Üçüncü hissə, on səkkizinci fəsil
Səhifə 1 / 2
Elməddin döyülmüş, əzgin adam kimi yataq otağına girdi, soyunub çarpayısında uzandı, üzünü də, kədərli və dilxor vaxtlarında olduğu kimi, divara çevirdi. Simin yanına gələndə onu uzanmış görüb təəccübləndi.
– Bıy, sən təzədən yatdın? Elməddin çevrilmədən;
– Hə, — dedi, — yuxudan doymamışam.
– Yaxşı, yat, dincəl...
Ani sükutdan sonra Elməddinin gər səsi eşidildi:
– Pul götür, Simin, o qızı da sal yanına, çıxın şəhərə, ona yaxşı, özü bəyənən əyin-baş al, ayaqqabı, corab... Nə lazımsa...
– Sən də getsəydin, yaxşı olardı, Elmi.
– Yox, onsuz da mənim başım elə şeylərdən çıxmır. Körpəni də götürün, qoy bir az hava dəysin...
– Yaxşı!
Əfsanə getmək istəmirdi. O da Elməddin kimi öz otağında uzanmışdı. «Bunlara nə olub?» — deyə Simin ürəyindən keçirdi və bir şey başa düşməyib təklifində israr etdi.
– Tənbəllik eləmə, bacı. Hava da yaxşıdı, çıxaq bir az şəhəri gəzək, həm də bəzi şeylər alacağıq. İstəyirəm sən də yanımda olasan. Elməddin dedi ki, səni də götürüm.
Əfsanənin həvəsi heç olmasa da, naçar qalxdı. Simin balaca Əfsanəni də geyindirib qucağına almışdı. Çöl darvazanı örtüb çıxanda Əfsanə əllərini irəli uzadıb:
– Ver adaşımı mən götürüm! — söylədi. Simin körpəni ona verdikdə Əfsanə onu oxşadı, üzündən öpdü: — Sən mənim qəşəngimsən, zərifimsən, ceyran. Sən də xalanı maç elə. Bax, belə, mən səni maç eləyən kimi. Ay sağ ol, ay sağ ol. — Uşağın onu öpməyindən sevinən və əhvali-ruhiyyəsi tamam dəyişən Əfsanə körpəni sonsuz bir istəklə bağrına basdı və təzədən qırmızı yanağından öpdü. Əfsanə böyrüncə addımlayan, bu iki Əfsanənin hərəkətlərinə fikir verib sevinən Siminə üzünü çevirib:
– Anası, atası kimi mehribandır, Allah saxlamış! — dedi.
– Mehriban olasan, xalası, sağ ol.
Onlar gəzə-gəzə, söhbət edə-edə küçədən-küçəyə, dükandan-dükana adlayırdılar. Keçdikləri küçəni, gördükləri binanı Əfsanəyə tanıtdırmaqla Simin onun fikrini dağıtmağa çalışırdı.
– Bura Ləbi-dərya deyirlər. Kabil çayı budur. Suyu az olur, yazbaşı dağlarda qar əriyəndə az-maz suyu olur, qalan vaxtlar, sızqa bulağa oxşayır.
– Mən elə bilirdim Kabil çayı nəhəng bir çaydır. Bizim Daşlı çaydan da nəhəngdir. Sən demə...
– Bu, mərkəzi poçtxanadır. Onun qabağında cəm olan adamlar da cürbəcür şəkillər, açıqcalar satırlar.
– Hm.
– Bax, o geniş meydanın o tərəfindəki mücəlləl binanı görürsən, ora «Ərke-şahi»dir — əlahəzrət orada yaşayır.
– Hə? — Əfsanə o tərəfə boylandı və yadına düşdü ki, neçə gün bundan qabaq həmin binanın yanından keçib. Gör ha, heç bilməyib ki, əlahəzrət orada yaşayır.
– Şəfi — Elməddinin ustadı bura gəlmişdi də. Əlahəzrətin özüylə oturub söhbət eləmişdi neçə saat. Sonra ruznamələrdə şəkilləri çıxmışdı.
– Şəfi kimdi?
– Şəfini tanımırsan? Böyük şairdi, bacım, Elməddinin ustadıdı
– onun bu mərtəbəyə gəlib çıxmasına o kömək eləyib. Böyük qardaş kimi, ata kimi xətrini çox istəyir Elməddin. Bizdə evdə neçə kitabı var — verərəm oxuyarsan. Biçarəni az qala öldürüb balalarını yetim qoymuşdular. Anası namaz üstə imiş, tikəsi ovsanaya düşüb, sağ qaldı.
– Niyə öldürürlər ki, onu?
– Bilirsən, o da, Elmi də, onların böyükləri var — Bəbir, Nur Məhəmməd — bunlar hamısı istəyirlər ki, bu dünyanı uçurtsunlar.
– Bu dünyanı uçurtsunlar? — Əfsanə uşağı sağ döşünün üstünə alıb, təəccüblə soruşdu, — necə yəni dünyanı uçurtsunlar, bacı?
Simin güldü:
– Mən də əvvəl sənin kimi təəccüb elədim. Sonra başa düşdüm əsl mətləbi.
– Nədi ki, əsl mətləb?
– Əsl mətləb budu, Elmi deyir biz ki bu cür yaşayırıq, bu düz deyil. Ədalətsizlik üstündə qurulub bizim məmləkətdə insan yaşayışı. Biri toxdu, beşi acdı. Birinin beş imarəti, min cərib torpağı var, yüzünün, mininin başını daldalamağa daxması da yoxdu, o, quldu, nökərdi. Bax bu cür dünya onların — Şəfigilin, Elmigilin xoşuna gəlmir. Onlar bax bu dünyanı uçurtmaq istəyirlər. Hamının bərabər, hamının xoşbəxt olması üçün əlləşirlər. Odur ki, başda oturanlar da bunları məhv etmək istəyirlər. Bax, Şəfi iki dəfə, Bəbir üç dəfə, Nur Məhəmməd altı dəfə, Elmi iki dəfə həbs olunub. Şəfini öldürmək istəyiblər — gözünü çıxardıblar. Elminin qolunu qırıblar. Bir yoldaşları var — Mir Xeybər Əkbər, onu da uzağa, Paktiyaya bir növ sürgün ediblər.
– Belə de... İndi başa düşdüm.
– Ona görə bizim adamların taleyi həmişə tükdən asılıdı — hər dəqiqə ölüm, hər dəqiqə həbs gözləyə bilər onları.
– Hm. Başa düşdüm.
– Mən də əvvəl heç nə başa düşmürdüm. Zərrintac — Elminin keçmiş arvadı deyirdi ki, sənə nə düşüb axı, ay Elməddin! Onda mən ona şərik idim. Amma sonra Elmi məni başa saldı ki, bu işi sən görmə, mən görməyim — bəs kim görməlidir? Onda ağlıma batdı, bacı. Onda anladım ki, Elmi böyük adamdı — buna sevindim, bacı. Ona olan hörmətim, məhəbbətim birə on qat artdı...
—…
– Ancaq bunları heç kəsə demə, bacı. Səni özümünkü hesab eləyirəm, ha!
– Nə danışırsan, Simin? Mən...
– Bilirəm, deməzsən. Hər ehtimala qarşı deyirəm... hə, bax, bu Qari-Aman mağazasıdı. Burda nə desən tapmaq olur — hamısı da xarici maldı. Bir bura girək, görək təzə nə var, nə yox...
Mağazaya girdilər. Şüşə vitrinləri cürbəcür göz qamaşdıran reklamlarla bəzədilmiş Qari-Aman mağazası doğrudan da çox zəngin idi. Uzun salon dövrələmə müxtəlif qadın, kişi paltarları, ayaqqabı, parça, ətriyyat şeyləri ilə dolu idi. Piştaxtaların arxasında dayanmış cavan oğlanlar alıcılara can-dildən qulluq eləyir, şirin alver gedirdi. Döşəmə o biri dükanlar kimi çirkli deyildi, süpürülüb su çilənmişdi. Haradasa qoyulmuş maqnitofondan hind musiqisi eşidilirdi. Elə gözəl və səliqəli idi ki, girən çıxmaq istəmir, yubanır, nə isə almağa həvəs göstərirdi.
Simin özünü irəli verdi, ömründə belə zəngin mağaza görmədiyindən ağzı açıla qalmış Əfsanənin böyrünə toxunub dalınca gəlməyinə işarə elədi — qadın paltarları asılmış şöbənin qabağına çatdılar. Xeyli götür-qoydan sonra, Əfsanənin etirazlarına baxmayaraq, iki dəst yaxşı, bahalı parçadan tikilmiş don, baş örpəyi, ayaqqabı, alt paltarı, corab aldılar. Oğlan alınan şeyləri səliqə ilə büküb bağladı, Simindən pulunu alıb təşəkkür elədi.
Mağazadan çıxdılar, tələsmədən, asta addımlarla evə sarı üz tutdular «Spinzər-hotelin» yanından keçəndə birdən Simin ayaq saxladı, Əfsanənin qoluna toxunub:
– Bir ora bax! — dedi.
– Hara?
– O maşını görürsən? Balaca, ağ maşını deyirəm ey.
– Hə. hə.
– İçəridə, sükan arxasında oturan o qıza yaxşı-yaxşı bax! Gör tanıya bilərsən?
Əfsanə beş-altı addımlıqda dayanmış ağ maşını tapdı, içəridəki qızı gözü aldı. Kim idisə, sarı saçlarını açmışdı, çiyninə tökmüşdü. Maşından musiqi sədaları ətrafa yayılırdı.
Əfsanə tanıya bilmədi.
– Kimdi ki o?
– O... Elminin keçmiş arvadıdı, Əfsanə. Zərrintac xanım dediyim budur də. Səni «xoş» qarşılayan, ağayi Siracəddinin yanına göndərən, sənin haqqında Elməddinə o məktubu yazan qadın budur.
– Hə? — Bu zaman Zərrintac, adət etdiyi kimi, başını yırğalayıb saçlarını tərpətdi, Əfsanə birdən söylədi: — Hə, düz deyirsən, özüdü ki, var. Məni elə qarşıladı, dindirdi ki, mən dedim yazığı gəldi mənə. Sən demə, arada iş varmış. Sən demə, iblis məndən Elməddinin hayıfını çıxmaq istəyirmiş. Mən də nə bilim, sevinə-sevinə, razılıq eləyə-eləyə getmişəm. Allah o arvadın atasına rəhmət eləsin. O olmasaydı, mən məhv olmuşdum...
Əfsanə nə fikirləşdisə, birdən uşağı Siminin qucağına atdı:
– Bir bunu tut, onun üzünə tüpürüb gəlirəm, — dedi. Simin həyəcanlandı, canına qəribə bir qorxu düşdü və bu qorxu altında Əfsanənin qabağını kəsdi:
– Səni and verirəm allaha, bacı, getmə. İşin olmasın. Allah onun cəzasını onsuz da verib. Dəymə. Ondan xeyir gəlməz bizə.
– Qoy gedim, Simin. Qorxma, heç nə olmaz.
– Sən Elminin canı, getmə, Əfsanə.
Əfsanənin ayaqları süstəldi. Dayandı. Bağlamanı Siminin əlindən aldı, qəzəbini içində udsa da;
– İmkanım olsaydı, onu bu saat parçalardım, — deməkdən özünü saxlaya bilmədi. Ancaq bu zaman qəribə bir hadisə oldu — heç kəsin gözləmədiyi yerdə, Zərrintac xanım maşının qapısını açdı, yerə düşüb düz onlara sarı gəlməyə başladı. Bunu görən Simin çaşdı. Sən demə, Zərrintac xanım uzaqdan Simini tanıyıbmış. Onlar yerindən tərpənməmiş, Zərrintac xanım özünü yetirdi.
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-ayriligin-sonu-yoxmus-ucuncu-hisse-on-sekkizinci
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ağayi Nəcməddin ayaq üstə zorla dayanırdı. Özünü yaşıl rəngli qapıya birtəhər yetirib şişman-kobud barmağını zəngin düyməsinə basdı. Uzun və cingiltili səs otağı başına götürdü. İçəridən tələmtələsik tərpəniş, çarpayı cırıltısı eşidildi. Ağayi Nəcməddinin fikrincə, qapı gərək tez açılaydı. Dünya xanımın bu qədər ləngidiyi olmamışdı. Ağayi Nəcməddinin ürəyinin lap dərinliyində gizlənmiş şübhə hissi əcaib bir ağrı ilə yenə baş qaldırdı: «Bəlkə içəridə ayrı adam var?!» Gözləri axan kişi sağ əlini dal cibində gəzdirdiyi balaca tapançaya toxundurdu və ayıq, soyuq bir mühakimə ilə pıçıldadı: «İkisini də öldürrəm». Ağayi Nəcməddinin yaşı altmışı haqlamışdı. Özündə cavanlıq gümrahlığı hiss etdiyi, gündə iki-üç məşuqəsinin yanında olduğu və hamısının da, könlünü oxumayıb aldığı vaxtlar arxada qalmışdı. Bədəninin əzaları uzun middət işlənib sürtülmüş maşın hissələri kimi yavaş-yavaş laxlayıb əldən düşürdü; bədən illərin yağışı-qarı altında qalmış əzəmətli divar təkin quzulayıb uçulur və əvvəlki görkəmini, davamlılığını asta-asta itirirdi. Daha onu heç bir mahir usta heç nəyin gücünə öz əvvəlki halına gətirə bilməzdi, təmir edə bilməzdi. Bu acı və soyuq duyğu özünü büruzə verdikcə ağayi Nəcməddinin əli-ayağı buza dönür, cavanlığı, milyonların da kücünə geri qaytarmaq mümkün olmadığını dərk edir və acı təəssüflə qüruba doğrü əyilən taleyinə dərin bir sükut içində baxırdı.Dünya xanım məhz bu zaman — ağayi Nəcməddin öz ürəyində doldurulması mümkün olmayan boşluq hiss etdiyi günlərində ona rast gəlmişdi. Üç il bundan qabağın söhbəti idi. Mötəbər bir qonaqlıqda çoxdan tanıdığı ağayi Siracuddövlə yeyib-içib hallanandan sonra ağayi Nəcməddini kənara çəkib söhbətə tutmuşdu:
Üçüncü hissə, on birinci fəsilElməddin tamam yeni bir aləmə düşmüşdü; cəmi bir neçə həftə bundan irəli az qala əl açıb dilənmək ərəfəsində olan Elməddin indi külli-ixtiyar sahibi idi; demək olar ki, ağayi Nəcməddinin bütün varyoxu, gəliri-çıxarı onun əlində idi. Bəzən özünün gözlənilmədən belə bir məqama gəlib çatdığına özü də inanmaq istəmirdi. Hər şey ona yuxu kimi görünürdü. Böyük binada yerləşən «Nəcməddin dəftər»də xüsusi kabinetdə otururdu. Əlinin altında iki telefon qoyulmuşdu. Kabinetin qapısında dayanmış qulluqçu kişi o, içəri girəndə də, çölə çıxanda da baş əyib təzim eləyirdi: Yanına qonaq—müştəri tacir gələndə həmin kişi ədəblə qapını döyüb icazə alandan sonra limonlu çay gətirib ortalığa qoyurdu.«Dəftər»in bütün işçiləri ona hörmət edirdilər. Çünki ağayi Nəcməddin onu buraya gətirib işçilərə təqdim eləyəndə açıqca demişdi:
Üçüncü hissə, on ikinci fəsilRəhgüzərlə Elməddinin dostluğu şəxsi dostluq çərçivəsindən çıxıb yaradıcılıq dostluğuna çevrilirdi. Məhəmməd Şəfinin söhbətlərinə qulaq asmaqdan doymur, hər sözünü yadda saxlamağa çalışır, evə qayıdandan sonra da fikrən, xəyalən Rəhgüzərlə söhbətini davam etdirirdi. Düşünürdü ki, yaxşı eləyib kənddən şəhərə gəlib. Orada, əldən-ayaqdan, siyasi hadisələrdən uzaq yerdə qalsaydı, elə həmin Elməddin idi; ancaq indi o özündə çoxlu dəyişiklik hiss edirdi. Gözü xeyli açılmışdı; mütaliə dairəsi genişlənmişdi. Təkcə Rəhgüzərin evindəki kitabları, ağayi Nəcməddinin kitabxanasındakı cildləri oxumaqla kifayətlənmir, özü də xoşu gələn əsərləri kitab mağazalarından alıb mütaliə edirdi.Rəhgüzər qəzetin səhifələrində onun yazılarına geniş yer verirdi. Demək olar ki, qəzetin hər iki-üç nömrəsindən bir Elməddinin yazısı dərc edilirdi. Bu onu yamanca fərəhləndirirdi. Çap olunmuş şerlərini, hekayələrini səliqə ilə kəsir, ayrıca qovluğa yığırdı. Boş vaxtlarında onları qabağına qoyub baxmaqdan özgə ləzzət alırdı. İmzasını gördükcə elə bil, ona dünyanı bağışlayırdılar.
Üçüncü hissə, on üçüncü fəsilHavalar isti keçirdi. Səhər saat ondan ta üçə qədər elə bürkü olurdu ki, nəfəs almaq çətinləşirdi. Bütün günü göynəkdə gəzən adamlar günəş qüruba doğru əyilən kimi, hava birdən-birə soyuduğundan pencək geyməli olurdular. Şəhəri üzük təki əhatə eləmiş dağlardan soyuq axıb üzü aşağı gəlirdi. Gecələr isə adam əməlli-başlı üşüyürdü...Saat beşə qalmış Elməddin işdən çıxdı. Çoxdan piyada gəzmədiyini xatırlayıb sürücünü qaraja göndərdi, özü isə əlində tutduğu açarları oynada-oynada asta addımlarla yaşıl küçə ilə evə sarı yönəldi. Elə bir təcili işi yox idi, beynində yorğunluq hiss eləyirdi. Şəhərdə gəzib-dolanmaq, azacıq dincəlmək istəyirdi. Anasından cavab almadığına görə həddən artıq nigaran olan Elməddin nə idarədə, nə evdə rahatlıq tapa bilirdi. O biri yandan da Əfsanənin fikri onu kölgə kimi izləyirdi; həmişə gözlərilə onu axtarır, bir gün, bəlkə elə bu şəhərdə rastlaşacaqlarına inanırdı. Məhz bu inam onu üzürdü, qərarını əlindən alırdı.
Başqa şairlərin şeirləri
Hərimi-bəzmi-vəsl yarə məhrəm çün rəqib oldu,Mənə ol bəzmdən məhrumluq daim nəsib oldu
Gəlib gedibEy dil, cahana gör neçə kəslər gəlib gedib,Təqrirlə bəyandan əksər gəlib gedib
Mərdlər, namərdlərDünyadakı dərdləriÇəkər dünya mərdləri.
Yaşa, hayıfsanBir gözəl qadına heyran qalmışam,sağ ikən, ölənə həsəd çəkirdi.