Sara
Arpaçayı aşdı daşdı,Sel Saranı götürdü qaçdı,Sara gözəl qələm qaşdı,Apardı sellər Saranı,Bir ala gözlü balanı
Yüz atlıydıq çıxdıq düzə,Bıçaq batsın yaman gözə,Sağrı başmaq suda yüzə,Apardı sellər Saranı,Bir ala gözlü balanı
Arpaçayı dərin olmaz,Axan sular sərin olmaz,Sara kimi gəlin olmaz,Apardı sellər Saranı,Bir ala gözlü balanı
Arpaçayı məni aldı,Apardı dəryaya saldı,Cilovdarım dalda qaldı,Apardı sellər Saranı,Bir ala gözlü balanı
Mən bu bağa girməmişəm,Qönçə gülün dərməmişəm,Mən Saranı görməmişəm,Apardı sellər Saranı,Bir ala gözlü balanı
Olduq əcəb günü qara,Dərdimizə yoxdu çarə,Sara həsrət qaldı yarə,Apardı sellər Saranı,Bir ala gözlü balanı
Qaldı bu sinəmdə dağın,Öldürdü məni firaqın,Oldu qara toy otağın,Apardı sellər Saranı,Bir ala gözlü balanı
Adaxlın gözlər yolunu,Boynuna salsın qolunu,Su aldı sağ-u solunu,Apardı sellər Saranı,Bir ala gözlü balanı
Düyünü tökdüm qazana,Qaynadı qaldı azana,Əlac yox Allah yazana,Apardı sellər Saranı,Bir ala gözlü balanı
Arpaçayı ada gəlir,Gör yengələr dada gəlir,Sağrı başmaq suda gəlir,Apardı sellər Saranı,Bir ala gözlü balanı
Gedək deyək Xan Çobana,Gəlməsin bu il Muğana,Muğan batıb nahaq qana,Apardı sellər Saranı,Bir ala gözlü balanı
Kitabxana.az · https://kitabxana.az/works/xan-cobani-sara
← → düymələri ilə keçid, R — təsadüfi şeir