Gecəyarıdan keçmişdi, günortadan sonra lapar-lapar yağmağa başlayan qar hələ də kəsməmişdi, həyət-bacalara, küçələrə, damların üstünə bir qarışdan çox yumşaq qar örtüyü çəkilmişdi, şəhəri hündür hasar kimi dövrəyə almış dağlar göydə uçuşan qar ləçəklərinin arxasında görünməz olmuş, bəyaz göylərə qarışmışdı. Külək yox idi, sakit, mülayim, qarlı qış gecəsi idi, şəhər axşamdan ölü sükutuna qərq olmuşdu və bu sükut getdikcə dərinləşir, vahiməli olurdu.

Məhəmməd Şəfinin, pəncərəsi gündoğana baxan iş otağından işıq gəlirdi. Bu evin təmtərağını görən, Şəfili günlərinin şahidi olan adamlar ilk baxışda belə güman edə bilərdi ki, şair yenə arvad-uşağı, yatandan sonra öz otğına çəkilib yazıb-yaradır. Ancaq təəssüf ki, bu belə deyildi, Şəfi evdə yox idi, Şəfi o gedən getmişdi, haçan qayıdacaqdı və ümumiyyətlə qayıdacaqdımı — kimsəyə məlum deyildə. İndi qar naxışlı pəncərədən içəri boylanan olsaydı, Şəfinin stolunu Şəfisiz görərdi, ancaq bunu da görərdi ki, onun vəfalı ömür-gün yoldaşı Məleykə xanım əllərini qoynuna qoyaraq məlul-məlul oturub divanın üstündə, kədər dolu gözlərini Şəfinin sahibsiz stoluna zilləyərək qəm dəryasına qərq olub. Otağı Şəfi necə qoyub getmişdisə, eləcə idi. Polisin murdar nəfəsi dəyəndən sonra Məleykə otağı ağlaya-ağlaya yenə əvvəlki səliqə-sahmana salmış, silib təmizləmiş, onların eşib alt-üst elədiyi kağız-kuğuzu, kitabları yerbəyer eləmişdi. Neçə gün özünə gələ bilməyən Məleykə bu otağa ayaq basmağa cürət eləməmişdi, uşaqları da ora girməyə qoymamışdı. Ancaq özü neçə dəfə çaşmış, qeyri-iradi olaraq Şəfinin içməyə adət etdiyi kəkotu çayı dəmləmiş, çayniki, piyaləni, şəkəri güllü siniyə qoyaraq ərinin otağına gətirmiş, yalnız qapı ağzında onun yoxluğunu xatırlayıb ah çəkərək geri qayıtmışdı. Və bu hadisədən sonra saatlarla özünə gəlməmişdi, ürəyi hövl eləmiş, ancaq uşaqların yanında ağlayıb onların ürəyini qana döndərməkdən özünü saxlamış, içində sızlamışdı.

Şəfini aparandan sonra bu ev, bu həyət suyu sovulmuş dəyirmana bənzəməyə başlamışdı: gələn-gedənin sayı çox azalmışdı, şer məclisləri susmuşdu, bəzən səhərə qədər davam eləyən gizli yığıncaqlar qapanmışdı. Sən demə, Şəfinin başına yığışırmış hamı, sən demə, Şəfi imiş onları bura çəkib gətirən. Şəfi yox idi, gəlib-gedən də yox idi. Həmişə qonaq-qaraya qulluq eləməyə adət etmiş və bundan xüsusi bir zövq duyan Məleykə özü də o məclislər, o yığıncaqlar üçün darıxmışdı. Lakin bu ötəri bir dərd idi; onun əsl dərdi, ürəyini köz kimi yandıran böyük dərdi Şəfinin dərdi idi. Onun indi həbsxanalar küncündə, sement döşəmələr üstündə yatan vaxtı deyildi. Həm səhhəti beş il, on il bundan qabaqkı deyildi, həm də indi onun ən yaxşı işləyən, yazıb-yaradan vaxtı idi. Şəfi son vaxtlar ömrün kənclik illərinin ötüb-keçdiyini hiss edərək daha çox və daha böyük həvəslə yazıb-yaradırdı; şöhrətinin zirvəsində idi və camaat, oxucular tərəfindən daha böyük məhəbbətlə sevildiyini, şairlər şairi adlandığını görüb daim bir qürur hissilə gülümsünür və yerə-göyə sığışmırdı. Məleykə həssas bir qadın ürəyi ilə bu sevinci duyur və qeyri-iradi olaraq fərəh dənizində üzürdü. Şəfinin el-oba arasında nüfuzu çoxaldıqca o, ərinin qüdrətinə, ölümsüzlüyünə, əzəmətinə qəlbən inanır və onu, ilk gənclik çağlarında olan kimi, isti, ilıq bir məhəbbətlə sevir, uşaq kimi qulluğunda durur, yeməyinə-içməyinə, yatıb-durmağına, istirahətinə fikir verirdi. Şəfi isə Məleykənin bu fədakarlığını çox qiymətləndirirdi, onu evin böyüyü — anası sanır, bəzən uşaq təki arvadının nazı ilə oynayırdı. Təmiz, ülvi bir məhəbbət, qarşılıqlı anlaşma əsasında qurulmuş bu ailənin səadətini kimsə pozmağa qadir görünmürdü bu hadisəyəcən. Şəfi də, Məleykə də o günə qədər belə düşünmüşdü. Bəli, heç kəsin qüdrəti çatmaz ki, Şəfi kimi sevimli bir sənətkarın, Məleykə kimi təmiz bir qadının ailə xoşbəxtliyini poza bilsin, alt-üst eləsin... Ancaq hadisələr göstərirdi ki, hər ikisi yanılırmış, varmış belə bir qüvvə. Sən demə, polis libası geymiş, bəlkə heç düz-ağıllı savadı da olmayan, öz xalqını, torpağını tanıyıb sevməyən iki-üç nizami libaslı adam Şəfinin qüdrətindən də, şöhrətindən də güclü imiş, ixtiyar sahibi imiş. Gördünmü o adamlar Şəfinin qollarına necə də qandal salıb bağlı maşına mindirdilər, apardılar? Bəli, apardılar... Demək, sən o boyda şöhrətinlə, əzəmətinlə, kiminsə qabağında aciz imişsən, zəif imişsən, Şəfi! Bax bunu görməmişdi, duymamışdı Şəfi. Bax bunu hiss eləməmişdi Məleykə. Məleykə indi, gecəyarıdan keçəndən sonra divanda dizlərini qucaqlayıb bu məsələləri düşünürdü və bu qarlı qış gecəsində Şəfinin vəziyyətini təsəvvür etməyə çalışırdı. Şəfi yəqin indi yatmayıb. Belə qarlı qış gecələrində o, adətən çox kec yatardı. Ya işlərdi, ya da bax bu pəncərənin qabağında dayanıb bəyaz don geymiş həyət-bacaya, ağaclara tamaşa eləyərdi. Məleykə fikir vermişdi; o, bir yazda — çöl-çəmən, təbiət oyanan vaxt, bir də qışda — təbiət yaşıl libasını ağ libasla əzəz eləyəndə daha çox şairləşirdi, uşaqlaşırdı. Məleykə bunun belə hallarını çox görmüşdü.

İki aydı aparmışdılar. Görüş verməmişdilər. Deyəsən, hələ belə fikirləri də yox idi. Məleykə daxili işlər nazirliyinə müraciət etmişdisə də, bir nəticə hasil olmamışdı. Sonra isə iki-üç dəfə Ziyaülhəqq onlara gəlmiş, Şəfinin sağ-salamat olduğunu, tezliklə görüş alacaqlarını demiş, ailənin nəyə ehtiyacı olub-olmadığını soruşmuşdu, beş min pul qoyub getmişdi. «Şəfidən sarı heç nigaran olmayın, Məleykə bacı!».. — Ziyaülhəqqin bu son sözləri Məleykənin qəlbini ümidlə doldurmuşdu, arvadın qəmli gözləri təbəssümlə işıqlanmışdı.

İndi də, hardansa Ziyaülhəqqin bu sözləri gəlib yadına düşdü və yenə qəlbində ümid çırağı yandı...

Elə bu vaxt yataq otağından ağlamaq səsi gəldi. Uşaqlardan kimsə ağlayırdı. Məleykənin fikirləri pərən-pərən oldu və o, tələsik yan otağa qaçdı. İşığı yandıranda kiçik qızı Jalənin yerinin içində oturub əlinin arxası ilə gözünü ovuşdura-ovuşdura ağladığını gördü, özünü onun üstünə atdı...

– Niyə ağlayırsan, başına dönüm?

– İhi, ihi...

– Nə olub sənə, axı...

– Qibləgahımı istəyirəm... İhi, ihi... Qibləgahımı... Məleykə alt paltarda olan qızını bağrına basıb ovundurmağa çalışdı.

– Ağlama, qızım, qibləgahın... qar əriyən kimi gələcək, qurban olum, ağlama.

Jalə hıçqıra-hıçqıra:

– Qar haçan əriyəcək bəs? — deyə soruşdu.

– Hələ bu gün yağmağa başlayıb, can bala. Gün çıxan kimi əriyəcək, quzum.

– Denən gün tez çıxsın, qar tez ərisin...

– Yaxşı, yaxşı, can bala, deyərəm. Sən yat... Jalə azca kiriyib gözlərini ovuşdurdu:

– Axı qibləgahımın burnu qanamışdı... Dərman qoydun?

– Qibləgahının burnu qanamışdı?..

– Hə.

– Sən yəqin yuxu görübsən, qızım. Qan görübsən yuxuda, hə?

– Hə.

– Yaxşı yuxudu, can bala. Qan qovuşuqdu — deyirlər. Qibləgahın tez gələcək. Sən yat, yuxun şirin olsun, qurban olum,

Ana uşağı elə qucağında yırğalamağa başladı. Jalə uzunkirpikli gözlərini yumdu. Məleykə onun qırmızı yanaqlarında qurumuş yaşı əlinin içi ilə sildi. Jaləni təzədən yuxu apardı. Ancaq durub öz yerində uzanan Məleykənin gözlərinə yuxu getmədi. Qan... Şəfini qan içində gördü nə isə... canında bir üşütmə gəzdi. «Yəqin kişinin başında bir iş var. Yəqin döyürlər onu, incidirlər onu. Aman allah, özün onu bu cəlladların əlindən, zülmündən hifz elə!,.» — deyə düşündü Məleykə və yorğan-döşəyin içində qar altında qalmış adam kimi büzüşüb üşüdü.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Üçüncü hissə, birinci fəsil

Əfsanənin yoxa çıxması xəbəri ildırım sürətilə nəinki bütün Ədnan kəndinə, hətta ətrafdakı kəndlərə və yaxında olan köçəri obalarına da yayıldı. İlk günlər heç kəs, hətta Elməddin özü də «Əfsanə yoxa çıxıb» — deyə düşünmürdü, düşünmək istəmirdi. Uşaqlıböyüklü hamının beynində bir fikir gəzib dolaşırdı: «Əfsanə çaya düşüb boğulub!» Yaxud «özünü suya atıb həlak eləyib!» — Belə fikirləşməyə hamının haqqı vardı; çünki Əfsanənin səhəngi götürüb çaya getdiyini neçə adam görmüşdü; bundan əlavə ən tutarlı dəlil bu idi ki, onun səhəngi çayın qırağında qalmışdı.Ədnan camaatı bu atasız-anasız qızın taleyinə acıyırdı: «Qızın qaraçuxası yatıb, balam. Bədbəxtinki heç gətirmir. Yusifə ərə getdi – üstündən üç-dörd ay keçməmiş dul qaldı. İkinci toyu da qara gəldi. İkinci toyundan həftə yarım keçməmiş özü balıqlara yem oldu».

6 dəq
Üçüncü hissə, ikinci fəsil

Neçə müddət idi ki, obaları, kəndləri, irili-xırdalı şəhərləri cavan — sifəti gün altında yanıb-qaralmış, saqqallı bir oğlan gəzib dolaşırdı. Heç kəsdən heç nə soruşmurdu; söhbətlərə, danışıqlara qulaq asır, gözləri ilə itkin düşmüş adamını axtarırdı. Onun hər kənddə, obada, şəhərdə müraciət elədiyi bir şəxs, bir məqam vardı: qəryədar kənddə, polis idarəsi şəhərdə. Əhvalatı müxtəsərcə başa salırdı: qardaşının itkin düşmüş arvadını («öz arvadımı» — deməyə utanırdı) axtarır. Boyu bu, sifəti bu, yaşı bu. Bəlkə sizin kəndə gəlib çıxıb; bəlkə sizin şəhərdə polis bu barədə bir şey bilir.Qəryədarlar sadəcə olaraq cavab verirdilər ki, bizim kəndə, obaya belə adam gəlib çıxmayıb; gətirən də olmayıb. Şəhərlərdə isə Elməddindən gəlinin şəklini istəyirdilər. Şəkli isə yox idi. Elməddinin bildiyinə görə, Əfsanənin anadan olandan bu günə qədər heç bir dənə də şəkli olmamışdı. Əgər biçarə tələf olubsa, heç vaxt olmayacaq da!! Beləcə, kənddən-kəndə, şəhərdən-şəhərə adlayan Elməddin Əfsanədən heç bir iz-soraq tapa bilməyib məyuslaşırdı. Onu bir daha görə biləcəyinə ürəyində qəti inam qalmırdı. Vaxt ötüşdükcə bütün varlığını yandırıb-yaxan intiqam almaq hissi getdikcə korşalır, Elməddin kəndləri, şəhərləri gəzən bir dərvişə çevrilirdi. Ancaq buna baxmayaraq gözü həmişə soraqda idi. Yanından qadın keçəndə diqqətlə baxmamış sovuşub getmirdi. Qadınların çoxu isə çadra altında olurdu. Bilmirdi ki, çadra örtmüş bu qadın cavandı, yaxud yaşlıdı. Təkcə boyu-buxunu, bir də paltarının rənginə görə axtarırdı.

9 dəq
Üçüncü hissə, üçüncü fəsil

Elməddin səhər ayılanda uşaqları yerində görmədi; onlar şəhərə səpələnmişdilər: hərəsi öz «sahəsinə».Elməddin bir xeyli yerindən tərpənmədi: bədəninin əzaları, sümükləri sızıldayırdı. Kürəyini torpağa söykəyib yatmışdı — ona görə ciyərlərinə soyuq dəyməyəcəyinə əmin idi. Hələ kənddə olanda qocalardan eşitmişdi ki, torpağa; kürək söykəyib yatanın soyuqdəymədən qorxusu yoxdur. Üşüməyinə üşümüşdü. Yay gecəsinin ayazı hər necə olsa bədənini yüngülcə silkələyib titrətmiş, tüklərini biz-biz eləmişdi, Şəhər cana gəlib dirçəlmişdi. Küçələrdə, xiyabanlarda gedişgəliş başlamışdı; bunu o, getdikcə artan səs-küydən aydın hiss eləyirdi. Şəhərin üstünü dağlardan enib gəlmiş duman bürüdüyündən on addımdan o tərəfi görmək mümkün deyildi. Şəhərin ətrafındakı haçabelli dağın arxasından baş qaldıran günəş göyə milləndikcə duman yavaş-yavaş seyrəlir, görüm dairəsi genişlənirdi. Az sonra şəhər üzərindən asılmış duman tamam çəkilib getdi, küləyin qovub apardığı tüstü kimi.

7 dəq
Üçüncü hissə, dördüncü fəsil

Başı üzərindəki radionun səsinə ayılanda hava işıqlanmışdı. Dikəlib oturdu. Yuxulu, şişmiş gözlərini ətrafa dolandırdı və təbii ki, ilk əvvəl neçə gün kənardan-kənara müşahidə elədiyi, ancaq yaxınlaşıb danışdırmadığı uşaqların yerinə baxdı. Kimsə yoxdu. «Gediblər dilənməyə»— deyə düşündü və xatırladı ki, onun özünün də təkcə bü günlük yüngülvarı yemək üçün pulu qalıb. Bəs sabah nə edəcək? Nə yeyəcək? Şəhər dilənçiləri ilə onun arasında cəmisi bircə günlük məsafə qalıb. Bəli, sabah o da adicə, ancaq təcrübəsiz bir dilənçi ola bilərdi. Bunu o bacarardımı?!—Yox! —dedi öz-özünə.Ayağa qalxdı... hər səhər qəlyanaltı elədiyi kababxanaya sarı addımladı. Üç-dörd addım atmış əlini cibinə salıb qalan pulunu yoxlamaq istədi. Və heyrətdən donub qaldı. Pul cibində yox idi. Ayaqları yerə yapışdı. Bilə-bilə ki, pulu həmişə qoltuq cibində gizlədərdi, o biri ciblərini də axtardı, yox idi. O geri qayıdıb dirəyin dibini — yatdığı yeri yoxladı. Puldan əsər-əlamət tapmayıb taqəti kəsildi, yerə oturdu. Və xatırlamağa çalışdı ki, axırıncı dəfə pulu harada yoxlamışdı. Axşam, bəli, axşam elə burada, yatmamışdan əvvəl əlini cibinə salıb pulun, axırıncı ümidinin qoynunda olduğunu yəqinləşdirəndən sonra rahat uzanmışdı. Demək, pul burada zavala gəlmişdi. Əlbəttə, aydın məsələ idi ki, pulu dörd-beş addım aşağıda, təpənin ətəyində gecələyən uşaqlar çıxartmışdılar. Sözsüz, bu, onların arasında diribaşlığı, cüvəllağılığı ilə seçilən Səxi adlı oğlanın işi idi. «Ac qılınca gələr» məsəli Elməddinin yadına düşdü və pul oğurlayanı qınamadı. Onsuz da o qəpik-quruş Elməddini bir yerə çıxaran deyildi.

9 dəq

Başqa şairlərin şeirləri