Birinci hissə, on üçüncü fəsil
Səhifə 1 / 2
...Bu gün Zərrintac xanım işdən gələn kimi hamamı yandırıb çimmişdi. Uzun tiftikli qətfədə yataq otağına getmiş, iri bədənnüma güzgünün qabağında qurulanmış, öz mərmər bədəninə, sinəsinə kənar adam gözü ilə baxıb öz gözəlliyindən ləzzət alsa da, kövrəlmişdi də. Elməddin burda olanda belə hallarda onun yanında dayanır, qurulanmağına kömək eləyir, alt paltarını geyməyə imkan verməmiş, qucağına alaraq çarpayısının üstünə gətirir, «neynirsən geyinirsən, onsuz da soyunduracağam!» — deyib özü də yanına girirdi. Bu anları indi o qəribə bir nisgil və həsrətlə xatırlayırdı. Güzgü qabağında özünü tək görüb sinədolusu ah çəkdi və əlini uzadıb çarpayının başına atdığı paltarlarını həvəssiz-həvəssiz geyindi. Kresloda oturdu, boş, sahibsiz çarpayıya baxdı, gözləri doldu. Böyründəki radioqəbuledicinin düyməsini burdu və otağa Rəxşanənin məlahətli səslə oxuduğu mahnının ilıq nəfəsi doldu. Zərrintac xanım ağır əhvali-ruhiyyəsini unutdu, azca yüngülləşdi və qeyri-iradi yan otağa tərəf:
– Simin, mənə bir piyalə çay gətir! — dedi və səsindən özü də səksəndi. Səhv elədiyini, hissə qapılıb hər şeyi unutduğunu xatırlayıb köksünü ötürdü. Və qalxıb özü üçün çay gətirdi. Ancaq çay içmək həvəsi öldü nədənsə. Piyalədəki çaya baxa-baxa fikrə getdi. Rəxşanə oxuyurdu, Zərrintac xanımın kədəri getdikcə artırdı. Təklik hissi bütün vücuduna hakim kəsilmişdi — inan ki, bu an, bax elə bu dəm Elməddin qapını açıb içəri girsəydi, Zərrintac durub qabağına qaçar, onun uca boynuna sarmaşıb: «Xoş gəlmisən, əzizim — deyərdi. — Bağışla məni, bilməmişəm. Keç günahımdan». Ancaq Elməddin gəlmirdi. Gəlməyəcəkdi də. Bu həqiqəti bir daha dərk edib Zərrintac məst adam kimi ayağa qalxdı, küçəyə baxan pəncərənin qabağına addımladı, şəhadət barmağının ucu ilə tül pərdəni aralayıb çölə baxdı. Hava qaralmışdı. Cadədən tək-tük maşınlar, piyadalar keçib-gedirdi. Lap pəncərənin qabağından keçən iki kişidən birinin bu sözlərini eşitdi:
– İnsanın həyatda gərək dostu olsun, bala. Dostsuz insan düzdə bitmiş tək ağac kimi bir şeydi. Külək onu... — daha arxasını eşidə bilmədi Zərrintac xanım. Keçib getdilər. Lakin o kişinin sözləri beyninə işlədi onun. Yenə ümidsizləşib geri çevrildi, kresloda əyləşdi.
«Mən vəhşi kimi yaşamışam, aman allah. Bu boyda bir şəhərdə bir ürək dostum, munisim, rəfiqəm yoxdu. Kimsə qapımı açıb girməz, halımı soruşmaz. Mən dünyadan ayrı, tək, özüm üçün yaşamışam. İndi ürəyim partlayır — bir adam yoxdu ki, duram zəng eləyəm, yanıma çağıram, oturaq dərdi-dil eləyək, yoxdu, aman allah!
– deyə düşünə-düşünə başını yırğaladı. — Bu nə ömürdü mən yaşayıram, ilahi?»
Çay artıq soyuyub buza dönmüşdü. Zərrintac xanım ovuna bilmirdi, canını qoymağa yer tapmırdı. Gözü hər dəfə boş çarpayısına sataşanda özünü və Elməddini orada görüb içində doğulan qəribə, sehrli hissi boğa bilmirdi, bütün vücudunu xoş bir gizilti gəzibdolaşırdı. Elməddinin isti, iri əlləri onun sinəsində, boyun-boğazında, incə belində gəzir, nəfəsi üzünü yandırıb-qarsırdı. Ancaq bu bir an davam edirdi, Zərrintac gözünü açanda özünü kresloda oturmuş görür və ürəyini bir təəssüf hissi yandırıb-yaxırdı.
«İçmək istəyirəm. Yaman içmək istəyirəm! — deyə düşündü.
– Qoy Əbdülü çağırım gəlsin. Ağam ona içməyi öyrədib. Dünya bir dəfə danışmışdı ki, o, içəndə necə məzəli olur; qoy gəlsin, onu ağlı başından çıxanacan içirdəcəyəm, qoy məni bir az əyləndirsin». Bu fikirlə ayağa durdu, mətbəxə keçib yemək tədarükü gördü, ayın-oyunu elə bura, yataq otağına gətirdi; soyuducudan bir viski şüşəsi, iki də piyalə qoydu stolun üstünə. «Qoy gəlsin, hazır görsün. Birdən məndən ehtiyat eləyib içməz». Sonra telefona yaxın getdi. Əlini dəstəyə uzatmışdı ki, küçə qapısının zəngi çalındı. Zərrintac xanım duruxub dilləndi. Yox, kim idisə, zəngi aramsız basırdı. Zərrintac xanım həyətə düşdü, darvazaya yaxın gəlib açmamış soruşdu:
– Kimsən?
Qapının arxasından ilişikli—xırıltılı kişi səsi eşidildi:
– Mənəm, Zərrintac xanım.
– Sən kimsən axı?!
– Tanımadız, Zərrintac xanım? Mənəm—ağayi Siracəddinəm. «Ağayi Siracəddin» adını eşidən kimi Zərrintac xanım qapı arxasında olanı tanıdı — bu, atasının evdə tez-tez adını çəkdiyi, şəhərdə əhlikefliliyi ilə məşhur olan, ağıllı qadınların qorxduğu, yüngül kişilərin ehtiram bəslədiyi ağayi Siracəddin idi. Zərrintac xanım öz evlərində onu bir neçə dəfə görmüşdü, qibləgahı ilə yeyib-içmişdi o. Nəcməddinin dəfnində də ağayi Siracəddin təşrif gətirmişdi, gedəndə isə, «səbirli ol, qızım!» — deyə təsəlli vermişdi. Zərrintac xanım bunu da bilirdi ki, Dünya xanımı qibləgahına o «bağışlayıb». Buna da fikir vermişdi ki, Dünya xanım Nəcməddinin evinə gələndən sonra Siracəddinin ayağı bu qapıya dəyməmişdi — görünür, kişi özü gətirməmişdi. Siracəddin Nəcməddindən bir az cavan olardı — saçları gümüşü idi, xırda, ancaq iti baxışlı gözləri vardı. Şax yerişi, şax qaməti onu yaşından cavan göstərirdi. Siracəddin Zərrintacın xatirəsində belə qalmışdı. «Bundan nə əcəb? deyə heyrət və maraq içində qapını açdıqda Siracəddin həyətə daxil oldu və mehriban bir ədayla:
– Salamunəleykum, qızım! — dedi.
– Salam, Sirac əmi, xoş gəlmisiniz.
– Xoş günün olsun, qızım.
– Buyurun yuxarı.
– Elə burdan keçirdim, dedim görüm necəsiniz.
– Lütfunuz artıq olsun, ağa...
Qabaqda Zərrintac xanım, arxada da o, yuxarı qalxdılar. Bayaqdan beynində içmək həvəsi dolanan Zərrintac xanım qeyri-iradi olaraq onu stol açılmış otağa gətirdi.
– Oho, əməlli-başlı yemək-içmək üstünə gəlib çıxmışam ki,
– deyə Siracəddin dillənəndə Zərrintac xanım onu bu otağa gətirməkdə səhv elədiyini anladı, lakin gec idi.
– Hə, — deyə gülümsündü, — qayınananız sizi çox istəyirmiş.
– İndi istəməsin, — dedi Siracəddin və bununla qayınanasının öldüyünü bildirdi.
– Əyləşin, ağa,
Siracəddin kresloda əyləşib süfrəyə göz gəzdirdi. İki piyalə görüb xırda gözlərini bir az da qıyaraq bic-bic qımışdı: «hə, qonaq gözləyir hərif. Kimdi görəsən? Elməddini qovub — o gəlməz. Amma maraqlıdı. Qəribə vaxt gəlib çıxmışam». Sonra başını qaldırıb Zərrintac xanıma nəzər saldı — onun çimdiyini dərhal başa düşdü. Çünki hələ saçları tamam qurumamışdı. Ərə gedib çıxandan sonra Zərrintac bir az da qəşəngləşmiş, gəlinləşmişdi. «Doğrudan da o Elməddin axmaq imiş. Belə xanım-xatın arvadı qoyub getmək ən azı divanəlikdi. Hələ onun malı-dövləti bir yana, özü bir aləmdi» — deyə qəlbindən keçirən Siracəddin gəlib qənşərində əyləşən Zərrintac xanıma müraciətlə soruşdu:
– Günün-rüzgarın necədi, qızım?
– Sağ olun, ağa. Yaxşıyam.
– Bir ara eşitdim ki, — deyə o, balaca yaraşıqlı, gümüş haşiyəli qəlyanını və tənbəki kisəsini cibindən çıxarıb doldura-doldura sözünə davam elədi, — eşitdim ki, bəs ağayi Elməddindən ayrılmısan.
Zərrintac xanım kəskin bir tərzdə:
– Onu özüm evdən qovmuşam, ağa!! — dedi, — xahiş edirəm, onun barəsində danışmayaq. Olarmı?
– Əlbəttə, əlbəttə. Mən bunu ona görə soruşdum ki, bu xəbəri eşidəndə, düzü, bərk nigaran qaldım. Hər necə olsa, biz ağayi Nəcməddin mərhumla yoldaş olmuşuq, duz-çörək kəsmişik. Özümə borc bildim ki, bir sizə baş çəkim, görüm nə var, nə yox, bəlkə bir şeyə ehtiyacın-zadın var.
– Sağ olun, ağa. Mənim heç bir şeyə ehtiyacım yoxdür. Özünüz bilirsiniz ki...
– Bəli, bəli, — tez onun sözünə qüvvət verdi ağayi Siracəddin, — orası elədi, qızım. Amma yenə borc bildim.
– Lütfünüz artıq olsun, ağa.
Siracəddin qəlyanını yandırdı. Tüstünü ciyərlərinə çəkə-çəkə fikirləşdi ki, qız onunla çox tünd danışır və səbəbi də bu ola bilər ki, indicə yanına kimsə gələcək, ona görə məni başından eləmək istəyir. Ancaq maraq onu almışdı — gələn kim olacaq? Bəlkə içəridədi elə, Siracəddinin gəldiyini görüb otaqların birində gizlənib? Olmazmı? Siracəddin—ömrünü qadın ağuşunda keçirən, saysız-hesabsız qadın dünyası, məhəbbəti, məkri görən Siracəddin bu işin axırına çıxmadan, elə-belə durub getmək istəmirdi. Lakin Zərrintac xanım elə üz göstərirdi ki, kişinin getməkdən özgə çarəsi qalmırdı. Odur ki, qızın ağzını arayıb əsl fikrini bilmək üçün bir də fikrindəkinin üstünə qayıtdı:
– Deyəsən qonağınız gələcək.
– Yox, yox.
– Bəs... bu nə dəm-dəsgahdı. — deyə o, süfrəyə, xüsusilə piyalələrə işarə elədikdə Zərrintac xanım:
– Qonaq-filan gəlməyəcək, ağa. Ovqatım təlx idi. İstəyirdim ki, bizimkiləri—yəni Əbdülü, uşağı çağırım, oturaq o yandan-bu yandan danışaq. Elə zəng eləmək istəyirdim ki, siz gəldiniz.
«Gör necə quraşdırır — toxuyur. Nəcməddinin qızıdı da».
Siracəddin belə düşünə-düşünə, araya çökmüş sükutdan istifadə edərək, otaqları, səs-səmiri dinşədi, qəlyanına bir qullab vurub ətrafa göz gəzdirdi, kişi paltarı — ayaqqabı, papaq, külqabı, siqaret nişanəsi axtardı, amma gözünə bir şey sataşmadı, təəccüb içində donub qaldı. «Bu nə sirdi, xudaya. Ağayi Nəcməddin özü, rəhmətlik sirr içində yaşadı, kimsə bilmədi ki, o, haradan gəlib, hara gedir, sirr içində də öldü — niyə öldürdü özünü, heç kəs bilmədi. İndi də qızı. Qız da əsrarlı qızdı deyəsən. Əsli-nəsəbi olmayan bir gədəyə ərə getdi — müəmma. Necə yaşadı — müəmma. Niyə o oğlan buna da, milyonlara da tüpürüb papağını götürərək çıxdı — bu da müəmma. İndi tək oturub, qabağına da iki piyalə qoyub — bu da müəmmadı, vallah. Yox, burda nə isə var.»
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-ayriligin-sonu-yoxmus-birinci-hisse-on-ucuncu-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gecəyarıdan keçmişdi, günortadan sonra lapar-lapar yağmağa başlayan qar hələ də kəsməmişdi, həyət-bacalara, küçələrə, damların üstünə bir qarışdan çox yumşaq qar örtüyü çəkilmişdi, şəhəri hündür hasar kimi dövrəyə almış dağlar göydə uçuşan qar ləçəklərinin arxasında görünməz olmuş, bəyaz göylərə qarışmışdı. Külək yox idi, sakit, mülayim, qarlı qış gecəsi idi, şəhər axşamdan ölü sükutuna qərq olmuşdu və bu sükut getdikcə dərinləşir, vahiməli olurdu.Məhəmməd Şəfinin, pəncərəsi gündoğana baxan iş otağından işıq gəlirdi. Bu evin təmtərağını görən, Şəfili günlərinin şahidi olan adamlar ilk baxışda belə güman edə bilərdi ki, şair yenə arvad-uşağı, yatandan sonra öz otğına çəkilib yazıb-yaradır. Ancaq təəssüf ki, bu belə deyildi, Şəfi evdə yox idi, Şəfi o gedən getmişdi, haçan qayıdacaqdı və ümumiyyətlə qayıdacaqdımı — kimsəyə məlum deyildə. İndi qar naxışlı pəncərədən içəri boylanan olsaydı, Şəfinin stolunu Şəfisiz görərdi, ancaq bunu da görərdi ki, onun vəfalı ömür-gün yoldaşı Məleykə xanım əllərini qoynuna qoyaraq məlul-məlul oturub divanın üstündə, kədər dolu gözlərini Şəfinin sahibsiz stoluna zilləyərək qəm dəryasına qərq olub. Otağı Şəfi necə qoyub getmişdisə, eləcə idi. Polisin murdar nəfəsi dəyəndən sonra Məleykə otağı ağlaya-ağlaya yenə əvvəlki səliqə-sahmana salmış, silib təmizləmiş, onların eşib alt-üst elədiyi kağız-kuğuzu, kitabları yerbəyer eləmişdi. Neçə gün özünə gələ bilməyən Məleykə bu otağa ayaq basmağa cürət eləməmişdi, uşaqları da ora girməyə qoymamışdı. Ancaq özü neçə dəfə çaşmış, qeyri-iradi olaraq Şəfinin içməyə adət etdiyi kəkotu çayı dəmləmiş, çayniki, piyaləni, şəkəri güllü siniyə qoyaraq ərinin otağına gətirmiş, yalnız qapı ağzında onun yoxluğunu xatırlayıb ah çəkərək geri qayıtmışdı. Və bu hadisədən sonra saatlarla özünə gəlməmişdi, ürəyi hövl eləmiş, ancaq uşaqların yanında ağlayıb onların ürəyini qana döndərməkdən özünü saxlamış, içində sızlamışdı.
Dördüncü hissə, ikinci fəsilYaxşılıq itmirmiş — düz imiş. Elməddinin öz sürücüsü Əhədulla ilə xoş, mehriban münasibəti səkkiz-doqquz uşaq atası olan, kasıb güzəran keçirən, balalarını pendir-çörəklə güclə dolandıran Əhədullanın ürəyində, taleyində silinməz iz buraxmışdı və ona elə gəlmişdi ki, heç bir qohum-əqrəbası, yaxını-simsarı olmayan bu qatmaqarışıq şəhərdə özünə bir qardaş tapıb, arxa tapıb. Həyatda o qədər çətinliklər və pis adamlar görmüşdü ki, Elməddinə rast gələndə, onun insani rəftarını görəndə əvvəl inanmaq istəməmişdi, «yəqin bu da bir kələkdi» — deyə düşünmüşdü, çünki iyirmi il yaşadığı, dolaşdığı bir mühitdə böyükdən-kiçiyə hamının bir-birini aldatmaq, pulunu, son tikəsini əlindən almaq istədiyinin dəfələrlə şahidi olmuşdu. Varlı da, yoxsul da gözdən tük qapmağa, yumurtadan yun qırxmağa çalışırdı — varlı daha dövlətli olmaq üçün, yoxsul azca da olsa güzəranını yaxşılaşdırmaq üçün... Ancaq Elməddin belə deyildi: Əhədulla onun rəftarına, işinə, ürəyinə baxanda sanırdı ki, o bu şəhərə ya göydən gəlib, ya tamam başqa bir aləmdən. O, Əhədulla ilə bir insan kimi davranır, dərdləşir, məsləhətləşirdi, yeri gələndə öz sürücüsünün həyatı ilə maraqlanır, lazım olanda ona əl də tuturdu. Bu, Əhədullanın o qədər xoşuna gəlmişdi ki, indi özünü bu böyük şəhərdə tək, kimsəsiz hesab eləmirdi, arxalı sayırdı. Evdə arvadının, uşaqlarının yanında o qədər Elməddindən danışmışdı ki, hamısı onu əziz adamları sayırdı. Üzünü görmədikləri adamın adını «əmi» deyə yad edirdilər. Arvadı isə Elməddinin adını çəkəndə yanına bir «qardaş» kəlməsi də əlavə eləyirdi. O, demək olar ki, qiyabi surətdə hələ bircə dəfə də ayaq basmadığı bu evin, bu ailənin hörmətli bir üzvü olmuşdu. Qızlar Elməddinin alıb göndərdiyi parçadan paltar tikdirib geyəndə «Bunu mənə Elməddin əmi alıb!» — deyə öyünürdülər və Əhədulla uşaqlarının — indiyə qədər təzə parçadan paltar geyməmiş qızlarının sevincini görüb qəlbində ona dua eləyir, «dünyada yaxşı adamlar da varmış, —deyirdi. — Mən ömrüm boyu, son nəfəsimə qədər sənin bu yaxşılığını yadımdan çıxartmaram, ağa!».Ancaq Əhədullanın xoş günləri uzun sürmədi: Elməddini həbs elədilər. Bu xəbəri eişdəndə o, yamanca sarsıldı. Qulaqlarına inanmaq istəmədi, «ola bilməz!» — dedi. Həmin sözü Elməddinin arvadı — Zərrintac da söyləyəndə onun inanmaqdan özgə çarəsi qalmadı. Uşaqları, arvadı isə bu xəbəri lap matəm kimi qarşıladılar. Üstlərinə su çilənmiş kimi boyda-boyda bir-birinin yanına düzülüb məyus halda başlarını aşağı saldılar.
Dördüncü hissə, üçüncü fəsilBuxarı gurhagur yanırdı. Üst-üstə qalanmış daş kömür parçaları nazik, şəffaf alov dilləri altında qızıl külçəsi kimi par-par parıldayıb qızarırdı. Buxarının yanları da qızarmışdı. Əziz xan sol tərəfdə, Bəbir sağ tərəfdə yumşaq kresloda əyləşmişdi. Bayaqdan heç biri danışmırdı. Əziz xanın sur təsbehinin aramsız şıqqıltısından başqa otağın sakitliyini heç nə xələldar eləmirdi. Bəbir əlində tutduğu güllü piyalədən qurtum-qurtum çay içir, iri gözlərini qızarmış buxarıya zilləyib düşünürdü. Aradakı darıxdırıcı sükutu Əziz xan pozdu:– Nə yaman fikirlisən, oğul? Nə olub belə? Bəbir boş piyaləni böyründəki kətilin üstündə olan siniyə qoyub:
Dördüncü hissə, dördüncü fəsil...Dünya xanım səhər tezdən yuxudan ayılanda Nəcməddini yanında görməyib heyrətləndi. Şirin-şirin gərnəşib əsnəyərək, ətrafına baxındı və ərini çarpayıda yox, otağın o başında qoyulmuş yumşaq divanda pallı-paltarlı yatmış görəndə təəccübü daha da artdı. «Bu orda niyə yatıb?» — Varlığında dolaşan ilk sual bu oldu, sonra yenə səssizcə ürəyində: «Özü də paltarlı» — dedi. Dünya xanım başını silkələyib tam ayılmağa çalışdı və keçən axşamkı xudmani məclisi xatırladı: «Hə, içmişdi axşam. Lap çox içmişdi. Yəqin bərk sərxoş olub, ya soyuna bilməyib, ya da yadından çıxarıb soyunmağı?!»Neçə il birgə yaşadıqları muddətdə belə şey olmamışdı. Əvvələn, Nəcməddin heç vaxt bu qədər içməmişdi, dünən nə isə dəmi gəlmişdi, ya çərxi dönmüş o Əbdülün həvəsinə düşüb içmişdi — o, bilmirdi. İkincisi, hər dəfə içəndə; Nəcməddin daha da şən, gümrah olurdu, Dünya xanımın yatağına girər, onunla mehribanlıqla, nəvazişlə rəftar edər, səhərə az qalana qədər, yorulub əldən düşənə qədər Dünyanı yatmağa qoymaz, gah zabitəli olar, gah da uşaq kimi ağlardı. Belə gecələrdə Dünya xanım özü də Nəcməddinin nazı ilə az oynamamışdı.