Elməddin tamam yeni bir aləmə düşmüşdü; cəmi bir neçə həftə bundan irəli az qala əl açıb dilənmək ərəfəsində olan Elməddin indi külli-ixtiyar sahibi idi; demək olar ki, ağayi Nəcməddinin bütün varyoxu, gəliri-çıxarı onun əlində idi. Bəzən özünün gözlənilmədən belə bir məqama gəlib çatdığına özü də inanmaq istəmirdi. Hər şey ona yuxu kimi görünürdü. Böyük binada yerləşən «Nəcməddin dəftər»də xüsusi kabinetdə otururdu. Əlinin altında iki telefon qoyulmuşdu. Kabinetin qapısında dayanmış qulluqçu kişi o, içəri girəndə də, çölə çıxanda da baş əyib təzim eləyirdi: Yanına qonaq—müştəri tacir gələndə həmin kişi ədəblə qapını döyüb icazə alandan sonra limonlu çay gətirib ortalığa qoyurdu.

«Dəftər»in bütün işçiləri ona hörmət edirdilər. Çünki ağayi Nəcməddin onu buraya gətirib işçilərə təqdim eləyəndə açıqca demişdi:

– Bu gündən sizin rəisiniz ağayi Elməddindir. Onu sevin və ehtiram edin. Mən şəxsən ona ixtiyar verirəm ki, kim yaxşı işləməsə, kim dikbaşlıq və etinasızlıq göstərsə vəzifəsindən azad etsin. — Nəcməddinin bu hədəsindən sonra hamı başını aşağı salıb öz işini görməklə məşğuldu. «Dəftər»in qapısı ağzında qara «Mersedes» markalı minik maşını dururdu. Bu, Elməddinin ixtiyarına verilmişdi. Səhər tezdən, saat səkkizdə maşın onun yaşadığı binanın qapısında dayanırdı. O, səhər yeməyini yeyib özünü səliqəyə salandan sonra çıxıb maşına minir, idarəyə gəlirdi.

Ağayi Nəcməddin Elməddin üçün yaxşı bir mənzil ayırmışdı. Hər şeyi vardı — soyuducusundan, yelpazəsindən tutmuş mebelinə, qab-qacağına qədər.

Elməddin üçün gözəl və rahat günlər başlamışdı. Bütün məsələləri o, Rəhgüzərə və Məleykə xanıma danışmışdı. Onlar o qədər sevinmişdilər ki. Xüsusilə Rəhgüzərin sevinci yerə-göyə sığmırdı. Yetim, arada-bərədə itib-bata bilən bir adamı ortalığa o çıxartmışdı. Yaxşılıq eləmişdi. Özü də adi bir adama yox, Elməddin kimi təmiz, qabil və istedadlı gəncə.

Məleykə xanım xəfif bir təbəssümlə gülümsəyərək:

– Zərrintacdan xoşun gəldi, Elməddin qardaş? — deyə soruşdu.

Elməddin Zərrintacın adı gələndə qızardı:

– Nə deyim, vallah.

– Ağayi Nəcməddinlə qohum olarıq, inşallah.

– O mənə qız verməz!

– Niyə vermir?—Rəhgüzər sözə qarışdı, — səndən artığına verəcək?

– Mən kasıb oğlanam.

– Daha kasıb deyilsən. Altında maşının, evin, yaxşı vəzifən. Daha nə istəyirsən?

– Bunların heç biri mənim deyil. Məleykə güldü:

– At kimindi, minənin!

İkinci dəfə görüşəndə Rəhgüzər Elməddinə qəzetin onun şerləri dərc olunmuş nömrəsini bağışladı.

Qara hərflərlə çap edilmiş şerlərini görəndə Elməddinin sevincdən gözləri yaşardı, ürəyi minnətdarlıq hissi ilə doldu və mehriban bir qardaş təki Rəhgüzərin boynunu qucaqlayıb üzündən öpdü:

– Ömrüm boyu sənə minnətdaram, ustad. Siz olmasaydınız mən məhv olub getmişdim. Sağ olun.

İndi onun şerləri tez-tez dərc edilirdi. Bunu görən Elməddin yazıb-yaratmağa daha çox həvəslənir, daha çox yazırdı. Evdə işləmək üçün hər cür şəraiti vardı. Ruhən, mənən sakitlik, dinclik tapmış Elməddin boş vaxtlarını mütaliəyə, yazı-pozu işinə sərf edirdi. Ağayi Nəcməddinin şer-sənət pərəstişkarı olması, onun əl-qolunu daha da açmışdı. Hərdən ağayi Nəcməddinin özü onun yanına gəlir, təzə şerlərini dinləmək istədiyini bildirirdi. Elməddin həvəslə yeni yazdığı şerlərini və hekayələrini ona oxuyurdu. Bu əsasda onların arasında qəribə yaxınlıq və dostluq yaranmışdı. Bəzi vaxtlar isə o, Elməddini evə dəvət edir, yeyib-içir, şənlənirdilər. Şer, musiqi, rəqs... bir-birini əvəz edir, tam asudəlik və qayğısızlıq içində keçən xoşbəxt dəqiqələr, saatlar ömrün xatirələr dəftərində əbədi həkk olunub qalırdı.

Zərrintacla görüşləri Elməddini həyəcanlandırırdı. Onun şuxluğu, zarafatcıllığı, atasından çəkinmədən ürəyinin sözünü deməsi oğlanın xoşuna gəlirdi. Elməddin həmişə onlara gələndə qızın üzündə sezilən açıq-aşkar sevinc, şadlıq oğlanın nəzərlərindən qaçmırdı. Elə bil o, həmsöhbət axtarırdı — Elməddin əlinə düşəndə evdən buraxmaq istəmirdi, müxtəlif vasitələrlə onun başını qarışdırmağa çalışırdı. Elməddin özü də hiss edirdi ki, bu, onu əyləndirir, ona görə tələsmirdi.

Zərrintac Məlalı litseyini bitirmişdi. Sonra heç yerdə oxumaq istəməmişdi. Atası onu hətta xaricə təhsil üçün göndərməyə çalışmışdısa da, qız razılıq verməmişdi:

– Nəyimə lazımdır? — demişdi. — Ömrümün on yeddi ilini oxumağa sərf etmək istəmirəm. On iki il oxumuşam bəsdi. İndiki ağlım olsaydı, bunu da etməzdim.

Elməddinin şairliyi demək olar ki, onu az maraqlandırırdı. «Şer-filan cəfəngiyatdır»—deyə düşünən Zərrintac Elməddin şerlərini oxuyanda, sakit, durğun baxışlarla onu süzür və heç nə demirdi, – Qızım bu cəhətdən mənə oxşamayıb! —deyə bu soyuqluğu hiss eləyən Nəcməddin heyfsilənirdi, — şerə, sənətə marağı əsla yoxdur.

Elməddin fikrən onu bədbəxt Əfsanə ilə tutuşdururdu.

Əfsanə azsavadlı idi, lakin şeri sevirdi, Elməddinin yazılarını əzbər bilirdi. Amma bu... bunun üçün dünyanın ən böyük şairinin belə şah misrasını oxu, tükü də tərpənməz. «Nə olsun?» — deyər. Elməddin bu mənada ata ilə qız arasında böyük fərq olduğunu dərindən dərk etdikcə heyrətlənirdi.

Ağayi Nəcməddingildə olarkən Elməddinin qəlbini çulğamış qayğısız, arxayınlıq hissi öz hücrəsinə qayıdıb gələndən sonra tamamilə yox olub gedirdi. Təbiətcə düşünən və həssas olduğundan özündən asılı olmayaraq, tək qalan kimi onu fikir-qayğı götürürdü. Mənasız keçən anları, dəqiqələri o öz ömründən saya bilmirdi. Ağlına sığışdıra bilmirdi ki, Nəcməddin kimi, heç bir şey düşünmədən necə yaşamaq olar?

Nəcməddingildə eyş-işrət məclisində olarkən fikrində başladığı şeri evdə, gecəyarıdan keçəndən sonra tamamladı:

«Beynimdə bu gün
Nə bir duyğu, nə də ki, bir sual var!

Ürəyimdə heç bir ağrı hiss etmədən
Keçirirəm dəqiqələrimi.
Mənasız görünür mənə bu anlar.

Baxışlarımı da görən olsa
Yəqin ki, deyər: cansız bir büt baxışıdır.

Beyin qayğılı,
Ürək ağrılı yaxşıdır».

Nədənsə Zərrintacı görəndə, ya da onun barəsində fikirləşəndə Elməddinin yadına Əfsanə gəlib düşürdu. Məhzun siması, gözəl gözləri önündə cilvələnir və ona lal-dinməz halda baxırdı. Bu çöhrə, o baxış Elməddinə həmişə əzab verirdi. Əfsanə yox idi, amma onun dərdi, onun qayğısı Elməddinlə idi, onun ürəyində idi.

Elməddinin evdən çıxdığı altı aydan çoxdu. İndi yəqin Səbihə arvad nigarançılıqla ürəyini yeyirdi. Anasını dörd divar arasında tək qoyub qaçmaq onun üçün bağışlanmaz günah idi. Bunu o özü yaxşı dərk edirdi. Kağız-qələm götürüb anasına məktub yazdı: «Əziz ana!

Bilirəm mənim yolumu gözləyirsən. Əbəs yerə əziyyət çəkmə. Mən daha Ədnana qayıtmayacağam. Əfsanədən heç səs-soraq yoxdur. Mərkəzdə işə düzəlmişəm. Evi-eşiyi, torpağı sat, pulunu da gətir gəl yanıma. Şəraitim yaxşıdır. Səni səbirsizliklə gözləyirəm. Mən də sənin üçün darıxmışam, ana.

Qəryədar Qulama məndən salam söylə. Oğlun Elməddin».

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Dördüncü hissə, üçüncü fəsil

Puhəntunun qabağında böyük, ucu-bucağı görünməyən izdiham uğuldayırdı. Qar ərimişdi, yer palçıq idi. Ancaq heç kəs ayağının palçığamı, suyamı batdığına fikir vermirdi. Təkcə tələbələr deyildi, yoldan keçənlər də, siyasətdən, yığışıb mitinq eləyənlərin nə istədiyindən, bəzən sözlərindən də baş çıxarmayan boş-bikar adamlar da maraq üçün dəstəyə qaynayıb-qarışmışdılar. Can cana, kürək sinəyə, nəfəs nəfəsə toxunurdu. Əllərində ağlı-qaralı dəyənək tutmuş polis nəfərləri sakit-sakit durub baxırdılar. Haçandı şəhər də, polislər də belə mühazirə görməmişdi. Puhəntunun lap qapısı ağzında, həyətdə taxtadan qayrılmış mizə oxşar qurğunun üstünə çıxan natiqlər ucadan qışqıra-qışqıra danışır, ürəklərini boşaldanda, səsləri xırıldamağa başlayanda hoppanıb yerə düşür, onu başqa bir natiq əvəz eləyirdi. Danışanların sırasında adlı-sanlı professorlar da, cavan tələbələr də vardı. Hər çıxış edən özünün natiqlik bacarığını nümayiş elətdirir, dolu, məzmunlu cümlələrlə müəllimlərin, tələbələrin tələbini bəyan eləyir, kəskin şüarlar söyləyirdi. «Maaş artırılsın!» «Puhəntun müəllimlərinin və tələbələrinin iş, yaşayış tərzi yaxşılaşdırılsın!», «Bizim hüquqlarımıza hökumət təcavüz etməsin!» «Qanuni-əsasidə yazılan söz azadlığı quru söz olaraq qalmasın!» və s. və s.Deyilən hər şüara izdiham qışqırıqla qüvvət verirdi. Elməddin lap kürsünün yanında dayanmışdı. Ət çəpərini yarıb bura gələnəcən möhkəmcə tərləmişdi, pencəyinin düymələri qırılıb kim bilir harda düşmüşdü. «Pərçəm»çilər belə bir izdiham olacağını irəlicədən bilirdilər. Bəbirin tapşırığı ilə, hələ üç ay bundan qabaq Puhəntunda fəaliyyət göstərən yoldaşlar belə bir tədbiri keçirmək üçün ciddi hazırlaşmışdılar. Hezbin baş katibi Nur Məhəmmədii imzası ilə Bəbirin yazıb hazırladığı məktub-təlimat gizli surətdə dəstənin iclasında oxunub müzakirə olunmuş, çıxışçılar müəyyən edilmişdi. Elməddin isə Bəbirin və Şəfinin göstərişilə buraya, müzahirənin gedişindən ruznamə üçün məlumat yazmağa göndərilmişdi. O, danışanların sözlərini, şüarlarını cib dəftərçəsinə yaza bilməzdi — bu, dərhal, şübhə doğurardı. Odur ki, o hər sözü yadda saxlamağa çalışırdı. Başdan-ayağa diqqət kəsilmişdi. Qulaq asdıqca hiss eləyirdi ki, deyilən sözlər nə qədər həqiqət olsa da, odlu-alovlu olsa da nə isə bir çatışmazlıq var. Və ya sözlər istənilən təsiri bağışlamır. Niyə? Elməddin birdən tapdı: Onlar dərdlərini deyirlər, ancaq əsl nöqtəni elə bil söyləməyə çəkinirlər — onların söylədiklərinin açıq, ümumi bir nəticəsi var və bircə sözlə ifadə olunur — zülm! Bax bu sözü deyən yoxdur. Elməddinin beyni uğuldadı. O da çıxış edəcək, iki gün əvvəl yazdığı şeri oxuyacaq — çünki şer daha sərrastdır, daha çox müəssərdir, şeri hamı sevir. Amma o məsləhətləşməmişdi, Şəfidən icazə istəməmişdi, bilmirdi ki, bu çıxışa onun haqtı var, ya yox? «Eh, nə olacaq, qoy olsun, sözü yeri gəldi, məqamı gəldi, gərək deyəsən!»

12 dəq
Dördüncü hissə, on dördüncü fəsil

«Pərçəm»in redaksiyasında yığıncaq vardı. Ziyaülhəqq Şəfini maşınla gətirmişdi. Bəbir özü gəlmişdi. Hər kəs öz yerini tutub oturmuşdu. Anahita əlində qələm, qabağında kağız, Şəfinin böyründə əyləşmişdi. Mir Əkbər Xeybər və Elməddin yanaşı idilər. Bəbir isə Şəfinin sağ tərəfindəydi. İclas başlanmamışdan əvvəl Bəbir yoldaşlarla xudmani söhbət etmiş, iş-gücü, ailə vəziyyəti ilə maraqlanmışdı. Elməddin gözlərini Bəbirdən çəkə bilmirdi. Hər hərəkətinə, hər sözünə fikir verirdi. Məqalələrini oxuduğu, qorxmazlığını eşitdiyi Bəbirin bu qədər sadə və mehriban olduğunu ağlına gətirməmişdi. Onunla söhbət eləyəndə Bəbir gözlərinin içinə diqqətlə baxa-baxa:– İgidin adın eşit, üzünü gör, — demişdi. — Sənin işlərin xoşuma gəlir, rəfiq Elməddin. Ancaq Puhəntun müzahirəsində çıxış etməyin yersiz idi, dostum. Biz qətiyyən özfəaliyyətə yol verə bilmərik. Hər birimiz ürəyi istəyəni, ağlı kəsəni eləsə, onda... bizim işimizdə bir hərc-mərclik əmələ gələr ki, bu da bizə ancaq ziyan vura bilər.

7 dəq
Dördüncü hissə, beşinci fəsil

Əfsanənin zahirən günü-güzaranı yaxşı idi, hətta həsəd aparmalı idi. Yemək-içmək, pal-paltar dərdi çəkmirdi. Evin iş-gücünü könüllü surətdə öz boynuna götürmüşdü. Zərrintac xanımın neçə il əvvəlki qulluqçusu Siminbər indi xanım olmuşdu — Əfsanənin xanımı. İnsafən, Siminbər buna heç cür razı deyildi, yetimin ürəyinə pis gələr deyə özünü xanım kimi aparmırdı. Bacardıqca ona bacı gözüylə baxır, arada ayrı-seçkilik eləmirdi. Amma di gəl ki, Əfsanə özü buna imkan vermir, hər işi özü görməyə, Simini əlini ağdan-qaraya vurmağa qoymurdu. Simin Əfsanənin canfəşanlıq dərəcəsinə qədər gələn bu hərəkətinin səbəbini anlamırdı, anlaya bilmirdi. Bu, təkcə Əfsanənin özünə bəlli idi — Elməddin də başa düşməzdi bunu. Əfsanə bütün bunları boş qalmamaq, düşünməmək, bərk yorulmaq, axşamlar yerinə girən kimi daş tək düşüb şirin yuxuya getmək xatirinə eləyirdi. Axşamacan biçarə yanını yerə qoymurdu, paltar yuyur, evləri silir, təmizləyir, sonra həyətə keçir, şum eləyir, gül sulayır, xəzəl süpürürdü, qışda qar təmizləyirdi. Bir sözlə, bir saat bekar qalmaq istəmirdi. İstəyirdi ki, yorulub əldən düşsün, təki beynini çulğalayan, ona rahatlıq verməyən o dəhşətli, üzücü fikirlər qəlbinə yol tapmasın, yuxusunu ərşə çəkməsin, şirin gecələrini zəhərə döndərməsin. Ancaq, heyhat! Ürəyinin, fikirlərinin əlində aciz idi Əfsanə, uşaq kimi, qoca kimi aciz idi. Gündüzlər o cür yorğun olduğuna baxmayaraq, gecələri də diri gözlü açırdı, gözlərini yumsa da fikri, beyni səhərəcən oyaq qalırdı. Odur ki, əsəbləri sim kimi gərilmişdi, toxunsaydın qırılardı, toxunmasaydın min yerindən sel-su töküb min fəğan qoparardı. Özünü tox tuturdu, şax tuturdu, Siminlə, Əfsanə ilə deyib-gülürdü — ancaq bir Allah bilirdi ki, bunlar ona nəyin bahasına başa gəlir! Arıqlamışdı. Qəşəng sifəti nazilib uzanmışdı, gözlərinin lap dərinliyində ilk gənclik illərində — Elməddindən əli üzülüb Yusifə arvad olan vaxtda, Yusif öləndə, Elməddin onu «toxunulmaz» elan eləyəndə həkk olunub qalmış o sehrli kədər bir az da çoxalmışdı, qəlizləşmişdi. Daha o gözlərin, kirpiklərin, qaşların gözəlliyi o kədəri həssas adamın yanında gizləməyə qadir deyildi. Elməddin bunu görə bilməzdi. Çünki Əfsanənin gözlərinin içinə şax, dik baxa bilmirdi, cəsarət eləmirdi. Qorxurdu sanki kimdənsə! Simindən? Yox! Bəlkə Əfsanədən? Yox! O, özündən qorxurdu. Qorxurdu ki, Əfsanənin bəbəklərinin içinə yazılmış o həsrəti görər və dayana bilməz. Görər, hər şeyi — Siminin də, Yusifin xatirəsini də unudar və... Yox, yox bunu istəmirdi Elməddin! Bax, bundan qorxurdu Elməddin.Onun gözlərinə baxan bu kədəri görməyə qadir deyildi. Hətta ən çox baxan Simin də... hər baxanda o, ancaq bunu düşünürdü ki, ölmüşün gözləri mənim gözümdən qəşəngdir. Və bu hiss onun baxışlarını da, qəlbini də dumanlandırırdı, daha o, gözlərin dərinliyinə, içinə nüfuz edə bilmirdi. Bəli, Əfsanənin burada zahirən günü xoş keçsə də, əslində yanar bir vulkan içinə, təlatümlü bir dəniz qucağına düşmüşdü elə bil. Həqiqət, onun çəkdiyi əzablar ağır idi, adam qocaldan idi, ürək parçalayan idi.

12 dəq
Dördüncü hissə, altıncı fəsil

Mir Əkbər uzun illərin ayrılığından sonra, nəhayət, ürəyi istəyən kimi, azad yaşamağa müvəffəq olduğuna görə hədsiz dərəcədə bəxtiyardı. Jandarm libasını əynindən çıxarmışdı, qəlbi daş, vicdanı kor, qulağı kar adamlardan — jandarm və polis amirlərindən, nəfərlərindən uzaqlaşmışdı, öz məslək və mübarizə dostlarına qovuşmuşdu, hər gün onların yanında idi, dərdləri-sərləri bir idi, istədiyi, sevdiyi, həsrətini çəkdiyi işi görürdü — bu onun üçün nəyə desən dəyərdi. Əslində, sən demə, heç bir xidmət, fədakarlıq itmirmiş, unudulmurmuş. Onun kiçik, gərəksiz hesab elədiyi xidmətləri də sən demə, hezbin, burdakı yoldaşların nəzərindən qaçmırmış; yaşadığı günlər, gördüyü işlər, sən demə, elə onun həyatı imiş, tərcümeyi-halı imiş. Bunu Mir Əkbər o vaxt iclasda Bəbirin təqdim etdiyi, az sonra, özünün redaktorluğu ilə nəşr olunan «Pərçəm»in birinci və dördüncü səhifələrində çıxmış məqaləni oxuyanda bir daha başa düşmüş və sevincdən gözü yaşarmışdı. Həmin nömrədə, baş məqalə kimi, Bəbirin yoldaşlara oxuduğu kəsərli məqalə dərc edilmişdi, onun altında isə Mir Əkbərin şəkli və tərcümeyi-halı çıxmışdı. Burada onun bütün həyatı, ailəsinin başına gələn müsibət, həbsxana illəri, polis və jandarm idarəsindəki məcburi xidməti, inqilabi fəaliyyəti, sürgün olunması və s. qeyd edildikdən sonra deyilirdi:«Mir Əkbər Xeybərin əfqan xalqının demokratik hərəkatının meydana gəlməsi və təkamülündə çox böyük və təsirli xidmətləri vardır. Buna görə də, o, istefaya çıxandan indiyə qədər əziz, igid, sadiq, təvəzökar, alim və vətənpərvər bir yoldaş kimi əfqan xalqı ilə, əfqan xalqının demokratik hərəkatı ilə sıxı əlaqədə fəaliyyət göstərir və bu hərəkatın rəhbərlərindən biri kimi kargər sinfinin idoelogiyasını, onun elmi dünyagörüşünü müdafiə edir və Bəbir Karməndin döyüş dostu kimi qorxmadan çalışır.

5 dəq

Başqa şairlərin şeirləri