göy cildli məcmuəyə onun şerləri və hekayələri toplanmışdı. Müəllifi də özü idi, rəssamı da. Redaktoru Məhəmməd Şəfi Rəhgüzər — onun ustadı, böyük şair, qardaşı idi. Əslində kitabı nəşr etmək məsələsini də ustad özü ortalığa atmışdı, əsərlərini alıb saf-çürük etmiş, seçib yaxşılarını, xoşuna gələni saxlamışdı. Elməddin etiraz eləyib «hələ tezdi, ustad!» — demişdisə də, Şəfi razı olmamışdı; «Vaxtındı, Elməddin. Şairdə təvazökarlıq yaxşı şeydi, bəyənirəm, ancaq yaxşı əsərləri çap etməmək özü də bir günahdı, qardaş!» — demişdi. Elməddin naçar qalıb yazılarını vermişdi, lakin qəribə idi ki, sonra kitabının çıxmasını çox böyük bir intizarla gözləməyə başlamışdı. Bu intizar ilk körpəsinin dünyaya gəlməsini közləyən ana intizarına bənzəyirdi — həm şirin idi, həm əzablı idi, həm də... bir az qorxulu idi. O bilirdi ki, sənət yolu uzun, çətin, daşlı-kəsəkli, eyni zamanda gül-çiçəkli, şan-şöhrətli bir yoldu. Ağrısı da var, sevinci də var, qanadından vurulmuş kimi torpağa — ayaqlar altına düşməyi də var. Ucalmağın — şirinlikdi, səadətdi, şöhrətdi, ən uca zirvən — ölməzlikdi. İlhamın, qismətin olmasa, ürəklərə, beyinlərə yol tapa bilməsən, kimsənin sevimlisi ola bilməzsən. Bu isə adını şair, sənətkar qoyan adam üçün bədbəxtlikdi, ölümdü — diri ikən ölü olmaq deməkdi, demək, sənin ikinci ömrün yoxdu, öləndən sonra yaşaya bilməzsən.
Dördüncü hissə, on yeddinci fəsilQışın çıxhaçıx vaxtı idi, qar çoxdan ərimişdi, yer-yurd palçıqdı, nəmdi, ayaq dəyməyən yerlərdə körpə otlar baş qaldırırdı. Havaların şaxı sınmışdı. Günortaya yaxın gün üç-dörd saatlığına üzünü göstərirdi, adamların, torpağın canını qızdırırdı. Həyətlərdə alça, ərik ağaclarının tumurcuqları çırtlamışdı. Yazın nəfəsi yavaş-yavaş duyulurdu, təbiət qış yuxusundan oyanırdı. Yaz nazla gəlirdi.Belə xoş, ilıq nəfəsli günlərin birində, aylardan bəri rahat həyatı pozulmuş, şirin yuxusuna haram qatılmış, yeməkdən-içməkdən qalmış, dəli kimi öz-özünə danışan, ağlının-huşunun məntiqini itirən, gah qızmış aslan kimi heç nədən qəzəblənən, gah da körpə uşağa dönüb için-için ağlayan ağayi Nəcməddin Əbdül yanına gələndə zəif, taqətsiz səslə dedi:
Birinci hissə, birinci fəsilBu kitabı sənə, sənin gəncliyinə, gözəlliyinə və böyük məhəbbətinə dərin minnətdarlıq duyğuları ilə həsr edirəm, mənim əvəzsiz ömür-gün dostum.*Müəllif*
Birinci hissə, ikinci fəsilBahar öz qaranquşları ilə gəlmişdi. Alça, ərik ağacının ağlı-qırmızılı tumurcuqları çırtlamışdı. Torpaqdan ağ duman qalxırdı. Elə bil, qışın şaxtası, soyuğu buxarlanıb yerin canından çıxır, gün adamın canını qızdırırdı.Camaat kəndin qırağına — düzənliyə axışmışdı. Yeniyetmələr yumurta döyüşdürür, aşıq atırdılar. Qoç vuruşduran, xoruz döyüşdürən, it boğuşduranların dövrəsinə dəstə-dəstə adam yığılmışdı. Bir yanda üç-dörd cavan güləşirdi.
Başqa şairlərin şeirləri
Gözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,
MürəbbəQanamıq məni, doğrusın deyim,Məni yüz min dərdə salan yar budur
QələmimQələmim seyr edib qəzali-qəzəl,Qurmamış bir fəzadə bir sənə dam.
حسن از آنپایه گذشته است که در وصف من آیدمگر او پرده براندازد و خود رخ بنماید