Səhifə 1 / 2

Başı üzərindəki radionun səsinə ayılanda hava işıqlanmışdı. Dikəlib oturdu. Yuxulu, şişmiş gözlərini ətrafa dolandırdı və təbii ki, ilk əvvəl neçə gün kənardan-kənara müşahidə elədiyi, ancaq yaxınlaşıb danışdırmadığı uşaqların yerinə baxdı. Kimsə yoxdu. «Gediblər dilənməyə»— deyə düşündü və xatırladı ki, onun özünün də təkcə bü günlük yüngülvarı yemək üçün pulu qalıb. Bəs sabah nə edəcək? Nə yeyəcək? Şəhər dilənçiləri ilə onun arasında cəmisi bircə günlük məsafə qalıb. Bəli, sabah o da adicə, ancaq təcrübəsiz bir dilənçi ola bilərdi. Bunu o bacarardımı?!—Yox! —dedi öz-özünə.

Ayağa qalxdı... hər səhər qəlyanaltı elədiyi kababxanaya sarı addımladı. Üç-dörd addım atmış əlini cibinə salıb qalan pulunu yoxlamaq istədi. Və heyrətdən donub qaldı. Pul cibində yox idi. Ayaqları yerə yapışdı. Bilə-bilə ki, pulu həmişə qoltuq cibində gizlədərdi, o biri ciblərini də axtardı, yox idi. O geri qayıdıb dirəyin dibini — yatdığı yeri yoxladı. Puldan əsər-əlamət tapmayıb taqəti kəsildi, yerə oturdu. Və xatırlamağa çalışdı ki, axırıncı dəfə pulu harada yoxlamışdı. Axşam, bəli, axşam elə burada, yatmamışdan əvvəl əlini cibinə salıb pulun, axırıncı ümidinin qoynunda olduğunu yəqinləşdirəndən sonra rahat uzanmışdı. Demək, pul burada zavala gəlmişdi. Əlbəttə, aydın məsələ idi ki, pulu dörd-beş addım aşağıda, təpənin ətəyində gecələyən uşaqlar çıxartmışdılar. Sözsüz, bu, onların arasında diribaşlığı, cüvəllağılığı ilə seçilən Səxi adlı oğlanın işi idi. «Ac qılınca gələr» məsəli Elməddinin yadına düşdü və pul oğurlayanı qınamadı. Onsuz da o qəpik-quruş Elməddini bir yerə çıxaran deyildi.

Yarım saatacan halsız-hərəkətsiz yerindəcə oturduqdan sonra nə edəcəyini, hara gedəcəyini bilmədən şəhərə düşdü. Məqsədsiz, ümidsiz küçələri gəzməyə başladı. Kababxananın yanından keçəndə qızarmış ət iyi burnunu qıcıqlandırdı, ağzı sulandı — ac idi. Pulsuz ona heç kəs bir içim su da verməzdi, bunu Elməddin yaxşı bilirdi. Ötüb keçdi. Günortayacan xiyabanları sərgərdan-sərgərdan dolaşdı. «Nə etməli?» sualı beynini, ürəyini gəmirirdi. İş axtarmaq mənasız idi, onsuz da tapmayacaqdı. Dilənmək? — qüruruna sığışdıra bilmirdi. Bədbəxtlik! — bu onun ağlına tez-tez gələn fikir idi. «Mən bədbəxtəm! — deyirdi. — Mənim alnıma xoş gün, rahatlıq yazılmayıb. Atam tez öldü. Ana, qardaş ümidinə qaldım; qardaşım elə bədbəxt oldu. Özüm də belə. İstər-istəməz, heç bir xüsusi səy göstərmədən dodaqaltı bu misraları pıçıldayırdı. həyat, ehtiyac bu sətirləri yazırdı:

Gözümü açandan bir gün görmədim,
Allah, nələr çəkdi zillətdə könlüm.
Olmazın dərdi-qəm axdı üstümə —
Dağlardan ağırdı siqlətdə könlüm...

Bunlar azmış yəni, başına dönüm —
İndi də kömürdən qaradır günüm.
Dünyanı yandırır harayım, ünüm,
Yandı, külə döndü möhnətdə könlüm!

Ümidsizlik par-par parıldayan iti qılıncını Elməddinin üstünə çəkmişdi. O özünü həyata bağlayan hər şeyi yavaş-yavaş itirirdi.

Başını qaldırıb qarşısındakı görkəmsiz, pəncərələrinin layları açıq binaya baxdı və gözünə iri, qara hərflərlə yazılıb qapının üstünə vurulmuş lövhədə «Pərçəm» sözü dəyəndə ayaq saxladı. Elə bil, bu bir kəlmə söz onun artıq dumanlanmış beynində işıq yandırdı. «Pərçəm?» Bəli, «Pərçəm» yazılmışdı. Bu həmin qəzetin redaksiyası idi ki, neçə ay əvvəl kənddən göndərdiyi iki şerini çap eləmişdi. Elməddinin gözlərinə işıq gəldi. Dizlərinə taqət, ürəyinə ümid axıb doldu. Necə də olsa tanıyarlar. Bəlkə bir kömək elədilər, «işdən-zaddan tapdılar mənim üçün» — fikri beyninə dolandı.

Elməddin cəsarətsiz addımlarla içəri girdi. Balaca, uzunsov dəhlizdən keçib üstünə «Dəftəre-Pərçəm» sözləri yazılmış qapını ehmalca tıqqıldatdı.

– Buyurun! — səsi eşidən kimi Elməddin otağa daxil oldu. Güncdə köhnə stolun arxasında oturan kişi kök, gödəkboylu, saçlarına dən düşmüş qarayanız bir adam nəsə yazırdı. Əl saxlayıb başını qaldırdı və onlar ani olaraq baxışdılar.

– Buyur, ağa, — deyə eynəkli kişi Elməddinə müraciət eləyəndə o, nə cavab verəcəyini, haradan başlayacağını müəyyənləşdirə bilməyib susdu.

– Bir sözünüz vardı, ağa?

– Bəli... Mən sizin yanınıza... gəlmişəm... — Elməddin qırıq-qırıq danışdı.

– Nə məsələdən ötürü?

– …

– Buyur, əyləşin, — deyə eynəkli kişi çaşıb qalmış oğlana baxıb gülümsündü, — oturun. Deyəsən, sözlü adama oxşayırsınız. — Kişinin bu sözləri Elməddinin qırışığını açdı və o, lütfkarlıqla göstərilən stulda rahatlandı.

Elməddin çətinliklə dilləndi:

– Əgər səhv etmirəmsə, siz ağayi Rəhgüzərsiniz?

– Bəli... Tanış olaq. — Qalxıb Elməddinə əl verdi, — Məhəmməd Şəfi.

– Elməddin!

Məhəmməd Şəfi Elməddinin əlini buraxmamış:

– Elməddin? — deyə xəbər aldı.

– Bəli.

– Adınız mənə tanış gəlir.

– Qəzetinizdə bir-iki şerimi dərc etmişdiniz. Bəlkə ordan yadınızda...

– A, yadıma düşdü. Xoş gördük, ağayi Elməddin. — Məhəmməd Şəfi üzündə xoş təbəssüm əlavə etdi, — igidin adını eşit, üzünü gör.

– Lütf edirsiniz, ağa!

Hər ikisi əyləşdi. Elməddinin ağayi Məhəmməd Şəfi Rəhgüzərin onu belə mehriban qarşılamasına görə sevincinin hüdudu yox «Pərçəm»in idarəsi. idi. Ürəyinin guppultusunu özü eşidirdi. Azca qabaq bütün vücudunu çulğamış məyusluq, ümidsizlik, üzünü birinci dəfə gördüyü Məhəmməd Şəfinin mehribanlığı qarşısında əriyib yox olmuşdu. Elməddin onun adını çoxdan eşitmişdi. Qəzetlərdə, jurnallarda çıxan şerlərini, kitablarını oxumuşdu. O, şer-sənət həvəskarlarının qiyabi sevimlisinə çevrilmişdi. Şəxsən Elməddin onu adi bir insandan daha çox, ilahi bir varlıq kimi təsəvvür etməyə çoxdan alışmışdı. Bir zamanlar şairi görmək arzusu ilə yaşayan Elməddin indi gözlərinə inanmaq istəmirdi ki, onunla üzbəüz oturub, səsini eşidir, sözlərinə qulaq asır. Bəli, bu, Elməddin üçün gözlənilmədən baş vermiş bir möcüzə idi. Və o, bunun həqiqət olduğuna hələ də inana bilmirdi.

– Məktublar şöbəsinin müdiri sizin şerləri gətirib mənə verəndə düzü, əvvəl baxmaq istəmədim. Çünki bizə o qədər elə məktub gəlir ki, saysız-hesabsız; xüsusilə şer. İndi özün bilirsən, şerə qarşısıalınmaz güclü bir axın var. Bunun özü yaxşı haldır, onların içindən gələcəkdə üç-dörd yaxşı şair çıxsa, ədəbiyyatımız üçün xeyirdir. Bunları seçmək, saf-çürük eləmək gərəkdir. Ona görə ki, bəziləri şairliyi şöhrət hesab eləyib əlinə qələm alır. Açığını deyim ki, şöhrətpərəst adamların şair ola biləcəklərinə mən əsla inanmıram. Amma onların içində əsl sənət eşqi ilə, əsl xalq məhəbbəti ilə yanan adamlar da az deyil. Bax, belələrini seçib üzə çıxarmaq, xalqa təqdim etmək bizim əsl borcumuzdur. Düzünü istəsən, sənin yazıların hələ fikir, əqidə nöqteyi-iəzərdən bitkin deyildi, onları çap etməmək də olardı. Ancaq o yazılarda ürəkdən gələn, ürəyi isindirən bir səmimiyyət duyulduğu üçün mən onları qəzetimizdə üzə çıxartmağı faydalı bildim.

– Mən sizə öz təşəkkürümü, minnətdarlığımı bildirmək üçün söz tapa bilmirəm, ustad.

– Bizim borcumuzdur. Əkər sən bizim qəzeti mütaliə edirsənsə...

– Həmişə, ustad. Düzdür, qəzet-jurnal bizim yerlərə gec gəlib çıxır, ancaq oxuyuram.

– Bəli, bizim qəzetimizin istiqaməti başqa qəzetlərə — məsələn, dövlət qəzetlərinə nisbətən fərqlidir. Dövlət qəzetləri hökumətin siyasətini — yaxşı oldu, pis oldu, əyri oldu, düz oldu, fərqi yoxdur — müdafiə eləyir. Qələm əhli, qəzet, jurnal, radio ki yalan danışdı, həqiqətin üstünə pərdə çəkdi, onların olmağındansa olmamağı yaxşıdır. Mən özüm şəxsən əqidəsi, məfkurəsi xilafına yazı yazan şairləri, yazıçıları, jurnalistləri xain hesab eləyirəm. Belələri bu gün öz əqidəsi-nə, ürəyinə xəyanət eləyirsə, sabah xalqa, vətənə xəyanət eləyəcək. Mən və mənim qələm yoldaşlarım qarşımıza məqsəd qoymuşuq ki, bu savadsız, kasıb, biçarə millətin gözünü açmaq üçün əlimizdən gələni əsirgəməyək, onlara acı həqiqəti deyək.

– Deyirlər həqiqət qılıncdan iti olur, ustad.

– Həm də zəhər kimi acı olur, Elməddin.

– Qırx ildən yuxarıdır ki, biz azadlıq əldə etmişik. Amma biz azadıqmı? Biz xariciləri qovduq məmləkətimizdən. Amma aclığı, səfaləti qova bilməmişik, alçaqları, xainləri yox edə bilməmişik, rüşvətxorluğu, qohumbazlığı, özbaşınalığı qova bilməmişik, Elməddin.

– Tamamilə düz buyurursunuz, ustad.

– Qırx il bundan qabaq ata-babalarımızın xariciləri məmləkətdən çıxartmağa yönəldilmiş qılıncını iidi biz daxili düşmənlərimizə qarşı itiləmişik və nə qədər ki namus, qeyrət bizi tərk etməyib, biz bu mübarizəni davam etdirməliyik.

Məhəmməd Şəfi sözünə ara verdi, papirsu yandırdı və acı tüstünü acgözlüklə sinəsinə çəkdi; sanki içərisi alovlanırdı, atəşini tüstü ilə söndürmək istəyirdi, Bunu gərək bizim cavanlarımız, rövşənfikirlərimiz başa düşsün, anlasın... — o, ah çəkdi və ani sükutdan sonra: — Nə isə, mətləbdən uzağa düşdük. — dedi.—Yəqin yenə şer gətirmisiniz?

Elməddin bayaqdan Məhəmməd Şəfi danışdıqca fikərləşirdi ki, onun nə böyük ürəyi var, o nələr haqda düşünür.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Üçüncü hissə, on səkkizinci fəsil

Elməddin döyülmüş, əzgin adam kimi yataq otağına girdi, soyunub çarpayısında uzandı, üzünü də, kədərli və dilxor vaxtlarında olduğu kimi, divara çevirdi. Simin yanına gələndə onu uzanmış görüb təəccübləndi.– Bıy, sən təzədən yatdın? Elməddin çevrilmədən;

13 dəq
Üçüncü hissə, on doqquzuncu fəsil

Əfsanə son dərəcə mürəkkəb, ziddiyyətli, sevinc dolu, eyni zamanda kədərli, illərdən bəri arzuladığı, can atdığı, indi isə baş çıxara bilmədiyi, anlamadığı, buna görə də qaçmaq istədiyi, lakin niyə, hara, kimin yanına qaçacağını bilmədiyi dolaşıq bir aləmə düşmüşdü. Bu aləm onun üçün maraqlı idi, yeni idi. Bu aləmdə hamıdan — Reyhan anadan da, Şahindən də gizli saxladığı xəyal dünyasının baş qəhrəmanı — Elməddin yaşayırdı; o Elməddin ki, həsrətini çəkə-çəkə ömrünün ən əziz, ən şirin bir parçasına çevrilmişdi — bax, həmin Elməddini tapmışdı Əfsanə. Bu evə qədəm basanacan onun üçün ancaq bir məsələ mövcud idi. Elməddini görmək, onunla danışmaq, onun gözlərinə baxmaq... vəssalam. Daha sonra nə olacaqdı, nə ola bilərdi — bunlar barədə düşünməmişdi Əfsanə. Ancaq indi görürdü ki, yox, bu görüş o fikirləşdiyi qədər də asan deyilmiş — burda neçə-neçə həlli müşkül suallar varmış! Əfsanə Elməddini görüb toxtamışdı, qəlbini illər boyu sıxıb əzən həsrətiqubarı azalmışdı. Aşkarda, xəlvətdə, Əfsanə Elməddinə çox baxmış, gözünün həsrətini öldürmüşdü. Amma yenə narahat, yenə nigaran idi. Həyatda insaflı, mürüvvətli olmağı hər şeydən üstün tutan və insanlardan da çox zaman bunu uman Əfsanə Elməddinin, o, evdən çıxıb gedəndən sonra başına gələnləri, çəkdiyi əziyyətləri, mənəvi əzabları gecələr yatağına uzananda da, tək qalanda da götür-qoy eləyir, ölçüb-biçir, onun haqlımı, haqsızmı olduğunu müəyyən etməyə çalışır gah haqq qazandırır, gah da ittiham edirdi. Həyat bir dənizdi — onun nəzərində, — bu dənizin fırtınalı qoynuna düşən adam məhv də ola bilər, yarımcan halda özünü birtəhər sahilə də çatdıra bilər — dəyişib əclaf da, yaxşı insan da ola bilər. Bəli, həyat, bir-birinin dalınca qanad açıb sürətlə uçan illər insanın tək zahirində, saçlarında, üzündə əl gəzdirmir, o eyni zamanda insanın ürəyini də, hisslərini də yonub-baltalayır, ya büllurlaşdırır, ya kobudlaşdırır — axırı ki, nə isə dəyişilir, nə isə ölüb gedir, nə isə doğulur! Əfsanə ömrünün-gününün elə vədəsini yaşayırdı ki, dünyanın kitablara yazılmamış bu hikmətini başa düşürdü və bu mizanla Elməddinə baxanda onda müəyyən dəyişikliklər görürdü. Bunu, əlbəttə, təbii sayırdı Əfsanə. Elməddin kişiləşmişdi, Elməddin artıq uşaq atası idi, onun indi özünə görə adısanı vardı. Kənddə beş-on adamın tanıdığı, qardaşının haqqını tapdadığı və böyük-kiçik gözlədiyinə görə məhəbbətini belə dilinə gətirməyən, üstünə su səpilmiş ocaq kimi korun-korun yanan, başıaşağı Elməddin deyildi. Elməddin, Siminin də danışdığına görə, özünün də müşahidə etdiyinə görə, qarşısına nə isə çox ali, uca bir məqsəd qoymuş, bu yolda həbsxanalardan, ölümündən belə çəkinməyəcəyinə and içmiş tamamilə yeni bir adama çevrilmişdi. İndi onun, dünən Əfsanənin tapılması münasibətilə nə qədər xərc çəkib təşkil etdiyi böyük qonaqlıqda gördüyü kimi, necə də şan-şöhrətli, mehriban əqidə-məslək dostları vardı ki, Elməddin onlarla fəxr eləyirdi. Şəfi kimi böyük sənətkarın dostu olmaq məgər hər kəsə nəsib olan səadət idi? Əfsanə özü də, dünəndən bəri Elməddinin bu cah-cəlalına baxıb uşaq kimi sevinirdi və düşünürdü ki, Elməddinin bu mərtəbəyə gəlib çıxmasında hardasa, nədəsə onun da kiçik bir payı var. Ya bəlkə heç yox idi? Olsa da, olmasa da, Əfsanə Elməddinin bu gününə, bu məqamına baxıb fərəhlənirdi. Ancaq, hiss edirdi ki, bu fərəh azdı, onun qəlbindəki boşluğu doldura bilmir, kədəri, qüssəni tamam silib apara bilmir — bu onu ağrıdırdı. Nəydi bu boşluq, nədəndi? Heç özü də düz-əməlli baş çıxarda bilmirdi. Bax, buna da sevinirdi ki, Elməddinin indi Simin kimi mehriban, ağıllı, həssas yoldaşı var, inanırdı ki, Simin ona qəlbən bağlıdı, onu xoşbəxt edib. Gül parçası kimi Əfsanəsi var Elməddinin! Siminin təkidiylə bu adı seçiblər! Bunlar az idi? Hələ, Simin ona öz bacısı kimi baxır: bir «bacı» deyəndə, necə deyərlər, beşi də ağzından düşürdü — o gün bazara apardı, Əfsanəni təpədən-dırnağa bəzəndirdi, geyindiribkeçindirdi. Bunu kim edərdi? Hətta doğma qardaşarvadı da eləməzdi! Bütün bunlar da hardasa sevinc idi, fərəh idi, dərindən düşünəndə adamı mütəəssir edir, göz yaşardırdı. Lakin... lakin həmin boşluq dolmurdu, həmin o adsız qüssə-kədər çəkilib getmirdi, aman allah!Neçə gündü burda idi, öz ürəyinə də baxırdı, Elməddinin, Siminin ürəyinə də. Öz ürəyini görə-görə baş çıxara bilmirdi — Siminin, Elməddinin sözlərini eşidirdi, hərəkətlərini görürdü, gözlərini görürdü. Elməddin, şübhə yox idi ki, bu günlərdə çox tutulmuşdu, kədərli idi — gah üz-gözündən sevinc yağırdı, gah da fikir dəryasına qərq olurdu. Yaz havasına bənzəyirdi. Dolurdu, boşalırdı. Demək olar ki, bir gözü ağlayırdı, bir gözü gülürdü Elməddinin. Deyirdi. Danışırdı, qonaqlıqda şer söyləyirdi, ancaq Əfsanə bütün bu hərəkətlərin, sözlərin, hətta səsinin, gülüşünün arxasında ən həssas adamların duya biləcəyi bir nisgil, bir qüssə oxuyurdu. Özü də Əfsanə anlayırdı ki, bu sınıqlıq, bu qırıqlıq Elməddində o, onu «vəfasız» adlandırandan sonra əmələ gəlib. «Gərək belə deməyəydim— dilim quruyaydı, lal olaydım, gərək belə deməyəydim» — deyərək peşmançılıq hissi keçirirdisə də, əli heç yana çatmır, yanıb yaxıla-yaxıla qalırdı.

8 dəq
Dördüncü hissə, birinci fəsil

Reyhan nənə qapını itələyib açmaq istəyəndə qarşısında ağappaq bir adam görüb səksəndi və:– Bismillah!—dedi. Qar adam arvadın qorxduğunu o dəqiqə

11 dəq
Dördüncü hissə, ikinci fəsil

Gecədən xeyli keçmişdi. Ətraf da, kiçik həyət də, iki kiçik pəncərəsindən işıq gələn tək otaq da bayırdakı qar kimi yumşaq bir sükut içində mürgü vururdu. Təkcə küncdəki dəmir buxarı üstündəki kiçik bir çaydan aramla öz «mahnısını» oxuyurdu. Bəbir bu axşam sükunətinə qərib bir həzinlik gətirən zümzüməni dinləyə-dinləyə sol əlini alnına qoyub miz arxasında işləyirdi. Bu, həmin otaq idi ki, atasından küsüb ayrılandan sonra kirayələmişdi, neçə il burda tək-tənha yaşamışdı, kişi ilə barışandan sonra isə həmin xudmann otağı əldən verməmiş, oranı özü üçün ehtiyat iş mənzili eləmişdi. Yazmaq istəyəndə, tək qalıb düşünmək istəyəndə o bura çəkilir, bəzən günlərlə çölə çıxmırdı. Belə hallarda Hikmətəli axşamlar onun yeməyini, içməyini hazırlayıb bura gətirir, qapıdan verib gedirdi. Bəbir bəzən gizli iclaslarını da burada keçirirdi.Bu axşam saat səkkizdə stol arxasında idi. Bel-buxunu, qələm tutan barmaqları ağrıyırdı. Yorulduğunu hiss eləyib qələmi yerə qoydu, şirincə gərnəşdi. Çaydanın cızıltısı güclənmişdi, «Bir piyalə qəhvə içmək pis olmaz!» — deyə fikrindən keçirirdi, ayağa qalxmaq istəyirdi ki, küçəyə baxan, qalın pərdəli pəncərənin şüşəsi astaca döyüldü. Qeyri-iradi pəncərəyə sarı boylandı, özündən asılı olmayaraq bədənindən soyuq bir gizilti axıb keçdi. Gecənin bu vaxtı kim ola bilər! Ürəyinə gəldi ki, ya Şəfidi, ya Ziyaülhəqdi. Yox, ola bilməzdi — çünki onlar gündüz burda idilər, Hikmətəli? O da bir az əvvəl gedib! Başqa buranı heç kəs tanımır! Demək kimdisə yad adamdı. O tez stolun üstəki vərəqləri büküb xalçanın altına təpdi, Leninin kitabını rəfdəki kitabların arasında gizlədi və sonra bu hərəkətinə özü də güldü: «Guya onlar gəlsələr bunları axtarıbtapmayacaqlar? Eh, boş şeydi», — deyib iki pəncərənin arasına gəldi və şüşənin qabağına keçmədən (hər ehtimala qarşı, birdən vurarlar!) yavaşca xəbər aldı:

10 dəq

Başqa şairlərin şeirləri